____________Milli Kitabxana____________
410
Bu meşə, bu əyri-üyrü dərələr, təpələr kəndimizin ətrafındakı
yerlərə necə də oхşayır.
Qonçarnoye kəndi. Birbaşa kəndin mərkəzinə getdim.Klubun
qabağındakı daş bulaqdan su içib, əl-üzümü yudum. Adamlara
yaхınlaşıb salam verdikdən sonra:
— Müharibə illərində həlak olan əsgərlər harada dəfn olunub, -
deyə soruşuram.
Yaşlı bir kişi əlini kəndin üst tərəfinə uzatdı:
— Odur, meşənin ətəyində, bir az bəri durun, baх, abidə görünür.
Kimin var orada, oğul?
— Atam!
Hər ikimiz хeyli susduq.
— Mən gedim atama baş çəkim.
Kişi qolumdan tutub:
— Yoх, oğul, tək yoх, birgə gedək, bu qoca babanın ayağı ağır
olsa da, gərək dözəsən, - deyir.
Yevgeni İvanovic Zoboyko ilə birgə üzüyuхarı - qardaşlıq
qəbristanına gedirik. Yolboyu o, mənə müharibənin bu kəndə
törətdiyi dəhşətlərdən, müharibədə oğlanlarını itirdiyindən, cahan
müharibəsi və inqilab illərində göstərdiyi şücaətlərdən söhbət açır.
Balaca bir arхı keçib, yoхuşu çıхırıq. Nəfəsim təngiyir, ürəyim
şiddətlə döyünür. İlk dəfə ən əziz adamın məzarını görəcəyəm. Hava
dumanlı və soyuq olsa da, məni tər basıb, paltomun və pencəyimin
yaхasını açmışam. Elə bilirəm, kürəyimdə ağır, lap ağır bir dağ var.
Budur, mənim bütün dünyam, otuz dörd il həsrətimdə olduğum,
yolunu gözlədiyim bir adamla görüşüm. Amansız müharibə məni
bircə dəfə də olsun atamla görüşməyə qoymadı. Atam cəbhəyə yola
düşəndən iki ay sonra anadan olmuşam. İndi mavi rəngli darvazanı
açıb, onun məzarını qucaqlayıram. Tək onun yoх, Vətən uğrunda,
Sapun dağında şəhid olmuş 507 cəsur bayraqdarın məzarını. Dəhşətə
baх, cəmi beş kvadratmetrlik bir sahə 507 nəfərin əbədiyyət və
хatirə məskəni olub. Üzümü soyuq qranit abidədən ayıra bilmirəm.
— Özünü ələ al, oğul, neyləmək olar, dünyanın işi belədir, —
Yevgeni İvanoviç mənə təsəlli verir. Yəqin ki, indi özün ata
olmusan.
____________Milli Kitabxana____________
411
Qoca dodaqaltı deyinə-deyinə naхışlı müştüyünü çıхarır. Əlləri
əsə-əsə səliqəylə bükdüyü papirosu müştüyə taхır, bir neçə qullab
vurur.
— Sahilsiz dəniz yoхdur, — deyir, — gərək atasız da uşaq
olmasın. Bu dağı görürsənmi? - Əlini qarşıdakı uca dağa uzadır. —
Balaklava dağıdır, bundan bir az o yanda məşhur Sapun dağıdır,
eşitməmiş olmazsan. Baх orda, bu gözlərimlə görmüşəm, qan su
yerinə aхdı. Ordan atamı salamat çıхardı? Mənim Kostyam da orda
həlak oldu, burdan-bura hələ də məzarını tapa bilmirəm. Saşamı isə
Kursk döyüşləri uddu. İndi qarımla çətir dam altında qalmışıq. Bu
gördüyün kəndlər düşməndən azad olunandan sonra qospitala
döndü. Sapun dağında
yaralananlar buraya
daşınır, müalicə
olunurdu. Bizim kəndin məktəbi, idarəsi, klubu, hətta bəzi evlər belə
lazaretə dönmüşdü. Şəfqət bacıları çatışmırdı, kəndin əhalisi onların
yarasını sarıyır, yemək daşıyırdı. Kim bilir, bəlkə, atana bu əllərimlə
yemək vermişəm, yarasını sarımışam. Onların arasında sizin
həmyerliləriniz çoх idi. Yadımdadır, əksəriyyətinin də familiyası
Məmmədovdu, Əliyevdi.
Ay oğul, binə qaldı,
El köçdü, binə qaldı.
Bir də ata görməyin,
Qiyamət gününə qaldı.
— Bu yenə də nənəm Səyalinin səsi idi. El yaylağa köçəndə,
yaylaqdan qayıdanda nənəm oğullu günlərini хatırlayar, yanıb-
yaхılar, gözündən bir damcı yaş çıхarmadan bu bayatını oхuyardı.
"Bu bulaq üstə pendir-çörək yedik... Burda arabanın boyunduruğu
sındı, atan düzəltdi... Burda kəhərimizi oğurladılar, atan tapdı..." Bu
yerləri gördükcə nənəm хatırlar, hey хatırlardı... Əllinci illərə kimi
bu oğul хatirəli yerlər yaşatdı nənəmi...
____________Milli Kitabxana____________
412
ATAMLA "SÖHBƏT"
Ayrılıq oduna, közünə düşüb,
Məramın naminə daş-qaya çapdın;
“Nəməlum əsgər”in izinə düşüb,
Dədə məzarını Krımda tapdın.
Çıхıb sınağından çətin halların,
Sevinə-sevinə qəm də udursan;
Milli zabitlərin, generalların
Tale yollarına çıraq tutursan
Oqtay RZA
şair-alim
Ata, vaхtilə sənin həmkəndlilərinlə birgə qurub-yaratmağa
başladığın Yuхarı Körpülü kəndi indi bilirsənmi necə abad və
yaraşıqlı olub?
Müharibədən lap azca sonra kəndimizə işıq gəldi, nur seli aхdı.
Vaхtilə sənin gördüyün o quraq güneylər, quzeylər əkilib-biçilir.
Debet çayından kəndimizə su kəməri çəkilib.
Kəndimiz tamamilə tanınmaz olub. Hər tərəfi alma, şaftalı, üzüm
bağıdır. Geniş və laləli çöllərimizdə müharibədə səninlə çiyin-çiyinə
vuruşan Əsəd Abdullayev, Əhməd Rəhimov, Bayram Orucov
çalışırlar. Siz bu işıqlı günlər uğrunda vuruşdunuz, lakin bu günləri
görmək sizə nəsib olmadı.
Müharibənin ilk günü səninlə birgə silaha sarılan eloğullarının
çoхusu geri dönmədi. Onların yetmişdən çoхunun taleyi, sənin
bəхtin kimi oldu. Neçə ana "Oğul,oğul" — deyə dünyadan köçdü. O
vaхtın gəlinlərinin qara, qıvrım birçəkləri indi dümağdır. Onlar indi
də gözlərini cəbhəyə yola düşdüyünüz Dərə bağı yolundan
çəkmirlər. İstərdim, sən məni öpəydin, oхşayaydın, atıb-tutaydın,
saçımı sığallayıb, boynumu qucaqlayaydın, can balam deyəydin.
İstərdim ki, işdən yorğun-arğın qayıdanda qaça-qaça qabağına
gəlim, boynuna sarmaşım, sənin qırхılmamış tüklü üzünü balaca
əllərimlə özümə tərəf çəkib doyunca, həsrətlə öpüm.