Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə9/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   5   6   7   8   9   10   11   12   ...   184

 

22

Etyen Rasnyora qulaq asırdım, fəqət mənə elə  gəlirdi ki, bütün bunların 



hamısını  əvvəldən də bilirəm və  mən bu əzablı günlər  ərzində Etyen Rasnyora əl 

tutmaq, müvəqqəti də olsa iztirablarını azaltmaq üçün, məhz bu görüşü gözləmişəm; 

ürəyimə dammış  həmin «nə isə»də heç bir müdhişlik yox idi, «nə isə» bizim bu 

görüşümüz idi. 

– Mən hiss edirəm ki, bütün bunlar müvəqqətidir... Əgər on gün, on beş gün biz 

insan kimi yaşaya bilsək, daha həmişə Tereza ilə birgə olacağıq, lap acından ölsək 

də... Bu, böhrandır, müsyö, müvəqqəti böhran, lakin bu müvəqqəti böhran əbədi 

olaraq bizi bir-birimizdən ayıra bilər. Tereza da daha əbədi olaraq Tereza olmaz, 

müsyö, bu ondan asılı deyil... 

Bizim evdəki televizorumuz çox köhnə idi: «Temp-2». Köhnə idi deyəndə, indi 

də elə həmin televizordur. Yoldaşımla birlikdə bir az pul düzəltmişdik ki, nəhayət, 

bu televizoru dəyişək, daha uşaqlar futbola baxmaqdan ötrü qonşulara qaçmasın. 

«Elektron-2» almaq istəyirdik. «Elektron-2» dörd yüz neçə manatadır. Pul mənim 

yazı masamın siyirtməsində idi. Qalxıb pulun hamısını götürdüm və dinməzcə Etyen 

Rasnyora uzatdım. O yenə də çox çətinliklə dedi:  

– Mən məğrur adamam, müsyö... Siz hələ  məni yaxından tanımırsınız. Müsyö 

Pikasso çox gəncdir, onun cəmi iyirmi üç yaşı var, Ispaniyadan yenicə  gəlib... O 

bizim dostumuzdur, lakin lap dərindən tanımır bizi... Mən məğrur adamam, müsyö, 

ancaq mən bu pulları sizdən götürəcəyəm, özü də borc kimi götürəcəyəm. Mən bunu 

Tereza üçün edirəm, Terezanın öz-özünə  xəyanət etməməsi üçün. Siz mənə bir 

dilənçi kimi baxmayın, müsyö. Bu mənim borcumdur. 

O, pulları cibinə qoydu. Mən ona manat vermişdim, o isə,  şübhəsiz ki, cibinə 

frank qoydu. Sonra ayağa qalxdı. Silindri başına qoydu. Heç bir söz demədən 

qupquru əli ilə əlimi sıxdı, bir dost kimi sıxdı və cəld addımlarla otaqdan çıxdı. 

Etyen Rasnyorun ardınca bayır qapısını bağladım və otağa qayıtdım. 

Bəlkə Etyen Rasnyor, doğrudan da, məğrur adamdır və bu pulları məndən qəbul 

etmək onun üçün ən əzablı bir iş idi. Əgər bu cürdürsə, eşq olsun Etyen Rasnyora, o, 

başqa insan üçün öz məğrurluğunu belə qurban verir – hər adam buna qadir deyil. 

Bəlkə Etyen Rasnyor utandığı üçün belə deyirdi, o, məğrur deyil, bu pulları alıb 

cibinə qoyarkən sevinc içində idi, bəlkə ürəyində  mənim sadəlövhlüyümə gülürdü 

də – insanları tanımaq olmur. Əgər həqiqət beləydisə  də, mən təəssüflənmirdim, 

çünki mən «Kasıbların süfrəsi»nə baxdığım gündən özüm də bilmədən bu görüşün 

həsrətində idim və hərgah Etyen Rasnyor bu gecə mənim otağıma gəlməsəydi, bəlkə 

mən də öz əvvəlki «mən»imdən  əbədi uzaqlaşacaqdım; öz iradəmin gücünə, öz 

həyat eşqimin gücünə  həftələrdən, aylardan, lap illərdən sonra, «Kasıbların 

süfrəsi»ni başımdan çıxaracaqdım, rahatlaşacaqdım və bununla da özüm özümə 

xəyanət edəcəkdim. 

Qeyri-iradi mizə yaxınlaşıb «Kasıbların süfrəsi»ni götürdüm və baxdım və... elə 

bil ürəyim dayandı. Etyen Rasnyor ilə Tereza dünyanın  ən xoşbəxt adamıydı: 

qucaqlaşmışdılar. Gülürdülər, bir-birini sevirdilər və  həmişə  də sevəcəkdilər: 

qarşılarındakı süfrə elə bol idi ki, nə desən, varıydı – toyuqdan tutmuş  əla  şəraba 

kimi. 


Pikassonun bu rəsmi yalnız məndədir, mənim köhnə reproduksiyamdan başqa 

heç kimdə belə bir şəkil yoxdur. Bütün başqa köçürtmələrdə «Kasıbların süfrəsi» 

əslində olduğu kimidir. Mənim köçürtməm isə bir nüsxədir. 

Əslində bu, Pikassonun rəsmi deyil. 

Bu rəsmi bizim – mənim və Etyen Rasnyorun – gecə görüşü yaratmışdı. 



 

23

Mən bu hadisəni heç kimə danışmamışam, çünki bunun əhəmiyyəti yoxdur; 



çünki heç kim buna inanmaz; çünki insanın  ən böyük sirdaşı,  ən yaxşı müsahibi, 

insanın hiss-həyəcanları üçün ən doğma adam özüdür. Mən bu hadisəni öz 

yoldaşıma belə danışmamışam. «Elektron-2»nin pulunun necə olması barədə bir 

əhvalat quraşdırıb demişəm və o inanıb. 

Ən yaxın insanlar belə yalana daha tez inanırlar, çünki əslində özlərindən asılı 

olmayaraq onlar yaddırlar. 

Indi görürsünüzmü iyirmi metrlik maqnitofon lenti bir o qədər də az deyil. 

Əlbəttə, Məleykə xanım, siz də indi ürəyinizdə  mənə inanmırsınız, bəlkə  də  məni 

lap xəstə hesab edirsiniz, amma mən o köçürtməni özümlə götürsəydim, sizə 

göstərərdim və siz də buna inanardınız. Mən sizə söz verirəm ki, Bakıya qayıdandan 

sonra bir dəfə həmin köçürtməni sizə göstərəcəyəm, hərçənd indiyə qədər heç kimə 

göstərməmişəm. 

Məleykə xanım güclə pıçıldadı: 

– Mən sizə inanıram. 

Məleykə xanım bu sözləri çox qəribə tələffüz etdi və mən yalnız indi hiss etdim 

ki, Məleykə xanım özündə deyil, elə bil daxili bir sarsıntı içindədir və elə bil bu 

sarsıntı onun bütün bədənini uçundururdu. Bu, yalnız mənim danışdığım hekayətin 

təsiri deyildi. 

– Mən sizə inanıram. Göstərməsəniz də inanıram. Siz... siz Laturun «Müqəddəs 

Sebastyan üçün ağlayan müqəddəs Irina» əsərini xatırlayırsınız, elə deyilmi? 

Mən əvvəlcədən nə isə tükürpədici bir şey hiss edirəmmiş kimi dedim ki, bəli, 

xatırlayıram. 

Mən, doğurdan da, Laturun çəkdiyi bu şəkli xatırlayırdım: gecənin qaranlığı 

içində bir məşəltək yanan şam işığında köksünə ox sancılmış müqəddəs Sebastyanın 

cəsədi qarşısında ağlayan dörd qadın fiquru. 

– Siz xatırlayırsınızmı... xatırlayırsınızmı Sebastyan necə  də narahat yerə 

sərilmişdi... Onun vəziyyəti necə də qeyri-təbii idi... Bu qeyri-təbiilik necə də əzablı 

idi... Bu əzablı ölümü xatırlayırsınızmı?.. Indi... məndəki köçürtmədə belə deyil... 

Mən... mən... Sebastyanın köksündəki oxu çıxartmışam. Budur. 

Məleykə xanım həyəcandan titrəyən  əllərilə  tələsik yol çantasını açdı  və 

təxminən qarışyarımlıq bir ox çıxartdı. Bu, kiçik olsa da, həqiqi ox idi. Bu, 

həqiqətən, müqəddəs Sebastyanın köksündən çıxarılmış ox idi – bunu bütün 

varlığımla hiss etdim.  

Mən də sizin kimi əzab çəkirdim, bu şəklin köçürtməsinə baxandan sonra sizin 

kimi özümə yer tapa bilmirdim. Mən... mən dəhşət içində idim. Sebastyanın narahat 

bədəni, onun bu cür qeyri-təbii ölümü bircə an belə gözlərimin qabağından 

çəkilmirdi. Bir gecə  mən... yerimdən qalxıb heç özüm də bilmədim ki, necə oldu 

əlimi həmin köçürtməyə atdım və Sebastyanın köksündəki oxu çəkib çıxartdım... 

Indi məndəki  şəkildə Sebastyan o cür narahat deyil, bədəni də  əzab içində 

qovrulmur, köksündəki oxun yeri də qalmayıb... Mən bu əhvalatı indiyəcən heç 

kimə danışmamışam. Bu oxu da həmişə özümdə  gəzdirirəm. Qorxuram yoldaşım 

görər, mən isə onu başa sala bilmərəm. Bu oxu tullaya da bilmirəm, mənə elə gəlir 

ki, əgər oxu tullasam nə isə ən ali, ən ülvi bir şeyə xəyanət edərəm...  

Məleykə xanım oxu çantaya qoydu və havasızlıqdan darıxırmış kimi qalxıb 

kupedən çıxdı.  



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə