Şəhla TAHİRQIZI
MONOQRAFİYALAR ELMİ ƏDƏBİYYATIN NÖVÜ KİMİ
Kitab nəşri olduqca mürəkkəb, sistemli yaranışdır. O, bir-biri ilə qarşılıqlı
surətdə bağlı olan və biri-digərini tamamlayan elementlər toplusudur. Onun ən
vacib elementi mətndir. Mətnlər ədəbiyyatın növündən, məzmunundan və
janrından asılı olaraq müxtəlif struktura və fikri elementlər məcmuuna
malikdir. Beləliklə, nəşri ümumilikdə mürəkkəb və yaxşı təşkil olunmuş
informasiya sistemi kimi nəzərdən keçirmək mümkündür.
Hər bir kitab, istər tədris ədəbiyyatı olsun, istər bədii, istərsə də elmi olsun,
onlar müəyyən bilik sahələrinin oxucuları üçün yaradılır. Bu biliklər də, öz
növbələrində müəyyən konkret bir məqsədlə təqdim edilir: bu və ya digər sahə
üzrə toplanmış biliklərin ümumiləşdirilməsi, elmi tədqiqat nəticələrinin
mübadiləsi, dünyagörüşün, ideoloji, siyasi baxışların formalaşması, dövlət və
ictimaiyyətin mövqeyinin, hüquqi və mənəvi normaların oxucuya çatdırılması
və s. Ədəbiyyatın ictimai təyinatı dedikdə, əsasən, onun oxucuya təsir etməsi
başa düşülür. Demək olar ki, müxtəlif ədəbi əsərlər ictimai fəaliyyətin – elmin,
təhsilin, ideoloji və siyasi tərbiyəvi işin, xalq təsərrüfatı sahəsinin, mədəniyyət
və incəsənətin müxtəlif sferalarına xidmət edir.
Ədəbiyyatın ictimai təyinatı da müəyyən oxucu auditoriyasını nəzərdə tutur.
Ədəbi əsərlərin oxucu ünvanı onun ictimai, məqsədli təyinatı ilə birlikdə ədəbi
anlayışın sistemləşdirilməsinin əsasını təşkil edir. Ədəbi əsərlərin onların
təyinatına və oxucu ünvanına belə sistemləşdirilməsi funksional hesab edilir.
Hər bir kitabın səciyyəvi xüsusiyyəti onun növünə müəyyən dərəcədə təsir
göstərən informasiyanın xarakterindədir. Və bu xarakterin də əsas
əlamətlərindən biri problemin dərindən tədqiqidir. Elmi nəşrlərdə
informasiyanın əks etdirilməsində mövzunun arqumentləşdirilmiş əsaslar və
sübutların səmərəli tədqiqi metodları yüksək elmi səviyyədə işlənilməli və
özünəməxsus dil-üslub vasitələri olmalıdır.
"Kitab işi özlüyündə rəssamlıq, heykəltəraşlıq, kino, teatr kimi millətin
mədəni yaradıcılığının mühüm bir sahəsidir. Əslində hər şeyin başlanğıcı kitab-
141
dır – hər şey kitabdan başlanır, hər şey kitabdadır. Bir vaxt deyərdilər ki,
İnternet əsrində kitab öz əhəmiyyətini itirəcək, amma indi məlum olur ki,
İnternet kitabı əvəz edə bilmir. İnsan zəruri bilikləri, akademik və sistemli
savadı sakit bir şəraitdə kitabla baş-başa qalanda daha yaxşı mənimsəyir.
Demək, bəşəriyyət hələ bundan sonra da kitabsız keçinə bilməyəcək" (1, 5).
Hər bir kitabın özünəməxsus funksional əlaməti və funksiyalar tərkibi
mövcuddur. Lakin müəyyən funksional əlamətlər hansısa konkret bir nəşrlə
bağlıdır. Kitab nəşrinin əsas tipoloji kateqoriyalarından biri də nəşrin növüdür.
O nəşrlərin tipoloji qruplaşmasını ehtiva edir. Hər bir nəşr növü,
formalaşmasından asılı olaraq, standart əsaslara malikdir:
1)
təyinatına görə;
2)
informasiyanın əlamətinə görə;
3)
informasiyanın analitik-sintetik işlənilməsinə görə;
4)
əsas mətnin maddi quruluşu, həcmi və tərkibinə görə;
5)
informasiyanın dövrülüyü, strukturu və xarakterinə görə.
Sadalanan əlamətlər arasında bütün nəşrlər üçün ümumi olanları ayırmaq
vacibdir. Hər bir nəşrin spesifik xüsusiyyətləri isə məqsədyönlü təyinata malikdir
və onlar nəşrin funksional rolunu və xarakterini cəmləşdirilmiş şəkildə əks
etdirir.
Ədəbi əsərlər janrına görə elmi, bədii, bədii-publisistik, elmi-kütləvi, kütləvi-
siyasi, rəsmi, tədris ədəbiyyatına bölünürlər.
Hər bir elmlə yanaşı onun kütləviləşdirilməsinə ehtiyac yaranır və bu ehtiyacı
da kitab yerinə yetirir.
Monoqrafiyalar da elmi ədəbiyyatın növü olub konkret bir mövzuya həsr
olunmuş elmi-tədqiqat əsəridir (4,114). Monoqrafiya yunan sözüdür: mono-tək,
qrafo-yazıram deməkdir. Bu elmi yaradıcılıq işidir, müəyyən problem və ya
müasir elm aləmini narahat edən hansısa məsələnin araşdırılması haqqında olan
materialın əhatəli şərhidir. Monoqrafiyaları haqlı olaraq elmi əsərlərin əsas
janrı hesab edirlər. Burada qarşıya qoyulan problemlər, biliyin müəyyən bir
hissəsi və sahəsi tam və əhatəli şəkildə araşdırılır və ya işıqlandırılır.
Monoqrafiyalarda eksperimental işlər nəzəri cəhətdən ümumiləşdirilir (2, 29).
Monoqrafiyalar ayrı-ayrı empirik faktların təsvirindən və onların
öyrənilməsindən elmi nəzəriyyənin sistemli şərhinə, elmi axtarışlar
strategiyalarının yaradılması üçün keçidə imkan verir. Elmi monoqrafiya bu
gün elmin keçdiyi müəyyən yola yekun və gələcək elmi dərkə başlanğıc
nöqtədir.
Monoqrafiya elmi kitab nəşri hesab edilir. Əsas məqsədi bir əsərdə bir və ya
bir neçə müəllif tərəfindən hazırlanmış bir problem və ya mövzunun ətraflı və
tam məzmuna malik olmasını təmin edən bir nəşrdir.
142
Məzmununa görə monoqrafiyalar fundamental elmi əsərdir. Onun əsasını
elmi problemlərin ətraflı işlənilməsində böyük əhəmiyyətə malik olan əvvəlki
elmi nailiyyətlərin və əsərlərin yenidən məqsədyönlü tədqiqi təşkil edir.
Təyinatına görə monoqrafiyalar müəyyən bir sahənin – elmi informasiyaların
kommunikasiyalar sisteminə aid edilir və yeni-yeni problemlərin həllinə
istiqamətləndirilir. Onlar əsas etibarilə tədqiq olunan həmin problemlərinin
sahəsi ilə bağlı alim və mütəxəssislər üçün nəzərdə tutulur.
Elmi nəşr olduğu üçün monoqrafiyalarda tədqiq olunan predmet, onun elmi
tədqiqat kimi məqsədi, xarakteri, metodu və nəticələri əksini tapmalıdır. Qeyd
etmək lazımdır ki, elmi nəşrlərin redaktəsi zamanı elmi ədəbiyyatın janr
xüsusiyyətlərinin düzgün işıqlandırılmasına diqqət yetirmək əsas amillərdəndir.
Prinsipcə elmi nəşrlərin əsasını təşkil edən elmi ədəbiyyatı, yəni monoqrafiyanı
üç hissəyə bölmək olar: giriş, əsas mətn və nəticə. Onların hər birinin öz
təyinatı, quruluşu və məzmun dolğunluğu vardır.
Girişdə, ilk növbədə, mövzunun aktuallığı, tədqiqatın məqsədyönlülüyü
əsaslandırılır, tədqiqatın aparılmasının məqsədi araşdırılır. Bundan əlavə,
tədqiqatın aparılması şəraiti, metodu da göstərilə bilər. Eyni zamanda
nəticələrin qısa şəkildə xüsusiyyətləri və bu xüsusiyyətlərin qiymətləndirilməsi
və reallaşdırılma səviyyəsi, əsas hissədəki materialın qısa şərhi də
monoqrafiyanın girişində əksini tapa bilər.
Giriş, bir qayda olaraq, əgər xülasə məqsədyönlü əsaslandırılmışsa, öhdəsinə
düşən vəzifəsini yerinə yetirmiş olur, onun mövzusu və müzakirə olunan
məsələlərin əhatə dairəsi xarakterizə edilir, məqsədin təyinatı əks olunur;
tədqiqatın seçimi əsaslandırılır, istifadə olunmuş mənbələr səciyyələndirilir.
Həmçinin burada mövcud xülasənin digərləri ilə müqayisədə xüsusiyyəti
açıqlanır, informasiyanın analiz və sintezinə yanaşma izah edilir, əsas mətnin
kompozisiya quruluşuna, üslub və terminoloji xüsusiyyətinə nəzər yetirilir,
müəllif və ya tərtibçilər haqqında məlumatlara yer verir.
Əsas mətndə isə məqsəd, problemin tədqiqi prosesi, mövzunun
məqsədyönlülüyünün şərhi, tədqiqatın aparılmasıdır. Burada qarşıya qoyulan
məsələlər və onların həllinin vacibliyini bildirən şərhlər və izahatlar, dəlillər və
əsaslandırmalar göstərilir. Əsas mətnin məqsədi yeni biliyin informasiyanın
analizi və sintezi vasitəsilə formalaşdırılmasına xidmət edir.
Elmi ədəbiyyatın əsas mətnini elmi anlayışlar sistemi təşkil edir. Belə elmi
anlayışlar bu və ya digər hadisənin, yaxud predmetin elmi dərk edilməsinin
vəzifələri, prosesi və nəticələri haqqında təsəvvür yaradır. Janr xüsusiyyətindən
asılı olaraq onlar ədəbi vasitələrlə elmi tədqiqatın müəyyən dərəcədə tamlığını
əks etdirir. Beləliklə, monoqrafiyaların bir elmi ədəbiyyat kimi məqsədi əsas
mətndə qarşıdakı məsələni lazımi səviyyədə işıqlandırmaq, problem açıqlamaq,
kitabda elmi problemin hər bir aspektini aydın şəkildə təqdim etməkdir.
Hər bir əsərdə olduğu kimi, elmi əsərdə də müəllif tərəfindən təqdim olunan
143
informasiyanın daşıyıcısı olan məzmunda müəllif fikrinin realizəsini təmin
edən fəsillərin, bölmələrin, paraqrafların arasında məntiqi əlaqənin olması
vacibdir. Çünki elmi əsərin strukturu bilavasitə onun məzmunu və şərhinin
məntiqi ilə sıx bağlıdır. Məzmunun daşıyıcısı və əsərin əsası kimi mətn,
müəyyən mənada, kitabın oxucusu ilə təmasda olub, elmi kommunikasiya
sisteminə daxil olur.
Monoqrafiyanın predmet və ya hadisənin təsviri, şərhi məhz əsərin əsas
mətnində təqdim edilir: burada şərhin hərəkət trayektoriyası, obyektlərin
təsnifatı, onların inkişafının təsviri və s. göstərilir.
Elmi nəşr olan monoqrafiyaların müəllifləri tərəfindən materialın təq-
dimatında şərhin izahedici növü geniş istifadə edilir. Əksər hallarda belə
mətnləri mətn-mülahizələr adlandırırlar. Çünki onlar elmi sübutu və ya inkar
etmə prosesini qeyd edirlər.
Nəticədə aparılan tədqiqatın məntiqi yekununa müvafiq olaraq nəticələr
formalaşdırılır, tövsiyələr təqdir edilir, gələcək elmi tədqiqatların mümkün
istiqamətləri göstərilir.
Nəticə konkret olmalı, təhlil edilən problemin əldə olunan faktiki səviyyəsi
qiymətləndirilməli, monoqrafiyada həllini tapa bilməyən məsələlərin həlli üçün
istiqamətlər göstərilməli, problemin (sahə və ya predmetin) gələcək inkişafının
istiqamətlərinin və perspektivlərinin aşkarlanması haqqında məlumatları
özündə əks etdirməlidir. Əgər burada tövsiyələr verilirsə, onlar çıxarılan
nəticələrdən irəli gələrək əsaslandırılmalı, ölkədaxili və xarici elmi, texniki və
istehsalat nailiyyətlərinin tətbiqi sahəsində aydın, konkret təkliflərlə çıxış
etməlidir.
Elmi nəşr olan monoqrafiyalarda girişdən əvvəl ön söz, nəticədən sonra isə
son söz verilir.
Ön söz ya müəllifin özü tərəfindən, ya da kitabın elmi redaktoru, tərtibçi
tərəfindən yazılır. Burada təqdim edilən elmi tədqiqat barədə yığcam məlumat
verilir, əsərin müəllifi və ya tərtibçisi oxuculara təqdim olunur, onların elmi
fəaliyyətləri işıqlandırılır.
Son söz əsasən tarixi mövzuda olan və ya tərcümə ədəbiyyatlarına yazılır.
Son söz elmi problemin müasir anlayışını, müəllifin tədqiqat predmetinin
öyrənilməsindəki rolunu, ölkə və xarici alimlərin konsepsiya və yanaşmalarının
xüsusiyyətlərini izah edir.
Monoqrafiya elmi əsərlərin daha əhəmiyyətli bir janrıdır. O, elmi biliyin
bütün müasir elmi formalarını sistemli şəkildə təsəvvürdə yaradıb realizə
etməyə imkan verir. Müəllifin fərdi yaradıcılığının təqdim etdiyi subyektiv və
obyektiv məqamların varlığı monoqrafiyanın əsas əlamətlərindəndir. Onun
bilik və təcrübəsi, monoqrafiyada həyata keçirə bildiyi metodiki yanaşma
burada şərh olunan yeniliyin fərqləndirici xüsusiyyətlərindəndir. Müəllifin
şəxsiyyəti və onun elmi səviyyəsi monoqrafiyanın elmi-kommunikativ
144
əhəmiyyətinə fəal təsir göstərir. Bu da əsərin redaktəsi zamanı mütləq nəzərə
alınmalıdır.
Elm insan fəaliyyətinin sferası kimi obyektiv aləmin dərketmə şəklində əksi,
yaranışın sosial istiqamətləndirilməsi ilə xarakterizə olunur.Bu aləmin elmi
dərki prosesinin və nəticələrinin yazılı şəkildə çatdırılması elmi ədəbiyyatın
öhdəsinə düşür.
Monoqrafiyaların, bir elmi ədəbiyyat kimi, predmeti elmin əsas formalarının
- nəzəriyyə, qanun, təsnifat, problemlər, metodlar və s.-nin elmi
kommunikasiyada fəaliyyətini təmin edən elmi anlayışlar sistemidir. Məhz
elmi ədəbiyyat elmin belə dərketmə funksiyalarını - obyektiv həqiqi hadisələrin
şərhini, aydınlaşdırılmasını və sistemləşdirilməsini həyata keçirməyə şərait
yaradır.
Elmi ədəbiyyatın məzmununda elmi tədqiqatın əhəmiyyət kəsb edən
elementlər anlayışının - məqsədin, problem şəraitinin, yekun ehtimallarının,
ilkin biliklər və onların öyrənilmə metodlarının, və ən nəhayət, tədqiqatın
nəticələri olan yeni biliklərin ifadəsi təqdim edilir. Bundan əlavə, elmi
ədəbiyyata dair əsərlər konkret elmin tədqiqat prosesinin xüsusiyyətlərini
şərtləndirən müxtəlif komponentlərin inikasıdır.
Elmi ədəbiyyatın məqsədyönlü təyinatı elmin müvafiq tələbləri ilə şərtlənir.
Bu növ ədəbiyyat elmi biliklərin əsərdə şərh olunmasına imkan yaradır, yəni
elmi anlayışların "istehsalını" təmin edir. Bundan əlavə, elmi ədəbiyyat həmin
anlayışların qavranılması, bu və ya digər kommunikativ sistemdə istifadəsi
üçün zəruri şəraitdir, elmi biliklərin istehlakının təminatçısıdır.
Elmi dərketmənin çoxçalarlı xarakteri elmi ədəbiyyatın məqsədyönlü
təyinatının mürəkkəb daxili strukturunu müəyyən edir.
Monoqrafiya müəllifləri əsərlərinin oxucu ünvanını düzgün təyin etmək
qabiliyyətinə malikdirlər: onlar elm fədailəri və elm xadimləridirlər. Oxucu
nəinki elmi əsərlə tanış olur, müəllif anlayışını təsəvvüründə canlandırır, o,
həmçinin elmi anlayışların müxtəlif məqsədlərini aşkarlayır, məzmunu öz
şüurunda tamamlayır və onu (məzmunu) şəxsi nöqteyi-nəzəri ilə tutuşdurur.
Belə hallarda şəxsi mülahizələrdən imtina edilmə halları heç də isnisna
olunmur.
Elmi ədəbiyyat bir çox əsrlər ərzində formalaşmışdır. Onun formalaşmasına
əsasən elmin tədricən insan fəaliyyətinin sferası kimi xüsusiləşməsi,
ədəbiyyatın sosial kommunikasiyanın üsulu olması təsir etmişdir.
Elmi əsərin özünəməxsus
müxtəlif
növlərə
ayrılan fərqləndirici
xüsusiyyətləri mövcuddur. Monoqrafiyada qarşıda duran elmi məsələnin
həllinə doğru yönələn faktların hərtərəfli təhlili onun məqsədyönlü
istiqamətləndiricisidir. Buraya qarşılıqlı əlaqələrin, qarşılıqlı asılılığın və
arqumentləşdirilmiş dəlil və əsasların, nəzəri ümumiləşdirilmələrin, faktların,
məntiqi nəticələrin və praktiki tövsiyələrin əhəmiyyətinin qiymətləndirilməsi
145
daxildir.
İstənilən cəmiyyətdə və ölkədə elmi ədəbiyyatın rolu olduqca önəmlidir.
Elmi nailiyyətlərin istehsalata tətbiqi, kompüterləşmə və s. elmi ədəbiyyatın
daha çox inkişaf etməsini şərtləndirir. Elmi monoqrafiyaların əhatə dairəsi
olduqca genişdir. Onlar maarifləndirici nəşr olmaqla yanaşı informasiya
daşıyıcısı rolunu da ifa edir (3, 25-26).
Elmi ədəbiyyatın orijinal mətninin üzərində işləyərkən nəşriyyat redaktoru
hadisələrin təqdimatının ardıcıllığına xüsusi diqqət yetirməlidir.
Bütün kitablarda olduğu kimi, hər bir elmi ədəbiyyat da özünə münasib
kompozisiyaya malikdir. Ümumilikdə əlyazmaya olan tələblər onun
kompozisiya quruluşuna da aiddir. Monoqrafiya mətnini redaktə edən hər bir
nəşriyyat redaktoru əlyazmanın kompozisiyasının bir sıra tələblərə cavab
verməsinə diqqət yetirməlidir:
1. Kompozisiya əlyazma mətninin qarşıya qoyduğu məsələlərin həllində ən
yaxın köməkçi olmalıdır.
2. Kompozisiya mətnin məntiqinə müvafiq olmalıdır.
Elmi əsəri yazan, tərtib edən müəllif və ya müəllif kollektivi onun
kompozisiyasını oxucu auditoriyasına çatdırmaq qabiliyyətinə malik olmalıdır.
Elmi ədəbiyyatın kompozisiyasına olan tələblərdən biri də materialın dəqiq
plan əsasında işlənilməsidir. Mətnin kompozisiyası, onun prinsipləri və
xüsusiyyətləri haqqında danışarkən, ilk növbədə, əsərin planı düşünülməlidir.
Mətnin kompozisiyası elmi təhlil və keyfiyyətlərin qiymətləndirilməsində əsas
yer cümlələr arasında kompozisiya əlaqələrinin mahiyyətinə aiddir. Bu əlaqələr
özünü bütün mətn boyu bildirir. Kompozisiyanı və məzmunu biri-birindən
ayrılıqda təsəvvür etmək mümkün deyil. Əgər kompozisiya prinsipcə mətnə
uyğun deyilsə, elmi əsəri tam və bitmiş hesab etmək mümkün deyil.
Elmi nəşrlərin kompozisiya və quruluşunda mühüm rollardan birini də
müxtəlif illüstrativ materiallar oynayır. Real həqiqəti əksetdirmə xüsusiyyətinə
görə illüstrativ materialları iki növə ayırmaq mümkündür: elmi-anlaşılan
(qrafiklər, sxemlər) və sənədli (fotolar).
Monoqrafiya müəllifi əsərin aparatına, ilk növbədə, onun mündəricatına fikir
verməlidir. Müəllif çalışmalıdır ki, onun müvafiq oxucu auditoriyasına təqdim
etdiyi əsərin hansısa fəsli və ya bölməsi digərindən güclü və ya zəif olmasın.
Odur ki, müəllif əsərinin oxucuya qədər uğurlu olub-olmamasını özü müəyyən
etmiş olmalıdır.
Hər bir elmi ədəbiyyatın elmi rəyçisi olmalıdır. Monoqrafiyaya rəy verən
mütəxəssis müvafiq bilik sahəsinə dərindən bələd olmalı, əsərdəki problemlərlə
əlaqədar dövlətin sənəd, material və qərarlarını, tədqiq edilən problemə dair hər
hansı bir analoqun olub-olmaması məsələlərini dəqiq bilməlidir. Çünki onun
verdiyi rəy əsərin hansı səviyyədə dəyərli olmasını bildirir.
Elmi əsər bütün hallarda inkişafetdirici rola malik olmalı, həm də ideya
146
cəhətdən qüsursuzluğu ilə diqqəti çəkməlidir. Məzmun və formanın vəhdəti
elmi ədəbiyyatın əsas amllərindəndir. Məzmunla formanın vəhdətinə nail
olmaq hər bir müəllifin başlıca öhdəliyidir.
Əlyazmalarda verilən terminlər, sxemlər, cədvəllər, illüstrasiyalar geniş
dərketdirmə xüsusiyyətinə malik olduğundan müəllif onların tərtibinə də xüsusi
diqqət yetirməlidir.
Monoqrafiya elmi ədəbiyyat olduğu üçün faktlara əsaslanır. Bu faktlar da üç
əsas tələbə cavab verməlidir:
1. Tipiklik – cəmiyyət həyatının əsas qanunauyğunluqlarını əks etdirməli;
2. Siyasi və elmi əhəmiyyət daşımalı;
3. Müvafiq oxucu auditoriyasının marağını təmin etməlidir.
Elmi ədəbiyyatın predmeti (informasiyanın xarakteri) eyni zamanda elmin
predmetidir. Bu predmetin düzgün qiymətləndirilməsi və tədqiq edilməsi
xüsusi dəqiqlik tələb edir. Burada heç bir sarpmalara yol verilməməlidir.
Monoqrafiyanın strukturu təhlil edilib qiymətləndirilərkən əsas diqqət təqdim
olunan məsələnin dəqiq qoyuluşuna, oxucu auditoriyasının nəzərə alınmasına,
tədqiqatın nəticələrinin göstərilməsinə doğru yönəlməlidir.
Elmi əsərdə də, digər nəşrlərdə olduğu kimi, məzmunun bütün təsvir
vasitələri – mətn, formullar, illüstrasiyalar, cədvəllər, həmçinin ədəbi janrın
informasiya, analitik, bədii-publisistik elementləri istifadə olunur.
Elmi ədəbi əsərlərin struktur komponentləri belə sistemləşdirilir:
- əsas mətn - elmi ədəbiyyatın predmetini və ya hadisənin əsasını təşkil edən
biliklər təsbit olunur;
- əlavə mətn - elmi ədəbiyyatın predmetinin və ya hadisənin xarakterindən
asılı olaraq müxtəlif formalarda və məzmunda verilir.
- izahedici mətn - tanıdan və populyarlaşdıran funksiyaları yerinə yetirən
nümunələrdə əksini tapır.
- qavramanın təşkili aparatı (metodiki aparat)- strukturun əsas
komponentidir.
Bu
komponent
elmi
ədəbi əsərlərin predmetinin
qavranılmasında yardımçı rolunu oynayır və tədris prosesinin müstəqil
qavrayış fəaliyyətini istiqamətləndirir. Qavramanın təşkili aparatına müxtəlif
suallar, tapşırıqlar, cədvəllər, illüstrasiyalara şəkilaltı sözlər və s. aiddir.
- müxtəlif səpkili illüstrasiyalar - rəngli, ağ-qara illüstrativ materiallar,
çertyojlar, sxemlər, xəritələr məhz bu qəbildəndir.
-istiqamətləndirici aparat - giriş, mündəricat, rubrikalar, göstəricilər və s.-
ni əhatə edir. Onlar ümumilikdə tədris ədəbiyyatının məzmun və strukturunu
istiqamətləndirir, kitabla müstəqil iş vərdişlərini aşılayır.
Biliklərin qavranılması məsələsi elmi ədəbiyyatın strukturuna həlledici təsir
göstərir. Elmi ədəbiyyatın metodiki təhlili zamanı biliklərin qavranılmasının
keyfiyyətlə həyata keçirilməsində strukturun bu və ya digər konponentinin rolu
daim diqqətdə olmalıdır.
147
Elmi ədəbiyyatın predmetinin xarakteri, oxucu ünvanı (yaş tərkibi) tədris
ədəbiyyatının kompozisiyasını və materialın şərhini müəyyənləşdirir. Bu
predmet elm kimi şərh edilməli, mövcud elmin məntiqi, elmi metodu nəzərə
alınmalıdır. Əsərin materialı elə qruplaşdırılmalı və məntiqi cəhətdən elə
qurulmalıdır ki, hər bir hissəsi tematika nöqteyi-nəzərincə tam təqdim edilsin
və həmin predmetin dərk edilməsində müəyyən dərəcədə yeni pillə olsun (4,
15-16).
İrəlidə qeyd edildiyi kimi, kitabın bütün hissələri arasında daxili məntiq
mövcuddur. Bu məntiqdə kitabın həm kompozisiyası, həm də strukturu
açıqlanır. Nəinki elmi-kütləvi ədəbiyyatda, eləcə də digər əsərlərdə şərh bir
qayda olaraq mühakiməni təlqin edir. Mühakimə iki növdür:
1) deduktiv mühakimə – ümumi mülahizələrdən fərdi nəticələrədək;
2) induktiv mühakimə – xüsusidən ümumiyə, yəni ayrı-ayrı faktlardan
ümumiliyədək (5).
Monoqrafiyalarda məntiqi və tarixi şərhetmə metodlarından istifadə edilir.
Məntiqi metod müəllif mülahizələrini izləməyə imkan verir, elmi tədqiqatın
modelini yaradır, bu və ya digər obyektin ətraflı tədqiqini verir. Şərh səbəb və
təhqiqatın göstərilməsi, onların qarşılıqlı əlaqələrinin elementi və nəticəsi,
strukturun ümumilikdə və ya ayrı-ayrı hissələrinin tədqiqi əsasında qurulur.
Məntiqi metod materialın fikri fraqmentlərə ayrılması ardıcıllığını şərtləndirir.
Bu metod yüksək informasiyalılığı ilə fərqlənir.
Şərhin tarixi metodu hadisə və predmetin inkişaf prosesinin xronoloji
ardıcıllıqla verilməsinə imkan yaradır. Bu metod dinamikdir və dərketmədə
çətinlik yaratmır.
Məzmunun məntiqi və tarixi şərhi metodlarının əlaqəliliyi elmi ədəbiyyatın
quruluşu metodlarının dərketmə münasibətində nisbətən mürəkkəb əsasa
malikdir.
Abstraktlıqdan konkretliyə çıxış metodu tədqiq edilən predmet və ya
hadisə haqqında konkret biliyi dərin elmi anlayışlar əsasında sintezləşdirməyə
imkan yaradır. Sintez, adətən, sadə abstraktlıqdan başlayır və elmi anlayışın
mövcud müəyyənləşdirilməsinin çoxşəkilli sintezinin vəhdətini göstərir.
Spiral metodu tədqiq edilən elmi ədəbi əsərdə predmet və hadisənin
əlamətlərinin tədricən açılmasını və inkişafını şərtləndirir. O, nəinki elmi
materialın strukturunu əks etdirir, eyni zamanda oxucu dərketməsinə də
istiqamətverici təsir göstərir. Spiral metodu fikrin, hər dəfə yeni, daha yüksək
dərəcədə ümumiləşdirilmiş təkrarı yolu inkişafına əsaslanır.
Elmi əsərlərdə təqdim olunan tələblərin yerinə yetirilməsində terminlər
xüsusi əhəmiyyət kəsb edir.
Məzmunun əsas şərhetmə vasitəsi dərketmə aparatı olan elmi mətnlərdə
terminoloji leksikaya mühüm əhəmiyyət verilir. Elmi terminologiyanın istifadə
edilməsi məzmunun şərhinin dəqiqliyini təmin edən daha optimal variantdır.
148
Uyğun tərminlərin və leksik, qrammatik və sintaktik dil-üslub vasitələrinin
dəqiq seçilməsi fikrin adekvat və birmənalı təqdimini təmin edir (6, 11).
Hər bir elmi ədəbiyyatın ayrılmaz tərkib hissəsi onun sorğu aparatıdır. Aparat
elmi nəşrlərin mühüm tərkib hissəsi olduğu üçün oxucuya kitaba "daxil
olmağa" imkan yaradır.
Sorğu aparatının vacibliyi və əhəmiyyəti oxucunu kitabın məzmunu ilə
tanışlığa yardım etməkdən, kitabdan istifadəni asanlaşdırmaqdan, lazım olan
məlumatı vaxt itirmədən, heç bir səhvə yol vermədən axtarıb tapmaqdadır.
Aparat mövcud kitabla digər informasiya mənbələri arasında, əlaqələndirici
orqan rolunu ifa edir, onun elmi-kommunikativ axında yerini müəyyənləşdirir.
Elmi kitabın aparatının informasiya-arayış məsələlərinin həlli zamanı
informasiyalar axınında hansısa kitabı axtarıb-tapmaq və onun məzmunu
haqqında məlumatın rolu böyükdür. Hələ keçən əsrin ortalarında alimləri elmin
informasiya təminatı ilə bağlı vəziyyəti olduqca narahat edirdi. O vaxtlar
akademik S.İ.Vavilov yazırdı: "Müasir insan kitabxanalar Himalayının
qarşısında qum içərisindən qızıl zərrəcikləri axtaran qızılaxtaranlara
bənzəyirlər".
Elmi
kitabın
aparatı
bütün
axtarış
variantlarında,
əsasən də,
avtomatlaşdırılmış axtarışda əsas eyniləşdirmə elementi kimi çıxış edir.
Standarta müvafiq olaraq sorğu aparatı əsərin müəllifinin mətn orijinalının
tərkibinə daxil olunur.
Monoqrafiyaların sorğu aparatına əksər hallarda elmi kitablarda əksini tapan
qeydlər və şərhlər də daxildir.
Qeydlər sırf arayış xarakteri daşıyır. Onlar mənbə haqqında qısa məlumat və
istinad verir, xarici mətnlərin tərcüməsini təqdim edir, hansısa əlavə faktı şərh
edir.
Şərhlər çap olunan mətnlərin izahatını verir, tərtibçi və ya redaktorun onlara
olan rəyini bildirir.
Elmi nəşrlərin aparatına bir qayda olaraq predmet, ad, terminoloji və s.-nin
göstəriciləri də daxil edilir. Göstəricilər aparatın ən mühüm elementlərindən
biridir, naviqasiyanı, informasiya arayışını, mətnin istqamətini, kitabdan
istifadənin asanlaşmasını təmin edir.
Monoqrafiyanın spesifik göstəricisindən biri də mündəricatdır. Mündəricat
əsas axtarış-məlumat elementi kimi nəşrin aparatının tərkibinə daxildir.
Mündəricata fəsillər, bölmələr, paraqraflar daxildir. Məlumat-axtarış elementi
olduğu üçün mündəricatı kitabın əvvəlində təqdim etmək daha məqsədyönlü
olar.
Elmi kitabın aparatının daha bir əsas elementi də əlavələrdir. Əlavələr
tədqiqatın yerinə yetirilməsində mühüm rol oynayan əlavə istifadə mate-
riallarıdır. Əlavələrə, əsasən nəticələrin təsdiqi üçün tələb olunan material daxil
edilməlidir.
149
Elmi monoqrafiyalarda sitat və istinadlara da geniş yer verilir. Sitatların
istinad mənbələrini həm sətiraltı, həm də arxada təqdim etmək mümkündür.
Lakin əksər hallarda mənbələri sonda vermək daha məqsədyönlü hesab edilir.
Bəzi alimlərin fikrincə, sətiraltı istinad mənbələri oxucunun fikrini əsas
mətndən yayındırır.
Yuxarıda göstərilənlərdən aydın olur ki, elmi monoqrafiyalarda sorğu aparatı
iki funksiyanı yerinə yetirir: o, həm kitabın mətninin izahatını verir və onu
sistemləşdirir, həm də gələcəkdə predmetin öyrənilmə yollarını göstərir (6, 22).
Görkəmli şəxsiyyətlərə həsr olunmuş biblioqrafik monoqrafiyalarda haq-
qında söhbət açılan mütəxəssisin əsas elmi işləri təqdim edilə bilər.Bu da
oxucu üçün istinad mənbəyi kimi deyil, məhz həmin şəxsiyyətin elmi
yaradıcılığının təqdimatı xarakterini daşıyır.
Səyahət xarakterli monoqrafiyalarda analoji məlumatlar verilə bilər. Bundan
əlavə, belə nəşrlərdə bəzi hallarda tədqiqatçının tədqiqi ilə məşğul olduğu
xalqın adət-ənənələri, yaşayış tərzi haqqında da söhbət açmaq mümkündür.
Belə hallarda coğrafi adların terminoloji göstəricisini də təqdim etmək
məqsədyönlüdür. Coğrafi göstəricilər əsas mətni dolğunlaşdırır və daha
oxunaqlı edir.
Elmi-kütləvi xarakterli monoqrafiyalar da elmi nəşrlər kimi müxtəlif elmi
biliklərin inkişafına və təbliğinə xidmət edir. Bu monoqrafiyaların da əsas
predmeti elm və elmi tədqiqatlardır: elmi tədqiqatların nəticələri, tədqiqatın
obyekti, elmi problem, məqsəd və metodu, tədqiqatın aparılma şəraiti,
tədqiqatın əsasını təşkil edən faktlar, istifadə materialı və s.
Elmi-kütləvi nəşrlərin mövzu dairəsi olduqca geniş və əhatəlidir. O,
cəmiyyətin tələbatı və oxucu marağı ilə müəyyənləşməlidir. Elmi-kütləvi
nəşrlərin təyinat məqsədi elmi biliklərin, texnikanın, mədəniyyətin və s.-nin
geniş oxucu kütləsi arasında təbliği və yayılmasıdır.
Elmi-kütləvi monoqrafik əsərlərin müəllifləri elmi bilikləri təbliğ etməklə
elmdə olan son yeniliklərdən söhbət açır, bununla da müvafiq sahənin oxucu
kütləsini maarifləndirməklə elmin yeni bilikləri ilə tanış edir, gələcək dərketmə
maraqları oyadaraq, onun yaradıcılıq meyllərini inkişaf etdirirlər.
Belə monoqrafiyaların mühüm məqsədlərindən biri də oxucunun elmi
dünyagörüşünü formalaşdırmaqdır. Elmi dünyagörüşünün formalaşdırılması
insanların elmi biliklərlə təması, onlarda elmin qavranılması, elmi-texniki
tərəqqinin məqsədinin dərk edilməsi xüsusiyyətlərinin inkişafı ilə həyata
keçirilir. İncəsənətə dair elmi-kütləvi əsərlər estetik tərbiyənin funksiyalarını
yerinə yetirir.
Qeyd etmək lazımdır ki, elmin inkişafını izləyən hər bir şəxsə – istər
humanitar sahə olsun, istər təbiət elmləri sahəsi olsun, istərsə də dəqiq elmlər
sahəsi olsun, özünün elmi dərketmə dairəsini inkişaf etdirmək əsas
məqsədlərdən biri kimi vacib və əhəmiyyətlidir.
150
Oxucuda elmi dərketmə dairəsinin genişləndirilməsinə yardımçı məhz elmi-
kütləvi nəşrlərin qarşıya qoyduğu məqsədləri, aşıladığı bilikləri dərindən
qavramaq ola bilər.
Müasir şəraitdə elmi kütləvilik məsələləri genişlənmiş və nisbətən mürək-
kəbləşmişdir, çünki oxucu sanki təkmilləşmiş, ümumiyyətlə, tamamilə dəyiş-
mişdir. Bununla yanaşı, elmi-kütləvi kitabların da funksiyaları genişlənmişdir.
Belə kitablara nəinki geniş oxucu kütləsi, eyni zamanda müxtəlif istiqamətdə
fəaliyyət göstərən alim və mütəxəssislər də ehtiyac duyurdu. Onlar həm təhsil
alan, həm də artıq təhsilini başa vuranlar üçün faydalıdır. Ali təhsilli şəxslər
üçün bu monoqrafiyalar daha çox əhəmiyyətlidir, onlar bu dövrdə daha artıq
səmərəli olur. Çünki artıq biliklərə yiyələnmək müstəqil həyata keçirilir və bu
işdə elmi-kütləvi monoqrafiyalar öz müsbət təsirini göstərir. Müasir elm və
texnikanın problemləri geniş şəkildə həkimi, müəllimi, hüquqşünası, artisti,
rəssamı eyni dərəcədə dərindən maraqlandırır.
Deməli, elmi nəşrlər artıq ümumi tələbata çevrilib. Bununla bərabər, onlar
hamı üçün eyni dərəcədə səmərə kəsb etmir. Hər bir sahənin özünə uyğun elmi
nəşrləri mövcuddur. Çünki elmi kitabların oxucularını biri-birindən ayırmaq
həlli çətin olan bir məsələdir. Bu kitabların oxucu auditoriyası hamını – orta
məktəb şagirdlərindən tutmuş, alimlərədək əhatə edir.
Bütün elmi monoqrafiyalardakı şərhlərdə yalnız bir problem, bir mövzu
haqqında məlumatlar verilir. Bu, hansısa bir kəşfə, ixtiraya, teoremin
yaradılmasında, elmi axtarışların problemi, elmin təşəkkülü və inkişafı və s.-də
təzahür edir. Şübhəsiz ki, elmin inkişaf etdiyi, elmi problemlərin həlli olduğu
yerdə tədqiqatçılar, alimlər də, onların elmi bioqrafiyaları da mövcuddur.
Elmi monoqrafiyalarla yanaşı, görkəmli şəxsiyyətlərin həyatından, elmi
fəaliyyətindən, yaradıcılığından bəhs edən əsərlər də monoqrafiya adlanır. Belə
monoqrafiyalar bioqrafik əsər adlanır. Belə əsərlərdə alimin dünyagörüşünün
formalaşması göstərilir, onun elm sahəsindəki sərvətləri əksini tapır. Məhz bu
baxımdan bioqrafik monoqrafiyalar əhəmiyyət kəsb edir.
Mövzusunu alimlərin elmi məqsədlə səyahətlərinin tərtibi təşkil edən elmi
əsərlər də monoqrafiya adlanır. Burada da, digər elmi bioqrafik
monoqrafiyalarda olduğu kimi, söhbət alimin tərcümeyi-halından və elmi
yaradıcılığından, ölkələr və materiklərdən, təbiət və əhalidən gedir. Səyahətlər
haqqında olan elmi-kütləvi nəşrlər də informasiya xarakterinə görə bilavasitə
monoqrafiyaya aid olunur. Çünki bütün elmi əsərlərin mahiyyətcə problemləri,
tədqiqat istiqaməti, mövzu və mətnin xarakteri eyni xüsusiyyətlərə malikdir.
Elmi monoqrafiyaları mütaliə edən hər bir oxucu oradan tədris
ədəbiyyatlarından olduğu kimi faydalanır, biliklərini təkmilləşdirir və yaxud
inkişaf etdirir, elmin müasir və gələcək nailiyyətləri haqqında təsəvvürə malik
olurlar.
Monoqrafiya - problemi və mövzusu elmin nisbətən məhdud konkret bir
151
sahəsini əhatə edən elmi nailyyətin əksidir. Monoqrafiyalar hər bir halda elmə
xidmət edir, elmin nailiyyətlərini, görkəmli alimlərin elmi fəaliyyətlərini geniş
oxucu kütləsinə çatdırır, elmi axtarışların nəticələrini şərh edir və gələcək elmi
axtarışlar haqqında məlumatlar təqdim edir.
ƏDƏBİYYAT
1. Umudlu İ. Kitab nəşri bu gün. Bakı, Əbilov, Zeynalov və oğulları, 2004. –
322 s.
2. Редактирование отдельных видов литературы / Под ред.
Н.М.Сикорского. Москва, "Книга", 1987. – 398 с.
3. Vəliyev İ. Redaktənin əsasları. Bakı, Günəş, 2005. – 96 s.
4. Canıyeva U.H. Əlyazma üzərində redaktor işi. Bakı, Bakı Universiteti
Nəşriyyatı, 2007. – 90 s.
5. Каплан Г.Д. Редактирование отраслевой литературы. М.:
Искусство, 1961.
6. Антонова С.Г. Редакторская подготовка изданий. www.mgpu.ru
Ш.Т.ГУЛИЕВА
МОНОГРАФИЯ – ОДИН ИЗ ВИДОВ НАУЧНОЙ ЛИТЕРАТУРА
РЕЗЮМЕ
В статье рассказывается об одном виде научной литературы –
монографии. Автор в основном останавливает внимание на содержании
читательской аудитории монографии. А также на цели, характере,
методе и выводах монографии, как вида научной литературы,
использовании авторами объяснительного текста для пояснения
материала.
152
SH.T.QULİYEVA
MONOGRAPHY IS ONE OF THE TYPES OF SCIENTIFIC
LITERATURE
SUMMARY
The article describes about monography as one of the form of scientific
literature. The author mainly focuses on the content and reader’s audience of
monography as well as to the nature of the method and conclusions of the
monography as a kind of scientific literature and using by authors of
explanation text to explain the materials.
Dostları ilə paylaş: |