Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   2   3   4   5   6   7   8   9   ...   145

 
10
tülküyə, ayıya, şirə və naməlum heyvana baxdı və iki ildən bəri Abşeron yollarında 
ürəyində gəzdirdiyi bir istək, arzu yenə baş qaldırdı. 
Iki il bundan əvvəl Bakıdakı bulvarda böyük attraksion sərgisi açılmışdı  və 
həmin sərgiyə baxan gündən bəri Məmmədağanın belə bir arzusu var idi ki, 
Abşeronun kəndlərini təkcə öz alüminium örtüklü furqonu ilə yox, bu cür bir 
attraksionla gəzib dolaşsın, bu səyyar attraksion sirk kimi bir şey olsun; 
Məmmədağa belə fikirləşirdi və indi də ona elə  gəldi ki, belə bir attraksionu olsa, 
darıxmaq nədi, adamın heç başını da qaşımağa vaxtı olmaz.  
Milisioner Səfər papağı başına qoyub: 
– Belədir işlər, qağa, – dedi. Adım Səfərdi, amma həyatımda cəmi bircə 
səfərim olub... 
Sonra milisioner Səfərin yadına düşdü ki, bu gün səhər həyətdə dayanıb diş 
tozu ilə formasının dəmir düymələrini sürtüb parıldadanda, nə oldusa, arvadı 
Zübeydə yenə hirsləndi və üzünü ona tutub dedi ki, sən Səfər yox, Səfehsən... Nə 
üstündə hirsləndi Zübeydə? Milisioner Səfər bunu yadına sala bilmədi və gülümsədi. 
O, Zübeydənin hirslənmələrinə öyrənmişdi və daha acığı tutmurdu buna. Sonra 
birdən-birə yadına düşdü ki, deyəsən, yenə Naçalnikin üstündə hirsi tutdu 
Zübeydənin... 
Naçalnik yadına düşəndə yenə milisioner Səfərin qanı qaraldı, çiyninə qonmuş 
ağcaqanadı şappıltı ilə vurub öldürdü, sonra köynəyini təmizləyib dedi: 
– Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. – Sonra da Məmmədağaya 
baxıb gülümsədi. – Sən cavan oğlansan, belə şeyləri bilməzsən... 
Əlbəttə, Məmmədağa milisioner Səfərin nə fikirləşdiyini bilmirdi, amma 
burasını çox yaxşı bilirdi ki, bu arıq, uzun kişi bir də heç vaxt dağ suyundan 
xoruzpipiyi çay içməyəcək. Məmmədağa niyə belə fikirləşirdi, səbəbi məlum 
deyildi; bir də ki, milisioner Səfərin elə görkəmi belə deyirdi. 
Məmmədağa bunu da bilmirdi ki, milisioner Səfərin iki naçalniki var idi, biri 
təbii ki, idarədə, o biri də evdə. Məsələ burasında idi ki, milisioner Səfərin altı qızı, 
bir oğlu var idi, oğlu sonbeşik idi və o, anadan olanda həyatlarında birinci dəfə 
milisioner Səfərlə Zübeydənin sözü bir oldu: uşağın adını Naçalnik qoydular. 
Düzdür, indi uşaqlar Naçalnikin adını lağa qoyanda və o gəlib evdə ağlayanda 
ki, niyə  mənə belə ad qoymusunuz, Zübeydə günahı  yıxırdı milisioner Səfərin 
boynuna, amma o vaxt özü razılıq vermişdi və o vaxt milisioner Səfərin ürəyi lap 
dərində bir qubar bağlamışdı: o başa düşmüşdü ki, Zübeydə ona görə uşağa bu adı 
qoymağa razılıq verdi ki, bilirdi əri heç vaxt naçalnik olmayacaq. 
Milisioner Səfər indi də uşağa belə ad qoymaqlarına peşman deyildi. Əvvəla, 
ona görə ki, ad adamı bəzəmirdi, adam adı bəzəyirdi. Ikincisi, pis bir söz deyildi bu, 
Naçalnik gərək yaxşı oxuyaydı, yaxşı çalışaydı, adını doğruldaydı. Onun qanını 
qaraldan və axşam vaxtı bu furqona gətirən də elə burası idi. 
Milisioner Səfər yenə papağını qaldırıb yaş  dəsmalla ağappaq başını sildi, 
bundan sonra uzün qara barmaqları ilə köhnə portsiqarından bir «Pamir» çıxarıb 
yandırdı, dərin bir qullab vurub dedi: 
– Işığa gəlir e, qağa, bu köpək uşağı  ağcaqanadlar, işığa gəlir. Bu saat mən 
gedirəm, sən də işığı söndür. 


 
11
Məmmədağa furqonun ortasından sallanmış elektrik lampasına baxdı. Günaşırı 
şüşəsini silib təmizlədiyi bu iki yüz voltluq lampa furqonun içini elə gur 
işıqlandırırdı, elə bil, işıq bu darısqallığa sığışmırdı. Məmmədağa bu darısqallığı 
yenə hiss etdi, ürəyi qısıldı  və lap qəti qərara gəldi ki, günü sabahdan attraksion 
məsələsini danışacaq idarədə, lazım olsa, gedəcək Nəcəfin yanına, axırı ki, bir iş 
edəcək. 
Nəcəf qabaqlar Məmmədağagilin məhəlləsində yaşayırdı və ondan cəmi dörd 
yaş böyük idi, amma indi nazir müavini işləyirdi. Məhəllədən kim onun yanına 
xahişə getmişdisə, Nəcəf əlindən gələni əsirgəməmişdi. 
Məmmədağa Nəcəfi yadına salıb bir balaca yüngülləşdi və milisioner Səfərin 
həmişə parıldayan qoburuna baxdı. Milisioner Səfər hər gün evdən çıxıb işə gedəndə 
qoburunu səliqə-sahmana salar, yaxşı-yaxşı silərdi. Məmmədağa tüfənglərdən birini 
məhəccərin üstü ilə ona tərəf sürüşdürüb: 
– Atmaq istəyirsən, götür at! - dedi.  
Milisioner Səfər bu dəfə boynuna qonmuş  ağcaqanadı  şappıltı ilə vurub 
öldürdü və yaş dəsmalı ilə boynunu silə-silə: 
– Yox, qağa, çox sağ ol, – dedi. – Atmaqla, vurmaqla aram yoxdu. Mənimki 
odu ki, əmin-amanlıq ola, sakitlik ola... Bilirsən, qağa, sənin yanına niyə gəlmişəm? 
– Milisioner Səfər axır ki, ürək eləyib mətləbə keçdi. – Mənim oğlumu gərək 
qoymayasan buralara gələ, gələndə qovasan. 
– Evdən xəlvət pul götürüb gəlib bura? 
– Yox, ə, sən də söz danışdın də!.. – Mənim oğlum oğurluq edər? Tanımırsan 
onu? 
– Yox. 
– Ona görə də elə deyirsən də!.. Mətləb başqadı, qağa... Dünən yox srağagün 
soruşuram ondan ki, daha böyük oğlansan, keçmisən səkkizinci sinfə, gərək indidən 
məqsədin ola ki, kim olacaqsan böyüyəndə. Deyir məqsədim var. Deyirəm kim 
olacaqsan? Deyir furqonum olacaq, kəndlərə tir gətirəcəyəm... 
Məmmədağa milisioner Səfərin uzun sifətinə, tərdən yaş olmuş köynəyinə, 
par-par parıldayan dəmir düymələrinə baxdı, sonra ayağa qalxıb məhəccərin 
üstündən atıldı və furqonun qapısına yaxınlaşıb kəndin işıqlarına baxdı. Ona qəribə 
gəldi ki, sübh tezdən buradan çıxıb gedəcək, bir də neçə vaxtdan sonra bura gələcək, 
amma kim isə tamam başqa adam, lap elə sabah dənizdə çiməndə, sahildə, günün 
altında parıldayan alüminium örtüklü bir furqonu gözünün qabağına gətirəcək, bu 
furqonu özünkü biləcək və ürəyində öyünəcək. Kəndin işıqları birdən-birə ona 
doğma gəldi, elə bil, içini isindirdi və  Məmmədağa fikirləşdi ki, Abşeronun hər 
kəndində  işıqlar sönəndən sonra gecənin yarısı yuxuya getməzdən  əvvəl kiminsə 
gözlərinin qabağına alüminium örtüklü bir furqon gəlir və  həmin furqon 
Məmmədağanın, bax, bu furqonudu. O, başını qaldırıb göyə baxdı. 
Qırmızı bulud parçası yox olub getmişdi. Dənizdə üfüq də qızarmırdı daha. Ay 
çıxmışdı, ulduzlar çıxmışdı, lap xəfif xəzri başlamışdı  və ay işığında sahilə  gələn 
ləpələrin köpüyü süd kimi ağappaq ağarırdı; bu süd ağlığında elə bil ki, həmin 
qəribə yay gecəsinin təmizliyi vardı və Məmmədağa başa düşə bilmədi ki, cəmi on 
dəqiqə bundan əvvəl niyə birdən-birə o cür darıxdı? Bir halda ki, dünyada bu cür 
süd ağlığı vardı, adam niyə darıxırdı, niyə adamın ürəyi qısılırdı? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə