Səlahəddin Xəlilov



Yüklə 0,52 Mb.
səhifə1/7
tarix11.04.2018
ölçüsü0,52 Mb.
#37836
  1   2   3   4   5   6   7


Səlahəddin Xəlilov
Azərbaycanda elm

və onun təşkİlatİ Formaları


Bakı – 2010

Xəlilov S.S.

Azərbaycanda elm və onun aktual problemləri. – Bakı, “Oskar”, 2010 – 184 səh.


Kitabda müasir mərhələdə Azərbaycanda va­hid elm və təhsil siyasətinin həyata keçirilməsi, fun­damental və tətbiqi el­mlərin spesifik təşkilati strukturu və bu sa­hədə aparılmalı olan optimal is­la­hatın mümkün va­ri­ant­ları nəzərdən ke­çirilir.

Elm adamları və elmin təşkilati məsələləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

© Xəlilov S, 2010

İndi dünya mədəniyyət dün­ya­sıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır.

Heydər ƏLİYEV

Ön söz
Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiy­ya­tın, maddi və mə­nəvi mədəniyyətin bütün sahələ­rin­də böyük quru­culuq işləri gedir. Bir tərəfdən, yeni ictimai-iqtisadi münasibətlərə keçid, digər tərəfdən, milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük pro­ses elm və təhsil sahələrindən də yan keçməmişdir. Lakin bu proseslər fərəhli olmaqla bərabər, həm də çox ağır proseslərdir. Çünki neçə onilliklər ərzində formalaşmış sistemlərin dağıdılıb yenidən qurul­ma­sı bəzən böyük maddi itkilər və mə­nəvi-psixoloji sarsıntılarla müşayiət olunur. Bə­zən də bu pro­seslər qeyri-peşəkar səviyyədə aparıl­dığından, əlavə çətin­liklər və itkilər yaradır. Xüsu­si­lə müstəqilliyin ilk il­lə­rində, dövlətin sükanı naşı əl­lərdə olduğu vaxt­lar­da, yeniləşmə, yenidənqurma pro­sesləri “hələ dağı­daq, sonra qurarıq” mövqe­yin­dən həyata keçirilmiş, neçə onilliklər ərzində böyük zəhmət və səylər nəti­cə­sində qazanılmış qabaqcıl möv­qelər əldən veril­miş, yenidən – sıfırdan baş­la­maq xətti əsas götürül­müşdür. Lakin elm qurucu­lu­ğu sahəsində dünya prak­tikasını nəzərə almadan nə isə tamamilə yeni bir şey yaratmaq ağlabatan deyil. Biz öz ölkəmizin real imkanlarından çıxış etməliyik.

Şübhəsiz ki, kiçik ölkələrdə böyük elm sistemi qurmaq real deyil. Ona görə də, bu ölkələrdə apa­rı­lan lokal elmi tədqiqatlar beynəlxalq miqyaslı bö­yük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məş­ğul olmağın yeganə yolu böyük elm mərkəzləri ilə rabitə qurmaq, bir növ onların əlavəsinə çevril­mək­dir.

Əslində heç böyük ölkələrdə də tam müstəqil elm sistemləri mümkün deyil. Ona görə də, böyük ölkələrdə ancaq nisbi müstəqil elmi fəaliyyət sis­tem­­ləri mövcuddur ki, onlar da öz aralarında bir­lə­şərək planetar miqyaslı böyük elm sistemini yara­dırlar.

Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələr optimal təş­kilati formaların tapılması, prioritet elmi-texniki is­ti­qa­mətlərin müəyyənləşdirilməsi və məqsədyönlü is­lahat işlərinin aparılması, yerli elmi tədqiqatların dünya elminə inteqrasiyası, elmin rentabelliyi, habe­lə elmin maliyyələşdirilməsinin daha səmərəli for­ma­­larından istifadə olunmasıdır. Əlbəttə, əgər hər hansı bir ölkənin o dərəcədə böyük iqtisadi imkan­ları olsaydı ki, “elm üçün elm” prinsipi ilə işləyən el­mi-tədqiqat mərkəzləri yaratsın və onları ən müasir avadanlıqlarla təchiz etsin, bu, dünya elmi­nin inkişafına böyük töhfə olardı. Amma bizə elə gəlir ki, ilk növbədə ölkəmizin real imkanları və ehtiyacları nəzərə alınmalıdır.

Bunun üçün isə ilk növbədə elmin təşkilati strukturuna yenidən baxılmalı, bu sahədə optimal is­lahatlar həyata keçirilməlidir. Lakin islahata mü­na­sibətlər də fərqlidir. Bəziləri öz daxilindəki konser­vativ ruhdan və Şərq ətalətindən yaxa qurtara bil­mə­yərək, Akademi­ya­da hər han­sı ciddi islahatın aparıl­ma­sına qarşı çıx­maq, onu elə indiki formatda da sax­la­maq uğrunda “mü­barizəyə” qal­xışır; bu “müba­ri­zənin” metodları isə məlum şablon­lar­dan, şantaj psi­xo­logiyasından baş­­­qa bir şey deyil: “Ay aman, kimsə Akademiyanı dağıtmaq istəyirmiş...” Bəzi­ləri bir addım da irəli ge­dərək hər cür ciddi islahat tə­şəb­büslərini təkcə “Aka­demiyanı dağıtmaq” kimi de­yil, bü­tövlükdə Azər­baycan elminə, hətta ümumiy­yətlə elmə qarşı çıxış ki­mi dəyərləndirirlər. Əlbəttə, dü­şün­mək olardı ki, elmlə onun sadəcə təşkilati quruluş forma­la­rından bi­ri olan Akademiyanı qarışıq salan be­lə şəxslərin elmi səviy­yələri yəqin çox aşağıdır. Yox-yox, onlar elmlər doktoru, bəlkə hansı isə bir institutun direk­toru, bəlkə hətta aka­demiklərdir. La­kin biz titulları və ya dar ixtisas biliklərini nəzərdə tutmuruq. Bu şəxslər heç şübhəsiz, öz dar ixtisas sa­hələrində çox böyük alimlərdir. Lakin hansı isə bir ixti­sası bilməklə elmin təşkilati strukturu və infra­strukturu barədə hökm vermək olmaz. Çünki elm­şü­naslıq özü ayrı­ca bir ix­tisas sahəsidir. Bax bizim Akademiyada çatış­mayan da elə elmşünaslıq sahə­sində bir nəfər də olsun yük­sək ixtisaslı mütəxəssisin olmamasıdır. Axı, hər han­sı bir konkret sahənin nü­ma­­yən­dəsi, qoy lap böyük nüma­yən­dəsi: riyaziyyatçı, geo­loq, ədəbiyyatşünas, hət­ta fəlsə­fəçi bütövlükdə elm haq­qın­da, elm-təhsil, elm-istehsa­lat, elm-mədə­niy­yət sistem­ləri və bu sis­temlərin hər birində elmin spesifik yeri və funk­si­yası haqqında fikir yürütməyə nə dərəcədə səlahiy­yətlidir?

Bəs görəsən, Akademiya rəhbərliyi niyə kə­nar­dan (“kənar” dedikdə biz heç də ölkədən kənarı de­yil, Akade­miyadan kənarı nəzərdə tuturuq) mütə­xəssis-elm­şünas də­vət etmir? Niyə bəzi elmi insti­tut­ların uni­­versitet elmi ilə, bəzilə­ri­nin isə müvafiq sahə elmi ilə inteqra­siyasından bu dərəcədə narahatdırlar? Aka­demi­yada hu­ma­nitar və icti­mai elmlərin priori­tet­liyi konsepsiyasının müzakirəsindən niyə belə çəkinir­lər?!

Kitabda müasir mərhələdə Azərbaycanda va­hid elm və təhsil siyasətinin həyata keçirilməsi, fun­damental və tətbiqi el­mlərin spesifik təşkilati strukturu və bu sahədə aparılmalı olan optimal is­la­hatın mümkün variantları nəzərdən ke­çirilir.

ELM və ONUN TƏŞKİLATİ FORMALARI

Elm və cəmiyyət

Müasir mərhələdə Azərbaycanda yüksək icti­mai-iqti­sadi inkişaf tempi, təbii ki, elmin də bu pro­seslərdə fəal iştirakının təmin edilməsi vəzifəsini qar­şıya qoyur. Əlbəttə, elmin funksiya­la­rı­nı ancaq iqtisadi səmərə ilə məhdudlaş­dırmaq ol­maz. Elmin həm də humanitar missiyası və dünya­gö­­rüşünün for­­malaşdırılması baxımından mühüm əhə­miy­yə­ti vardır. Cəmiy­yət­də nüfuzlu elm adam­larının, bö­yük intellekt sahiblərinin fik­ri nə qədər çox nəzərə alın­sa, bir o qədər yaxşıdır. İndi çoxlu ictimai təş­ki­lat­lar, o cümlədən, elm və təhsil sahə­sin­də beynəl­xalq və milli elmi mərkəzlər, asso­siasi­yalar, fondlar, ha­be­lə, müxtəlif profilli akade­mi­yalar yaradılır. Cə­miy­yətdə gedən proseslər­də istər-istəməz ictimai rəyin rolu artır və bu təşkilatlar ictimai rəyə böyük təsir göstərirlər. Demokratik cə­miy­yət­də sağıcı ilə alimin səsi bərabər olduğu ki­mi, belə təşki­latlar da bir hüquqi şəxs olaraq ictimai-siyasi proseslərə qa­tılmaq üçün eyni hüquqi imkan­lara malikdirlər. Ka­pi­talizm cəmiyyətinə doğ­ru get­diyimiz üçün kapital öz qüdrətini bütün sahə­lərdə, o cümlədən, elm və təh­sil sahələrində də göstərməyə başlamışdır. Lakin elm sahə­sində kapi­talın dövriyyə müddəti çox bö­yük olduğundan, yeni yaranan bur­juaziya elmi təd­qi­qat sahələrinə inves­tisiya qoymaq barədə düşün­mür. Əsl elmin əvəzinə, onun ancaq adından və nü­fuzundan bəhrələnmək üçün psev­do­elmi təşkilat­lar və qurumlar yaradılır, elmi adlar al­tında cəfəng məz­­munlu və ya çoxdan məlum olan biliklərdən iba­rət qalın-qalın kitablar buraxılır, müx­­təlif cür el­mi titullar, fəxri adlar, mükafatlar təsis edilir. Nə­ti­cədə kapital həqiqi elmin inkişafı üçün nə isə et­mə­yə tələsməsə də, onu psevdoelmi mü­hitlə əvəz et­mə­yə çalışır və onu müasir reklam texnologi­ya­sına söy­kənən zəngin, zahirən dəbdəbəli üz qabığı­nın pa­rıltısında itirib-batırır, gözəgörün­məz edir. Kim isə ingilis dilini bildiyinə görə xarici ölkələrdən serti­fi­katla qayıdır, kim isə internetin imkanlarından isti­fa­də edib yeni-yeni informasiya­larla əsl alimləri be­lə mat qoyur, kim isə sadəcə pulu olduğuna görə öz adına həmin bu informasi­yaların tərcüməsindən iba­rət qalın-qalın kitablar bu­raxdırır. Kim isə yenə də sadəcə pulu və ya vəzifəsi olduğuna görə, heç in­gi­lis dilini bilməsə də, heç internetdən istifadə edə bil­məsə də, dolayısı ilə on­lardan bəhrələnir, kim isə heç yeni infor­masiyadan da istifadə etmədən, baş­qalarının əməyi hesa­bına kitablar və dissertasiya iş­ləri yazdırır və s.

Sual oluna bilər ki, əgər indiki şəraitdə elmi-tədqiqat işinə heç kim maya qoymaq istəmirsə, bəs onda elmi adlara, titullara, müxtəlif “beynəlxalq” psev­doelmi təşkilatların, “akademiyaların” yaradıl­masına və onla­rın üzvlüyünə nəyə görə pul sərf edənlər tapılır? Meşşan­lar dünyasında elm özü heç kimə lazım deyilsə, onun imicindən istifadə etmək nəyə görə lazımdır? Suala sualla cavab vermək is­tərdik: Əgər zinət əşyaları, bahalı paltar­lar, dəb­də­bələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan kapital gəlir gətirmirsə, onda nəyə lazımdır? Yəqin hər iki sualın cavabı eyni olacaqdır. Görünüş ya­ratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə təqdim etmək üçün, imici asan yolla qaldırmaq üçün və s. Nəticədə həqiqi elmin arxa plana keçməsi və psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, bu­na da heç cür yol vermək olmaz.

Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəzi­ləri köhnə elmin təşkilati formalarını, bəziləri hətta bu təşkilatların yerləşdiyi binaları və öz əvvəlki funk­siyalarını artıq çoxdan itirmiş laboratori­yaları, bəziləri üstündə monoqrafiya və ya elmi məcmuə ya­zılmış kitabları, bəziləri elmi titul və adları, bə­ziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları elmin özü ilə qarışıq salırlar.

Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyas­da elmlə məşğul olmaq, ola bilsin ki, ancaq bir dü­şüncə prosesidir. Baxmayaraq ki, bu düşüncənin məh­sulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çat­dırılmayınca, o ən böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də elm fərdi miqyas daşıya bilməz. O ki qala, cəmiyyət üçün, xalq üçün. Müəyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əy­lən­cəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiy­yətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahə­ləri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu olduqca böyük, bü­tün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai pro­sesdir.

Bəli, elm planetar, ümumbəşəri hadisədir. Va­hid böyük elm prosesinə daxil ola bilməyən, sanki özü üçün yaradılmış lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz şərtləri var­dır. Bunlardan biri dünya miqya­sında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəb­hə­sində olmaqdır. Cəb­hə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulma­yaraq, artıq keçilmiş yol­ların künc-bucağında hansı isə təd­qiqatla məşğul ola bilərlər, lakin bu, elm hesab edilə bilməz.



Elmi potensialın qorunub-saxlanması zərurəti
Yaranmış elmi potensialı qorumalı, sax­­la­ma­lı, ondan indi və gələcəkdə müstəqil Azər­baycanın inkişafı naminə daha səmə­rə­li istifadə etməliyik.

Heydər Əliyev
Bu gün dövlətin və cəmiyyətin qarşısında du­ran əsas vəzifələrdən biri elmi potensialın qorunub-saxlanması və ondan milli inkişaf naminə mak­si­mum səmərə ilə istifadə olunmasıdır. Əgər bu, Elmlər Akademiyasının ənənəvi strukturunu saxla­maq və buradakı elmi mühiti bərpa etmək hesabına mümkündürsə, bütün qüvvələri bu istiqamətdə yö­nəltmək, AMEA-nı hər vasitə ilə dirçəlt­mək və onu işlək mexanizm vəziyyətinə qaytarmaq lazımdır. Lakin bunun üçün böyük təşkilatçılıq işi və büd­cədən böyük miqdarda vəsait ayrılması tələb olunur. Hazırda bəzi adamlar akademiyaya canıyananlıq gös­tər­dik­ləri üçünmü, yaxud özlərini “şirin” salmaq üçünmü, – məhz bu variantın üzərində dayanır və elmi xilas etmək üçün büdcədən ayrılan vəsaitin bir neçə dəfə artırılmasını vacib sayırlar. Bəziləri isə məsələyə daha “yaradıcı” yana­şaraq, Akademiyanı xilas etmək üçün Elm Fondu yarat­maq ideyasını həlledici hesab edirlər. Lakin “bu fond haradan ma­liyyələşəcək”, – sualına başqa cavab tapa bil­mə­dik­lə­rindən, yenə də dövlətə müraciət etmək məc­buriyyətin­dədirlər. Bəli, dövlət ola bilsin ki, elmə ayırdığı maliyyənin miqdarını başqa sahələrin hesa­bına artıra bilər. Lakin onun qəti əminliyi olmalıdır ki, bu pullar itən yerə getmir və bu sahə həqiqətən rentabellidir. Biz o vaxt, 2001-ci ildə belə yaz­mış­dıq: “Bütün məsələ burasındadır ki, hazırda dövlət­də belə bir əminlik yoxdur. Çünki elmin Azər­bay­can üçün prioritet istiqamətləri hələ müəyyən­ləş­di­ril­məmiş, elmin rentabelli fəaliyyət modeli işlənib hazırlanmamışdır”.1

Bəli, Elmlər Akademiyası qorunub saxlanma­lı­dır. Lakin hansı formada, hansı fəaliyyət istiqamə­tlərində və hansı infrastruktura daxil olmaqla? Bun­lar irəlicədən müəyyənləşdi­ril­məlidir. Bu gün Aka­de­miyanın keçmiş SSRİ Elmlər Akademi­ya­sından qopub ayrılmış və təşkilati forması yeni miqyasın tələblərinə uyğun gəlməyən hazırkı vəziyyətini ey­nilə qoru­yub saxlamaqdansa, onu daha mobil, daha çevik və daha məqsədyönlü bir quruma çe­virmək tələb olunur. Əgər biz elmi potensialımızın baza­sında həqiqətən rentabelli, işlək bir elm modeli qura bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər getməyə­cəyinə, “fundamental elm – tətbiqi elm – texnoloji ideya – mühəndis-konstruktor layihəsi – istehsal” zəncirində hər bir halqaya ayrılan pulun hədər getməyəcəyinə, sonrakı halqaların hesabına əməli nəticəsi olacağına əmin ola bilər.

Hal-hazırda Azərbaycanda təkcə Elmlər Aka­demiyası ilə deyil, bütövlükdə elmin inkişaf strate­giyası ilə bağlı, elmin müasir tələblərə cavab verən təşkilati struk­turunun formalaşdırılması ilə bağlı təd­qiqatlara böyük ehtiyac vardır.

Öyrənilməsi vacib olan sahələrdən biri də Azərbaycanda elmin inkişaf istiqamətlərinin təsnif edilməsidir. Kiçik bir ölkə elmin bütün sahələrində aparıcı mövqe tuta bilməz. Ona görə də elmin ma­liyyələşməsi üstün istiqa­mətlər (prioritetlər) prinsipi ilə həyata keçirilməlidir.

“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sa­hə­ləri praqmatiklik prizmasından, habelə son nəticənin milli və ümumbəşəri dəyərlərlə əlaqəliliyi baxı­mın­dan üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elm­lər­dir ki, onların da real fayda gətirməsi yaxın və uzaq məqsədlərə xidmət baxı­mından iki cür olur. Müəy­yən bir əməli fəaliyyət sahə­sinin elmi əsaslarla qurulması, konkret bir istehsal müəs­sisəsinin texniki təchizatının yeni elmi biliklər əsasında təkmil­ləş­dirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsa­sında daha optimal texnoloji prinsipin həyata keçi­rilməsi sayəsində elm qısa müddətdə fayda verə bi­lər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tət­biqinə çəkilən xərclərlə tətbiqdən alınan gəlir ara­sında müs­bət balans yaranır ki, bu da xalis gəliri müəyyən edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki, söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları (başqa ölkələrdəki tədqiqatlar) tərəfindən əldə edil­miş hazır biliklərin sadəcə tətbiq yollarının araş­dırılıb tapılmasından və tətbiq prosesinin texniki ic­ra­sından gedir. Daha doğrusu, deyilənlər elmin özün­dən daha çox, elm ilə istehsal arasındakı əlaqə proseslərinə aiddir.

“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə, isteh­salın cari tələblərinə cavab olmayıb, daha çox dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fun­damental elmlər sahəsində əldə olunmuş biliklərin üzərində quru­lur. Burada söhbət bu və ya digər kon­kret istehsal müəssisəsinin rekonstruksiyasından de­yil, bütövlükdə müəyyən tip istehsal müəssisə­lərinin ümumi ehtiyacla­rının yeni tələblər əsasında ödənil­məsinə yönəldilmiş fəaliyyətdən gedir. Bu fəaliyyət istehsal sahəsində yox, elmin öz hüdudları çərçivə­sində aparılır. Ona görə də, bura­da alınan yeni bi­lik­lərin haradasa mütləq tətbiq olu­nacağına və gəlir gə­ti­rəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bəh­rə­si­ni verir, lakin bundan faydalanmaq, istifadə etmək və­zifəsi istehsalçıların üzərinə düşür. Sənaye mü­əssisə­lərinin tərkibində bu məqsədlərə xidmət edən layihə-­konstruktor büroları və hətta xüsusi “elm” bölmələri fəaliy­yət göstərir ki, bunlar da bir qayda olaraq “sahə elmləri” adı altında əhatə olu­nur.

Tətbiqi elmlər sahəsində fəaliyyət bilavasitə konkret müqavilələr, sifarişlər əsasında aparılmasa da, onların hansı istehsal sahəsində, hansı təsərrüfat forması üçün istifadə olunacağı irəlicədən məlum­dur. Bu baxımdan, tətbiqi elmlərin yerli iqtisadiy­yatın istiqamətlərinə və tələblərinə uyğun yönəl­dil­məsi prinsipcə mümkündür. Dünyanın bütün öl­kələrində tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi yerli iqtisadiyyatın ehtiyaclarıdır. Heç bir ölkədə bü­tün tətbiqi elm sahələrində fəaliyyət göstərilmir və bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı iddiasında olan super ölkələr öz məhsulları üçün bü­tün dünya bazarlarını açıq saxlayırlar. Amma bu­nun üçün təkcə elmi-texnoloji rəqabət və iqtisadi me­xanizmlər kifayət deyil; bu məqsəd üçün siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.

Azərbaycanda da tətbiqi elm həmişə sənaye ilə, kənd təsərrüfatı ilə, mədəniyyətin müxtəlif sahə­ləri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir. İkinci dünya müharibəsində yüksək oktanlı benzinə böyük ehtiyac yarandığı bir vaxtda məhz neft şəhəri Bakıda professor Yusif Məmmədəliyev bu sahədə bir sıra yeni kəşflərin və ixtiraların müəllifi oldu. Sonralar da neft kimyası sahəsində praktik əhəmiy­yətli elmi axtarışlar uğurla davam etdirildi və Azər­baycan Elmlər Akademiyası sistemində aka­demik Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin nü­mayəndələri akademik Əli Quliyev, aka­demik Mur­tuza Nağıyev və s. bu sahədəki elmi axta­rışları uğur­la davam etdirdilər. Azərbaycan elmi bu gün də neft-kimya sahəsindəki ənənələri qoruyub saxlama­ğa çalışır.

Azərbaycan kənd təsərrüfatının inkişafı, xüsu­sən, 70-ci illərdən başlayaraq, Heydər Əliyevin rəh­bərliyi dövründə o vaxtın tələbləri səviyyəsində aq­ro­sənaye kompleksinin qurulması bu sahədəki tət­biqi elmlərin inkişafına böyük təkan vermişdir. La­kin təsərrüfatın inkişafı ilə yanaşı torpaqşünaslıq məsələləri, təbiətin qorunması və ekoloji böhrandan çıxış yolları da dövrün aktual praktik problemləri sırasına daxil olmuşdur. Bu sahədə akademik Həsən Əliyevin yaratdığı elmi məktəb bu gün də uğurla davam etdirilir.

Neft geologiyası və neft quyularının qazılması ilə əlaqədar olaraq tətbiqi mexanikanın, ümumiy­yətlə mexanika-riyaziyyat elmlərinin inkişafı da əlamətdar haldır. Bu sahədə aparılan tədqiqatların mil­li iqtisadiyyatımız, xüsusilə, neft sənayesinin in­kişafı ilə bağlı mühüm tətbiqləri vardır. Bu gün Azərbaycanda neft sənayesinin yeni bir impulsla in­kişafı həmin tədqiqatların aktuallıq dərəcəsini da­ha da artırır.

Belə misalları, əlbəttə, yenə davam etdirmək olar. Amma əsas qənaət bundan ibarətdir ki, yerli iqtisadiy­yatın ehtiyaclarına uyğun olan tətbiqi elm sahələrinin inkişafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər həm maddi, həm də mənəvi as­pekt­lərdə stimullaşdırıl­malıdır.

Fundamental elmlərdə isə nəinki konkret tət­biqi sa­hə­lər, hətta tətbiq istiqamətləri də irəlicədən müəyyən­ləşdirilə bilmir. Burada elmi axtarışların si­fa­rişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün­dür” prinsipi əsas tutulur. Əlbəttə, burada əldə olu­nan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni el­mi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal sa­həsində isə istifadə olunacaqdır. Lakin ünvan və zaman qeyri-müəyyəndir.

Beləliklə, fundamental elmlər milli ideal­lar­dan daha çox, ümumbəşəri ideallara xidmət edir. Bu sahələrdə də Azərbaycanın böyük elm adamlarının, xüsusilə Elmlər Akademiyasında çalışmış və riya­ziy­yatda və təbiətşüna­slıq­da yeni istiqamətlərin əsa­sını qoymuş görkəmli şəx­siy­yətlərin, məsələn, aka­demik Zahid Xəlilovun, akademik Əşrəf Hüsey­no­vun və s. böyük xidmətləri qeyd edilə bilər.

Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün fəxr etməliyik; lakin şüurlu surətdə, yaxın və uzaq məqsədləri anlamaq­la. Belə ki, müasir fizikanın, mə­sələn, elementar zər­rəciklər nəzəriyyəsinin, kvant elektrodinamikasının, ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkə­lərdə onsuz da tədqiq olunacaqdır. Bu sahələrdə əldə olu­nan yeni elmi biliklərin tətbiqi Azərbaycanın texniki imkanları şəraitində onsuz da mümkün deyildir. Fun­da­mental elmlərin ön cəbhəsində əldə edilən ye­niliklər ancaq çox yüksək texnika və texnologiya bazasında istifadə olunmaqla praktik səmərə verə bilər. Azərbaycanda bu sahələrin ancaq nəzəriyyəsi ilə, əslində nəzəriyyə də çox vaxt operativ ekspe­ri­mental dəstək tələb etdiyindən, riya­ziyyatı ilə məş­ğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, bura­da eksperimental baza və müvafiq texnoloji in­kişaf səviyyəsi olmadan da, elmin ön cəbhəsinə girmək müm­kündür. Təki intellekt olsun, istedad olsun. İn­tel­lek­tual imkanlarına görə isə bizim millət heç kim­dən geri qalmadığından, alimlərimiz məhz nəzə­riyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğurlar əldə edərək dünya elminə layiqli töhfələr verirlər. La­kin bizim dünya elminə ver­diyimizlə ondan aldı­ğımız arasında optimal balans yara­nırmı? Böyük is­tedad sahibi olan alimlərimizin dünyada gedən elmi proseslərdəki iştirakı pərakəndə xarakter daşımırmı? Elmi tədqiqatın, elmi informasiyanın əslində çox qiymətli olduğu bir zamanda biz tədqiqatlarımızın nəticələrini dünya elminə havayı bağışlamırıqmı? Əlbəttə, bütün sahələrdə olduğu kimi burada da biz öz milli mentali­tetimizə uyğun olaraq geniş-qəl­b­lilik nümayiş etdirə bilərik. Lakin hər şeyin bir hü­dudu vardır. Biz özümüzün ən yüksək sərvətimiz olan intellektual potensialımızdan praqmatik düşün­cə ilə istifadə etməyi bacarmalıyıq. Bunun üçün dün­ya elm praktikasında məlum modellər vardır ki, müstəqil dövlət olduqdan sonra bu barədə də dü­şünməliyik. Biz istedadlı gənclərimizə qrantlar ve­rə­rək onların elmi fəaliyyət layihələrini maliyyə­ləş­dirən bey­nəlxalq fondların “səxavətinə” də, nəhayət, səmimiyyət və sadəlövhlük müstəvisindən fərqli bir müstəvidə qiymət ver­məliyik. Biz intellektual mül­kiyyət haqqında, patent haq­qında sadəcə qanunlar qəbul etməklə kifayətlənməyərək, on­ların Azərbay­can gerçəkliyində həqiqətən işləməsinə nail olmalı­yıq. Bütün bu deyilənlər ilk növbədə fundamental elmlər sahəsindəki tədqiqat­larımıza aiddir.

Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu və ya digər sahəsində tətbiq olunaraq gəlir vermə­sələr də, bizim milli maraqlarımızla bilavasitə bağlı­dırlar və onların inkişaf etdirilməsi müstəqil Azər­baycan Respublikasının ən böyük vəzifələrindən bi­ridir. Bu elmlər dünya elmi prosesinə, ümum­bəşəri dəyərlər komp­lek­sinə dolayısı ilə daxil olsa­lar da, bilavasitə Azərbaycan­la, xalqımızın, millətimizin ta­­rixi və bu günü ilə, milli dünyagörüşümüzlə, fəl­səfi fik­rimizlə, milli iqtisadiyyatımızın təşkilati prob­lemləri ilə və nə­hayət, dinimiz, dilimiz, mədə-niyyətimiz, ədəbiyyatımızla bağlı olan elmlərdir. Bu sahələr insanla, cəmiyyətlə bağlı oldu­ğuna görə elm­lərin təsnifa­tında ya humanitar elmlər, ya da ictimai elmlər adı altında qruplaşdırılır.

Fundamental elmlərdən fərqli olaraq ictimai elmlər ümumbəşəri miqyas daşımaqla bərabər, hər bir millət miqyasında həmin millətin maraq dairə­sinə uyğun ikinci, regional mövcudluğa malikdir. Yəni, ümumdünya tarixi ilə yanaşı Azərbaycan ta­rixi də vardır. Ümumi iqtisadi nəzə­riyyə ilə yanaşı, Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə tədqiq olunur və s. İctimai elmlər sahəsində də dün­ya miqyasında gedən prosesləri öyrənənlər çoxdur. Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nə­zəriyyəni öyrənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azərbaycanın tarixini, fəlsəfi fikrini, iqtisa­diy­yatını, ictimai-siyasi problem­lərini, dilini, ədə­biyyatını və s. başqaları bizim qədər təfərrüatlı öy­rən­məyəcəklər və ya əgər öyrənsələr də obyek­tivliyi gözləməklə, yaxud bizim milli maraqlar prizma­sın­dan öyrənməyəcəklər.

Ona görə də, ictimai elmlər sahəsindəki təd­qi­qatlar, bizim fikrimizcə, elmin prioritet istiqa­mət­lə­rinə daxil edilməlidir. Təsadüfi deyildi ki, Azər­bay­canda Elmlər Akademiyası yaradılarkən onun rəh­bər­lərindən biri görkəmli filosof akademik Heydər Hüseynov olmuşdur və onun sağlığında ictimai elm­lərin inkişafına xüsusi diqqət yetirilmişdir.

Bu gün Milli Elmlər Akademiyasında və uni­versitetlərdə bu sahələrdəki tədqiqatların daha yaxşı təşkilinə və inkişaf etdirilməsinə böyük ehtiyac var­dır. Son vaxtlarda Dağlıq Qarabağ problemi ilə bağ­lı müzakirələrdə üzə çıxan həqiqətlərdən biri də bu sahədə elmi tədqi­qatların mütəşəkkil surətdə təş­kil olunmaması faktı idi. Lakin humanitar və ictimai-iqtisadi sahələrdəki problemlərimiz təkcə bundan iba­­­rət deyil. Azərbaycan keçid dövründədir, müstə­qil dövlət qurur və bununla bağlı onlarca fəlsəfi, ic­timai-siyasi, iqtisadi və s. xarakterli problemlər or­ta­ya çıxır ki, onların da vaxtında tədqiqi və proq­nozu üzrə məsuliyyət həm də elmin üzərinə düşür.

Beləliklə, fundamental, tətbiqi və ictimai elm sahələrinin hər birinin öz xüsusiyyətləri vardır. Və Azərbaycanda elmin inkişaf konsepsiyası hazırla­nar­kən və bu konsepsiyaya uyğun təşkilati formalar müəyyənləşdirilərkən bu xüsusiyyətlər mütləq nə­zərə alınmalıdır. Nəzərə alınmalıdır ki, inkişaf etmiş ölkələrdə ictimai-siyasi quruluş və iqtisadi münasi­bətlər sistemi artıq qərarlaşdığından, onların bu sa­hədə ciddi problemləri yoxdur. Bu ölkələr elm de­dikdə, əsasən təbiət elmlərini nəzərdə tuturlar. Bu­rada prioritetlik də ola bilsin ki, məhz təbiət elm­lərinə verilir. Lakin biz, yeni iqtisadi münasi­bətlərə keçən, yeni cəmiyyət və yeni dövlət quran, milli özünüdərk prosesinə yeni qədəm qoymuş olan bir xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq proseslərinin elmi-nəzəri əsaslarına vermək məcbu­riy­­yətin­dəyik. Lakin bu, əlbəttə, digər elmlərin sı­xış­dırılması hesabına həyata keçirilməməlidir.

Fundamental və tətbiqi elmlər
Ancaq nəzəriyyəni təcrübə ilə bir­ləş­di­rən, nəzəri fikirlərini tətbiq edə bilən və on­­lardan əməli nəticə gö­türə bilən, cə­miy­yə­tə, ölkəyə, xalqa kon­kret fayda gə­ti­rən in­­san­lar alim­lərin sırasında xüsusi yer tutur.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə