Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   2   3   4   5   6   7   8   9   10   ...   145

 
18
Məmmədağa evdən  şəkərbura gətirəndə Mirzoppa Dar dalanın qabağında 
dayanıb onu gözləyirdi.  Şəkərburanı  əlinə alıb zərgər  Ələşrəf qızıla baxan kimi, o 
tərəf-bu tərəfinə baxdı və Məmmədağa fikirləşdi ki, Mirzoppa indi də təzə bir hoqqa 
çıxaracaq, amma şəkərbura Mirzoppanı tutmuşdu və o təkcə bunu elədi ki, minnət 
qoydu: 
– Yaxşı də, day sənsən... Ala. 
Məmmədağa duzlu balıq parçası ilə qara çörəyi alıb elə oradaca yedi, 
Mirzoppa isə evlərinə getdi. 
Iki gün keçdi və üçüncü gün axşam Mirzoppa özü Dar dalana gəldi,  əlində 
tutduğu qara çörəklə duzlu balıq parçasını Məmmədağaya göstərib soruşdu: 
– Şəkərbura gətirirsən? 
– Yox, istəmirəm. 
– Istəmirsən? Silyotka istəmirsən? – Az qaldı Mirzoppanın gözləri kəlləsinə 
çıxsın. – Belə oldu? 
Həmin gecə Mirzoppa bütün məhəllə  uşaqlarını tut ağacının altında başına 
yığıb deyirdi: 
– Sən öləsən,  əntiqə kef eləyirdim özümçün, hərifləmişdim bu maminkin 
sınoku. Əntiqə şəkərbura gətirirdi mənimçün, üstündə də badam. Mən də basırdım 
buna köhnə silyotkanı, qara çörəyi. Çörəyi gedib Yasamaldakı tövlədən gətirirdim. 
Hacıbalagilin qoyunlarının qabağından. Şəkərburanı da yeyirdim özümçün əntiqə!.. 
Mirzoppa yağlı-yağlı danışdıqca, uşaqlar gülürdü və Məmmədağa ömründə bu 
cür pərt olmamışdı;  əlbəttə, burası  məlum idi ki, Mirzoppa çörəyi gedib 
Yasamaldakı tövlədən gətirməmişdi və balıq da köhnə deyildi, bunların hamısını 
Mirzoppa özündən toqquşdururdu, amma bu yalanı Mirzoppa ləzzətlə danışırdı, 
çünki bu yalanlar Məmmədağanı xalis maymaq kimi qələmə verirdi. 
Üç-dörd gün də keçdi. 
Bir gün Məmmədağa məktəbdən qayıdanda Mirzoppa dayanmışdı Dar dalanın 
qabağında və  nədənsə  Məmmədağaya elə  gəldi ki, Mirzoppa onu görməkdən ötrü 
səhərdən burdadı; Mirzoppanın  ətli sifətində elə bir ifadə vardı ki, bu ifadə onun 
üzündə, ancaq özündən böyüklərin, özündən güclülərin yanında günahkar olanda 
əmələ gələrdi; Məmmədağanı görüb bir az çəkinə- çəkinə dedi: 
– Hə, qaranoy, məktəbdən gəlirsən? – Sonra yavaş-yavaş ürəklənib yenə 
əvvəlki Mirzoppa kimi böyük-böyük danışmağa başladı: – Yaxşı  də, padumayeş, 
nolub e? Zarafat eləyirdim də o gün... Lap zaysan a, sən zarafat-zad da day bilmirsən 
nədi! Yaxşı... – Bu yerdə Mirzoppa yenə  çətinə düşdü və yenə  də bir az çəkinə-
çəkinə dedi: – Mənə bax, əntiqə silyotka var məndə, canımçun, alayı  şeydi! 
Istəyirsən? 
– Bude, ala! - Bu dəfə  Məmmədağa mürəkkəbə bulaşmış baş barmağını iki 
barmağının arasından çıxarıb Mirzoppanın gözlərinin qabağına uzatdı. 
Mirzoppa lap yanıb-töküldü: 
– Sən öləsən, heyf atam evdədi, yoxsa qoyardım lopuva sənün! – dedi və çıxıb 
getdi. 
Mirzoppa çıxıb getdi, amma Məmmədağa, nədənsə, bu intiqamından bir ləzzət 
anlamadı, Mirzoppanın bugünkü danışığında, duruşunda, yerişində nəsə elə bir şey 
vardı ki, Məmmədağanı sidq-ürəkdən ləzzət almağa qoymadı. 


 
19
Günorta vaxtı idi və  Səkinə xala işdən tənəffüsə  gəlib yaş süpürgə ilə 
həyətlərini tərtəmiz süpürmüşdü; yaş süpürgə  həmişəki kimi, həyətə bir sərinlik 
gətirmişdi və Məmmədağa da qapılarının ağzındakı kubik daşın üstündə oturub təzə 
düzəltdiyi çəlpələnyin qarqarasına onluq sap dolayırdı. Dalandan Mirzoppanın kişi 
səsi kimi yoğunlamış səsi gəldi: 
– Məmmədağa! 
Məmmədağa qarqaranı pamazı köynəyinin yaxasına atıb həyətin dalan 
qapısına çıxdı: 
– Nə var? – bunu soruşdu və Mirzoppanın sifətində yenə  də  həmin ifadəni 
gördü – özündən böyüklərin, güclülərin yanında qələt eləyəndə əmələ gələn ifadəni. 
– Gəl bura də, bir dəqiqəyə. 
– Neynirsən məni? 
– Işim var sənnən... 
Mirzoppa onu dalandakı zibil yeşiklərinin yanında xəlvətə  çəkdi və  mətləbə 
keçməzdən əvvəl kefini xəbər aldı: 
– Necəsən? 
– Sənə nə var necəyəm? Nə deyirsən? 
Və Mirzoppaya məlum oldu ki, Məmmədağa ilə aranı düzəltmək daha çətin 
məsələdi, üz-gözünü qırışdırıb bir az başını qaşıdı, domba gözlərini dalanın 
üstündən keçən elektrik məftillərinə qonmuş  sərçələrdə  gəzdirdi və  Məmmədağa 
başa düşdü ki, Mirzoppa bilmir hardan başlasın; axırı Mirzoppa dedi: 
– Mənə bax, Məmmədağa, öz canımçün, atam əntiqə kilkə gətirib, vışi şeydi, 
qabında yazıblar ki, ekstra, özü də Nizami muzeyinin qabağındakı prodmaqdan 
alıb... 
Məmmədağa bilirdi ki, Mirzoppa sabah yenə  uşaqları başına yığıb onu pərt 
eləyəcək, özündən yüz cürə yalan toqquşduracaq, amma həmin gün onun birdən-birə 
Mirzoppaya yazığı gəldi; həmin gün Mirzoppa yenə də Mirzoppa deyildi və elə bil 
özü də bunu hiss edib minnət qoymaq istədi: 
– Mən sənə görə deyirəm e, əntiqə kilkədi... Badam-zad da lazım deyil, elə bir 
dənə şəkərbura gətir. Gözləyim səni burda? 
Məmmədağa bir söz deməyib evə getdi və bir dənə  şəkərbura götürüb 
Mirzoppagilin həyət qapısına gəldi. Mirzoppa ədəb-  ərkanla bir fal qara çörək kəsib 
üstünə də iki dənə duzlu kilkə qoymuşdu. Məmmədağanın gətirdiyi şəkərburanı alıb 
yenə də zərgər Ələşrəf kimi, o tərəf-bu tərəfinə baxdı, sonra kilkəni ona uzatdı: 
– Ala, sən öləsən, ancaq sən olmasaydın, heç kimlə dəyişməzdim bunu. Əntiqə 
şeydi!.. Qaranoyumsan da sən, neyniyim?.. 
Sonra da Mirzoppa güldü və kök sifətindəki məzlum ifadə gözgörəti çəkilib 
getdi. Mirzoppa bir dəqiqənin içində əvvəlki Mirzoppa oldu; həyətlərinə girib qapını 
bağladı və birdən-birə Məmmədağaya elə gəldi ki, şəkərburanı Mirzoppa özü yemir, 
başqasına verir. 
Məmmədağa kilkələri elektrik şalbanının yanında dayanıb miyoldaya-
miyoldaya ona baxan boz pişiyin qabağına tulladı, çörəyi Mirzoppagilin küçə 
pəncərəsinin dəmir  şəbəkəsinə soxdu və  şalbanla dırmaşa-dırmaşa birmərtəbəli 
binanın damına çıxdı, kərpic bacanın dalında gizlənib Mirzoppagilin həyətlərinə 
tərəf boylandı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə