Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   2   3   4   5   6   7   8   9   ...   145

 
16
– Mənim indiyə qədər dilimə haram çörək dəyməyib! Indiyə qədər, gözümün 
ucuyla da olsa, kimsənin  əlinə baxmamışam. Həmişə çesni olmuşam, düz 
dolanmışam. Həmişə də belə olacağam! 
Mirzoppa milisioner Səfəri nifrətlə təpədən-dırnağa qədər süzüb: 
– Elə ona görə bu günə qalmısan də!..  – dedi. Milisioner Səfər papağını başına 
qoyub Mirzoppanın lap qabağına yeridi: 
– Nə günə qalmışam, ə, mən? Nə günə qalmışam?!  
Mirzoppa bu dəfə milisioner Səfərə cavab vermədi, üzünü Məmmədağaya 
tərəf tutub: 
– Tez elə! – dedi. – Adama bir tüfəng, yüz güllə!  
Məmmədağa heç vaxt gözləməzdi ki, günlərin bir günündə, qəribə bir yay 
gecəsi Mirzoppa ilə beləcə rastlaşacaq.  Əslində o, Mirzoppanı tamam yadından 
çıxarmışdı və bu gecə onu görməsəydi, bəlkə də heç vaxt yadına salmayacaqdı. 
– Noldu, alə? – Mirzoppa gözünün birini yumub diqqətlə  Məmmədağaya 
baxdı və onu tanıdı. – Məmmədağa döyülsən sən? 
– Məmmədağayam... 
...Mirzoppanın atası  Əliabbas kişi qırçı idi və  məhəllədə hamı onlara 
«Qırçılar» deyirdi. Iri bir qır tiyanı Mirzoppagilin küçə qapılarının qabağında 
dayanırdı  və payızqabağı bu qır tiyanı  məhəllədəki evlərin qapılarında gəzirdi. 
Əliabbas kişi binaların damına qır basırdı. Hərdən tiyan məhəllədən yox olurdu, bu o 
demək idi ki, Əliabbas kişi başqa məhəllədə  iş götürüb. Həmin iri qır tiyanı 
görünməyəndə, elə bil, məhəllədə nəsə çatışmırdı, nəsə öz yerində deyildi. 
Mirzoppa həmişə özündən dörd-beş yaş kiçik uşaqlarla durub-otururdu və bu 
uşaqların yanında sözü keçirdi. Heç kim bilmirdi ki, Mirzoppanın neçə yaşı var və 
Məmmədağagili evdə onunla qorxudurdular: 
– Görürsüz Mirzoppanı, papiros çəkir, ona görə də boyu çıxmır. Kim papiros 
çəksə, Mirzoppa kimi pota olacaq, böyüməyəcək, bax, beləcə qartıb qalacaq. 
Uşaqlardan heç kim Mirzoppaya oxşamaq istəmirdi, çünki Mirzoppanın özünü 
heç kim istəmirdi, ondan qorxan vardı, amma xətrin istəyən yoxdu. Uşaqların 
arasında papiros çəkən də o idi, birinci dəfə arvadlardan danışan da o olmuşdu. 
Mirzoppagil məhəllənin aşağısında balaca yay kinoteatrının yanında olurdu. 
Bir yay həmin kinoteatrda üç ay hər gün «Tarzan»ı göstərdilər. Uşaqlar səhər 
yerlərindən qalxan kimi gedib bilet növbəsinə dururdu. Kinoteatrın qabağı bilet 
alverçiləri ilə dolu olurdu. Hərdən uşaqların pulu olmayanda, Mirzoppagilin damına 
çıxıb kinoya oradan baxırdılar və bunun üçün Mirzoppa səhəri gün onların 
hərəsindən abbası-abbası pul yığırdı. 
Mirzoppa həmişə böyük-böyük danışırdı, başından böyük qələt eləyirdi, 
uşaqlara qulluq buyururdu, böyüklərə qulluq göstərirdi; Məmmədağadan xoşu 
gəlmirdi, ona görə ki, göndərmək istəyəndə  nə papiros dalınca gedirdi, nə tiyanın 
altında yandırmaq üçün taxta-tuxta yığırdı. Bir-iki dəfə  xəlvətə düşəndə Mirzoppa 
onunla vuruşmuşdu, heç biri heç birini əməlli-başlı  əzişdirə bilməmişdi, amma 
Mirzoppa həmişə qalib kimi gəzirdi, qalib kimi durub-otururdu. 
Bir gün hər şey dəyişdi. 
Həmin gün Mirzoppa evlərinin qabağındakı səkidə oturub qara çörəklə duzlu 
balıq yeyə-yeyə pəsdən oxuyurdu özü üçün: 
 
 


 
17
«Pobeda» - mobeda bilmərəm,  
Tarzanı mindirmərəm,  
Cenn ipi kəsibdir,  
Mən onu dindirmərəm. 
 
(Qəssab Ağanəcəfin arvadı Balacaxanım hərdən kefinə düşəndə  məhəllədə 
uşaqların arasında bu məşhur mahnını başqa cür oxuyurdu: 
 
«Pobeda» - mobeda bilmərəm,  
«Moskviç»ə minmərəm,  
«Zim» qapıya gəlməsə,  
Mən heç hara getmərəm. 
 
Bunu oxuyurdu və  həmişəki kimi, başına toplaşmış cavan məhəllə  qızlarına 
göz vurub bərkdən şaqqanaq çəkirdi. Tramvay kursunda oxuyan Allahverdinin anası 
Ayna arvad evlərinin pəncərəsindən Balacaxanıma baxıb öz-özünə danışırdı: «Ona 
bax, gör nə şaqqanaq çəkir!.. Qarğa, məndə qoz var deyir e, lap!..») 
Həmin gün Məmmədağa neft dükanından neft alıb evə aparırdı  və 
Mirzoppanın yanından keçəndə özünü saxlaya bilməyib dayandı. 
O illər Məmmədağagildə şəkərbura, paxlava, şəkərçörəyi tez-tez olardı; onda 
Səkinə xala şirniyyat fabrikində işləyirdi, iki gündən bir, üç gündən bir işdə onlara 
pay verirdilər; şəkərbura tez-tez olardı, amma başqa şey az-az olardı, duzlu balıq isə 
heç olmazdı – Səkinə xalanın duzlu balığın iyindən xoşu gəlməzdi. 
Əlbəttə, Mirzoppa o saat başa düşdü ki, duzlu balıq üçün Məmmədağanın ağzı 
sulanıb, amma Mirzoppa da elə ona görə Mirzoppaydı ki, bu yerdə adamı yandırıb-
yaxardı. 
–  Əntiqə silyotkadı! – Mirzoppa ağzını marçıldada-marçıldada duzlu balığın 
quyruğunu sümürdü. – Yeyirsən? 
Məmmədağa bilirdi ki, Mirzoppa belə  məqamda adama balıq verən deyil, 
amma özünü saxlaya bilməyib dedi ki, hə, yeyirəm. 
– Pulun var yanında? 
Bayaq neft alanda Məmmədağaya xırda pul qaytarmışdılar və  həmin xırda 
pullar indi Məmmədağanın trikotaj köynəyinin döş cibində idi, amma o vaxtlar pul 
Məmmədağagilin evində çox mötəbər bir şey idi və o, ürək eləyib bu pulları 
Mirzoppaya verə bilməzdi. 
– Hə, var pulun? 
– Yox. 
– Onda al! - Mirzoppa duzlu balığın yağına bulaşmış kök baş barmağını iki 
barmağının arasına soxub, Məmmədağaya göstərdi, sonra yenə duzlu balığın 
quyruğunu sümürüb ağzını marçıldatdı və birdən nəsə fikirləşib dedi: – Get evdən 
şəkərbura gətir, dəyişək. Ancaq yaxşısı olsun, üstündə də badam, özü də lap böyük. 
O illər məhəllədə konfet, şokolad,  şəkərbura, paxlava, şəkərçörəyi  ən ləziz 
şeylərdən idi və aydın məsələ idi ki, hamı bunları alıb yeyə bilmirdi. Gücü çatan 
Novruz bayramı üçün şəkərbura ilə paxlava bişirirdi.  Əlbəttə, həmin  şəkərbura, 
paxlava fabrikdə bişəndən ləzzətli olurdu, amma o yerdə ki, söhbət olub-
olmamaqdan gedirdi, onda evdə bişməyə, ya fabrikdə bişməyə fikir verən yox idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə