Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   2   3   4   5   6   7   8   9   ...   145

 
12
Milisioner Səfər heç vaxt heç kimin ürəyinə dəymək istəməzdi. Onun fikrincə
dünyada ən pis şey kiminsə ürəyini sındırmaq idi. Indi də arxadan bu cavan oğlanın 
qara saçlarına, enli kürəyinə, əzələləri sayılan qollarına baxa-baxa fikirləşdi ki, pis iş 
gördü deyəsən, könlünü sındırdı deyəsən bu oğlanın. Amma burası da var idi ki, 
cavan oğlan da gərək zəhmət çəkib onu başa düşəydi. Milisioner Səfər yaş dəsmalını 
səliqə ilə qatlayıb cibinə qoydu və uzun qara barmaqları ilə yenə  də köhnə 
portsiqarından bir «Pamir» çıxarıb yandırdı, dərin bir qullab vurub dedi: 
– Bilirsən, qağa, nahaq pərt olursan. Deyiblər ki, həmişə imam üçün 
ağlayanda, bir dəfə də yezid üçün ağla. Mən nə deyirəm? Pis söz demirəm ki... Mən 
də istəyirəm təkcə oğlum yaxşı oxusun, böyüsün, böyük adam olsun... 
Məmmədağaya çox adam çox söz demişdi, amma uşaq vaxtı molla 
Süleymanın dediyi bir söz heç vaxt yadından çıxmırdı. Adamlara deyilən sözlər də 
qəribə idi. Bir də görürsən sənə elə söz deyirlər ki, şapalaq kimi tutur, amma bir 
aydan sonra yaddan çıxıb gedir və heç vaxt onu xatırlamırsan. Hərdən də elə söz 
deyirlər ki, heç fikir vermirsən, amma sonralar bütün ömrün boyu yadından çıxmır. 
Molla Süleyman Məmmədağagilin məhəlləsində olurdu və onun haqqında 
danışmaq köhnə Sarı hamam, köhnə məscid, yan-yana iki adam güclə yeriyən Dar 
dalan haqqında danışmaq kimi bir şey idi. Molla Süleymanın gözündə qalın şüşəli 
çeşmək, başında adda-budda tükü tökülmüş qəhvəyi rəngli buxara papaq, əlində üstü 
gümüşlə  işlənmiş köhnə  əsa olardı.  Əvvəlcə molla Süleymanın çəliyinin tıqqıltısı 
eşidilərdi, sonra özü hansı həyətdənsə çıxıb səki ilə addımlayardı. 
Məhəllənin molla Süleymandan xoşu gəlməzdi. Molla Süleyman çağırılmayan 
qonaq idi və harda aşdı, orda başdı. Günlərin bir günündə  məhərrəmlik vaxtı 
Məmmədağa ömründə birinci və axırıncı  dəfə  uşaqlarla Sarı hasara dırmaşıb 
məscidin həyətinə baxdı. Molla Süleyman balaca həyətin ortasında dayanıb mərsiyə 
deyirdi: 
 
Necə qan ağlamasın daş bu gün,  
Kəsilib yetmiş iki baş bu gün.  
Kaş bu gün, bu dəmdə  
Olaydım Kərbəlada. 
 
O zaman Məmmədağa molla Süleymanın çeşməyinin qalın  şüşələri altından 
bərələn gözlərinə baxıb fikirləşmişdi ki, əgər yetmiş iki baş kəsilən vaxt Kərbəlada 
olsaydı, adamları darda qoyub elə birinci qaçan molla Süleymanın özü olardı. 
Məmmədağa bunu axşam evdə də dedi və Səkinə xala əvvəlcə ona acıqlandı ki, bir 
də məscid tərəfə getməsin, sonra da özünü saxlaya bilməyib gülümsədi: 
– Amma sən də az bilmirsən ha! – dedi.  
Məmmədağagilin məhəlləsində binaların çoxu birmərtəbəli, ikimərtəbəli idi və 
hamısının da damına qır basılmışdı. Məmmədağagil dama çıxıb molla Süleymanı 
gözləyirdi, çəliyin tıqqıltısı gələn kimi, birmanatlığın ucunu deşib sapla 
bağlayırdılar. Molla Süleyman səkinin üstünə düşmüş manatlığın yanına çatanda 
dayanırdı, çeşməyini pula zilləyib diqqətlə baxırdı, sonra əyilib yerdən götürmək 
istəyirdi. Molla Süleyman səkinin üstünə əyilən kimi Məmmədağagil sapı dartırdı və 
kişi pulun dalınca bir neçə metr az qala iməkləyirdi. Sonra Məmmədağagil hay-
küylə sapı yuxarı dartırdı və manatlıq molla Süleymanın yekə, çopur burnunun 


 
13
qabağından dama qalxırdı. Molla Süleyman lənət yağdıra-yağdıra, qarğışlaya-
qarğışlaya çəliyini tıqqıldadıb səkinin üstü ilə yoluna davam edirdi: 
– Dayanın bir, köpək uşağı! Əlləzinəni əzbər oxudacağam sizə!.. 
Ən qəribəsi bu idi ki, üç-dörd gündən sonra molla Süleyman yenə  də özünü 
saxlaya bilməyib, ucuna ip bağlanmış manatlığı götürmək üçün aşağı əyilirdi. 
Bir gün Məmmədağa Dar dalanın qabağındakı tut ağacının altında oturub 
taxtadan  şumaqədər yonurdu. Birdən kim isə onun boynunun ardından tutub 
qaldırdı. Məmmədağa heç vaxt bilməzdi ki, molla Süleymanın qolunda belə güc var. 
Onun gözlərini də bu cür yaxından görməmişdi. Dərinə düşmüş bu acıqlı gözlər 
qalın  şüşənin arxasında böyümüşdü. Molla Süleyman Məmmədağanın sifətini lap 
gözlərinin tuşuna gətirib saralmış seyrək balta dişlərinin arasından tüpürcək 
damcıları sıçraya-sıçraya: 
– Bircə, – dedi, – biləydim ki, böyüyəndə  sən kim olacaqsan? Hambal 
olacaqsan, hambal! Hambal Dadaş deyəcəklər sənə! 
Bu vaxt Məmmədağagilin dalan qonşusu Kitabulla hardansa gəlib çıxdı və onu 
molla Süleymanın əlindən aldı: 
– Uşağın boynunu burax, a kişi! Burax deyirəm sənə! 
Molla Süleyman acıqlı gözləri ilə Kitabullanın hündür boynunu, enli 
kürəklərini, güclü qollarını nəzərdən keçirib: 
– Sən də Qoçu Nəcəfqulusan? – dedi.  
 – Yox, Qoçu Nəcəfqulu deyiləm, amma burax uşağın boynunu! 
– Hə... Deməli, Həllac Mənsursan! – Molla Süleyman bu sözləri lap yanıb-
yaxılıb dedi və Məmmədağanın boynunu buraxdı; Məmmədağa düz bir həftə molla 
Süleymanın qaxac barmaqlarını boynunun arxasında hiss etdi. 
Indi o vaxtdan çox illər keçmişdi və o zaman dediyi bu sözlər yəqin molla 
Süleymanın özünün yadından çıxmışdı. Bakıda olanda Məmmədağa furqonun bir 
tərəfini səkiyə çıxarıb evlərinin qabağında saxlayırdı. Məhəllənin uşaqları furqonun 
başına yığılırdı və bu uşaqlardan heç kim ağlına gətirmirdi ki, bir vaxt 
Məmmədağanın özü məhəllədə dayanan maşınların qabağında bu cür atılıb - 
düşürdü. Düzdür, ondakı maşınlarla bu alüminium örtüklü furqon bir araya sığmırdı, 
yəni bu furqonun yaraşığının qabağında o «paluturka»lar, «villis»lər təzə nağaranın 
yanında köhnə dəf kimi bir şey idi. 
Məmmədağa Sarı hamama gedib özünü kisəçi Cabbara yaxşıca kisələtdirirdi, 
buğxanaya girib yaxşıca buğlanırdı, hamamdan çıxıb Əsədullanın budkasında bir 
krujka sərin pivə içirdi, sonra evə gəlib təzə köynəklərindən birini, təzə kostyumunu 
geyirdi, qalstuk taxırdı, çölə çıxıb Dar dalanın qabağındakı tut ağacının yanına 
gəlirdi. Tay-tuşları, məhəllənin cavanları bir-bir gəlib onunla görüşürdü, hal-əhval 
tuturdular və Məmmədağa məhəllədəki bütün yeniliklərdən xəbərdar olurdu, bilirdi 
ki, kim nişanlanır, hansı qızın «hərisini» veriblər, kim işini dəyişib, kim qonşusuyla 
dalaşıb, kim kimlə barışıb və kim kimdən inciyib. Böyük yeniliklərdən isə 
əvvəlcədən evdə xəbər tuturdu. Toya çağrılanda onun dəvətnaməsini Səkinə xalaya 
verirdilər və o həmişə işini elə qurmağa çalışırdı ki, toylarda iştirak eləyə bilsin. 
Məhəllədə hansı toyasa gedə bilməyəndə, o saat dedi-qodu başlayırdı və 
Məmmədağanın belə dedi-qodudan zəhləsi gedirdi. Işdi, heç cürə mümkün eləyə 
bilməyəndə, əvvəlcədən hədiyyəsini aparıb toy yiyəsinə verirdi, təbrik edirdi. Hər 
bazar günü Bakıda qalanda mütləq yas yerlərinə dəyərdi, başsağlığı verərdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə