ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   27   28   29   30   31   32   33   34   35

81 

 

edilmişdi. Onlara qarşı mübarizədə hər hansı üsul və vasitə məqbul hesab edilirdi. 



Bolşevik  rejiminin  qaçaqlara  qarşı  mübarizəyə  ifrat  səviyyədə  diqqət  yetirməsi 

nəzərinizə  çatdırmaq  istədiyimiz  sənəddə  öz  əksini  tapmışdır:  «Muzdur  və  kasıb 

kəndlilərin  düşüncəli  hissəsini  banditizm  qalıqları  ilə  mübarizəyə  cəlb  etmək 

zəruridir.  Banditizm  qalıqları  və  onların  köməkçiləri  ilə  mübarizənin 

gecikdirilməsi  yol  verilməzdir,  üsyançılara  və  onların  himayədarlarına  qarşı 

fövqəladə tədbirlər görmək yolu ilə cəza siyasətinin yüksəldilməsi zəruridir».

67

 

   Qaçaqları aldadıb tora salmaq, himayədarlarını güllələmək, ailə üzvlərini, 



qocaları, qadınları, uşaqları məhbəslərə doldurmaq, sürgünlərə göndərmək - budur 

həmin fövqəladə tədbirlər. 

   Təxminən 10 il davam edən qaçaq hərəkatı  məntiqi sonluqla nəticələndi. 

Onların  hamısı  son  nəfərinə  kimi  məhv  oldu.  Başqa  cür  də  mümkün  deyildi. 

«Onlar  türklərdi»  əsərinin  qəhrəmanlarından  biri,  Şəkidə  qaçaqçılıq  hərəkatının 

iştirakçısı Muradağa qaçaqların bu mübarizənin nəticələri barədə gəldikləri qənaəti 

belə  ifadə  etmişdi:  «Qorxunc  polis  dövlətinə  qarşı  biz  partizan  olaraq  nə  edə 

bilərdik?  Məğlub  olduq,  amma  güclü  bir  orduya  qarşı  şərəfli  bir  müqavimət 

göstərdik».

68

 



   Şəkidə  üsyan  və  qaçaqçılıq  hərəkatının  tanınmış  nümayəndələrindən  biri 

də əslən Şəkinin Zəyzid kəndindən olan Məcid İsmayıl oğlu Mahmudov idi. O xalq 

içərisində  Məşədi Məcid kimi tanınırdı.  İstanbulda  təhsil almışdı.  Mal-mülk, var-

dövlət  sahibi  olduğundan  Sovet  hökuməti  tərəfindən  daim  təqiblərə  məruz 

qalmışdı. Dəfələrlə mal-qarası, taxılı hökumət tərəfindən müsadirə edilmişdi. Hətta 

qolçomaq  kimi  «ifşa»  edilərək  iki  ilə  yaxın  həbsxana  həyatının  əziyyətinə 

qatlaşmalı olmuşdu. 

   Məşədi Məcid xeyirxah bir insan kimi tanınmışdı. Kənd camaatının qayğı 

yükünü  daşımaq  onun  həyat  tərzinə  çevrilmişdi.  Adətən  qurban  bayramı  

ərəfəsində  qurban  kəsməyə  imkanı  olmayan  qonşulara,  qohumlara  qoyun 

paylayırmış ki, onlar da bu dini ayini yerinə yetirə bilsinlər. 

  Məşədi  Məcid  üsyan  ərəfəsində  bütün  qoyun  sürüsünü,  cəmi  1600  baş 

heyvanı  sataraq  əldə  olunmuş  vəsaiti  üsyanın  hazırlanmasına  cavabdeh  olan 

şəxslərə təqdim etmişdi. 

   Şəki  üsyanının  rəhbərindən  biri  olmuş  Bəhram  bəy  Nəbibəyov, 

qaçaqlardan  Kor  Xudu  və  Abbas  hələ  üsyandan  xeyli  əvvəl  ara-sıra  Məşədi 

Məcidin evinə qonaq gələrdilər. Bəhram bəy qədəmlərini  darvazadan içəri qoyan 

kimi ərkyana deyərdi: 

-  Ay Məşədi Məcid, bir toğlu kəsdir, söhbət edək. 

                                                           

67

 C.Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 123 



68

 2 Rana. Onlar türklərdi. Baki, Azərnəşr, 1993, səh. 26 

 



82 

 

   Sonra  süfrə  arxasında  əlçatmaz,  ünyetməz  keçmiş  haqqında  xatirələr  bir-



birinə  calanardı.  Onlar  xəyalən  bolşevik  cəhənnəmindən  uzaqlaşıb  o  illərə 

qovuşardılar. Bu görüşlər bir növ ləyaqətli kişilərin şərəfli keçmişə salaməleyki idi 

və onlar üçün mənəvi tələbata çevrilmişdi. 

  Tale  Məşədi  Məcidə  dostu  Bəhram  bəyin  şərəfli  həyatının  son  anlarının 

şahidi  olmaq  qismətini  bəxş  etdi.  Bəhram  bəy  Buxdur  dağında  M.C.Bağırovun 

başkəsənləri ilə şir kimi vuruşub həlak olarkən Məşədi Məcid onun yanında idi. 

  Qocaman  pedaqoq  Nizam  müəllim  xatırlayırmış:  1930-cu  ilin  yaz 

günlərindən  birində  Məşədi  Məcid  mənə  yaxınlaşıb  Qalaya  (Şəki  həbsxanasına) 

hücum edəcəklərini, Sovet hökumətini devirəcəklərini bildirdi. 

  Mən çubuqla yerdə, toz üzərində iri bir dairə, onun içərisində isə nisbətən 

kiçik  dairələr  çəkdim.  Sonra  dairələrin  içərisinə  nöqtələr  düzərək  izah  etməyə 

başladım.  Bax  bu  iri  dairə  Sovet  hökumətinin  ərazisidir,  qismən  xırda  dairələr 

respublikaların  torpaqlarıdır,  nöqtələr  isə  rayonlardır.  Həmin  nöqtələrin  birində, 

yəni  Şəkidə  üsyan  qaldırmaqla  belə  nəhəng  əraziyə  malik  olan  hökuməti  necə 

devirmək olar? 

  Nizam müəllimin bu izahatından sonra Məşədi Məcidin üzündə ani olaraq 

bir  ümidsizlik  ifadəsi  dolaşmış  və  heç  nə  demədən  atın  belinə  sıçrayaraq  oradan 

uzaqlaşmışdı. 

   Əlbəttə, bu sadə həqiqəti Məşədi Məcid də dərk edirdi. Lakin o, həyatının 

mənasına  çevrilən  dəyərlərin  daim  kolxoz  quruculuğu  fəalları  və  allahsızlar 

cəmiyyətinin  üzvləri  tərəfindən  ələ  salınmasına,  özünə  qarşı  təhqiramiz  rəftara 

dözə bilməmiş, bu cür yaşamağın mümkün olmayacağı qənaətinə gəlmişdi. 

  Üsyan  yatırıldıqdan  sonra  Məşədi  Məcid  dayısı  Nəriman  Salman  oğlu  və 

Qaçaq Abbasla bircə qaçaqçılıq həyatının çətinliklərinə sinə gərməli olur. 

   Bir dəfə qaçaqları məhv etmək üçün kəndə o vaxt deyildiyi otryad (silahlı 

dəstə) gəlir. 

  Onlar  Nəriman  Salman  oğlunun  evini  mühasirəyə  alırlar.  Yəqin  kimsə 

Nərimanın  kənddə  olması  barədə  yuxarı  məlumat  vermişdi.  O,  həmin  anda  evdə 

deyil,  zəmidə  idi.  Elə  zəmidəcə  onu  atəşə  tuturlar.  Taxılın  içinə  çökən  Nəriman 

sinəsinə zəmidən çıxıb, dərə ilə özünü qaçaqlara çatdırır və otryadın kənddə olması 

barədə məlumatı yoldaşlarına çatdırmaqla onları xəbərdar edir. Nərimanın hələ də 

zəmidə olduğunu güman edən otryad üzvləri taxıla od vurub yandırırlar. 

  Artıq  qaş  qaralmışdı.  Silahlı  dəstənin  üzvləri  kənddə  gecələmək  qərarına 

gəldilər. Bu  məqsədlə  kənd sakini  Nəzir kişiyə  müraciət edirlər. Lakin Nəzir kişi 

qaçaqlardan çəkindiyinə görə onları qonaq saxlamaqdan imtina edir. Eyni zamanda 

məsləhət  görür  ki,  gecələmək  üçün  ən  əlverişli  yer  elə  Məşədi  Məcidin  evidir. 

Burada onlar tam təhlükəsizlik şəraitində olacaqlar. 

  Silahlı dəstənin Məşədi Məcidi məhv etməyə gəldiyini bildiyi halda Nəzir 

kişi  hansı  məntiqlə  onlara  bu  cür  məsləhət  vermişdir.  Məsələ  burasındadır  ki, 

Məşədi  Məcid  və  onun  ailə  üzvləri  milli  əxlaq  dəyərlərini,  o  cümlədən  qonağın 




83 

 

kim olmasından asılı olmayaraq toxunulmazlığının təmin olunmasını şərəf, namus 



meyarı hesab edərək həmişə uca tutmuşlar. 

  Özlərini  allah  qonağı  adlandıran  bu  şeytan  nökərlərini,  fəlakət  elçilərini 

Məşədi Məcidin anası Səltənət xanım qarşıladı. 

  «Aslanın  erkəyi,  dişisi  olmaz»  atalar  deyiminin  məna  çalarlarını  tam 

dolğunluğu  ilə  özündə  təcəssüm  etdirən  bu  qadın  sanki  nağıllar  dünyasından 

gəlmişdir.  At  minən,  silah  oynadan  Səltənət  xanım  evinə  təşrif  buyuran  adamları 

qonaq etmək üçün qoyunu da özü kəsirdi. Bu cür kişi işinin qulpundan yapışmasını 

da belə izah edirdi ki, övladlarım baş kəsməklə günaha batmasınlar. 

  Hamı  kimi  hökumətin  göndərdiyi  bu  silahlı  dəstə  də  Məşədi  Məcidin 

evində  açıq qabaqla  qarşılanır. Odun-ocaq tədarükü  görülür, qoyun  kəsilir, qazan 

asılır. Səltənət xanım oğlunu silahlı dəstənin onlarda olması barədə xəbərdən halı 

etməyə də unutmur. 

  Otryad  üzvlərinin  öz  taleləri  barədə  təşviş  keçirmələri  əbəs  deyilmiş. 

Qaçaqlar qəfil hücumla onları məhv etmək niyyətinə düşmüşdülər. Lakin dəstənin 

öz  evində  olduğunu  bilən  Məşədi  Məcid  qaçaq  yoldaşlarını  bu  niyyətdən  vaz 

keçməyə  razı  sala  bilir.  Amma  ev,  ailə  sarıdan  keçirdiyi  üzücü  nigarançılıq, 

sıxıntılı  ovqat,  onda  evdəkilərin  vəziyyətini  öyrənmək  üçün  qarşısıalınmaz  istək 

oyatmışdı.  Dostları  Məşədi  Məcidi  bu  təhlükəli  niyyətdən  daşındırmaq  üçün  dilə 

tutsalar da nəticəsi olmur. Qaçaqlar arasında əldə olunan razılaşmaya görə Məşədi 

Məcid  evə  baş  çəkib  ani  olaraq  oranı  tərk  edərsə  dəstə  dərhal  məhv  edilməlidir, 

yox,  əgər  orada  ləngiyərsə  qaçaqlar  müəyyən  fasilələrlə  bir-bir  evə  daxil  olmalı 

idilər. 


  Məşədi  Məcid  otağa  girərkən  onlar  süfrə  başında  idilər.  Ani  çaşqınlıq  ev 

sahibinin verdiyi salamın cavabının ləngiməsinə səbəb oldu. Səltənət xanım oğlunu 

süfrəyə  dəvət  etməklə  gərginliyi  aradan  qaldırır.  Bir  az  keçməmiş  Qaçaq  Abbas, 

daha sonra Nəriman da gəlib onlara qoşulur. 

  Çox qəribə bir vəziyyət yaranmışdı. Öldürməyə gələnlərlə ölümə məhkum 

edilənlər  eyni  süfrə  arxasında  əyləşib  heç  nə  olmayıbmış  kimi  söhbət  edir,  duz-

çörək kəsirdilər. 

  Nəriman  Soltan  oğlu  bir  qədər  kənarda  pəncərənin  qarşısında  oturmuşdu. 

Onun  iri  qüssəsi,  qəzəbli  baxışları  dəstə  başçısının  diqqətini  cəlb  etdiyindən 

Nərimanın  kimliyi  ilə  maraqlanır.  Cavab  çox  sərt  olur.  -  Bir  qədər  əvvəl  gülləyə 

tutduğunuz, zəmidə diri-diri yandırmaq istədiyiniz adam mənəm. Şam yeməyindən 

sonra  yatmaq  vədəsi  çatdıqda  dəf  ediləsi  müşkül  görünən  daha  bir  əngəl  ortaya 

çıxır. Tərəflər bir-birinə inanmadıqlarından heç cürə əmin ola bilmirlər ki, gecənin 

bir  aləmi  gülləborana  məruz  qalmayacaqlar.  Vəziyyətdən  çıxış  yolunu  Məşədi 

Məcid  göstərir.  O,  təklif  edir  ki,  silahları  yığıb  anama  verəcəyik,  səhər  isə  geri 

götürəcəyik. Elə də edirlər. 

  Bu hadisədən bir müddət sonra hökumət qüvvələri yenidən Zəyzid kəndinə 

daxil olub, Məşədi Məcidin bütün ailə  üzvlərini həbs edərək qaçaqlarla  mübarizə 




84 

 

üçün  qərargah  kimi  istifadə  edilən  Kor  Xudunun  evinin  zirzəmisinə  salırlar. 



Burada Məşədi Məcidin övladları İsmayıl və Yaqubu mütəmadi olaraq döyür, onun 

yerini nişan verməyi tələb edirdilər. Qaçaq Abbasın qardaşı Əhməd İsmayılın gözü 

qarşısında  güllələnir.  Lakin  sirr-xuda  kimi  qəbul  ediləsi  bir  hadisə  baş  verir; 

Əhməd  ölməyib,  ağır  yaralanmışdı.  Bütün  bu  amansızlıqların  baş  alıb  getməsinə 

rəvac verən Şəkinin milis rəisi Zahidov Əhmədi elə  yaralı halda, nəfəsi ağzından 

çıxmamış dəfn edirlər. Dəhşət! 

  İnsan qanına yerikləyən bu manyaklar orta əsrlərin ən qaranlıq dövrlərində 

mövcud olmuş inkvizisiya cəza üsullarını XX əsrdə  Azərbaycanda tətbiq etməklə 

bizim gözəl məmləkətimizi cəhənnəmə çevirmişdilər. 

   Zahidov İsmayıl və Yaqubu qırmancla amansızcasına qamçılayır, haçansa 

bir  əzazilin  xəstə  idrakının  ifrazı  olan  insanı  özünə  qəbir  qazmağa  vadar  etmək 

kimi bir işgəncəni onlara tətbiq edir və bağırırdı: 

İkinizi bir qəbirdə basdıracam. 

   Yaqubun üsyankar ruhu birdən onu dilləndirir: 

  -  Yetər,  daha  qazmayacam,  indiyədək  qazdığımız  qəbir  də  bizim  üçün 

kifayətdir, güllələyin. 

   Sonra onları zirzəmiyə salıb yenidən döyməyə başlayırlar. Cəllad Zahidov 

revolveri İsmayılın ağzına dirəyərək qışqırdı: 

   - Dənənin yerini de! 

   Orada  olan  komsomolçulardan  biri  bu  qeyri-bərabər  qarşıdurmaya  şərin 

tərəfindən müdaxilə edir: 

O boş revolveri dolusundan bir çoxundan daha yaxşı ayırd edir. 

Zahidov tapançanın dəstəyini İsmayılın başına vurur. O bayılır. 

Gözlərini açarkən vaxtı ilə evlərinə çox gəlib-getmiş, Məşədi Məcidlə xeyli 

duz-çörək kəsmiş kişilərdən biri İsmayıla ahəstəcə deyir: 

   -    Səndən  bir  də  atanın  yerini  soruşsalar  de  ki,  o,  Cərcə  bulağındadır, 

gedin, özünüz tapın. 

   İblis  Zahidovun  Səltənət  xanımla  etdiyi  söhbətdən  məlum  olur  ki,  bu 

ailənin  qənimi  missiyasından  o  halda  imtina  edə  bilər  ki,  Məşədi  Məcid  təslim 

olsun. 


   Səltənət xanım da doğmalarını repressiyadan xilas etmək üçün başqa çarə 

görmür. Məşədi Məcidi üzrə çıxarmaq üçün həbsdən azad edilmiş Səltənət xanım 

və  nəvəsi  Yaqub  evə  dönürlər.  Baş  verən  hadisələrdən  hali  olan  Məşədi  Məcid 

anlayır ki,  ailəsinin  məhvi  hesabına  əldə  edəcəyi həyat, onun  üçün  yaşamaq  yox, 

cəhənnəm əzabı olacaqdır. O tərəddüd etmədən üzə çıxmağa razılıq verir. 

   Səltənət  ana  göz  yaşları  içində,  körpə  yaşlarında  olduğu  kimi  onun 

çimdirir, ən yaxşı libasını geyindirir. Məşədi Məcid silah-sursatını da götürüb atına 

süvar  olur.  Onlar  ana-bala  birlikdə  yola  düzəlirlər.  Darvazaların  qarşısına  çıxan 

qonşular  onunla  sükut  içində,  gözləri  ilə  vidalaşırlar.  Məşədi  Məcid  üzünü  kənd 

əhlinə tutaraq: 




85 

 

   -      Eh,  nə  deyim  sizə,  mən  uzun  illər  sizin  qayğınızı  çəkdim,  amma  siz 



məni  qoruya  bilmədiniz.  Anam  məni  qurbanlıq  qoyun  kimi  qəssabxanaya  aparır. 

Ora qurbanlıq kimi gedən adam sağ-salamat geri dönə bilərmi?! - deyə gileylənir. 

   Məşədi  Məcidi  elə  bu  görkəmdə  -  şıq  geyimdə,  sinəsində  patrondaş, 

əlində  silah,  gözəl  atın  belində  görən  Zahidov  şaşırır,  dili-dodağı  təpinir.  O, 

çaşqınlığını  gizlətmək  üçün  üzünü  Səltənət  xanıma  tutub,  səsinə  süni  ahəng 

verərək dillənir: 

   -  Ay qarı, doğrudanmı bu gözəl oğlanı sən doğmusan, heç belə bir igidə 

qıymaq olarmı? 

   Ancaq  həmişə  olduğu  kimi  o,  yenə  də  riyakarlıq  edirdi.  Məşədi  Məcid 

təslim olduqdan az sonra yoxa çıxdı; öldümü, qaldımı, bunu bilən olmadı. 

   Məşədi  Məcid  Kor  Xudunun  evinin  zirzəmisində  saxlanılan  ailə  üzvləri 

ilə görüşür. Çox təsirli səhnə idi. O, doğmalarını bağrına basaraq deyirdi: 

Heç rəva görərdimmi ki, siz mənə görə əzab-əziyyət çəkəsiniz! 

  Bu hadisələrdən illər keçdi. Məşədi Məcidin oğlu İsmayıl ordu sıralarında 

xidmət  edərkən təsadüf nəticəsində  atasının sonrakı taleyindən xəbər tuta  bilir. O 

bu  əhvalatı  belə  xatırlayırmış:  «Müharibənin  şiddətli  vaxtında,  1943-cü  ildə  bir 

qrup  əsgər  yoldaşımla  birlikdə  Sovet  hökumətinin  xalq  düşməni  hesab  etdiyi 

məhbusları  müşayiət  edirdik.  Dustaqların  içində  zahirən  azərbaycanlıya  oxşayan 

bir  kişinin  mehriban  baxışlarını  üzərimdə  sezdim.  Bir  azdan  yenə  onun  mənə 

diqqətlə baxdığını gördüm. Maraq məni götürdü. Əlimə imkan düşən kimi onunla 

söhbətə  körpü  atdım.  Təmiz  Azərbaycan  dilində  mənim  haradan  olduğumla 

maraqlandı.  Bildikdə  ki  mən  Şəkinin  Zəyzid  kəndindən  olan  Məşədi  Məcidin 

oğluyam, gözləri yaşarmış halda həyəcanla dedi: «Daha heç bir dərdim yoxdur, gör 

mən kimin oğlunun qabağında gedirəm!» 

   Aramızda  olan  söhbətdən  məlum  oldu  ki,  atam  onunla  dustaq  yoldaşı 

olub. Mənə diqqətlə baxmağının səbəbi isə üz cizgilərimdə atama bənzər cəhətləri 

sezməsindən irəli gəlib. Onlar Stalinin Sibirdəki ölüm düşərgələrindən birində cəza 

çəkiblərmiş.  O,  atamın  mərdliyindən,  xeyirxahlığından  bəhs  etdi.  Sonra 

doluxsunaraq onun ürək xəstəliyindən öldüyünü və yoldaşları ilə birlikdə öz əlləri 

ilə dəfn etdiklərini bildirdi. 

    



86 

 

ƏDƏBİYYAT 

1. M.İsmayılov. Şəki. Bakı, 1982 

2. B. Vahabzadə. Şənbə gecəsinə gedən yol. Bakı, 1991 

3. C. Qasımov. Yaddaşın bərpası. Bakı, 1999 

4. C. Həsənov. Ağ ləkələrin qara kölgəsi. Bakı, 1991 

5. B. Rəfiyev. Aysberqin sualtı hissəsi. Bakı, 1995 

6. M.C. Bağırovun məhkəməsi. Bakı, 1993 

7. Acı həqiqətlər. Bakı, 1992 

8. Çıraqzadə. İstiqlal yollarında. Bakı, 1991 

9. Аскеров. Записки чекиста. Баку, 1991 

10. Ə. Kərimov. Şəki keçmişdə və indi. Şəki, 1927 

11. A. Əfəndizadə. Ya ölüm, ya Türkiyə. Şəki, 1919 

12. Nuxa hüriyyəti maarif. Şəki, 1919 

13.  S.  Əfəndiyev.  Şəki  Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyəti 

illərində. Şəki, 2003 

14. Z. Cavadova. Şimali-Qərbi Azərbaycan. Bakı, 1999 

15.  T.  Xəlilov.  Şəki  qaçaqları.  Böyük  məhəbbət.  «Şəkinin  səsi»  qəzeti,  1 

yanvar 1995 

16. «Qafqaz Kommunası» qəzeti, 9 fevral 1921 

17. «Nuxa fəhləsi» qəzeti, 2 noyabr 1930 

18. «Şəki Əxbari» qəzeti. № 7, 1921 

19. «Kommunist» qəzeti, 15 avqust 1989 

20. «Oktyabr” jurnalı. № 11, 1988 

21. «Azərbaycan» qəzeti. 20 fevral 2000 

 

 



ARXİV MATERİALLARI 

 

1.  Azərbaycanın  Respublikası  Nazirlər  Kabineti  yanında  Baş  Arxivlər 



İdarasi F.255, s. l, iş 56, v 38-47 

2. Baş Arxivlər İdarəsi f. 12, s. 4, iş 57, v. 8 

3. Baş Arxivlər İdarəsi f. 12, s. 4, iş 62, v. 140 

4. Baş Arxivlər İdarəsi f. 12, s. 4, iş 62, v. 134137 

5. Baş Arxivlər İdarəsi f. 1, s. 231, iş 25, v. 155 

6. Baş Arxivlər İdarəsi f. 1, s. 231, iş 53, v. 121 

7. Baş Arxivlər İdarəsi f. 1, s. 231, iş 53, v. 21 

8. Şəki arxivi. Əsas fond 13, saxlama vahidi 13 

9. Şəki arxivi. Əsas fond 2, saxlama vahidi 219 

10. Şəki arxivi. Əsas fond 13, saxlama vahidi 81 



11. Şəki arxivi. Əsas fond 13, saxlama vahidi 1 

End of the Text  

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə