Rəsulzadənin Dostoyevskidən tərcüməsi



Yüklə 17 Kb.
tarix26.09.2017
ölçüsü17 Kb.
#2104
növüYazı

Rəsulzadənin Dostoyevskidən tərcüməsi

“Qartal” hekayəsi dahi rus yazıçısı M. F. Dostoyevskinin Azərbaycan dilinə tərcümə olunmuş ilk əsəridir. Əsəri dilimizə 1914-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə çevirmişdi. Hekayə “Günay” qəzetinin 8 fevral 2003-cü ildə işıq üzü görmüş 6-cı nömrəsində çap edilib. Kulis.az həmin hekayəni təqdim edir. 

Qartal cinsindən “qara quş” dəxi bir müddət bizim məhbəsin dairəsində yaşadı. Kim isə onu məcruh(yaralı) və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı uça bilmirdi. Sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafındakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu indi də xatırlayıram. 

İzdiham onu seyr və tamaşadan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir qanadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və “Şarik” köpəyi dəxi üstünə qısqırdırlardı. “Şarik” də cəsarətlə atılır, fəqət pək yaxın getməyə qorxurdu. Bu isə məhbusların keyfinə gəlirdi. 


-Vəhşi təslim olmur! – deyirdilər.

Sonra “Şarik” də qartala artıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin qorxusu da artıq götürülmüş, qısqırıldığı zaman zavallı quşun yaralı qanadından yapışırdı. Qartal dimdiyi, caynağı və var qüvvətilə çırpınır, mütəəzzimanə (əziyyətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular. 

Məəmafih (bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o yemək də istəmirdi. Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və yaxud insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar, bəzən bucağından dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə dönür. Yenə mövqeyindən çıxır, təzədən övdət edirdi (geriyə dönürdü).

Məni görür- görməz zaman yerinə qoşur, başını arxaya ataraq dimdiyini açır və tüklərini ürpədərək hərbə hazırlanırdı. Mən onu hər cür bir təltif və nəvazişlə özümə ram edə bilmirdim, dimdikləyir, çırpınır. Əlimdəki əti almır və daima qorxunc gözlərini gözlərimə dikib baxır, bir an qəflət etmirdi. Əvət, o kimsəyə etimad göstərmir, kimsə ilə sülh etmir, barışmaz bir düşmən qalaraq ölümünü gözləyirdi.

Artıq iki ay oldu ki, kimsə qara quşu xatırlamır, onu düşünmürdü. Fəqət son günlərdə hər kəsdə ona qarşı bir mərhəmət hissi oyandı, qartalı dairədən xilas etməyə qərar verdilər. 
Məhbuslardan bəzisi – ölsə də barı dairədə- məhbəsdə ölməsin- dedilər.

Başqaları- demək azad və xəşin (sərt) bir quşdur, məhbəs dairəsilə tələttüfi(rəftar)-qəlb edə bilmir- deyə bəyan etdilər. 

-Bizim kimi deyil demək,- deyə bir başqası əlavə elədi. 

-Bəs görmürsən ki, o quşdur, biz adamıq.

-Qartal bilmirsiniz arkadaşlar, ormanların padşahıdır...- deyə boşboğaz Skuratov başladı...fəqət bu kərə ona qulaq asan olmadı.

Bir kərə nahardan sonra idi ki, təbil vuruldu. İşə girmək zamanı gəlmişdi. İşə yenə qartalı aldılar. Dimdiyini sıxdılar- çünki o müdhiş bir sürətdə hücum edirdi. Hasara irdilər, quşu yola salan 20 kişi fövqəladə bir maraqla quşun haraya gedəcəyini görmək istəyirdi. Qəribə bir şey: hər kəs məmnun və müstərih (rahatlanmış) kimi nəzərə gəlirdi. Elə bil ki, bir dərəcəyədək özləri azad olurdular. Quşu aparmaqda olan məhbus:


-Əcayib şey, nə yaman məxluq, nə yaxşılıq edirsən də dimdikləyir! – deyə kəmali-şəgfqətlə qorxunc quşa baxmaqda idi. 
-Mitqa, haydı burax getsin!
-Sən o şəfqətli baxışdansa, ona hürriyyət ver, hürriyyət, o mərhəmət düşkünü deyil. 

Qartalı hasarın üzərinə çıxardılar və oradan çölə buraxdılar. Bu, payız günlərindən soyuq və tutqun bir gündə idi. Saralmış payız səhrasında külək acıqlı fışqırıqlar veriyordu. Qartal sağ olan qanadı ilə çırpınmağa və olanca qüvvətilə qaçmağa başladı. Elə bil ki, bizdən uzaqlaşmağa fövqəladə acələ edirdi (tələsirdi). Məhbuslar maraqla baxır və haraya getdiyini təqib edirdilər. 



Birisi mütəfəkkiranə:- görüyormusan,-dedi.
-Heç dönüb baxmır da – deyə o biri əlavə etdi. 
-Heç bir dəfə də olsun dönmədi, qaçır.
-Sənə dönüb təşəkkürmü edəcək- zənn etdin-deyə üçüncüsü sordu...
Məlum! Hürriyyət! Azad olmuş!
-Demək svaboda!
-Artıq görünməyir qardaşlar...
-Haydı, nə duruyorsunuz!!! -deyə müstəhfizlər (mühafizəçilər) bağırdı və hamısı sükut edərək işə başladılar.
Yüklə 17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə