Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə145/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   137   138   139   140   141   142   143   144   145

 
362
– Bu dünya kimi tutub saxlayıb özündə? Isgəndəri saxlayıb? Tiqranı saxlayıb? 
Vanyanı da saxlamayacaq… Bizim bu bədbəxt millət, ay arvad, haçansa bir gün 
görməlidi, ya yox?.. Yüz illərlə guşənişin yaşamaq elə bizim boyumuza biçilib? – 
Sonra samovarın lüləsindən közü üfürməyə başladı.– Bunun közü lap sönüb ki… 
Haykanuş arvad: 
– Sən çəkil,– dedi.– Indi özüm od salaram… 
 
36. 
 
Vanya yüzbaşı  həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı  və içəri 
girib salamsız-kəlamsız dedi: 
– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi 
Şuşa qalasına gəlib və Ibrahim xanla görüşüb? 
Mayor Lisaneviç: 
– Ola bilməz!– dedi və yazı masasının arxasından qalxdı. – Mənim adamlarım 
gecə-gündüz qalanı qoruyurlar! 
– Sizin adamlarınız mənim adamlarım kimi bu dağların hər qarışına bələd deyil, 
mayor! Gecə Abbas Mirzənin iki elçisi Əmiraslan bəyin bələdçiliyi ilə Şuşaya gəlib
Ibrahim xanla gizli danışıqlar aparıblar! Bəlkə siz istəyirsiniz ki, mərhum knyaz 
Sisianov kimi, bu türk xanları sizin də başınızı kəssinlər?! Hə? Amma mən istəyirəm 
ki, Allah məni çağıranda, öz isti yorğan-döşəyimdə, öz əcəlimlə onun hüzuruna 
gedim! 
Mayor Lisaneviç: 
– Mən heç vaxt Ibrahim xana inanmamışam! – dedi.– Bu adamın gözlərindən 
hiylə yağır! 
Vanya yüzbaşı sakitləşmək bilmirdi: 
– Nə olsun ki, inanmırsız?.. Inanmırsız, ancaq heç nə də etmirsiz! Abbas Mirzə 
öz sərbazları ilə  Şuşanın  əlli-altmış verstliyindədi. Ibrahim xanın quldurları gecə 
üstünüzə hücum çəksə, hara qaçacaqsınız? Elə bilirsiz, bu 500 ac soldatla Qarabağ 
quldurlarının öhdəsindən gəlmək asandı? Siz hələ bu türk tayfasını tanımırsız!.. – 
Vanya yüzbaşı əlini baldırına çırpdı.– Məzhəb haqqı, mən mat qalıram! Ara, Rusiya 
boyda bir zırpı məmləkət, üzr istəyirəm, bu qədər sadəlövh ola bilər?! Ibrahim xan 
özü də bu gün bütün ailəsini götürüb, gedib Xankəndinə. 
– Xankəndinə gedib? 
– Bəli. Sizin bundan da xəbəriniz yoxdu? Soldatlarınızın araq içməkdən başı 
ayılır ki?!  
Mayor Lisaneviç yüzbaşının son sözlərinə fikir vermədi. 
– Nə üçün gedib? 
– Bunu ondan soruşmaq lazımdır! 
Mayor Lisaneviç həyəcan içində otaqda var-gəl etməyə başladı və: 
– Ailəsi ilə bir yerdə…– deyə, elə bil, özü özü ilə danışmağa başladı.– Nəsə oyun 
oynayır…  Şübhəsiz oyun oynayır, özünü də, ailəsini  də  təhlükəsiz yerə  çəkir… 
Mən Tiflisə təcili çapar göndərməliyəm. 
Vanya yüzbaşı: 
Qorxuram ki, gec ola,– dedi.– Siz özünüzün, soldatlarınızın başını qorumasaz, 
heç kim sizin başınızı qorumayacaq, mayor! 


 
363
 
37. 
 
15 iyun 1806-cı il. Şuşa yaxınlığındakı Xankəndi. Xanın  
yay iqamətgahı. 
 
Cırcıramaların səsi hər tərəfə yayılmışdı və bir tərəfdən də qurbağaların qurultusu 
o yay gecəsində dünyanın gözəl bir xətircamlığından xəbər verirdi… 
… Ibrahim xan ev libasında iqamətgahın həyətində oturub qızıl nargilə çəkirdi. 
10 yaşlı Gövhər ağa başını onun dizinin üstünə qoymuşdu.  
Tuba xanım iqamətgahdan çıxıb: 
– Yatdı?– soruşdu. 
Ibrahim xan: 
– Hə…– dedi və gülümsədi.– Danışdı, danışdı, axırda yatdı… 
– Aparım içəri. 
– Yox, qoy, bir az yuxulasın yanımda…  
Tuba xanım gəlib ərinin yanında oturdu. 
– Ibrahim… 
– Nədi? 
– Bu işlərin axırı necə olacaq?.. 
Ibrahim xan yenə gülümsədi: 
– Yaxşı olacaq… 
Və elə bu dəm qəfildən açılan güllə səsləri, at kişnərtisi, hay-küy aləmi bürüdü: 
– Strelyay!.. 
– Rubi ix!.. 
– Qırdılar bizi!.. 
– Ruslar gəlib!.. 
… Mayor Lisaneviç başda olmaqla atlı soldatlar iqamətgaha hücum etmişdi. 
Rus soldatları qışqırırdı: 
– Rubi vsex! Vsex etix svoloçey! 
… Iqamətgahda yuxudan durmuş uşaqlar – Abbasqulu ağa, Səltənət bəyim, Hacı 
Hacan ağa, Əli ağa, qadınlar, nökər və kənizlər qışqıra-qışqıra bir-birinə qarışmışdı. 
… Tuba xanım: 
– Uşaqlar!..– Qışqırıb iqamətgaha qaçdı. 
Gövhər ağa yuxudan kal durub, qorxudan titrəyə-titrəyə atasının böyrünə qısıldı. 
Ibrahim xan: 
– Qorxma, qızım, qorxma!..– deyirdi. 
…Soldatlar atla iqamətgahın içinə girdi. 
… Qılıncı başının üstünə qaldırmış Mayor Lisaneviç: 
– Nikomu net poşadı!– qışqırdı.– Nikomu! 
…Soldatlar qarşılarına çıxanı – uşağı, qadını, qocanı at belindən qılıncdan 
keçirirdi. 
… Ibrahim xan Gövhər ağanı qucağına götürüb qalxmaq istədi, amma macal 
tapmadı, elə həmin an da onun üstünə çapan soldatın  gülləsi xanı sinəsindən vurdu. 
Ibrahim xan bir əli ilə Gövhər ağanı, o biri əli ilə qanı axan sinəsini tutub oturdu. 


 
364
Ikinci gülləni atmaq istəyən soldat özü vurulub atdan aşdı  və  əli tüfəngli 
Əmiraslan bəy Ibrahim xanın üstünə atıldı. 
– Dur, xan, dur!.. Tez elə!.. 
Ibrahim xan: 
– Əmiraslan bəy!.. Mənlə işin olmasın…  
Əmiraslan bəy: 
– Qalx, xan!..– deyə təkid etdi.– Səni buradan çıxaracağam!.. 
Ibrahim xan: 
– Mənimki qurtardı…– dedi və Gövhər ağanı bəyə tərəf itələdi.– Bunu qaçırt!..  
– Mən səni burada belə qoya bilmərəm, xan!.. 
Ibrahim xan yenə Gövhəri göstərib, tamam taqətsiz halda: 
– Tez qucağına al onu, apar!.. Tez… 
Əmiraslan bəy Ibrahim xanın sinəsindən fışqırıb axan qana baxıb, tərəddüd etdi. 
Nəfəsi darıxan Ibrahim xan:  
– Apar, dedim… Tez elə…– deyə pıçıldadı. 
Əmiraslan bəy yenə xanın qanlı köksünə baxdı, sonra qərar verərək Gövhər ağanı 
qamarlayıb özünü qaranlığa verdi. 
… At belində yataq otağına girmiş soldat  bir küncə  qısılmış Abbasqulu ağanı 
qılıncdan keçirdi.  
… Ağ gecə köynəyi qana bulaşmış Səltənət bəyimin dəhşətdən böyümüş gözləri  
eləcə donub qalmışdı. 
… Soldatlar süngünü dəhşətdən qışqıra-qışqıra ağlayan Hacı Hacan ağanın 
boğazına soxdu. 
… Əli ağa uzun ağ gecə köynəyinin ətəkləri ayaqlarına dolaşa-dolaşa qaçırdı və 
rus soldatının gülləsi onun kürəyini qana boyadı. 
… Mayor Lisaneviç çaparaq Ibrahim xanın qarşısında dayandı. 
Xan altdan yuxarı mayora baxdı və güclə gülümsədi: 
– Allaha kömək edirsiz, mayor? 
Mayor Lisaneviç ayaqlarını üzəngiyə basıb dikəldi və var gücü ilə Ibrahim xanı 
qılıncdan keçirdi: 
– Staraya lisa!.. 
… I Aleksandr dodaqlarındakı yüngül təbəssümlə eləcə portretdən baxırdı… 
Vaxtı ilə knyaz Sisianovun imperatorun öz adından Ibrahim xana hədiyyə etdiyi 
portret – I Aleksandrın portreti divardan asılmışdı. 
Bütün bədəni uçunan Tuba xanım otaqda yerə çökdü, hər iki əli ilə də baldırlarına 
vura-vura qarşısındakı şəkilə baxıb, xırıltılı səslə qışqırdı: 
– Allah bu zülmü yerdə qoymayacaq! Allah bu müsibəti sənin də nəslinə qimət 
edəcək!– Qışqırmaqdan Tuba xanımın boğazının damarları  şişib az qalırdı 
partlasın.– Allah… 
Soldatın qılıncı Tuba xanımı sözlərini yarımçıq kəsdi və bu qadını  həmişəlik 
susdurdu. 
 
 
 
38. 
 


 
365
23 fevral 1806-cı il. Sankt–Peterburq. Qış sarayı. 
 
Imperator I Aleksandr iş otağında yazı mizinin arxasında oturmuşdu.  
Daxili işlər naziri ayaq üstə onun qarşısında dayanıb məruzə edirdi. 
Nazir: 
– Qarabağ xanı ilə birlikdə qətlə yetirilənlərin siyahısı…– dedi və susdu. 
Imperator əmr etdi: 
– Oxuyun! 
Nazir iki əlilə  də tutduğu qovluğu bir az da gözlərinə yaxınlaşdırıb siyahını 
oxumağa başladı: 
– Ibrahim xan… Tuba xanım – arvadı… Abbasqulu ağa – oğlu, 12 yaşında… 
Səltənət bəyim – qızı, 9 yaşında… – nazirin əlləri gözgörəti titrəyirdi.– Hacı Hacan 
ağa – oğlu, 8 yaşında… Əli ağa – oğlu, 6 yaşında… 
Imperator: 
– Kifayətdir!– dedi və mizin arxasından qalxıb otaqda gəzişməyə başladı.– 
Hamısı neçə nəfərdir. 
Nazir: 
– Xidmətçilərlə bir yerdə 21 nəfər, əlahəzrət… 
Imperator var-gəl edə-edə əsəbi halda: 
– Kimdir mayor Lisaneviç?– soruşdu. 
Daxili işlər naziri cavab vermək istədi: 
– Mayor Lisaneviç Qarabağda Şuşa qarnizonunun… 
Imperator onun sözlərini yarımçıq kəsdi və: 
– Heç kim!– deyə özü öz sualına cavab verdi.– Heç kim! Mayor Lisaneviç heç 
kimdir! Sıfırdır! Sıfır!.. Allah bu qırğının cəzasını Romanovlara verəcək!.. 
 
 
 


 
366
E P İL O Q 
 
 
Xacə əlində şam tutub sarayın qaranlıq arakəsmələri ilə irəlidə addımlayırdı. 
Ağabəyim Ağa onun ardınca gedirdi. 
Xacə qapılardan birinin qabağında ayaq saxladı  və qapının ağzında dayanmış 
keşikçiyə: 
– Qibleyi-aləmin razılığı var,– dedi. 
Keşikçi kənara çəkildi. 
Xacə, onun ardınca da Ağabəyim Ağa otağa girdi. 
Yalnız xacənin  əlindəki  şamın zəif  şöləsi ilə  işıqlanan otağın ortasında, girdə 
mizin üstündə qırmızı ipək örtük salınmış qabarıq bir şey var idi. 
Xacə o biri əlini uzadıb örtüyü qaldırdı. 
Bu – qızıl məcməyinin içində knyaz Sisianovun başı idi. 
Ağabəyim Ağa şamı xacədən alıb knyazın başına yaxınlaşdırdı.  
Və indi baş şam işığında aydın görünürdü. 
Ağabəyim Ağa bir müddət başa baxdı. 
Sonra Ağabəyim Ağa şamı xacəyə qaytarıb otaqdan birinci çıxdı… 
 
 
 
 
 
 
 


 
367
E k r a n d a   y a z ı l d ı: 
 
Ağabəyim Ağa Azərbaycan və fars dillərində şerlər yazaraq Şərqdə məşhur oldu, 
ömrünün sonlarında tərki–dünya bir həyat sürərək  əri Fətəli  şahdan üç il əvvəl – 
1831-ci ildə Iranın Qum şəhərində vəfat etdi. 
Əbülfət ağa Abbas Mirzənin başçılığı ilə Iran qoşunlarının Cənubi Qafqaza bir 
neçə hücumunda iştirak etsə də, bir daha Qarabağa qayıda bilmədi və 1839–cu ildə 
73 yaşında Iranda vəfat etdi.  
Mayor Lisaneviç podpolkovnik rütbəsində istefaya çıxdı və birdən-birə Qafqazın 
gözəl və sirli təbiəti haqqında  şerlər yazmağa başladı, amma bu şerlər heç kimin 
diqqətini cəlb etmədi, buna baxmayaraq, uzun ömür sürüb 91 yaşında Sankt-
Peterburqda vəfat edən Lisaneviç, ömrünün sonuna kimi Qafaqaz haqqında  şerlər 
yazdı. 
Polkovnik Qaryagin 1809-cu ildə aran Qarabağdakı Qarabulaq döyüşündə həlak 
oldu və Qarabulaq şəhəri onun şərəfinə uzun müddət Qaryagin adını daşıdı. 
Pirqulu xan 4 avqust 1805-ci ildə Fətəli şahın əmri ilə edam edildi. 
Vanya yüzbaşı  əlahəzrət imperator I Aleksandrdan nəsildən nəsilə keçmək  şərti 
ilə «Məlik» rütbəsi aldı və 1811-ci ildə 71 yaşında Şuşada, sətəlcəmdən vəfat etdi. 
Aşot Karapetyan bir neçə müşayiətçi ilə bərabər, növbəti dəfə Araz çayını keçib 
Şimali Azərbaycana gəlmək istərkən sərhəddə quldurlar tərəfindən qarət edilərək 
qətlə yetirildi.    
Gövhər ağa böyüyərək xeyriyyəçi kimi məşhur oldu, Qarabağda öz hesabına 
məscidlər tikdirdi, məktəb və xəstəxanalar açdırdı, körpülər saldırdı və 1867-ci ildə 
Şuşada vəfat etdi.  
Əmiraslan bəy başına dəstə toplayıb  Şuşa dağlarında ruslara qarşı qaçaqçılıq 
həyatı yaşadı, tez-tez və  hər dəfə  də gözlənilməz basqınlar edərək bir çox rus 
soldatını, zabitlərini qətlə yetirdi, çar hökuməti onun başına 500 çervon qiymət 
qoydu və yaxın ətrafının xəyanəti nəticəsində ələ keçən Əmiraslan bəyi ruslar 1816-
cı ildə Gorusda dar ağacından asdılar. 
Ibrahim bəy knyaz Sisianovu qətlə yetirdikdən sonra bir müddət Abşeron 
yarımadasında gizləndi, Rusiya Bakını ələ keçirdikdən sonra Irana qaçdı və heç kim 
onun sonunun nə ilə qurtardığını bilmədi.  
Polkovnik Eristavi knyaz Sisianovun qətlindən sonra istefaya çıxdı  və 1813-cü 
ildə Sankt-Peterburqda rus zabiti ilə dueldə həlak oldu.  
Ibrahim xandan sonra Qarabağın xanı onun oğlu Mehdiqulu xan oldu və 1822-ci 
ildə Rusiya Kürəkçay müqaviləsini pozaraq Qarabağ xanlığını ləğv etdi. 
Cənubi Qafqaz uğrunda davamlı müharibələrdən Rusiya qalib çıxdı. 1828-ci il 
fevralın 10-da Rusiya ilə Iran arasında Türkmənçay müqaviləsi imzalandı və həmin 
müqaviləyə Iran tərəfdən Abbas Mirzə imza atdı. Rusiya Cənubi Qafqazı, o 
cümlədən  Şimali Azərbaycanı  işğal etdi, bütün xanlıqlar ləğv olunaraq, Rusiyanın 
əyalətinə çevrildi. 90 ildən sonra – 1918-ci ildə Azərbaycan Respublikası öz 
müstəqilliyini elan etdi, ancaq iki il keçmiş – 1920-i ildə rus-bolşevik ordusu 
tərəfindən yenidən işğal olundu və yalnız 1990-cı ildə öz müstəqilliyini bərpa etdi. 
Gəncənin adı yalnız XX əsrin sonlarında – 1989-cu ildə özünə qaytarıldı. 2005-ci 
ildə Gəncədə, Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı. 
 


 
368
 
S   O   N 
 
 
 
6 – 19 yanvar 2005. 
Istanbul. 
 
 
 
 


 
369
MÜNDƏRİCAT 
 
POVESTLƏR  
Bir görüşün tarixçəsi ………………………………………………. 

Toyuğun diri qalması………………………………………………. 
74 
Dolça ………………………………………………………………. 
99 
Bayraqdar ………………………………………………………….. 
150 
 
 
KİNOPOVESTLƏR  
 
Ox  kimi bıçaq ………………………………………………………  189 
Aman ovçu, vurma məni…………………………………………….
 
245 
Hökmdarın taleyi……………………………………………………. 301 
 


 
370
ELÇİN 
(ƏFƏNDİYEV ELÇİN İLYAS oğlu) 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ
 
(10 cilddə) 
 
2-ci cild 
 
 
 
 
NƏŞRİYYAT REDAKTORU 
 
Akif Dənzizadə, 
RƏSSAMI   
Ilqar Tofiqoğlu, 
BƏDİİ REDAKTORU   
Ilham Niftəliyev, 
TEXNİKİ REDAKTORU      
 
 Denis Izuf, 
KORREKTORLAR           
 
Rəfiqə Qəmbərqızı, 
  Fəridə Ələsgərli, 
Gülarə Qədirova, 
OPERATORLAR 
 
Aygün Əmirli, 
 Elnurə Abuşeva, 
Ramilə Əliyeva, 
ÇAPA MƏSUL 
Sərraf Mürsəlov
 Anar Abdullayev, 
Azər Yunusov. 
   
 
 
 
 
Çapa imzalanmış 10.09.2005,  
formatı 60x90 1/16,  
 32,75 ç.v.  
ofset kağızı ¹1, tayms qarnituru,  
sifariş 01/02, 
sayı 1000.  
 
 
Kitab  
«ÇİNAR-ÇAP»  
nəşriyyatında nəşrə hazırlanmış  
və  
ofset üsulu ilə çap olunmuşdur. 
Tel.: 4989555, 4937255, 4902757    
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə