Şalamov-23 il məhbəsdə olan yazıçı Qatılaşdırılmış süd hekayəsi



Yüklə 35,11 Kb.
tarix26.09.2017
ölçüsü35,11 Kb.
növüYazı



Şalamov-23 il məhbəsdə olan yazıçı

Qatılaşdırılmış süd hekayəsi

1989-cu ildə yaşadığımız rayona iki ədəd “Yunost” jurnalı gəlirdi. Onun birini hazırda İsveçdə mühacirətdə olan jurnalist (o zamanlar tikinti trestində mühəndis) Rahib Kazımlı, digərini mən alırdım. Bir məhəlləyə iki eyni jurnal gəlirdi. Sonra qərara gəldik ki, ikimiz də almayaq və jurnalın biri başqa oxucuya qalsın. Çünki köşkdə işlyən kişi deyirdi ki, başqaları gəlib soruşur, deyirəm, satmışam. O vaxtlar “Yunost” çox maraqlı çıxırdı, dissidentlərin türmə hekayələrini, memuarlarını dərc edirdi. Vladimir Voynoviçin “İvan Çonkin”, Osip Mandelştamın və başqa dissidentlərin məhbəs memuarları ard-arda dərc olunurdu. Varlam Şalamovun “Kolım hekayələri” də həmin vaxtlarda çap olunmuşdu. Hekayələrin hamısı yaxşı idi, amma nəyə görəsə mənə ən çox təsir edən məhz “Qatılaşdırılmış süd” (aşağıda təqdim olunur) hekayəsi oldu. Bu, Rahibin də xoşuna gəlmişdi. O zaman qərara gəlmişdim ki, nə vaxtsa bu hekayəni dilimizə çevirəcəyəm. Qismət bu günəymiş.
Həmin hekayənin müəllifi Varlam Şalamovun yazdıqlarının hamısı sırf həyati hekayətlərdir, öz başına gələnlərdir. O, heç nəyi uydurmur, özünün, müasirlərinin həyatını, müşahidələrini, həqiqəti yazır.
Varlam Şalamov 1907-ci ilin iyununda Voloqdada doğulub. Orta təhsilini Voloqdada, ali təhsilini Moskvada, MDU-da alıb. Ancaq onu universitetdən “öz sosial mənşəyini gizlətdiyi”nə görə qovublar. Səbəb də o olub ki, Şalamov anketdə atasının ruhani olduğunu göstərməyib, onun əlil olduğunu qeyd edib. Beləcə, gənc Varlamla gənc sovet dövlətinin baxışları birdəfəlik ayrılıb.
1929-cu ildə onu gizli trotskiçi qrupda iştirakçı olduğuna görə, “ictimai təhlükəli ünsür” kimi həbs və mühakimə ediblər. Yazıçı üç il Şimali Uralda Vişer həbs düşərgəsində cəza çəkib. 1932-ci ildə Şalamov Moskvaya qayıdıb və jurnallarda işləyərək məqalələr, oçerklər, felyetonlar yazıb.
1937-ci ildə Şalamov yenidən trotskiçi, əks-inqilabçı kimi mühakimə olunub. Ona 5 il cəza kəsərək Kolıma göndəriblər. Burada o, mədənlərdə, ağır şəraitlərdə işləyib. 1943-cü ildə yazıçı Bunini rus klassiki adlandırdığına görə ona 10 il iş veriblər. Heç demə, bu söz antisovet təbliğatı kimi tövsif oluna bilərmiş.
1951-ci ildə o, düşərgədən azad olunub, ancaq ona Moskvaya qayıtmaq hüququ verməyiblər. 1953-cü ilə qədər yazıçı Kolımın Debin qəsəbəsində feldşer işləyib. 1956-cı ildə bəraət alan (20 il cəza çəkəndən sonra) Şalamov Moskvaya qayıdıb.
Bədii yaradıcılığa hələ 30-cu illərdə başlamış yazıçı Kolımda olduğu vaxt da yazmaqda davam edib və Moskvaya qayıtdıqdan sonra ədəbi fəaliyyətlə məşğul olub. Onun “Kolım hekayələri” 1978-ci ildə Londonda nəşr olunub. Şalamovun əsərləri SSRİ-də əsasən 1988-1990-cı illər arasında dərc edilib. Bununla belə, yazıçı o dövrdə yaşayan dissident yazıçıların arasında hörmət yiyəsi olub. Hətta Aleksandr Soljenitsın ona “QULaq arxipelaq”ını birgə yazmağı təklif edib. Şalamov razılaşmayıb – yəqin ki, üslub fərqlərinə görə. Soljenitsından fərqli olaraq Şalamovun əsərlərində bir incə ironiya, yumor var.
Nobel ödüllü şair Boris Pasternak isə Şalamovun şeirlərini yüksək qiymətləndirib. Onların araları yaxşı olub, ancaq sovet dövləti Pasternakı Nobel mükafatından imtinaya məcbur edəndən sonra Şalamovla “sındırılmış şair”in arası dəyib.
Uzun çəkən məhbəs həyatının sağlamlığını puç etməsi üzündən yazıçının ömrünün axır illəri xəstəxanalarda keçib və o, 1982-ci ildə 74 yaşında vəfat edib.
Varlam Şalamovun əsərlərində ağır şəraitə düşən insanın şəxsiyyətin məhv olmasından, həyatın dibində yaşayan insan oğlunun hər şeyə, hər alçaqlığa hazır vəziyyətə çatmasından söz açılır.
Qəribə və ən maraqlı fakt odur ki, ölümündən 10-12 il sonra yazıçının vaxtilə cəza çəkdiyi məkanda, Debin qəsəbəsində onun ev muzeyi açılıb, yatdığı düşərgələrdə xatirə lövhəsi vurulub.
Amma gecdir, yaradıcı insana vaxtında qiymət vermək lazım idi. İndi Şalamova ev muzeyi açmaqdansa, xatirə lövhəsi vurmaqdansa, vaxtında ona bir az azadlıq vermək yetərdi. Üst-üstə 23 il məhbəs, düşərgə, sürgün həyatı yaşayan yazıçının yeganə qazancı odur ki, onun qələmə aldığı bir əsər düz 23 ildir bu sətirlərin müəllfinin yadından çıxmır. O, bu əsərdir:
Qatılaşdırılmış süd
Aclıqdan bizim həsədimiz hər bir hissimiz kimi küt və gücsüz idi. Bizdə daha yüngül iş axtarmaq üçün getmək, soruşmaq, xahiş etmək duyğusuna güc yetmirdi... Biz yalnız bu aləmə birgə gəldiyimiz, kontorda, xəstəxanada, at tövləsində iş tapmağa müyəssər olmuş tanışlarımıza həsəd aparırdıq. Orada bütün qapıların üstündən asılmış şüarlarda şücaət və qəhrəmanlıq işi kimi öyülən çoxsaatlı ağır fiziki əmək yox idi. Bir sözlə, biz yalnız Şestakova həsəd aparırdıq. Yalnız nəsə bir xarici qüvvə bizi biganəlikdən çıxara, yavaş-yavaş yaxınlaşan ölümdən xilas edə bilərdi. Daxili qüvvə yox, xarici qüvvə. İçimizdə hər şey yanmışdı, içimiz bomboş idi, bizim üçün heç nəyin fərqi yox idi və sabahkı gündən o tərəfə planlar qurmurduq.
Bax, elə bu saat baraka getmək, taxta yatağımın üstündə biganəliklə uzanmaq istərdim, amma bayaqdan ərzaq dükanının qabağında durmuşdum. Bu dükandan yalnız məişət cinayətlərinə dair maddələrlə mühakimə olunan məhbuslar, eləcə də onlara aid olan “xalqın dostları” residivist oğrular bir şey ala bilərdilər. Bizim orda bir işimiz yox idi, ancaq şokolad rəngli çörək kömbələrindən gözü ayırmaq mümkün deyildi; təzə çörəyin şirin və ağır ətri burnumuzu qıdıqlayırdı – hətta bu rayihədən adamın başı hərlənirdi. Mən dayanmışdım və baraka getmək üçün özümdə nə vaxt güc tapacağımı bilmirdim, eləcə çörəyə baxırdım. Bu əsnada Şestakov məni çağırdı.
Şestakovu mən böyük torpaqdan, Butırka məhbəsindən tanıyırdım: onunla eyni kamerada yatmışdıq. Orada bizim dostluğumuz olmamışdı, sadəcə tanışlığımız vardı. Mədəndə Şestakov şaxta quyusunda işləməli idi. O, mühəndis-geoloq idi və onu geoloji kəşfiyyata, yəni kontor işinə götürmüşdülər. Bəxtəvər adam öz moskvalı tanışları zor-bəla salamlaşırdı. Biz incimirdik – bunun üstündə olardı ki, onu cəzalandırardılar. Köynək cana daha yaxındır, necə deyərlər.
- Al, çək, - Şestakov qəzet parçasına tənbəki töküb-bükərək mənə uzatdı, onu kibritlə, əsl kibritlə alışdıraraq dedi.
Mən çəkməyə girişdim.
- Səninlə danışmaq istəyirəm, - Şestakov dedi.
- Mənimlə?
- Hə.
Biz barakların dalına keçdik və köhnə şaxta quyusunun qırağında oturduq.
Mənim ayaqlarım o dəqiqə ağırlaşdı, Şestakov isə özünün yüngülcə balıq iyi verən yeni dövlət çəkmələrini şən-şən yellədirdi. Onun şalvarının balaqları çırmalanırdı və şahmat taxtası kimi dama-dama corabları görünürdü. Mən Şestakovun ayaqlarını gerçək bir heyranlıqla, hətta müəyyən qədər qürurla izləyirdim - ən azı bizim kameradan bir nəfər ayağına dolaq dolayıb geymir. Altımızdakı torpaq küt partlayışlardan silkələndi – bu, gecə növbəsi üçün qrunt hazırlandığını göstərirdi. Balaca, boz daşlar xışıltıyla və quşlar kimi gözə çarpmadan ayağımızın altına töküldülər.
- Bir az da o tərəfə gedək.
- Öldürməz, qorxma. Corablar salamat qalacaq.
- Corabdan getmir söhbət, - Şestakov dedi və şəhadət barmağını üfüqi şəkildə hərlədi. – Sən bütün bunlara necə baxırsan?
- Öləcəyik, yəqin, - mən dedim. Hər şeydən az bu barədə düşünmək istəyirdim.
- Amma yoox, mən ölməyə razı deyiləm.
- Bəs nə olsun?
- Mənim xəritəm var, - Şestakov dilini sürüyə-sürüyə, asta-asta dedi. – Mən fəhlələri götürərəm, səni də yanıma alaram və Qara Açarlara doğru gedərik – burdan ora on beş kilometridir. Mənim buraxılış vərəqəm olacaq. Ordan da dənizə gedərik. Razısan?
O, bütün bunları etinasızlıqla üyüdüb tökdü.
- Bəs dəniz? Üzəcəyik?
-Fərqi yoxdur. Mühümü başlamaqdır. Mən belə yaşaya bilmirəm. “Diz üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdır”. – Şestakov təntənəli şəkildə ifadə etdi.
-Bunu kim deyib?
Gerçəkdən də. Tanış ifadədir. Ancaq bunu kimin və nə vaxt dediyini xatırlamağa güc yox idi. Bütün kitab-mitab hamısı unudulmuşdu. Burada kitab sözlərinə inanmırdılar. Mən şalvarımı qaldırdım, qırmızı sinqa yaralarımı göstərdim.
- Bunu meşədə sağaldarsan, - Şestakov dedi. – Meyvələrlə, vitaminlə. Mən səni apararam, yolu tanıyıram. Xəritəm var mənim...
Mən gözlərimi yumdum və düşündüm. Buradan dənizə üç yol var – hamısı da beş yüz kilometrdən az deyil. Təkcə mən yox, heç Şestakov da ora gedib çata bilməz. O məni özüylə yem kimi götürmək istəmir ki? Əlbəttə, yox. Ancaq o, niyə yalan danışır? O, bunu məndən pis bilmir. Birdən mən Şestakovdan, bizim aramızdan öz ixtisası üzrə işə düzələn yeganə adamdan qorxdum. Onu oraya kim düzəldib və hansı qiymətə? Hər şeyin haqqını ödəmək lazımdır axı. Başqasının həyatıyla, özgəsinin qanıyla..
- Razıyam, - mən gözümü açaraq dedim. – Yalnız mənə yaxşıca yemək lazımdır.
-Lap yaxşı, yaxşı. Mütləq bəslənərsən. Mən sənə konservalar gətirərəm. Bizdə mümkündür axı...
Dünyada çox konservlər var - ət, balıq, meyvə, tərəvəz konservləri... Ancaq hamısından yaxşısı süddür, qatılaşdırılmış süd. Əlbəttə, onları qaynar su ilə qarışdırıb içmək lazım deyil. Onları qaşıqla yemək, yaxud da çörəyin üstünə yaxmaq və ya bankadan xırda-xırda udumlamaq, yavaş-yavaş, parlaq maye kütləsinin sarı-sarı bərq vurmasına, şəkər ulduzcuqlarının bankaya necə yapışmasına baxa-baxa yemək lazımdır...
- Sabah, - mən xoşbəxtlikdən nəfəsim kəsilə-kəsilə dedim, - südlü...
- Yaxşı, yaxşı. Südlü. – Şestakov getdi.
Mən baraka qayıtdım, uzandım və gözümü yumdum. Düşünmək asan deyildi. Bu, hansısa bir fiziki proses idi – psixikamızın maddiyyata hərisliyi ilk dəfəydi ki, mənə bütün şəffaflığı və həssaslığı ilə görünürdü. Düşünmək ağrılıydı. Ancaq fikirləşmək lazım idi. O, bizi qaçış üçün toplayacaq və satacaq – bu, tamamilə aydın idi. O, özünün kontor işinin haqqını bizim qanımızla, mənim qanımla ödəyəcək. Bizi orada, Qara Açarlarda ya öldürəcəklər, ya da diri tutub gətirəcək, mühakimə edəcəklər – daha bir on beş il cəza yapışdıracaqlar. Axı o, bilməmiş deyil ki, buradan çıxmaq olmaz.
Ancaq süd, qatılaşdırılmış süd...
Mən yuxuya getdim və öz kəsik-qırıq ac yuxularımda Şestakovun həmin bu qatılaşdırılmış süd qablarını – səma mavisi rəngli yarlığı olan azman bankaları gördüm. Böyük, axşam səması kimi göy bankalar. Onlar min yerdən deşilmişdilər və süd onlardan sızaraq Süd yolunun böyük şırnaqlarıyla axırdı. Mənim əlim göyə asanca çatırdı və mən qatı, şirin, ulduz südlərini yeyirdim. Yadımda deyil həmin gün nə etdim, necə işlədim. Gözlədim, günəşin qərbə əyilməsini, iş gününün sona çatdığını insanlardan daha yaxşı təxmin edən atların kişnəməsini gözlədim. Boğuq fit səsi eşidildi və mən Şestakovun yaşadığı baraka getdim. O, məni eyvanda gözləyirdi. Onun sırıqlısının cibləri şişib dikəlmişdi.

Biz barakdakı böyük təmiz masanın arxasında əyləşdik və Şestakov cibindən iki qatılaşdırılmış süd bankası çıxardı.


Baltanın ağzı ilə bankanı deşdim. Qatı ağ maye qapağın üstünə, əlimə axdı.
- İkinci bir deşik də açmaq lazım idi. Havasının çıxması üçün, - Şestakov dedi.
- Eybi yox, - çirkli şirin barmaqlarımı yalayaraq dedim.
- Qaşıq gətirin, - Şestakov bizə yaxınlaşmış fəhlələrə dönərək dedi. Masamızın üstünə on parlayan, yaxşıca yalanmış qaşıq uzandı. Hamı durmuşdu və mənim necə yediyimə baxırdı. Bunda nəzakətsizlik və ya südə qonaq olmaq üçün gizli istək yox idi. Onlardan heç biri ümid belə etmirdi ki, mən bu südü onlarla bölüşərəm. Belə şey görünməmişdi – onların özgəsinin qidasına marağı tamamilə tamahsız idi. Mən də bilirdim ki, başqa adamın ağzında yoxa çıxan qidaya baxmamaq mümkün deyil. Mən rahat oturmuşdum və südü çörəksiz, hərdən üstündən soyuq su içə-işə yeyirdim.
Mən hər iki bankanı yedim. Tamaşaçılar kənara çəkildilər – tamaşa qurtarmışdı. Şestakov halıma acıyırmış kimi mənə baxırdı.
- Bilirsənmi, - mən qaşığı tərtəmiz yalayaraq dedim, - fikrimi dəyişdim mən. Mənsiz gedin.
Şestakov anladı və mənə bir kəlmə söz demədən çıxdı.
Əlbəttə, bu, cüzi, mənim bütün duyğularım kimi zəif bir qisas idi. Ancaq mən daha nə edə bilərdim? Digərlərinə xəbərdarlıq edə bilərdim – amma onları tanımırdım. Onları xəbərdar emək isə lazım idi – Şestakov beş nəfəri tovlamağa macal tapmışdı. Onlar bir həftədən sonra qaçdılar. İkisini Qara Açarların yaxınlığında öldürdülər, üçünü bir aydan sonra mühakimə etdilər. Şestakovun özünün işi isə istehsalatla bağlı olaraq onlardan ayrıldı, onu tezliklə harasa apardılar. Yarım ildən sonra mən onu başqa bir mədəndə gördüm. Qaçışa görə o, əlavə həbs müddəti almamışdı – rəhbərlik onunla dürüst oynamışdı, başqa cür ola bilməzdi axı.
O, geoloji kəşfiyyatda işləyirdi, üzünü təraş edirdi, tox idi və onun dama-dama corabı hələ də salamat idi. O, mənimlə salamlaşmırdı və nahaq yerə: iki banka qatılaşdırılmış süd o qədər də böyük bir şey deyildi axı...
1956
Ön sözün müəllifi və tərçüməçi: Xalid Asifoğlu



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə