ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   136   137   138   139   140   141   142   143   ...   157

- Hə, - dedi, yəqin ki, elədi. Amma mənim yaxşı yadımdadır ki, bizim 
ağsaqqallar sizin kəndçiləri görəndə zarafatla deyərdilər: 
 
Körpülünün yoxdu körpüsü, 
Dəysin ona Tanrı törpüsü. 
 
Sonralar görüşəndə də Osman əmi bu iki misranı təkrar-təkrar deməyi 
xoşlardı. 
Ayrılanda, elə qapının ağzında Osman əmi Səməd Vurğundan yenə bir 
əhvalat danışdı. 
- 1952-ci ildə Səməd Akademiyada vitse-prezident idi. Mən də bilmirəm 
nəyə görəsə yanında idim. Bu vaxt Mehdixan və Yusif Yusifov da gəldi. Telefon 
tez-tez zəng eləyirdi. Yadımdadır, Səməd iki nəfərə məsləhət verib yol göstərdi, 
üçüncüyə isə kömək elədi. 
Səmədin xətrini çox istədiyi, zarafatla “yetim Yusif” çağırdığı professor 
Yusif Yusifov dedi: 
- Hamıya iş düzəldib, kömək edirsən, bəs bizə nə vaxt arxa, dayaq 
olacaqsan? 
- A yetim, nə sənə, nə də qardaşım Mehdixana karyera dalınca qaçmağı 
məsləhət bilmirəm. Siz Əli əfəndi, Firidun bəy Köçərli, Əhmədağa Mustafayev 
kimi kişilərdən, görkəmli maarifçilərdən bilik almısınız. İllərin ağır sınağından 
çıxmış adamlarsınız. Sizin hər ikinizi müəllim, maarifçi kimi el-oba yaxşı tanıyır. 
Gedin, peşənizdən bərk yapışın. Elm dalınca gedin. Vəzifə, rəyasət boş şeydir, 
qardaşlarım. 
Səmədin məsləhəti ilə hər ikisi elmin çətin yollarından keçib elmlər doktoru
professor və əməkdar elm xadimi kimi yüksək ada layiq görüldülər. 
 
1992, noyabr 
 
 
UNUDULMAYAN YAXŞILIQ 
 
Min doqquz yüz altmış üçüncü ildə Qazaxıstanın Türatam stansiyasından 
yüz yetmiş kilometr aralıda yerləşən hərbi hissədə xidmət edirdim. O vaxtlar 
yenicə-yenicə ədəbiyyat həvəskarı idim. Əlimə keçən qəzet və jurnalların demək 
olar, hamısını mutaliə edirdim. Özümlə evdən götürdüyüm Azərbaycan dilində 
olan üç-beş kitabı dönə-dönə oxudum. Məsafə uzaq olduğundan doğma 
Azərbaycan dilində nə mətbuat, nə də kitab tapa bilmirdim. Hissəmizdə yeganə 
azərbaycanlı mən idim. Bərk darıxırdım. Vətən üçün, doğma dilimdə oxumaq üçün 
burnumun ucu göynəyirdi. 
Bir gün uzun götür-qoydan sonra “Azərbaycan gəncləri" qəzetinə bir məktub 
yazdım. Məktuba on manat pul da əlavə elədim ki, məni qəzetinizə bu pulla abunə 
yazın. Üç aydan çox bir vaxt keçdi, nə qəzet gəldi, nə pul geri qayıtdı. 
Xeyli müddət məyus halda gəzdim. Gündə poçtalyonun qabağına 
yüyürürdüm. Evdən alacağım məktubdan çox “Azərbaycan gəncləri” qəzetini 


gözləyirdim. Bir səs-soraq çıxmadığını görüb, bu dəfə qəpik-qəpik yığdığım əsgər 
pulundan on beş manat “Azərbaycan” jurnalına - baş redaktorun ünvanına 
göndərdim. Əlavə bir məktub da yazdım ki, hərbi hissədə tək azərbaycanlı mənəm, 
bərk darıxıram. Xahiş edirəm, məni bu xərclə jurnalınıza abunə yazasınız. 
Ay yarım keçər-keçməz məni təcili qərargaha çağırdılar. Siyasi işlər üzrə 
rəis, mayor Levçenko stolun üstünə bir bağlama atıb, sərt-sərt üzünü mənə tutdu: 
- Bu nədir? - dedi, - sən kimsən ki, bu bağlamanı sənə göndəriblər? 
- Bilmirəm, - dedim, - icazə verin oxuyum, baxım... 
- Yox, olmaz - deyə mayor əsəbiliklə qışqırdı. Əvvəl de görüm, sən 
kimsən?.. 
- Mən sıravi əsgər... 
- Lal ol, onu bilirəm. Sən sıravi əsgər yox, şpionsan, bizim başa 
düşmədiyimiz dildə ədəbiyyat almağa sənə kim içazə verib? Hərbi     
Nizamnaməni pozduğuna görə beş sutka qauptvaxta salınırsan. 
Üç sutka dörd divar arasında həbsdə qaldım. Məni siyasi sayıqlığını itirmiş 
əsgər kimi ciddi rejimli kamerada saxlayırdılar. Xəyalım min bir ünvana 
qanadlanırdı. Mayor qarşıma bağlamanı atanda üstündəki iri qara şriftlə yazılmış 
üç söz oxuya bilmişdim: “Azərbaycan Yazıçılar İttifaqı”. Bu nə bağlama idi? Onu 
kim mənə göndərmişdi? Yazıçılar İttifaqı hara, mən hara? Suallar beynimi didirdi. 
Amma cavab tapa bilmirdim... İnsafsız mayor da qoymadı ki, axıracan oxuyam. 
Dördüncü günü rota komandirim kapitan Stasenko İvan Petroviç mənim 
görüşümə gəldi. Məni görəndə həmişə müharibə vaxtı azərbaycanlı döyüş dostunu 
xatırlardı. Bakıda bir həftə qonaq olmağını məhəbbətlə yad edərdi. Bizim xalqı 
səmimi qəlbdən sevirdi. Bu səbəblərdən də mənə hörmət edib, xətrimi istərdi. 
Kapitan Stasenko özü ilə həmin bağlamanı da gətirmişdi. Mənə bağlamanı açdırdı. 
Bağlamadan dörd “Azərbaycan” jurnalı çıxdı. Bir də balaca konvertdə məktub və 
on beş manat pul vardı. Kapitan Stasenkonun təkidi ilə məktubu oxudum. İndiki 
kimi yadımdadır, məktubda belə yazılmışdı: 
“Əziz əsgər oğlum Şəmistan! Yazdığın səmimi məktubu aldım. Sənə hələlik 
jurnalın dörd nömrəsini göndərirəm. Çox sağ ol ki, ana dilini unutmursan. 
Məktubundan hiss etdim ki, yaxşı qulluq edirsən. Azacıq darıxdığın da mənə əyan 
oldu. Darıxma, özunə yaxşı dostlar tap, rus dilini öyrən, onda darıxmazsan. Sənə 
hər ay “Azərbaycan” jurnalı göndərəcəyəm. İncimə, pulunu geri, özunə qaytarıram. 
Axı, sən əsgərsən, sənə lazım olar. Sənin yaxşı qulluğun bizim mükafatımızdır. 
Əsgər dostlarına salam söylə! 
Hörmətlə: Qılman Musayev”. 
  
Bu qısaca, səmimi məktubun təsirindən məni kövrək hisslər bürüdü. Özüm 
də hiss eləmədən gözlərim yaş dumanı ilə doldu. Kapitan Stasenko isə mənə təsəlli 
verib, bir de görüm orda nə yazılıb, - deyə məndən əl çəkmədi. Mən Qılman 
müəllimin məktubunu bacardığım qədər rus dilinə tərcümə elədim. 
Kapitan maraqla soruşdu: 
- Bu yazıçı sənin nəyindir? 
- Şəxsi tanışlığımız yoxdur - dedim. 
- Əsərlərini oxumuşam... 


Kapitan: 
- Stranno, stranno - deyib duruxdu, - daje denqi vernul, i eşe obeşayut do 
kontsa slujbı... 
O çıxıb getdi. Yarım saat sonra özü gəlib məni qauptvaxtdan azad etdirdi. 
“O öküz-mayor, dedi, - səndən və sənin alicənab xalqından üzr istəməlidir. Ancaq 
neyləməli ki, o, rütbəcə məndən yüksəkdir”. 
Mən kapitan Stasenkonun tapşırığı ilə Qılman müəllimə təşəkkür məktubu 
yazdım. İki il yarım isə müntəzəm olaraq “Azərbaycan” jurnalını alıb mütaliə 
etdim. O iki il yarımda jurnalın səhifələrində İsa Hüseynovun “Tütək səsi”, 
Seyfəddin Dağlının “Kəcil qapısı” kimi maraqlı əsərlər oxudum. 
Hərbi xidmətim bitəndən sonra “Azərbaycan” jurnalının bütün nömrələrini 
və azərbaycanca olan kitablarımı hissəmizin kitabxanasına hədiyyə elədim. Yalnız 
iki nömrəsini (1965-ci il, 1,2) özümlə Vətənə gətirdim. Ona görə ki, bu iki 
nömrədə yazıçı Hacıağa Cümşüdlünün “Badisəba” sənədli povesti dərc 
olunmuşdu. Povest böyük ədəbiyyatşünasımız, görkəmli maarifçi Firidun bəy 
Köçərliyə və onun vəfalı həyat yoldaşı Badisəba xanıma həsr olunduğuna görə 
mənim üçün çox əziz idi. Düzü, bu iki nömrəni verməyə əlim gəlmədi. Jurnalın 
həmin nömrələrini indi də özümdə yadigar saxlayıram. 
Bu gün xalqımın inqilabdan əvvəlki maarifçi-ziyalıları haqqında apardığım 
araşdırmaların qəlbimə ilk ziyası o jurnalların mütaliəsindən keçib desəm, səhv 
etmərəm. Bunun üçün Qılman müəllimə minnətdaram. 
Aradan otuz il keçməsinə baxmayaraq, yenə məni kövrək hisslər ağuşuna 
alır. Və qeyri-ixtiyari olaraq fikirləşirəm ki, İlahi, görəsən indi də vəzifədə 
olanlardan Qılman müəllim kimi xeyirxah adamlar varmı? 
Qılman İlkin müsahibələrindən birində bu barədə çox gözəl deyir: 
“Biz o vaxt inzibati qaydaları güdməzdik. Axı, o yerdə ki, insan taleyi, insan 
müqəddaratı var, orada inzibati qadağanlara boyun əymək düz deyil”. 
Mənə belə gəlir ki, bu sözləri əlindən ancaq yaxşılıq gələn, xeyirxah, adam 
deyə bilər. Bu gün özümü xoşbəxt sanıram ki, belə bir insan mənim də xeyirxahım 
olub. 
Bəlkə də, Qılman müəllim mənə elədiyi xeyirxahlığı unudub. Adətən, yaxşı 
adamlar belə şeyləri danışmır və yaddaşında da saxlamır. Amma mən istərdim ki, 
möhtərəm oxucularımız bilsin ki, Qılman İlkin yaxşı yazıçı olmaqla bərabər, həm 
də gözəl və xeyirxah insandır. İki il yarım qürbətdə mən o jurnalları alanda necə 
sevinmişəm, onu bir Allah bilir... 
  
 
ÜRƏKDƏN GÜLƏN ADAM 
 
Yaradıcı adamlar ölmürlər, onlar ancaq dünyasını dəyişir. Çünki onların 
yaratdığı xalqa qalır. Xalq varsa, yaşayırsa, yaradıcı adamlar da yaşayır. Böyük 
şairimiz Səməd Vurğun nahaqdan demirdi ki, dünyada qalacaq yalnız yaradan. Bu 
mənada yazıçı Nəriman Qoca oğlunun bizim Azərbaycan nəsrində, xüsusilə uşaq 
ədəbiyyatında xüsusi yeri var. Bizdən sonra gələn nəsillər də onun dadlı-tamlı, 
ürəyə yatımlı hekayə və povestlərindən qidalanacaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə