Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   10   11   12   13   14   15   16   17   ...   145

 
32
getməzdən əvvəl taksi «Pobeda»sının çarxlarını nasosla doldururdu, motorunu 
yoxlayırdı, akkumulyatoruna baxırdı, sonra da benzinli şəlpə ilə əllərinin
qollarının mazutunu silib təmizləyirdi, sonra da taksisini sürürdü. 
Indi həmin günlər, elə bil, dünən idi və çox-çox uzaq görünən o illər əslində 
bir göz qırpımında gəlib keçdi. Məmmədağa Bakının küçələri ilə doğruçu taksi 
sürdü, sonra isə tirə keçdi və damda yatdığı o yay gecələri ağlına gəlsəydi ki, bir 
vaxt belə bir furqon tiri olacaq, səhərə kimi yuxusu qaçardı, yata bilməzdi 
səbrsizliyindən. Ancaq illər keçmişdi və indi məlum olmuşdu ki, hər kəsin dünyası 
da özü kimi böyüyür, kökəlir, ya arıqlayır. 
– Bəs adın nədi? – Bunu da Məsməxanım soruşdu və bu dəfə lap əli-ayağı 
yerdən üzüldü ki, nə suallardır belə, verir? Onun nəyinə  gərəkdi ki, bu göygöz 
oğlanın adı nədir? Niyə biabır eləyir özünü? 
– Məmmədağa. – Məmmədağa Məsməxanıma baxıb güldü. – Uşaq vaxtı məni 
cinnəndirməkçün deyirdilər: 
 
Məmmədağa  
Girdi bağa. 
Bir quş tutdu,  
Oldu tısbağa!.. 
 
– Hə, məni də cinnəndirirdilər uşaqlıqda. Dərsi bilməyəndə qorxurdum ki, indi 
çağıracaq məni müəllim, əlim, ayağım əsirdi. Uşaqlar da məni cinnəndirirdi: 
 
Məsməxanım Məsmədi,  
Əli-ayağı əsmədi... 
 
Məsməxanım bərkdən güldü və lövhəyə çağrılmaqdan qorxan, dünyadan 
xəbərsiz o balaca qız uşağı gözlərinin qabağına gəldi, sonra birdən-birə öz gülüşü öz 
qulaqlarında cingildədi və bu dəfə Mirzoppanın yağlı sifəti gözlərinin qabağına 
gəldi, spirt iyi burnuna gəldi, yadına saldı ki, Mirzoppa indi milis idarəsində oturub, 
ən azı, on beş sutkasını gözləyir. Bunu yadına saldı  və özü öz arsızlığına heyrət 
elədi, amma burasını da sövq-təbii hiss etdi ki, bu saat lap arsızlıq olmur, nə olur-
olsun, bu gur işıqlı furqondan çıxıb getmək istəmir. 
Məmmədağa dedi: 
– Sən, axı, heç qorxana oxşamırsan...    
– Indi beləyəm də... 
– Hə, indi yamansan! - Bunu da Məmmədağa dedi və güldü. 
Məsməxanım bu oğlanın göy gözlərinə baxıb fikirləşdi ki, doğrudan çox 
qəribə  oğlandı bu oğlan, bu cür iri göy gözləri var, amma qaşları, kirpiyi qaradı, 
saçları da qaradı, özünün də cəmi otuz yaşı var, amma başı ağarmağa başlayıb.  
Məmmədağa soruşdu: 
– Nə fikirləşirsən?  
Məsməxanım dedi: 
– Heç nə. – Və hiss etdi ki, qızarır. 


 
33
Məsməxanım çoxdan idi daha qızarmırdı, o vaxtdan ki, Mirzoppanın evinə 
gəlmişdi və indi qızardığını hiss eləyəndə ona elə  gəldi ki, dünyada heç bir 
Mirzoppa yoxdu, heç vaxt ərə getməyib, bütün bunlar hamısı yalandı, yenə də hind 
kinolarına baxıb ağlayan  əvvəlki Məsməxanımdı, bütün bu illərin acısı da bir 
yuxudu; cəmi bircə an ona belə gəldi, sonra qırx dəqiqə bundan əvvələ qədər üzünü 
görmədiyi bu oğlanın göy gözlərinə baxıb qəti qərara gəldi ki, buradan getmək 
lazımdı: 
– Yaxşı, getdim mən... 
Məmmədağa bir söz demədi və fikirləşdi ki, birdən-birə bu çöllü-biyabanda 
peyda olmuş bu qarabəniz qızın çıxıb getməsi çox təbii bir işdi; bunu fikirləşdi və 
fikirləşdikcə də ürəyindən bir nigarançılıq keçdi. Məmmədağa bu nigarançılığın 
səbəbini bilmirdi, amma burasını indi lap dəqiq bilirdi ki, bu qarabəniz qız çıxıb 
gedəndən sonra, bu gecənin bütün qəribəliyi öləcək və bayaqkı qayaların təmkini 
bütün gecə onun qulaqlarına həyatın mənasızlığını pıçıldayacaq. 
Məsməxanım furqonun açıq qapısından qumun üstünə atılıb Zuğulbaya tərəf 
baxdı: kəndin işıqları hələ gəlirdi; Məsməxanım orada yaşayanların çoxunu tanıyırdı 
və indi tanıdığı bu adamların hamısı haqqında bir-bir fikirləşə bilərdi, amma 
onlardan heç biri bilmirdi ki, səhər saat səkkizdən axşam altıyacan tərəvəz köşkündə 
pamidor, xiyar, üzüm, yemiş satan Məsməxanım indi gecənin bu vaxtında dənizin 
kənarında dayanıb onların pəncərəsindən gələn işığa baxır; heç kim bilmirdi ki, bu 
saat bu pəncərə işıqlarına baxan Məsməxanımın ürəyində bir təklik nisgili var və heç 
kim bunu da bilmirdi ki, əri milis idarəsində oturub, ən azı, on beş sutkasını 
gözləyən Məsməxanım təkcə adını bildiyi bir oğlanın göy gözlərini də özü ilə 
buradan aparacaq; bunu heç kim bilmirdi və bilməyəcəkdi də; əslində bunu 
Məsməxanım özü də əməlli-başlı başa düşmürdü, təkcə bunu bilirdi ki, indi ay 
işığında gümüş kimi ağaran bu furqon haçansa burada olmayacaq və o zaman 
Məsməxanım bu göy gözləri yadına salacaq, bu göy gözlər barədə fikirləşəcək, 
axşamlar evdə oturub pəncərədən əncir ağacına baxanda həmin göy gözləri görəcək; 
nə üçün belə olacaq? Məsməxanım bunun səbəbini də bilmirdi, amma burası lap 
dəqiq idi ki, onun ürəyi birdən-birə bu göy gözlərin baxışı ilə evdə, internat 
məktəbdə başını sığallayan həmin iri kişi əllərinin istisi, mehribanlığı arasında bir 
yaxınlıq, bir doğmalıq duymuşdu. Məsməxanımın ürəyində çoxdan hiss etmədiyi bir 
ilıqlıq baş qaldırmışdı. 
Məmmədağa furqondan düşüb qızın ardınca bir-iki addım atdı, sonra dənizə 
tərəf çevrilib: 
– Külək dayanıb... – dedi. 
Məsməxanım da ayaq saxladı, əlini havaya tutub: 
– Hə, – dedi, – dayanıb... Axşam yaxşı gilavar əsirdi. 
Məmmədağa dedi: 
– Gilavar isti əsir... Külək gərək külək olsun, sərin... 
Məsməxanım dedi: 
 – Mən xoşlayıram gilavarı... Gilavar dənizə əsir də... Gilavar əsəndə dənizlə 
danışmaq olur...  
Məmmədağanın bütün vücudunu heyrət bürüdü: 
– Nə deyirsən? 
– Heç nə. 


 
34
– Sən dəniz qırağına gəlib dənizlə danışırsan?  
– Nöşün, evdə danışmaq olmur bəyəm? Gilavar sözləri aparır dənizə... 
Məsməxanım bunları dedi və birdən-birə özünə əməlli-başlı hirsi tutdu: axı, bu 
oğlan kimdir ki, ürəyinin sirrini ona açır belə? Niyə? Məsməxanım öz-özünə bu 
sualı verdi və ayaq saxlayıb geri çevrildi. 
Məmmədağa qarşısında dayanmış bu qızın gözlərinə baxdı. Ay işığında bu 
gözlər daha da qaralmışdı, daha da işıldayırdı. Dünyada Zuğulba deyilən bir kənddə 
gözəl bir qız var idi, bu qızın adı  Məsməxanımdı  və bu Məsməxanım ona görə 
gilavarı xoşlayırdı ki, gilavar əsəndə  dənizlə danışmaq olur, söhbət etmək olur, 
külək adamın dediyi sözləri aparıb dənizə çatdırır. Bunu təkcə  Məmmədağa yox, 
bütün yer üzündə heç kim bilmirdi ki, çığır-bağırla, hay-küylə dava-dalaş salan bu 
qız gilavar əsəndə dənizlə danışır... 
Məsməxanım başa düşürdü ki, buradan tez çıxıb getmək lazımdır. 
Məmmədağa qıza yaxınlaşıb bir müddət onunla üzbəüz dayandı, sonra 
soruşdu: 
– Nə fikirləşirsən? 
Məsməxanım bu göy gözlərin içinə baxa-baxa: 
– Sənə  nə var, – dedi, – nə fikirləşirəm. Sən kimsən? – Bunları dedi və 
burasını da fikirləşdi ki, bu göy gözlərin heç bir təqsiri yoxdu ki, o öz-özünə açır 
sandığı, tökür pambığı. 
Məmmədağa dedi: 
– Mən Məmmədağayam.  
Məsməxanım dedi: 
 
Məmmədağa,  
Girdi bağa.  
Bir quş tutdu,  
Oldu tısbağa.. 
 
Məmmədağa dedi: 
 
Məsməxanım Məsmədi,  
Əli-ayağı əsmədi. 
 
Məsməxanım güldü və  həmin dünyadan bixəbər qız uşağı yenə gözlərinin 
qabağına gəldi: 
– Hə, yaman cinləndirirdilər məni.  
Məmmədağa güldü və  Məmmədağa da məhəllədən ötən maşınların dalınca 
qaçan o balaca oğlan uşağını gözlərinin qabağına gətirdi: 
– Məni də... 
Elə bil ki, Məsməxanımın bütün hirsi soyudu və elə bil ki, bu ucaboylu, 
göygöz oğlan birdən-birə onun lap az qala doğma bir adamı oldu; elə bil ki, cəmi bir 
saat bundan əvvəl yox, lap qabaqlardan, lap uşaq vaxtlarından tanış idilər və o 
zaman hələ bu cür boylu-buxunlu olmayan bu göygöz oğlan boynuna qırmızı pioner 
qalstuku taxıb çantasını yelləyə-yelləyə  məktəbə gedən, məktəbdən qayıdan, 
barmaqları mürəkkəbə bulaşmış Məsməxanımı çox görmüşdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə