RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə1/4
tarix30.12.2017
ölçüsü310,52 Kb.
#18723
  1   2   3   4

RÜSTƏM İBRAHİMBƏYOV

ULTİMATUM
İki hissəli ölüm dastanı

Başlıca iştirakçılar: O, bir də Onun üç Məni.

27 aprel 1920-ci il. Bakı.

Qarşı-qarşıya dayanmış eyvanların arasından keçən küçədə, zaman-zaman, sanki biri-biri ilə əlaqəsi olmayan təsadüfi hadisələr baş verir.

O, səhnənin qarşı tərəfində yerləşən kabinetində oturub həyatının ən böyük hadisəsinə hazırlaşır. İki saatdan sonra Musavat hökumətinə, hakimiyyəti İnqilab komitəsinə təhvil verməsi üçün, ultimatum verməyə gedənlərin arasında O da vardır.

Buradakı hər üç hadisə biri-birinə paralel olaraq baş verir, səhnədə baş verənlərin hamısı baş qəhrəmanın daxilində gedən konfliktlərlə, Onunla üç Məni arasında gedən qızğın söz güləşdirmələri ilə müşaiyyət olunur. Çox ola bilsin, ikinci ilə üçüncü planda baş verən hadisələr baş qəhrəmanın qərar qəbul etməsinə kömək eləmək üçün, Onun öz təsəvvüründə canlandırdığı hadisələr də olsun; əslində isə bu hadisələr bundan qabaq, sonra, başqa bir ardıcıllıqla, başqa bir yerdə də baş verə bilər. Burada zamanla məkanın belə qarışdırılması, Azərbaycanda sovet hakimiyyəti qurulan ərəfədə baş verən prosesləri bütün genişliyi ilə göstərə bilmək üçündür.

Zaman-zaman, səhnədə baş verən hadisələrin gedişi boyunca, Talelərin, Hadisələrin, Konfliktlərin,–Tarixi bir missiyanı başa vurmağın məsuliyyətini öz üzərinə götürmüş insanın düşüncələri ilə yönəldilə bilməsinin simvolu olaraq, Lenin meydana çııxr. Leninin kəskin, ilhamverici səsi milyonlara yönəlik sözlər deyir.
Birinci Hissə
O, çox dərin düşüncələrə dalmış vəziyyətdədir. Müsavat parlamentinin iclasında Sədrlik eləyən çıxış eləyir. Şərti olaraq, Onunla parlament arasında yerləşən küçədə iki Qonşu görünür, onların evlərini səhnə biri-birindən ayırır.

Birinci Qonşu—birinci mərtəbədə yaşayır, ayaqlarını isti su tökülmüş ləyənə salıb çay içir.

İkinci Qonşu—qarşı küçədəki evinin ikinci mərtəbəsindəki balkonunda döyüş mövqeyi tutub, yemək stolu ilə iki çəlləkdən barrikada qurmuşdur, bu şeylərin arasından onun ov tüfənginin lüləsi görünür.
Sədrlik edən. Vətəndaş deputatlar, icazə verin, ünvanımıza göndərilən təbrik teleqramlarını oxuyaq. Bugünlərdə sərhədyanı rayonlarımızda yaranmış mürəkkəb durumu, o sıradan son zamanlar baş vermiş başqa kədərli hadisələri nəzərə alsaq, ünvanımıza gələn teleqramların içində dünən, yaxın qonşumuzdan gəlmiş bir teleqram çox diqqətə layiqdir. (Oxuyur.) “Bakı. Azərbaycan parlamentinin sədrinə. Azərbaycanın müstəqilliyinin Antantanın Ali Soveti tərəfindən tanınması xəbərini böyük məmnuniyyətlə, səmimi sevinc hissləriylə qarşıladıq. Ermənistan parlamentinin adından, Azərbaycan parlamentini bu böyük hadisə münasibəti ilə təbrik eləyirəm, biz baş verən bu hadisəni bütün Qafqaz xalqlarının tarixində uğurlu bir dönüş yaradacaq çox böyük bir hadisə sayırıq. Sizə ən yaxşı arzularımı yetirirəm. Ermənistan parlamentinin Sədr müavini Saakyan.”(Alqışlar.)
Onun üç Məni ortaya çıxırlar. Onlar görünüşcə, nə Ona, nə də biri-birinə qətiyyən oxşamırlar, ancaq hamısının geydiyi paltarların bütün detallarınacan eyni olmasından, onların üçünün də eyni bir adam olduğu bilinir. Hər bir Mənin xarici görkəmi, onların arasında yaranan konfliktin gedişində tutduqları mövqelərə uyğun olaraq müəyyən olunur. Parlament iclasından gələn səs eşidilməz olur, ancaq Sədrlik eləyənin hələ də danışmaqda olduğu görünür.
Üçüncü Mən(həyacanlı). Onlar özlərinə qarşı çıxanların hamısının işini birdən bitirmək üçün, bu imkanı əldən buraxmayacaqlar...

O(qayğılı bir toxdaqlıqla). Ultimatumu qəbul eləsələr, bu işi qan tökülmədən də yoluna qoymaq olacaqdır.
İkinci Mən söhbətə istehza ilə qulaq asır, Birinci Mən çox kədərli görünür.
Üçüncü Mən(çox qızğın). Onlar bu ultimatuma, bizi sıxma-boğmaya salmaqla cavab verəcəklər... bizim şəksiz qələbəmizə bir neçə saat qalmış ömrümüzü itirə biləcəyimiz adama çox ağır gəlir. Özü də necə bir dəyərli ömürləri itirmək!

O(yüngülcə gülümsəyərək). Bütün ömürlər eynidir... Ölümdən sonra isə, onların heç bir fərqi olmur.

Üçüncü Mən. Elə deyildir. Xalqın ən yaxşı keyfiyyətlərinin onun bir bölük nümayəndələrində toplanıb üzə çıxması üçün yüzilliklər gərək olur.

O. İnsanlar hamısı bərabərdir. (Bir az səsini qaldırır.) Hər halda gərək bərabər olsunlar.

Üçüncü Mən. Hüquqları! İmkanları! Dolanışıqları! Bunların hamı üçün bir olmasına sözüm yoxdur, ancaq hər bir insanın özünəməxsus təbiəti vardır, eləcə də buna uyğun olan bacardığı işi-gücü vardır. Beyinlə əlin arasında ayrıseçkilik salmaq olmaz, ancaq iş burasındadır, beyin qərar qəbul eləyir, əllər onun buyurduqlarını yerinə yetirir. Burada inciməli bir şey yoxdur. Bu ultimatumu yerinə çatdıran beş nəfər öldürüləcəksə, bununla xalqın beynini məhv edəcəklər, bu, əvəzolunmaz bir itki olacaqdır.

O. Beş adamın ölümü doğrudan da itkidir! Ancaq istənilən belə bir itki, bizim qələbəmizə kömək edirsə, mən onun tərəfdarıyam!

Üçüncü Mən (bir az da bərk həyacanlanır). Biz onsuz da istənilən halda qalib gələcəyik. Mən anlaya bilmirəm, bu mənasız qurbanlar nəyə gərəkdir?

O (gülümsəyərək). Yaxşı, birdən onlar ultimatumu qəbul eləməsələr, onda necə olsun? (Pauza.) Ultimatumu qəbul eləsələr, onda biz vətəndaş müharibəsindən qaça biləcəyik...

Birinci Mən (yenə də çox kədərli bir görkəmdə). Birdən qaça bilməsək? Bax onda yaxşı adamlar həlak olacaqlar. Özü də, hər iki tərəfdən də, ancaq yaxşı adamlar öləcəklər. Heç bir işə yaramayan sıravi adamlar isə öz evlərində sağ-salamat oturub qalacaqlar.
Qəmli uşaq səsi, astadan xalq mahnısı oxuyur. Səs İkinci qonşunun pəncərəsindən gəlir: “Səndən mənə yar olmaz”.

Birinci qonşunun qarşısında nərdtaxta vardır. Əvvəlcə adama elə gəlir, o özü-özüylə oynayır. Ancaq sonradan onun İkinci qonşu ilə nərd oynadığı bəlli olur. İkinci qonşunun qarşısında da öz nərdtaxtası vardır, ancaq balkonun dəmir barmaqlıqlarının arxasında qalıb görünmür.
Birinci qonşu (zəri atır). Şeş cahar!.. (Səs küy salaraq daşların yerini dəyişir, nə oynadığını bərkdən xəbər eləyir.) Birinci bölümün üçüncü oyuğundan ikinci bölümün üçüncü oyuğuna gedirəm. Sonra da ikinci bölümün altıncı oyuğundan üçüncü bölümün dördüncü oyuğuna gedirəm... At görək...

İkinci qonşu (onun dediyinə uyğun olaraq öz taxtasında daşların yerini dəyişir). Mənə bax, altıncı oyuqda haradan sənin daşın peyda oldu? Orada sənin daşın yox idi axı...

Birinci qonşu. Necə yəni, bəs mənim daşım harada idi, səncə?

İkinci qonşu. O daş beşinci oyuqda olmalı idi. Altıncı oyuqda sənin daşın yox idi. Sənə axırıncı dəfə xəbərdarlıq eləyirəm.

Birinci qonşu. Sən kimsən axı, mənə hər dəqiqəbaşı xəbərdarlıq eləyəsən?

İkinci qonşu. Düzgün oyna.

Birinci qonşu (qondarma incikliklə). Yox, belə oynamaq olmaz! Ya gərək biz biri-birimizə etibar eləyək, ya da heç nə alınmayacaq.

İkinci qonşu. Sənə deyirəm, daşı qaytar beşinci oyuğa.

Birinci qonşu. Deməli, mən öz gözlərimə yox, sənə inanmalıyam, eləmi? Bəs düzlük harada qaldı?

İkinci qonşu (hədə-qorxu ilə). Yenə də başladın?

Birinci qonşu (bir az susur). Aşağı düşə bilməzsən?

İkinci qonşu (qətiyyətlə). Yox.

Birinci qonşu. Düşərdin bir on dəqiqəlik aşağı. Oyunumuzu qurtarardıq. Sonra yenə çıxardın öz balkonuna.

İkinci qonşu. Yox, düşə bilmərəm. Oyna.

Birinci qonşu. Mən artıq oynamışam.

İkinci qonşu (hədə gəlir). Sənə deyirəm, daşı qaytar beşinci oyuğa.

Birinci qonşu (qorxsa da, özünü o yerə qoymaq istəmir). Qaytarmıram. At zəri görək.

İkinci qonşu. Sən əvvəl-axır bu yaramazlığından əl çəkmirsən də.

Birinci qonşu. Məni təhqir eləmə.

İkinci qonşu (özü-özünə danışır). Günah mənim özümdədir. Sən kimsən axı mən səninlə nərd oynayıram? Mənim rəhmətlik atam elə yaxşı eləyib sizi adam yerinə qoymazdı.

Birinci qonşu. Sənin atanın bura nə dəxli var? Bir dənə daşa görə, bax gör hələ mənə nə sözlər deyirsən! Utan barı... Evinin damı uçanda mən səndən bir qəpik də almayıb, onu pulsuz-parasız təmir elədim, ancaq sən onda nədənsə heç bəy soy-kökünü yada salmırdın.

İkinci qonşu. Mən elə belə də bilirdim, sən əvvəl-axır bu damı təmir eləməyini mənim gözümə soxmalı idin. Sənin pulunu verəcəyəm, darıxma, pulun çatar...

Birinci qonşu. Mən bunu sənin uşağının xətrinə elədim. Dedim qoy uşaq yağış altında qalıb islanmasın... Sənin pulun olmadan da keçinərəm. Belə pullusan, get uşağına pal-paltar al, qoy əyni-başı sevinsin...

İkinci qonşu (acıqla). Mənə sənin kimi itin məsləhəti gərək deyil! Bir o çatmırdı elə, sənin sözünlə oturub duram!

Birinci qonşu. Sənin pulun olsaydı, neçə illər bircə çuxa ilə gəzməzdin...

İkinci qonşu (onun üstünə tüfəng çəkir). De görək, başqa nə sözün var?

Birinci qonşu (qorxur). Daha heç bir sözüm yoxdur. Ağzıma qıfıl vurub balıq kimi dinməz-söyləməz qalacağam.

İkinci qonşu. Hə, bu başqa məsələ. Yoxsa bir az pul yığıb oğlunu oxutmusan deyə, özünü adam saymağa başlamısan. Mənim üçün sən daşyonan idin, elə daşyonan da qalmısan.

Birinci qonşu. Şükürlər olsun allaha. Yenə öz əlimin zəhməti ilə dolana bilirəm.

İkinci qonşu (hədə-qorxu ilə). Sən yenə başladın?

Birinci qonşu. Mən məgər artıq-əskik bir söz dedim?

İkinci qonşu. Sənin gördüyün işə mən əlimi bulaşdıra bilmərəm. Mənim kimi əsil-nəcabətli adam, gərək əl əməyi ilə dolanmasın. Bunu heç vaxt unutma!

Birinci qonşu (incik). Unutmaram. Ancaq daha səninlə heç vaxt nərd oynamayacağam.

İkinci qonşu. Pah! Qorxdum, ay aman! Sənlə nərd oynamadan da keçinərəm! (Susur.) Bəs bu tası qurtarmayaq?

Birinci qonşu. Yox. (Gurultu ilə nərdtaxtanı qapayır.)
Birinci qonşunun arvadı, iki qızı ilə birgə gəlirlər. Onların pörtmüş üzlərindən, bir də əllərindəki boxçalardan hamamdan gəldikləri bilinir. İkinci qonşu nəzakətlə üzünü yana çevirib, onlara sarı baxmır.
Birinci qonşu. Axır ki gəlib çıxdınız. Mənim də ürəyimə yüz cür qara-qura fikirlər gəlir, bayaqdan.

Arvad. Ay kişi, hamamda bizim başımıza nə gələsiydi ki?

Birinci qonşu. Çox şey ola bilər! İndi pis zamənədir... (Acıqla əlini yellədir).

Arvad. (bərkdən). Lap bu yaxında Müsavat hökuməti yıxılacaq.

Birinci qonşu (qorxa-qorxa yan-yörəsinə boylanır).Sən hardan bilirsən?

Arvad. Hamamda danışırdılar.

Birinci qonşu (maraqla ona baxır). Daha nədən danışırdılar?

Arvad. Tezliklə bolşeviklər kələcək... Bu, ingilislərin xoşuna gəlmir. Axı onlara bizm neftimiz lazımdır.

Birinci qonşu. Bəs türklər?..
Birinci qonşunun kiçik qızı, atasının arxasından anasına nəsə işarə eləyir.
Arvad. Bu dəfə türklərdən heç nə danışmadılar... (Qızının gizli işarəsini görür.) Bugün-sabah bizə elçilər gələcək.

Birinci qonşu (qızlarına üz tutur). Siz niyə burada dayanmısınız. Keçin evə.

Kiçik qız. Təmiz hava udmağa da qoymurlar.

Birinci qonşu. Yolda aldığın təmiz hava bəs eləmir? (Arvadına üz tutur.) Sən bunlarla bir az ciddi məşğul ol.

Arvad. Bundan da ciddi? Yazıqlar gün işığı da görmürlər.

Birinci qonşu. Elçilər barədə söz dəqiqidir yəni?

Arvad. Hə. Mən o dəqiqə başa düşdüm. Hamama beş nəfər birdən gəlmişdilər. Qoca nənələrini də sürüyüb gətirmişdilər ora. Mənimlə danışırdılar, yuyunurdular, ancaq gözlərini bizim qızlardan çəkmirdilər.

Birinci qonşu. (qızlarına sarı dönür). Keçin evə, utanmazlar.

Kiçik qız. Bizim nə günahımız var?

Birinci qonşu (arvadına). Nisəxanım da orada idi?

Arvad. Hə.

Kiçik qız. O, mənim başımı sığalladı.

Birinci qonşu (böyük qızına üz tutur). Sən niyə danışmırsan?

Böyük qız (çox qəmli). Mənə baxan yox idi.

Birinci qonşu. Eyb etməz. Allah qoysa sənə də baxarlar. Sənin kimilərlə də evlənənlər olur.

Böyük qız. Kaş ki, qocadan-zaddan olmasın ancaq...

Birinci qonşu. Yaxşı, daha bəsdir. Keçin evə. (arvadına.) Sən də gir içəri.
Qızlar evə keçirlər.
Arvad. Sənə nə gəlib bu gün, yaman acıqlısan?

Birinci qonşu. Mən acıqlı deyiləm, qayğılıyam.

Arvad. Nə baş verib?

Birinci qonşu. O qədər söz var, hansını danışasan? O bir olan allaha dua eləyirəm—qalan ömrümü sakitçiliklə yaşamağa yol açsın. Heç nə istəmirəm, nə pul, nə hakimiyyət, təki ölümdən, xəstəlikdən uzaq olaq. Bir də nə olaydı, nəvələrimi qucağıma alan günü görəydim.

Arvad. Allah qoysa, nəvə də görəcəksən, az qalıb.

Birinci qonşu. İnşəallah!
Küçəylə üç kişi yaxınlaşır: onlardan ikisinin böyürlərindən silah asılıb, sinəsi gilizlı çərkəzi geyimdədirlər, buxara papaq qoyublar; üçüncüsü—tünd rəngli avropa kostyumundadır, başına qazançaya oxşayan qırağı ensiz şlyapa qoyubdur. Onlar ayağını isti suya qoyan Birinci qonşuya yaxınlaşırlar. Buxara papaqlılar özlərini çox ötkəm aparırlar, ancaq “qazanpapaqlı” özünü çox ehtiyatlı və şübhəli aparır.
Birinci qonşu (arvadına). Sən keç evə.
Arvadı gedir.
Qazanpapaq (yavaş səslə). Sənin kirayənişinin gəlib çıxmadımı?

Birinci qonşu (tələsik stuldan qalxır, ancaq ayaqları su dolu ləyənin içində qalır). Yox. Bu gün ikinci gün olar, gəlmir.

Birinci papaqlı (ikinciyə). Nəsə mənim bundan heç xoşum gəlmədi.

İkinci papaqlı (əvvəlcə su dolu ləyənə, sonra Birinci qonşuya narazılıqla baxır). Hə, deyəsən yaman təmizkardır. (Elə bil özündən asılı olmayaraq, birdən əlini tapançasının dəstəyinə qoyur.)

Birinci qonşu. And olsun allaha, düz deyirəm, o, iki gündür evə gəlmir. (Qazanpapağa üz tutur) Cənab xəfiyyə!..

Qazanpapaq. Yavaş, ay axmaq... (Papaqlılara üz tutur.) Siz də əlinizi dinc saxlayın.

Birinci qonşu (hıçqırır). Mən bir avam adamam, özüm də hökumətin tərəfindəyəm.

Qazanpapaq. Bilirəm, bilirəm... (Papaqlılara.) Yaxşı, indi necə eləyək?

Birinci papaqlı. Sən bizə nə demişdin? “Gəlirsiniz, işinizi görüb gedirsiniz”. İndi belə çıxır, iş başqa cürdür.

İkinci papaqlı. Hələ bir başqası da varmış burada. (Əlini tapançanın dəstəyindən götürmür.) Bəlkə gəlmişkən elə bunu da aradan götürək getsin?

Qazanpapaq (əsəbi). Bizə başqası lazımdır. Mən axı sizə başa salmışdım.

İkinci papaqlı. Nə olar, sonra onu da aradan götürərik... Bir nəfər az, bir nəfər çox, nə fərqi var ki?

Qazanpapaq. Gərək bir azdan gələk.

Birinci papaqlı. Bizim hər görüşümüzün haqqı var, bunu da unutmayasan... Qazanpapaq (narahatlıqla). Elə isə, bəlkə bir az da gözləyək? Heç olmasa yarım saat... Bəlkə birdən gəlib çıxdı... Ancaq gərək elə eləyək bizi görməsin... (Gizlənməyə yer axtararaq, küçənin o biri üzündəki səkiyə tərəf yeriyir.)
Papaqlı kişilər narazılıqla başlarını bulayaraq onun ardınca gedirlər. Birinci qonşu ayaqları su dolu ləyəndə, qorxusundan yerində donub qalıbdır. Küçənin o biri üzündən, ikinci qonşu öz balkonundan baş verənləri izləyir. Qazanpapağın başçılıq elədiyi üçlük onun evinin səkisinə yaxınlaşanda o, tüfəngi onlara tuşlayır.
İkinci qonşu (uca səslə). Bir addım da atsanız hamınızı güllələyəcəm.
Üçlük diksinərək, dayanır. Papaqlı kişilər tapançalarına əl atırlar. Qazanpapaq çöməlir.
Birinci papaqlı (narazı bir səslə). Bu kimdir belə?

İkinci qonşu. Mən sizə xəbərdarlığımı elədim.

İkinci papaqlı (təəcüblə öz-özünə danışır). Görünür bu hələ kiminlə danışdığını bilmir. Yoxsa heç vaxt belə sırtıqlıq eləməzdi.

Qazanpapaq (qışqırır). Güllə atmayın! Siz məgər qoçu Nəcəfqulunu tanımırsınız?

İkinci qonşu. Lap, Palton-Abasqulu olsun! Mənim evimə üç arşından yaxın gəlsəniz, vuracağam. Kim olur olsun. Buranın yiyəsi mənəm.

Birinci papaqlı (ikinciyə). Hə, indi bununla neyləyək?

İkinci papaqlı. Mənə elə gəlir, onun dilini kəsmək lazımdır, üstəlik qulağını da...

Qazanpapaq. Cənablar, cənablar, axmaqlamayın. Biz tapşırığı yerinə yetirməyə gəlmişik.

Birinci papaqlı (bərkdən). Mən sənə göstərərdim buraların yiyəsi kimdir... Eybi yox, vaxtı gələndə sənə bu borcumu qaytararam...

Qazanpapaq. Gedək...
Gedirlər. Birinci qonşu yorğun bir şəkildə stula çökür.
Birinci qonşunun arvadı. Bunlar səndən nə istəyirlər?

Birinci qonşu (yazıq görkəmdə). Məni öldürmək istəyrdilər. Nə üçün? Mən kimə neynəmişəm, kimə toxunan bir söz demişəm?! Özüm üçün yaşayıram, heç kimlə işim yoxdur. Hamıdan da razıyam. Qubernator var idi—sağ olsun, ingilislər gəldi—onlar da sağ olsunlar, türklər gəldilər—çox sağ olsunlar, müsavat gəldi—elə onlar da sağ olsunlar, ruslar gələcək—belə lap xoş gəlsinlər. Daha nə istəyirsiniz? Mən bundan artıq nə eləyə bilərəm? Məni niyə öldürüsünüz axı?!

Sədrlik edən. Norveçdən gələn teleqram. (Oxuyur.) “Norveç hökumətinin adından müstəqil Azərbaycanın parlamentinə salamlarımı yetirirəm, gənc respublikanızın gələcəyi üçün gördüyünüz quruculuq işlərində sizlərə uğurlar diləyirəm. Norveçin Rusiya səfirliyinin Qafqaz konsulu.”

Üçüncü Mən. Polis qoçuların əli ilə, hökumətə qarşı çıxanları öldürtdürür.

Birinci Mən. Əli Bayramovu öldürüblər.

O. Sabah saat onbirdən gec olmayaraq, XI ordu Bakıda olacaq.

Üçüncü Mən. Onda bizim ultimatum verməyimizin nə mənası var?

O. Bir də təkrar eləyirəm, hakimiyyətə sülh yolu ilə gəlmək üçün, ən kiçik imkandan da yararlanmağa çalışmalıyıq.

İkinci Mən (yenə də istehza ilə). Hakimiyyətə gəlmək üçün, bütün imkanlardan yararlanmaq gərəkdir.

O (təəcüblə). Bunu necə başa düşək?

İkinci Mən. Elə eşitdiyiniz kimi də başa düşün. Məqsədə çatmaq üçün bütün mümkün vasitələr məqbuldur.

O. Mən bununla razı deyiləm.

İkinci Mən (istezayla). Elə şeylər var, onu heç kim boynuna almaq istəmir. Bunu hətta özündən belə gizlədir.

O. Yalandır!.. Mən həmişə öz prinsiplərimə zidd olan vasitələrdən uzaq qaçmağa çalışmışam...

İkinci Mən. Çalışmısan... Ancaq həmişəmi onlardan qaça bilmisən?..

O. Həmişə!

İkinci Mən. Biz öz baxışlarımızın ziddinə olaraq elədiklərimizi mümkün qədər unutmağa çalışırıq... Ya da onları doğrultmaq üçün bir üsul axtarıb tapırıq.

O (başını bulayır). Bu dediklərin mənə aid deyildir.

İkinci Mən. Onda biz burada nə üçün danışırıq? Mənim danışdıqlarım elə sənin düşündüklərin deyilmi? Elə bunlar da sənin düşündüklərini demirlərmi? (Əli ilə, saymazyana şəkildə, onların danışığına qulaq asan o biri Mənləri göstərir.) Təəsüf ki...

O. Nə üçün təəsüflənməliyik?

İkinci Mən. Ona görə ki, onların dedikləri, bizim əlimizi işdən soyudan şübhələrdən başqa bir şey deyildir.

O (güclə sezilən bir təbəssümlə). Axı onlar da elə Mən özüməm. Məgər onların şübhələri elə mənim öz şübhələrim deyilmi?

İkinci Mən. Bəli, çox təəsüf ki, səninkidir. Ancaq sənin təbiətindən doğan bu əlsiz-ayaqsız ziyalılıq təzahürlərinə mən ikrahla yanaşıram. (O biri iki Mənlərə yaxınlaşır.) Əlbəttə, öz şübhələrindən söz açmaq, tərəddüd etmək, təhlil eləmək, tədbirli olmaq, heyran olmaq, arzulamaq, nədənsə asılı olmaq... ancaq heç nə etməmək, çox rahat bir yoldur! Gerçək imkanları, təmiz olmadığı üçün, əldən vermək, ancaq bunun əvəzində nə eləmək lazım olduğunu tapa bilməmək! Böyük planlar qurmaq, ancaq onları yerinə yetirmək yollarının hamısını şübhə altına almaq! Ona görə ki, hər bir işdə ən asanı elə şübhələnməkdir.

Birinci Mən. Şübhəyə qapılmadan işə başlamaq, ən asan yoldur.

Üçüncü Mən. Bu, nəticəni düşünmədən işə başlamaq deməkdir.

İkinci Mən. Görülən işin mahiyyəti, onun nəticə verməsi ilə ölçülür. Nəticə uğurludursa, onda şübhə yalnız elə ziyalı qətiyyətsizliyinin təzahüründən başqa bir şey deyildir.

Birinci Mən. Ya da humanizminin...

Üçüncü Mən. Ya da müdrikliyinin! Axı hər bir nəticə, ancaq və ancaq sonsuz nəticələr zəncirinin növbəti halqasıdır. Bugünkü qələbə, çox vaxt sabahkı məğlubiyyətə aparır.

Sədrlik edən. Gürcüstandan gələn teleqram. (Oxuyur.) “Gürcüstan respublikasının parlamenti ilə hökuməti adından, qardaş azərbaycan xalqını Avropa xalqları ailəsinin tam hüquqlu üzvü olması münasibəti ilə təbrik edirik. Qoy bu zəfər bizim respublikaların xalqlarının öz aralarında daha da sıx birləşərək, öz müstəqilliyini qorumaq uğrundakı çalışmalarını bir az da gücləndirsin. Yaşasın, azad Azərbaycanın azad xalqı.” (Alqışlar.)

O. Müsavat parlamentinə ultimatumun verilməsi, bütün şübhələri silib atacaq bir zərurətdir. Bu, ən humanist, ən müdrik addımdır. Bu, bütün dövrlərdə anılacaq bir qələbə olacaqdır.

Birinci Mən. Sabah XI ordu gəlirsə, müsavat hakimiyyəti onsuz da yıxılacaqdır.

İkinci Mən (istehza ilə). Əgər hakimiyyətin təhvil verilməsi haqqında ultimatum bu gün qəbul olunarsa, onda bu ultimatumu verən beş nəfər Sovet Azərbaycanının liderləri kimi tanınacaqlar, onların adı xalqın tarixinə yazılacaqdır: Bax ən vacibi budur!
O bu sözləri deyib, Birinci Mənlə, İkinci Mənə sarı baxır, onların etiraz edəcəyini gözləyir.
Birinci mən (bir az fasilədən sonra, kədərli). Məncə, bu yolla xalq içində məhşurlaşmağa çalışmaq istədiyini beləcə açıq ürəklə etiraf eləmək, özünü öz gözündə olduğundan yaxşı görməyə çalışmaqdan yaxşıdr...

Üçüncü Mən. İndi özünü ittiham eləmək vaxtı deyildir. Kim özünü aldatmayıb ki? Ölümlə bitən addımın nəyə görə atıldığının bir fərqi varmı yəni? (İkinci Mənə üz tutur.) Birinci sayılmaq naminə ölməklə, ümumi maraq naminə ölməyin ikisi də xoşagəlməzdir. Burada nə bəhanə olursa olsun, mən bu ultimatumun verilməsinin əleyhinəyəm!

O (Özünün üç Məninə elə baxır, sanki onları birinci dəfə görür). Sən demə özünün iç üzünü açmaq bu qədər sadə imiş. Bir azca təhlükə yarandımı, içindən o qədər əclaflıqlar püskürməyə başlayır ki, gəl görəsən! (Üzünü ikinci Mənə tutur.) Doğrudanmı mən o qədər lovğayam ki, ancaq elə tarixə düşmək üçün ölmək istəyirəm? Ancaq mənə elə gəlirdi, özümü yaxşı tanıyıram! (Səhnənin qarşı tərəfinə çıxır.) Mənə bu inqilabdan heç nə lazım deyil. Mənim firavan yaşamaq üçün hər şeyim var, hamısı da yerli-yerində: avropa təhsili, vəzifə, uğurlu karyera imkanlarım. Mən gəncəm, deyilənə görə görkəmcə də babatam, yaxşı ailədən çıxmışam, gözəl bir ömür sürə bilərəm. İnqilab qalib gələndən sonra da, mənim ondan ehtiyacım yoxdur... (Gülümsəyir.) Xüsusilə də bu yolda ölsəm, onda lap heç nədən ehtiyacım olmayacaq. Mənim öz-özümü aldatmağa da ehtiyacım yoxdur. And olsun, mənim bu dünyada tək bir məqsədim, insanların, mənşəyindən, inamından, irqindən asılı olmayaraq, azad və bərabərlik içində yaşaya bilməsidir. Mənim bundan başqa heç bir məqsədim yoxdur. Əgər bu məqsədə çatmaq üçün, hər şeydən, o sıradan ömrümdən də keçmək lazımsa, mən buna da hazıram. (Özünün Mənlərinə üz tutur.) Əgər mənim daxilimdə, indi üzə çıxdığı kimi, hansısa başqa, gizli istəklər baş qaldırsa da, mənim iradəm onların əsil təbiətimə üstün gəlməsinə yol verməyəcəkdir. Mənim əqidəmə görə, insan üçün bundan xəcalətli bir şey ola bilməz ki, o, qorxu ilə şübhəyə qapılsın (barmağını Üçüncü Məninə tuşlayır), öz şəxsi maraqlarına qulluq eləsin (İkinci Mənini göstərir) və humanizmlə, məişətsevərliyə qurşanıb əlini işdən soyutsun (Birinci Mənini göstərir).

Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə