Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   2   3   4   5   6   7   8   9   ...   89

idxal edilirdi. Məşhur tarixçi Strabon məlumat verir ki, Roma imperiyası ilə Albaniya arasında
bağlanan müqaviləyə görə, Albaniya ölkəsindən yığılan bitkilərdən dərmanlar hazırlanmalı və kiçik
şüşə qablara doldurularaq Romaya verilməli idi. Bəli, bu torpaq özünün zəngin təbiəti və şəfalı
bitkiləri ilə fərqlənirdi. Buralarda toplanan dərman bitkiləri bir çox başqa ölkələrə ixrac
olunurdu. Şəkinin səfalı dağlarından toplanmış çiçək və otlara qədim Babilistan, Roma, Yunanıstan
və hətta Misir əczaxanalarında rast gəlmək olurdu.
Müxtəlif sağaltma üsul və metod​larına sahib olan ənənəvi xalq həkimliyi türk xalqları arasında daha
çox bitkilərlə, əl enerjisi ilə müalicə forması ilə seçilir. Ancaq bu gün Hind, Tibet, Çin, Afrika xalq
təbabəti adı ilə məşhur olan ənənəvi tibb əslində o xalqlara xidmət etmişdir. Şəhərimiz dünyanın ən
qədim sivilizasiyalarının formalaşdığı areala daxildir və Şəkidə tibb elminin ta​rixi minilliklərin
dərinliklərinə qədər uzanmaqdadır. Bunu aparılmış arxeoloji qazıntılar birmənalı şəkildə sübut
etməkdədir. Son arxeoloji və tarixi tədqiqatlar göstərir ki, Azərbaycan təbabəti Misir, Hind və Çin
təbabəti qədər qədimdir. Тürkəçarəliyin və türkəçarələrin kökləri minilliklərin dərinliklərinə qədər
uzanmaqdadır. Arxeoloq S.Qazıyev bizim zonada aparılan arxeoloji qazıntılar zamanı tapılan ağ, sarı
və s. rənglərlə işlənmiş qabların türkəçarəlikdə geniş istifadə edilən dərman qabları olduğunu
söyləyərək yazır ki, bu gün tibdə geniş istifadə edilən bir çox müalicəvi bitki və həmin bit​ki​lər​dən
hazırlanan dərman əcdadlarımıza çox-çox əsrlər öncədən bəlli imiş:
 
“Qazıntı zamanı xüsusi qablar aşkara çıxarılmışdır ki, bu qabların içərisində dərman bitkilərinin
saxlanıldığı eh​timal olunur”.
 
Bu dövrdə Azərbaycan təbabəti Yunan təbabətinin inkişafına da təsir göstər​mişdi. Tibb еlmində hökm
sürmüş “dörd ünsür” nəzəriyyəsini yunanlar atəşpə​rəstlərdən götürmüşdülər. Qədim yunan
filоsоfu Еmpеdоkl (təxminən е.ə. 484-424) bütün əşyaların dörd ünsürdən (sudan, havadan, оddan,
tоrpaqdan) ibarət оlduğunu söyləyərkən atəşpərəstlərin müqəddəs varlıqlar (оd, su, tоrpaq, hava)
haqqında təsəvvürlərinə arхalanırdı. Еmpеdоklun idеyaları XVIII əsrin sоnlarına qədər
dünya еlmində hökm sürmüşdü. Tanınmış yunan həkimi Еrasistrat (е.ə. təхminən 315-220) Misirin
məşhur İsgəndəriyyə Akadеmiyasında çalışırdı və tеz-tеz ölkəmizə gələrək yеrli tibb ənənələri
haqqında məlumatlar tоplayırdı. Еrasistrat damarlar, artеriyalar və qan dövranı haqqında yеni fikirlər
söyləmiş, insan bеyninin yarımkürəciklərini və qırışlarını tədqiq еtmişdi.
Eramızdan əvvəl I minillikdə Azərbaycan təbabəti həm də qədim Avestadan qaynaqlanırdı. О dövrdə
zərdüştilik Azərbaycanın əsas dininə çеvrilmişdi. Ərəb və fars müəlliflərinin əksəriyyəti
Azərbaycanı Zərdüşt pеyğəmbərin vətəni sayırdılar. Makеdоniyalı İsgəndərin yürüşü zamanı
məhv еdilmiş Avеstanın bərpasını da Azərbaycan maqları (kahinləri) həyata kеçirirdilər.
Atəşpərəstlərin dini kitabında ilahi mövzularla yanaşı tibbi tövsiyələr, anatomiya və fiziologiyaya aid
məlumatlar da var. Zərdüştilər xəstəliklərin şər tanrısı Əhrimənin yaratdığı gözlə görünməyən ziyanlı
varlıqlar tərəfindən yayılmasına inanırdılar. Onlar gigiyena və profilaktika məsələlərinə böyük diqqət
yetirirdilər. Su, od, torpaq, hava müqəddəs sayılırdı və onların çirklənməsi qadağan olunmuşdu.
Ölmüş insanların cəsədlərinə isə ancaq kahinlər toxuna bilərdilər. Bu, yoluxucu xəstəliklərin
yayılmasının qarşısını alırdı. Avestaya görə, dünyanın birinci həkimi Trita olmuşdu. O, insanlara
9999 dərman bitkisinin xeyri və istifadə yolları haqqında məlumat vermişdi. Cərrahiyyə, dərman
otları və sehrbazlıq əsas müalicə metodları sayılırdı. Avestada həkimin hər müalicə növünə görə
alacağı məbləğ də müəyyənləşdirilir. Maraqlıdır ki, bu məbləğ xəstənin maddi durumu ilə


əlaqələndirilirdi. Varlılar müalicəyə görə daha çox, kasıblar isə daha az pul ödəyirdilər. Ödənişlər
təkcə pulla deyil, mal-qara, at, kənd təsərrüfatı ərzaqları ilə də həyata keçirilirdi. Zərdüştilər inək
sidiyini (nirəng) güclü dərman sayırdılar. Onu antiseptik, insanı cavanlaşdıran və şər qüvvələrdən
qoruyan vasitə hesab edirdilər. Zəfəran, sarımsaq və biyan kökü geniş yayılmış dərman bitkilərindən
idi.
Onlar hesab edir​dilər ki, qəzəbli ruhlar insan orqanizminə daxil olduğun​dan o xəstələnir. Ona görə də
xəstəliklə mübarizə və ölümün qarşısını almaqdan ötəri onlar əsas fikirlərini qəzəbli ruhların
orqanizmə daxil olmasına mane olmağa və onların oradan xa​ric edilməsinə vermişlər. Bu nəzəriyyə
tibdə ibtidai animizm adı ilə məşhurdur. Elə bunun əsasında gələcəkdə müxtəlif qəzəbli ruhları
bədəndən qovan və bu yol ilə xəstəni sağaldan və ölünü dirildə bilən cadugərlər, falçılar və s. əmələ
gəldilər. Ölümə onlar çox zaman sehrli, təbiətdən kənar qüvvələrlə əlaqədar olan bir hal kimi
baxırdılar. Qədim insanlar onların ölmüş qohumları və tanışlarının yuxularına gəlməsini və on​lar​la
söhbət etməsini bununla əlaqələndirmişlər ki, guya or​qanizm tam ölmür. Ölən onun cismidir.
Qədim ibtidai insanın dünyagörüşündə çoxlu ruhlar hökmranlıq edir. Onların düşüncələrinə görə, bu
ruhlar insanın həyatını idarə edir. Öz funk​siyalarına görə onları xeyirxah və bədxah ruhlara bölmək
olar. Qədim insanın təsəvvüründə ona sağlamlıq gətirən xeyirxah ruhlardır. Hətta onlar insana
sağlamlıq gətirən ruhlara həsr edi​lən sağlıq mətnləri (bu ruhları şərəfləndirən müqəddəs mətnlər –
alqışlar) qoşmuş və onun və ya onların sağlığına müəyyən içkilər içməyi də həyata keçirirlərmiş.
Bu qəbilələrdə asqırmaq sağlamlığa olan münasibət kimi diqqəti cəlb etmişdir. Onlar elə düşünüblər
ki, məsələn, onları asqırdan xüsusi sağ​lamlıq ruhları vardır. Xəstə adam asqıranda elə düşünüb ki,
əcdad ruhu onu sağaltmaq üçün onun qəlbinə daxil olub. “Mən onu şərəfləndirməliyəm, çünki o məni
asqırmağa məc​bur edib”. Asqırmaq sağlamlıq əlamətidir, ona görə də xəstə​yə “sağlam ol” deyilir. Bu
adət hələ indi də davam edir və maraqlıdır ki, bu günümüzə qədər gəlib çıxmışdır.
Şəkidə I-IV əsrlərdə xristianlığın və yunan dilinin yayılması nəticəsində qədim Yunanıstanın tibb üzrə
traktatları, Hippokratın, Qalenin əsərləri məşhurlaşmışdı. Birinci əsrdə yaşamış məşhur Roma alimi
Qalen Qafqaz Albaniyasından gətirilmiş otlardan müxtəlif məcunlar, həblər və başqa müalicə
vasitələri hazırlayırdı. Beləliklə, şəhərimizin tibbi irsi Romada tibb və əczaçılıq elmlərinin
inkişafına təsir göstərmişdi.
Eyni zamanda, bizim ərazidə türk şamançılığı ilə bağlı müalicə üsulları da geniş yayılmışdı. Bu öz
kökləri ilə çox qədim zamanlara, daş dövrünə və ibtidai icmaya bağlı qam-şaman oyunları idi. Bu
oyunlarda sehrbazlıq, təlqin, xəstəyə psixoloji təsir göstərən xüsusi ritual mahnıları və rəqsləri vacib
rol oynayırdı. Şamanlar xəstələri müalicə etmək üçün оnların canından cinləri qоvmağa çalışır, sehrli
dualar oxuyur və uyuşdurucu bitkilərin təsiri ilə ekstaza gələrək ritual rəqslər oynayır və nəğmələr
oxuyurdular. Psixoloji təlqinlə müşayiət olunan bu müalicələr çox vaxt həqiqətən də müsbət nəticə
verirdi. 
Yoqa dedikdə bu gün ənənəvi hind müalicə üsulu nəzərdə tutulursa, türkəçarəlik də yalnız türk
xalqlarına məx​sus ənənəvi sağaltma metodlarının cəmidir. Təbii ki, ənənəvi xalq həkimliyi nəsildən-
nəslə keçərək daha da cilalanmış, yeni-yeni üsullarla daha da təkmilləşmişdir. Müasir təbabətin
olmadığı zamanlarda ənənəvi tibb hər xalqın öz dünyagörü​şünə, inanc sisteminə, yaşayış şəklinə,
münasibətlər sisteminə görə formalaşmışdır.
Həm müalicə işini, həm də dini ritualları icra edən şa​manlar türkəçarəlikdə ilk xalq həkimləri hesab
edilə bilərlər. Şamanların fəaliyyəti sonrakı dönəmlərdə daha çox ruhi xəs​tə​liklərin müalicəsinə
yönəldiyi üçün otlarla müalicə xalqın daha çox türkəçarə dediyi ara həkimlərinin üzərinə düşdü.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə