SəMƏRƏLİ İŞ HƏyatimüsbət yüklə yüklənmək



Yüklə 0,52 Mb.
səhifə7/7
tarix17.09.2017
ölçüsü0,52 Mb.
#572
1   2   3   4   5   6   7

Naxçıvan təəssüratlarım

Qafqaz Universiteti nəzdindəki Sürəkli İnkişaf Mərkəzinin Naxçıvan Türk Liseyləri üçün təşkil etdiyi seminarlarda iştirak etmək üçün 2003-cü il dekabrın 29-da Muxtar Respublikaya getmişdik. İki vətənimin həmsərhəd olduğu bu tarixi məkanda bir sıra maraqlı məqamların şahidi oldum.

Naxçıvan başda Heydər Əliyev olmaqla Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri qoynunda bəsləmiş şərəfli bir diyardır. Əshabı-Kəhf mağarası, Möminə Xatun türbəsi, Astma Xəstəxanası, Duzdağı, eləcə də Ordubaddakı türk şəhidinin məzarı Naxçıvanın tarixi əhəmiyyətini artıran digər məqamlardır.

Naxçıvan türk liseyləri

Azərbaycanın və bütün türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyev cənablarının xeyir-duası ilə 1 noyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş müqaviləyə əsasən 1992-ci ildə açılmış Naxçıvan Türk Liseyləri yarandığı gündən etibarən Azərbaycan və Türkiyə arasındakı “təhsil körpüsü” vəzifəsini öz üzərinə götürmüşdür. Bu tədris ocaqlarında çalışan türkiyəli və azərbaycanlı müdir və müəllimlərin üzərinə düşən məsuliyyət bu günlərdə daha da artmışdır. Heydər Əliyevin xatirəsi olan bu məktəblərin mərhum prezidentimizin haqqını vermələri üçün uğurlarını daha da artırmaları, Naxçıvan və ümumilikdə Azərbaycan üçün layiqli övlad yetişdirmələri lazımdır. Bu mənada, liseylər indiyə qədərki fəaliyyətləri ilə özlərini doğrultmuş hesab oluna bilərlər. Hazırda 603 şagirdin təhsil aldığı bu məktəblərdən elə bir o qədər, daha dəqiqi 604 nəfər məzun olub. Məzunların əksəriyyəti Azərbaycan və Türkiyə universitetlərinə daxil olmuşlar. Bununla yanaşı, liseyin şagirdləri respublika üzrə keçirilmiş bilik yarışlarında, həmçinin beynəlxalq olimpiadalarda yüksək uğurlara imza atıblar.



Naxçıvan Türk Liseyi

1992-ci ildən fəaliyyətə başlamış Naxçıvan Türk Liseyini digər təhsil ocaqlarından fərqləndirən bir xüsusiyyət var. Bu lisey Türkiyənin fədakar, könüllü təhsil işçilərinin ölkə xaricində açdıqları ilk məktəb olmaq şərəfinə nail olmuşdur. Naxçıvan Türk Liseyi gələcəkdə açılacaq onlarla lisey üçün bir nümunə olmuşdur. Hazırda 250 şagirdin təhsil aldığı bu məktəb, eyni zamanda, Azərbaycana 288 yüksək səviyyədə orta təhsil almış gənc bəxş etmişdir.



Şərur və Ordubad

Türkiyədən 28 kilometr aralıda yerləşən Şərur rayonunda 1994-cü ildə fəaliyyətə başlamış Əhməd Mahmudov adına Şərur Türk Liseyində 205 şagird oxuyur. Məktəb məzunlarının sayı isə 178 nəfərdir.

İran və Ermənistanla həmsərhəd olan və Naxçıvan şəhərindən 80 kilometr uzaqlıqda yerləşən Ordubaddakı Qızlar Liseyi 1993-cü ildə fəaliyyətə başlayıb. Hazırda 148 Azərbaycan övladının təhsil aldığı bu liseyin 138 nəfər məzunu var.

Təhsil Seminarları

Müdiriyyət işçiləri və müllimlər üçün nəzərdə tutulmuş seminarlar, eləcə də şagirdlərin iştirak etdiyi konfransdan ibarət olan tədbir ümumilikdə 40 saat çəkdi. Seminarlarda vaxtın idarə olunması, qərar çıxartma, sürətli və səmərəli oxuma, təhsildə idarəetmə, iclas keçirmə qaydaları, ailədaxili ünsiyyət mövzularından bəhs edildi. Şagirdlər üçün nəzərdə tutulmuş konfransda təhsildə motivasiya və müvəffəqiyyət, dərs oxumaq qaydaları, şəxsiyyətin inkişafı barədə danışıldı.

Son illərdə dinamik inkişaf yolunu tutmuş Naxçıvan ümid edirəm ki, ildən-ilə daha da tərəqqi edəcəkdir. 2003-cü ildə gedib, 2004-cü ildə qayıtdığım Nəqşicahana paytaxt Bakıdan səmimi salamlar.

Bakıda beyin fırtınası

Silsilə konfranslar vermək üçün Bakıya təşrif buyurmuş “Dialoq Avrasiya” (DA) jurnalının yayım müdiri və “Zaman” qəzetinin yazarı Nevval Sevindi burada ilk tədbirini Müstəqil Azərbaycan Universitetində keçirdilər. Qarşılıqlı söhbət şəklində keçən tədbirdə universitetin rektoru professor Səlahəddin Xəlilov, millət vəkilləri – Rəbiyyət Aslanova və Şahlar Əsgərov, “Zaman” qəzetinin baş redaktoru Ənəs Cansevər ve Qafqaz Universitetinin müəllim heyəti iştirak etdilər.

***

Nevval Sevindi, əsasən, Uzaq Şərq ilə Qərb mədəniyyəti arasında qalmış Avrasiyanın hazırkı vəziyyəti və gələcək perspektivlərinə dair fikirlərini bizimlə bölüşdü: “Şərq “cəbhə”sində Çin yeni layihələri ilə sürətli hücuma keçmək fikrindədir. Çinin qarşısına qoyduğu ən mühüm proqramlardan birinə görə ölkədə 2 il ərzində müxtəlif sahələr – kompyuter, ingilis-dili, iqtisadiyyat, marketinq üzrə 1,5 milyon ixtisaslı kadr yetişdirilməlidir. Bu mənada, ixtisaslı işçi qüvvəsi bazarında 25 dollara işləyən çinli mütəxəssislərin rəqib tanımayacağını demək olar. Eyni məzmunlu layihəni ABŞ elm-təhsil sahəsində tətbiq etmək istəyir. Son illərədək Qərbi Avropanın “ikinci eşalon” ölkələri arasına daxil edilən İrlandiya isə ağıllı dövlət siyasəti nəticəsində iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə meydan oxuyacaq səviyyəyə gəlib çatıb”.



Qərbdə və Uzaq Şərqdə belə sıçrayışlar olsa da, bizdəki vəziyyətin heç də ürəkaçan olmadığını etiraf etməliyik. Amma bizim də müəyyən üstünlüklərimiz var. Və bu sahədə biz şanlı keçmişimizdən istifadə etməliyik. Güclü keçmiş parlaq gələcəyə əsas verə bilər. Məsələn, 1000 il əvvəl Azərbaycanda və Anadoluda böyük nailiyyət qazanmış bir Əxilik dərnəyi var idi. Qərbdə iş mədəniyyəti kimi etik mövzular hələ təzə-təzə aktual olmağa başlasa da, türk dünyasında bu anlayışlar artıq XI əsrdə Əxilərin simasında formalaşmışdı. “Allah insanı təbiətcə mədəni yaradıb”, – deyən Əxi Ərvan “yaşa və yaşat” fəlsəfəsinin banisi olmuşdur. Əxiliyə görə insanın alnı, qapısı və süfrəsi açıq olmalıdır. Eyni zamanda insan üç şeyi bağlı saxlamalıdır: əlini, belini, dilini.

Müasir Avrasiyanın ən böyük çatışmazlığı təşkilatçılığındadır. Yaxşı təşkilatlanmaq üçün iradə, enerji və inam lazımdır. Qərb öz mədəni-mənəvi dəyərlərini marka edərək irəli gedir. Bəli, bəli, iqtisadi yox, məhz mədəni dəyərlər. Söhbət iqtisadiyyatdan getsəydi, ABŞ-ın yerinə Səudiyyə Ərəbistanı dünyaya hakim olardı. Pul ilk planda olsaydı, Qurtuluş Savaşında qalib gələ bilməzdik, Azərbaycan azadlığa qovuşa bilməzdi. İşin canı mədəni dəyərlərimiz əsasında insan resurslarımıza dəyər qatmaqda, onları qiymətləndirməkdədir. Günün reallıqlarını nəzərə alaraq hərəkətə keçmək lazımdır. Biz hərəkətə keçsək, davamı gələcək. Avrasiya Qərb ilə Şərq arasında qalıb əzilmək istəmirsə, mütləq hərəkətə keçməlidir.

Ötən əsrdə “udmaq-uduzmaq” fəlsəfəsi hökm sürürdü. Yəni birinin qalib gəlməsi üçün digəri mütləq məğlub olmalı idi. İndi isə “ancaq udmaq” yüzilliyidir. Bu əsrdə eyni oyunda hamı qalib gələ bilər. Hər ikimizin qazanması üçün Mövlananın “fərqləri yox, oxşarlıqları tapın” sözlərini özümüzə şüar etməliyik. Praqmatizmdə olduğu kimi, fərdin mənfəəti cəmiyyətin maraqlarından üstün olmalı deyil, mən yox, biz düşüncəsi ön plana çıxmalıdır.

***


Nevval Sevindinin dərin söhbəti rektor Səlahəddin Xəlilovun lətifə və zarafatları ilə daha da maraqlı olurdu. Rəbiyyət Aslanovanın məsələyə münasibəti isə Türkiyənin bir çox siyasətçiləri üçün əsl nümunə təşkil edə bilərdi. Rəbiyyət xanım bunların mütləq bir gün bizdə də reallaşacağına inandığını bildirdi.

***


Yazını Nevval Sevindiyə ünvanladığım iki sual və onların cavabları ilə bitirirəm: “Məncə bizim ən böyük problemimiz insan resurslarımızın fiziki və əqli cəhətdən deyil, sırf psixoloji cəhətdən zəif olmalarıdır. Son yüz ildə xalqlarımızın başına gələnlər sanki bizim özümüzə zəif kimi baxmağımıza səbəb olub. Bu mənfi psixologiyadan qurtulmaq üçün müəyyən nailiyyətlər əldə etməli və bu nailiyyətlərimizdən səmərəli şəkildə istifadə etməliyik. Bu mənada, bizim də Amerika təcrübəsində olduğu kimi fərdi yaradıcılığa üstünlük verməyimiz nə qədər düz olardı? Bizdə fərdiyyətçilik düşüncəsindənsə, kollektiv şüur daha hakim mövqedədir. İrlandiya, Çin və ABŞ-dan gətirdiyiniz misallarda da gördük ki, onlarda dövlətin güclü dəstəyi var. Amma bizim ölkələrdə dövlətin öz qayğıları elə özünə bəsdir. Qeyd etdiyimiz işlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarına hansı yük düşür?” Nevval xanımın suallara cavabı belə oldu: “Qərbi kor-koranə təqlid etmək əvəzinə milli mentalitetimiz və mədəni-mənəvi dəyərlərimiz nəzərə alınaraq kollektiv şüur çərçivəsində vətəndaşlarımızın inkişafına, təkmilləşdirilməsinə çalışmalıyıq. Bütün problemlərdə dövləti günahlandırmaqdansa, çalışmalıyıq ki, öz öhdəmizə düşən məsələləri layiqincə yerinə yetirirərək dövlətin qayğısını müəyyən qədər azaldaq. Bu mənada, qeyri-hökumət təşkilatlarının üzərinə böyük iş düşür.

Qəhrəmanlıq nümunəsi

Qəhrəman Binnətlinin əziz xatirəsinə

Tarix: 1 noyabr 1999-cu il. Yer: Qafqaz Universiteti. Məni onunla universitetin rektorluq otağında tanış etmişdilər. Səmimi, mehriban, gülərüz, istiqanlı və çox təvazökar idi. O dəqiqə isinmişdim ona...

Birlikdə işlədiyimiz üç il ərzində mənə həmişə səmimi münasibət göstərirdi. Onunla ünsiyyətdə olub xətrini istəməmək mümkün deyildi. Atam yerində olsa da, həmişə həmyaşıdım kimi davranırdı mənimlə, yazılarımı oxuduğunu deməklə əlavə ruh yüksəkliyi verirdi.

Memarlıq və İnşaat Universitetində prorektor işləyəndə də hər görüşümüz zamanı isti münasibətini duydum. Gələcək planlarından danışarkən təbəssüm edərək “mütləq bir gün səni universitetə dəvət edəcəyəm” deyirdi.

Tarix: 1 Noyabr 2002-ci il. Yer: Memarlıq ve İnşaat Universiteti. Onun dəvəti ilə əksəriyyəti professorlardan təşkil olunmuş 80-ə yaxın müəllimin iştirak edəcəyi “İdarəetmədə vaxt amili” mövzusunda konfrans vermək üçün yanına getdim. Universitetin giriş qapısındaca məni çox səmimi şəkildə qarşıladı. Konfransın əvvəlində məni təqdim edərkən, layiq olmasam belə, işlətdiyi lütfkar ifadələr eynilə yadımda qalıb. Konfransdan sonra otağındakı şirin söhbətimizin dadı isə hələ də damağımdan getməyib.

Tarix: 1 Yanvar 2004-cü il. Naxçıvandan Bakıya nədənsə planlaşdırdığımdan bir gün əvvəl gələsi oldum. Gecə yarısına yaxın evə yenicə çatmışdım ki, telefon vasitəsilə bu acı xəbəri mənə çatdırdılar. Dəstəkdən gələn titrək və həzin səs onun artıq bu dünyada olmadığını dedi. Qeyri-ixtiyari olaraq dilimdən bu sözlər çıxdı: “İnna lillahi və inna ileyhi raciun”. Bəli, Ondan gəlmişik və Onun yanına da qayıdacağıq. Elə qayıdırıq da...

Tarix: 2 Yanvar 2004-cü il. Yer: Memarlıq və İnşaat Universiteti. O yenə də öz şirin təbəssümü ilə zaldakılara baxaraq gülümsəyirdi. Vidalaşma mərasimində divara vurulmuş böyük şəklinin üz ifadəsindən mərhumun dostlarına baxıb sanki bunları demək istədiyi sezilirdi: “Dünyaya gələndə mən ağlayırdım, məni sevənlər isə gülürdülər. Elə bir həyat yaşadım ki, indi siz ağlayırsınız, mən isə gülürəm”. Onun o biri həyatda da güləcəyinə, sonsuz bir məkanda dostları ilə bir yerdə olacağına inanıram. Bir dəfə bayram namazından sonra bir-birimizə sevinclə sarılıb bayramlaşdığımız kimi həqiqi dostlarla o biri tərəfdə də görüşəcəyinə və hələ bir çox bayramlar keçirəcəyinə inamım böyükdür...

Bayram gecəsi süfrə başından qalxaraq qohumlarını ziyarət etmək istədiyini bildirdi. Evdəkilər razı olmasalar da, vəfalı, sədaqətli dost qohum-əqrəbasını ziyarət etməkdə israrlı idi. Evdən qatarla getməsini məsləhət görsələr də, o, maşınla səyahətə üstünlük verdi. Heç vaxt evdəkiləri nigaran qoymazdı, ona görə də saat 2:00 radələrində zəng edərək artıq mənzil başına çatmaqda olduqlarını dedi. Yol boyu arxa oturacaqda oturub yaxın qohumu ilə söhbət edirdi. Qəzadan bir qədər əvvəl isə qabağa keçmişdi. Evdəkilər nəsə hiss edirmiş kimi həmin gecə yatmamışdılar və saat 3:00-da ataya zəng etməyi qərara aldılar. Amma zəngə cavab verən yox idi. Qəhrəmanlıq nümunəsi olan bu insan artıq dünyadakı səyahətini başa vurmuş, Haqqın dərgahına səyahət etmişdi.

Ölümü ilə dostlarını ağlatmasının şəxsən şahidi oldum. Cənazə mərasimində onunla vidalaşmağa İstanbuldan, Alma-atadan gələnlər də var idi. Hər kəsin xətrini bu qədər istəməzlər, hər kəsə bu qədər hörmət etməzlər. Allah-Təala sevdiyi bir qul üçün insanlara belə müraciət edir: “Mən onu sevirəm, siz də onu sevin”. Əzab-əziyyətlərlə dolu olan bu fani dünyadan gedərkən arxada yalnız xoş xatirələr buraxmaqdan və bunun nəticəsi olaraq, rəhmət duaları ilə axirət dünyasına qovuşmaqdan daha xeyirli nə ola bilər?! Bir ömür boyu bunun üçün çalışmırıqmı?!

İnanıram ki, bədəni torpağa qarışsa da, ruhu dostlarının, çox sevdiyi tələbələrinin yanında qalacaq. Həm də inanmaq istəyirəm ki, onu özlərinə nümunə seçmiş gənclər onun kimi millətə, vətənə və ümumilikdə bəşəriyyətə faydalı olacaqlar.

Gözlənilmədən bizi tərk etdi. Onunla məni birləşdirən bir məqam da var idi, amma heç cür vaxt tapıb özünə deyə bilməmişdim. İkimizin də ad günü aprelin 20-də idi...

Onu yaxşı tanıyırdıq və ancaq yaxşı yönlərini tanıyırdıq. Buna görə də hər yerdə yalnız xoş xatirələrlə anacaq, ruhuna fatihələr oxuyacağıq. Ruhun şad, yerin cənnət olsun, Qəhrəman müəllim...



Əfğan, Fəryad, Fırtına...1

Bakıda universitetdə oxuyurdu. Tədris ili yeni başladığından həyəcanlı və sevincli idi. Müəllimlərindən birindən soruşulası sualı var idi. Telefonun dəstəyini qaldıraraq müəllimin ev nömrəsini yığmağa başladı. Dəstəyi elə müəllimin özü götürdü. Amma səsində bir qəribəlik var idi. Müəllimi telefonda hıçqıra-hıçqıra ağlayaraq: “Ah, kaş gündəlik planlarımı yerinə yetirsəydim!” – deyirdi. Və daha sonra qışqıraraq bu üç sözü təkrar edirdi: “Əfğan, fəryad, fırtına!” Yuxuda gördüklərinin təsiri ilə yerindən sıçrayan gənc tələbə yaman qorxmuşdu.

Yuxusunu müəllimə danışmağı qərara aldı. Bir gün imkan taparaq müəlliminə yaxınlaşdı və çəkinərək də olsa, gördüklərini bir-bir ona danışdı. Müəllim eşitdiklərindən yaman təəccüblənmişdi. İlk olaraq, “yuxuda ağlamaq sevinc, rahatlıq əlamətidir” dedi. Daha sonra tələbəsindən sözləri bir-bir təkrar etməsini xahiş etdi və “Ah, kaş gündəlik planlarımı yerinə yetirsəydim. Əfğan, fəryad, fırtına!” ifadələrini özü üçün qeyd götürdü. Nədənsə oğlandan “əfğan” sözünün “fəryad”dan əvvəl gəlib-gəlmədiyini bir daha dəqiqləşdirdi. Tələbə sözlərinin ardıcıllığını çox yaxşı xatırladığını və əvvəl əfğan, sonra fəryad, sonda isə fırtına dediyini bildirdi. Bu ardıcıllıq müəllimi heyrətləndirmişdi. Əslində xalq arasında “fəryad-əfğan” ifadəsi işlədilirdi. Bu nüans onun diqqətini çox çəkmişdi. Amma bir qədər sonra adamın əvvəlcə əfğan etməsi, daha sonra fəryada başlaması ona da məntiqli gəldi. Özü üçün gətirdiyi bu izah barədə tələbəyə heç nə demədi. Müəllim artıq lazım olan ipucunu tapmışdı... Bəlkə də bu onun üçün həyat dərsi olmuşdu. Tələbəsindən ayrıldıqdan sonra içində qopan fırtına ilə bərabər evin yolunu tutmuşdu.

Peşimanlıq Fırtınası

Vaxt çox sürətlə keçir. İnsan biri qurtardığı anda digəri başlayan sonsuz ehtiyacları, arzuları qarşısında məhdud ömründən səmərəli istifadə edə bilmir. Heç vaxt keçməyəcəyini zənn etdiyi illərin su kimi axıb getdiyini fotoalbomdakı şəkli ilə aynadakı əksini tutuşduranda daha yaxşı başa düşür insan. O da vaxtdan səmərəli, planlı istifadə etməyin zəruriliyini həmişə deyir və elə plan da tuturdu. Amma iş bu plan-proqramın icrasına gələndə nədənsə lent bir yerdən qırılırdı. Və yenidən plansız və səmərəsiz bir həyat başlayırdı. Artıq onun günləri planlayaraq izləməsi əvəzinə plansız günlər onu təqib edirdi. Və bir neçə il sonra “ah, kaş gündəlik planlarımı yerinə yetirə bilsəydim” deyəndə artıq gec olacaqdı. İndi ona yalnız “illər yorğun, mən yorğun, boşa getdi sənələr” mahnısını züm-zümə etmək qalırdı. Və əlbəttə ki, bu həzin mahnıdan sonra alqış sədaları eşidilmirdi... Əvvəl əfğan, sonra isə fəryad başlayırdı. Ən sonda isə fırtına qopurdu. Elə bir fırtına ki, uşaqlıq, gənclik və qocalıq da daxil olmaqla bütün bir ömrü toz-dumana qatıb aparırdı. Peşimanlıq fırtınası sakitləşdikdən sonra isə qəbiristanlıqda yeni peyda olmuş bir məzarın üstündə “ruhuna fatihə” yazısı gözə dəyirdi! Bu titr yazısı kəsik-kəsik seyr edilmiş bir kinonun başa çatdığını bildirirdi.

Və İnsan Aldandı!”

Böyük bir mütəfəkkirin dediyi ifadələr yaddaşımda dərin bir iz buraxıb: “Əgər bir ssenari yazası olsaydım, adını “Və insan aldandı” qoyardım”. Dahi türk şairi Məhmət Akif Ərsoyun “o boyda ömrü hədər” ifadəsini öz həyatı ilə təsdiqləyən milyardlarla bəşər övladı gəlib-gedib bu dünyadan...

Bu boyda ömrümüzün hədər olmaması üçün, aldanmış insan olmamaq üçün, “ah, kaş ki...” deməmək üçün, əfğan-fəryad edib ağlamamaq üçün və bizi haralara aparıb tullayacağı bilinməyən fırtınalara düşməmək üçün papağımızı qabağımıza qoyub kişi kimi fikirləşməliyik. Əlbəttə ki, əgər hələ də iş-işdən keçməyibsə... Əgər hələ də yolun sonuna çatmamışıqsa... Əgər hələ də həyat dənizi tükənib, vücud qayığı sahildə batıb qalmayıbsa!..

Birdən minə yüksəlmək

Azərbaycanın ucqar rayonlarından birində maddi vəziyyəti elə də ürəkaçan olmayan kasıb ailə yaşayırdı. Evin böyük oğlu Bakıda universitetdə oxuyurdu və bütün çətinliklərə baxmayaraq, fədakar valideynlər uşaqlarının təhsilinə pul ayırmağa çalışırdılar. Bu zaman ailəyə daha bir şad xəbər daxil olur: kiçik oğul da ali məktəbə qəbul olmuşdu... Qohum-qonşunun təbrikləri ata-ananı nə qədər sevindirirdisə, yeni qayğılar ailə başçılarını bir o qədər narahat edirdi. Bakıda iki uşaq oxutmaq elə də asan məsələ deyildi, həm də kiçik oğul özəl universitetə daxil olmuşdu... Amma valideynlər evin kiçiyinin də ali təhsilə yiyələnməsini istəyirdilər və “Allah kərimdir” deyib, 1998-ci ildə onu da paytaxta yola saldılar.

Böyük qardaşı kimi o da istedadlı, çalışqan tələbə idi və birinci il hazırlıq kursunu müvəffəqiyyətlə başa vurdu. Universitetin ayırdığı maliyyə yardımı ilə günlük ehtiyaclarını ödəyir, təhsil haqqını isə valideynləri boğazlarından kəsib göndərirdilər. Üçüncü kursda semestrin sonu gəlib çatmışdı, amma təhsil haqqını ödəmədiyinə görə imtahanlara buraxılmayacaqdı. İlk imtahan çox hörmət etdiyi bir müəllimin dərsindən idi. İmtahana buraxılmayacağını bilsə də, müəlliminə sədaqətini göstərmək üçün universitetə gəlmişdi. Məsələdən xəbər tutan müəllim tələbəsinə bildirmədən təhsil haqqını ödədi və onun imtahanlara girməsinə yardımçı oldu. Daha sonra tələbə mətləbdən agah olanda, səhv başa düşülməməsi üçün pulu borc kimi verdiyini və imkanı olduqda qaytara biləcəyini dedi müəllim. Əslində müəllimin bu pula ehtiyacı yox idi, sadəcə tələbəsini sınayırdı. Və müəllimə söz verdiyi vaxtda borcunu ödəyən gənc oğlan bu gizli imtahandan da yüksək qiymət almışdı.

Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, ümidsizliyə düşməyən və öz biliklərini daim təkmilləşdirən tələbə artıq dördüncü kursda oxuyurdu. Sonuncu semestrdə yenə də eyni problemlə üz-üzə qala bilərdi, amma müəllim bu dəfə də köməyini əsirgəmədi. Tələbə razılaşmaq istəməsə də, müəllim bunun borc yox, dərslərindəki müvəffəqiyyətin qarşılığı olaraq qəbul edilməsini xahiş etdi. Tələbənin təkidlərinin qarşısını müəllim yalnız “gələcəkdə işə düzəldikdən sonra qaytararsan” deməklə ala bildi.

Universitetdən məzun olmuş tələbə, daha doğrusu, artıq ixtisaslı gənc bir neçə ay özünə iş axtardı. Amma Bakıda iş tapmaq elə də asan deyildi: bəziləri “rəy verənin”, yəni tanışının olmadığını deyir, bəziləri isə yumşaq desək, maddi vəziyyəti yaxşı olmadığına görə (!) ondan imtina edirdilər. Açığı, özü də az maaşlı və perspektivi olmayan bir işə girmək istəmirdi. Bununla belə, oxuduqlarının, qazandığı biliklərin bir gün köməyinə çatacağına inanırdı. Və çox keçmədi ki, xarici bir şirkətdə müsabiqəni uğurla keçərək, ixtisasına uyğun, öz bacarığını nümayiş etdirə biləcəyi perspektivli işə daxil oldu.

Bundan bir ay sonra müəllimini ziyarət etmək üçün məzun olduğu universitetə getdi. Hal-əhval tutduqdan, səmimi söhbət etdikdən sonra cibindən müəyyən məbləğdə pul çıxararaq müəlliminə uzatdı. “Bu nədir?” – deyə müəllim sual dolu baxışlarını tələbəsinə zillədi. Gənc oğlan gülümsəyərək cavab verdi: “Özümə söz vermişəm ki, hər dəfə maaşımdan pul ayıraraq tələbələrdən birinə verim. Bu gün ilk maaşımı almışam və xahiş edirəm, bu pulu götürüb universitet illərində mənim kimi çətinliklərlə qarşılaşan uşaqlardan birinə verəsiniz. Bu pul çox olmasa da, inanıram ki, onların yükünü bir qədər azaldacaq. İmkan daxilində mən çalışacağam ki, bu yardımın davamı gəlsin və xahiş edirəm, pulun kimin verdiyini deməyin”. Həmin an müəllim içindən keçirdiyi ülvi hissləri necə dilə gətirəcəyini bilmədi və o sədaqətli, xeyirxah gəncə yalnız bir-iki sözlə təşəkkürünü çatdıra bildi.

Sabahı gün müəllim dəhlizdə rastlaşdığı başqa bir tələbəsini – maddi çətinliklərlə mübarizə apara-apara sonuncu kursa qədər gəlmiş digər yetirməsini otağına çağırdı. Dünənki əhvalatı danışaraq içində əmanət olan zərfi bu gəncə verdi. Tələbə təşəkkürünü bildirib otaqdan çıxdıqdan sonra müəllimin nəzərləri pəncərədən boylanan Ceyranbatan gölünə dikildi. Azərbaycanın gələcəyi olan bu gənc övladlara kömək edən yüzlərlə xeyirxah, ürəyiaçıq insanlarla bərabər ancaq öz qarnını doyuran milyonlar haqqında fikirləşdi. Həqiqətən də, insanlar bir-birilərinə yardım əllərini uzatsaydılar və bu əllər heç vaxt bir-birindən ayrılmasaydı, Yer üzündə kasıb anlayışı olardımı?

Müəllimi dərin fikirdən qapının döyülməsi ayırdı. Maddi-mənəvi çətinlikləri olan başqa bir tələbəsi dərdləşmək üçün gəlmişdi. “Təki canın sağ olsun, sən bu problemlərdən daha çox dəyərlisən”, – deyə gəncin könlünü almağa çalışdı. Ürəyini boşaldan və müəllimin verdiyi mənəvi dəstəklə sakitləşən tələbə otaqdan çıxmaq istəyərkən: “İlk maaşınla nə etməyi fikirləşirsən?” – deyən müəlliminin səsini eşitdi. “Bağışlayın, anlamadım”, – dedi tələbəsi. “Vaxtı gələndə anlayacaqsan və ağlayacaqsan”, – deyən müəllim yenidən nəzərlərini gölə yönəltdi. İşə düzəlmiş tələbəsinin sevincli simasını, Azərbaycanın parlaq gələcəyini və yerinə yetiriləsi işlərin hələ çox olduğunu fikirləşdi. “Birdən minə yüksəlmək”, – deyərək otağından çıxdı və sinfə yollandı. Çünki tələbələri onu, Azərbaycan isə tələbələrini gözləyirdi.



1 Yazıda haqqında danışılan hadisə həyatdan götürülmüşdür. Heç bir əlavə olunmadan və lazımi şəxslərdən razılıq alınaraq eynilə sizə təqdim edilmişdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə