Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   2   3   4   5   6   7   8   9   ...   97

İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor 
rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. 
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında yə Zaqafqaziya Xeyriyyə 
Cəmiyyətinin sədri vəzifəsində çalışan  İbrahim ağa sonralar Bakıda və  Gəncədə 
fəaliyyət göstərir. 
1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində  fəal çalışanlardan 
olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər 
sovetlərinin seçkilərinə  rəhbərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni 
yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin bölgədə  dərinləşməsinə güclü 
təkan vermişdi. 
1918-ci il iyunun 23-də Respublika daxili işlər nazirinin əmrilə polkovnik 
İbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalında və ayrı-
ayrı  kəndlərdə  sığınacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator 
onları  tərksilah etmişdi. Onun daxili işlər nazirinə göndərdiyi 1919-cu il 23 mart 
tarixli məlumatında bildirilirdi ki, Gəncə  qəzasında daşnak irticasının və xarici 
müdaxiləçilərin törətdiyi fitnə-fəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə 
birləşən ermənilər müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. 
Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir. 
1919-cü ilin martında Novruz bayramı münasibətilə milli ordunun paradı 
keçirilirdi. Respublika Hərbiyyə naziri Səməd bəy Mehmandarov və bir qrup 
parlament üzvü parad-nümyişdə  iştirak etmək üçün Gəncəyə  gəlmişdi. Gəncə 
qarnizonundakı  səliqə-sahmana və nümunəvi qayda-qanuna görə  hərbiyyə naziri 
İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi. 
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər 
ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-
mayor rütbəsi verilmişdi. 
Ay yarım sonra (1919-cu il martın 14-də) general İbrahim ağa Vəkilov 
hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi 
təyin olunmuşdu. O, rusların aprel işğalına qədər bu vəzifədə qeyrət və vicdanla 
çalışmışdı. 
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında 
Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin 
rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir 
üzündə  əski  əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Qurandan: 
“Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin 
verdiyi beş saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və 
hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur. 
Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından iştirak edən İbrahim 
ağa Vəkilov böyük dramaturqumuz Cəlil Məmmədquluzadə ilə dostlaşmışdı. 
Onların ikisi də xalqımızın nicatı üçün birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat 
yoldaşı  Həmidə xanımın “Mirzə  Cəlil haqqında xatirələrim” kitabında da rast 
gəlmək olar. Həmidə xanım yazır: 1907-ci ildə Qarabağda çəyirtkə  və aclıq 
gözlənilirdi... Tiflisdə Müsəlman Xeyriyyə  Cəmiyyətinin sədri  İbrahim ağa 
Vəkilov, katibi Mirzə  Cəlil bizim rayonun qaldığı  çıxılmaz vəziyyətdən xəbər 


tutduqda zərərçəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul 
göndərmişdi. 
Polkovnik  İbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkkizində Qafqaz 
kənd təsərrüfatı  cəmiyyətinin zalında Müsəlman Xeyriyyə  Cəmiyyətinin ilk sədri 
seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik İbrahim ağa Vəkilovu səsə 
qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər. 
Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə namizədlər isə 
Əlimərdan bəy Topçubaşov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə,  
Rəşidbəy  İsmayılov,  İmadəddin Sübhanqulov, Kamal Əfəndi Ünsizadə
Məmmədhəsən  İmanov,  Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və 
başqaları seçilir. 
Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq 
edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın 22-də çap olunan “Molla 
Nəsrəddin” jurnalının on ikinci sayındandır. Həmin sayda İbrahim ağa haqda iki 
dostluq  şarjı verilib. Birinci şarjda küçədə  İbrahim ağaya rast gələn ziyalı 
müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər. Onlar deyirlər ki, 
sən Xeyriyyə Cəmiyyətinin təşkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. 
İzof Rotterin məharətlə  çəkdiyi bu şəklin altında belə yazılıb: “İbrahim ağa 
Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl” 
İkinci  şarjda isə  İbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baş 
götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək “Bunlara nə 
oldu?” - deyir. Bu “ziyalı” müsəlmanların kimisi qaçır, kimisi də gizlincə tindən, 
dalandan qorxa-qorxa İbrahim ağaya baxır. Hərbi formalı  İbrahim ağanın indi 
küçədə  əlləri təəccüblə açıq qalıb.  Şəklin altında oxuyuruq: “Xeyriyyə 
Cəmiyyətinin sədri seçiləndən sonra”. 
Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. Qırx ilə 
yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən  İbrahim ağa Vəkilovun xidmətləri 
Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə 
(1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna 
ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü 
dərəcəsilə (1903) qiymətləndirilib. 
1902-ci ildə Tiflisdə nəşr olunmuş “Rus imperatorluğunun coğrafi birliyinin 
Qafqaz  şöbəsi xəbərləri” kitabının (XV cild) iki yüz əlli səkkizinci səhifəsindəki 
xəbər eloğlumuzun fəaliyyəti barədə xoş təsəvvür yaradır: “Podpolkovnik İbrahim 
ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarım 
verstlik miqyası (məsafədən) çəkilişini davam etdirınək tapşırığını almışdı. İndiyə 
kimi çəkiliş  şöbə  tərəfindən  əla aparılmışdı. Podpolkovnik I.Vəkilovun coğrafi 
çəkiliş  şöbəsində kollej assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik 
Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”. 
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifı  və 
respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa 
Vəkilov olmuşdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiş 
Milli Şuranın üzvü idi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə