SəMƏRƏLİ İŞ HƏyatimüsbət yüklə yüklənmək



Yüklə 0,52 Mb.
səhifə6/7
tarix17.09.2017
ölçüsü0,52 Mb.
1   2   3   4   5   6   7

Əgər…

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə xərcləyə bilsən, xərclədiyini unutsan və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;

Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;

Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən;

Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;

Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;

***


Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;

Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün yollar axtarsan və bunu həyatının qayəsi edə bilsən;

Əgər təlaş içinə düşənlərin arasında özünü itirməyib onlara yol göstərə bilsən;

Əgər səbr etməyi bacarsan və daim səbr etsən: haqqında yalan söyləsələr belə, sən onlara qulaqlarını bağlasan, sənə nifrət etdiklərini bildirsələr belə, sən onlara göz yuma bilsən;

Əgər itaəti müdirinin qapısı ağzında boynubükük dayanmaq yox, ona hər zaman sədaqətli olmaq kimi anlaya bilsən;

***


Əgər “insan olmaq nə qədər çətindir” həqiqətini dərk edə bilsən;

Əgər sən özünə inansan və sənə inanmayanları da haqlı saya bilsən;

Əgər düşmənlərin, hətta dostların belə səni incitdikləri zaman “döyənə əlsiz, söyənə dilsiz, lazım gəlsə könülsüz” cavabını verə bilsən;

Əgər “xəyal dənizində gəmi batmaz” deyə düşünərək xəyallara dalsan və səhv yola düşməkdən yayına bilsən;

Əgər olduğun kimi görünə bilsən və ya göründüyün kimi ola bilsən;

Əgər qələbə və məğlubiyyətlərə eyni münasibət göstərə bilsən və bir ömürlük zəhmətin belə puç edildiyi zaman hər şeyə yenidən başlaya bilsən;

***

Və əgər bir daha geri dönməyəcək dəqiqələrin hər bir saniyəsinin haqqını layiqincə verə bilsən;



Yer üzü və üstündəkilər sənin olar!

Sən özün də ideal bir insan olarsan!



Belə də olmalı idi!

Səhər tezdən yuxudan duranda saat 9:00 idi. Tətil günü olsaydı, yenə gec sayılmazdı, amma həftənin bazar ertəsi günü idi. Əl-üzü yumaq, səhər yeməyini yemək, işə hazırlaşmaq haradasa bir saat vaxtını alacaqdı. Eybi yoxdur, onsuz da şirkətin aparıcı işçilərindən sayılırdı. “Şirkətə bu qədər xeyrim dəyib, indi bir saat geciksəm, dünya dağılmayacaq ki”, – deyə fikirləşdi. “Elə belə də olmalıdır”, – dedi və çaydan bir qurtum içərək əlindəki qəzeti oxumağa başladı.

***

Evdən çıxanda saat artıq 10 olmuşdu. Maşınına əyləşərək yavaş-yavaş işin yolunu tutdu. Elə ilk yol qovşağında qırmızı işıq yandığı üçün işıqforda saxlamalı oldu. Bu anda maşına yaxınlaşan bir uşaq qabaq şüşəni silməyə başladı. Təxminən 13-14 yaşlarında əyin-başı cır-cındır içində olan bu uşaq bir tikə çörək üçün beləcə yollara düşmüşdü. Əslində “küçə işləri”nə bir çox yerdə rast gəlmək olar və vəziyyətin belə olmasında uşaqdan, onun valideynlərindən çox bütün cəmiyyətin günahı var. Amma bu onu maraqlandırmırdı. Uşağın xidmətindən sakitcə imtina etmək əvəzinə ayağını qaza basaraq yoluna davam etdi. Pərt olmuş yazıq uşağın maşının dalınca baxmaqdan və içini çəkmədən başqa çarəsi qalmadı. O isə yolda sürətlə şütüməklə bərabər öz-özünə deyinirdi: “Adamın vaxtı ola, aşağı düşüb şillə-təpiyin altına salasan beləsini. Buna bax, hələ bir pul da istəyir. Nə olsun təmizləmisən, səndən xahiş edən var idi?! Hər iş görənə pul verməli deyiləm ki?! Əcəb elədim, elə belə də olmalı idi”.



***

Saat 11-də artıq iş yerində idi. Yenicə kresloya oturmaq istəyirdi ki, katibə içəri girərək əvvəlcədən görüşü təyin olunmuş birisinin gəlib yarım saatdan çox gözlədiyini və narazılığını bildirərək getdiyini dedi. Bir qədər fikrə daldı. Doğrudan da, mühüm adam idi. Amma az sonra özünə toxtaq verərək gülümsəməyə çalışdı: “Əşi, eybi yoxdur. Biz də adamıq da. O vacib adamdır, amma mənim rahatlığım ondan da vacibdir. Artıq bu haqda düşünmürəm. Belə də olmalı idi”.

***

Az sonra baş direktor zəng edərək gec gəlməyinin səbəbini soruşdu. Xəstələndiyini, güclə ayaq üstə dayandığını, amma işin axsamaması üçün fədakarlıq edib gəldiyini dedi. Direktor şəfa diləyərək dəstəyi yerinə qoyanda xəttin bu başında o da rahat nəfəs aldı. Artıq yalanına uyğun hərəkət etməli idi. Öz-özünə fikirləşdi: “Yaxşı yola verdim, amma artıq xəstə roluna girməliyəm. Bir yalanla nə olacaq ki?! Neçə ildir, burada tər tökürəm, bir gün də işə gec gələk də. Yaxşı elədim, belə də olmalı idi”.



***

İş vaxtı qurtarmamış xəstəliyini bəhanə gətirərək, işdən tez çıxdı. Evə bazarlıq etmək üçün həyətdəki dükana girdi. Satıcı keçən aydan qalmış borclarını hələ də ödəmədiyini bildirdi. O isə qışqıraraq heç bir verəcəyi olmadığını və satıcının yalandan borc dəftərini doldurduğunu dedi. Dükandan çıxıb maşınına tərəf gedərkən ağlından bunları keçirirdi: “Belə xamlar olmasa, heç bilmirəm, ayın axırına qədər necə keçinərdik. Hamı gündə min dənə hoqqadan çıxır. Düz danışmaq, düz eləmək, qul haqqını yeməmək, haqq-ədaləti qorumaq... elə bil hamısı mənə qalıb. Lap əcəb eləyib aldadıram, bacarırsan sən də elə. Belə olub, bundan sonra da elə belə olmalıdır”.

***

Qışın şaxtalı bir günündə qəbiristanlıqda dörd-beş nəfər üstü yenicə torpaqla örtülmüş bir məzarın başına toplaşmışdılar. Dualarını tamamladıqdan sonra biri əllərini qızışdıra-qızışdıra: “Rəhmətlik ölmək üçün vaxt tapıb da”, – dedi. O birisi əlavə etdi: “Heç sağlığında xeyrini görməmişik, deyirsən ölüsündən görək?!” Digəri onların sözünü yarıda kəsdi: “Ölənin arxasınca deyinib, qeybət etməyin. Yəqin ki, bu yaşda, belə havada heç özü də ölmək istəməzdi. Amma nə edəsən ki, əcəldən qaçmaq olmur. Həyətdəki dükandan çox hirsli çıxıbmış. Tıxac yolda maşınına minmək istəyəndə arxadan gələn avtobusun altında qalıb. Allahın işinə bax ki, onu vuran avtobus işlədiyi şirkətə məxsus imiş. Oğlum hadisənin birbaşa şahidi olub. Məktəb pulunu çıxartmaq üçün həftədə bir-iki gün həmin yollarda maşınların şüşələrini silir”. Ağzını açmadan bayaqdan kişinin yanında dayanmış balaca oğlan yalnız başını yelləməklə atasının dediklərini təsdiq etdi. İçindən isə bunlar keçirdi: “Zülm ilə abad olan axırda bərbad olar. Adam necə yaşayırsa, elə də ölür. O qədər tanış-tunuşun olsun, səni son mənzilə yola salmağa dörd-beş nəfər gəlsin. Elə yaşamağın belə də axırı olar. Əcəb oldu, belə də olmalı idi”.



Qəza və yuxu

Tarix: 1994-cü il. Yer: Moldovanın Çadır-Lunqa şəhəri. Paytaxt Kişinyovdan Çadır-Lunqa şəhərinə doğru yola çıxmış “Jeep” markalı maşın havanın qaralmağa başladığı bir vaxtda qaqauz türklərinin yaşadığı bu əyalət şəhərinə çatmaq üzrədir. Maşında dörd nəfər var: öndə sürücü ilə birlikdə şəhərin maarif müdiri, arxa oturacaqda isə Çadır-Lunqa Qaqauz-Türk Kollecində işləyən iki müəllim...



Qəza vəziyyəti

Sürücünün əyləci qəfil sıxmasından sonra dəhşətli bir gurultu səsi eşidilir. Qaranlıq havada işıqlarını söndürmüş qarşıdan gələn bir traktorun altına girməyə az qalmış sürücü maşını son anda sola doğru çəksə də, qəzadan yan keçmək mümkün olmur və traktor “Jeep”in arxa hissəsini yerindən qoparır. Sürücü və maarif müdirinə heç nə olmasa da, arxada əyləşmiş müəllimlərdən biri yüngül xəsarət alır, onun digər məsləkdaşının beynindən aldığı zədə isə çox ciddi olur. Bədbəxt hadisədən xəbər tutan Türkiyə səfirliyinin nümayəndələrinin təşəbbüsü sayəsində yaralılar dərhal Kişinyovdakı Respublika Xəstəxanasına çatdırılırlar. Səfirlik həm də müəllimlərin müalicəsi üçün də əlindən gələn köməyi əsirgəmir. Qəzadan bir neçə yara ilə qurtulmuş müəllimin ciddi zədəsi yox idi. Amma digər yoldaş koma vəziyyətinə düşür. Bir uşaq atası olan müəllimin həyat yoldaşına vəziyyətin ağır olması barədə heç nə deyilmir və sadəcə bir qədər xəstəxanada qalmağının məsləhətli olduğu bildirilir. Amma xanım hadisənin ciddi olduğunu başa düşsə belə, həkimlər yoldaşı ilə görüşməsinə icazə vermirlər.



Çarəsiz dörd divar arasında

Yer: Çadır-Lunqadan 30 kilometr aralıda qaqauzların yaşadığı digər şəhər – Komrat. Qaqauz bölgəsində yerləşən bir dövlət universitetində sabahı gün tədris edəcəyi dərsə hazırlaşan müəllimi gecənin qaranlığında gərgin işdən telefon səsi ayırır. Dəstəkdən müəllim yoldaşının səsi eşidilir. Səsin titrəkliyi nəsə bədbəxt bir hadisədən xəbər verir: “Müəllimlərimizdən ikisi ağır yol qəzası keçiriblər və hazırda xəstəxanadadırlar...” Araya ölüm sükutu çökür. Onların həmin vaxt öz dostlarının yanına getmək üçün imkanları yoxdur. Paytaxtdakı xəstəxanaya getmək üçün səhər tezdən yola çıxmaq qərara alınır.

Təxminən saat 23:00 radələridir. Bir qədər sonra şəhərin hər yerində işıqlar sönəcək və sübhə qədər hər yer qaranlığa qərq olacaq. Vaxt sanki keçmir. Gecənin zülmətində gənc müəllimin dua etməkdən başqa çarəsi yoxdur. Bir az sonra yenidən telefonun zəngi eşidilir. Bu dəfə zəng edən Türkiyə səfirliyinin işçisidir. Narahatlığa heç bir əsas olmadığını və səfirliyin əlindən gələn hər şeyi etdiyini bildirir. Bu sözlər acının yükünü nisbətən azaldır.

Ümid ancaq “yiyəsizlərin Yiyəsi”nə idi

Sübhədək olmazın əzab çəkən gənc müəllim hava ağaran kimi paytaxta yola düşür. Əməliyyatdan əvvəl xəstəxananın baş həkimi yaralının vəziyyətinin ağır olduğunu və onun sağalacağına ümid etmədiyini bildirir. Qaqauz qardaşlarına təhsildə kömək etmək üçün Türkiyədən Moldovaya getmiş bütün müəllimlər və tələbələr davamlı olaraq dua etməyə başlayırlar. Şəfa istəyi ilə əllər göyə qaldırılır. Vətəndən yüzlərlə kilometr uzaqda göz yaşlarını sel kimi axıdan bu gənclərin yeganə pənah yeri “yiyəsizlərin Yiyəsi”dir.



Yuxunun verdiyi müjdə

Ali təhsil almaq üçün Moldovaya gəlmiş nurani bir Anadolu gənci acı və izdirabın ən yüksək nöqtəyə çatdığı bu anlarda bir yuxu görür. Bir neçə gün yuxusunun təsiri altında qalan gənc bu barədə heç kimə heç nə demir. Bu sirrin sanki sinəsini yardığını hiss edib, nəhayət, yuxusunu bir dostuna danışır. Bu yuxudan çox təsirlənən dostu psixoloji dəstəyə böyük ehtiyac olduğu bu dəqiqələrdə yuxunun hamıya duyurulmasını məsləhət görür. Nəticədə yuxuda baş verənlər müəllimin həyat yoldaşına danışılır və sanki hamının içinə sərin su səpilir.

Tələbə yuxusunda gördüklərini belə danışır: “Əlimdə süd bankası ilə birlikdə xəstəxanaya ziyarətə gedərkən, yolda birmərtəbəli ağ bir ev gördüm. Qapısı bir balaca açıq olduğundan çölə işıq şüası düşürdü. Yaman diqqətimi çəkdi və qapıya yaxınlaşaraq ürkək nəzərlərlə içəriyə baxdım. Orada ağ libaslı bir qadının səcdədə olduğunu gördüm. İçimdən bu qadının Həzrəti Xədicə olduğuna dair bir hiss keçdi. Elə o andaca o mənə tərəf baxaraq: “Qorxmayın! Allahın igidlərinə heç nə olmaz”, – dedi”.

Həkimi heyrətləndirən hadisə

Cərrahiyyə əməliyyatı üç saatdan çox çəkir. Əməliyyat otağına ümidsiz və kədərli girmiş həkim üç saat sonra çölə sevinc və təəccüb dolu baxışlarla çıxır: “Həyatımda ilk dəfədir ki, belə hadisə ilə üzləşirəm. Sən demə, canı çox sağlam və güclü imiş. Belə çətin əməliyyatdan uğurla çıxdı”.

Xəstə müəllim daha bir neçə həftə xəstəxanada müalicə olunur. Bir müddət dərman qəbul etməklə müalicəsinə davam edən gənc müəllim uzun aradan sonra əvvəlki kimi sağlam həyat sürməyə başlayır. Amma buna baxmayaraq, nə özü, nə də ailəsi geriyə – Türkiyəyə qayıtmaq istəyir. Tədris fəaliyyətini uğurla davam etdirən müəllim sonrakı həyatında da həm müdiriyyətin, həm də xalqın rəğbətini qazanır. Bu hadisənin üstündən heç bir il keçməmiş Moldovada daha bir məktəb açılır, özü də paytaxt Kişinyovda. Bilmək olmaz, bəlkə də çəkilən əzab-əziyyətin və səbrin bəhrəsi oldu bu məktəb. Bu təhsil ocaqlarında yetişən xristian moldovan və qaqauz gənclər isə on ildir Baserabiya torpaqlarında dinlər və millətlər arası qardaşlıq toxumlarını əkirlər.

Söz , yazı və...

“Söz var kəsdirər başı, söz var kəsər savaşı, söz var ağulu aşı, yağ ilə bal edər bir söz...” Söz var vəzir edir, söz var rəzil edir. Söz var dağlar aşdırır, söz var düz yolda çaşdırır. Söz var güldürür, söz var öldürür. Söz var özdür, söz var közdür. Söz var oxunulası, söz var yazılası. Söz var yaşanmalıdır, söz var unudulmalıdır. Söz var yaşadılmalıdır, söz var unutdurulmalıdır. Söz var üstündə durmalısan, söz var həmişə üstündə dayanmalısan. Söz var dildən gəlir, söz var ürəkdən gəlir. Söz var uçub gedən, isti nəfəslərə qovuşub əriyən. Söz var boynunu büküb başa düşülmək üçün öz anını gözləyən. “Ya xeyirli söz de, ya da sus” – necə də xeyirli sözdür. Söz gümüşdürsə, susmaq qızıldır.

***

“Söz uçar, yazı qalar”. İgid qəhrəmanların həyatını ölümsüzləşdirən yazılar vardır, qapqaynar. Eyni dəyərlərə sahib insanların anlaşmazlıq nəticəsində dostluqlarını ölümə məhkum edən yazılar vardır, bumbuz. Müəllifi tərəfindən belə inanılmayan faydasız yazılar vardır, sanki unudulmaq üçün yazılan. Sözlər var, yazılar var; bəzəkli-düzəkli, ədəbi ifadələrlə, bədii təsvir vasitələri ilə zəngin. Halbuki natiqin həyatında heç yaşamadığı ifadələrlə bəzədiyi nitqi ölü doğulmuş uşağa bənzəyir.



***

Ağzımızdan çıxmış sözlərdən və qələmimizdən hasil olmuş yazılardan savayı bizim bir bədən dilimiz də var; nə səsi var, nə də sədası, amma odur varlığımızın əsası. Onu sözlər yox, gözlər ifadə edir. Elə söz var səmimiyyətinə şübhə edilir, amma işə bədən dili qarışdıqda bütün şübhələr aradan qalxır. Buna görə də yaşamadıqlarımız nə deyilməli, nə də yazılmalıdır. Əgər deyilib və ya yazılıbsa, artıq yaşanmalıdır.

***

Neçə-neçə, necə-necə sözlər istifadə etmişəm indiyə qədər... İmkanım olsaydı, sayardım hər bir kəliməmi, hər bir sözümü... İmkanım olsaydı, ölçərdim hər birinin səmərəliliyini... Və imkanım olsaydı, geri qaytarardım hər boş sözümü. Amma bir şeyi bilirəm ki, vaxt var idi onlar mənim qulum idilər, indi isə mənə ağalıq edirlər.



***

Neçə-neçə, necə-necə yazılar yazmışam indiyə qədər... İmkanım olsaydı, faydalılıq şkalasında ölçərdim onları. Yazılar var yaddaşımda: haqlarında “kaş ki yazmasaydım” dediklərim... Amma təəssüf ki, lövhəyə həkk olunmuş yazıları silmək üçün keçmişimiz bizə silgi əvəzinə peşimanlıq verir. Başqa yazılar da var yaddaşımda: haqlarında “yaxşı ki, yazmışam” fikirləşdiyim anda “daha yaxşı yazmalıydım” dediklərim. Yada sala bilmədiyim yazılar da var: heç onlara görə məni nələrin gözlədiyini də bilmirəm.

***

Və bir də elə vəziyyətlər var ki, onlar haqqında nə siz soruşun, nə də mən danışım! Çünki nə mənim hövsələm çatar onları deməyə, nə də sizin səbriniz yetər onları dinləməyə! Amma məni ümidləndirən bir şey var: sözlərimə, yazılarıma, vəziyyətimə yox, yalnız niyyətimədir ümidim, niyyətimə!



AZƏRBAYCANLI GÜNLƏRAzərbaycanlı günlər
29 Oktyabr, 1999-cu il. Azərbaycana gəldiyim ilk gün. Eyni zamanda, bu gün Türkiyənin Cümhuriyyət bayramıdır. Elə indi bu yazını qələmə aldığım anda da təqvim oktyabrın 29-unu göstərir, amma 2003-cü ilin... Azərbaycanı görməyə, gəzməyə, duymağa və onunla birlikdə yaşamağa həsr etdiyim bu 4 il necə də tez köçdü tarixin yaddaşına.

Ah, Azərbaycanım! Dörd il boyu saysız-hesabsız nemətlərlə məni bəsləsən də, bunun əvəzində müqayisəyə belə gəlməyən kiçik işlər gördüm. Amma Allah şahiddir ki, həmişə səni hiss etməyə, hiss etdirməyə çalışmışam, kədərinlə kədərlənib, sevincinlə sevinmişəm.

Hələ də son nöqtəsi qoyulmamış Qarabağ dramının xoşbəxt sonluqla bitəcəyinə hər zaman inanmışam, bu inamı ətrafımdakılara da aşılamağa çalışmışam. 20 yanvarda şəhidlərini anmışam; onlar kimi fateh ola bilməsəm də, fatihələr oxumuşam, onlar kimi qanım torpağına qarışmasa da, gücümün çatdığı qədər qırmızı qərənfilləri əsirgəməmişəm.

Torpağında zəlzələ yaşadım, azərbaycanlı bacı-qardaşlarımın qorxu, həyəcan hisslərinə şərik oldum. Sənin qoynunda yaşamağın necə də şirin olduğunu başa düşdüm.

Bir neçə il əvvəl 20 Yanvar meydanında yağıların vəhşi hücumuna məruz qalmış vətən övladlarını məmləkətimdən seyr edərkən içim yanırdı. İllər ötdü, Azadlıq meydanında baş verən daha bir qanlı hadisə bu dəfə qardaş qarşıdurması qəlbimə növbəti qara damğanın basılmasına səbəb oldu.

Bütün dünyada tanınan dahi şəxsiyyətlərlə tanış olmaq şərəfinə nail oldum. Yaxşı və yaman günlərində, toyunda, yasında, şerlərində, hekayələrində səninlə birlikdə yaşadım.

Tədbirlərdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin himnləri ard-arda oxunanda “bir millət, iki dövlət” sözlərini şüar götürərək gələcəyimizə nikbin baxmağa çalışdım. Bu qardaşları bir-birindən ayırmaq istəyən nadanlara isə türk dünyasının dahi şairi Bəxtiyar Vahabzadənin “Mən dedim, sən dedin, yenə mən dedim. Geriyə bir addım ata bilmədim. Sən gördüyün fərqi görə bilmədim. Vallah, azəriylə türk arasında” misralarıyla cavab verdim.

Bakıda keçirilmiş sərbəst güləş üzrə Avropa çempionatında Ariflərimiz çiyin-çiyinə verib tamaşaçıları salamlayarkən qürur duydum, qəhrəman övladın Arif Abdullayev bir-bir rəqiblərinin kürəyini yerə vurduqca öz alqışlarımla mən də Azərbaycanın azarkeş “ordu”suna qoşuldum. Qələbə ümidi ilə stadiona gedəndə də tək niyyətim səninlə birlikdə olmaq, hisslərini paylaşmaq idi. Buna imkanım çatmayanda mavi ekran arxasından sənə dəstək olmağa çalışdım. Dimanın, Cahangirin qapısına vurulan hər qola mən də üzüldüm, Fərruxun, Qurbanın qolları ilə ayağa qalxdım.

Hər səhər “Xəzərdən dünyaya” sədaları ilə səni salamladım, sənin “Zaman”ında həyatıma rəng qatdım, “Qafqaz”ın zirvələrindəki təmiz havanı içimə çəkdim, “Çağ”ın yetişdirdiyi çağdaş yeniyetmələrlə yeni güc qazandım.

Rayonlarının ab-havası kimi saf və təmiz vətəndaşlarınla tanış oldum. Lənkəranda dəmir ağacını, Masallıda İstisuyunu, Qubada ağ almanı, Şəkidə qonaqpərvərliyini, Qaxda isə ata yurdumun şivəsini gördüm. Neçə ildir səninlə “yeyiyəm, içiyəm, yaşıyam”. Əslən Ərzincanlı olsam da, həm də Qaxlıyam, Azərbaycanlıyam.

Buna görə də sənin mənə xarici vətəndaş kimi baxmağını heç vaxt həzm etməmişəm! Maşınımın nömrəsindəki “H” hərfi sanki qəlbimə saplanmış bir oxdur. Onu da başa düşürəm ki, bu bir formallıq işarəsidir və həmin sarı nömrə nişanını mənə ərməğan etdiyin sarı gül kimi qəbul edirəm.

Bir şeyi əminliklə deyə bilərəm ki, həyatımın bu dörd ilini, həqiqətən də, sənin qoynunda yaşamağa dəyərdi. Çünki sən dəyərlisən. Dörd ili götür-qoy edərkən müttəhim kürsüsünə yalnız bir nəfəri oturduram – özümü. Səni daha yaxşı tanıya bilmədiyimə, dərdini daha dərindən başa düşmədiyimə görə həmişə özümü ittiham etmişəm. Qarşıdakı beşinci ilin daha səmərəli olması üçün yeni planlarım var. Bilmək olmaz, bəlkə də növbəti il səninlə birgə yaşadığımız sonuncu il olacaq. Bütün işlərin yekunu əhəmiyyət kəsb edir. Buna görə də beşinci ilimi ancaq sənə və gənc övladlarına həsr edirəm.

Dörd ilin başa çatdığı gecədə səni bir daha qəlbimdən süzülən misralarla salamlamaq istəyirəm.



Atasız ana yurdumdan gəldiyim kimi,

Ata yurdum idin, həm atam oldun.

Sevdim səni bir övladın sevdiyi kimi,

Qaynar məhəbbətinlə qəlbimə doldun.

Səninlədir qanım, can Azərbaycanım!

Günlərim, aylarım nədi, illərim səndə,

Güzlərim, qışlarım nədi, yazlarım səndə,

Gözlərim, saçlarım nədi, yaşlarım səndə,

Can bədəndə, bədən məndə, bəndən səndə,

Əmrindədir canım, can Azərbaycanım!

Qəlbdən qəlbə ümid körpüləri

Ötən il Bakıda dörd müxtəlif təhsil ocağında – Dədə Qorqud Özəl Türk Liseyi, Bakı Özəl Türk Liseyi və Araz Hazırlıq Kursunda “Tədrisdə motivasiya və müvəffəqiyyət” mövzusunda konfrans verərkən 400-ə yaxın şagird ilə bilik və təcrübələrimi bölüşmək imkanım oldu. Gənc həmsöhbətlərimin mənalı suallarını, məntiqli və səviyyəli şərhlərini, enerjilərini və gözlərindəki parıltını müşahidə etdikcə Azərbaycanımızın parlaq gələcəyinə olan inamım daha da artır.

“Enerjili və dinamik gənclərdəki potensial zəkanın Azərbaycan xalqının xidmətinə verilməsi yolunda bir nümunə təşkil edən bu qurumlara dəstək verənlərə, burada əziyyət çəkənlərə və valideynlərə təşəkkür etməmək, onları alqışlamamaq ədalətsizlik olardı” – məhz bu fikir məni indi oxuyacağınız yazını qələmə almağa vadar etdi. Konfranslardan sonra müdiriyyət və müəllim heyəti ilə görüşdə belə qənaətə gəldim ki, tədrisdə qazanılmış müvəffəqiyyətin açarı müəllimlərin öz peşələrinə bağlı olmalarında və hamıya hakim olan kollektiv düşüncə tərzindədir. Konfransların birindən sonra mənə təqdim edilmiş dəftərə tam həqiqəti əks etdirən bu sözləri yazdım: “Bu və bunun kimi digər qurumlarda “tədrisdə motivasiya və müvəffəqiyyət” mövzusunun ağızlarda yox, əməllərdə dolaşdığının şahidi oldum. Komanda ruhu əldə olunan zaman müvəffəqiyyət qazanmağın elə də çətin olmadığını gördüm və çox sevindim”.

Özümlə keçirdiyim iclaslarda və daxili ünsiyyət seanslarında əldə etdiyim qərarlardan və çıxartdığım nəticələrdən biri də bu oldu ki, uzağı otuz nəfərin oxuyacağı bir kitab yazmaq heç vaxt insanın məqsədi ola bilməz. Vasitə və məqsədi bir-birinə qarışdırmadan həyata keçirilən daimi və sistemli işlərlə ən yaxın əhatə dairəmizdən başlayaraq, radiusu genişləndirməklə bəlkə də bütün bəşəriyyətin istifadəsinə verilə biləcək kitablar, əsərlər ortaya çıxartmalıyıq. İnsanları yaddaşlarda saxlayan, özü ölsə belə, xalq üçün faydasını həmişə yaşadan elə bu əsərlər deyilmi?..

Qafqaz Universitetini ziyarət etmiş Türkiyə Cümhuriyyətinin təhsil naziri Hüseyn Çelikin qısa, amma məzmunlu nitqində bir məqam diqqətimi çəkmişdi: “Ölkələr arasında yollar, körpülər, hava şəbəkələri quraraq əlaqələri genişləndirə bilərsiniz. Onsuz da bunlar yerinə yetirilməli olan işlərdir... Amma könüldən könülə yol tapmaq, ürəklər arasında körpülər qurmaq daha əhəmiyyətlidir. Bu mənada, Qafqaz Universiteti iki ölkənin ürəkləri arasında inşa edilmiş bir körpüdür. Həm də bu işin 1990-cı illərin əvvəllərində həyata keçirilməsi uzaqgörənlikdən xəbər verir. Bu işə səbəb olanların hamısını təbrik edir, gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram”.

Ümid edirəm ki, bu və bunun kimi körpülərdən bütün bəşəriyyət keçəcək.



Şəki-Zaqatala zonasında “hava” mülayimdir

Keçən il noyabrın 28-30-u aralığında Qafqaz Universitetindən üç nəfər müəllim yoldaşım ilə birlikdə Azərbaycanın səfalı bölgələrindən olan Şəki-Balakən zonasına qonaq getmişdik. İki gün ərzində bu regionda yerləşən dörd rayonu ziyarət etmək imkanımız oldu. Səfərimizin maraqlı məqamlarını sizinlə bölüşmək daha da xoş olardı.



Şəki Özəl Türk Liseyi

Çox möhtərəm yoldaş Yaşar bəyin direktoru olduğu Şəki Özəl Türk Liseyində şagirdlərlə səmimi bir görüş keçirtdik. Eyni zamanda, ali məktəbə hazırlaşan yuxarı sinif şagirdləri üçün motivasiyanın artırılması və uğur qazanmağa təsir edən amillər mövzusunda seminar da təşkil etdik. Daha sonra gələcəyin tələbələrinin universitet həyatı haqqında suallarına cavab verməyə çalışdıq. Ona görə çalışdıq deyirəm ki, suallar həm keyfiyyət, həm də kəmiyyət baxımından bizə yaman çətin anlar yaşatdı.



Şəki Araz Hazırlıq Kursu

Yeni binaya köçürülmüş Hazırlıq Kursu nəinki rayonda, ümumilikdə bütün regionda uğurlu fəaliyyəti ilə diqqət çəkir. Mütərəqqi və ünsiyyətcil bir şəxs olan Ertaş bəyin yetirmələri ilə görüşümüzdə “Təhsildə motivasiya və müvəffəqiyyət” mövzusunda seminar keçirdik, tələbəlik həyatı ilə bağlı bəzi məsləhətlər verdik.



Şəki İpək Fabriki

Türkiyədən gəlmiş iki iş adamı ilə birlikdə Şəki İpək Fabrikinin direktoru Elman Qarayevi ziyarət etdik. Elman müəllimin dediyinə görə keçmiş SSRİ vaxtında fabrikdə 7000 işçi çalışsa da, hazırda müəssisənin cəmi 1000 nəfər əməkdaşı var. Bu arada qeyd edim ki, bir qadınla söhbətimizdə məlum oldu ki, ayda təxminən 17 “şirvan” maaş alsa da, vəziyyətindən narazı deyil. SSRİ-nin süqutundan sonra 10 il fəaliyyətsiz qalmış fabrikin illik ipək istehsalı potensialı 10 min tondur. Amma hal-hazırda bunun təxminən yarısı qədər, yəni ilə 5500 ton məhsul istehsal edilir. Azərbaycanda ipəyin 1 kq-ı 20 ABŞ dolları olsa da, Yaponiyada bu mal üçün 26 dollar ödəyirlər. Məhsulun xarici bazarlarda satışı baxımından problemi olan fabrik yerli və xarici sahibkarların qayğısına, xüsusilə türkiyəli iş adamlarının yardımına ehtiyac duyur. Müəssisənin nəzdində 5 sex var ki, bunlardan da yalnız biri – “rəngləmə” sexi hazırda işləmir. Digər “burma”, “qoz açan”, “xalça” və “toxuma” sexlərinin fəaliyyətini isə qənaətbəxş hesab etmək olar. Xüsusilə “xalça” sexindəki sənət əsərləri diqqətimizi çəkdi. Burada xalçalar əl dəzgahlarında kvadrat metri 1000 dollardan toxunur. 1957-ci ilə məxsus avadanlıqlarla fəaliyyət göstərən fabrikin dünya bazarında rəqabət aparması üçün yeni texnologiya və mütərəqqi marketinq strategiyasına ehtiyacı var. Elektrik enerjisi və işçi qüvvəsinin ucuz olması və vergi güzəştlərinin mövcudluğu fabrikin inkişaf perspektivini bir qədər də artırır. Buna görə də regionda fəaliyyət göstərən beynəlxalq təcrübəyə malik iş adamlarının dəstəyi sayəsində müəssisənin fəaliyyəti daha da səmərəli ola bilər.

Qaxın yolu uzax...”

Şeyx Şamilin silahdaşı Hacı Muradın məzarını ziyarət etdikdən sonra Qaxa getdik. Rəhmətlik babam tez-tez “ax, ax, Xaxın yolu uzax” deyərdi. Xax bizim kəndin adı idi. Deyim ki, Xax kimi Qaxın da yolu uzaqdır. Əvvəlki yazılarımda da Qaxa dair bir-iki kəlimə yazmışdım. Qaxlıların danışıq tərzinin məmləkətim Ərzincanın ləhcəsinə oxşaması mənim üçün hələ də cavabı tapılmamış bir sual olaraq qalır. Ona görə də Qax və Ərzincanın qardaş şəhər olacaqlarını düşünürəm. Qaxda birinci dəfə idi ki olurdum, amma bura təxmin etdiyimdən də daha gözəl və səliqəli idi. Şəhər icra hakimiyyətinin işgüzarlığını yolların səliqəli olmasından, şəhərin ümumi mənzərəsindən də başa düşmək olardı. İlisuya gedən dağlıq yolda belə asvalt salınması rayonun gözəlliyinə əlavə rəng qatırdı.



Qax Araz Hazırlıq Kursu

Kursun müdiri Nuri Ok bəyi hələ ötən ildən tanıyırdım və ilk görüşümüzdəcə onun enerjisinə və işgüzarlığına valeh olmuşdum. Araz Hazırlıq Kursu Heydər bağının içində gözəl bir binada yerləşir. Arxasını dağa söykəmiş, ətrafında isə meşəlik və çəmənliklərin yer aldığı bu gözəl məkanı daha bir dəfə ziyarət etmək öhdəliyini üzərimizə götürdük. Qonaqpərvər Nuri bəyin bizi qonaq etdiyi qoz mürəbbəsi və Qax balı ilə çay süfrəsini yəqin ki, heç vaxt unutmayacağıq.



Zaqatala Araz Hazırlıq Kursu

Kurs yenicə açıldığından hazırda beşmərtəbəli binanın yalnız iki mərtəbəsində fəaliyyət göstərir. Təhsil ocağının müdiri İhsan bəyin isti münasibəti və zarafatcıl söhbətləri Zaqatalanın axşam soyuqluğunu təsirsiz hala gətirmişdi. Şagirdlərlə keçirdiyimiz görüş də çox səmərəli və isti bir atmosferdə baş tutdu. Hətta tədbir qurtaran kimi sönən işıqlar belə Zaqatala haqqında formalaşmış xoş və isti fikirləri dəyişə bilmədi.



Balakənin icra hakim ilə görüş

Şəki Özəl Türk Liseyində oxuyan şagirdlərimizdən birinin valideyni olan Balakənin icra başçısı Nəsib Məhəməliyevin şam yeməyində qonağı olduq. Əsl dövlət məmuruna xas olan biliyi, mədəniyyəti, nitqi və ünsiyyətcilliyi ilə seçilən bu insanla tanış olmaq bizə böyük şərəf verdi. Belə insanlarla görüşdükdən sonra Azərbaycanın parlaq gələcəyinə olan ümidlərimiz daha da artır. Çox səmimi bir atmosferdə davam edən görüşdən sonra Vətənin ucqar nöqtəsində qərar tutmuş bu diyardan gecənin qaranlığında ayrılaraq, gəldiyimiz yerə – Bakıya doğru yola çıxdıq.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə