« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
54
məşrəb hesab olunur. Amma sufi cərəyanlara dərindən təsir edən məlamilik
xüsusilə də kübrəvilik və qələndərilik kimi orta əsrlər İslam Şərqinin iki güclü
təriqətinin yaranmasına təkan verdi (31).
Məlami – Səfəvi münasibətləri. İlk dövr səfəvi şeyxlərinin məlamiliklə
güclü bağlarının olduğunu təsdiq edən dəlillər var. Təəssüflər olsun ki, indiyə
qədər tarixçilər Səfəvi-məlami əlaqələrinə diqqət yetirməyiblər.
Səfəvi-məlami əlaqələrini isbat edən başlıca üç dəlil mövcuddur. Birinci
dəlil, Səfəvilərlə İbrahim ibn Ədhəm arasındakı ailəvi bağlara söykənir. Qeyd
edək ki, tarixçilər heç bir fakt və əsas göstərmədən Səfəvilərin İbrahim ibn
Ədhəmlə qohumluğunu inkar edirlər.
Səfəvilərin mənşəyi haqqında məlumat verən ilk mənbə Təvəkkül ibn
İsmayıl ibn Bəzzaz tərəfindən qələmə alınmış “Safvətüs-səfa” əsəridir. Bu əsərin
iki nüsxəsi mövcuddur. Bunlardan biri əsl, digəri isə saxta nüsxədir. Əsl nüsxə
1337-ci ildə Təvəkkül ibn Bəzzazın özü tərəfindən qələmə alınıb. Saxta nüsxə
isə 1542-ci ildə əsərin türkcə tərcüməsi zamanı səfəvilərin yeddinci İmam
Musa Kazımla qohumluq əlaqələrinin olduğu iddiasına saxta şəcərənin kitaba
yerləşdirilmiş variantıdır (32).
Səfəvi sülaləsinin ilk nümayəndəsi Firuzdur. “Safvətüs-səfa”da ondan
“Zərrinkülah Firuz” (və ya Qızıl börklü Firuzşah) kimi bəhs edilir (33).
“Zərrinkülah” adı türkcə “qızıl başlıq” (qızıl tac, qızıl börk, qızıl dəbilqə)
mənasına gəlir. Firuzun bu adı almasının səbəbi bilinməsə də, “qızılbaş” adını
daşıyan ilk Səfəvi nümayəndəsinin o olduğu aydındır. Sonrakı dövr Səfəvi
mənbələri Firuzun yeddinci İmam Musa Kazımın soyundan gəldiyini iddia
edirlər. Bununla əlaqədar verilən məlumatları qiymətləndirən N.Musalı
Səfəvilərin seyyidliyi haqqındakı rəvayətləri “Səfəvilər hakimiyyətə gəldikdən
sonra öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən
geniş surətdə istifadə etdikləri” kimi dəyərləndirmişdir (34).
Firuzun kimliyi haqqında iki cür məlumat vardır. Bəzi mənbələr onu
“İbrahim ibn Ədhəm övladından”, digərləri isə “İbrahim ibn Ədhəmin
nəvələrindən olan Sultan Əhmədin tərəfdarı” kimi tanıdırlar. Ayrıca
mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl “İmam Rzanın Məşhəddəki
məqbərəsinin mühafizəçisi” olduğunu bildirirlər (35). “Safvətüs-səfa”nın türkcə
nüsxəsində bu məlumat belə qeyd olunub: “Və çün Seyyid Firuzşahun nisbəti
nəsəbün zikrində deyildi, surəti böylə idi kim, ol vəqt kim, bir padişah Sultan
İbrahim Ədhəmin fərzəndələründən Səncar qolından çıxüb, ləşkəri Azərbaycana
çəkdi və ol yerləri qamu müsəxxər qıldı və Aran ilə Əlivan və Darbumun sakinləri
qamu kafir idilər” (36). Kitabın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
55
birində İbrahim ibn Ədhəm yerinə Sultan Əhməd adı işlədildiyindən bəzi
araşdırıcılar yanılaraq, Sultan Əhmədi ayrı şəxs hesab etmişlər (37).
Belə məlum olur ki, Firuz İbrahim ibn Ədhəm nəslindən idi. Bu məlumat
Xandəmirin “Həbibüs-siyər”, İskəndər Bəy Münşinin “Aləmarayi-Abbasi” və
“Silsilətün-nəsəbi-Səfəviyyə” kimi mənbələr tərəfindən də təsdiqlənir (38).
Səfəvi-məlami əlaqələrini təsdiq edən ikinci fakt Anadolu və ya ikinci dövr
məlamiliyinin banisi Somuncu Baba Həmidəddinin təriqət silsiləsində üç səfəvi
şeyxinin yer almasıdır. Bunlar Şeyx Səfiyəddin, Şeyx Sədrəddin və Xacə Əlidir.
Somuncu Baba bunlardan Xacə Əlinin mürüdü və tələbəsi olmuş, Ərdəbil və
Xoyda onun xidmətində yer almışdır. Oğlanşeyxi adlanan üçüncü dövr
məlamiliyinin ən böyük sufilərindən olan İbrahim Əfəndi də “silsileyi-mənəvi”
olaraq adlandırdığı məlamilər silsiləsini Şeyx Səfiyəddin Ərdəbilidən başlayır
(39).
Səfəvi-məlami əlaqələrini təsdiq edən üçüncü fakt isə ilk dövr Səfəvi
dərvişlərinin bəzi məlami xüsusiyyətlərə malik olmasıdır. Misal üçün Elxanilər
dövrünün hakimlərindən olan əmir Çoban Sulduz bir dəfə Şeyx Səfiyə: “bizim
əsgərimizmi çoxdur, yoxsa sənin mürüdlərin” dedi. Şeyx əmirin sözünə belə
cavab verdi: “Sizin əsgərləriniz dəxi cümləsi bizim mürüdümdüzdür. Sadəcə
Əcəmdə sizin hər əsgərinizə qarşılıq bizim 100 müridimiz var” (40). Bu
məlamilər kimi səfəvilərdə də özünü gizlətmək anlayışının varlığından xəbər
verir.
Bundan başqa, məlamiliyin Azərbaycanda Təbriz, Həmədan, Xoy kimi güclü
mərkəzlərinin olduğu məlumdur. Bunu həmin şəhərlərə nisbət edilən məlami
sufilərinin adlarından başa düşürük. Özünü gizlətmək Səfəvi şeyxlərinin
inancında da diqqəti çəkir. Güclü fərqliliklərə rəğmən Şeyx Səfi, Şeyx Sədrəddin
və Şeyx Əlinin özlərini sünni şafii inancında təqdim etmələri buna əyani
sübutdur (41).
Səfəvi-məlami əlaqələrini göstərən başqa bir dəlil də səfəvi dərvişliyinin
məlami dərvişliyi ilə olan oxşarlığıdır. Məlamilikdə olduğu kimi səfəvi
dərvişliyində də “dilənmək, əl açmaq, başqasından bir şey istəmək” xoş
qarşılanmırdı. Səfəvi dərvişləri məlamilər kimi öz ehtiyaclarını özləri
qarşılamalı idilər. Buna görə də, səfəvilikdə məlamilikdə olduğu kimi mürüdün
bir məslək ərbabı olması şərti vardı (43). Qənaətimizcə, səfəvi dərvişlərindəki
“qazi-sufi” anlayışının əsasında da məlami təsirləri vardır.
Məlamiliklə səfəvilik arasındakı ən güclü bağ məlamilikdə şiə meyllərin
olmasıdır. Lakin A.Gölpınarlının da qeyd etdiyi kimi məlami dərvişlərinin şiəliyi
“mufaddıla” səviyyəsində olub şiəlik hesab edilmir (43). Məlamiliklə şiəlik
arasında diqqəti çəkən ən mühüm məlami təriqət silsilələrinin İmam Əliyə