SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə2/18
tarix01.02.2018
ölçüsü0,81 Mb.
#23031
1   2   3   4   5   6   7   8   9   ...   18

Birinci fəsil


Atam xəstə imiş. Deyirdilər ki, çox ağır bir xəstəliyə yoluxubmuş. Mən dünyaya gələn kimi sağalmışdı.

Bütün qohumlarımız, dost-tanışlarımız mənim dünyaya gəlişimin atamın sağalmasına səbəb olduğunu düşünmüşlər. Əmim vəcdə gəlib deyibmiş: “Qədəmləri necə də xeyirlidir! Gəlin adını Qədəmxeyir qoyaq”. Ata-anamın son övladı idim. Məndən qabaq iki qız və dörd oğul dünyaya gəlmişdi. Onlar məndən çox böyük idilər, bəziləri ailə qurub öz evlərinə köçmüşdülər. Buna görə də, mən ata-anamın, xüsusən də atamın əziz balası oldum.

Biz Rəzən rayonunun Qayış kəndində yaşayırdıq. Gözəl təbiəti olan bir kənddə yaşamaq çox zövqlü idi. Kənd evlərinin hamısının ətrafını böyük əkin sahələri əhatə edirdi: buğda və arpa tarlaları və üzüm bağları.

Səhərdən-axşama qədər qonşu qızlarla birgə kəndin ensiz torpaq küçələrində qaçır, qəm-kədər bilmədən oynayırdıq. Axşamüstü parça və yunla düzəltdiyimiz kuklaları götürüb bizim evimizin damına çıxırdıq. Bütün kukla və oyuncaqlarımı ətəyimə töküb nərdivanın hündür pillələrindən qalxır və gecəyə qədər damda evcik-evcik oynayırdıq.

Uşaqlar mənim oyuncaqlarımdan ötrü sino gedirdilər. Oyuncaqları atam şəhərdən alırdı. Mən uşaqların onlarla ürəkləri istəyən qədər oynamasına icazə verirdim.

Gecə göy üzü ulduzla dolanda uşaqlar bir-bir damdan qaçıb evlərinə gedirdilər. Mənsə hələ də oturub oyuncaq və gəlinciklərimlə oynayırdım. Yorulanda uzanıb qaranlıq səmada göz vuran gümüşü ulduzlara baxırdım. Hava tam qaralanda və sərinləşməyə başlayanda anam gəlib məni qucaqlayır, naz və nəvazişlə damdan endirirdi, şam yeməyimi verib yatağımı sərirdi, əlini başımın altına qoyub lay-lay çalırdı, saçımı o qədər tumarlayırdı ki, axırda yuxuya gedirdim. Sonra özü qalxıb işlərinin ardınca gedirdi, xəmiri kündələyib siniyə düzürdü ki, səhər yeməyinə çörək bişirsin.

Səhər tezdən yanmış odunun iyinə və təzə çörək ətrinə yuxudan oyanırdım. Səhər yeli üzümə vururdu. Anamın səhər tezdən quyudan çəkdiyi sərin su ilə üzümü yuyur, sonra qaçıb atamın dizinin üstə otururdum. Səhər yeməyi vaxtı həmişə yerim atamın dizinin üstü idi. O, mehribanlıqla mənə yemək verir və saçımı öpürdü.

Atam çodar idi. Ayda bir dəfə ətraf kəndlərdən qoyun alır, Tehrana və digər şəhərlərə aparıb satırdı. Bu yolla yaxşı gəlir əldə edirdi. Hər dəfə bir yük maşını dolu qoyun alıb-satırdı. O, məhz bu səfərlərdə mənə oyuncaq və gəlincik alırdı. Atamın alış-veriş səfərinə getdiyi günlər ömrümün ən pis günləri idi. O qədər ağlayırdım ki, gözlərim qan qoyurdu. Atam məni qucaqlayıb tez-tez öpür və deyirdi: “Əgər ağlamasan və yaxşı qız olsan, sənə nə istəsən, alaram”.

Bu vədlərlə sakitləşib atamın getməsinə icazə verirdim. Və mənim sifarişlərim başlayırdı: “Hacı ağa! Gəlincik istəyirəm; uzun saçı, mavi gözləri olsun, gözləri də açılıb-bağlansın. Qolbaq da istəyirəm. Mənə rezin çəkələk də al. Dikdaban ayaqqabı al, yol yeriyəndə tıqqıldasın. Oyuncaq qazan və boşqab da istəyirəm”.

Atam məni öpüb deyirdi: “Alaram. Təki yaxşı qız olasan, ağlamayasan. Hacı ağan üçün gül. Hacı ağa sənə hər şey alar”.

Mən ağlamırdım, amma atama gülmürdüm də. Onu iki-üç gün görməyəcəyimə görə narahat olurdum. Təklikdən acığım gəlirdi. Atamın gecə-gündüz yanımda olmasını istəyirdim. Bütün kənd camaatı atamı necə sevdiyimi bilirdi. Anamla bulaq başına su gətirməyə və ya paltarları yumağa gedəndə qadınlar mənə sataşıb deyirdilər: “Qədəm, sən kimə ərə gedəcəksən?”

Deyirdim ki, Hacı ağama.

Deyirdilər: “Axı Hacı ağa sənin atandır!”

Deyirdim : “Yox, Hacı ağa ərimdir. Nə istəyirəm, mənə alır”.

Uşaq idim və bu sözlərin mənasını bilmirdim. Qadınlar gülüb bir-birinin qulağına nə isə pıçıldayır və teştlərin içindəki paltarları çəngələyirdilər.

Atam gedib-gələnə qədər günlər çox çətin ötürdü. Anam səhərdən-axşama qədər işləyirdi, mənsə bekarlıqdan darıxırdım, deyirdim ki, mənə də iş ver, yoruldum. Anam işləyə-işləyə deyirdi: “Sən yıxıl yat. Vaxtı gələndə o qədər işləyəcəksən ki, yorulacaqsan. Hacı ağa tapşırıb ki, heç nəyə əl vurmana qoymayım”.

Yeyib-yatmaq istəmirdim, amma başqa işim də yox idi. Bacılarım dillənirdilər: “Ana, Qədəmi nə qədər əzizləyirsən! Biz uşaq olanda nə üçün belə etmirdin?!”

Ata-anamın məni çox sevmələrinə rəğmən, onları məktəbə getməmə razı sala bilmədim. Atam deyirdi ki, məktəbin qızlara faydası yoxdur.

Məktəbin müəllimi gənc bir oğlan idi. Oğlan və qızlar bir yerdə oxuyurdular. Anam deyirdi: “Bircə o qalıb ki, məktəbə gedib oğlanların yanında oturasan və naməhrəm kişi sənə dərs keçə”.

Mənsə məktəbi çox sevirdim. Bilirdim ki, atam mənim ağlamağıma dözə bilmir. Buna görə də, hərdən axşama qədər ağlayıb yalvarırdım: “Hacı ağa, sən Allah, qoy məktəbə gedim”.

Nəhayət, atam dözməyib dedi: “Yaxşı, ağlama, sabah göndərərəm ananla məktəbə gedərsən”. Mən də həmişə inanır, sevincimdən səhərəcən yata bilmirdim. Lakin səhər açılanda və anamdan məni məktəbə aparmasını istəyəndə atam min cür hiylə və kələklə başımı aldadırdı. Yenə mənə söz verib deyirdi ki, bu gün işimiz var, sabah mütləq gedəcəyik. Axırda da arzum ürəyimdə qaldı və məktəbə gedə bilmədim.

Doqquz yaşım olmuşdu. Anam mənə namaz qılmaq öyrətdi. Həmin il ramazan ayında oruc tutdum. İlk günlər çox ağır keçdi, amma oruc tutmağı sevirdim. Çox həvəslə obaşdan oyanıb yemək yeyir və gündüz oruc tuturdum.

Ramazan ayından sonra atam məni əmisi oğlunun ərzaq dükanına apardı. Salamlaşandan sonra dedi: “Qızıma hədiyyə almağa gəlmişəm. Qədəmin doqquz yaşı olub və bütün oruclarını tutub”.

Atamın əmisi oğlu parçaların arasından qəşəng və xırda çəhrayı gülləri olan ağ bir çadra çıxardı. Atam çadranı açıb başıma atdı. Çadra düz mənim ölçümə idi, sanki mənə tikmişdilər. Sevincimdən uçmaq istəyirdim. Atam gülüb dedi: “Qədəm can, bu gündən naməhrəmlərin önündə başına çadra at, yaxşı, balam?”

Həmin gün evə gedəndə anamdan məhrəm və naməhrəm sözlərinin mənasını soruşdum. Evimizə adam gələn kimi qaçıb anamdan soruşurdum ki, bu ağa məhrəmdir, yoxsa naməhrəm?

Bəzən anam suallarımdan bezirdi. Buna görə də, evimizə bir kişi gələn kimi qaçıb çadramı başıma atırdım. Daha məhrəm və naməhrəm sözünün mənası qalmamışdı. Hətta qardaşlarımın önündə də başıma çadra atırdım.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə