Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

 
20
Dudu həyətdəki kranın yanında tərsinə çevrilmiş vedrənin üstündə oturmuşdu 
və  Məmmədağa təəccüb etdi ki, vedrə bu qədər ağırlığa necə dözür. Mirzoppa 
Dudunun qabağında dayanıb  əlindəki  şəkərburanı onun ağzına uzadırdı. Dudu da 
şəkərburadan dişləyib yavaş-yavaş çeynəyə-çeynəyə udurdu. 
Məhəllədəki uşaqlardan heç kim Dudunun əsl adını bilmirdi; hamı Duduya elə 
Dudu deyirdi. Dudu həddindən artıq kök idi, lap yekə  də başı vardı. Ona həmişə 
balaqları çox enli sətin finka geyindirirdilər ki, baldırları yeyilib yara olmasın, həm 
də onun bədəninə  gələn  şalvar yox idi. Dudunun başı  həmişə  əsirdi, ağzından da 
həmişə su tökülürdü. Dudu danışa bilmirdi, bir söz demək istəyəndə cürbəcür səslər 
çıxarırdı. Dudu heç vaxt uşaqların yanına gəlməzdi, hərdən küçəyə  çıxıb həyət 
qapısının ağzında dayanırdı, gülürdü, öz-özünə cürbəcür səslər çıxarırdı. Dudunun 
on üç yaşı vardı (Məmmədağadan yaş yarım kiçik idi), amma hələ  məktəbdə 
oxumurdu. 
Dudunun atası Mirzoppanın əmisi idi, müharibədə ölmüşdü, anası da pis işlər 
elədiyinə görə (deyirdilər ki, gecənin yarısı başqa məhəllələrdən bura kişilər gəlib 
tut ağacının altında onunla öpüşürmüş) Mirzoppanın atası Əliabbas kişi onu evdən 
qovmuşdu və Dudu təkcə qalmışdı Mirzoppagildə. 
Mirzoppa şəkərburanı Dudunun ağzına uzada-uzada deyirdi: 
– Hə, yeginən. Sabah yenə gətirəcəyəm sənə. Üstündə badam da olacaq sabah. 
Sabah sənə konfet də alacam. Sabah kino var əntiqə, uşaqlar gəlib damdan baxacaq
mən də pul yığıb səninçün konfet alacam əntiqə. 
Dudu heç nə ifadə eləməyən gözlərini naməlum nöqtəyə zilləyib ağzındakı 
şəkərbura tikəsini yavaş-yavaş çeynəyirdi. Və birdən necə oldusa, Dudu gözlərini 
qaldırıb dama baxdı, bacanın dalında gizlənməyə çalışan Məmmədağanı gördü. 
Dudu cürbəcür səslər çıxardı, şəkərbura tikəsinin qırıqları ağzından Mirzoppanın üz-
gözünə sıçradı. 
Məmmədağa əvvəlcə qaçmaq istədi – ona görə yox ki, Mirzoppadan qorxurdu, 
ona görə ki, başa düşmüşdü: bu gördüklərini gərək görməyəydi; başa düşdü ki, 
Mirzoppanın ürəyinin gizli sirri açılıb və bu sirri belə xəlvətcə gəlib açmaq yaxşı iş 
deyil. 
– Alə,  əclaf oğlu  əclaf, damımıza nöş  çıxmısan? – Mirzoppa az qalırdı 
hirsindən partlasın, amma onun bu söyüşü Məmmədağanı özünə  gətirdi, çünki 
Məmmədağa üçün dünyanın ən vicdansız işi ata söyüşüydü; çünki Məmmədağanın 
atası da müharibədən qayıtmamışdı və Məmmədağa onun heç sifətini xatırlamırdı; 
Məmmədağının atası Əli müharibənin birinci ili cəbhəyə getmişdi, elə birinci ili də 
Moskva yaxınlığında bir faşist gülləsinin qurbanı olmuşdu. 
Mirzoppa divarın qabağına cumdu, elə bil, bu saat atılıb dama çıxacaqdı: 
– Düş aşağı, əclaf oğlu, əclaf! 
–  Əclaf oğlu özünsən! - Məmmədağa Mirzoppanın cavabını qaytardı, amma 
onun bütün üz-gözü alışıb-yanırdı, elə bil ki, indi həyətdə cürbəcür səslər çıxaran 
Dudunun Mirzoppanın əlinə dikilmiş gözləri şəkərburanın qalanına yox, ona baxırdı 
və elə bil ki, Dudunun ağzından sıçrayan şəkərbura qırıqları Mirzoppanın yox, onun 
üz-gözünə düşmüşdü. 
Sonra Məmmədağa  şalbanla sürüşüb aşağı düşdü və Mirzoppa həyətdən 
küçəyə  çıxanacan Dar dalana çatıb gözdən itdi; Məmmədağa Mirzoppa ilə 
dalaşmaqdan qorxmurdu, elə bil ki, utanırdı Mirzoppadan. 


 
21
Məmmədağa bütün günü evdən çıxmadı, axşam isə, Dar dalandan 
Mirzoppanın kişi səsi kimi yoğun səsi gəldi. 
– Məmmədağa! 
(Çox vaxt anaları, böyük bacıları Mirzoppanın baxışlarını oxuyub uşaqları 
onunla oynamağa qoymurdular; deyirdilər: «–Yekə kişidi o, boyu çıxmır. Üz-
gözündən həyasızlıq tökülür. Sizin tayınız deyil. Öz tay-tuşunuzla oynayın!».) 
Məmmədağa həyət qapısından başını çıxarıb: 
– Nə var? – dedi. 
– Bir dəqiqəyə gəl bura, işim var sənnən. 
 Əlbəttə, Məmmədağa məlum səbəbə görə Mirzoppa ilə danışmaq istəmirdi, 
amma əvvəl-axır, onsuz da, üzbəüz gəlməliydilər; o, dalana çıxdı, Mirzoppa yenə də 
onu dalandakı zibil yeşiklərinin yanında xəlvətə  çəkib domba gözlərini elektrik 
məftillərinə dikdi, sonra köynəyinin yaxasından qoynuna qoyduğu «Belomorkanal»ı 
çıxarıb dərdli adamlar kimi bir papiros yandırdı: 
– Mənə bax, – dedi, – Məmmədağa, öz canımçün, olur də, qərdeşnən qərdeşin 
arasında yüz cür şey olur. Nolar? Sənnən day heç işim-zadım yoxdu, qərdeş canı. 
Sən də day uşaqlara deməginən ki, Mirzoppa şəkərburaları Duduya yedirdirdi, hə? 
Məmmədağa bu barədə heç fikirləşməmişdi də, yəni günorta damın üstünə 
çıxıb gördükləri və eşitdikləri ona elə təsir eləmişdi ki, Məmmədağanın acığı özünə 
tutmuşdu, həm də yaman acığı tutmuşdu; burası da Məmmədağaya məlum olmuşdu 
ki, Mirzoppanın da ürəyi var və bu ürək də  hərdən kövrəlir, hərdən lap açılır, lap 
təmiz olur, lap geniş olur, amma indi Mirzoppanı qorxu götürmüşdü ki, birdən 
ürəyinin bu təmizliyini, bu açıqlığını məhəllənin başqa uşaqları da bilər – Mirzoppa 
yenə həmişəki Mirzoppa olmuşdu və bu yerdə Məmmədağanın ona bərk acığı tutdu, 
birdən-birə ürəyində elə bir intiqam hissi baş qaldırdı ki, heç olmasa, yarım saat 
müddətinə Mirzoppanın  əskik  əməllərinin hayıfını almaq istədi. Mirzoppa bir də 
soruşdu: 
– Hə? 
– Deyəcəyəm. 
Mirzoppa bir az çəpəki-çəpəki ona baxdı, sonra damağındakı papirosu 
dibinəcən sümürüb zibil yeşiyinə tulladı, ömründə yumadığı çirkli dişlərini qıcıyıb: 
– Mənə bax, – dedi, – sənə  ağız açıram, öz canımçun, heç kimə  ağız 
açmamışam ömrümdə! Yaxşı döyül, hərənin öz hörməti var, hərə özüyçün bir 
cayıldı... 
Məmmədağa bilirdi ki, Mirzoppa gözünün içinə kimi yalan deyir, indiyəcən 
çox adama ağız açıb, işi bərkə düşəndə özündən böyüklərə yalvarıb-yaxarıb, min 
dəfə «qələt eləmişəm» də deyib və bu dəfə onun yaralı yerini lap közərtdi: 
– Bizdən yığdığın pullara da Duduyçun konfet alırsan? 
Mirzoppa əlini Məmmədağanın gözlərinin qabağında oynatdı: 
– Alə, adam kişi olar! Səni adam bilmişik, qapuva gəlmişik!.. Necə adamsan, 
alə, sən? 
Mirzoppanın ən böyük pisliyi ondaydı ki, qorxurdu başqaları onun yaxşı 
cəhətlərini bilsin; yalan, adama sataşmaq onun üçün elə mötəbər idi ki, qorxurdu 
məhəllə uşaqları onun yaxşı bir işini eşidib üz döndərsinlər, bütün hörmətini itirsin; 
o, bir müddət çəpəki-çəpəki Məmmədağaya baxdı, elə bil fikirləşirdi ki, nə eləsin, 
bu işə ki, düşüb, necə çıxsın, bu saat bir-iki dənə ilişdirsin Məmmədağaya və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə