Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə120/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   116   117   118   119   120   121   122   123   ...   184

 

264


Onda da hələ kiçik qarovulçu köşkündə yaşayırdı, amma sir-sifəti şişib, qızarıb 

dəyişmişdi və bir çox tanışlar onu görəndə tanımırdı, amma o, ayıq olanda tanışları 

görüb tanıyırdı, çox ayıq olanda gizlənirdi ki, tanışlar onu görməsinlər, bir az içmiş 

olanda isə, özü tanış-bilişə yaxınlaşıb pul istəyirdi. Yenə içmişdi, yenə içmək 

istəyirdi, gözü küçələrdə tanış adam axtarırdı ki, pul tapsın və beləcə addımlaya-

addımlaya kitab pasajına girdi, pasaj boyu düzülmüş kitab köşklərindən birində 

birdən-birə öz kitabını gördü. Cərrahiyyəyə aid bu kitab onun yazdığı birinci və 

sonuncu kitab idi və o gəlib bu kitabı əlinə götürdü, kitab almaq istəyən adamlara, 

pasajdan keçib gedənlərə göstərib ağlamağa başladı: «–Bu mənim kitabımdı!.. Bu 

kitabı mən yazmışam!..». Adamlar gah ona, gah da əlində tutduğu kitaba baxırdı və 

əlbəttə, heç kim bu kitabı, həqiqətən, onun yazdığına inanmadı, camaatın belə bir 

inamsızlığına görə o daha artıq hönkürə-hönkürə  ağlamağa başladı  və bu zaman 

kimsə ona iyirmi qəpik uzatdı, o da həmin iyirmi qəpiyi aldı, sonra kitabı eləcə 

ağlaya-ağlaya başqalarına da göstərib iyirmi qəpik, otuz qəpik pul istədi, yavaş-

yavaş, bayaqkı kimi ürəkdən yox, pul yığmaq üçün yalandan ağlamağa başladı, bir 

pencək cibi xırda pul yığdı və gedib hamısını içdi. 

O, «Qırmızı  qərənfil»in açıq qapısına baxdı, sonra əlini kirli pencəyinin cırıq 

cibinə saldı və altmış qəpiyi çıxarıb ovcuna yığdı. Dəmir pullar günün şüaları altında 

parıldadı  və uzaq Ilan dağının da çınqılları, daşları, qayaları günün altında beləcə 

parıldayırdı. Ilan dağı haçansa püskürmüş vulkan dağı idi, bir dənə də olsun bitkisi 

yox idi, sıldırım qayaları, iri daşları, saysız çınqılları hərəsi bir rəngdə idi: qırmızı, 

bənövşəyi, qəhvəyi, sarı, məxməri... və bütün bu rənglər qızmar günəşin altında 

sayrışanda adama elə  gəlirdi ki, bu bitkisiz, bu çılpaq dağın özü tarixə  qədərki 

nəhəng bir canlı varlıqdır, özü də ilan kimi soyuq, sürüşkən, qorxuludur. O yenə də 

özünü Ilan dağının zirvəsində gördü; ömründə bir dəfə – uşaq vaxtı atası ilə birlikdə 

gördüyü Ilan dağına yalnız kənardan tamaşa etmişdi, amma indi qapanmış 

gözlərinin qabağında Ilan dağının zirvəsində – aşağı baxdıqca gözqaraldan bir 

hündürlükdə idi. 

«Qırmızı qərənfil»ə tək-tək müştərilər girib-çıxmağa başladı və bufetçi Abdulla 

da xoş üzlə müştərilərə qulluq edə-edə hərdənbir qarşı səkiyə tərəf baxırdı; bufetçi 

Abdulla qəti qərara gəlmişdi ki, qarşı  səkidə oturmuş bu alkoqolik özünü bu cür 

etinasız aparır, gəlib pivə istəyəndə (əvvəl-axır gələcəkdi!) verməsin və onu burdan 

qovsun. 

...O, xırda pulları yenə də cibinə tökdü və bütün gücünü toplayıb ayağa qalxdı. 

Onun bütün bədəni «Qırmızı  qərənfil»ə can atırdı, ayaqları da onu «Qırmızı 

qərənfil»ə aparırdı, amma o özünü məcbur etdi, ayaqları dolaşa-dolaşa «Qırmızı 

qərənfil»in qabağından keçdi, içəri girmədi və küçə yuxarı addımlamağa başladı. 

Onun bütün bədəni alışıb yanırdı, içki istəyirdi, onu geriyə – «Qırmızı 

qərənfil»ə tərəf çəkirdi, amma o geri dönmürdü və öz-özünə belə bir əzab verdiyinə 

görə, elə bil ki, qüvvəsi daha da artırdı. 

Onun bədəni yanırdı, içki istəyirdi, amma başındakı  uğultu kəsmişdi, 

qulağındakı, ayaq barmağındakı  ağrını  da  hiss  etmirdi  və beynində  qəribə bir 

aydınlıq, daha doğrusu, bir yüngüllük əmələ  gəlmişdi, küçə boyu addımlaya-

addımlaya, əlini tərpədə-tərpədə öz-özünə danışırdı. Nə dediyini özü də bir o qədər 

aydın başa düşmürdü, amma kiminlə beləcə ciddi danışdığını dəqiq bilirdi – Səfurə 

ilə danışırdı, Gülzarla danışırdı, nəsə ciddi sözlər deyirdi, nəsihət vermirdi, amma 

ciddi tərbiyəvi fikirlər söyləyirdi, keçmiş cərrah həmkarları ilə danışırdı, sonra on il 

bundan əvvəl vəfat etmiş atası ilə danışmağa başladı... 




 

265


Onun ayaqları  vəfalı it kimi bir şey idi və o heç özü də bilmədi ki, bu 

doqquzmərtəbəli mehmanxananın qabağına necə  gəlib çıxdı. Bu mehmanxananın 

sonuncu mərtəbəsində bar var idi, amma həmin bar onun kimi alkoqoliklərin yeri 

deyildi və bu tərəflərə  gələndə  də onları mehmanxanaya buraxmırdılar, amma bu 

dəfə onu görən olmadı, mehmanxananın qapısından rahat keçdi, kondisionerlərin 

gözəl bir sərinlik gətirdiyi vestibüldən adlayıb sərnişin gözləyən açıq liftə mindi və 

birbaşa doqquzuncu mərtəbəyə qalxdı. 

O, bara girəndə barmen Abdulla (bu adamın da adı «Qırmızı  qərənfil»in 

bufetçisi kimi Abdulla idi) təəccüblə ona baxdı; barmen Abdulla adamın sifətinə 

baxan kimi bilirdi ki, içəndi, yoxsa yox və ələlxüsus da alkoqolikləri yüz metrlikdən 

tanıyırdı və indi də təəccüb etdi ki, bu alkoqoliki səhər-səhər bura kim buraxıb? 

Barda cürbəcür içkilər düzülmüşdü: araq, konyak, viski, cinn, çaxır, pivə  və 

onun bütün bədəni bu içkilərə can atırdı  və  hətta o özü də bir an tərəddüd etdi, 

sonuncu dəfə bir şüşə pivə, yaxud əlli qram araq içmək istədi, amma onun bu son 

dəqiqələrdə tamam aydınlaşmış beyni bir elektron maşın dəqiqliyi ilə qeyd etdi ki, 

hərgah indicə gedib bir şüşə pivə, yaxud əlli qram araq içsə, yenə də hər şey təzədən 

başlayacaq. 

O heç vəchlə istəmirdi ki, hər  şey təzədən başlasın. Hətta hər  şeyin təzədən 

başlaya biləcəyi ehtimalı  həmin an bədəninə soyuq bir tər gətirdi, o qəti və  dəqiq 

addımlarla barın küçə pəncərəsinə yaxınlaşdı. 

 Barmen Abdulla hələ kondisioneri işə salmamışdı  və müştərilər gəlib 

yığışanadək iri pəncərələri taybatay açmışdı ki, içərinin havası dəyişsin. 

O gəlib taybatay açılmış  pəncərənin qabağında dayandı  və  aşağı baxdı – 

küçədən avtobus, trolleybus, avtomobillər gedib-gəlirdi, səkiyə enən mərmər pillələr 

və səki isə bomboş idi. 

Bir an, yalnız bircə an ona elə  gəldi ki, doqquzmərtəbəli mehmanxananın 

doqquzuncu mərtəbəsində yox, Ilan dağının zirvəsində dayanıb. 

Sonra özünü pəncərədən atdı. 

O, doqquzuncu mərtəbədən yerə düşənəcən özündə idi və yerə düşənəcən ağzını 

açıb qışqırmadı. 

... Yenə səhər tezdən idi və süpürgəçi qadın qurumuş böyürtkən koluna oxşayan 

qalın süpürgəsi ilə yenə  də küçəni süpürə-süpürə «Qırmızı  qərənfil»in qabağına 

gəldi, dünən beləcə sübh tezdən səkidə oturub bufetçi Abdullanı gözləyən o bədbəxt 

içki düşkününü yadına saldı və fikirləşdi ki, həmin adam indi də yəqin gedib başqa 

bir qəlyanaltıxananın qabağını kəsdirib...  

 

Iyul, 1985.  

Şüvəlan. 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə