10
etmək,
hətta evlənməmək, cənnətdə olmağı belə arzulamamaq); 5) bütün xoşun gələn şeylərdən imtina etmək – səs,
təmas, rəng, dad, qoxu. Caynist təriqətlərinin birində – diqambarada hətta geyimdən də imtina edirdilər, çünki
bədənin parça ilə örtülməsi gündəlik rahatlıq üçün edilən rəzil cəhddir. Onların avadanlığı kokos çanağından
düzəldilmiş qab və oturmaqdan əvvəl yeri süpürmək üçün opaxalo idi. Onlar sərgərdan həyat sürür və dilənçilik
edirdilər. Ən böyük qəhrəmanlıq isə yalnız rahiblərə icazə verilən aclıq vasitəsilə ölüm idi.
Buddizm – e.ə.VI-V əsrlərdə yaranıb. Banisi Sidxarta Qautama idi. Sonralar Budda (mənası nurlu
deməkdir) adını alıb. Əvvəlcə buddizm varna və brahmanlara qarşı zəif protest kimi çıxış etdi. Ved və Upanişadın
müqəddəsliyini inkar edən buddistlər insanların bərabərliyini, bərabər əzab çəkməsini təsdiq edirdilər. Bu təlim e.ə.
VI-III əsrlərdə Hindistanda geniş yayılaraq dövlət dininə çevrildi. Seylonda, Birmada, Siamda, Tibetdə, Çində,
Koreyada və Yaponiyada isə bu təlim çox populyar oldu. Düzdür, Hindistanın özündə VI-X əsrlərdə buddizmi
onun yeni növləri – şivaizm və vişnuizm əvəz edir, lakin dini-fəlsəfi-etik təlim kimi o, bu günə qədər mövcuddur.
Caynizm kimi buddizm də «allahsız, yaradansız bir dindir». Buddanın keçdiyi yol – hər kəs üçün nümunədir.
Bunun əldə edilməsinə hamı nail ola bilər. Bunun üçün 8 fəzilətə çatmaq lazımdır: 1) düzgün baxışlar; 2) düzgün
qərar qəbul etmə (bunun üçün dünyaya bağlılıqdan, pis işlərdən və düşmənçilikdən əl çəkmək lazımdır); 3) düzgün
nitq (yalan və böhtandan, pis söhbətlərdən əl çəkmək); 4) düzgün davranış (canlını öldürməkdən, oğurluqdan
imtina etmək); 5) düzgün həyat tərzi (yalnız düz yolla pul qazanmaq); 6) düzgün səylər (pis fikirlərdən
uzaqlaşdırılması və yaxşı ideyalar əldə edilməsi. Bu səylər müntəzəm olmalıdır, çünki pis fikirlər qayıda bilər);
7) düşüncənin düzgün istiqamətləndirilməsi (öyrənilənin unudulmaması); 8) fikrin düzgün cəmləşdirilməsi.
Caynizmlə oxşarlığı olsa da, buddizmdə insanlara qarşı məhəbbət duyulur. Yeni əxlaq konsepsiyaları
Qədim Hind ədəbiyyatının gözəl nümunəsi sayılan «Mahabharata» kitablarından birində – «Bhaqavadgita»da
(«Gita») öz əksini tapıb ki, onun da müəyyən ideyaları «Artxaşstra» və «Manu qanunlarına» daxil olub.
«Bhaqavadgita»da brahman ənənələrinin izahı yoq, caynizm və buddizmin müddəaları nəzərə alınmaqla
özünəməxsus şəkildə, novatorcasına şərh edilib. Buna baxmayaraq «Gita» heç də bir-birinə dəxli olmayan
elementlərin eklektik birləşməsi deyil, burada harmonik şəkildə mövcud olan özünəməxsus yeni əxlaqi mövqe
ifadə olunub. Poemadakı təlimlərin formalaşması o dövrdə baş verdi ki, brahmanizm, buddizm, caynizm, sankxya,
yoq və s. kimi müxtəlif dini-fəlsəfi məktəb və cərəyanlar artıq mövcud idi. Onlarla qarşılıqlı təsirdə olan və bəzi
müddəalarını qəbul edən «Gita» eyni zamanda özünü tamamilə orijinal və müstəqil baxışlar sistemi kimi göstərdi.
Lokayata. Materialist hesab edilən bu məktəbin nümayəndələrinin əsərləri barədə məlumat yoxdur. Onların
adlarını materializmdən uzaq olan müəlliflərdən öyrənirik ki, bu da onların dünyagörüşü barədə olan təsəvvürlərin
təhrif olunmuş, saxtalaşdırılmış olduğu haqqında fikir yaradır. Onların ateist olmaları fikri də mövcuddur. Hətta
bəzi müasir hind tədqiqatçıları hesab edirlər ki, lokayata hər hansı şəxs və ya insanlarla bağlı olan fəlsəfə olmayıb.
O, düşmən brahman doktrinasına qarşı çevrilən və kütlələrin həyatında dərin kök salan təcrübə və əqidələrin
məcmusudur. (108, səh.58). Çattopadxyaya lokayat sisteminin əsasını təşkil edən baxışların köklərini, nəinki
vedəqədərki, hətta daha qədim dövrlərə aid edərək onların sadəlövh-materialist xarakterli olduğunu və hətta ibtidai
dövrdə ana xaqanlıq zamanı mövcud olan bir çox həyat normalarını əks etdirdiyini qeyd edir. Buradakı
mərasimlərin təsvirinə Upanişad və Vedlərdə də rast gəlirik ki, bu mənbələrdə onlardan günah iş kimi danışılır. Bu
sadəlövh materializm ideyalarını ümumiləşdirən və fəlsəfi sistem formasında ifadə edən mütəfəkkirlər demək olar
ki, əfsanəvidirlər. Upanişad, Mahabharata və ondan sonrakı şahidliklərə istinad edərək lokayata məktəbinin (hətta
məktəblərinin, çünki Radxakrişnan Qədim Hindistanda 4 materialist məktəbin olmasından danışır)
nümayəndələrini sadalamaq olar (62, səh.75). Adı çəkilən Brixaspati, Dxişan, Çarvak, çox güman ki, əfsanəvi
mütəfəkkirlərdir. Uddilaki (e.ə.VII əsr), Kassapa, Acita, Kesakambal, Pakudxi Kaççayana (e.ə. VI-V əsrlər),
həkim, şair və filosof Vatsyayan (b.e.-nın III-IV əsrləri) – daha real adlardır.
Lokayata təliminə görə insan həyata yaxşı yaşamaq üçün gəlir. Yer üzündəki həyat – yeganə həyat olduğu
üçün onu xoşbəxt yaşamağa çalışmaq lazımdır. Asket olmaq mənasızdır. Həyatdakı əzablara görə həzzdən imtina
etmək olmaz. Məgər içində dadlı düyü olan toxumu qabıqlı olduğu üçün tullayırlar? Həzz həmişə əzabla
əlaqədardır. (62, səh.76). Bəzi hind tədqiqatçıları lokayatanı gedonizmlə eyniləşdirir, bəziləri onları həyata yüngül
münasibət bəsləməkdə, «ye, iç, kef çək, sabah onsuz da öləcəyik» deməkdə günahlandırırlar. Bəziləri isə hətta
lokayatanın ümumiyyətlə mövcud olmadığını söyləyirlər.
Çin.
Qədim Çinin tarixi, fəlsəfəsi haqqında olan kitablarda əxlaq problemlərinə toxunulsa da, etik təlimlərə
həsr olunmuş xüsusi əsərlər mövcud deyil. Ved kimi dini-fəlsəfi mənbəyi olan Qədim Hind fəlsəfəsindən fərqli
olaraq, Çində etika ilə əlaqədar belə dini-mifoloji mənbə yox idi. «Dəyişikliklər kitabı» – «İ tzin» fəlsəfə üçün
yeganə istinad mənbəyi oldu ki, bu da əsasən falçılıqdan bəhs edən mətnlərdən ibarət idi. Əsas ideya – təbiətdə baş
verən daimi dəyişikliklərdir. Təbiət və cəmiyyətdə «yan» və «in» kimi əksliklər (işıq – qaranlıq, bərk – yumşaq,
kişi – qadın, uğurlu – uğursuz) mövcuddur.
Daosizm. Banisi Lao-tzı (e.ə. VI–V əsrlər) olan bu cərəyanın etik görüşlərində insanlar arasındakı
münasibət, əsl əxlaqla qondarma əxlaq arasındakı fərq, təmənnasız və eqoist xarakterli davranış və s.-dən danışılır.