SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə5/18
tarix01.02.2018
ölçüsü0,81 Mb.
#23031
1   2   3   4   5   6   7   8   9   ...   18

Beşinci fəsil


Payız gələndə kənddə toylar başlayırdı. Əhali məhsullarını yığandan sonra qollarını çırmayıb gənclərin xeyir işi ilə məşğul olurdular.

1977-ci il dekabrın 3-ü idi. Səhər tezdən oyanıb nikah oxutdurmaq üçün Dəməqə getməyə hazırlaşırdıq. O vaxt Dəməq bizim sovetliyin mərkəzi idi. Səmədlə atası bizə gəldilər. Başıma çadra atıb atamla birgə yola düşdük. Anam qapıya qədər bizi yola saldı. Məni öpdü və qulağıma dua oxudu. Atamın motosikletinin tərkində oturdum, Səməd də atasının motosikletinin tərkində. Dəməqdə yalnız bir qeydiyyat şöbəsi vardı. Şöbənin rəisi gülərüz bir qoca idi. Mənimlə Səmədin pasportunu aldı. Bir qədər Səmədə sataşandan sonra dedi: “Get Allaha şükür elə ki, gəlinbacının pasportu şəkilli deyil və mən sizin nikahınızı oxuya bilmərəm. Bu məsələdən yaxşı istifadə et və öz başına iş açma”.

Bu zarafata güldük, lakin qeydiyyat şöbəsinin şəkilsiz pasportla əsla nikah oxuya bilməyəcəyini öyrənəndə əvvəlcə narahat olduq və sonra suyumuz süzülə-süzülə motosikletlərə minib kəndə qayıtdıq. Belə tez qayıtdığımıza görə hamı təəccübləndi. Onlara məsələni danışdıq. Motosikletləri evə qoyub mikroavtobusla Həmədana getdik.

Axşamüstü Həmədana çatdıq. Səmədin atası dedi ki, əvvəlcə şəkil çəkdirsək, yaxşı olar.

Həmədanın böyük və qəşəng bir meydanı vardı. Çox gözəl idi. Meydan yaşıllıqla və güllə dolu idi. Ortada bir su hovuzu vardı. Hovuzun ortasında bir daş üzərində şahın at belində heykəli qoyulmuşdu. Meydanda bir fotoqraf şəkil çəkirdi. Səmədin atası dedi ki, elə burada şəkil çəkdirək. Sonra gedib fotoqrafla danışdı. Fotoqraf həmişəyaşılların yanındakı onyeddikiloluq yağ qabının üstündə oturmalı olduğumu bildirdi.

Fotoqraf gedib üçayaqlı fotoaparatını gətirdi və arxasında dayandı. Aparatın üstündəki qara parçanı çiyninə atdı və əlini havada saxlayıb dedi: “Buraya bax”. Mən oturub hərəkət etmədən fotoqrafın əlinə baxdım. Az sonra fotoqraf qara parçanın altından çıxıb dedi: “Yarım saatdan sonra şəkil hazırdır”.

Bir qədər meydanda gəzişdik. Şəkil hazır olanda Səmədin atası şəkilləri alıb mənə verdi. Çox pis düşmüşdüm. Atama baxıb dedim: “Hacı ağa, yəni mən beləyəm?!”

Atam üz-gözünü turşudub dedi: “Ağa, niyə belə çəkmisən?! Mənim qızım belə deyil axı”.

Fotoqraf heç nə demədi. O, pulunu sayırdı. Səmədin atası isə dedi: “Mənim gəlinim çox qəşəng və gözəldir. Heç bir eybi yoxdur”.

Şəkilləri çantama qoyub Səmədin atasının dostugilə yollandıq. Gecəni orada qaldıq. Səhər tezdən atam gedib pasportumu dəyişdirdi və bizi aparmağa gəldi. Qeydiyyat şöbəsinin əməkdaşı pasportlarımızı alıb atamdan mehrin miqdarını soruşdu və dedi: “Xanım Qədəmxeyir Məhəmmədi, mən vəkiləm sizi bir cild Quran və on min tümən pul mehri ilə...” Cümlənin qalanını eşitmədim. Həyəcanlı idim. Atama baxdım. Üzündə təbəssüm vardı. Təsdiq əlaməti olaraq, başını bir neçə dəfə yellədi. Dedim: “Atamın icazəsi ilə bəli”. Sonra önümüzə böyük bir dəftər qoydu və imzalamalı olduğumuzu söylədi. Mən savadsız olduğumdan imza yerinə barmağımın izini vururdum, Səməd isə imzalayırdı.

Şöbədən çıxanda tamam başqa hisslər keçirirdim. Sanki kimsə məni atamdan ayırmışdı. Buna görə də, bütün o müddətdə qəhərli idim, atamın yanında dayanırdım və ondan bir an da ayrılmırdım.

Günorta yeməyinin vaxtı çatdı. Bir yeməkxanaya getdik və Səmədin atası piti sifariş verdi. Mən atamla yan-yana oturdum. Səməd heç kimin duymayacağı işarə ilə onun yanında oturmağımı istədi. Özümü bilməzliyə vurdum. Səməd bir yerdə qərar tutmurdu, oyan-buyana gəzib stolun yanında dayanır və deyirdi: “Bir şey lazımdırmı?”

Axırda atası hirslənib dedi: “Bəli, lazımdır. Sən lazımsan, gəl otur”.

Pitini gətirdilər. Fikirləşirdim ki, Səmədlə atasının yanında necə yeyəcəyəm. Bir yandan da çox ac idim. Çarəm yox idi. Hamı yeməyə başlayanda çadramı üzümə çəkdim və başımı qaldırmadan axıra qədər yedim. Dadlı piti idi. Nahardan sonra kəndə qayıtmaq üçün mikroavtobusa minəndə Səməd işarə ilə onun yanında oturmağımı istədi. Yavaşca atama dedim: “Hacı ağa, mən sənin yanında oturmaq istəyirəm”.

Gedib pəncərənin yanında oturdum. Atam da mənim yanımda oturdu. Bilirdim ki, Səməd məndən inciyib. Buna görə də, kəndə çatana qədər bir dəfə də başımı çevirib ona baxmadım. Onlar bizimlə eyni cərgədə oturmuşdular.

Qayışda hamı bizi gözləyirdi. Bacılar, gəlinlər və qohumlar bizə toplaşmışdılar. Məni görən kimi yanıma qaçdılar. Təbrik edib görüşüb-öpüşürdülər. Səmədlə atası bizi qapımıza qədər ötürdülər. Səməd gedəndən sonra başa düşdüm ki, bir yerdə olduğumuz bir gündə ona necə bağlanmışam. Yanımda qalmasını istəyirdim. Gecəyə qədər gözüm qapıda idi. Gözləyirdim ki, bu dəqiqə açılacaq və o bizə gələcək.

Ertəsi gün səhər yeməyi vaxtı pis hisslər keçirirdim. Atamdan utanırdım. Uşaqlıqdan səhər yeməyini onun dizləri üstə və ya yanında oturub yemişdim, indi isə onunla mənim aramda böyük bir məsafənin olduğunu hiss edirdim. Atam fikirli idi, başını aşağı salmışdı və lal-dinməz yeməyini yeyirdi.

Bir az sonra atam getdi. Bir neçə dəqiqədən sonra anamın səsini eşitdim. Həyətdən məni çağırırdı: “Qədəm, gəl, ağa Səməd gəlib”.

Pillələrin neçəsini birdən endiyimi və çəkələyi necə geyinib özümü həyətə çatdırdığımı bilmədim. Səməd əsgər formasını geyinmişdi, çantası da əlində idi. İlk dəfə ona birinci salam verdim. Gülüb dedi: “Necəsən?”

Yaxşı deyildim. Artıq ona darıxırdım. Dedi: “Mən hərbi hissəyə gedirəm. Məzuniyyətim bitdi. Bəlkə toya qədər bir-birimizi görmədik. Özündən muğayat ol”.

Məni ağlamaq tutdu. O gedəndə ixtiyarsız olaraq yanaqlarıma süzülən yaş damlalarını duydum. Üzüm islanmışdı. Qəhərdən boğulurdum. Heç kimin məni o halda görməsini istəmirdim. Bağçaya qaçdım. Nişandan sonra onu ilk dəfə gördüyüm ağacın altında oturub ağladım.

Ertəsi gündən toy öncəsi mərasimləri bir-bir başladı: yataq aparma mərasimi, cehiz aparma mərasimi, gəlin bəzəmə mərasimi.

Atam cehizi hazırlamışdı, əlindən gələn hər şeyi etmişdi. Altınəfərlik saxsı yemək dəsti, iki yataq dəsti, xalça, yeməkbişirmə lampası, tikiş maşını və mətbəx avadanlıqları almışdı.

Bir gün qohumlar yığışıb sevincək cehizimi yük maşınına yüklədilər və qayınatamgilə apardılar. Cehimizi bir otağa yığdılar. O otaq mənimlə Səmədin otağı oldu.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə