Şamaxi- qobustan neftli-qazli rayonu



Yüklə 33,5 Kb.
tarix29.01.2018
ölçüsü33,5 Kb.
#22801

ŞAMAXI- QOBUSTAN NEFTLİ-QAZLI RAYONU
Bu rayon cənub-şərqi Qafqazın əksər hissəsini əhatə edir. Geomorfoloji

cəhətdən ərazidə aşağıdakı tektonik zonalar ayrılır: 1. Şimal zona;

2. Mərkəz zona;

3. Cənub zona və Şamaxı rayonu zonası.

Cənub zona özü iki hissəyə bölünür: cənub-qərb və cənub-şərq hissə. Şimal geomorfoloji zona qərbdən Pirsəhhət çayının yuxarı axımını, şərqdən isə Xəzər dənizi sahilini əhatə edir. Ərazidə yüksək dağlıq sistemləri müşahidə olunmuşdur.Yüksəkliklər qərbdən-şərqə doğru azalır. Mərkəzi geomorfoloji zona qərbdən Pirsəhhət çayının orta axımından başlayıb Abşeron yarımadasının qərb sərhəddinə doğru uzanır. Yüksəkliklər qərbdən-şərq istiqamətinə doğru azalır. Burada geomorfoloji yüksəkliklərlə bərabər palçıq vulkanlarının əmələ gətirdikləri yüksəkliklər də qeydə alınır.

Cənub zona nisbətən sadə relyeflə xarakterizə olunur. Burada yalnız palçıq vulkanlarının əmələ gəirdiyi yüksəkliklər diqqəti cəlb edir. Bu zona cənubdan Nəvai dərəsi ilə hüdudlanır, şərqdən isə Xəzər dənizi sahillərinə qədər uzanır. Bu zonanın hüdudlarında Ceyrankeçməz depressiyası, cənub-qərb və Ələt silsiləsi yarımzonaları ayrılır.

Şamaxı şəhərini əhatə edən geomorfoloji zona, şərqdən Pirsəhhət çayının orta axımından başlayıb, qərbdə Ləngəbiz qalxımlar sisteminə qədər uzanır. Şamaxı-Qobustan neftli-qazlı rayonunun geoloji quruluşunda Yura çöküntülərindən IV dövr çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir. Yura çöküntüləri şimal zonada ayrı-ayrı sahələrdə yer səthinə çıxır. J2 - hər iki mərtəbəsi ilə (Bayos və Bat) iştirak edir. Bat əsasən gillərdən, gilli şistlərdən və kobud dənəli qumdaşlarından ibarətdir (qalınlıq 2000-2500 m). J3 – sisteminin çöküntüləri şimal zonada yer səthinə çıxır. Litoloji tərkibinə görə gil, qum və karbonatlı süxurlardan ibarətdir (qalınlıq 2000m).

Təbaşir sisteminin çöküntüləri ərazidə tam kəsilişi ilə iştirak edir.

Alt təbaşir çöküntüləri fliş xarakterli olub, gil, qum, qumdaşı, alevrit, əhəngdaşı və mergellərin növbələşməsindən ibarətdir (qalınlıq 2000-2500 m).

Üst təbaşir çöküntüləri kəsilişdə bütün mərtəbələri ilə iştirak edir. Bu çöküntülər çöküntülər terrigen- karbonat xarakterdədir (2200-2500 m).

Şamaxı-Qobustan neftli-qazlı rayonunda Paleogen sistemi Paleosen sistemi ilə başlayır. Paleosen əsasən gil süxurlarından ibarətdir (qalınlıq 280 m).

Eosen çöküntüləri həmçinin ərazidə geniş yayılmışdır. Əsasən gillərdən təşkil olunmuşdur (qalınlıq 1000-1200 m). Maykop lay dəstəsi öyrənilən ərazidə iki litofasiyada yayılmışdır. Şimal və Mərkəzi zonada gilli, cənub zonada gilli-qumlu litofasiyda yayılmışdır. Maykopun kəsilişində qalınlığı 25-35 sm-ə çatan bir neçə qum layı ayrılır (qalınlıq 650-850 m).

Orta Miosen çöküntüləri Çokrak, Karaqan, Konq ərazidə iki litofasiyada rast gəlinmişdir. Şimal və mərkəzi zonada qumlu, cənub zonada gilli-qumlu litofasiyadadır. Qumluluq ən çox Çokrak horizontu ilə əlaqədardır. Çokrak horizontunun qalınlığı 50-60 m-dir. Orta Mioseninin qalınlığı 800-900 m-dir. Ərazidə

Üst Miosen Sarmat mərtəbəsi ilə başlayır və gilli xarakterlidir (qalınlıq 700-800 m). Meotis mərtəbəsi gilli litofasiyada yayılmışdır (500 m). Pont mərtəbəsi kobud dənəli süxurlardan ibarətdir (qalınlıq 350 m). Pliosen çöküntüləri ərazidə geniş yayıılmışdır. Əsasən gilli-qumlu litofasiyadadırlar (qalınlıq 3000m). Məhsuldar qat çöküntüləri ərazinin ən çox Ceyrankeçməz depressiyasında, Ələt tektonik zonasında yayılmışdır. Ağçaqıl mərtəbəsi gilli- qumlu litofasiyadan ibarətdir (200 m).

Abşeron mərtəbəsi Abşeron neftli-qazlı rayonunda yayılmışdır (qalınlıq 1100-1200 m).

IV dövr çöküntüləri kobud dənəli süxurlardan ibarətdir (qalınlıq 200-250 m). Şamaxı-Qobustan neftli-qazlı rayonunun tektonikasına gəldikdə isə, geomorfoloji zonaya müvafiq olaraq burada üç tektonik zona ayrılır: şimal tektonik zona, mərkəzi tektonik zona və cənub tektonik zona.

Cənub tektonik zona özü iki hissəyə bölünür: cənub-qərbi və cənub-şərqi tektonik zona.

Şamaxı-Qobustan neftli-qazlı rayonu Qafqaz istiqamətində keçən bir neşə tektonik yarıqlarla, palçıq vulkanları ilə və üstəgəlmə tipli qırılmalarla mürəkkəbləşmişdir. Ərazinin tektonik xüsusuiyyətlərinin mürəkkəbliyi onun neftlilik-qazlılıq cəhətdən perspektivliyini öyrənməyə imkan vermir.

Şamaxı-Qobustan neftli-qazlı rayonun əsas neftli-qazlı kompleksləri aşağıdakılardır:

1. Yura sistemi; 2.Təbaşir sistemi;

3. Maykop seriyası;

4.Çokrak horizontu;

5. Məhsuldar qat.

Şamaxı-Qobustan neftli-qazlı rayonunda 200-250-yə qədər lokal qalxım müəyyən edilmişdir. Hazırda bu rayonda 1 yataq istifadəyə verilmiş, 1 yataq isə istismara hazırlanıb.



UMBAKİ NEFT-QAZ YATAĞI
Bu yataq Şamaxı-Qobustan neftli-qazlı rayonun cənub-qərbində yerləşir. Oroqrafik cəhətdən sahə bir sıra kiçik təpələr və çökəkliklərlə mürəkkəbləşmiş yaylalardan ibarətdir. Sahəsinin qərb hissəsində bir-birinə bitişik olan Qazandağ və Umbakı təpələri relyefin nisbətən daha çox mürəkkbələşməsinə səbəb olmuşdur. Cənubdan sahə sıldırımlı, yamaclı Qələndərtəpə silsiləsi ilə hüdudlanır. Nisbətən düzənlik xarakteri daşıyan şərq hissəsinin relyefi Qələndər palçıq vulkanı ilə mürəkkəbləşmişdir. 1947-1950-ci illərdə sahəsinin müxtəlif yerlərində 80-dən artıq struktur xərtiəalma quyuları qazıldı. 1953-cü ildə qazılan kəşfiyyat quyuları üst Maykop, Çokrak lay dəstələrinin qum və qumdaşı horizontları ilə əlaqədar olan neft yataqlarını açdı. Kəşfiyyat quyuları vasitəsilə öyrənilmiş Maykop dəstəsi 2 yarım dəstəyə bölünür: Alt Maykop və Üst Maykop. Alt Maykop yarımdəstəsinin kəsilişi burada dabanına qədər öyrənilmişdir. Lakin onun əsas etibarilə gillərdən ibarət olduğu güman edilir.

Üst Maykop yaımdəstəsinin kəsilişində qum və qumdaşı laylarının həm miqdarı ,həm da qalınlığı xeyli çoxalır.

Üst Maykop yarımdəstəsində 6 qumlu horizont ( I, II, III, IV, V, VI ) müəyyən edilmişdir. Bir-birindən qalınlığı 15-50 m olan gil layları ilə ayrılan bu horizontlar nisbətən yüksək kollektorluq qabiliyyətinə malikdir. Sahənin kəsilişində üst Maykop yarımdəstəsinin qalınlığı 500 m-ə çatır.

Çokrak horizontu mergel və dolomit araqatları olan gillərdən təşkil olunmuşdur ki, onun da kəsilişində həmişə qum , qumdaşı və alevrolit araqatları rast gəlir.

Karaqan–Konq horizontları gil, qum və alevrolit çöküntülərinin növbələşməsindən ibarətdir (qalınlıq 600 m).

Sarmat mərtəbəsinin çöküntüləri enli zolaq şəklində qırışığın şimal qanadında, eləcə də periklinal hissəsində yer səthinə yayılmışdır (qalınlıq 850 m). Meotis mərtəbəsinin çöküntüləri Umbaki qırışığının uzaq qanad hissələrində və qərb periklinallarında məhəlli yayılmaya malikdir. Bu çöküntülər sarımtıl boz və qonur boz çöküntülərin gilli şistlərlə növbələşməsindən ibarətdir (qalınlıq 350 m). Kəsilişdə qalınlığı 45 m-ə çatan brekçiyavarı dolomitlərə də rast gəlinir. Umbaki yatağının tektonikası çox mürəkkəbdir. Bu yataq en istiqamətdə uzanır.Qırışığın uzun oxu boyunca üstəgəlmə xarakterli tektonik qırılma müşahidə edilir. Bu qırılma ilə qırışığın şimal qanadı 1300 m amplitudla cənub qanad üzərində yatır. Yatağı ayrı-ayrı tektonik bloklara parçalayan qırılmalar da müşahidə edilmişdir. Üstəgəlmələrdə layların yatım bucağı şimal qanadda 35-450 təşkil edir. Tektonik cəhətdən Umbaki qırışığı braxiantiklinal qırışıq olub, Girdə-Qələndərtəpə antiklinal xəttinin şərqdə axırıncı qalxımı hesab olunur.

Umbaki yatağı çoxlu sayda təbii neft-qaz çıxışları ilə seçilir. Neft-qaz üstəgəlmənin üzərində yerləşən çoxlu sayda qrifonlardan yer səthinə çıxır. Qazıma nəticəsində üstəgəlmənin şimal-şərq qanadında Üst Maykopun kəsilişində üç neftli-qazlı (III, IV, V) horizont müəyyən edilmişdır. Həmçinin III horizont 1951-ci ildən işlənməyə verilmişdir. 1953-cü ildə Üst Maykopun III horizontunun sınanması zamanı şimal qanadın tektonik bloklarının birində güclü qaz fontanı (hasilatı 500 000 m3 olan) alınmışdır.

Qazlılıq əsasən Çokrak horizontu ilə əlaqədardır. Neftlilik isə Üst Maykopun III, IV, V horizontları ilə əlaqədardır.

DUVANNI NEFT-QAZ YATAĞI
Duvannı neft-qaz yatağı sahəsi Qobustan vilayətinin cənubunda,Qaradağ neft-qaz yatağından 32 km cənub-qərbdə, Duvannı dəmir yol stansiyasından 1,5-5 km şimal-qərbdə yerləşir. Ümumiyyətlə,təpəlik xarakterli relyefə malik olan bu sahənin qərbində Qazan-Quzan dağı,şimalında Kiçik Kənizdağ palçıq vulkanı, şimal-şərqində Böyükdaş yaylası, cənub-qərbində isə Kiçikdaş təpəsi yerləşmişdir. Bu hündürlüklərin mütləq yüksəkliyi 150-350 m arasında dəyişir. Sahənin mərkəz hissəsi bir qədər düzənlik xarakteri daşıyır, lakin onun relyefi müxtəlif istiqamətlərdə uzanan dərələr və nisbətən kiçik təpəciklərlə mürəkkəbləşmişdir. Sahənin geoloji quruluşunu səthi olaraq 1929-cu ildə S.F.Fyodorov,1930-cu ildə B.M.Sarkisyan, 1933-cu ildə A.İ.Kleşşov tərəfindən öyrənilmişdir.1938-1941-ci illər ərzində qırışığın şimal-qərb hissəsində qazılmış 5 kəşfiyyat quyusunun vasitəsilə məhsuldar qatın kəsilişi 1200-1250 m-ə qədər açıldı ki,bu da həmin qatın yuxarı hissəsinə (Suraxanı və Sabunçu dəstələrinə) müvafiq gəlir.

Yatağın kəsilişini Abşeron vilayətinin sinxronik kəsilişilə müqayisə etdikdə, onun stratiqrafik cəhətcə Suraxanı və Sabunçu dəstələrinə və Balaxanı dəstəsinin üst hissəsinə müvafiq olduğunu görürük. Bu kəsiliş, ümumiyyətlə, boz, qonur-boz,qırmızımtıl-qonur və qumlu-alevritli gillərin, pis çeşidlənmiş narın dənəli əhəngli qumların və qumdaşıların, alevritlərin və zəif sementləşmiş alevrolitlərin qeyri-müntəzəm növbələşməsindən ibarətdir. Gillərin və qumlu-alevritlərin nisbətinə görə məhsuldar qatın açılmış hissəsi bir-birindən fərqlənən üç dəstəyə bölünür (yuxarıdan aşağıya).

1.Qumlu-gilli dəstə (300 m) əsasən gillərdən, nadir hallarda təsadüf edilən alevrit və qum təbəqəciklərindən ibarətdir. Dəstənin daxilində qalınlığı 50 m-dən 100 m-ə kimi dəyişən I, II, II və IV qumlu-gilli-alevritli horizontlar ayrılır.

2.Gilli-qumlu dəstə (250-260 m) boz və qonur-boz gillərin, qum, alevrit, zəif sementlənmiş qumdaşı təbəqələrinin qeyri-müntəzəm növbələşməsindən ibarətdir. Bu dəstənin kəsilişində V, VI, VII və VIII qumlu kollektor horizontları ayrılır.

3.Qumlu-gilli dəstə (280-300 m) əsas etibarilə qum və alevritlərdən və gil aratəbəqələrindən ibarətdir. Həmin dəstənin kəsilişində IX, X, XI, XII qumlu-alevritli horizontlar ayrılır. Ağcaqıl mərtəbəsi qırışığın şərq və şimal-şərq hissəsində yayılaraq, Məhsuldar qat çöküntülərinin üzərinə kiçik bucaq uyğunsuzluğu ilə yatır.Onun kəsilişi əsas etibarı ilə boz, qonur-boz, bəzən zəif gilli qumlardan ibarətdir. Mərtəbənin qalınlığı 145-180 m arasında dəyişir.

Abşeron mərtəbəsinin kəsilişində alt və orta yarımmərtəbələr ayrılır.Alt Abşeron çöküntüləri litoloji cəhətcə qonur-boz, tünd boz laylı gillərdən və nadir rast gələn nazik gilli qum təbəqəciklərindən ibarətdir.Qalınlıq 230-250 m.Orta Abşeron çöküntüləri Duvannı sahəsinin şimal-şərq, cənub-qərb hissələrində yayılaraq Böyükdaş, Kiçikdaş və Qazan-Quzan yüksəkliklərini əhatə edir.Yarımmərtəbənin qalınlığı 350 m-dir.

Duvannı qırışığı assimmetrik quruluşludur. Onun cənub-qərb qanadı az meyilli (22-250), şimal-şərq qanadı isə nisbətən dik (44-450) yatmışdır.Qırışıq şimal-qərb—cənub-şərq istiqamətində uzanır.Onun tağında Məhsuldar qat çöküntülərinin yer üzərinə çıxmış hissəsinin qalınlığı 325-350 m-dən artıq deyildir. Beləliklə, burda Məhsuldar qatın kəsilişi demək olar ki, tamamilə yuyulmadan mühafizə olunmuşdur.

Mükəmməl xəritəalma işlərinin və habelə struktur-xəritəalma və kəşfiyyat quyularından alınan məlumatlara görə müəyyən edilmişdir ki,qırışıq müxtəlif amplitudlu bir sıra dizyunktiv pozğunluqlarla mürəkkəbləşmişdir. Bu pozğunluqlardan biri qırışığın uzun oxu boyunca keçərək onun şimal-şərq qanadını kəsir. Bu pozğunluğun amplitudu qırışığın cənub-şərq hissəsində 150-200 m-ə çatır. Bundan başqa şimal-şərq qanadı, eninə keçən və onu üç tektonik bloka bölən əlavə iki pozğunluqla ciddi surətdə mürəkkəbləşmişdir. Bu pozğunluqların səthi şimal-qərb istiqamətində meyl edir. Duvannı sahəsində təbii neft çıxışları yoxdur. Burada qazılmış 4, 6, 8, 11, 13, 15, 17, 19 və 20 saylı struktur- xəritəalma quyularında zəif neftlilik əlamətləri görünmüşdür.



Duvannı sahəsinin kəsilişində Məhsuldar qatın aşağı hissəsi (Balaxanı dəstəsinin və alt şöbə stratiqrafik analoqları) hələ açılmamışdır. Duvannı qırışığının kəsilişinin qonşu Kənizdağ, Daşgil və Qaradağ sahələrinin kəsilişi ilə müqayisəsinə əsasən burada da əsas neftli-qazlı obyektlərin,Məhsuldar qatın Balaxanı, Fasilə dəstələri və alt şöbə ilə əlaqədar olduğunu göstərmək olar. Məhsuldar qatın aşağı hissəsini qırışığın cənub-şərq periklinalında açmaq geoloji nöqteyi nəzərdən daha əlverişlidir.
Yüklə 33,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə