Rza xəLİlov- 70



Yüklə 369,17 Kb.
səhifə4/5
tarix05.10.2017
ölçüsü369,17 Kb.
#3209
1   2   3   4   5

İslam SADIQ

filologiya üzrə fəlsəfə doktoru

DÜŞÜNDÜKLƏRİM DÜZ ÇIXDI

Həm bədii, həm də elmi yaradıcılıqla məşğul olan insanlar çox zaman əvvəlcə bir-birinin imzalarını tanıyırlar. Mən də Rza Xəlilovun özündən öncə imzası ilə tanış olmuşam. Onun ərəbşünas olduğunu, İraqda, Misirdə tərcüməçi işlədiyini, ərəb nağıllarında qəhrəmanlıq mövzusunda dissertasiya yazdığını və s. bilirdim. Üstəlik Zeynal Xəlilin oğlu olduğu haqqında da düşünürdüm. Onun adının və soyadının tam yazılışı bu cür düşünməyə əsas verirdi: Rza Zeynal oğlu Xəlilov!

Haqqında artıq yetərincə bilgim olan Rza Xəlilovun özü ilə ilk dəfə Folklor İnstitutunda görüşdüm. Elə ilk görüşdən də onun haqqında məndə xoş təəssürat yarandı. Əslində onun haqqında düşündüklərim düz çıxdı. Hər bir söz adamının yazılarında onun özünü görmək olur. Rza Xəlilovun da əvvəllər oxuduğum yazılarında onun xarakterinin bir çox cizgiləri vardı. Bunlar da məndə müəyyən fikir doğurmuşdur. Rza Xəlilovun sadəliyi, mehribanlığı, istiqanlılığı, çoxlarında görmədiyimiz təvazökarlığı onun haqqında məndə yaranmış ilk fikirləriydi.

Sonralar Rza müəllimlə tez-tez görüşdük, aramızda çoxlu söhbətlər oldu, bir çox məsələlər barədə fikirlərimizi bölüşdük və beləcə bir-birimizi daha yaxşı tanıya-tanıya dostlaşdıq.

Rza müəllimin özümlə bağlı bir xeyirxahlığını heç vaxt unuda bilmərəm. O, Folklor İnstitutunda Müdafiə Şurasının katibi idi. Mənim müdafiəmi nə yolla olur-olsun əngəlləmək istəyirdilər. Hər addımda yoluma kötük dığırlayırdılar. İşi elə qurdular ki, mənim avtoreferatları rəsmi ünvanlara poçtla göndərməyimin son tarixi şənbə gününə düşdü. Şənbə günü də Folklor İnstitutu işləmirdi. Rza müəllim avtoreferatlara qol çəkməliydi. Mən ona zəng vurdum. Rza müəllim şənbə günü poçta gəldi. Avtoreferatlara qol çəkdi və mən onları göndərdim. Bunu hər adam eləməzdi.

Rza Xəlilovun xidmətləri geniş və çoxsahəlidir. O, folklorun toplanması, tərtibi, nəşri və araşdırılması ilə məşğul olmuşdur. Lakin Rza Xəlilov bunlarla yanaşı, elə bir iş görmüşdür ki, ondan ayrıca danışmaq lazımdır.

Bilirik ki, ötən əsrin iyirmi-otuzuncu illəri Azərbaycanda folklorun toplanmasının və nəşrinin qızıl dövrüdür. Həmin dövrdə onlarla folklor kitabları işıq üzü görmüşdür. Bu kitabların çoxu əski Azərbaycan əlifbasındadır. Hazırda elmlə məşğul olan gənclərin çoxu əski əlifbanı bilmir. Ona görə Azərbaycan folklorunun ilkin nəşrlərindən istifadə etməkdə çətinlik çəkirlər. Rza Xəlilov bu işin ağırlığından qorxmayaraq Azərbaycan folklorunun ilkin nəşrlərinin latın əlifbasına keçirilməsinə başladı və digər həmkarları, daha çox Afaq Xürrəmqızı ilə birlikdə az vaxtda onların çoxunu yenidən nəşr etdirdi. İndi həmin kitablardan hamı istifadə edə bilir. Bu böyük bir xidmətdir.

Rza müəllim bu gün də öz elmi fəaliyyətini böyük həvəslə davam etdirir. Ona cansağlığı və uzun ömür arzulayıram.


04 aprel 2015

Novxanı

Tahir ORUCOV

filologiya üzrə fəlsəfə doktoru, dosent
GÖZƏL ALİM, QAYĞIKEŞ İNSAN
Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.

(V.Şekspir)
Dünya şöhrətli aktyor Çarli Çaplinin oğlanlarının maraqlı bir xatirəsi var. Onlar yazırlar ki, atamız çəkdiyi, özünün də baş rolda oynadığı, bütün dünyanı gülməyə və onun haqqında ürək dolusu danışmağa məcbur edən məşhur səssiz filmlərini tez-tez evə gətirərdi. Biz də oturub bu filmlərə həvəslə və maraqla baxardıq. Filmdə kadrlar dəyişdikcə atamız tez-tez onlara şərhlər, izahlar verər, xüsusi bir pafosla, həvəslə danışardı. Biz isə onda buna adi bir hal kimi baxardıq. Ancaq o vaxt burasını düşünməzdik ki, biz Çarli Çaplinin səssiz filmlərini onun elə öz səsində dinləyən azsaylı adamlardanıq.

Mən də 13 il bindan əvvəl – Rza müəllimi tanıdıqdan sonra, yəni onun səmimiyyətlə, qayğıkeşliklə yoğrulmuş xarakterinə bələd olandan, onun nurlu çöhrəsini, insanlara qarşı təmənnasız xeyirxahlığını görəndən sonra Ç.Çaplinin oğlanlarının bənzər fikirlərini Rza müəllim haqqında düşünmüşəm. Fikirləşmişəm ki, bizlər – AMEA Folklor İnstitutunun əməkdaşları və ümumiyyətlə, Rza müəllimi tanıyanlar, onunla ünsiyyət quranlar, onun əsl insan xüsusiyyətlərini və hər bir insana təmənnasız qayğısını, xeyirxahlığını görən azsaylı insanlardanıq. Çünki Rza müəllimin parlaq şəxsiyyəti, böyük insanlığı və hüdud bilməyən alicənablığı onu tanıyanların hər biri üçün əlçatmaz bir zirvə, əvəzsiz bir nümunədir. O, yüksək əxlaqı və kübar davranışları ilə əsl Azərbaycan kişisinin yüz illəri aşıb gələn kristal xarakterlərinə malik çağdaş, eyni zamanda “köhnə” bir kişi, qeyrətli bir vətəndaşdır. Rza Xəlilovun xarakterinə, eyni zamanda idraki düşüncə tərzinə, ilk baxışdan sezilməyən, lakin sonradan, tədricən müəyyənləşən dərinlik və  genişlik xüsusiyyəti də xasdır.

Rza Xəlilov Azərbaycan cəmiyyətinin elə nadir insanlarındandır ki, əminəm ki, onu tanıyan istər gənc nəsil, istər orta nəsil, istərsə də yaşlı nəsil onun insani xüsusiyyətlərindən nəyi isə özü üçün örnək götürüb, nəyi isə özü üçün əxz edib.

Rza müəllimdən bu xüsusiyyətlərindən örnək götürən belə insanlardan biri elə mən özüm olmuşam. Mən ondan çox az insanda gördüyüm son dərəcə qayğıkeşliyi və diqqətcilliyi özüm üçün örnək götürmüşəm. Rza müəllim gözəl alim, qayğıkeş və xeyirxah bir insandır. O, təvazökar, səmimi, vicdanlı, xeyirxah, intizamlı, əxlaqlı, mədəni və daxilən azad bir insandır. Onu tanıyanların, onunla az-çox ünsiyyətdə olanların hamısı, şübhəsiz, bununla razılaşar ki, bütün bu sadalanan keyfiyyətlər Rza müəllimi xarakterizə edən başlıca cəhətlərdir. R. Xəlilov sabit, daxili ruhi-mənəvi sabitliyə malik olan təmkinli, müdrik, eyni zamanda çox kövrək bir insandır. Ən mürəkkəb situasiyalarda, ziddiyyətli vəziyyətlərin yarandığı məqamlarda belə, Rza müəllimin mənəvi keyfiyyətləri, insanlığı, alicənablığı və qayğıkeşliyi həmişə ön plana keçir. Məncə, söyləyəcəyim ən azı iki fakt Rza Xəlilovda bu cəhətlərin nə dərəcədə qabarıq şəkildə olduğunu əyani şəkildə sübut edə biləcək.

Birinci fakt. İş elə gətirmişdi ki, 2003-cü ildə mənim namizədlik dissertasiyası üçün götürdüyüm elmi işin –“Qaravəlli janrının poetikası”nın yazılması üçün nəzəri məlumatlar son dərəcə az idi. Və mən bəzən dissertasiyadan bir neçə səhifə yazmaq üçün həftələrlə M.F.Axunov adına Azərbaycan Milli Kitabxanasında, AMEA Mərkəzi Elmi Kitabxanasında, BDU-nun, ADPU-nun Elmi Kitabxanalarında olurdum. Mövzu haqqında kiçik bir nəzəri məlumat tapanda sevincimin həddi-hüdudu olmurdu. Necə deyərlər, dissertasiya işim səhifə-səhifə yox, az qala abzas-abzas yazılırdı. Demək olar ki, bütün Folklor İnstitutunun əməkdaşları bu mövzunun çətinliyini bilirdi. Bunu bildiklərindən bir çox əməkdaşlar və dostlarım məni ruhlandırmağa çalışır, öz məsləhətlərini verirdilər. Onların içərisində mənə ən çox diqqət yetirənlərdən, mənə məsləhət verənlərdən biri Rza müəllim idi. Belə məqamlarda mən Rza müəllimə artıq əziyyət vermək istəmədiyimdən ondan mənə nəzəri materialları tapmaqda kömək etməsini xahiş etmirdim. Lakin buna baxmayaraq, o, mənim mövzuma aid materiallarla rastlaşdıqca qeydlər götürür, lazım gəldikdə isə onların surətini çıxarıb mənə gətirirdi. Və hər dəfə də onları mənə verəndə məni ruhlandıraraq deyərdi: “Tahir, narahat olma, mən sənin potensialına, işgüzarlığına bələdəm. İnanıram ki, sən bu mövzunun öhdəsindən gəlib, yaxşı bir iş ortaya qoyacaqsan”. Belə də oldu ─ mən bu çətin mövzunun öhdəsindən gəlib, 2007-ci ilin 18 yanvarında, Rza müəllim kimi insanların və digər dəyərli dostların köməyi ilə namizədlik dissertasiyasını uğurla müdafiə etdim.

İkinci fakt. Bilənlər bilir ki, mən xeyli vaxtdır ki, AMEA Folklor İnstitutu Həmkarlar Təşkilatının sədriyəm. İşimin peşə xüsusiyyəti ilə əlaqədar olaraq, əsas fəaliyyətim Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilərin əmək hüquqlarını qorumaq və mədəni-kütləvi işləri həyata keçirməkdə İnstitut rəhbərliyinə kömək etməkdən ibarətdir. Digər tərəfdən, aztəminatlı işçilərin ehtiyacları ilə maraqlanmaq, Təşkilata ərizə ilə müraciət etmiş İnstitut əməkdaşlarına maddi yardımlar göstərmək, onları sanatoriya-kurort müəssisələrinə yollayışlarla təmin etmək də Həmkarlar Təşkilatının sədri kimi mənim fəaliyyət prioritetlərimə daxildir. İşlədiyim bu müddət ərzində xeyli sayda İnstitut əməkdaşı bu məqsədlərlə mənə müraciət etmişdir. Mən də Folklor İnstitutunun rəhbərliyinin qarşılıqlı razılığı ilə müraciət edən İnstitut əməkdaşlarının, demək olar ki, hamısının istəklərinə əməl etmişəm. Bu illər ərzində yadıma gəlmir ki, Rza müəllim bircə dəfə də olsun özünün şəxsi işi ilə və ya sanatoriya-kurort müəssisələrinə yollayışla bağlı mənə müraciət etsin. Əksinə, Rza müəllim özünə yox, bir neçə aztəminatlı İnstitut işçilərinə (Bu yazıda konkret olaraq onların adlarının çəkilməsi ən azı qeyri-etik olardı – T.O.) yardım edilməsini dönə-dönə məndən xahiş edib. Mən də təbii ki, imkan daxilində Rza müəllimin bu insani xahişlərini ürəklə, canla-başla yerinə yetirmişəm. Ən azından ona görə ki, bu alicənablıq, bu insanlıq Ulu Tanrının öz bəndəsinə bəxş etdiyi insani xüsusiyyətlərin bəlkə də ən birincilərindən və ən alilərindəndir.

Bu insani xüsusiyyətlərlə yanaşı, Rza Xəlilov Azərbaycan folklorşünaslığında öz dəsti-xətti, öz yolu olan folklorşünas-alimlərdəndir. Folklorşünaslığın böyük yoluna özündən əvvəlki elm adamlarından öyrənə-öyrənə gələn Rza Xəlilov Azərbaycan folklorşünaslığında yaradıcı ömrünü şifahi xalq yaradıcılığına həsr edən folklor fədailərimizdəndir. R.Xəlilov folklorla bağlı istənilən məsələlərdə bəhs edilən problemin birbaşa mahiyyətə varmaq, onu dəqiqliklə anlamaq və analiz etmək qabiliyyətinə malikdir.

Onun taleyi də, ömür yolu da folklorla, xalq yaradıcılığı ilə, şeirlə, ədəbiyyatla döyünən bir şair ailəsi ilə bağlı olub. Rza Xəlilov 11 noyabr 1944-cü ildə Bakı şəhərində ziyalı ailəsində – Azərbaycanın tanınmış, istedadlı şairlərindən biri olan Zeynal Xəlilin ailəsində anadan olub. 1960-1962-ci illərdə Bakıda fəhlə-gənclər orta məktəbində oxumaqla yanaşı, M.F.Axundov adına Respublika kitabxanasında foto-laborant vəzifəsində çalışıb.

Rza Xəlilov 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (o vaxtkı S.M. Kirov adına ADU) şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuşdur. O, 1966-67-ci il tədris ilində Misirin Qahirə Universitetində ərəb dilindən dil təcrübəsi keçmişdir. R.Xəlilov 1968-ci ildə Bakı Dövlət Universitetini ərəb filologiyası ixtisası üzrə bitirmişdir.

O, 1969-71-ci illərdə İraqda ərəb dili tərcüməçi vəzifəsində işləmişdir. 1971-ci ildə İraqdan qayıtdıqdan sonra Rza Xəlilov AMEA (o vaxtkı Azərbaycan Elmlər Akademiyası) Nizami adına Ədəbiyyat İnstitutunda folklorşünaslıq ixtisası üzrə aspiranturaya daxil olmuşdur.

R.Xəlilov 1978-82-ci illərdə Yəmən Ərəb Respublikasında Sovet səfirliyinin iqtisadi işlər üzrə müşavirinin aparatında tərcüməçi vəzifəsində işləmişdir. 1983-cü ildən Ədəbiyyat İnstitutunda işləməyə başlamışdır. Rza Xəlilov 1989-cu ildə 10.01.09 “Folklorşünaslıq” ixtisası üzrə “Azərbaycan və ərəb sehrli nağıllarında qəhrəman obrazları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1994-2001-ci illərdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin Şərq dillər bölməsində işləmişdir. 2001-ci ildən AMEA Folklor İnstitutunda böyük elmi işçi, 2005-ci ildən aparıcı elmi işçi vəzifəsində işləmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov 2013-cü ildən AMEA Folklor İnstitutunda Klassik folklor şöbəsinin müdiridir.

Azərbaycan şifahi xalq ədəbiyyatı ─ folklor nümunələrinin toplanıb sistemləşdirilməsi və tərtibi sahəsində Rza Xəlilovun böyük xidmətləri olmuşdur. O, dəfələrlə Dərbənd, Şirvan, Quba və Muğan bölgələrində folklor ekspedisiyalarında iştirak etmiş, xalqın əvəzsiz söz xəzinəsini toplayıb yazıya almışdır.

İndiyə qədər R.Xəlilovun yeddi kitabı: Aşıq Əsəd (toplama və tərtib), Bakı: Elm, 1979 (B.Abdullayevlə); “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” kitabında “Cənubi Azərbaycan folkloru” bölümü (tərtib), Bakı: Elm, 1981; Ərəb nağılları, Ərəb dilindən rus dilinə tərcümə, Şərq almanaxı, XIII buraxılış, 1984; Allah yıxdığı evi qızlar tikər” (O.Əliyevlə birlikdə), Bakı:Yazıçı,1994, Məmmədvəli Qəmərli, Atalar sözü (transliterasiya və nəşrə hazırlamaq), Bakı:Səda, 2003; Mirzə  Abbas Abbaszadə. “Arvad  ağısı” (ön söz, transliterasiya və nəşr) (A.Xürrəmqızı ilə birlikdə), Bakı:Səda, 2004; “Bayatılar və manilər” (transliterasiya, ön söz və sözlüyün müəllifi (A.Xürrəmqızı ilə birlikdə), Bakı:Səda, 2004, s. 60; 50-dən artıq məqalə, tezis və məqalənin müəllifidir.

2014-cü il noyabr ayının 11-də gözəl alim, qayğıkeş bir insan, yorulmaz tədqiqatçı olan  Rza Xəlilovun 70 yaşı tamam oldu. Bu yaş insan ömrünün müdriklik çağıdır. Biz şərəfli bir alim ömrü yaşayan bu müdrik insanı – Rza müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cavanlıq eşqi, işlərində daha böyük uğurlar arzu edirik. Əminik ki, Rza müəllim bundan sonra da yeni-yeni tədqiqat əsərləri, kitabları, məqalələri ilə bizləri sevindirəcək, Azərbaycan folklorşünaslığını və şərqşünaslığını daha da zənginləşdirəcəkdir. 70 yaşınız mübarək, Rza müəllim!



Mətanət YAQUBQIZI

filologiya üzrə fəlsəfə doktoru
XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ
Belə bir atalar sözü vardır: Ən yüksək elm müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. Rza müəllim müdriklik zirvəsinə qalxan xeyirxah bir insandır, şəxsiyyətdir.

Az-az adam tapılar ki, onun hansısa bir işində Rza müəllimin rolu olmasın.

Uzun illər idi ki, doğmalarımızdan biri haqqında məlumatımız yox idi. Heç cürə ondan məlumat ala bilmirdik. Müraciət etmədiyimiz təşkilat, döymədiyimiz qapı qalmamışdı. Bu işdə bizə vasitəçi məhz Rza müəllim oldu. Rza müəllim bizi doğmamızla görüşdürən ən gözəl vasitə oldu. Hal-hazırda bizim doğmamızla əlaqəmizin davam etməsinin yeganə səbəbkarı yuxarıda Allah, aşağıda Rza müəllim oldu ki, ömrüm boyu bu insana özümü borclu sayıram.

Bu insan yalnız şəxsi həyatda dostumuz deyil, ictimai mühitdə də daima bələdçimiz, yol göstərənimizdir.

Rza müəllim ərəb dili mütəxəssisidir. Ərəb dilini bildiyi üçün əski əlifbanı gözəl bilir. Tarixən bu əlifbada yazılmış güclü mənbələrimiz mövcuddur. Bu insan yaşının müdriklik çağında olmasına baxmayaraq, hətta bəzən səhhətinin yerində olmasına baxmayaraq bu işi davamlı şəkildə görür. Əski əlifba ilə yazılmış mənbələrin institutumuza gətirilməsində, nəşr olunmasında bu insanın əvəzsiz xidmətləri danılmazdır.

Rza müəllim “Klassik folklor” şöbəsinin müdiridir. Bu insan özünü sıravi insan kimi aparır, mərhum İsrafil müəllimin ruhunu daima öz üzərində hiss edir, onun yerini tutmaq istəmir.

Çox həssas insandır. Hamının dərdinə, sevincinə şərik çıxır. Kövrəkdir.

Təvazökar insandır. Alman dramaturqu Q.E.Lessinq belə demişdir: “Bütün böyük adamlar təvazökardır”. Təvazökar olmadan müdrik olmaq olmaz! Təvazökarlıq müdrikliyin yaraşığıdır, – demişdir babalarımız.

“Ot öz kökü üstə bitər”. Rza müəllim gözəl şairimiz Zeynal Xəlilin oğludur. Köklü nəsildəndir. Ağayanalığı, yüksək əxlaqı çoxlarına örnək olan bu insan nə yaxşı ki, aramızdadır.

Çox böyük zəhmətə, çox böyük ürəyə malikdir bu insan. Ancaq heç bir zaman bu insan başını göylərə qaldırmadı. Həmişə “barlı ağac” kimi başıaşağı gəzir.

Daima axtarışdadır. Gözəl alimdir. Çoxlu məqalələr, kitab müəllifidir. Heç kəsə bəlli olmayan mənbələri yerindəcə oxuyur, əlifbamıza çevirib institutumuzun arxivinə gətirir. Bu insan zəhmətkeşdir. Şöbənin bütün işçilərinə qarşı çox həssasdır. Hamı onun verdiyi işlərə məsuliyyətlə yanaşır, bütün işləri vicdanla yerinə yetirirlər.

Rza müəllim qayğıkeş bir dost kimi insanlara kömək edir, təkan verir, dəstək olur. Bu insanın amalı budur: Xeyirxahlıq etmək! Ona görə də bu insana yalnız bir ad vermək olar: Xeyirxahlıq mücəssəməsi!

Rza müəllim rəsmiyyətdən uzaq bir adamdır. Bütün insanlar onunla çox rahat dərdini bölüşə bilər, probleminə çıxış yolu, çözüm tapar. Bu insan hamı ilə sirdaşdır. Hamıya nəinki dost kimi, bir ata qayğısı ilə yanaşır. Allah bu qayğını üstümüzdən əskik etməsin!
Qalib SAYILOV

filologiya üzrə fəlsəfə doktoru, dosent
İNSANIN SƏRVƏTİ

ÖZ ŞƏXSİYYƏTİ OLMALIDIR
Həyatda insan çox şeylə ötüşə bilər, təkcə insansız ötüşə bilməz. Deməli, dünya dediyimiz bu fani aləmdə ən dəyərli varlıq insandır. Təəssüf ki, elə bir zaman gəlib ki, çoxluq üçün insan və insanlıq məfhumu arxa plana çəkilir. Lakin sözümüzün-söhbətimizin dadı, ləzzəti Rza müəllim üçün həmişə önəmli insan və insanlıq faktoru olmuşdur. O, bir insanpərvərdir, çünki belə doğulub, belə tərbiyə olunub. Dinimizdə, əxlaqımızda belə bir rəvayət var. Deyirlər ki, bir səhabə Peyğəmbər s.a.s. əfəndimizin yanına gəlir və uşaq tərbiyəsi ilə əlaqədar əfəndimizdən soruşur: – Ya Allahın elçisi, uşağı neçə yaşından tərbiyə etmək bəyənilər? Əfəndimiz ondan soruşur ki, uşağının neçə yaşı var? Deyir ki, 9 aylıqdır. Əfəndimiz deyir ki, gecdir. Uşağı ana bətnindən tərbiyə etmək lazımdır –söyləyir. Bu rəvayətin çox dərin fəlsəfi-didaktik mənası var. Bəli, uşaq ana bətninə düşməzdən əvvəl onun saleh və itaətkar olmasını düşünmək vacib buyurulur. Bunun əsas qayəsi uşağın valideynlərinin halal-hümmət olması faktını ortaya qoyur. Söhbətimizin qəhrəmanı Rza Zeynal oğlu Xəlilov belə bir halal mayadan doğulan insanlardandır.

İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də. Rza Xəlilov bu kateqoriyalarla doğulub və yaşayır. Mən onun alimliyindən və əsərlərindən söhbət açmaq istəmirəm. Düzdür, Rza Xəlilovun alimliyi haqqında bir cümlə ilə kifayətlənəcəyəm. Rza Zeynal oğlu Xəlilov çox səliqəli, ciddi və zəngin informasiya bazasına malik alimdir. Aqillərdən biri gözəl ifadə edib: “Alimin elmi söz konusu olmamalıdır. Zatən alimdirsə, elmi var, lakin əsas onun insanlığıdır. Rza müəllim çox kövrək bir insandır, bu da onun daxili imanından irəli gəlir. O, məntiqli və səbrli birisidir. Mən neçə illərdir onu izləyir, onun hərəkətlərinin nümunə olacağını hiss edirəm. Heç vaxt tələsməz və özündən çıxmaz. Əlverişli imkan əldə etmək üçün bəzən illəri gözləyib, ağlının hökmü ilə ləngidikcə gələcək müvəffəqiyyətlərinin ölçüsü artıb.

Rza müəllim mədəni şəxsiyyətdir; – şəxsiyyəti mədəniyyət yaradır, şəxsiyyətin miqyası onun mədəniyyətinin yüksəkliyindən asılıdır. Deyirlər ki, mədəniyyət üçün hər şeydən əvvəl bilik lazımdır, amma cilalanmasa alim də kobud görünər. Deməli, alimliyin birinci prinsipi mədəniyyətdir. Rza müəllimin təkcə fikirləri deyil, arzuları da, danışıq tərzi də zərifdir, yəni, mədəni və tərbiyəlidir. Elə alimlər olur ki, onlar o qədər yonulmamış (rusca çurban) olurlar ki, bütün təbii xüsusiyyətləri, bəzən müsbət keyfiyyətləri də vəhşi kobudluqları nəticəsində heçə enir. Şeyx Nizami Gəncəvinin təbirincə desək, İnsan kərpic kimidir – bişdikcə möhkəmlənir. Rza əmi də (mən ona çox zaman dadlı olsun deyə müəllim yox, əmi deyirəm) həyat kitabının mənalı səhifələrini yazaraq mətinləşmişdir. Möhkəm insan həyatda hər şeyi iradəsınin gücünə, xəyalpərəst insan utopiyasına, duyğulu insan isə sevgiyə aid edir. R.Xəlilov üçüncülərə aid şəxsiyyətdir. Mənə elə gəlir ki, onun fəlsəfəsinə görə insanı tanımaq üçün onu sevmək lazımdır. Rza müəllim həyatda bütün yaxşı mövqeləri qazanıb;


  1. Yaxşı övlad (biz onun validəsinə qayğısının şahidiyik)

  2. Yaxşı ata

  3. Yaxşı dost

  4. Yaxşı yoldaş

  5. Yaxşı vətəndaş

  6. Yaxşı insan

O, həyat pillələrində yüksəldikcə insanlar qarşısında dikəlmədi, təvazö ilə yaşadı. Hər bir insanı öz dilində danışdırdı Rza əmi. Fikrimi Bernard Şounun bu sözləri ilə bitirmək istəyirəm: “Adam olmayan başqalarını adam saymaz”. Rza Xəlilov hamını saydı, hamını sevdi, məhz ona görə də hamı tərəfindən çox hörmətlə sayılır və sevilir. 70 yaşın mübarək, Rza əmi!
Şakir ALBALIYEV

filologiya üzrə fəlsəfə doktoru, dosent
AĞIRÇƏKİLİ SAYILIB-SEÇİLƏN KİŞİ
Məndən söyləməkdir, səndən eşitmək:

Bir insan əliboş gəzməsin gərək!

Dahi söz ustadı Nizami Gəncəvinin aforistik səciyyəli bu fikrinin üst qatında insana tənbəllikdən uzaq olmaq tövsiyə olunur. İnsana hansısa ictimai faydalı bir işlə məşğul olmaq, əliboş – yəni bekar-beytin gəzməmək ideyası aşılanır. Doğrudan da, Allah-təala insanı fiziki baxımdan da təkmil yaradıb, ona iş görə bilən, əməklə məşğul ola bilən əl bəxş eləyib. İnsan yaratmaq-qurmaq qabiliyyətini, yaradıcılıq-quruculuq istedadını məhz əlləri vasitəsilə reallaşdıra bilir. O əllər ki, işləmirsə, fiziki əmək gücünü nümayiş etdirmirsə, demək, o əlin sahibi cismani baxımdan sağlam görünsə də, əslində şikəstliyə bərabər kimi bir şeydir. Eyni zamanda insan ona əta olunmuş iş-güc görmək qabiliyyətinə malik əllərini işlətmirsə, tənbəllik-harınlıq edirsə, deməli o, bununla həm də fiziki baxımdan insanın göstərəcəyi işgüzar əməldən özünü məhrum edir, insanlıq simasını itirib, həm də tənbəllik-harınlıq azarına tutulmaqla mənəvi keyfiyyətlərini də itirmiş olur. Bu mənada fiziki işdən özünü qəsdən məhrumetmə insanın təkcə cismani-fiziki şikəstliyinə yox, həmçinin mənəvi kasadlığına da dəlalət edir. Bu kontekstdən yanaşdıqda, yuxarıdakı misralarda deyilən və üst qatda görünən zahiri fikirdən doğan nəticənin hansı mətləblərə işarə etdiyi bəlli olur: əliboş gəzməyin, fiziki iş görməməyin, yəni tənbəlliyin fiziki və mənəvi fəsadlara yol açacağı aydın görünür.

Bütün bunlarla yanaşı, “Bir insan əliboş gəzməsin gərək!” fikrinin alt qatında bir başqa mətləb də dayanıb: bu, “əliboş gəzməmək” ifadəsinin özündə ehtiva etdiyi mənəvi cəhətdir. İnsanın əliboş olub-olmaması onun əlinin qazancına işarədir. İnsanın qazancı isə sadəcə maddiliyi əks etdirmir, mənəvi meyarı da öz əhatə dairəsinə alır. Bir el bayatısında buna əyani işarə var:

Əzizim qazançanı,

Tutmusan qazançanı,

Baş götürüb gedirsən,

Əlində qazanc hanı?

Burada dünyada maddi nemətlər uğrunda mübarizə aparan insanın sonda “bu dünyadan baş götürüb getməsi” – ölməsi müqabilində bəs indi “Əlində qazanc hanı?” sualları ilə ittiham olunmasında əslində onun mənəvi qazancının nədən ibarət olması soruşulur. Demək insanın əliboş olmaması onun maddi qazancını da səxavətlə paylamasına, həmçinin də ki, mənəvi qazancının olmasına dəlalət edir.

Belə olan halda, dahi Nizaminin “Bir insan əliboş gəzməsin gərək!” şəklində söylədiyi nəsihətində həm də insana mənəvi cəhətdən əliboş gəzməməsi tövsiyə olunur. Bəli, insan əliboş gəzməyəndə – tənbəllik, bekarçılıq, avaralıq etməyəndə və eyni zamanda mənəvi baxımdan əliboş olmayanda, mənəvi dəyərlərlə yaşayanda, dünyanın əşrəfi sayılan insanlıq adına layiq bir ömür yaşamış olur...

Haqqında söz açacağım iş yoldaşım, nurani insan, ağsaqqal ziyalı olan Rza müəllimin özündən geridə qoyduğu yetmiş illik şərəfli ömür yoluna diqqət yetirəndə, onun bu yaşacan əliboş gəzmədiyinin şahidi oluruq. Rza müəllim çox yerlər gəzib, çox ölkələr dolaşıb, heç birindən də əliboş geri dönməyib. Özü ilə özü boyda xətir-hörmət gətirib, dünya boyda qədir-qiymət qazanıb, mənəvi ucalıq haqqına yetişib. Mənəvi ləyaqətini həmişə qoruyub saxlayıb, heç desən, əlidoluluq sözünün maddi anlamında olan səxavətindən də geri qalmayıb, yeri düşdükcə imkanı daxilində ətrafındakılara səxavət də göstərib. Başqa sözlə, özünün maddi və mənəvi qazancını məsrəf edə-edə, özünə alqış-dualarla, hörmət-izzətlə dolu bir ömür yolu qət edib. Bu gün hamının onun haqqında ağızdolusu danışmağının da, onu ehtiramla dindirmələrinin də kökündə məhz bu amil dayanır...

Bəli, Rza müəllim heç vaxt əliboş gəzməyib, əliboş yaşamayıb. Həmişə əlində yük daşıyıb, çiynində yük daşıyıb. Bu yükün adı ağır mənəvi yük olub: insanlıq yükü. İnsanı şərəfləndirən, daha da ali edən, yüksək nüfuza – mərtəbəyə qaldıran insanlıq yükü. Bu yükün bir adı da çiynində gəzdirdiyi ağır ailə yükü olub. Zəhmətkeş fəhlə kimi öz ailəsinin, namusunun, qeyrətinin yükünü çəkib, təəssübünü çəkib. Desəm ki, insan elə bu dünyaya yük daşımaq üçün gəlib, daha doğru olar. Bu yükün mahiyyəti insanlığa, insani dəyərlərə xidmət göstərən yükdür. Bu yükdən – istər fiziki yük olsun, istər mənəvi yük – imtina eləmək isə insanlığa xəyanətdir.

Dahi Nizami şair olmaqla yanaşı, özünün müdrikliyi ilə həm də ağsaqqal yol göstərənimiz, ulu babamızdır. Buna görə də Rza Xəlilov bir insan kimi hələ ağlı kəsən gənclik, yeniyetməlik çağlarından dahi şairin söylədiyi “Bir insan əliboş gəzməsin gərək!” məsləhətinin hökmünü dinlədi, eşitdi, əməl etdi. Axı, Rza müəllimin atası da dahi Nizami sənətinin varisi olub, o da xalqımızın sevilib-seçilən şairlərindən olub. Oğul isə atanın həm cismani, həm də mənəvi davamçısıdır. Bu mənada Rza müəllim ata ocağının layiqli davamçısı kimi mənəvi bir ömrə sahibdir. Əslində şair Zeynal Xəlil oğluna atasının adını qoymaqla belə bir missiyanın məhz Rza müəllimin timsalında gerçəkləşməsini arzulamışmış. Elə Rza müəllim də bu arzunu bir missiya kimi şərəflə reallaşdırıb. Bu kontekstdən yanaşdıqdan şair Zeynal Rza oğlu Xəlilovun oğlu olan alim Rza Zeynal oğlu Xəlilov cismani ömründə və mənəvi yaşamında ən azından nəslinin, tayfasının üç nəfərinin adını, çəkisini bir mənəvi yük olaraq öz çiynində layiqincə gəzdirib: atasının övladı kimi ata ocağının keşikçisi olub, ata yolunu davam etdirib, yaşadıb; babası Rza kişinin adaşı – ad daşıyıcısı olmaqla babasının ruhunu öz timsalında hörmətlə anıb, xatırladıb və yaşadıb; bir də ki, Rza müəllim bir alim kimi özü olmaqla – filologiya üzrə fəlsəfə doktoru, dosent, ərəbşünas, folklorşünas alim Rza Zeynal oğlu Xəlilov olmaqla özü-özünü mənəvi etalon – ölçü nümunəsi kimi qoruyub-yaşadıb. Bu minvalla düşündükdə Rza müəllim bu dünyada təkcə özünün fiziki və mənəvi yükünü daşımayıb, həmçinin də atasının və babasının adını-sanını, ehtiramını qorumaqla böyüklərinin-ulularının mənəvi yükünü öz üstündə çəkib, yaşadır. Elə Rza müəllimi öz əzizləri arasında, iş yoldaşları içərisində və ictimaiyyətdə şərəfə-şana mindirən də, sevdirən də onun bu ağır məsuliyyətli yükləri öz üstündə ləyaqətlə daşıması olub. Bəli, insanı şərəfləndirən onun üzərinə yüklənmiş missiyanı bir yük kimi dəyanətlə, təpərlə, qeyrətlə vicdanla gəzdirə bilməsindədir, Nizaminin təbirincə desək, insanın “əliboş gəzməməsindədir”. Bizim Rza müəllim bax belə bir yükün daşıyıcısıdır – insanlıq yükünün. İnsanlıq yükü nə qədər ağır olursa, onu daşıyanlar da o qədər ağırçəkili sayılıb-seçilən olurlar. Bax bizim Rza müəllim də belə ağırçəkili, sayılıb-seçilən kişilərdəndir. Belə bir kişinin yaşaması, bizim aramızda fəaliyyət göstərməsi isə cəmiyyətimizin mənəvi harmoniyasını simvolizə edir. Mənəvi harmoniyamız heç zaman pozulmasın. Ağırçəkili, sayılıb-seçilən kişi olan Rza müəllimə uzun ömür, cansağlığı, uğurlar arzulayırıq!



Yüklə 369,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə