SəFƏVİLƏRİn məNŞƏYİ



Yüklə 67,35 Kb.
tarix23.01.2018
ölçüsü67,35 Kb.
#22257

SƏFƏVİLƏRİN MƏNŞƏYİ
Əkbər N. Nəcəf
Səfəvilərin mənşəyi haqqında bir çox iddia ortaya atılsa da, türk olduqları haqqındakı başlıca iddia xaricindəki digər iddialar öz elmi həllini tapmadığından bunlar üzərində dayanmayacağıq.1

Səfəvilərin mənşəyini haqqında məlumat verən ilk mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən qələmə alınmış “Safvətüs-səfa” əsəridir. Bu əsərin iki nüsxəsi mövcuddur. Bunlardan ilki əsl, digəri isə “saxta” nüsxələrdir. Əsl nüsxə 1337-ci ildə Təvəkkül ibn Bəzzazın özü tərəfindən qələmə alınıb. “Saxta” nüsxəsini isə 1542-ci ildə əsərin türkcə tərcüməsi zamanı kitaba edilən şiəliklə əlaqədar düzəlişlər təşkil edir.2

Səfəvi sülaləsinin ilk nümayəndəsi Firuzdur. “Safvətüs-səfa”da ondan “Zərrin-külah Firuz” (və ya Firuzşah) olaraq bəhs edilir.3 “Zərrin-külah” adı türkcə “qızıl başlıq” mənasına gəlir. Firuzun bu adı almasının səbəbi bilinməsə də, “qızılbaş” adını daşıyan ilk səfəvi nümayəndəsinin o olduğu aydındır. Sonrakı dövr səfəvi mənbələri Firuzun yeddinci İmam Musa Kazımın soyundan gəldiyini iddia edirlər. Bununla əlaqədar verilən məlumatları qiymətləndirən N. Musalı səfəvilərin seyyidliyi haqqında rəvayətləri “Səfəvilər hakimiyyətə gəldikdən sonra öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdikləri” şəklində dəyərləndirmişdir.4

Firuzun kimliyi haqqında iki cür məlumat vardır. Bəzi mənbələr onu “İbrahim ibn Ədhəm övladından”, digərləri isə “İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı” kimi tanıdırlar. Ayrıca mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl “İmam Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi” olduğunu bildirirlər.5 “Safvətüs-səfa”nın türkcə nüsxəsində bu məlumat belə qeyd olunub: “Və çün Seyyid Firuzşahun nisbəti nəsəbün zikrində deyildi, surəti böylə idi kim, ol vəqt kim, bir padişah Sultan İbrahim Ədhəmün fərzəndələründən Səncar qolından çıxüb, ləşkəri Azərbaycana şəkdi və ol yerləri qamu müsəxxər qıldı və Aran ilə Əlivan və Darbumun sakinləri qamu kafir idilər”.6 Kitabın Sülyemaniyə kitabxanasındakı nüsxələrinin birində “İbrahim ibn Ədhəm” yerinə “Sultan Əhməd” adı işlədildiyindən bəzi araştırmacılar yanılaraq “Sultan Əhməd”i ayrı şəxs hesab etmişlər.7

Belə məlum olur ki, Firuz İbrahim ibn Ədhəm nəslindən idi. Bu məlumat Xandəmirin “Həbibüs-siyər”, İskəndər Bəy Münşinin “Aləmara-yi Abbasi” və “Silsilətün-nəsəbi-Səfəviyyə” kimi mənbələr tərəfindən də təsdiqlənir.8 Burada İbrahim ibn Ədhəmin kimliyi və onun Firuzla qohumluğu problemi ortaya çıxır.

İbrahim ibn Ədhəm təsəvvüf tarixinin ilk sufilərindən hesab olunur. Kimliyi, həyatı və nəsəbi haqqında müxtəlif iddialar vardır. Süləmi, Kuşeyri, İbn Əsakir və Zəhəbi onun Xorasanın Bəlx şəhərində anadan olduğunu və əsl adının “Əbu İshaq İbrahim ibn Ədhəm ibn Mənsur ibn Yəzid ibn Cabir ət-Təmimi əl-İcli” olduğunu bildirirlər.9 Bu məlumatı əsas alarsaq onun Bəni İcl qolundan Təmim tayfasına mənsub olduğu ortaya çıxır.10 Amma bu məlumatın əksini iddia edən mənbələr də var. Əli ibn Osman əl Cülabi və Əbu Hamid Məhəmməd ibn İbrahim əl-Həmədani kimi iki böyük təsəvvüf alimi və İbn əl-Cövzi kimi tarixçinin yazdıqlarına görə, İbrahim Ədhəm Bəlx hakimi və ya şahzadəsi olmuşdur.11 Bu məlumatı təsdiq edən başqa məlumatlar da var. Misal üçün İbrahim ibn Ədhəmin sufi həyatı haqqındakı rəvayətlərin çoxunda o, Bəlx hakimi olaraq qeyd edilir. Hətta, onu “təmim” qəbiləsindən göstərən mənbələr belə İbrahim ibn Ədhəmdən Bəlx hakimi olaraq bəhs edirlər. Bu məlumat İbrahimin bəlxli olduğunu təsdiqləyir.12

İbrahim Ədhəmin anadan olduğu tarix də mübahisəlidir. Mənbələrin birində 624-cu ildə anadan olduğu qeyd edilir. Başqa bir mənbədə isə hicri 112-ci ildə (730) Bəlxdə anadan olduğu bildirilir.13 Ölüm tarixi isə miladi 777 ilə 783 arasında dəyişir.14

“Safətüs-səfa”nın “şeyxi-ərbabüt-tariq” adlandırdığı İbrahim ibn Ədhəmin ərəb əsilli olması məntiqli görünmür. Birincisi, Bəlxə ilk ərəb qəbilələrinin köçürülməsi 671-ci ildə Ziyad ibn Əbih tərəfindən gerçəkləşmişdir. O zaman Ziyad 50 min kufəli ilə bəsrəlini Rəbi ibn Ziyad əl-Xaris rəhbərliyində Mərv, Herat, Tus, Nişabur və Bəlxdə məskun etmişdi. Köçürülən ərəblərin heç biri təmim qəbiləsinə mənsub deyildi. Təmim qəbiləsindən ərəblərin Xorasana köçürülməsi Qüteybə ibn Müslüm zamanında (705-715) olmuşdur. Bu tarixdən sonra Əməvilərin sonuna qədər bəni-təmim qəbiləsindən mukaislər, əvflər, əbna tayfaları Xorasana köç etdirilmişdir. Köç etdirilən təmim qəbiləsi arasında İbrahim ibn Ədhəmin mənsub olduğu iddia edilən icl tayfasının yer almaması diqqəti cəlb edir.15 Digər tərəfdən Bəlxdəkı hökmdar ailəsinin təmim qəbiləsindən olmaması İbrahim ibn Ədhəmin ərəb əsilli olduğu iddiasını təkzib edir. İbrahim ibn Ədhəmin təmim qəbiləsindən olduğunu və başqa bir yerdən Bəlxə gəldiyini nəzərə alsaq belə onun və ailəsinin Bəlx taxtına necə çıxdıqları sual altındadır. Bütün bunlar İbrahim ibn Ədhəmin ərəb təmim tayfasının icl qolundan olduğu iddiasını şübhə altına alır.

İbrahim ibn Ədhəmi ərəb əsilli göstərən Kuşeyri bu fikrini təkzib edən ifadələrə yer vermişdir. Ona görə, İbrahim ibn Ədhəm Bəlx şahzadəsi olub, onun sufiliyi qəbul etmək hekayəsi Budandın həyat hekayəsinə oxşamaqdadır.16 Bəlxdə buddizmin çox güclü olduğu məlumdur. Ayrica İbrahim ibn Ədhəmin təsəvvüf anlayışında buddizm meyllərinin olduğu daha yaxşı bilinir. Belə olan halda İbrahim ibn Ədhəmin budizmlə yaxın bağları olan Bəlx hökmdarları nəslindən olduğu ortaya çıxır.

Məlum olduğu kimi, 848-ci ildə müsəlman Davudilərin hakimiyyətə gəlməsinə qədər Bəlx yerli sülalələr tərəfindən idarə edilmişdir. Ayrıca Davudilərin türk olduqları məlumdur.17

Müsəlman müəlliflərinin “ümmül-bilad”, yəni “şəhərlər anası” adını verdikləri Bəlxin ən qədim tarixi əfsanəvi Bəlx padişahları dövründən başlayır. Daha sonra bölgə Əhəmənilərin (Haxamənişilər: b.e.ə. 550-331) əlinə keçmişdir. Makedonaiyalı İskəndərin işğalından sonra (b.e.ə. 328) burada Bakritya dövləti yarandı. Baktirya dövləti isə türk əsilli yüe-çi və quşan tayfalarının hucumu ilə ortadan qaldırıldı. Bunlardan quşanlar mərkəzi Bəlx olan əyalətə Toxaristan adını verdilər. Daha sonra bölgə ağhun və eftalitlərin əlinə keçdi. Bu dövrdə Bəlx Sasanilərlə (224-656) türk dövlətləri (Eftalit və Göytürk) arasında mübahisəli ərazi idi. Bu dövrdə həm Bəlx, həm də Kabil türk komandanlar tərəfindən idarə edilirdi. Sasani və Türk xaqanlığının zəyifləməsindən istifadə edən hər iki bölgənin türk hakimləri burada yarı-müstəqil hakimiyyətlərini yaratdılar. Bəlxdə Tiginlər, Kabildə isə Kabilşahlar bölgənin hakimiyyətini əllərinə keçirdilər. Təbəri 737-ci il hadisələrindən bəhs edərkən Türk xaqanlarının (Türkişlər) Toxarıstandakı nüfuzundan bəhs edirlər.18 Ərəb mənbələrində isə Guz ölkəsinin Bəlxdən başladığı qeyd olunur.19

Bəlxdə iki türk tayfası məskun idi. Bunlardan birincisi Tiginlər20 olub Göytürk mənşəyli idilər. Digəri isə qarluqlar olub, onlar Toxaristan qarluqları21 adlanırdı.

557-558-ci ildə Göytürklər Eftalit dövlətini ortadan qaldırdıqdan sonra onun topraqlarını əllərinə keçirdilər. Bu vaxt Eftalitlərə aid olan Xorasan torpaqlarının bir hissəsi də Sasanilərin əlinə keçdi. Sasani hökmdarı Ənuçirəvan (I Xosrov: 531-579) türklərin hərbi hücumlarından qorxduğu üçün Göytürk xaqanının qızı ilə evlənmiş və türklərin təsirində bəzi hərbi-inzibati islahatları həyata keçirmişdi. Bu islahatlar arasında ən mühümü ölkəsini türk xaqanları kimi istiqamətlərə ayıraraq idarə etmək idi. Bunun nəticəsində Sasani dövləti dörd sipehbudluğa ayrılmış və hər sibəhbudluq mərzubanlıqlardan (əyalətlərdən) meydana gəlmişdir. Mərzubanlar türk ölkələrində olduğu kimi əskəri sinifə mənsub sərkərdələrdən seçilirdi. Beləcə hər əyalət türklərdə olduğu kimi hərbi-inzibati vahid hesab edilirdi. Amma türklərdə bu idarəetmə sistemi boy-tayfa birliyinə dayandığı üçün əyalətin rəhbəri olan boy bəyi eyni zamanda öz tayfasının mənfəətini qorumaq məcburiyyətində idi. Sasanilərdə isə əyalətin başına gətirilən komandan idarə etdiyi əyaləti öz mənfəətlərinə görə istismar edirdi. Bu islahat Sasanilərin süqutuna səbəb olmuşdur. Ənuşirəvanın apardığı digər islahat Sasani ordusunun sıralarını türklərə doldurmaq olmuşdur. Orduya alınan türklər geniş səlahiyyətlərə sahib olub, daha çox dövlət sərhədlərində xidmət edirdilər. Ənuşirəvandan sonra Sasanilər dövlətinin türk mənşəyli şahzadələrin və ordu komandanlarının nəzarəti altına girməsinə səbəb bu olmuşdur.22 Mənbələrdə İbrahim ibn Ədhəm üçün “Bəlxli bir sipehbudun oğlu” ifadəsə işlədilir. Sipehbud perscə “ordu başçısı” mənasında olub, türkcə “sübaşı” deməkdir. Sasnilər dövründə şimal və şimal-şərq əayalətlərinin ordu və əyalət başçıları türk komandanlar olduğuna görə Bəlx sipehbudu da türk idi. Nəticədə, E. Esin və R. Uslunun da qeyd etdiyi kimi, İbrahim ibn Ədhəm Türk yabqularından birinin oğlu və ya Bəlx sübaşılarından birinin yaxını idi.23

Çin mənbələrində Bəlxdəki Türk yabquları haqqında xeyli məlumat yer alır. Hətta məşhur Çinli səyyah Hsüan-tsanq Bəlxə səyahət etmiş və buranın vəziyyəti haqqında ətraflı məlumat vermişdir.24 Çin mənbələrində Bəlx və Toxaristan türk ölkəsi olaraq göstərilir.25

İbrahim ibn Ədhəmin mənşəyini ortaya çıxartmaq üçün müsəlmanların fəthi ərəfəsində və sonrasında Bəlxin siyasi, ictimai və dini vəziyyətini müəyyən etmək lazımdır. Bəlx Orta Asiya ilə Orta Şərqi bir-birindən ayıran Amu-dərya çayının cənubunda Baba dağının yamacında yerləşirdi. Arxeoloji tədqiqatlar bölgənin eramızdan əvvəlki əsrlərdə türklərin nəzarəti altında olduğunu sübut edir. Bamiyan əyalətindən axan çayın kənarında qurulan şəhərin nə vax və kim tərəfindən salındığı bilinmir. On iki qapılı böyük şəhər olan Bəlxin adı bir iddiaya görə türkcə “şəhər” mənasına gələn “balık” (balk=belx) sözündən yaranıb. İslam coğrafiyaçılarına görə Xorasanın mərkəzində yer alan Bəlx bu gün Əfqanıstanın mühüm mərkəzlərindən olan və türklərin məskun olduğu Məzari-Şərif yaxınlığında xarabə bir şəhərdir.26

Erkən orta əsrlərdə Bəlx eyni zamanda geiş bir ərazinin adı idi. Bu ərazi toxar (quşan – döyər) tayfalarının adı ilə Toxaristan adlanırdı. Mesəlman coğrafiyaçılarına görə, Bəlx Bəncar, Cah (Kah), Cüzcan (Cüzcanan), Destgird, əl-Kaf, Mədər (Məzar), Üşburkan (Şibirqan), əs-Sidrə, Siyahcird (Şavkerd) kimi şəhər və bölgələrdən ibarətdi. Ümumilikdə Toxaristan Bədəxşan, Sud, Bamiyan və Pəncşir adlı əyalətlərə ayrılırdı.

Toxaristan və Bəlxin etnik mənzərəsi də qarışıq idi. Toxaristanın düzənlik ərazilərində VII əsrdən etibarən qarluqlar məskun idilər. Bunlar köçəri olub heyvandarlıqla məşğul idilər və vergi əvəzində Bəlx yabqularının ordusunda könüllü xidmət göstərirdilər. Toxaristanda şəhərləşmiş xeyli türk yaşayırdı. Bunlar sak, ağhun, avar (uvar), eftalit, sul, quşan mənşəyli idilər. Bundan başqa burada “tat” adlanan irani qruplar da yaçayırdı. Bölgədə buddizim geniş yayılmışdı. Çinli rahib Hsüan-tsinqin dediyinə görə, sadəcə Bəlxdə 100-dən çox məbəd və bu mədədlərdə xidmət edən 3 min rahib vardı. Bunların hamısı Hinayana məzhəbinə bağlı idi. Çinli rahibə görə Bəlx buddistlərin ikinci böyük dini mərkəzi hesab edilirdi. Burası buddistlərin birinci dini mərkəzi Rajaqrhaya görə “İkinci Rajaqrha” adlanırdı.27

Buddizmin Bəlxdə haikim dinə çevrilməsi haqqında mənbələrdə maraqlı bir rəvayət qeyd edilir. Buna görə Türk hökmdarı Yabqu Xaqanın oğlu Ssu Yabqu Xaqan (628-632) Bəlxin cənub-qərbindəki Nau-Vihan məbədinə hücum etmiş və məbəddəki qiymətli əşyaları yağmalanmışdır. Amma o gecə xaqan dəhşətli bir yuxu görmuşdür. Yuxusunda hindlilərin dörd böyük tanrısından biri hesab edilən Şimal tanrısı Vaişravanadeva “sən hansı cəsarətlə məbədi yağmalayırsan” deyib qılıncını xaqanın sinəsinə soxmuşdur. Yuxudan qorxu ilə ayrılan Ssu Yabqu rahibləri çağıraraq bu yuxunu yozmalarını tələb etmişdir. Budist rahiblər yuxunun yozumunu açıb, xaqanın peşman olduğunu görmədən xaqan ölmüşdür.28

Budizm Toharistanın Bamiyan, Valvaliç (Var-var/Uvar-uvar),29 Bədəxşah bşlgələrində də hakim idi.30

Göytürklər 557-ci ildə Eftalit dövlətinə son verdikdən son Toxaristanın tamamını əllərinə keçirdilər. Göytürk xaqan ailəsindən gələn (xaqanın oğlu) mərkəzi Bəlx olan Tahristana yabqu təyin edildi. VI əsrin sonu və VII əsrin əvvəllərində burada yarı-müstəqil Toxaristan Yabquluğu meydana gəldi.31 630-cu ildə Bəlxi ziyarət edən Çinli rahib Hsüan-tsanq Toxaristanda Qərbi Türk Xaqanlığının (582-630) böyük xaqanı Tardunun (582-603) qardaşı Tunq Yabqunun hökmdarlıq etdiyini qeyd edir. Tunq Yabqu 618-630-cu illər arasında Qərbi Türk xaqanlığının böyük xaqanı olmuşdur. Tunq Yabqu Çinli rahibin ölkəsinin cənub əyalətlrəini gəzməsi üçün ona bələdçi təyin etmiş, o da bu bələdçi sayəsində Göytürklərin cənub əyaləti Kapiçaya (indiki Kabil) qədər getmişdir.32 Bu məlumat Qərbi Türk xaqanlığının torpaqlarının cənubda Kabilə qədər uzandığını və Toxaristanın birbaşa türk xaqanının nəzarətində odluğunu ortaya qoyur.

630-cu ildə Tunq Yabqu xaqanın ölməsi ilə Qərbi Türk xaqanlığı süqut etdi. Göytürk taxtı uğrunda türk boyları arasında müharibələr başladı. Qərbi Türk xaqanlığını əlinə çekirən Tulun xaqan öz rəqibi Yabqu xaqanı 641-ci ildə ortadan qaldırınca Yabqu xaqanın tərəfdarları olan on-ox tayfalarının nuşepi qolu Tulun xaqana tabe olmayıb Toxaristana köç etdilər. Bunun üzərinə Tulun xaqan Toxaristana hərbi səfər təşkil edib onları ağır şəkildə cəzalandırdı. Bu hadisələri şərh edən çincə mənbələrdə Toharistanın adı “Tu-ho-lo” olaraq keçir.33 Çin mənbələrinə görə, bu vaxt Toxaristan Yabquluğunun başında “Şapolo Yabqu” dayanırdı. Ethimal ki, o, Tulun xaqan tərəfindən 641-ci ildə Toharistanın hakimi təyin edilmişdir.34

Toxaristan Yabquluğunun əsas idari mərkəzinin Varvaliz şəhəri olduğu qeyd edilir. Mənbələrə görə, Toxaristan yabqusunun əmrində 100 min nəfərlik ordu vardı. 657-658-ci ildə Qərb Göytürklərinin hakımı Aşena Holunun Çinə məğlub olması ilə Qərb türklərinin ittifaqı dağıldı. Bundan sitifadə edən Toxaristan Yabquluğu da müstəqil oldu. Bu vaxt Toxaristan 25 bölgəyə ayrılırdı və hər bölgənin başında bir türk bəyi vardı. 663-cü ildə Toxaristan Yabquluğunun başında “Aşena Ou-çe-po” adlı bir hökmdar dayanırdı.35

Çin mənbələri Toxaristan Yabquluğu haqqında 759-cu ilə qədər məlumat veirlər. Bu tarixə qədər Toxaristanın başında dayanan türk yabquları Aşena Ou-çe-po (?-713/436), Na-tou-ni-li Yabqu (714-726), Kao-tou-lon Toen Tao-tou (Qürlüq Tartu: 726-738) və Çe-li Manq-kia-lo Yabqu (Tenqri Məngli Yabqu: 738-759) olmuşdur.37

Çin mənbələrində Toxaristan Yabquluğu haqqında verilən məlumatlar 759-cu ildə sona çatdığından bu dövlətin nə vaxt süqut etdiyi problemlidir. Bu dövür Toxaristan tarixini aydınlatmaq üçün müsəlman coğrafiyaçılarının və tarixçilərinin əsərinə müraciət etmək lazımdır. Təəssüflər olsun ki, İslam müəllifləri Nizək Tarhan (Tarkan) xaricində Toxaristan hakimlərindən bəhs etməyiblər.

Ərəb mənbələrində Nizək Tarhan olaraq bəhs edilən Toxaristan yabqusunun Çin mənbələrində göstərilən Aşena Ou-çe-po olduğu məlum olur. Çincə “Ou-çe-po” adı “Nizək” olmalıdır. Ərəb mənbələrində Sasanilərin sonuncu hökmdarı III Yezdegerdin Nizək Tarhan tərəfindən öldürüldüyü qeyd edilir.38

Məlum olduğu kimi 642-ci ildə meydana gələn Nəhavənd döyüşü ilə Sasanilər müsəlmanlar qarşısında darmadağın olmuş, III Yezdegerd də Bəlxə qaçaraq türklərdən kömək istəmişdi. Türklərdən topladığı ordu ilə III Yezdegerd müsəlmanlara qarşı müqavimətini bir müddət daha davam etdirə bildi. Amma bu zaman meydana gələn bir hadisə müsəlmanların III Yezdegertdən xilas olmasına səbəb oldu. Belə ki, III Yezdegerdə ərəblərə qarşı hərbi kömək edən Toxarıstan hakimi Nəzək Tarhan Sasanı şahının qızı ilə evlənmək istədi. Bu məqsədlə Mərvdə olan III Yezdegerdə elçilər göndərən Nizək ondan gözləmədiyi bir cavab aldı. Yezdegerd ona “Sən mənim qullarımdan birisən. Mənim qızımla evlənməyə necə cəsarət edirsən?” Hadisələrin davamını əl-Bəlazuri belə şərh edir: “Bunun üzərinə Mərv mərzubanı Mahaveyh Nizəkə yazdığı məkutunda onu Yezdegerd əleyhində qızışdıraraq belə dedi: “Məğlub və qovulmuş bu adama hakimiyyətini geri qaytarmaq üçün sən kömək etdin. Ancaq o, sənə nələr dedi”. Bundan sonra Nizək ilə Maheveyh Yezdegerdi öldürmək üçün razılaşdılar. Nizək türklərin başında hərəkətə keçib əl-Cünabıza gəldi. Yezdegerd ilə döyüşdü. Əvvəlcə iki tərəf bir-birinə üstünlük saxlaya bilmədilər. Sonra döyüş Yezdegerdin əleyhinə cərəyan etməyə başladı. Adamları öldürüldü, ordugahı yağmalandı. Yezdegerd Mərvə qaçdı, amma mərvlilər onu şəhərə buraxmadılar. O da əl-Murğab çayı kənarında bir dəyirmənçinin evində gizləndi. Amma Maheveyhin adamları onu tapıb öldürdülər”.39

654-cü ildən etibarən isə Bəlx müsəlmanların nəzarəti altına girmişdir. Sülh yolu ilə müsəlmanlara təslim olan Bəlx hakimləri onlarla bağladıqları razılaşmaya görə, illik 400 min dirhəm xərac müqabilində bölgəni sərbəst idarə edəcəkdilər.40

Sasanilərin son hökmdarı III Yezdegerdin 652-ci ildə öldüyünü nəzərə alsaq Nizək Tahranın uzun müddət Toxaristan yabqusu olduğu ortaya çıxır. Belə olan halda çincə mənbələrin Aşena Ou-çe-po olaraq bəhs etdikləri Nizək Tahran 650-ci ildən 713/4-cü ilə qədər, yəni 63-64 il Toxarıstanı idarə etmişdir. Nizək Tahranın hicir 87-ci ildə Əməvilərə qarşı üsyan etdiyi, bunun nəticəsində Qüteybə ibn Müslüm tərəfindən hicri 88-ci ildə öldürüldüyü qeyd edilir41.

Nizəkdən sonra yerinə oğlu keçmiş (çincə mənbədə adı Na-tou-ni-li Yabqu) və bir müddət dövləti onun adına anası, yəni Nizəkin xanımı idarə etmişdir. Qüteybə ibn Müslimin onunla evlənmək istəsə də qadın ona çox sərt cavab verərək təklifini geri çevirmişdir.42

Mənbələrdən aydın olur ki Toxaristandaki türk yabqularının hakimiyyəti IX əsrin ortalarına qədər davam etmişdir. Ethimal ki, 848-ci ildə türk əsilli komandan Haşim ibn Mahicur yabquların hakimiyyətinə son qoyub öz dövləti Davudilərin əsasını qoymuşdur. Bu tarixə qədər Toxaristan yabquları Əməvilərin, sonra da Abbasilərin vassalı olaraq hökm sürmüşdür. Buna rəğmən yabquların daxili işlərində sərbəst olduqları, onların Çinlə diplomatik münasibətlərini davam etdirməsindən aydın olur.




1 Digər iddialar üçün bax. Javanshir, İran`dakı Türk Boyları, s. 270-282

2 Bu məsələ Mirzə Abbaslı tərəfindən ətraflı şəkildə öyrənilmişdir. Bax. Abbaslı M., “Safevilerin Kökenine Dair”, TTK Belleten, 1976, c. XL, sayı: 158, s. 287-329.

3 Təvəkkül b. İsmaıl b. Hac əl-Ərdəbili (İbn Bəzzaz), əl-Məvahibüs-səniyyə fi`l-mənakibis-Səfəviyyə, Sülaymaniyə Kitabxanası Ayasofya Bölümü, (h.896/m.1490 yılı yazması) No: K2123, vr. 7a.

4 Musalı N., I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında), Baki 2011, s. 87.

5 İbn Bəzzaz, Firuzu birbaşa İbrahim Ədhəmlə əlaqələndirir (Mənakibis-Səfəviyyə, vr. 7a.). Onu əsas alan İskəndər Bəy Münşi də Firuzun Ərdəbilə əmir (İbrahim Ədhəm) tərəfindən göndərildiyini qeyd edir (Tarixe-alemaraye-Abbasi, Fərzəliyev nəşri, s. 24). Bu əsərin O. Əfəndiyev və N. Musalı tərəfindən edilən tərcüməsində “Firuzşah Zərrinkülah İbrahim Ədhəmin oğlanlarından biri”kimi göstərilmişdir. Amma tərcüməçilər bu iddianı əsasız qəbul etdiklərini qeyd ediblər (İskəndər Bəy Münşi, Tarix-i aləmara-yi Abbasi (Abasın dünyanı bəzəyən tarixi), Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstərcilərin müəllifləri O. Əfəndəyev – N. Musalı, Bakı 2009, s. 44-45, qeyd 111); Şükürov G., Safevi Devleti`nin Kuruluşu ve I. Şah İsmail Devri (907-930/1501-1524), T.C. Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü İlahiyat anabilim Dalı Yüksek Lisans tezi, İstanbul 2006, s. 18.

6 Şeyx Səfi təzkirəsi, “Səfvətüs-səfa”nın XVI əsr türk tərcüməsi, Tərtibçilər və nəşrə hazırlayanlar M. Nağısoylu – S. Cabbarlı – R. Şeyxzamanlı, Bakı 2006, s. 47.

7 G. Şükürov “Sultan Əhmədi İbrahim Ədhəmin nəvəsi, Firuzu da onun yaxın adamı” hesab edib (Safevi Devleti, s. 18). Əslində bu nüsxədəki “Sultan Ədhəm” yerinə “Sultan Əhməd” yazılmasından irəli gələn bir səhvdir.

8 Abbaslı, Safevilerin Kökenine Dair, qeyd 137.

9 Süləmi, s. 27; Kuşeyri, s. 96; İbn Asakir, VI, s. 277; Zəhəbi, VII, s. 387.

10 Şəmsəddin Əhməd ibn Məhəmməd İbn Xəllikan, Vəfəyatul-ayan va ənbau əbnaiz-zaman, İhsan Abbas nəşri, Beyrut (tarixsiz), s. 31.

11 Ali b. Osman el-Cülabi Hucviri, Keşfu`l-Mahcub (Hakikat Bilgisi), Çeviri: S. Uludağ, İstanbul 1996, s. 201; Feriduddin Atar, Tezkiretü`l-Evliya, Çeviri: S. Uludağ, İstanbul 1985, s. 144; İbnü`l-Cevzi, IV, s. 134.

12 İbn Nuaym, VII, s. 368; İbn Mulakkın, s. 5.

13 Səfəvilərin soykökünün İbrahim Ədhəmə dayandığını iddia edən B. Javanshir çalışmasında mühüm bir səhvə yol vermiş, İbrahim Ədhəmlə əlaqədar bütün miladi tarixləri hicri hesab edib, onları yenidən miladiyə çevirmiş və bunun sonunda qeyri-ciddi məlumatlar ortaya çıxmışdır. (Bax. Javanshir, İran`daki Türk Boyları, s. 284-287). Halbuki mən, B. Javanshirlə birlikdə hazırladığımız “Şah İsma`il külliyatı”nın giriş hissəsinə əlavə etdiyim geniş monoqrafiyamda məsləni əhatəli olaraq tədqiq etmişdim.

14Hilyatül-övliya” adlı bir əsərdə Bizansa qarşı müsəlmanların təşkil etdiyi bir dəniz səfərində ölmüşdür. Bax. Nicholson, İbrahim, İA, c. V/2, s. 886.

15Naci Maruf, Urubetul-uləmail-mənsubin iləl-bülbanil-acəmiyyə fi Xorasan, Dəməşq 1396 h., c. I, s. 55-58.

16 Kuşeyri, Kuşeyri Risalesi, s. 112.

17 Davudilər – Bəlx şəhəri hakimi Haşim ibn Mahicurun nəvəsi Davud ibn Abbas tərəfindən yaradılmışdır. Davudun ulu babasının Mahicur (Banicur-Bayçur) adı daşıması da türk olduğunu təsdiq edir. Bax. Barthold V. V., Moğol İstilasına Kadar Türkistan, Hazırlayan: H. D. Yıldız, Ankara 1990, s. 77 (qeyd 77), 81, 250-251.

18 Təbəri, Tarix, II, s. 1561.

19 Şeşen R., İslam Coğrafiyaşılarına Göre Türkler ve Türk Ülkeleri, Ankara 1998, s. 59.

20 Tiginlər haqqında bax. Salman H., “Toharistan Türk Yabguluğu”, Türk Dünyası Araştırmaları, No: 65, Nisan 1990, s. 133-138.

21 Toxaristan qarluqları haqqında bax. Salman H., “VII ve IX. Asırlar Arasında Önemli Türk Bpylarından Karluklar ve Karluk Devleti”, Türk Dünyası Araştımaları, No: 15, Aralık 1981, s. 192-194; Necef E. N., Karahanlılar, İstanbul 2005, s. 62 və d.

22 Nəcəf Ə. N., Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər), Bakı 2010, s. 72-79.

23 Esin E., İslamiyetten Önceki Türk Kültür Tarihi ve İslama Giriş, İstanbul 1978, s. 149-150; Uslu R., Hicri I-II. Yüzyıllarda Horasan Tarihi, T.C. Uludağ Üniversitesi Sosyal Bilimler Enstitütüsü İslam Tarihi ve Sanatları Anabilim Dalı Dokota tezi, İstanbul 1997, s. 201; Şah İsmail Hata`i Külliyatı, s. 66.

24 Hsüan-tsanq buddist rahib olub 627-645-ci illər arasında Türküstan ilə Hindistana səyahət etmişdir. O, bütün Şərqi Türküstan ölkələrini gəzmiş və gəzdiyi ölkələrin siyasi, sosial, dini vəziyyəti haqqında Çindəki Tanq sülaləsinin hökmdarı imperator Tait-sunqun əmri ilə səyahətnamə yazmışdır. Bax. Çi Hsien-lin, Hsüan-tsanqın səyahətnaməsi haqqında araşdırmalar, Pekin: Çunq-hua Şu-çü, 1985 (çincə), Erkin E., “Hsüan Tsanq Seyahetnamesinde Türkistan”, Çağdaş Türklük Araştırmaları Sempozyumu Bildirileri, Ankara 5-7 Mayıs 2003, Hazırlayan: S. Barutçu, AÜDTCF Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, 2007, s. 240-270; Erguvan İ. H., Hsüan-Tsanq`ın Seyahetnamesi (7. Yüzyıl), Metin çevirisi ve değerlendirme, Çanakkale 18 Mart Üniversitesi Sosyal Bilimler Enstitütüsq Tarih Anabilim Dalı Yükseklisans tezi, Çanakkale 2011.

25Chavannes Ed., Çin Kaynaklarına Göre Batı Türkleri, çeviri M. Koç, İstanbul 2007, s. 322-323.

26 Hartmann, Belh, İA, c. II, s. 485; Uslu, Horasan Tarihi, s. 44-45.

27 Takakusu J., Tai Şo Şinşu Daizokyo (Tripitaka), Tokio: Tai şoissaikyi Kankokai, 1922-1932, 185 cild (yaponca), 50:228b, 51:872.

28 Eyni əsər, 50:228a, 51:872c.

29 Bu ad avarlarla (uar-hun) bağlıdır. İndiki Kunduz bölgəsi.

30 Takakusu, Tripitaka, 50:228a-c, 250a, 51:873b, 950a.

31 Salman, Toharistan Türk Yabguluğu, s. 134.

32 Eyni yer.

33 Chavannes, Batı Türkleri, s. 60.

34 Salman, Toharistan Türk Yabguluğu, s. 135.

35 Eyni yer.

36 Bu hökmdarın adı ərəb mənbələrində “Nizək Tahran” olaraq keçir. H. Salman “Aşena Ou-çe-po”nun 705-ci ildə öldüyünü qeyd edir. Ancaq müəkkif ərəb mənbələrinə istinad etsəydi, bu şəxsin Nizək Tarhan olduğunu və Xorasanın Əməvi əmiri Qütüybə tərəfindən hicri 88-ci ildə (713/4) öldürüldüyünü müəyyən edə bilərdi.

37 Eyni məqalə, s. 136-138.

38 El-Belazuri, Fütuhu`l-Buldan, çeviren: M. Fayda, Ankara 2002, s. 452-453.

39 Eyni əsər, s. 453-454.

40 Uslu, Horasan Tarihi, s. 57.

41 El-Belazuri, Fütuhu`l-Buldan, s. 611-612.

42 Nizəkin xanımı onunla evlənmək istəyən Qüteybəyə belə demişdir: “Sən Xorasana gəlib gedən adi bir əmirsən. Halbuki sən mənim ərimi və uşaqlarımı öldürdün. Bizə heç nə buraxmadın. İndi də mənə evlilik təklif edirsən. Səni hiylə ilə öldürəcəyimdən və səndən intiqam alacağımdan qorxmursan?” Bu cavab Qüteybəni qorxudmuş və evlilik təklifini geri götürmüşdür. Bax. İbn əl-Asam əl-Kufi, əl-Fütuh, Beyrut 1986, s. 173.

Yüklə 67,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə