Roman, povestlər



Yüklə 3 Mb.
səhifə158/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   150   151   152   153   154   155   156   157   158

 528 

hələ bir az gözlə... İndiki situasiyada yaxşı düşməz, təpiyi sənə 

dəyər. O saat səni istəməyənlər ora-bura yazacaqlar ki, bəs 

Fuad Mehdiyev vəzifəsindən sui-istifadə edir, öz 

valideynlərinə təzə ev verir. 

Fuad: 


—Ay ana, — dedi, — neçə il dözmüsüz, bir az da səbir 

eləyin, indi görək neynirik... 

Çərkəz: 

—Sənə qurban olum, ay bala, — dedi, — başımızın 

ucalığısan... — Çöl qapısına çatanda əlavə etdi: — Bilirsən, mən 

dözərdim e, amma bu tualet lap əziyyətdir. Hər halda qoca kişidir 

də, gecələr neçə dəfə durub taytaya-taytaya aşağı düşür. 

Fuad başını  tərpətdi, yəni ki, hər  şeyi başa düşürəm. 

Anasıyla görüşüb küçəyə çıxdı, evlərinin tinində, səkidə iri qır 

tiyanı qoymuşdular. Fuad bir-iki addım atmışdı ki, anasının 

səsini eşitdi: 

—Fuad, ay Fuad. 

—Nədi? 

—Başıva dönüm, ay Fuad, kül mənim yaddaşıma, deyirəm 



axı  nə deyəcəydim sənə... Qurban olum, Fuad, bu balıqların 

suyun dəyişə bilmirəm təkbaşına... Qurban da düşüb yorğan-

döşəyə... Bəlkəm bir kömək eləyəydin, akvariumu 

boşaldaydıq... bağışla, sənə zəhmət verirəm... 

Fuad saatına baxdı: 

—Ana, vallah tələsirəm, vacib iclasa getməliyəm. Sabah 

Qasımı göndərərəm, gəlib sənə kömək eləyər. 

—Neynək... Get bala, iclasından qalma, qurban olum sənə... 

Amma yadından çıxmasın ha!… Qorxuram balıqlar zay ola.:. 

Qurbanın da ki, fikri-zikri bu balıqlardır... Ceyhunla Pərvizin 

üzlərindən öp... 

 

 



On ikinci fəsil 

 



 529 

Sərginin açıldığı yer atasıgilin evinə yaxın idi. Ora tərəf 

addımladıqca Fuad çıxışını bir də  məşq edirdi. Mixail 

Moiseyeviçin yazdığı cibində idi, onu əzbər bilirdi, tezislərini 

özü vermişdi axı. Amma sinədən danışmaq istəyirdi — 

kağızsız çıxışın təsiri daha artıq olur. Çıxışını  məşq etdikcə 

hərdən fikri ora-bura yayınırdı, lakin nigaran olmurdu bundan. 

Təcrübəsi vardı, yaxşı bilirdi ki, tədbir başlayan kimi bütün içi 

sim kimi gəriləcək, tarımlanacaq, fikirləri də toplanıb sapa 

düzüləcək, nizama düşəcək... 

Bu da sərgi yeri... Yeddiyə altı  dəqiqə qalmışdı. Amma nə 

qəribə — heç kəs yox idi. Nə izdiham, nə qonaqlar, nə 

maşınlar. 

Sərginin növbətçisi Fuadı görüb: 

—Salam, yoldaş Mehdiyev, — dedi: — Açılışa gəlmisiz? — 

Fuadın təəccübünü başa düşərək, — Bəs sizi xəbərdar 

eləməyiblər? — deyə soruşdu. — Bir saat o yana çəkiblər, 

səkkizdə olacaq açılış... 

—Belə de!.. Yaxşı, onda bir az gəzib-dolanım, səkkiz üçün 

gələrəm. 

Deməli, bir saat vaxtı vardı. Qutabxananın yanından 

keçəndə Fuadı iy vurdu, ağlına gəldi ki, nahaq yerə anasının 

qayğanağından imtina elədi... Banketdə  nə yemişdi ki... elə 

belə, quş yeməyi, indi də möhkəm acıb... Evə gedib-gəlməyə 

çatmazdı, atasıgilə gedə bilərdi, vaxt vardı... Bəlkə gedə... Yox, 

yüngüllük çıxar, ayda bir dəfə gəlir atasıgilə, indi yarımca saat 

bundan qabaq onlardan çıxandan sonra təzədən atıla-atıla 

qayıtsın ki, nə var, nə var, qayğanaq yeməyə  gəlmişəm? — 

Bəlkə elə bu yanından keçib ötdüyü qutabxanaya girsin? 

Kimdir burda onu tanıyan. Girib qurdun öldürər, bir vaxtlar 

burada  əntiqə dadlı qutab verərdilər. Təqribən bir on beş il 

bundan qabaq... 

Fuad qutabxanaya girdi. Balaca, darısqal yeməkxana tüstüyə 

qərq olmuşdu. Adam çox idi. Xoşbəxtlikdən Fuadı tanıyan və 

Fuadın tanıdığı adamlardan bura gələni çətin ola... Küncdə bir 



 530 

stol boşaldı, arxasından durdular. Fuad keçib oturdu; masanın 

üstü yeyib gedənlərin artıqlarıyla dolu idi — boş araq şüşəsi, 

içinə papiros, siqaret kötükləri basılmış, yağı donmuş 

boşqablar, əzilib bulaşmış kağız salfetlər... 

Xidmətçi gəlib stolun üstünü yığışdırdı, süfrəni çırpıb o biri 

üzünə çevirdi... 

—Nə buyuracaqsınız? 

—Nəyin var? 

—Ət qutabı da var, göy qutabı da, hansından xətriniz 

istədi... 

—Beş dənə ondan qoy, beş dənə də o birindən. 

—Gözüm üstə, bir şey içəcəksiz, araq da var, konyak da, 

çaxır da... 

—Yox, bir şüşə soyuq borjom. 

—Borjom yoxdu, badamlı gətirim? 

—Gətir. Amma tez elə, vaxtım azdır.    

—Baş üstə... 

Əvvəlcə pendir gətirdi, vəzəri, turp, tutma xiyar, bir şüşə də 

badamlı... Bir azdan qutablar da hazır oldu... Qutablara söz ola 

bilməzdi. Fuad elə iştahla yeyirdi ki... 

Kənar stollarda şıdırğı sağlıqlar deyirdilər, bərkdən gülüb-

danışırdılar. 

—Nöş  sənin sağlığıva deyirəm, çünki kişi oğlansan, 

oğulsan. Ağabala da kişidir, bu ölsün... amma mən liçni sənin 

sağlığıva içirəm, nöşün ki, oğulsan, kişi adamsan... 

—Tofiqin qardaşı qayıdıb  əsgərlikdən, o gün bizimçün 

söhbət elədi, and içir ki, öz gözümlə görmüşəm... 

—Mən nöş  sənin sağlığıva içirəm, nöşün ki, kişi adamsan 

sən, yox adamın allahı var, Ağabala da kişidir, amma sən 

oğulsan, mən onunçün içirəm sənin sağlığıva... bax deyərsən 

ki, Nadir piyandır, canımçün bu ölsün, Ağabalaya da demişəm, 

Tələt kişi adamdır... 

—Yox, sən mənə de görüm, hər samitin bir saiti olmalıdır 

ya yox, hə? Hər gülün bir bülbülü, hər fincanın bir nəlbəkisi, 



 531 

hər samitin bir saiti olmalıdır ya yox, hə, mən ölüm necə 

sözdür? 

—Yalan deyirəm bu bərəkət mənə haram olsun, mən on 

qəpik verməzdim Fazil alan maşına... xamlayıblar Fazili... 

—Deyir öz gözümlə görmüşəm bax, Nadir də ordaydı, neçə 

adamın yanında and içdi... 

—Mən nöş sənin sağlığıva qaldırıram, Tələt, sonra deyərsən 

sənə  işim-zadım düşüb, bax, on iki imam haqqı  işim-zadım 

düşməyib sənə... intəhası, sən kişi adamsan, oğulsan... Quran 

haqqı düz deyirəm!.. 

Bu söz, cümlə, səs hərc-mərcliyində Fuad kürəyinə 

zillənmiş baxışları elə bil birdən-birə duydu, başını çevirdi, 

geriyə baxdı. Doğrudan da qapı  tərəfdəki masanın arxasında 

oturmuş buxara papaqlı sinli kişi zəndlə Fuada baxırdı. "Aman 

allah, kaş ki, tanış  çıxmaya, ya bəlkə  sərxoşdur, gəlib 

yapışacaq yaxamdan. Yox mollagunə adama oxşayır, sərxoş 

olmaz, onda yəqin tanışdır. İşə düşəcəm". 

Fuad bilmirdi qalan qutabları  ağzına yeyir, burnuna, durub 

burdan çıxmağa tələsirdi. Özünü saxlaya bilmədi, çevrilib bir 

də buxara papaqlı kişi oturan səmtə baxdı. Kişi yenə  də 

gözlərini Fuada dikmişdi, hətta deyəsən gülümsünürdü də... 

Bəli, gülümsünürdü, açıqdan-açığa gülümsünürdü Fuada baxıb, 

sonra başını da tərpətdi hələ — salam verdi. Fuad da istər-

istəməz salamını aldı  və bu zaman kişi durub onun masasına 

yanaşdı. 

—Qonşu, — dedi, — demə ki, səni tanımadım ha... 

Fuadın ürəyi düşdü: "Görəsən ötən ömrün hansı müdhiş 

qəlpəsi keçmişdən qopub mərmi kimi onun üstünə gəlirdi". 

—Deyən sən də  məni tanımadın, qərdeş  oğlu.  Əlabbasam 

da, qırçı Əlabbas. 

Fuadın hafizəsində duman içindən  Əlabbasın sifəti 

durulmağa başladı. Bəli, vardı belə bir qonşuları — qırçı 

Əlabbas... 

—Qurban müəllimin oğlu deyilsən, balam? 



 532 

—Bəli. 


—Mən də bu məhəllədənəm də. Damıvıza o qədər qır 

basmışam ki... 

Fuadın, nəhayət, yadına düşdü, qırçı  Əlabbas. Yalın 

ayaqlarının qızmış  qırda yandığını duydu elə bil, qır iyi gəldi 

burnuna. Sonra isə o vaxtkı Əlabbasın hisdən qapqara qaralmış 

sifətini xatırladı  və  hətta qardaşı  Ağarzanı da yadına saldı. 

Ağarzayla yaşıd idilər. O qədər çilingağac, atmirnoy 

oynamışdılar ki... 

Fuad: 

—Necəsən, Əlabbas dayı? — dedi. 



—Sağlığıva dolanırıq. Day qolumda o qüvvət qalmayıb, elə 

gözlərim də  zəifləyib bir balaca, amma səni tanıdım ha, 

görürsən. Bayaqdan göz qoyuram, görürəm, balam deyəsən axı 

bu adamın suyuşirin dəyir gözümə... 

—Elə mən də səni o saat, sən yanaşan kimi tanıdım. Yenə 

qır basırsan? — Atasıgilin tinindəki qır tiyanı yadına düşdü. — 

O tindəki tiyan sənindir? 

—Bə nə! Qonşu — görünür, o da Fuadın adını unutmuşdu 

— nə əcəb, heç gəlib-eləmirsən bu tərəflərə?.. 

—Nə bilim, vallah, yolum düşmür... 

—Yaxşı, de görüm oğuldan-uşaqdan nəyin var? 

—İki oğlum var. 

—Allah saxlasın… 

—Allah səninkiləri də saxlasın, Ağarza necədir? 

Əlabbas tutuldu, elə bil bir müddət dili söz tutmadı. 

—Qonşu, — dedi — bəs bilmirsən ki, Ağarza beş ildi 

rəhmətə gedib. Özün pəsməzara da gəlmişdin ki, Qurban 

kişiynən... Yasamaldaydı yasımız, heyvan uşaq orda təzə ev 

almışdı axı... 

Fuad qıpqırmızı  qızardı.  Əlbəttə, yadına düşdü. Atasıyla 

getmişdilər yasa. Əlabbasa başsağlığı da vermişdilər, "axır 

qəminiz olsun" da demişdilər. Onu çaşdıran Yasamal oldu. 

Yaddaşındakı Keçmişdə  Ağarza, yaşıdı, məhlə  uşağı  Ağarza 



 533 

burada yaşayırdı, burada, bu küçələrdə, bu dalanlarda onunla 

qaçdı-tutdu, aşıq-aşıq, gizlənpaç oynardılar.  Əlabbasın arvadı 

Məşədi Gülsüm xalanın düzəltdiyi qırmızı şirni konfeti — taxta 

çöpə keçirilmiş qırmızı "xoruzu" Ağarza tində satardı və bəzən 

satmamışdan əvvəl yalayardı, həm öz qurdunu öldürərdi, həm 

də "xoruzU par-par parıldardı. Fuada da təklif edərdi ki, 

yalasın... Amma Çərkəz bərk-bərk tapşırmışdı ki, məbadə o 

qırmızı  şirin "xoruzlardan" yeyəsən, azar-bezar gələr adama 

onlardan... Bu xoruzların puluna neçə dəfə kinoya getmişdilər, 

Ağarza demişkən "İndiski qrabnisa" filminə, "Bağdadski vor" 

filminə, daha neçə-neçə əmiri kinoya... həmin Ağarza, uşaqlıq 

yoldaşı  Ağarza, bax, bu məhəllədəki keçmişdə qalmışdı, 

sonrakı illər Fuad onu görməmişdi, Yasamala isə tamam başqa 

bir adamın, heç bir vaxt tanımadığı, görmədiyi bir başqa 

Ağarzanın yasına getmişdi. Atası Qurbanın təkidiylə: 

"Qonşudur, haqq-salamımız var, ayıbdır. Vaxt tap gedək". Bir-

birinə oxşayan Yasamal evlərinin, bir-birinə oxşayan 

həyətlərindən birində qurulmuş çadırın altında bir-birinə 

oxşayan təziyyə məclislərindən biri... 

—Bağışla,  Əlabbas dayı, demək istəyirdim ki, Ağarzanın 

külfəti necə dolanır? 

—Niyə, sağ ol, pis deyillər. 

"Bəlkə yenə səhv eləyib. Bəlkə Ağarzanın heç külfəti-filanı 

yoxmuş, subay ölübmüş. Gərək bir Çərkəzdən, ya atasından 

xəbər alsın". 

Əlabbas durdu, görüşdüyündən qat-qat daha az bir 

mehribançılıqla Fuadla xudahafizləşdi, bufetçiyə yanaşdı, 

sonra çıxıb getdi... 

Fuad xidmətçini çağırıb yeməyinin pulunu ödəmək istədi, 

xidmətçi: 

—Sizin hesabınız çatıb, — dedi. 

Küçəyə  çıxanda Fuad fikirləşdi ki, heç yaxşı düşmədi. Həm 

qırçı  Əlabbasın onu qonaq eləməsi, həm də  Ağarza haqqında o 

yersiz sual. Amma indi bütün bunlarla doldurmamalıydı başını, 



 534 

çıxışını düşünməliydi. Səkkizə on beş  dəqiqə qalmışdı. Bayaq 

gəldiyi tinə deyil, o biri tinə buruldu və dərhal, bir an içində, tini 

sağa burulan kimi iki küçə arasındakı üçkünc bağı görən tək, bütün 

səhnə bir an içində gözləri qarşısında canlandı. Həmin bağ, həmin 

tin, həmin küçələr idi... Yəni doğrudanmı, o gündən bəri yolu bura 

düşməyib heç? 

Toy günlərindən bir gün qabaq — gecə vaxtı — bir ya iki 

radələri olardı — indi dəqiq yadında deyil — amma hər halda 

gec idi, gecə yarını keçmişdi — Fuad Rumiyyəgildən çıxıb 

evlərinə  gəlirdi. Buradan keçəndə gördü ki, üç nəfər, ya dörd 

nəfər idilər, yadında deyil, bir nəfəri maşına basıb aparmaq 

istəyir, görünür başına bir iş  gətirmək niyyətindədirlər

öldürmək, boğmaq, kim bilir — nə; çünki o adam qurbanlıq 

quzu kimi mələyirdi, daha doğrusu, səsini qısmışdı, amma 

xısın-xısın yalvarıb-yaxarır, ilan dili çıxardırdı ki, keçin mənim 

günahımdan, anama rəhminiz gəlsin.... 

O vaxt Fuad istədi köməyə çatsın, hətta bir addım atdı da, 

amma dərhal ayaq saxlayıb durdu, əksinə, — bu lap dəqiq 

yadında idi, — bir evin çöl qapısına qısılıb gizləndi. Gizləndi 

ki, onu görməsinlər,  şahid kimi ona da xətər gətirməsinlər 

birdən, pusdu onları, ta ki o biçarəni maşına basıb apardılar. 

Amma bu pusquda durduğu, qısılıb gizləndiyi dəqiqələrdə 

Fuadın beynindən kinolenti kimi min cür fikir, min cür səhnə 

keçdi: elə bil açıq-aydın gördü ki, işə qarışsa necə öldürərdilər 

onu, necə kürəyindən bıçaqlardılar, elə bil kürəyinə sancılmış 

bıçağın soyuğunu da duydu, bədəninin qıc olmasını da. 

...və  hətta bundan sonrakı  səhnələri də gördü — elə  əyani 

gördü ki, sanki gerçəkləşiblərmiş — elə bil doğrudan da 

haradasa mövcud olan, amma xoşbəxtlikdən, onun, Fuadın heç 

bir vaxt yetib çatmadığı bir gələcəyi görür, öz ölümünü, yasını, 

dəfnini, deyilən sözləri və hətta Rumiyyənin başqa birisinə ərə 

getməsini, təzə toyunu. Çıqqırını belə  çıxarmadan qısılıb 

gizləndiyi o anlar niyə belə açıq-aydın görmüşdü bu qəmli 

gələcəyi, elə aydın, elə  əyani  şəkildə görmüşdü ki, həmin 



 535 

gələcəyin gerçəkliyinə, büsbütün inanmaq olardı. Bəlkə belə 

bir gələcək, doğrudan da mövcud imiş, amma Fuad taleyini 

aldadıb, bu gələcəyə gedən yoldan burulub, başqa yolla, kəsə 

cığırla başqa bir gələcəyə — indi içində yaşadığı  gələcəyə 

yetirib özünü. 

Qəribədir... çox qəribə fikirdir... deməli, taleyimizə 

gələcəyin bir neçə müxtəlif variantı yazılıb, onlardan hansı 

birini seçmək isə özümüzdən asılıdır. Deməli... qəribə fikir idi 

bu... ətraflı fikirləşmək lazım idi bu barədə... Macal olanda... 

O gecə, o uzaq gecə maşın tərpənəndə ölümə  məhkum 

olmuş adam axır ki, çığırdı, bərkdən qışqırdı. Elə  dəhşətli 

qışqırdı ki, qışqırığı indiyənəcən Fuadın qulaqlarındadır. 

Amma maşın çox böyük bir sürətlə uzaqlaşıb getdi... Maşın 

səsi də, insan səsi də uzaqlaşıb itdi... 

...Fuad marığından çıxdı,  ətrafa boylanıb evlərinə  tərəf 

addımladı o gecə... Həyətləri zülmət qaranlıq idi. Göz-gözü 

görmürdü. Otaqları da qaranlığa qərq olmuşdu. Ata-anası 

çoxdan yatmışdı. Fuad qaranlıqda çarpayısına tərəf 

addımlayanda ayağı ilişdi akvariuma, akvarium aşdı, atasıgil 

oyanıb işığı yandıranacan balıqların çox qismi tələf oldu... 

Sonralar Qurban təzə akvarium aldı, təzə-təzə balıqlar saxladı... 

Neçə il keçmişdi bundan: on doqquz il? Atası  hələ  də balıq 

saxlayır. Balıqlar, akvarium... Nə isə yadına düşdü Fuadın... 

Bir neçə addım da atdı sərgi yerinə tərəf. Nə barədəsə düşünür, 

düşünür, düşünürdü... 

Sərgi salonunun qapısını gördü. Maşınlar bir-bir gəlib 

dayanırdı, maşınlardan çıxan adamlar bir-birlərinə  əl verirdi, 

görüşürdülər, sərgi salonunun qabağında topa-topa yığışıb 

söhbət edirdilər. 

Beş dəqiqə qalmışdı səkkizə. 

Fuad nəsə düşünür, düşünürdü. Ayaq saxlamışdı hətta... 

Sonra sərgi salonu tərəfə bir də  nəzər saldı, çevrilib geri 

addımladı... 




 536 

 

*** 

Çərkəz həyətdə Anaxanımla danışırdı. Təəccübdən gözləri 

böyüdü. 

—Bıy başıma xeyir, Fuad, sən hardan gəldin ay bala? 

—Gəldim balıqların suyunu dəyişməyə... 

—Bəs iclasa getmədin? 

Fuad: 

—Getmədim, — dedi. 



 

Yurmula. Dubultı. İyul, 1977 


 537 

 

 

 

 

 

 

 

 

OXUDUQLARINIZ 

 

 



Ağ liman.........................................................................3 

Beşmərtəbəli evin altınjı mərtəbəsi..............................151 

Macal............................................................................381 

 



 538 

 

 



 

 

 



 

ANAR. Əsərlər.  II cild 

Bakı, Nurlan, 2003, 515 səh. 

 

 

 

Nəşriyyat redaktoru: 

MƏLAHƏT QƏMBƏROVA

 

 

 

Bilgisayar tərtibi: 

SEVİNC HÜSEYNOVA 

 

 

Yığıcı: 

ARZU MAHMUDOVA, 

SEVİNC HÜSEYNOVA

 

 

 

 

 

 

 

 



 

 

 



 


 539 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yığılmağa verilib: 15.08.2003. 

Çapa imzalanıb: 05.09.2003. 

Həcmi: 36,1ç.v. Format:60x88 1/2 

Ofset çap üsulu 

Sayı: 500. 

Qiyməti müqavilə yolu ilə 



 

“Nurlan” Nəşriyyat Poliqrafiya Birliyi 

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə