S. F. Abdullayeva



Yüklə 95,63 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü95,63 Kb.
#32100


                                                                      Mənbəşünaslıq, tarixşünaslıq

                                                             259 

Tarix və onun problemləri, № 1 2013 

 

 



S.F.ABDULLAYEVA 

АМЕА А.Бакыханов ад.Тарих институтунун докторанты  

e-mail: Сабдуллайева@ щотмаил.cом 

 

HÜLAKÜLƏR DÖVLƏTININ PARÇALANMASI VƏ SÜQUTU 

İRANIN KEMBRIC TARIXI ƏSASINDA 

 

Açar sözlər: Щцлакцлар, monqol, Kembric tarixi, dövr, dövlət, tayfa, sərhəd, ərazi 

Ключевые  слова:  Хулагуиды,  монголы,  период,  наместники,  Чобаниды,  государство, 

род, Кембриджская история, граница, территория 

Key words: Hulaguids,mongols, period, state, governors,clan, border, area 

 

Hülakü xanın (1258-1265) Yaxın Şərq ölkələrində yaratmış olduğu imperiyanın tərkibinə 

Azərbaycandan  başqa  İraqi  –  Ərəb,  İraqi  –  Əcəm,  Kerman,  Gürcüstan,  Kiçik  Asiya  (Rum), 

Kürdüstan, Fars, Xuzistan, Xorasan və bir sıra digər vilayətlər daxil idi.(1.) Hülakülər imperi-

yası çox keçmədən feodal zadəganları arasında gedən mübarizənin meydanına çevrilir. Hülakü 

xanın  ölümündən  sonra  köçəri  feodallar,  maliyyə  məmurları  arasında  daxili  çəkişmələr 

başlanır  və  getdikcə  güclənirdi.  Iranın  Kembric  tarixinin  məlumatlarına  görə,  Hülakülər 

dövlətinin yarandığı ilk vaxtlardan köçəri feodallar arasında bəzi mənafe ümumiliyi mövcud 

idi. (2) Lakin sonralar – Abaqa xanın (1265-1282) hakimiyyətinin sonlarında, şahzadələrin və 

əmirlərin bir hissəsi onlara tapşırılan ərazidə öz mövqelərini və təsirini möhkəmlədə bildikdə 

köçəri  feodallar  arasında  əvvəlki  birlik  yox  idi.  Köçəri  feodallar  şahzadələrin  və  görkəmli 

əmirlərin başçılıq etdikləri qruplarda birləşir və bir-biri ilə mübarizə aparırdılar. Bu mübarizə 

zaman  keçdikcə  öz  gizli  formasını  itirib  açıq  şəkil  alırdı.  Hülakülər  taxt-tacının  nəslən 

verilməsi  prinsipinə  sadiq  qalmaq  bəhanəsi  ilə  gedən  feodal  ara  mübarizələrində  yüksək 

ixtiyar sahibi olan köçəri feodalların və əmirlərin böyük rolu var idi. İri feodallar və əmirlər 

vəliəhdçilik  prinsipini  əsas  tutaraq  daim  bir-biri  ilə  çəkişir,  çox  hallarda  qanlı  vuruşmalar 

aparırdılar. Bu mübarizənin əsas səbəbi - torpaqların əyanların əlində toplanması, həmin tor-

paqlardan  gələn  gəlirlər  və  həmçinin  əhalinin  amansız  istismarı  nəticəsində  əldə  olunan  mə-

daxil  hesabına  iri  feodalların  iqtisadi  və  siyasi  qüdrətinin  artması  olmuşdur.  Qazan  xanın 

(1295-1304) islahatına kimi yerli əyanların torpaqları daima, həm də, geniş miqdarda zəbt edi-

lərək  köçəri  feodallar  arasında  bölünürdü.  Qazan  xanın  dövründə  monqol  əmirlərinə  böyük 

torpaq sahələri iqta olaraq verilirdi. Bu torpaqlara təhkim edilmiş kəndlilərin amansız istismarı 

bir  tərəfdən  təsərrüfatın  dağılmasına,  işçi  qüvvəsinin  pərakəndə  hala  düşməsinə,  dövlətin 

ümumi gəlirlərinin azalmasına, digər tərəfdən isə ayrı-ayrı feodalların həddən artıq varlanaraq 

güclü qüvvə kəsb etməsinə və beləliklə də, dövlətin tənəzzülünə səbəb olurdu. Köçəri feodal-

ların getdikcə güclənməsi nəticəsində Elxanilərin onlara inamı qalmamışdı və belə feodallara 

arxalanmağa cəhd  etmirdilər. Buna  görə  də  Qazan  xan güclü  mərkəzi hakimiyyəti  mühafizə 

etmək  məqsədilə  müəyyən  islahat  keçirir.  Lakin  onun  islahatı  Hülakülər  imperiyasının  məh-

vini  aradan  qaldıra  bilmədi  və  yalnız  dövlətin  süqutunu  bir  müddət  gecikdirdi  (3).  Müxtəlif 

feodal  qrupları  yaranmış  vəziyyətdən  istifadə  edərək  öz  mövqeyini  və  siyasi  qüdrətini  yük-

səltməyə,  iqtisadi  cəhətdən  qüvvətlənərək  Hülakülər  dövlətinin  təsirindən  mümkün  olduqca 

daha çox uzaqlaşmağa can atırdılar. Bütün bunlar Hülakülər dövlətinin zəifləməsinə, iqtisadi, 

və  siyasi  cəhətdən  tənəzzül  etməsinə  səbəb  olurdu.  İranın  Kembric  tarixi  Əbu  Səidin  haki-

miyyətindən başlayaraq Hülakülər dövlətinin iqtisadi və siyasi tənəzzül dövrü keçirdiyini qeyd 




260                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

edərək  yazır:  «Köçəri  aristokratiya  arasında  gedən  müharibələr  və  daimi  düşmənçilik  El-



xanilər  dövlətinin  əsasını  daha  da  sarsıdır,  onun  siyasi  birliyini  qırır,  ölkənin  iqtisadiyyatına, 

çox hallarda isə əhalinin maddi vəziyyətinə mənfi təsir göstərirdi. Bu mübarizə son nəticədə 

Hülakülər  dövlətinin  süqutunun  və  hakimiyyətin  əmirlərin  –  köçəri  qəbilələrin  başçılarının 

əlinə  keçməsinin  əsas  səbəblərindən  biri  oldu».(4)  Müxtəlif  vilayətlərin  «iqtisadi,  etnik  və 

mədəni cəhətdən əlaqəsizliyi, əmtəə istehsalının rolunun azalması və natural təsərrüfat ənənə-

sinin  üstün  mövqe  tutması,  feodal  pərakəndəliyinin  inkişafı  və  bununla  əlaqədar  olaraq, 

Elxanilərin  mərkəzi  hakimiyyətinin  zəifləməsi  –  bütün  bunlar  birlikdə  Hülakülər  dövlətinin 

tənəzzülünü hazırlayırdı».(5) 

 Elxanilər  dövlətinin  tənəzzül  etməsinin  və  süqutunun  başqa  bir  səbəbi  də  «XIV  əsrin  I 

yarısında  monqollar  tərəfindən  əsarətə  alınmış  xalqların  mübarizəsi»idi.  XIV  əsrin  30-cu 

illərində Xorasanda başlanmış Serbedarlar hərəkatının Elxanilər dövlətinin başqa ərazilərində 

gedən azadlıq  mübarizəsinə böyük təsiri olmuşdur. İ.P.Petruşevski  bu barədə  yazır ki, serbe-

darların Xorasan üsyanı XIV əsrdə Orta Şərq ölkələrində gedən xalq azadlıq hərəkatı silsilə-

sində  öz  miqyasına  görə  ən  geniş  və  tarixi  cəhətdən  daha  çox  əhəmiyyət  kəsb  edən  hərəkat 

olmuşdur.(6) Şübhəsiz ki, həmin üsyan ictimai tərkibi və siyasi məqsədi etibarilə özünə bənzər 

başqa xalq azadlıq hərəkatlarına təsir etmişdir.Biz dövrün ilk mənbələrinin verdiyi məlumatı 

izlədikdə Elxanilər dövlətinin daxili və xarici vəziyyətinin getdikcə gərginləşdiyinin, dövlətin 

zaman  getdikcə  daha  çox  tənəzzül  etdiyinin  və  nəhayət,  XIV  əsrin  30-cu  illərinin  sonlarında 

öz  vahidliyini  itirərək  müxtəlif  hissələrə  parçalandığının  şahidi  oluruq.  Bundan  sonra  Elxa-

nilər imperiyasının bir hissəsində - Azərbaycanda və ona qonşu olan bəzi yerlərdə həmin döv-

lət  davam  etmiş,  qalan  ərazidə  isə  süquta  uğramışdır.  Azərbaycanda  Elxanilər  dövlətinin 

süqutu 1357-ci ildə baş vermişdir. Sultan Məhəmməd Xudabəndə 1316-cı ildə öldükdən sonra 

onun  yerini  oğlu  əbu  Səid  (1316-1335)  tutur.  O,  Hülakülər  taxtına  çıxarkən  12  yaşında  idi. 

Dövlət  işlərinin  idarҽsi  Xudabəndənin  vəsiyyətinə  görə  Suldusilərdən  (Sulduzilər)  olan  baş 

sərkərdə  əmir  Çobana  tapşırılmışdı.Həmdullah  Qəzvininin  göstərdiyinə  görə(7),  bu  iş  Sultan 

əbu Səidin bir əlindən tutub Elxanilər taxtına oturdan əmir Sevincə əvvəlcədən məlum idi. O, 

bir  tərəfdən  Sultan  Əbu  Səidi  taxta  oturtmuş,  digər  tərəfdən  Xorasanda  iğtişaşın  baş  qaldır-

ması üçün şərait yaratmışdı. Bu hadisə artıq Elxanilər dövlətində mərkəzi hakimiyyətin zəif-

lədiyini,  dövlətin  daxilən  sarsıldığını  və  siyasi  tənəzzülün  başlandığını  bildirirdi.Sultan  Əbu 

Səidin hakimiyyətinin ilk günlərindən Hülakülər dövlətinin ayrı-ayrı yerlərində yeni-yeni iğti-

şaşlar baş verir və getdikcə güclənirdi. İranın Kembric tarixiндя qeyd олунан kimi, bu dövrdə 

bir sıra feodallar və şahzadələr iqtisadi cəhətdən mövqelərini o qədər möhkəmlədə bilmişdilər 

ki,  artıq  mərkəzi  hakimiyyətə  tabe  olmaq  istəmirdilər  (8).  Əbu  Səidin  azyaşlı  olmasından 

istifadə  edən  feodallar  müxtəlif  vilayətlərdə  iğtişaşlar  törədir  və  müəyyən  sahədə  daha 

müstəqil hərəkət edirdilər. Elxanilər dövləti qonşu dövlətlərin hücumlarına da məruz qalırdı. 

Əbu  Səid  Misir  məmlukları,  Mavəraünnəhr  şahzadələri  və  Qızıl  Orda  xanları  ilə  mübarizə 

aparmalı olurdu. Burada  əsas məqsəd onların keçmişdə olduğu kimi, təbii-coğrafi və strateji 

cəhətdən əlverişli şəraitə  malik Azərbaycan,  Xorasan və İraqi-ərəbi zəbt etmək niyyətləri  ol-

muşdur.  (9).  Mövcud  vəziyyətin  nizamlanmasında,  Elxanilər  dövlətini  feodal  ara  mühari-

bələrindən  və  xarici  hücumlardan  mühafizə  etməkdə  əmir  Çobanın  böyük  rolu  olmuşdur.  O, 

dövlətin idarəsində mütləq hakim kimi hərəkət edirdi. Vəzirlik mövqeyi üstündə yüksək dərə-

cəli dövlət məmurları arasında daim mübarizə getmiş və Hülakülər dövlətinin zəiflədiyi dövr-

də  bu  mübarizə  daha  da  kəskinləşmişdir.  Vəzirlər  arasındakı  çəkişmələrdən  istifadə  edən 

feodallar  onlardan  birinin  tərəfini  saxlamaqla  digərinin  məhvinə  səy  göstərir  və  bununla  da 

dövlət idarəsində daha yaxşı vəzifə tutmağa, şəxsi əmlakını artırmağa çalışırdılar. Elə bu za-



                                                                      Mənbəşünaslıq, tarixşünaslıq

                                                             261 

Tarix və onun problemləri, № 1 2013 

 

man ölkə qonşu dövlətlər tərəfindən xarici hücumlara da məruz qalır. Qızıl Orda xanı Özbək 



Dərbənd  istiqamətindən,  Misir  və  Şam  qoşunları  isə  Diyarbəkr  tərəfdən  Elxanilər  dövlətinə 

hücum edirlər. Elxanilər dövlətində  eyni zamanda  baş vermiş bu  üç  təhlükə  arasında Özbək 

xanın  yürüşü  daha  qorxulu  idi.  Odur  ki,  Elxanilər  dövlətinin  əsas  qüvvələri  Azərbaycana 

göndərilir.(10) Baş sərkərdə əmir Çoban Xorasan qiyamını yatırmaq üçün oraya yürüş etmək 

istəyirdi.  Lakin  o,  şimalda  vəziyyətin  daha  qorxulu  olduğunu  nəzərə  alıb  Xorasana  səfərini 

təxirə  salır  və  Kür  çayının  sahilinə  gedir  .  Özbək  xan  geri  çəkilməyə  məcbur  olur.  Onun 

məğlub edilməsində əmir Çobanın böyük rolu olmuşdur. Sultan Əbu Səid Özbək xan üzərində 

qələbə  çaldıqdan  sonra  ölkədə  bəzi  dəyişikliklər  edir.  O,  ilk  növbədə  şimal  sərhədlərini  mü-

dafiə edən əmirlərin çoxunu düşmən qarşısında acizlik etdikləri, düşmənə müqavimət göstər-

mədən geri çəkildikləri və beləliklə də, Özbək xanın maneəsiz olaraq Kür çayının sahillərinə 

qədər  gəlməsinə  imkan  yaratdıqları  üçün  vəzifədən  azad  edir  və  onların  yerinə  başqalarını 

təyin  edir.(11)  Əbu  Səid  hökumətinin  Özbək  xan  üzərində  qələbəsinə  və  Xorasan  qiyamının 

yatırılmasına  baxmayaraq  ölkə  daxilində  gedən  feodal  ara  çəkişmələri  gündən-günə  güclə-

nirdi. Əmirlər artıq əmir Çobanın özünə qarşı mübarizəyə qalxırlar. Onlar daha müstəqil olma-

ğa səy göstərir və başa düşürdülər ki, bu məqsədə çatmaq üçün əmir Çobanı məhv etməkdən 

başqa yol yoxdur .  

Çox keçmədən Elxanilər dövlətinin başqa  ərazisində  -  Rum vilayətində  də  yeni padşah 

elan olunur. 1322-ci illər Rum hakimi Teymurtaş Çoban oğlu hakimiyyət uğrundakı  mübari-

zəsini dini pərdə ilə örtərək özünü «Mehdiyi axır əzzaman » adlandırıb mərkəzi hakimiyyətə 

qarşı çıxır. O öz adına sikkə vurdurur və xütbə oxutdurur. Teymurtaş Misir və Şam ilə də əla-

qə  yarada  bilir.  Əmir  Çoban  Sultan  Əbu  Səidin  razılığı  ilə  Ruma  gedir,  üsyanın  iştirakçıla-

rından bir neçəsini öldürür, oğlu Teymurtaşı isə əl-qolu bağlı halda sultanın sərəncamına gə-

tirir. Sultan Əbu Səid Teymurtaşı atasına bağışlayır və yenidən Ruma hakim təyin edir. Tey-

murtaş üsyanı zamanı da biz Sultan Əbu Səidin sağlığında başqasının (Teymurtaşın özünün) 

padşah  elan  olunduğunu  şahidi  oluruq.  Bu  iхtişaşların  yatırılmasına  baxmayaraq,  Elxanilər 

dövlətinin  daxili  vəziyyəti  son  dərəcə  gərgin  halda  qalırdı.Elxanilər  dövləti  ilə  Qızıl  Orda 

xanları  arasında gedən  müharibələr  də  Əbu  Səid səltənətinin süqutunu  yaxınlaşdırırdı.  Uzun 

müddət davam edən bu müharibələr ölkənin iqtisadiyyatına mənfi təsir göstərir, xalq kütlələri-

nin  maddi  vəziyyətini  daha  da  ağırlaşdırırdı.  Qızıl  Orda  xanlarına  qarşı  aparılan  mübarizədə 

Sultan Əbu Səidin baş sərkərdəsi əmir Çoban mühüm rol oynayırdı. O, 1318-ci ildə Azərbay-

canda  Özbək  xanın  qarətçilik  etdiyini  unutmadığından  ondan  qisas  almağa  çalışır.  Bu  məq-

sədlə  əmir  Çoban  iki  dəfə  şimala  yürüş  təşkil  edir.  O,  ilk  dəfə  1319-cu  ildə  ordu  toplayıb 

Şirvana gedir, orada ordunu iki yerə bölür, bir hissəsini Dərbənd yolu ilə Terek çayı sahillə-

rinə  yola  salır,  özü  isə  oğlanları  ilə  birlikdə  Gürcüstan  istiqamətindən  şimala  irəliləyir.(12) 

Hülakü  qoşununun  yaxınlaşdığını  eşidən  Özbək  xan  geri  çəkilir.  Əmir  Çoban  qoşun  ilə  bir-

likdə bir müddət orada qalır və geri qayıdır. Əmir Çobanın Qızıl Orda dövlətinə ikinci yürüşü 

1325-ci ildə olur. Bacarıqlı sərkərdə bu məqsədlə Misir məmlukları ilə ittifaq bağlayır və Qızıl 

Orda üzərinə hücum edərək qələbə ilə geri qayıdır.(13) 

Qeyd edildiyi kimi,  əmir Çobanın Elxanilər dövlətinin idarəsində  böyük rolu  olmuşdur. 

Sultan Əbu Səidin hakimiyyətinin ilk illərində dövlətin idarəsi tamamilə onun əlində cəmlən-

mişdi. Lakin göstərmək lazımdır ki, mənbələrdə əmir Çobana verilən qiymət birtərəflidir. Belə 

ki,  orta  əsr  tarixçiləri  əmir  Çobanı  tərif  edərkən  onun  əsas  məqsədini  –  şəxsi  əmlakını  və 

dövlət idarəsində özünün və oğlanlarının tutduqları yüksək mövqeyi mühafizҽ etmək niyyətini 

açıb göstərməmişdir. Əbu Bəkr əl-Qütbi əl-əhərinin yazdığına görə, əmir Çoban «Hülakü taxt-

tacına  qılınc  qaldırmamaq»  və  ona  sadiq  qalmaq  haqqında  əhd-peyman  vermişdir(14). 



262                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

Dövlətin bütün idarə işlərini ələ keçirən mütləq hakim əmir Çoban əslində Elxanilər səltənə-



tinin sahibi, dövlətin faktiki hökmdarı idi. Sultan Əbu Səid yalnız siyasi cəhətdən deyil, iqti-

sadi cəhətdən də əmir Çobandan və onun tərəfdarlarından asılı idi. Artıq iyirmi yaşlarında olan 

Sultan Əbu Səid mövcud vəziyyətlə razılaşa bilmirdi, Çoban və övladlarının çatmış olduqları 

səviyyə  ona  qorxulu  görünürdü.  Sultan  Əbu  Səid  ilə  Çobanilər  arasındakı  münasibətlər  gər-

ginləşirdi.  Bu  işdə  vəzir  Sayenin  rolu  az  olmamışdır.(15)  Bunu  hiss  edən  əmir  Çoban  vəzir 

Sayeni  özü  ilə  Xorasana  aparıb  öldürür  və  onun  yerinə  öz  oğlu  Dəməşq  Xacəni  təyin  edir. 

Vəzarət sahibi olan Dəməşq Xacənin davranışı Sultan Əbu Səidi son və qəti tədbirlər görməyə 

vadar edir. O, 1328-ci ildə əmir Çobanı öldürür,övladlarını pərakəndə salır, əmlakını isə qarət 

edir. Əmir Çobanın Elxanilər dövlətindəki fəaliyyətinə ümumi nəzər yetirdikdə belə nəticəyə 

gəlmək  olur  ki,  əslində  o  Elxanilər  dövlətini  və  xüsusil  Sultan  əbu  Səidi  mühafizə  etməklə 

Çobanilərin  dövlət  idarəsindəki  mövqelərini,  digər  feodalqrupları  üzərində  hökmranlıqlarını 

müdafiə edirdi. Mənbələrdə Əbu Səidin «ata» və «ağa» çağırdığı, tayı-bərabəri olmayan, ölkə-

nin  və  rəiyyətin  işində  həmişə  haqqa  və  ədalətə  riayət  edən  ,  sultan  ilə  münasibətlərdə  ədəb 

gözləyən,mərdlikdə və comərdlikdə yeganə , dünyanın fatehi , cahan ordusunun nigahbanı, İs-

lam əhlinin Rüstəm ürəkli pasibanı və s. kimi təriflənən baş noyon  əmir Çoban ömrünün so-

nuna qədər Elxanilər dövlətinə əks çıxmamaqla və Hülakülər səltənətini feodal ara müharibə-

lərindən, xarici təhlükələrdən mühafizə etməklə ilk növbədə öz şəxsi mənafeyini güdmüşdür. 

Mənbələrdə Sultan Əbu Səidin əmir Çobanı öldürməsindən heyfsilənərək «əfsus olsun Çoban 

ağaya ki, yaxşı adam idi» dediyi və onun dəfn mərasiminə 4000 dinar xərc çəkdiyi qeyd edilir 

(16). Bu hal Çobaniləri pərakəndə saldıqdan sonra hakimiyyətdə müstəqilləşən Əbu Səidin si-

yasi  manevrindən  başqa  bir  şey  deyildi.  Çobani  feodallarını  dövlət  idarəsindən  uzaqlaşdır-

dıqdan sonra Sultan Əbu Səid nisbətən müstəqil hərəkət etməyə başladı. O, dövlətin idarəsini 

öz əlinə aldı, yüksək rütbəli məmurları dəyişdirdi və daxili düşmənlərə qarşı ciddi mübarizəyə 

girişdi.  Lakin  bu  da  Sultan  əbu  Səidə  ölkənin  daxili  vəziyyətini  bütünlüklə  nizama  salmağa 

köməklik etmədi. Sultan Əbu Səidin dövründə Elxanilər dövlətində mərkəzi hakimiyyətə qarşı 

mübarizə  kəsilmirdi.  Feodal  qrupları  arasında  gedən  mübarizə  gündən-günə  daha  da  güclə-

nirdi. (17) Mərkəzi hakimiyyəti möhkəmlətmək üçün Əbu Səidin həyata keçirdiyi hər bir təd-

bir nüfuzlu əmirlərin güclü müqavimətinə rast gəlirdi. Bu əmirlər o qədər qüvvətlənmişdilər 

ki,  artıq  mərkəzi  hakimiyyətlə  hesablaşmırdılar,  onların  mənafeyinə  toxunacaq  kiçik  bir  şey 

münaqişələrə və iхtişaşlara səbəb olurdu. Elxanilər dövlətində gedən feodal ara mübarizələri 

1334-cü  ildə  yenidən  gücləndi.  Hülakülər  dövlətinin  xarici  vəziyyətində  də  gərginlik  davam 

etməkdə idi.Azərbaycan ərazisini ələ keçirmək üçün uzun illərdən bəri mübarizə aparan Qızıl 

Orda  xanı Özbək 1335-ci ilin ortalarında  da  cənuba  tərəf  yürüş təşkil  edir.  Sultan  Əbu  Səid 

Bağdad  və  Diyarbəkr  qoşununu  Arrana  göndərir.  Ordu  hissələri  Ağsu  ərazisində  məskən 

salırlar. Az sonra Əbu Səid özü də oraya gedir. Lakin o da feodal ara çəkişmələrinin qurbanı 

olur və öz arvadı Bağdad xatun tərəfindən zəhərlənərək öldürülür. Əbu Səidin ölümü ölkənin 

daxili  və  xarici  vəziyyətinin  son  dərəcədə  gərginləşməsinə  səbəb  oldu.  Dövlətin  daxilində 

gedən feodal ara müharibələri açıq şəkil aldı və genişləndi.(18) Həmdullah Mustovfi Qəzvini 

yazır  ki,  Hülakü  nəslindən  heç  kəs  qalmadığı  üçün  ölkədə  çoxdan  gözlənilən  fitnə  baş  qal-

dırmışdı, dövlət əyanlarının hər birinin bir iddiası var idi. Hər kəs öz nümayəndəsini səltənət 

sahibi etməyə cəhd göstərirdi.(19). Daxili ixtişaş və çaxnaşmanın gücləndiyi dövrdə hakimiy-

yətə keçən Arpa xan ilə ilk günlərdən özünə dayaq axtarmağa başladı. O, Sultan Məhəmməd 

Xudabəndənin və Əbu Səidin yarlıqlarına əhəmiyyət vermədi, həbsə alınmış əmirləri azad etdi 

və  beləliklə  də,  Sultan  Əbu  Səidin  hakimiyyətindən  narazı  qalan  əmirlərin  simasında  özünə 

inamlı  qüvvələr  təşkil  etmək  istədi.  Arpa  xan  dövlətin  daxilində  «hakimiyyətin  nəslən  veril-



                                                                      Mənbəşünaslıq, tarixşünaslıq

                                                             263 

Tarix və onun problemləri, № 1 2013 

 

məsi» üzərində gedən mübarizənin gücləndiyini və gec-tez onun özünə qarşı ixtişaşlar qalxa-



cağını  bilirdi.  O,  bunun  qarşısını  əvvəlcədən  almağa  cəhd  göstərir  və  şübhələndiyi  hər  bir 

əmiri, vilayət hakimini tezliklə məhv edirdi. Lakin Arpa xan Hülakülər dövlətinin bütün vila-

yətlərini  öz  təsiri  altına  ala  bilmədi.  Az  sonra  Arpa  xan  da  tutularaq  öldürüldü.  Əmir  əli  Pa-

dişah Ucana  gəldi və  Hülakü  xanın nəslindən olan Musa  xanı padşah  elan  etdi. Musa xanın 

hakimiyyət dövrü də uzun sürmədi. O, cəmi bir neçə ay hakimiyyət başında oldu. Musa xanın 

hakimiyyətdə yalnız adı var idi. Dövlətin bütün işləri əmir Əli Padişahın əlində cəmlənmişdi. 

O, dövlət işlərinə heç kimin qarışmasına yol vermirdi. Buna görə də əmirlər ona nifrət edirdi-

lər. İlk günlərdən ölkənin müxtəlif yerlərində narazılıq baş verirdi. Çox keçmədən Diyarbəkr-

də əmir Hacı Toğay Oyrat qəbiləsinə və əmir Əli Padişaha qarşı çıxır. 1337-ci ilin iyun ayında 

Marağa vilayətində əmir Şeyx Həsən ilə xorasanlılar və onlarla ittifaq bağlamış Musa xan ara-

sında vuruşma olur. Şeyx Həsən qalib gəlir, Musa xan isə öldürülür Şeyx Həsən İlkaninin nis-

bətən müstəqil hərəkət etməsinə imkan yaranır. O, Azərbaycan və İraqı öz təsirinə keçirir.Bu 

zaman Xorasan əmirləri ittifaq bağlayaraq Toğa Teymur xanı güclə (ikinci dəfə) padşah elan 

edirlər. 

Qeyd etmək lazımdır ki, Sultan Əbu Səidin ölümündən sonra şiddətlənən daxili mübarizə 

Məhəmməd xanın hakimiyyəti dövründə  yeni forma aldı.(20) Əgər Arpa xana və Musa xana 

qarşı  mübarizədə  biz iri feodalların  bütünlüklə  Hülakülər  dövlətinin  ərazisini öz təsirinə  ke-

çirmək, ümumi Hülakülər dövlətinin taxt-tacına öz nümayəndəsini çıxarmaq məqsədi güddü-

yünü  görürüksə,  Məhəmməd  xanın  dövründə  feodalların  ayrı-ayrı  vilayətlərdə  müstəqilləşib 

bu  ərazidə  Hülakü  xanın  digər  nümayəndəsini  padşah  elan  etməklə  ümumi  Hülakülər  dövlə-

tinin təsirindən tamamilə çıxmaq uğrunda mübarizə apardıqlarının şahidi oluruq. Odur ki, Əbu 

Səidin ölümündən sonra Elxanilər dövlətində baş vermiş feodal ara müharibələrini iki mərhə-

ləyə  bölmək  olar.  Biz  Elxanilər  dövlətinin  tənəzzülə  uğradığı,  feodal  ara  müharibələrinin 

şiddətləndiyi III dövrə daxil olan XIV əsrin 30-cu illərində baş vermiş daxili mübarizəni iki 

mərhələyə bölürüк 

I.

 



1335 - iyun 1337-ci il. Bu dövrdə feodal qrupları Hülakü nümayəndələrini padşah elan 

edib mərkəzi dövlətə qarşı çıxır və ümumi Hülakü səltənətini ələ almağa cəhd göstərirdilər. 

II.

 

II. İyun 1337-1340-cı il. Bu dövrdə isə feodal qrupları Elxanilər dövlətinin ayrı-



ayrı vilayətlərində Hülakü nümayəndələrini padşah elan edib öz ixtiyarında olan ərazidə müs-

təqilləşməyə cəhd göstərirdilər. Bu, ilk növbədə vilayət hakimlərinin Hülakülər dövlətinin səl-

tənətini tam şəkildə ələ keçirmək uğrunda mübarizə aparmaq iqtidarında olmayıb, çıxış yolunu 

öz ixtiyarında olan ərazidə müstəqilləşməkdə görmələrindən irəli gəlirdi.  

Nəticədə  Hülakülər  dövləti  ərazisində  iki  və  daha  çox  padşahlılıq  meydana  çıxdı  və 

sonralar da bu ərazidə qoşapadşahlılıq davam etdi. Maraqlıdır ki, qoşapadşahlılıq dövründə də 

hər  bir  feodal  qrupu  səltənət  uğrundakı  mübarizəsini  yenə  də  Hülakü  dövlətini  «müdafiə 

etmək» bayrağı altında aparırdı. Bu hal Toğa Teymur xanın padşah elan olunması prosesində 

daha aydın nəzərə çarpır. Çobani Şeyx Həsən ilə İlkani Şeyx Həsən arasında bağlanmış 1338-

ci il sülhündən sonra Hülakülər dövlətinin ərazisi müxtəlif feodal qrupları arasında aşağıdakı 

şəkildə  bölünmüşdü:Azərbaycan  və  Arran  —  Satibəy  xatun  və  Çobanilərdə;  Kiçik  Asiyanın 

bəzi yerləri və Sultaniyyə — Şeyx Həsən İlkanidə; Diyarbəkr — əmir Hacı Toğayda; Bağdad 

(İraqi-ərəb) — Qaracəridə və Oyrat qəbiləsinin başçısı əmir Hafizdə; Rum ölkəsinin bəzi yer-

ləri — əmir Ərtinada  və Məlik  əşrəf Çobanidə;Kürdüstan və  Xuzistan — əmir Əkrəncin  oğ-

lanlarında və Mahmud İsən Qutluqda idi(1.6h) Bu dövrdə Xorasanda Toğa Teymur xan hökm-

ranlıq edirdi. Göründüyü kimi, Hülakülər imperiyası tamamilə parçalanmışdı. Hər bir vilayət 

hakimi özünün mənafeyinə uyğun gələn şəxsi padşah elan edir və onun adından istifadə edə-



264                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

rək  səltənət  uğrundakı  mübarizəsini  qanuniləşdirirdi.  Mövcud  feodal  qrupları  arasında  Şeyx 



Həsən Çobani, Şeyx Həsən İlkani və Xorasan feodalları daha qüvvətli idilər,əmir Şeyx Həsən 

İlkani Çobani feodalları ilə bağlanmış sülhə  inanmadığı üçün Xorasan hakimi Toğa Teymur 

xanı padşah elan edir. Onun əsas məqsədi Xorasan ordusunun köməyi ilə Şeyx Həsən Çobani 

üzərində qələbə çalmaq idi. Şeyx Həsən Çobani də Şeyx Həsən İlkaninin Toğa Teymur xan ilə 

əlaqələrindən  qorxurdu.(21)  Odur  ki,  o,  bu  ittifaqı  pozmağa  çalışır  və  istədiyinə  nail  olur  . 

Nəticədə Şeyx Həsən İlkani Toğa Teymur xanı hakimiyyətdən məhrum edib əvəzinə Keyxatu 

xanın  nəslindən  olan  Cahan  Teymur  xanı  padşah  elan  edir  və  Bağdada  gedir.  İri  feodallar 

arasında səltənət uğrunda gedən müharibələr müxtəlif vilayətlərin vaxtaşırı əldən-ələ keçmə-

sinə,  bir  feodalın  ixtiyarından  çıxıb  başqa  feodalın  nüfuz  dairəsinə  düşməsinə  səbəb  olurdu. 

Şeyx  Həsən  İlkani  ilə  Toğa  Teymur  xanın  ittifaqı  pozulduqdan  sonra  Hülakülər  dövlətinin 

ərazisi yeni tərzdə bölünür 1338-ci ildə bağlanmış sülhdən sonra ölkədə mövcud olmuş ərazi 

bölgüsü  ilə  bu  bölgünü  müqayisə  etdikdə  qısa  müddətdə  Elxanilər  dövlətinin  ərazisində 

mühüm hadisələr baş verdiyi və böyük dəyişikliklərlə nəticələndiyini göstərə bilərik. İlk növ-

bədə  qeyd  etmək  lazımdır  ki,  sülh  danışıqlarından  sonra  keçən  dövrdə  Şeyx  Həsən  Çobani 

daha fəal mübarizə aparmış və İbn Bətutənin göstərdiyi kimi, bir sıra vilayətləri, o cümlədən, 

Sultaniyyə, Həmədan,  Qum, Kaşan, Rey, Vəramin, Gorğan və Kərəc vilayətlərini öz  təsirinə 

ala bilmişdir. Onun belə müvəffəqiyyət qazanmasına Şeyx Həsən İlkani ilə Toğa Teymur xan 

arasındakı ittifaqın pozulmasının böyük müsbət təsiri olmuşdur. Yəqin ki, Şeyx Həsən Çobani 

öz rəqiblərinin (Şeyx Həsən İlkaninin və Toğa Teymur xanın) ittifaqını pozduqdan sonra Sul-

taniyyəyə yürüş etmiş, oranı tutmuş, sonra isə digər vilayətləri ələ keçirmişdir. Əmir Şeyx Hə-

sən İlkani isə Cahan Teymuru padşah elan etdikdən sonra Sultaniyyədən əl çəkməli olmuş və 

Bağdada gedərək orada möhkəmlənmişdir. Toğa Teymur xan Xorasanda möhkəmlənə bilmə-

mişdir.  İbn  Bətutnin  verdiyi  ərazi  bölgüsündə  Xorasan  vilayətinin  iki  hissəyə  bölündüyü 

göstərilir. Vilayətin bir qisminə Toğa Teymur xan, digər hissəsinə isə əmir Hüseyn Bin Əmir 

Qiyasəddin  hökmranlıq  edirdи.  Bu  hal  Xorasan  əmirləri  arasında  parçalanma  baş  verdiyini 

bildirir.  Beləliklə,  bu  dövrdə  K.  Marksın  göstərdiyi  kimi,  «əmirlər  arasında  gedən  və  həmçi-

nin, ali hakimlərə qarşı aparılan müharibələr nəticəsində sülalələrdən biri məhv oldu» .(22) 

Hülakülər dövlətinin ərazisi hakimiyyəti ələ keçirməyə çalışan beş əsas və bir sıra xırda 

feodal  qrupunun  mübarizəsi  nəticəsində  müxtəlif  hissələrə  bölündü.  Azərbaycan  və  qonşu 

vilayətlərdə Çobani feodallarına arxalanan Satibəy xatun padşah idi. Təbriz şəhəri bu dövlətin 

paytaxtı idi. Göstərmək lazımdır ki, artıq Hülakülər imperiyası vahid dövlət şəklini itirmiş və 

əmirlərin asılılığında olan bir sıra nisbətən iri və xırda dövlətlərə parçalanmışdı. İri feodallar 

səltənət uğrundakı mübarizələrinin birinci mərhələsini başa çatdırmış və hər biri müəyyən bir 

ərazini  öz  nüfuz  dairəsinə  almışdı.  Mübarizənin  növbəti  mərhələsində  iri  feodallar,  ilk 

növbədə, padşah elan etdikləri şəxsləri hakimiyyətdən kənar edib tam müstəqillik əldə etməyə 

çalışırdılar Padşah elan olunmuş Satibəy xatunun, istərsə də, Cahan Teymurun səltənətdə yal-

nız adları var idi. Ölkənin daxili və xarici işlərində baş əmirlər – əmir Şeyx Həsən Çobani və 

Əmir Həsən İlkani əsas ixtiyar sahibi idilər. Iranın Kembric tarixi kitabında göstərilir ki, əmir-

lər padşah elan etdikləri namizədlər  üzərində tam  ixtiyara  malik idilər. Onlar istədikləri vaxt 

öz nümayəndələrini başqa bir nəfər ilə dəyişdirə bilərdilər. Yaxud belə namizədlərin mövcud-

luğuna  heç  bir  ehtiyac  qalmadığını  hiss  etdikdə  asanlıqla  onları  hakimiyyətdən  kənar  edib 

müstəqilləşirdilər. Əmir Şeyx Həsən Çobani də belə hərəkət etdi. O, Satibəy xatunu hakimiy-

yətdə saxlamaq mümkün olmayacağını hiss edib onu Süleyman xan ilə əvəz etdi. Əmir Şeyx 

Həsən İlkaniyə daha ciddi addım atmaq müyəssər oldu. O, Cahan Teymur xanın səltənət varisi 

kimi mühafizə olunmasına heç bir lüzum qalmadığını görüb 1341-ci ilin əvvəllərində onu taxt-



                                                                      Mənbəşünaslıq, tarixşünaslıq

                                                             265 

Tarix və onun problemləri, № 1 2013 

 

tacdan  məhrum  etdi,  müstəqilləşdi  və  Cəlairilər  dövlətinin  əsasını  qoydu.  Bununla  da  Şeyx 



Həsən  İlkaninin  təsir  dairəsindəki  ərazidə  -  İraqi-ərəbdə  Hülakülər  dövlətinin  varlığı  ləğv 

olundu  və  bu  dövlət  süqut  etdi.  Onun  əvəzinə  Şeyx  Həsən  İlkaninin  başçılığı  ilə  Cəlairilər 

dövləti  fəaliyyətə  başladı.(23)  Beləliklə,  1340-cı  illərdə  monqolların  arzu  etdikləri  «Qərbi 

Asiyanın siyasi birliyi» ideyası alt-üst oldu. Elxanilər dövlətinin ərazisi parçalandı və böyük 

bir  hissəsi  tamamilə  Hülakü  xanlarının  nüfuz  dairəsindən  çıxdı.  Bu  ərazinin  digər  bir  hissə-

sində - Azərbaycanda və qonşu vilayətlərdə Hülakülər dövləti hələ fəaliyyət göstərirdi. 



 

ƏDƏBIYYAT 

 

1.Али-заде  А.А.Социально  экономическая  и  политическая  история  АзербайджанаXIII-

XIV вв.Баку,1956, с.39  

2.Peter  Jackson.  The  Саmbridge  History  of  Iran,  volume  5-6.Cambridge  University  Press, 

1986, p.15 

3.Пигулевская Н.В.,Якубовский А.Ю.,Петрушевский И.П., История Ирана с 

древнейших времен до конца XIX век. Л.1958,с.84 

4. The Cambridge History, p.25  

5.Yenя oradan 

6. Петрушевский И.П. Ислам в Иране. Л.,1966,с.178 

7.Газвини цит. по Э.Исмаилов «Очерки истории Азербайджана», М.,2010, с.72  

8.Cambridge History …. p.29 

9.Yenə oradan 

10.Piriev V. Azərbaycan XIII-XIV əsrlərdə.Bakı, 2003,c.157 

11.Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. - Bakı, 1996 (prof. S. Əliyarlının 

redaktəsi ilə). s.142 

12.Bakıxanov A. Gülüstani-İrəm. - Bakı, 2000, s.65 

13.Yenə oradan 

14. ал-Ахари История шейха Увейса.Б.,1984, с.43  

15.  Пириев  В.  Место  Чобанидов  в  политической  истории  Азербайжана.  Изд.АН  АР 

Б.,172,№1,с.52-55 

16. Там же 

17. Там же 

18. Рашидаддин Ф. Джами-и-таварих.,М.1951.с.62 

19. Али-заде А. указ.соч. с.265 

20.Cambridge History ... p.32 

21.Ibid  

22.Marks K.ASE,1978, 2.c., s.356 

23.Cambridge History.p.34 

 

С.Ф.АБДУЛЛАЕВА 

Докторант института истории им.А.Бакыханова АМЕА  

 

УПАДОК И РАСПАД ГОСУДАРСТВА ХУЛАГУИДОВ  

(НА ОСНОВЕ КЕМБРИДЖСКОЙ ИСТОРИИ ИРАНА) 

В  статье  на  основе  Кембриджской  истории  Ирана  рассмотрены  внутренние  про-

тииворечия, имевшие местов государстве Хулагуидов накануне его распада. Проанали-



266                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

зирована политическая ситуация, основные этапы борьбы за власть между отдельными 



феодальными  кланами,  а  также  процесс  феодальной  раздробленности,  приведший  к 

упадку государства Хулагуидов. 

Кроме того автор сумел показать основные причины и последствия этого процесса. 

 

S.F. ABDULLAYEVA 



Institute of History of the Akademy of science of AR 

 

DESINTEGRATION AND DECLAIN OF THE STATE HULAGUIDS 

OF CAMBRIDGE HISTORY OF IRAN. 

 Article  based  on  the  Cambridge  history  of  Iran  studied  the  internal  contradiction  that 

existded  in  the  state  Hulaguids  eve  of  its  collapse,  an  analysis  of  the  political  situations,  the 

main stages of the struggle for power between feodal clans and feodal fragmentation prosses 

than led to the decline of the state. Furthemore the author was able to show the  main causes 

and consequences of this proses.  



 

 

Rəyçilər: t.e.d. N. Axundova, t.e.d.A.C.İsgəndərov 



AMEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun  “Azərbaycanın  orta  əsrlər  tarixi” 

şöbəsinin 27.10.2012-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№08). 

Yüklə 95,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə