ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   25   26   27   28   29   30   31   32   ...   157

Şahzadənin yol təəssüratını yazmaq üçün katib Mustafa xan Əfşara 
tapşırılmışdı. Tərəqqipərvər ziyalı kimi tanınan Mustafa xanın sarayda xüsusi 
hörməti vardı. O, rus dilini səlis bilirdi, rus və Avropa mədəniyyətinin İranda 
yayılmasının güclü tərəfdarlarından idi. Tiflisdə dayanan nümayəndə heyəti 
şəhərin görkəmli yerlərini gəzdi, bir neçə müəssisədə oldu. Bu gəzintilərdə hər 
şeyə tərəqqipərvər və islahatçı gözü ilə baxan Mustafa xan Əfşar rəsmi qəbul və 
ziyarətlərdən çox maarif, mədəniyyət və iqtisadi yüksəlişlər barədə maraqlanırdı. 
O, “Səfərnameye-Xosrov Mirzə” əsərində Tiflisin sənət məktəbində təhsil alan 
dindaşlarının balaları haqqında ürək ağrısı ilə yazır:  “Buradakı uşaqlar pulsuz 
təhsil almaqdan əlavə pulsuz yeməklə, geyimlə, rahat mənzillə də təmindirlər. 
Dövlət bunları öz doğma balaları kimi bəslədir və oxudur. İnsan çətin inana bilir 
ki, bu şən və xoşbəxt uşaqlar Arazdan o tərəfdə yeməli bir şey tapmaq üçün 
səhərdən axşama qədər zibilliklərdə eşələnən, bazarlarda, məscidlərin qapısında əl 
açıb dilənən müsəlman balalarının qardaşlarıdır. Qızmar günəş, amansız şaxta 
altında sifətləri kül rəngi almış bu ac və xəstə uşaqların məktəb, dərs və kitab 
yuxularına da girməz. Belə isə hansı iranlını inandırmaq olar ki, Tiflisdə müsəlman 
balalarına məxsus bu cür məktəb vardır?” 
  
Qafqazın baş komandanı canişin İ.P.Paskeviç heyəti səkkiz gün Tiflisdə 
qonaq saxlandıqdan sonra mayın iyirmi üçündə təntənəli surətdə yola saldı. 
Şahzadə Xosrov Mirzə ona ərəb atı, arvadı Elizaveta Alekseyevnaya 
/Qriboyedovun əmisi qızıdır - Ş.N./ iki bahalı şal, oğluna isə Sədi Şirazinin 
“Seçilmiş əsərləri”ni hədiyyə elədi. 
Hərbi-Gürcüstan yolunda baş verə biləcək hər hansı bir hadisəni dəf etmək 
məqsədilə Paskeviç kazaklardan ibarət on iki nəfərlik dəstənidə Xosrov Mirzənin 
sərəncamına verdi. Kazak dəstəsinə komandir general-mayor P.Y. Rennekampfı 
təyin etdi. Daryal və Lars dərələrinin sərt keçidlərini adlayanda dağlıların 
hücümuna məruz qalan heyət bir neçə dəfə vuruşmalı oldu. Tarixçi Mirzə Mustafa 
xan Əfşar yazır ki, dağlıların ilk atəşi başlayan kimi şahzadə ekipacdan düşüb ata 
mindi, cəsur bir igid kimi döyüşməyə başladı. Çoxları, xüsusilə, kazaklar onun 
hünərlə vuruşmağına heyran qaldılar. 
Təkcə iran tarixçisi yox, Qriboyedovun həyatından “Vəziri-muxtarın ölümü” 
adlı tarixi roman yazan Yuri Tınyanov da şahzadəni ağıllı, igid bir şəxsiyyət kimi 
təsvir edir. 
1829-cu ildə Ərzuruma səfərində böyük şair A.S.Puşkin da onunla 
görüşmüşdü. 
“Paysanurda atları dəyişmək üçün durdum: burada mən İran şahzadəsini 
ötürən rus zabitinə rast gəldim... Ananurun yarım verstliyində, yolun döşündə 
Xosrov Mirzəyə rast gəldim: arabalar durmuşdu. O öz kolyaskasından baxırdı və 
başı ilə mənə işarə etdi. Bizim görüşümüzdən bir neçə saat sonra dağlılar 
şahzadəyə hücum etmişdilər. Xosrov güllələrin vıyıltısını eşidib, öz 
kolyaskasından sıçramış, ata minib çapmışdı: onun yanında olan ruslar şahzadənin 
qoçaqlığına heyran qalmışdılar. İş burasındadır ki, kolyaskaya alışmamış gənc 
asiyalıya, kolyaska sığınacaqdan çox bir tələ kimi görünürdü” /A.S.Puşkin, 
əsərləri, IV c., səh. 429, Bakı, 1949-cu il/. 


Rus şairinin bu səfərdə daha bir eloğlumuzla görüşü də çox maraqlıdır. 
Şahın saray şairi Fazil xan Şeyda ilhamlı nəğməkar Puşkini özünün yüksək 
mədəniyyəti, ali davranışı ilə utandırmışdır. Aleksandr Puşkinin “Ərzuruma 
səyahət” əsərində yazdığı bu parça onu tam aydınlığı ilə göstərir: 
“İran şahzadəsini gözləyirdilər. Kazbekdən bir qədər məsafədə bir neçə 
kolyaska rast gəlib, dar yolu bağladı. Bu arabalar gəlib keçənə qədər qoruyucu 
dəstənin zabiti İran saray şairini ötürdüyünü bizə bildirdi və arzuma görə məni 
Fazil xana təqdim etdi. Mən tərcüməçi vasitəsilə dəbdəbəli Şərq salamıma 
başlamaq üzrəydim. Lakin Fazil xan mənim bu yersiz zəhmətimə abırlı bir adamın 
qayğıkeşliyi ilə sadəcə cavab verdiyi zaman, bu hal mənə ar gəldi!.. O, məni 
Peterburqda görəcəyinə ümid edir və təəssuflənirdi ki, bizim tanışlığımız uzun 
sürməyəcək və i.a. Mən utanaraq dəbdəbəli-gülünc ədanı tərk edərək adi Avropa 
cümlələrinə müraciət etməyə məcbur oldum. Bundan sonra adamların qoyun 
dərisindən papağına və xınalı dırnaqlarına baxaraq, haqlarında əvvəlcədən fikir 
söyləmərəm”. 
 
* * * 
 
Pyatiqorsk şəhərində istirahət üçün bir neçə günlüyə dayanan şahzadə 
Xosrov Mirzə mineral bulaqların möcüzəsi ilə tanış olur. Onun gəlişi münasibətilə 
Maşuk dağının zirvəsində abidə ucaldılır. Şahzadənin təklifi ilə abidənin önündə 
dahi şair Sədi Şirazinin: “Dünyada qızıldan saray qoyub getməkdənsə, yaxşı ad 
qoyub getmək daha vacibdir” - sözləri yazılır. 
Pyatiqorskdan sonra Stavropol, Novoçerkassk, Voronej və Ryazan 
şəhərlərində şahzadəni daha böyük təntənə ilə qarşılayırlar. İmperator əmr 
veribmiş ki, qoy farslar görsünlər ki, ruslar incikliyi necə də tez unudurlar. Onlar 
qonşuya qarşı kin-küdurətli deyillər. 
Novqorodda şahın xüsusi xidmətçisi onlara çatır və Fətəli şahın imperator I 
Nikolaya başıbağlı şəxsi məktubunu təqdim edir. Altı həftədən sonra Kolomna 
şəhərinə çatan heyəti imperatorun göndərdiyi əlahiddə süvari alayı və jandarm 
dəstəsi müşayiət edir. Serpuxov darvazasında Tver bulvarında əsgəri hissələr fəxri 
qonağı musiqi sədaları altında və hərbi yaylım atəşi ilə qarşılayırlar. Təntənə qraf 
Razumovskinin malikanəsinə kimi davam edir. Şahzadənin düşərgəsi qrafın geniş 
və işıqlı salonları olur. Həmin günü Moskvanın adlı-sanlı ziyalıları, məşhur tacirlər 
şəhərin general-qubernatoru knyaz Qolitsinin başçılığı ilə şahzadənin görüşünə 
gəlirlər. Qubernator qısa nitqlə “xoş gəldin” - deyib, qiymətli hədiyyə təqdim edir. 
Qısa istirahətdən sonra şahzadə, Qriboyedovun anası ilə görüşmək arzusunu 
bildirir. Mərhum səfirin anasına başsağlığı verən şahzadə, onunla birlikdə oğlunun 
vaxtsız vəfatı üçün göz yaşı tökür. Şahzadə Xosrov Mirzənin mədəni davranışı, 
gözəlliyi, kövrəkliyi Moskvanın bütün zadəgan ailələrini heyran qoyur. Şərq 
cəngavərinə qarşı qraf və qrafinyaların mənfi fikirləri alt-üst olur. 
Bir neçə gün şəhərin tarixi yerləri ilə tanış olandan sonra şahzadə 1829-cu il 
avqustun dördündə Peterburqa çatır. 
 
* * * 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə