Şəki, 2008 Layihənin əsas məqsədi



Yüklə 105,55 Kb.
tarix16.11.2017
ölçüsü105,55 Kb.
#10494




“Gənclərin icmalarda iştirakçılığını və

rolunun artırılması” mövzusuna aid təlim
KİTABÇASI



Şəki, 2008

Layihənin əsas məqsədi:

“Uluçay” təşkilatı Milli Demokratiya İnstitunun (NED) maliyyə dəstəyilə “Mülki Maarifləndirmə Proqramı”nın icrasına başlamışdır. Proqramın əsas məqsədləri gənclərin mülki maarifləndirmə haqqında biliklərini artırmaq və öz icmalarında aktiv olmaqları üçün şərait və imkan yaratmaq, onların siyasətə marağını mətbuat və jurnalistika hesabına inkişaf etdirməkdən ibarətdir.

Ümumiyyətlə layihə üç istiqamətdə - müxtəlif açıq leksiyalar və sənədli film günləri, kəndlərdə mülki maarifləndirmə dərslərinin (“Gənclərin icmalarda iştirakçılığını və rolunun artırılması”) təşkili və gənc jurnalist dərsləri həyata keçirilir.
Təlimlərdən gözlənilən nəticələr:



  • müəllimlərə keçirilən təlimlər əsasında onların mülki və siyasi biliklərini artırmaq;

  • həmin bilikləri tədris planına əlavə etmək;

  • Əldə etdikləri təcrübə əsasında məktəblərdə siyasi/sosial klublar yaratmaq;

  • Şagirdlərin bu klublarda iştirakı sayəsində icmanın siyası həyatına cəlb etmək;


M Ü N D Ə R I C A T




Təlimin agendası..................................................................................................................... 4
Icma nədir?............................................................................................................................. 5
Demokratiya nədir? ................................................................................................................ 6
Demokratiyanı öyrənməyin yolları ......................................................................................... 7
Mülki təhsil..................................................................................................................................9
İştirakçılıq faktoru .................................................................................................................. 10
Klublar və onları təşkil etməyi yolları .................................................................................... 11
Nəticə ......................................................................................................................................... 13



Gənclərin icmalarda iştirakçılığını və rolunun artırılması” üzrə təlimin

G Ü N D Ə L I Y İ



Vaxt


Sessiyalar



10:00 – 10:15


Giriş. Təlimin proqramı, məqsəd və vəzifələri



10:15 – 10:30


Tanışlıq, Gözləntilərin müəyyənləşdirilməsi



10:30 – 11:00


İcma haqqında ilkin anlayış



11 :00 – 11:30


Demokratiya nədir? və Demokratiyanı öyrənməyin rolları, mülki təhsil



11:30 – 11 : 45


Çay fasiləsi 



11:50 – 12 : 05


İştirakçılıq faktoru



12: 05 – 13 :00


Klublar və onları təşkil etməyin rolları



13: 00 – 13 : 15


Təlimin yekunlaşdırılması (suallar və cavablar)





  1. İcma nədir?

İcma anlayışı insanlar tərəfindən müxtəlif mənalarda işlədilir. İcma yaratma üzrə tədqiqatçılar icma sözünün standard izahını vermirlər. İcma sözü coğrafi ərazi vahidi, psixoloji əlaqələr və ya ümumi məqsəd uğrunda çalışan insanlar mənasını verə bilər:


Eyni coğrafı ərazidə yaşayan və eyni ehtiyatları paylaşan, bir-birilərindən və yaşadıqları ərazidən social və psixoloji asılılığı olan insanlar birliyinə icma deyilir.”
Bu cür icma tərifi iki komponentdən ibarətdir:
Ərazinin vurğulanması: Bu spesifik ərazidə yaşayan insanlara aiddir.

Bizim tərif diqqəti bir çoxlarının “yaşayış yeri” kimi xarakterizə edəcəyi icmaların üzərində cəmləyəcək. Evin haradadır soruşulduqda hamı yaşadığı evi və ya mənzili, blok və qonşuluqda olan əraziləri yadına salacaq. Buna görə bizim tərif ərazi və ərazi ilə bağlı sosial və psixoloji asılılıq sözlərindən ibarətdir. Biz inanırıq ki, bizim tərif bir çox insanlar tərəfindən doğru olaraq qəbul ediləcək. İcmaya şəhər, qəsəbə və insanların yaşadığı və ev adlandırdıqları digər yerləri də aid etmək olar.


Sosial və psixoloji asılılıq: Bizim fəaliyyətimizdə sosial və psixoloji asılılıq anlayışı icmanın məğzini təşkil edir. Sosial asılılıq eyni coğrafı ərazidə qohumluq, dostluq və tanışlıq, həmçinin, ümumicma işlərində birgə iştirak və müxtəlif növ iqtisadi mübadilə (malların alqı-satqısı, xidmətlər, yerli sahibkar üçün işləmək və s.)
Psixoloji asılılıq Bağlılıq, oxşarlıq, hər hansı bir yerə bağlı olma hissi, həmçinin, mənəvi borc, öhdəçilik, hörmət hissi və o yerdə yaşayan sakinlərlə yoldaşlıqdan ibarətdir.
İcmanın əsas əlamətləri:


  • Ərazi birliyi/Coğrafi sərhəd

  • Ümumi ehtiyat/problem

  • Ümumi məqsəd

  • Birlik/Kollektivçilik

  • Bərabərlik

  • Fayda və xidmətlərdən ümumi istifadə

İcma dedikdə adətən əhalisi yığcam şəkildə məskunlaşmış kənd nəzərdə tutulur; tutaq ki, Bakıda yaşayış massivi və yaxud böyük bir bina da ayrıca bir icma hesab edilə bilər.

Səfərbərlik

  • Icma üzvlərinin ehtiyac və məqsədlər ətrafında kollektiv fəaliyyətini tələb edən prosesdir.

  • Icmada yaşayan müxtəlif statuslu insanların məqsəd və fəalyyət birliynə nail olmaqdır.

  • Icmanın inkişafına geniş imkanlar yaradır.

  • Icmada yaşayan insanların ümumi ehtiyac və problemlər ətrafında öz təşəbbüslərini, zehni və fiziki qüvvələrini, idarəetmə bacarıqlarını, maliyyə və texniki imkanlarının bir araya gətirməsidir.

  • Vaxt aparan prosesdir və heç də bütün üzvlərin fiziki birliyi ilə tamamlanmır. Tamamlanma o zaman baş verir ki, insanların yalnız fiziki cəhətdən deyil, həmdə mənəvi və zehndi cəhətdən şüurlu birliyinə nail olunsun. İcmanın hər bir üzvü səfərbərlik vasitəsilə icmanın ümumi mülkiyyətinə sahiblik inamını qazanır və özünü icmanın gələck fəaliyyətinə hazırlayır.


Başqa sözlə, insanlar öz ehtiyac və problemləri ətrafında ümumi razılığa gəlir, bir birini daha yaxından tanıyır, problemi həll etmək üçün, ən müdrik və ağıllı adamların sözü eşidilir, onda bu icma səfərbər olunmuş icma hesad edilə bilər.



  1. Demokratiya nədir?



“Heç bir insan yaxşı vətəndaş kimi doğulmur, heç bir ölkə də demokratik kimi meydana gəlmir, yəqin ki, həm bu, həm də digər hallar bütün həyat boyu davam edən inkişaf prosesidir. Gənclər bu prosesə doğulma anından daxil edilməlidirlər.”

Kofi Annan
İnsanların hansısa qrupu üçün qaydalar müəyyən edilməsi sistemini demokratiya adlandırırlar. Sözün özü demos yəni “xalq” və kratos “hakimiyyət” demək olan yunan sözlərindən yaranır. Demokratiyanı “xalq idarəsi” kimi müəyyən edirlər; başqa sözlə bu insanlar tərəfindən yaradılan və onların özlərinin riayət etməli olduqları qaydalar təyin edilməsi sisemidir. Demokratiya çoxları üçün tanış söz olsa da, vaxtilə totalitar və hərbi diktatura rejimləri rəğbət qazanmaq üçün bu anlamdan istifadə etməklə onun yanlış başa düşülməsinə səbəb olmuşlar. Lüğəvi tərifinə əsasən demokratiya “xalqın hakimiyyəti”dir, hansı ki, ali hakimiyyət xalqın əlindədir və xalqın özü və ya azad seçki əsasında seçilmiş təmsilçiləri tərəfindən idarə olunur. Azadlıq və demokratiya hər zaman eynimənalı şəkildə işlədilmişdir. Ancaq onları eyniləşdirmək olmaz. Demok-ratiya azadlığı tərənnüm edən ideyalar və prinsiplər toplusu olsa da, uzun tarix boyu davam edən təcrübə və prosedurlardan təşkil olunmuşdur. Qısaca, demokratiya azadlığın tərkib hissəsidir. Konstitusiyalı dövlətin əsasları, insan hüquqları və qanun qarşısında bərabərlik demokratiyanın əsasını təşkil edir.Demokratiya dövlətin fəaliyyətini müəyyən edən qaydalar və prosedurlar toplusudur. Demokratiyada dövlət çoxlu müxtəlif müəssisələr, siyasi partiyalar, təşkilatlar və assosiasiyalarla bərabər eyni zamanda mövcud olur. Bu təzad plüralizm adlanır və demokratik cəmiyyətdə mövcud olan təşkilatların və müəssisələrin quruluş, qanunvericilik və hüquqi cəhətdən dövlətdən asılı olmadığını qarşıya qoyur. Demokratik cəmiyyətdə bəzisi yerli, bəzisi milli olmaqla minlərlə özəl təşkiatlar fəaliyyət göstərir. Onlardan çoxu fərdlərlə sosial və dövlət təşkilatları arasında vasitəçi rol oynayırlar və ayrı-ayrı fərdlərə demokratik cəmiyyətin vətəndaşları kimi öz hüquq və vəzifələrini müəyyən etməyə təkan verirlər. Bu qruplar öz üzvlərinin maraqlarını müxtəlif yollarla- namizədləri dəstəkləməklə, nəticələri müzakirə etməklə və siyasi qərarlara təsir etməklə təmsil edirlər. Bu qruplar insanların dövlət və icma məsələlərində iştirakına vasitədirlər. Bu qruplara xeyriyyə təşkilatları , ətraf mühiti mühafizə qrupları, biznes assosiasiyaları, həmkarlar ittifaqları və s. daxildir.


Avtoritar üsuli cəmiyyətdə bütün bu cür təşkilatlar yoxlanılır və dövlətdən asılı olurlar. Demokratik cəmiyyətdə isə dövlətin səlahiyyətləri qanun tərəfindən müəyən olunur və məhdudlaşdırılır. Nəticədə özəl təşkilatlar dövlət nəzarətindən azad olurlar.

Bu cür demokratik cəmiyyətdə vətəndaşlar dövlətin təzyiqi olmadan öz azadlıqlarını və vəzifələrini müəyyən etməkdə çətinlik çəkmirlər.

Beləliklə, hər bir insan bu və ya digər tələbatını ödəmək üçün gah bir, gah da digər adamdan istifadə edir. Daha çox şeyə ehtiyac duyan insanlar məcburdurlar ki, bir yerdə yaşasınlar və bir-birlərinə kömək etsinlər. Bu cür yaşayış forması dövlət adlanır. Burada xalq başçısız qalmamalıdır. Çünki demokratiya hakimiyyətin xalqa məxsus formasıdır və bu zaman xalq öz iradəsini seçdiyi şəxslərlə ifadə edir. Eyni zamanda heç bir kəs digərlərini öz şəxsi rəyi ilə hərəkət etməyə məcbur etməməlidir. Azadlıqsız demokratiya yoxdur. Demokratik cəmiyyətdə hər kəs öz sözünü deyə bilir. Bununla belə istər dövlət işlərində, istər oyun və məşğələlərdə hər zaman başçının sözü dinlənilməlidir, başçı da xalqın rəyi ilə razılaşmalıdır. Hər zaman –sülhdə də, müharibədə də hər hansı bir məsələ birlikdə müzakirə edilməli və razılıq əldə edilməlidir. Anlaşmaq həmişə çətindir, ancaq insanlar dil tapmasa, nələr baş verərdi? Ona görə də insanlarda başqalarının düşüncə, təcrübə və davranışını anlamaq və onlara sayqı göstərmək bacarığı olmalıdır. O yerdə ki hər kəs özünü düşünür, heç kəs qazanmır. Demokratiya rəy mübadiləsidir, ünsiyyətdir. Özlərini idarə etməyi bacarmaq üçün insanlar öz fikirlərini azad surətdə ifadə etməlidirlər. Ancaq insanların azadlıqdan sui-istifadəsinin qarşısını almaq üçün qanunlar müəyyən edilmişdir və hər kəs bu qanunlar qarşısında bərabərdir. Bu qanun-lar həm başçının, həm də vətəndaşların hüquq və vəzifələrini müəyyən edir. Məhz qanun sayəsində adamlar barış və qarşılıqlı anlaşma şəraitində yaşaya bilərlər. Gör-kəmli fransız mütəfəkkiri Monteskye deyirdi: “Heç kimin haqqı çatmır ki, adamları ağlı kəsdiyi kimi idarə etsin... İnsanlar yox., qanunlar yönəltməlidir.”

ABŞ-nın tanınmış dövlət xadimi T. Ceffersonun fikrincə, dövlət həyatının başlıca qaydası ictimai razılığa, yəni konsensusa gəlməkdir. O insanlarda azadlıq ruhunu yüksək qiymətləndirir və onun qorunmasını tələb edirdi. Onun üçün demokratiyanın əsas problemi -“nizama qarşı azadlıq problemidir.” Bunun həllini isə demokratik qaydalara sadiq qalmaqda və savadlanmış ictimai rəydə görürdü. Maariflənmə məhz onun fikri idi, çünki onun demokratik meyarlarından biri də bu idi ki, demokratiya maarifsiz yaşaya bilməz. Ona görə də ilk öncə cəmiyyətimizi maarifləndirməliyik. Bunun üçün demokratiyanın nə olduğunu, hansı məqsədlərə yönəldiyini bilməyimiz vacibdir. Beləliklə, demokratiyanın əsas prinsipləri aşağıdakılardır:

  • İnsanların azadlığı: Azadlıqsız demokratiya yoxdur.

  • İnsanların hüquqlarının təminatı

  • İctimai anlaşma-konsensus: Anlaşma olmadan heç nə əldə etmək olmaz.

  • Tolerantlıq: Başqalarının fikirlərinə və davranışlarına hörmətlə yanaşmaq

  • Qanun qarşısında bərabərlik

  • Sosial, iqtisadi və siyasi plüralizm.


  1. Demokratiyanı öyrənməyin yolları


Əgər insanlar demokratik cəmiyyətin vətəndaşları kimi öz hüquq və vəzifələrini düzgün anlamaq və qiymətləndirmək istəyirlərsə, sağlam təhsil almalıdırlar. Bu cür təhsilin məqsədi yalnız insanları demokratiyanın qaydaları və təcrübələrilə tanış etmək deyil, eyni zamanda demokratiyaya xidmət edən prinsipial, müstəqil, analitik qabiliyyətə malik vətəndaşlar yetişdirməkdir.

Demokratiya haqqında məlumat əldə etmək üçün yollar müxtəlifdir. Həm gənc, həm də yaşlı nəsil üçün ən əlverişli yol kitablardır. Kitabxanalar azad cəmiyyətdə böyük rol oynayır.

İnsanların demokratik savadının artırılmasında qəzet, jurnal, radio-televiziya kimi kütləvi informasiya vasitələrinin də rolu böyükdür. Məsələn, seçkilər qabağı namizədlər haqqında broşurlar yaymaqla insanlara seçkilərin əhəmiyyətini başa salmaq və bununla seçki prosesində müəyyən dönüş yaratmaq olar.

Demokratiya dərsləri müxtəlif məkanlarda tədris oluna bilər. Ən yaxşı mühit dövlət tərəfindən yönləndirilməyən,azad və demokratik mühitdir.Demokratik dövlətlər öz vətəndaşlarına təhsil üçün mümkün olan bütün şəraiti yaradırlar və bundan dövlət təşviqat məqsədləri üçün istifadə edilmir. Bu cür dövlətdə fərdi şəxslər şəxsi məktəblərini açmaqda və valideynlər də öz uşaqları üçün seçim etməkdə azaddırlar. Demokratiyanın əsas prinsiplərindən biri olan bu cür plüralizm cəmiyyət üçün xeyirlidir və sağlam təhsil üçün zəmin yaradır.

Ən çox təqdir edilən yol ümumtəhsil müəssisələri-məktəblərdir. Demokratiya dərsləri qısa müddət ərzində tədris olunan ayrıca bir fənn kimi qəbul edilməməlidir. Bu dərs şagirdlərin məktəbdə keçdikləri bir çox fənnlərlə (tarix, iqtisadiyyat, insan və cəmiyyət və s.) və eləcə də məktəbdən kənarda öyrəndikləri ilə əlaqədardır. Qısaca, yaxşı demokratiya dərsi yaxşı tədris olunan ümümi biliklərin əsasını təşkil edir.

Orta məktəb təhsili əsasında keçilən demokratiya dərslərinin müxtəlif formaları var. Məktəbin tədris planı hazırlanarkən demokratiya ya ayrıca tədris kursu kimi nəzərə alınmalı, ya da onun tarixi, prinsipləri və praktikası ayrı-ayrı fənnlərin (tarix, coğrafiya, iqtisadiyyat, ədəbiyyat və sosial fənnlər) tərkibində tədris olunmalıdır.

Qeyd edilən struktura müvafiq tədris planı hazırlanarkən dörd fundamental kriteriya nəzərə alınmalıdır. Əvvəla, demoktratiyanın tarixi və kökləri qədər onun dünyada yayılması tarixi də izah edilməlidir. İkincisi, şagirdlərə demokratik ideyanın inkişaf yolları və müasir dövrümüzədək keçdiyi praktikanın öyrədilməsi tədris planında öz əksini tapmalıdır. Şagirdlərin qarşısına bu kimi suallar qoyulmalıdır:


  • Demokratiya harada çiçəklənmə dövrü keçib və harada tənəzzül edib? Səbəbləri.

  • Hansı siyasi, iqtisadi, sosial və mədəni şərtlər demokratik cəmiyyətlərin qurulmasına təkan vermişdir?

  • Hansı şərtlər demokratik inkişafa mane olmuşdur?

  • İnsanların hüquqlarını və azadlıqlarını pozmamaq, dövlətin səlahiyyətlərini məhdud-

laşdırmaq və qanunun ədalətliliyini və hər kəsin qanun qarşısında bərabərliyini təmin

etmək üçün demokratk cəmiyyətlər necə qurulmuşdur?

  • Kütləvi informasiya vasitələri necə fəaliyyət göstərmişdir? və s.


Bu cür suallara cavab verməklə şagirdlər demokratiyanın bir çox praktiki elementlərini aşkara çıxaracaqlar. Onlar bu yolla demikratiyanın həqiqətdə necə fəaliyyət göstərdiyini öyrənəcəklər.

Üçüncüsü, şagirdlər öz ölkələrində demokratiyanın olmasını, onun hansı formada təzahür etdiyini, keçmişdə ölkələrinin hansı dövlət formasında olduğunu, demokratiyanın necə qurulduğunu və s. öyrənməlidirlər.

Dördüncüsü, şagirdlər hazırda dünyada mövcud olan demokratik vəziyyətlə tanış olmalıdırlar.

Təhsili və məktəb mühitini daha demokratik etmək demokratiya təliminin keyfiyyətini qaldıran əsas amildir. Bunun üçün məktəb idarəçiliyi bölüşdürülməlidir. Direktor-müəllim və valideyn –müəllim komitələri, məktəbli birlikləri yaradılmalı, şagirdlərlə bağlı məsələlərdə onlar özləri də iştirak etmək və qərar qəbul etmək hüququna malik olmalıdırlar. Məktəbli birlikləri üçün lider seçki əsasında seçilməli, hər hansı məsələnin həlli üçün lazım gələrsə, iclaslar keçirilməlidir. Şagirdlərlə müəllimlər bu cür hallarda müştərək çalışmalı və ortaq anlaşma şəraitində qərarlar verməlidirlər.

Məktəb demokratiya təlimi üçün yeganə mühit deyil. Məktəbdənkənar fəaliyyət sahələrinin təşkili və demokratiya təlimlərinin bu cür şəraitdə keçilməsi əsas yollardan biri kimi təqdim oluna bilər. İdman komandaları, klublar, gənclər qrupları və s. kimi məktəbdənkənar fəaliyyət sahələri şagirdlərə ümumi məqsədə nail olmaq üçün birlkdə çalışmaq imkanı verir və onları seçki əsasında liderlər seçməyə, vacib qərarlar verməyə təhrik edir. Müxtəlif fəaliyyət sahələri (teatr, rəqs, fotoqrafçılıq, kompüter və s.) ilə maraqlanan şagirdlər klublar təşkil edə və bu klublarda fəaliyyət zamanı demokratik normaları praktiki olaraq tətbiq edə bilərlər. Şagirdlərin bir-birlərilə demokratik fikir və bacarıqlarını bölüşməsi üçün debat klubları xüsusilə effektivdir. Debat klubları şagirdləri ictimai məsələlərdə iştirak etməyə, öz fikirlərini ifadə etməyə və digərlərinin fikirlərinə qarşı sayqılı olmağa təhrik edir. Məktəbli qəzetləri şagirdləri ictimai məsələlərə cəlb etməklə bərabər onlara medianın əhəmiyyətli rolunu başa salmaqda ən yaxşı vasitədir.

Məktəbdənkənar fəaliyyət sahələri olan klubların təşkili, ayrı-ayrı fəaliyyət sahələri, klublarda demokratiya təliminin necə keçilməsi, hansı metodlardan və üsullardan istifadə olunması ilə bağlı ayrıca bir bölmədə məlumat veriləcək.


  1. Mülki təhsil


Demokratiyanın mövcud olması və inkişafı üçün böyük insan kütləsi demokratiya ilə səsləşən qabiliyyətlərə yiyələnməli, demokratik dəyərləri ifadə etməyi bacarmalıdırlar. Vətəndaşlar öz maraqlarının müdafiəsi üçün demokratik siyasi sistemin əsas elementləri haqqında kifayət qədər məlumata malik olmalı və demokratiyanın aparıcı prinsiplərinə (tolerantlıq və qanunun idarəçiliyinə) inanmalıdırlar. Onlar yerli və milli siyasətdə iştirak etməli və iştirakçılığın əhəmiyyətli olduğunu anlamalıdırlar.

Əksər yetişkin demokratik cəmiyyətlərdə vətəndaşlar demokratik ideya və təcrübələri zaman ərzində mənimsəmişlər. Ailə və yaşadığı ərazidə müəyyən işlərdə iştirak etməklə, yerli təşkilatlara qoşulmaqla, azad media ilə qarşılaşmaqla onlar demokratiyanın əsas normalarını mənimsəyir və gündəlik həyatda tətbiq edirlər.

Avtoritar üsuli-idarəsindən təzəcə qurtulan ölkələrdə bu təcrübə çatışmır. Bu cür cəmiyyətdə bir çox qeyri-formal demokratik təcrübələrin mövcud olması insanların real demokratik quruluş və proseslərdən kənarda qalaraq öz maraqlarını yerli, regional və milli səviyyədə inkişaf etdirmək imkanından məhrum olmuşlar. Buna görə də onlar demokratiyanın onlara nə kimi imkanlar verəcəyindən xəbərsizdirlər.

Bəs onda yeni qurulmuş demokratik ölkələrin vətəndaşları düzgün və sabit demokratiyanı əldə etmək üçün lazımi bilik və bacarıqlara, təcrübələrə necə yiyələnməlidirlər? Bunun həlli yolu mülki maarifləndirmədir ki, sıravi vətəndaşlar arasında demokratik davranış və dəyərləri dəstək-ləməklə demokratik prosesə təkan verir. Bu yolda mülki maarifləndirmənin qarşısında üç məqsəd var:

  • Vətəndaşları demokratik siyasi sistemin əsas qaydaları və cəhətləri ilə tanış etmək, onları demokratik hüquqlar və təcrübələr haqqında məlumatlandırmaq

  • Siyasi tolerantlıq, demokratik proseslərə inam, qanuna hörmət və kompromis kimi demokratik cəmiyyətin vətəndaşları üçün vacib olan dəyərlərlə vətəndaşları tanış etmək

  • Səsvermə, kampaniya halında iş, rəsmilərlə əlaqə saxlamaq, şikayətlər, görüşlərdə iştirak etmək, maddi yardım göstərmək və s. kimi faəliyyətlər toplusu adı altında tərif edilən vətəndaşların siyasi iştirakşılığına təkan vermək

Bir çox müxtəlif qruplar və ayrı-ayrı insanlar bu məqsədlərə nail olmaq üçün yollar axtarırlar. Mülki maarifləndirmə proqramını həmkarlar ittifaqları, məktəblər, dini təşkilatlar, QHT-lər və s. kimi qrupların tərkibində təşkil etmək olar. Mülki maarifləndirmə proqramlarının müxtəlif formaları var. Bunlara seçicilərin maarifləndirilməsi, insan hüquqları seminarları, mülki dialoqlar və s. aiddir. Buraya həmçinin gənc nəsli demokratiya haqqında məlumatlandırmaq üçün yeni tədris proqramının qəbulu, qadınların siyasi və sosial hüquqlarını müdafıəsinə yönələn fəalliyyətləri əhatə edən proqramlar da daxildir. Bütün bunları nəzərə alaraq, mülki maarifləndirmə proqramını iki böyük hissəyə bölmək olar: məktəb əsaslı mülki təlim və böyüklər üçün mülki maarifləndirmə.

Vətəndaşlar həyat prosesində mülki vərdiş və bacarıqlara yiyələndiyi zaman ilkin təhsil mühüm əhəmiyyət təşkil edir. Çünki məhz məktəbdə mənimsənilən ilkin mülki biliklər demokratik normaların həmin cəmiyyətdə inkişafına təkan verir. Məktəb əsaslı mülki təhsil proqramları demokratik normalar, prinsiplər və təcrübələrin tədrisini uşaq bağçasından ali təhsil məktəblərinə qədər mülki təhsil formasında planlaşdırır. Belə ki, uşaq bağçasında azyaşlı uşaqlara demokratiya haqqında ilkin biliklər verilir və ali təhsil məktəblərində gənclər əsas demokratik prinsip və təcrübələri mənimsəyirlər. Məktəb əsaslı mülki təhsilin qarşısında duran məqsəd müəllimlərə, məktəb rəhbərlərinə və şagirdlərə demokratik əxlaqı öyrətmək və beləliklə, gələcəkdə savadlı və cəmiyyətə yararlı demokratik vətəndaşlar yetişdirməkdir.



  1. İştirakçılıq faktoru


Bütün ölkələrdə uşaqlar öz icmalarının gündəlik həyatına qatılmaq ehtiyacı duyurlar. Bir çox yerlərdə uşaqlar üçün zəngin və uyğun mühit yaradırlar. Ancaq tədqiqatlar göstərir ki, təkcə maddi vəziyyətin yaxşılaşması ilə uşaqların probləri həll oluna bilmir. Əksər ölkələrdə uşaqlar cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayırlar. Məsələn, Nyu-Yorkda uşaqların hər cür təhlükədən uzaq şəraitdə birlikdə toplaşıb oynaması, müəyyən fəaliyyətlə məşğul olmaları üçün xüsusi məkanlar hazırlanmışdır. Ancaq əslində uşaqların istədiyi bu deyil. Onlar evə, ailəyə və qonşulara yaxın, icmalarının gündəlik həyatından təcrid olunmamağı daha üstün tuturlar. Həqiqətdə də uşaqların icma həyatına yaxın olması demokratik sivil cəmiyyətin əsaslı inkişafina müsbət təsir göstərir. Bu cür iştirakçılıq demokratik cəmiyyət üçün əsas amildir.

Uşaqları icma həyatına cəlb etmək və müəyyən məsələlərin həllində onların da iştirakının vacibliyi fikri getdikcə daha çox rəğbət qazanır. Uşaqların özlərini maraqlandıran məsələlərdə səs vermək hüququ vardır. Onlar öz mühitləri ilə bağlı yaranan problemlər və bu problemlərin həllində ən yaxşı ekspertdirlər. Bu cür iştirakçılıq hüququ gündəlik həyatlarında hökm sürən reallıqların təsvirindən müəyyən problemlərin həllində iştirak edərək fikir söyləmək, qərar qəbul etməyə qədər müxtəlif formalarda təzahür edə bilər. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar uşaqların iştirakçılıq hüququnu tanıyırlar və bu Uşaq Hüquqları Konvensiyasında öz əksini tapır. Bu isə göstərir ki, uşaqlar və gənclər cəmiyətin sadəcə müəyyən ehtiyacları olan sakinləri deyil, eyni zamanda cəmiyyətlə bağlı məsələlərdə iştirak edərək aydınlıq gətirmək bacarığına malik vətəndaşlarıdırlar.

Bir neçə ölkədə, məsələn, Filippinin bəzi şəhərlərində uşaqlar da yerli idarəçiliyə cəlb edilmişlər. Barra-Mansa şəhərində 6000 uşaq və gənc şəhərin vəziyyətini yaxşılaşdırmaq mövzusunda aparılan iclaslara və müzakirələrə qatılmışlar. Uşaqlar və gənclər ən mühüm məsələlərlə bağlı müzakirələrdə iştirak etmiş və hətta rayon üzrə nümayəndələrini seçmişlər. Bu nümayəndələr isə bələdiyyə iclaslarında toplaşaraq 9-15 yaş arası 36 uşağı (18 oğlan və 18 qız) uşaq şurasının üzvləri seçmişlər. Şura hər ay toplaşaraq uşaqlar və ətraf mühitlə bağlı məsələləri müzakirə edir, problemləri ortaya çıxararaq həlli yollarını axtarır. Məsələn, məktəblərin və məktəb avadanlığının, drenaj və kanalizasiya borularının təmiri, ağac əkilməsi və s. buraya daxildir. Bir məktəbdə çöl idman növləri üçün sahə hazırlanmış, digər ərazidə uşaqların axşamlar yığışıb oyun oynadığı yerə işıq çəkilmişdir.

İtaliyanın bəzi şəhərlərində də Filippində olduğu kimi uşaqlar və gənclərin yerli idarəçilik iş-lərində iştirakına şərait yaradılmışdır. Burada uşaqlar və gənclər əsasən məktəblərin vasitəsilə cəlb edilmişlər. Lakin uşaqlarla sorğu aparıldıqda bəziləri istədiklərinə tam nail olmadıqlarını bildirsələr də, digərləri razı qaldıqlarını söyləmişlər. Bəziləri inamsızlıq və şübhə ilə yanaşmışlar.

Bütün bunlar uşaqların vasitəsi və köməyi ilə mühiti daha da yaxşılaşdırmaqla bərabər uşaq-ların icma işlərində yaxından iştirakını da təmin edir. Bununla belə, bəzi icmalarda rəhbər işçilər uşaqların və gənclərin iştirakına və onları bacarıqlarına barmaqarası baxırlar. Buna görə də uşaq və gənclərlə onların böyükləri, müəllimlər və rəhbər işçilər arasında qarşılıqlı anlaşma şəraitində iş qurulmalıdır.

Beləliklə, yuxarıda dediklərimizdən belə nəticəyə gəlmək olur ki, yerli hakimiyyət orqanları uşaqlarla bağlı problemləri nəzərdən keçirərkən onların özlərinin iştirakına şərait yaratmalı, hər hansı problemi uşaqların necə dərk etməsinə diqqət göstərməli, problemin həllində uşaqların və gənclərin enerji və yaradıcı qabiliyyətindən istifadə etməlidir.

Uşaq və gənclərin iştirakçılığını necə təmin etmək olar? Yuxarıda çəkdiyimiz misallardan birində bunun daha çox məktəblər vasitəsilə olduğunu qeyd etmişik. Göründüyü kimi, məktəb və digər təhsil müəssisələri gənclərin ictimaiyyətlə yaxın əlaqəsinə daha yaxşı nail olurlar. Lakin yalnız məktəblərlə kifayətlənmək lazım deyil. Gənclərin və uşaqların ictimai işlərdə iştirakçılığına nail olmaq üçün ən əlverişli və yararlı vasitə məktəbdənkənar fəaliyyət sahələri olan klublardır.





  1. Klub deyəndə nə başa düşürük?

  2. Klubu necə təşkil etmək olar?

  3. Klublar vasitəsilə gənclərin icma işlərində iştirakını necə təmin etmək olar?


5. Klublar və onları təşkil etməyin yolları
Klub deyəndə nə başa düşülür? Klub ümumi maraq və ya məqsəd üçün birləşən insanların birliyidir. Klubların müxtəlif növləri var:

  1. Məktəb klubları - şagirdlər dərsdənkənar fəaliyyət sahələri ilə məşğul olurlar.

  2. Peşə/sənət klubları - insanlar müxtəlif sənət sahələri barədə artıq məlumatlar toplayır, təcrübələrini artırırlar.

  3. Sosial klublar - müxtəlif oyun müsabiqələri (məs: şahmat yarışları) təşkil olunur.

  4. Digər klublar müxtəlif sosial siniflərin nümayəndələrini cəlb etmək üçün yaradılır. Buraya cəmiyyətin elit təbəqəsindən təşkil olunmuş klublar da daxildir.

  5. Xeyriyyə klubları -. Burada birləşmiş insanlar müxtəlif xeyriyyə işləri ilə məşğul olurlar.

  6. İctimai fəaliyyət klubları - daha çox müasir cəmiyyət üçün yararlı olan, özündə müxtəlif fəaliyyət növlərini və bunlarla maraqlanan müxtəlif insanları birləşdirən klublardır.

  7. İdman və atletika klubları - adından da göründüyü kimi müxtəlif idman növləriylə maraqlanan insanlar üçündür. Bu klublar özləri də iki yerə bölünür: hər hansı idman növü ilə məşğul olmaq istəyənlər üçün və sadəcə azarkeşlər üçün yaradılmış idman klubları.

  8. Məktəbli klubları yerinə yetirdikləri vəzifə və tapşırıqlardan asılı olaraq müxtəlif növlərə bölünürlər.

Bu klublar məktəblilərdən təşkil olunur və klubun funksionallığını qorumaq məqsədilə böyüklər məsləhətçilər kimi fəaliyyət göstərirlər.

Klublar əsasən dörd cəhət üzərində qurulurlar: fond toplamaq, icmaya xidmət, peşə və qrup dinamikası. Ümumiyyətlə, klublar iki əsas kateqoriyaya bölünürlər: dövlət və yerli klublar. Klublar əsasən korporasiyalar, təşkilatlar və tələbələr tərəfindən ehtiyacları və tələbləri təmin etmək üçün yaradılır.

Şagirdlər və tələbələr klublara müxtəlif səbəblər və məqsədlər üçün qoşulurlar. Klublara qoşulmaq üçün qeyri-adi fiziki və əqli keyfiyyətlər tələb olunmur. Bu cəhət klubları idman və özfəaliyyət dərnəklərindən fərqləndirir. Bir çox klublara qoşulmaq üçün az məbləğdə üzvlük haqqı ödəmək lazım gəlir. Bəzi şagird və tələbələr isə təzyiq altında qalaraq və ya dostlarının təhriki ilə klublara qoşulurlar, onlar qeyri-fəal klub üzvləri olurlar.

Klublar yuxarıda sadaladığımız dörd əsas cəhəti qarşılarına məqsəd qoyurlar. Bunlardan biri fond toplamaqdır. Əsasən ali məktəb tələbələrinin birləşdiyi bu cür klublarda toplanan pul yardım məqsədi ilə, məsələn, xərçəng xəstəliyi üçün aparılan tədqiqatlara və ya ətraf mühitin mühafizəsinə və s. işlərə sərf olunur.

Bir çox məktəblər şagirdlərinin ictimai işlərə qoşulmasını, icmalarının işlərinə yardım etməsini təqdir edirlər. Bu cür klublarda şagirdlər ictimai fəaliyyət zamanı daha çox təcrübə toplayırlar. Bəzi şagirdlər isə sadəcə olaraq icma işləriylə məşğul olmağı xoşladıqları üçün bu klublara üzv olurlar.

Əksər şagird və tələbələr seçdikləri gələcək peşələri ilə əlaqədar olaraq klublara üzv olurlar. Bu cür klublarda onlar maraqlandıqları müxtəlif sənət sahələri barədə məlumatlandırılırlar. Klub üzvləri üçün özlərini maraqlandığı sahədə özünü sınamaq və daha artıq imkanlar əldə etmələri məqsədilə tez-tez müxtəlif müsabiqələr və yarışlar təşkil olunur.

Bəzi klublar isə şagird və tələbələrə heç bir elmi, təşkilati və ictimai fayda vəd etmir. Bu klublar mədəniyyət, sosial dinamika və şəxsi maraqlar üzərində qurulur. Burada ətraf mühit, adət-ənənələr, mədəniyyət ilə əlaqədar bütün məktəblilərin ehtiyac və tələbləri qarşılanır.

Klubu necə yaratmaq olar? Bunun üçün fəaliyyət göstərən bir çox klubların təcrübələrindən faydalanmaq olar. Aşağıda teatr klubunu yaratmaq yolları nümunə olaraq göstərilmişdir.

  1. Əvvəlcə qeyri-rəsmi bir iclas keçirmək. İclas üçün elanları ictimai yerlərdə, kitabxanalarda, mağazalarda, qəzetlərdə vermək. İclasda icmanın ümumi rəyini öyrənmək və qiymətlən-dirmək

  2. Başqa icma teatrlarına getmək, onların təşkilati toplantılarında iştirak etmək, direktorları ilə görüşərək lazımlı məlumat və məsləhətlər əldə etmək

  3. Yaradılan teatrın böyüklər və ya gənclər üçün olacağını müəyyənləşdirmək və bütün icma üzvləri üçün səhnədə və səhnədənkənar imkanlar yaratmaq

  4. Hansı növ əsərlərin, dram, musiqili komediya və pyeslərin səhnələşdiriləcəyinə qərar vermək

  5. Səhnə üçün uyğun yer (icma mərkəzi, məktəbin akt zalı, boş bir bina) axtarmaq

  6. Klubun nə cür-satılan biletlər, yoxsa ayrılmış qrant hesabına maliyyələşdiriləcəyini müəyyən etmək

  7. Tamaşalar zamanı yemək və ya desertlərin verilməsini müzakirə etmək və hər hansı bir ərzaq mağazasına sizinlə işləməyi təklif etmək

  8. Təşkilati orqan yaratmaq. Direktor seçmək və ya idərəedici təçkil etmək. Hüquqşünasdan sığorta və s. kimi hüquqi işlər haqqında məsləhət almaq

  9. Maaş veriləcək işçıləri (məsələn, səhnə tərtibatçısı, dizayner və s.) müəyyən etmək

  10. Fəalyyətin birinci ilində hansı əsərlərin səhnəyə qoyulacağına qərar vermək

  11. Bu işlə məşğul olmaq üçün xüsusi komitə yaratmaq

  12. Cədvəl tərtib e dərək tamaşa günlərini təyin etmək. Həftə sonları əhalinin şəhərkənarına istirahətə getdiyini nəzərə alaraq bu günlərə tamaşa vaxtlarını təyin etməmək məsləhətdir.

  13. Aktyorlar üçün elanları altı ay əvvəldən verilməli və elanlarda səhnəyə qoyulacaq əsəirn növü(dram, musiqili komediya və s.), obrazlar haqqında məlumatlar qeyd edilməlidir.

  14. Tamaşa haqqında ən az bir ay əvvəl elan vermək


Məktəblərdə klublar təşkil etmək üçün yenə mövcud məktəb klublarının təcrübələrinə müraciət etmək olar. ABŞ-da məktəblərində belə klubların sayı çoxdur. Bunlardan birinin necə yaradılması yolu ilə tanış olaq.

  1. Öz məktəbinizdə klub və ya dərnək yaratmaq istəyirsinizsə, əvvəlcə bu barədə direktorla danışın və əvvəllər məktəbinizdə bu cür klubun olub-olmadığı ilə maraqlanın. Əgər olubsa, niyə dağıldığını öyrənin.

  2. Əgər əvvəllər məktəbinizdə klub olmayıbsa, onda məktəbinizin yeni klub üçün tələbatını müəyyən edin. Əksər məktəblər klubların yaradılmasının lehinədirlər. Sizin məktəbdə də vəziyyət belədirsə, işiniz bir az asanlaşır.

  3. Klubunuz üçün sponsor axtarın. Bəzi hallarda sponsor klub üzvlərini cəlb edə və ya qaçırda bilər. Ona görə də spnsor seçəkən diqqətli olun.

  4. Klub üzvləri seçin. Bunun üçün məktəbdə elanlar verin və üzv olmaq istəyənlərin əlaqə saxlaması üçün bir şəxsi təyin edin.

  5. Klubunuzun hansı istiqamətdə fəaliyyət göstərəcəyini dəqiq müəyyən edin ki, klub üvləri maraqlandıqları sahəni düzgün seçsinlər.

  6. Klubun idarə heyətini yaradın və kimin nəyə cavabdeh olduğunun dəqiq müəyyən edin. Əgər fond toplayırsınızsa. yaxşı olar ki, fonda cavabdeh olan bir neçə nəfəri təyin edəsiniz.

Beləliklə, klubların məqsədi yalnız burada toplaşan insanların maraq dairələrinə uyğun olaraq onların ehtiyac və tələblərini qarşılamaq deyil. Növündən asılı olmayaraq, hər hansı bir kluba qoşulan insanların ümumu maraqları olduğundan və ümumi məqsədə xidmət etdiklərindən daim qarşılıqlı əlaqədə olurlar, birgə fəaliyyət göstərirlər, müəyyən məsələlərin həllində bir araya gəlirlər, ümumi maraqlarını və fikirlərini bölüşürlər.

Yuxarıda qeyd etdiyimiz kimi, klublar vı digər dərsdənkənar fəaliyyət sahələri demokratiya təlimi üçün ən yaxşı mühitdir. Klublarda şagirdlər öz maraq sahələri üzrə birləşirlər. Onlara müəyyən tapşırıqlar verilir, qrup halında çalışırlar. Yaxşı nəticələr əldə etmək üçün mütləq qarşılıqlı işləməyə məcburdurlar. Bu zaman qrup üzvləri bir-birlərinin fikirlərinə hörmətlə yanaşmağı, ortaq razılıq əldə etməyi öyrənirlər. Klublarda fəaliyyət zamanı iştirakçılıq faktoru da özünü göstərir. İcma işlərində iştirak edən uşaqlar və gənclərin ictimai məsələlərə cəlb olunaraq fikir söyləmək və bacarıqlarını göstərmək imkanı yaranır.


N Ə T I C Ə



Beləliklə, biz demokratiyanın nə olduğu, əsas prinsipləri və onu öyrənməyin yolları barədə məlumat aldıq. Demokratiya cəmiyyətdən kənarda mövcud deyil. Cəmiyyət isə insanlardan ibarətdir. Demokratik cəmiyyət arzusunda olan insanlar özləri onu qurmalıdırlar. Bunun üçün demokratiyanın prinsipləri ilə tanış olmalı və onlara əməl etməyi öyrənməlidilər. Demokratiyanın inkişaf edərək kök saldığı ölkələrdə insanlar demokratik prinsiplərə və təcrüblərə təbii ki, demokratik mühitdə yaşayaraq həyat prosesində yiyələnirlər. Demokratiyanın yenicə bərqərar olduğu ölkələrdə isə vəziyyət fərqlidir. Bu ölkələrdə demokratiya bir fənn kimi təhsil müəssisələrində tədris olunur. Demokratiya təlimi üçün azad. demokratik mühit lazımdır. Məktəb və digər təhsil müəssisələrində demokratik təlimdə yaxı nəticələr əldə etmək mümkündür. Çünki burada cəmiyyətin azyaşlı sakinləri təhsil alır. Uşaqlar və gənclər isə bütün ölkələrdə cəmiyyətin aparıcı qüvvələridir. İnsanlar kiçik yaşlardan demokratiyanın nə olduğunu, onun prinsiplərini və təcrübələrini öyrənirlər, həqiqi demokratiyanın hökm sürdüyü digər ölkələrin təcrübələri ilə yaxından tanış olurlar.

Mülki təlimdə də əsas hədəf uşaqlar və gənclərdir. Əgər demokratik bir ölkədə yaşayırıqsa, öz hüquqlarımızı bilməli, bir-birimiz qarşısında olan vəzifələrimizi tanımalıyıq. Bu hüquqlar isə əlbəttə ki, uşaqlara da aiddir. Onlar da bizimlə bərabər bu ölkədə yaşayırlar və müəyyən hüquqlara malikdirlər. Uşaqlar və gənclər onları əhatə edən mühitdən təcrid olunmuş vəziyyətdə yaşamaq istəmirlər, icma həyatına qəbul edilməyə ehtiyac duyurlar. Rəhbər işçilər və böyüklər onların da icmalarla bağlı məsələlərdə iştirakına şərait yaratmalıdırlar. Yuxarıda çəkdiyimiz misallardan görünür ki, Filippində və İtaliyada mülki təlimdə əsas rol oynayan iştirakçılıq faktorunu nəzərə alaraq uşaq və gənclərin idarəçilik işlərinə cəlb edilməsi heç də pis nəticələr verməmişdir.

Məktəbdənkənar fəaliyyət sahəsi olan klublar da mülki təlim üçün uyğun məkandır. Əgər məktəbdə bir sinifdə müxtəlif maraq dairələri olan uşaqlar toplaşmışsa, klubda uşaqlar ümumi maraq dairəsi üzrə toplaşırlar. Qarşılarına qoyduqları məqsəd uğrunda birlikdə çalışırlar. Məktəbdə demokratiya və onun prinsipləri haqqında məlumat verilir. Klubda qrup halında işləyən uşaqlar iş zamanı məktəbdə əldə etdikləri biliyi əyani şəkildə tətbiq edirlər. Klubda uşaqlar və gənclər qrup halında toplaşırlar. Qrupa bir başçı seçilir. Bu isə seçki əsasında olur. Hər bir qrup üzvünün səsvermə hüququ vardır. Klublarda hər hansı sosial problemlə bağlı qruplar arasında debatlar, müzakirələr keçirilir. Bu zaman klub üzvləri öz bacarıqlarını işə salırlar, məsələnin həlli üçün hər kəs öz fikrini bildirir, qrup içərisində yoldaşlar bir araya gəlir, ortaq razılıq əldə olunur. Əgər belə məsələlər zamanı qrup üzvləri bir-birlərinin fikirlərinə etinasız yanaşarlarsa və ya hörmətsizlik edərlərsə, heç bir nəticə hasil olmaz. Eləcə də, qrup başçısı üzvlər arasında razılıq yaratmağa çalışmalıdır. Klub üzvləri davranış qaydaları tərtib edə bilərlər. Bu da yenə hər kəsin iştirakı ilə olmalıdır.

Beləliklə, klublarda fəaliyyət özü demokratik prinsiplər və normalar üzərində qurulur və klub üzvləri bu prinsipləri mənimsəyərək əməl etməyi öyrənirlər, daha sonra gündəlik həyatlarında-ailədə, məktəbdə belə bu qaydaları tətbiq edirlər.





Yüklə 105,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə