363
Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə
xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə
yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında
dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı
mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir
vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara)
qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-
birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-
əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini
boşaltmağa fürsət tapırdılar.
Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı
deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla
oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci
illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər
tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar
qalıb.
Həmin sentyabr günündən bir müddət əvvəl o arvadlar it ləhlədən istinin və
evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb
söhbət edirdilər.
Kolxoz kişinin dul arvadı Xədicə dedi:
– Az, deyirlər xaricdən yenə qəmisyə gələcək...
– Onnarın qəmisyəsi başlarına dəysin!.. Gəlib nağayrajaqlar, az? Indiyədək
gəlib-gedib nağayrıblar ki, bunnan sonra da eləsinlər?.. – Bunları da Gözlə-Gəlirəm
Məmməd kişinin arvadı Sürəyya xala dedi.
Sonra o biri arvadların da giley-güzarı bir-birinə qarışdı.
– O qəmisyədəkilər gəlib bir gün burda bizim günümüzdə yaşasınlar, onnan
sonrasına baxarıq!..
– Az, bunnar hamısı erməninin şipyonudu!..
Bu vaxt Cümü ilə Sona yataqxananın yeganə blokundan çıxdılar, Cümü
motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə
oturdu.
– Cümü bunu hara aparır, az?
– Teatra!.. Hara aparacaq? Bilmirsən?
– Vallah, bunun, heç olmasa, tır-tır lafeti var, öz arvadıdı, hara istəyir, ora da
aparır! Bizim kişilər neyləsin? Səkkiz nəfər bir otaqdayıq! Sən də qəmisiyədən
danışırsan! On bir ildi nağayrıb bizə o qəmisyə, hı?
– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o sınıq-salxax
skamyada, bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisyən! – Bu son sözləri də
Sürəyya xala dedi.
X
Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən
Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çay-
çörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi Ibadullayla nərd
oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı
evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir
kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:
364
– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...
Ağadadaş bütün Buzovnada ən gözəl çörək bişirən Hacı Əliağanın təndirindən
təzəcə çıxmış isti çörəyi kasanın içinə – bozbaşın suyuna doğraya-doğraya:
– Bəs toyuqlar?– soruşdu.
Balacaxanım:
– Ikisi yoxdu... Qalanları hindədi, qeyidiblər... – dedi.
Ağadadaş, elə bil, bu bazar günündən o vaxtsız səhər banının, dalbadal
uduzduğu o üç tasın hayıfını almaq üçün, ləzzətlə bozbaşdan bir qaşıq ağzına qoyub:
– Hara gedəcəklər?– dedi. – Avtobusa minməyəcəklər ki, qeyidib gələcəklər
də...
XI
Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə
çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.
O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet
xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında
matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik
kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü
və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka
saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.
Cümü Sonaya vurulanda Sona on birinci sinifdə oxuyurdu və Sonanın gözəlliyi
get-gedə – qız gözgörəti ətə-qana dolduqca – elə bil, Ağadədəli məhəlləsində
cavanların başının üstündə qövsi-müqəddəs kimi qövsi-gözəl bir şeyə çevrilirdi.
Sonra Cümü taksiyə keçdi və Cümünün o taksini sürmədiyi yer qalmadı, çünki,
xüsusən yay aylarında, Şuşada istirahətdən, müalicədən sonra geri qayıdan imkanlı,
yəni, taksi tuta bilən müştərilərin biri Azərbaycanın bu başında, o biri də o biri
başında yaşayırdı, elə həftə də olurdu ki, iki dəfə, üç dəfə Bakıya gedib qayıdırdı,
hətta, neçə dəfə Tiflisə getmişdi, bir dəfə isə, Rostovacan gedib çıxmışdı və o vaxt
Sona da Cümünü – Qızıldiş Cümşüdü seçdi; Cümünün qara «Volqa»nı (taksini) silib
par-par işıldadaraq Ağadədəli məhəlləsində Sonagilin ikinci mərtəbədəki eyvanının
qabağından keçməyi qızı hipnoz elədi, ya qızıl dişinin işıltısı qızın gözünü
qamaşdırdı, hər halda, onların toyu Ağadədəli məhəlləsində yaddaqalan toylardan
biri oldu və o toyda Malıbəyli Köhnə Qaval Isgəndər Nuh Nəbidən qalma qavalını
qulağının dibinə sıxıb bir «Qarabağ şikəstəsi» oxudu ki, o şikəstə «– Isgəndər daha
qocalıb...»– deyənlərin birdəfəlik cavabını verdi və sübut elədi ki, qızıl qaldıqca,
qiyməti artır.
– Isgəndər kişi, o tərəflərdə nə var, nə yox?– bunu axşam Bolelşik Bufetçi
Ibadullanın bufetində araq dümləyib və indi tək gəlib dəniz kənarındakı qayalıqda
oturaraq dənizə baxan Cümü qışqırırdı, guya, Malbəyli Köhnə Qaval Isgəndər ona
cavab verəcəkdi ki, o tərəflərdə, yəni, o biri dünyada nə var, nə yox, orda işləri yaxşı
gedir, ya pis?
Şuşadan qaçaqaç düşəndə erməniyə kömək eləyən rus əsgərinin «Kolaşnikov»u
Malbəyli Köhnə Qaval Isgəndəri ortasından biçmişdi və o qaçaqaçda onun yanında
olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışırdı ki, Malıbəyli
Köhnə Qaval Isgəndərin bədəni ortadan ikiyə bölünmüşdü, qurşaqdan yuxarısı bir
tərəfdə idi, aşağısı o biri tərəfdə və həmişəki göy çixollu qaval da eləcə əlində
qalmışdı.