SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə7/18
tarix01.02.2018
ölçüsü0,81 Mb.
#23031
1   2   3   4   5   6   7   8   9   10   ...   18

Səkkizinci fəsil


Martın ortaları idi, qış bitirdi, amma hələ qar əriməmişdi. Kəndin küçələri palçıqla və sobaların külü ilə qaralmış qarla dolu idi. Qadınlar ev tökmüşdülər və yorğan-döşəklərini yuyurdular. Gündüzlər şüşələri silirdik, axşamüstü hava buludla dolurdu, gecə göy guruldayıb yağış yağırdı və bütün zəhmətlərimiz bada gedirdi.

Novruz bayramına bir neçə həftə qalmış Səmədin hərbi xidmət müddəti bitdi. Özümü Qayışın ən xoşbəxt xanımı hesab edirdim. Böyük həvəslə səhərdən axşama qədər evi süpürür və başdan-ayağa yuyurdum. Öz-özümə deyirdim: “Eybi yoxdur, əvəzində bu mənim ən yaxşı bayramımdır; həyat yoldaşım yanımdadır, bütün bu təmizlikdən və bayram şənliyindən birgə həzz alacağıq”.

Səməd gəlmişdi, amma özünə iş axtardığından evdə az tapılırdı. Yaxşı iş tapmaq üçün Rəzənə gedirdi.

Bir gün yuxudan oyanıb səhər yeməyi yeyəndən sonra qayınanam otağımızın qapısını döydü. Salamlaşandan və halımızı soruşandan sonra əkizləri bir-bir gətirib otağa qoydu və Səmədə dedi: “Mən bu gün bacın Şəhlagilə gedəcəyəm. Bir az işi var, ona kömək etməliyəm. Bu uşaqlar əl-ayağa dolaşırlar. Onlardan muğayat olun”.

Gedəndə üzünü mənə tutub dedi: “Qədəm, yandakı otaq çox çirklidir. Onu süpür və hisini təmizlə”.

Səməd geyinmişdi, getməyə hazırlaşırdı. Bir qədər fikirləşib dedi: “Sən həm uşaqlara baxa, həm də evi təmizləyə bilərsən?”

Özümdən asılı olmadan, çiyinlərimi çəkib dodaqlarımı salladım. Mən cavab vermədən Səməd dedi: “Hər ikisini edə bilməzsən”.

Pencəyini çıxarıb dedi: ”Mən uşaqları saxlayaram, sən get otaqları təmizlə. İşin bitəndə gedərəm”.

Mən də fikirləşdim ki, səhərdir və uşaqlar yatıblar; yaxşı olar ki, gedib otaqları təmizləyim, Səməd də öz otağımızda qalıb uşaqlara baxsın”.

Yandakı otağın pəncərələrini açdım, sobanı təmizlədim, döşəkləri götürüb qatlanmış yorğanların üstünə qoydum. Süpürgəni əlimə götürən kimi əkizlərin ağlamaq səsi gəldi. Əvvəlcə əhəmiyyət vermədim, düşündüm ki, Səməd sakitəşdirər. Lakin çox keçmədən Səmədin də səsi gəldi:

-Qədəm! Qədəm! Gəl gör bu uşaqlar nə istəyirlər?

Süpürgəni yerə atıb həyətin o başında yerləşən otağımıza qaçdım. Əkizlər oyanmışdılar və süd istəyirdilər. Birini Səmədin qucağına verdim, o birini özüm qucağıma götürüb südlərini hazırlamağa başladım. Səməd qucağındakı uşağa süd verdi, mən də o birinə. Uşaqlar südlərini içib sakitləşdilər. Fürsətdən istifadə edib otağı süpürməyə getdim. Hələ yarıya qədər süpürməmiş yenidən ağlamaq səsləri gəldi. Yəqin ki şalvarlarını islatmışdılar. Səməd məni çağırmadan getməyə məcbur oldum. Təxminim düz idi. Əkizlər südlərini içmiş, indi də yerlərini islatmışdılar. Uşaqların altını dəyişməyə başladım. Səməd başımın üstündə dayanıb baxır və deyirdi: “İndi öyrənmək istəyirəm ki, öz uşaqlarımız olanda ustalaşım”.

Uşaqları yuyub qurutdum. Südlərini də yemişdilər. Arxayın idim ki, bir neçə saat sakit qalıb yatarlar. Yenidən işimin ardınca getdim, süpürgəni götürüb işə başladım. Toz-torpaq otağı başına almışdı. Yaylığımla ağzımı bağladım. Otağa zəif gün işığı düşürdü. Toz zərrələri günəş şüası altında oynayırdılar. Fikirləşirdim ki, otağı süpürəndən sonra döşəkləri eyvana günəşin altına sərim. Lakin yenidən ağlamaq səsi gəldi və sonra Səməd dilləndi:

- Qədəm! Qədəm! Gəl gör bunlar nə istəyirlər?

Süpürgəni yerə qoyub yenidən otağımıza getdim. Uşaqlar südlərini içmişdilər, yerləri də quru idi, bəs nə üçün hay-küy salırdılar?! Məcbur qalıb uşaqların birini mən qucağıma götürdüm, birini də Səməd. Beləcə otaqda gəzməyə başladıq. Qalmış işlərimə görə narahat idim. Səməd də gecikirdi, lakin mənə ürək-dirək verib deyirdi: “Uşaqlar yatanda gəlib sənə kömək edəcəyəm”.

Uşaqlar qucağımızda yuxulayırdılar, amma yavaşca yerə qoyan kimi ayılıb ağlayırdılar. Otaqda yeriyib “piş-piş” etməkdən yorulmuşduq. Uşaqları ayaqlarımızın üstünə qoyub yellədik. Yenə də yatmaq bilmirdilər. Səməd mənə keçmişdən, məni atamın əmisigilin evinin pilləkənində görməsindən danışırdı: “Həmin gün ürəyimi alt-üst etdin”. Mənim ona cavab verməməyimdən və onun ümidsizliklə hər gün bir vasitəçi göndərməsindən danışıb deyirdi: “İndi ki səni belə çətinliklə əldə etmişəm, gərək Qayışın ən xoşbəxt xanımı edim”.

Səmədin səsi uşaqlara lay-lay kimi gəlirdi. Səməd dayanan kimi uşaqlar yenidən ağlamağa başlayırdılar. Nə etdiksə, uşaqları yatızdıra bilmədik. Yerə qoyan kimi ağlayırdılar. Məcbur olub yenidən onlara süd hazırladım. Südlərini içən kimi yenidən yerlərini islatdılar. Yerlərini qurutdum. Özlərinə gəldilər, yuxuları qaçdı və oynamaq həvəsinə düşdülər. İndi bir nəfər lazım idi ki, onları qucağına götürüb otaqda gəzdirsin.

Günorta oldu, mənsə hələ otağı süpürə bilməmişdim. Uşaqları Səmədin yanında qoyub nahar yeməyi hazırlamağa getdim. Lakin Səməd təkbaşına uşaqların öhdəsindən gəlmirdi. Bir yandan da bayırda hava soyuq idi və uşaqları otaqdan çıxarmaq olmurdu. Güc-bəla ilə yalnız nahar yeməyi hazırlaya bildim. Günorta baldızımdan və qaynanamdan başqa hamı evə qayıtdı. Səmədin qardaşlarına və atasına nahar yeməyi verdim. Süfrəni yığışdırmağa başlayan kimi uşaqlar ağlamağa başladılar. İşlərim qalmışdı. Ya süd hazırlayırdım, ya uşaqların altını dəyişirdirirdim, ya da yatızdırmağa çalışırdım.

Gözlərimi açıb-yumunca axşamüstü oldu və qayınanam qayıtdı. Lakin nə evi süpürmüşdüm, nə həyəti yumuşdum, nə şam yeməyi bişirmişdim, nə də qabları yuya bilmişdim. Üstəlik, Səməd də işindən qalmışdı. Qayınanam bu vəziyyəti görüb bir az hirsləndi. Səməd məni müdafiə edib anasına uşaqların başımıza açdığı oyundan danışdı. Qayınanam daha heç nə demədi. Uşaqları ona verib rahat nəfəs aldıq.

Ertəsi gündən Səməd yenə iş axtarmağa getdi. Qayışda iş tapılmadı, məcbur qalıb Rəzənə getdi. Rəzəndə də iş tapa bilmədiyini görüb çantasını yığdı və Tehrana yollandı.

Bir neçə gündən sonra qayıdıb dedi: “Yaxşı bir iş tapmışam. Tezliklə işə başlamalıyam. Sizə xəbər verməyə gəldim. Heyf ki bayrama qala bilməyəcəyəm. Başqa çarəm yoxdur”.

Çox narahat olub etiraz etdim: “Bu ilki novruz bayramına planlarım var, getmə”.

Səməd məndən çox narahat idi. O dedi: “Olmaz! Nə vaxta qədər xərcimizi ata-anam verəcək?! Daha xəcalət çəkirəm. Özüm işləməliyəm. Gərək öz çörəyimizi yeyək”.

Səməd getdi və mən toyumuzdan sonrakı ilk novruz bayramını tək keçirdim. Ağır günlər idi. Hər gecə göz yaşları içində başımı yastığa qoyurdum və hər gecə də yuxuda Səmədi görürdüm. Həyat yoldaşları ilə çiyin-çiyinə bu evdən o evə gedib bayram payı alan gəlinləri görəndə ağlamağımı güclə saxlayırdım.

Aprelin ortalarında havadan gül-çiçək ətri gəlirdi. Sanki Allah yuxarıdan yaşıl rəngli nə varsa, Qayış torpağına tökmüşdü.

Bir gün ev işləri ilə məşğul olarkən Səmədin kiçik qardaşı Musa küçədən qışqırdı.

- Dadaş Səməd gəldi!

Nə etdiyimi bilmədən ayaqyalın eyvanın hündür pillələrini iki-iki endim. Həyətdə böyük bir parça görüb başıma atdım və küçəyə qaçdım. Səməd gəlmişdi. Gülə-gülə mənə sarı qaçırdı. Əlində iki böyük çanta da vardı. Küçənin ortasında bir-birimizə çatdıq. Dayanıb bir-birimizin gözlərinə baxdıq. Səmədin gözləri dolmuşdu. Məni də ağlamaq tutdu. Birdən gülməyə başladıq. Göz yaşları ilə gülüş bir-birinə qarışdı.

Bir-birimizə salam vermək yadımızdan çıxmışdı. Həyətə qədər çiyin-çiyinə gəldik. Otağımızın önündə Səməd çantaların birini mənə verib dedi: “Bunu sənə gətirdim. Apar otağımıza”.

Evdəkilər Səmədin gəldiyini eşidib onu qarşılamağa çıxdılar. Hamı həyətə toplaşdı. Salamlaşandan, görüşüb-öpüşəndən sonra qayınanamın otağına keçdik. Səməd çantanı yerə qoydu. Hamımız onu dövrəyə alıb vəziyyətini soruşduq. Yarımçıq bir binada suvaqçı kimi çalışırdı. Bir az sonra çantanı açıb atasına, anasına, bacı və qardaşlarına gətirdiyi hədiyyələri verdi.

Hər şey gətirmişdi; yaylıq və şaldan tutmuş, koftaya, şalvara, ayaqqabıya və çətrə qədər. Kübra pəncərədən mənim çantamı görmüşdü və israrla deyirdi ki, sən də hədiyyələrini gətir baxaq.

Utanırdım. Qorxurdum ki, birdən Səməd mənə elə bir şey gətirmiş olar ki, qardaşlarının görməsi yaxşı çıxmaz. Dedim ki, sonra. Baldızım başa düşdü və israr etmədi.

Öz otağımıza gedəndə Səməd tez çantanı açmağımı istədi. Həqiqətən, əlindən gələni etmişdi. Mənə bir neçə yaylıq, ətək və kofta almışdı. Çadralıq və şalvarlıq parçalar, hətta qayçı, tikiş alətləri, sancaq və sabun da almışdı. Çantanın ağzı güclə bağlanmışdı. Dedim: “Nə olmuşdu?! Məgər Məkkəyə getmişdin?!”

Dedi: “Bir şey deyil. Bilirəm ki, bizdə çox əziyyət çəkirsən. On-on iki nəfərə evdarlıq etmək asan iş deyil. Bunlar onun yanında heçnədir”.

Dedim ki, yox, çoxdur.

Gülüb sözünə davam etdi: “Tehrana getdiyim gün özümə söz verdim ki, sənə hər gün bir şey alım. Bunların hər birinin hekayəsi var. İndi de görüm, hansını daha çox bəyəndin?”

Aldıqlarının hamısı qəşəng idi. Hansının daha yaxşı olduğunu deyə bilmirdim. Dedim ki, hamısı gözəldir, sağ ol.

İsrar etdi: “Yox, sən Qədəmin canı, de. De ki, ən çox hansından xoşun gəlir”.

Yenidən hamısına baxdım. Ev şalvarı üçün aldığı parçalar həqiqətən, başqa aləm idi. Dedim ki, bunlar hamısından qəşəngdir.

Sevincindən ayağa qalxıb dedi: “Kaş biləydin bu parçaları alanda nə halda idim! O gün sənə çox darıxırdım. Bunları sənə xüsusi eşqlə aldım. Həmin gün o qədər darıxırdım ki, istəyirdim işi buraxıb hər şeydən vaz keçim və yanına gəlim”.

Sonra qızarmış və dolmuş gözlərini görməyim deyə başını aşağı saldı.

Həmin axşamdan Səmədin qayıtması münasibətilə qonaqlıqlar başlandı. Səmədin qayıtdığını öyrənən qohumlar bizi qonaq çağırırdılar: baldızım Şəhla, Şirincan, bacılarım və qardaşım yoldaşları.

Səməd bütün dəvətləri məmnuniyyətlə qəbul edirdi. Gecəyə qədər qohumların evində oturub deyib-gülürdük. Qayıdandan sonra da Səməd oturub mənimlə danışırdı. O deyirdi: “Mən bu qonaqlıqlara görə səni az görürəm. Sən gedib xanımlarla oturursan, sənin üçün darıxıram. Burada qalacağım bir neçə gündə gərək qədrini bilim. Sonra gedəndə ürəyim yanacaq, həsrət çəkəcəyəm ki, niyə sənə çox baxmadım, səninlə çox danışmadım”.

Bu xoşbəxtlik yalnız bir həftə çəkdi. Həftənin sonunda Səməd getdi. Həmin gün gecəyə qədər otağımda qalıb ağladım.

Evin hər tərəfinə baxanda onu xatırlayırdım. Hər şeydən onun ətri gəlirdi. Heç kəsə və heç bir işə hövsələm yox idi. Ağlamaq üçün kiminsə “gözünün üstə qaşın var” deməsinə bənd idim. Səməd gedəndən sonra özümü tək-tənha hiss edirdim. Ürəyim Hacı ağamı istəyirdi, Şirincana darıxırdım. Səmədin ətri duyulan yorğanı başıma çəkdim. Evimizi istəyirdim: Vay-vay! Hacı ağa, necə ürəyin gəldi qızını belə tək qoyasan?! Niyə daha mənə baş çəkmirsən?! Vay-vay! Şirincan, niyə halımı soruşmursan?!

Həmin gecə yuxuya gedənə qədər ağlayıb yorğanın altında öz-özümə danışdım.

Səhər daha hövsələsiz idim. Tez inciyirdim və sanki hamı mənə özgələşmişdi. Atamın evinə getmək istəyirdim, amma əkizlərin yanına getdim. Altlarını dəyişdirdim, əyinlərinə təmiz paltar geyindirdim. Qayınanam bayıra çıxanda əkizlərin südünü verdim, onları yatızdırıb nahar hazırladım. Gecədən qalmış qabları yudum, evi süpürdüm, əkizləri götürüb otağıma apardım. Nahar yeməyindən sonra yenidən işlərim başlandı: qab yumaq, şam bişirmək, həyəti süpürmək və əkizlərə baxmaq. O qədər yorulmuşdum ki, axşam tez yatdım.

Səhər açılmışdı. Tələsik yuxudan qalxdım, adət üzrə pərdəni çəkib baxdım. Hava işıqlanmışdı. Nə edəcəyimi bilmirdim. Çörək bişmiş və təndirin qapağı qoyulmuşdu. Nə üçün yuxuya qalmışam?! Nə üçün vaxtında ayıla bilməmişəm?! İndi qayınanama nə cavab verəcəyəm?! Hər tərəfini fikirləşdim, gördüm ki, davaya hövsələm yoxdur. Buna görə də, çadramı başıma atıb səssiz-səmirsiz atamgilə qaçdım.

Həyətdə Şirincanı görəndə ağlamağa başladım. Atam evdə idi. Məni görən kimi soruşdu: “Nə olub? Səni kim incidib? Nəsə deyiblər? Niyə ağlayırsan?”

Danışa bilmir, dayanmadan ağlayırdım. Bu ev mənə keçmişi xatırlatmışdı, keçən günlərə darıxmışdım. Dərdimin nə olduğunu heç kim bilmirdi. Deyə bilmirdim ki, ərimə darıxmışam, tək qala bilmirəm və Səməd olmayanda sizin yanınızda qalmaq istəyirəm.

Bir həftə idi atamgildə idim. Səmədə darıxsam da, ata-anamı, bacı və qardaşlarımı görüb sakitləşirdim. Bir gün qapı açıldı və Səməd gəldi. Təəccüblə ona baxdım. Gəldiyinə inanmırdım. Əvvəlcə pis hisslər keçirdim. Düşündüm ki, indi mənimlə dalaşacaq və nə üçün atamgilə gəldiyimi soruşacaq. Lakin o, həmişəki kimi gülür və tez-tez halımı soruşurdu. Darıxdığını və bu müddətdə məndən nə qədər nigaran qaldığını deyirdi: “Deyirdim ki, bəlkə Allah eləməmiş, nəsə bir hadisə baş verdiyinə görə belə həyəcanlıyam və hər gecə pis yuxu görürəm”.

Bir az sonra ata-anam gəldilər. Onlarla da deyib-güldü və sonra üzünü mənə tutub dedi: “Qədəm, qalx gedək”.

Dedim: “Bu gecə burada qalaq”.

Dodağını dişləyib dedi ki, yox, gedək. Çadramı başıma atıb ata-anamla sağollaşdım və ikimiz evdən çıxdıq. Yolda deyib-gülür və mənimlə danışırdı. Kənd kiçikdir, xəbərlər tez yayılır. Hamı bilirdi ki, bir həftədir sağollaşmadan atamgilə gəlmişəm. Buna görə də, Səmədlə məni bir yerdə və sevinc içində görəndə təəccüblə baxırdılar. Heç kəs Səmədin mənimlə belə davranacağını gözləmirdi. Özüm də fikirləşdim ki, yəqin Səmədin məsələdən xəbəri yoxdur. Evə çatanda dayanıb yavaşca dedi: “Qədəm can, sanki heç bir hadisə baş verməyib. Çox adi rəftar elə, həmişəki kimi salamlaş və hallarını soruş. Mən hamı ilə danışmışam ki, səni gətirəcəyəm və heç kəs heç nə deməməlidir. Oldu?”

Rahat nəfəs alıb evə girdik. Səmədin dediyi kimi də etdim. Qayınanam və qayınatam da üz vurmadılar. Bir qədər sonra öz otağımıza keçdik. Səməd otağa qoyduğu çantanı gətirdi. Sevincək açıb dedi: “Gör sənə nələr gətirmişəm!”

Dedim: “Yenə özünü əziyyətə salmısan”.

Gülüb dedi: “Yenə kompliment deyirsən?! Xanım can, bunlar sənə layiq deyil”.

Səmədin qaldığı iki-üç gün həyatımın ən yaxşı günləri idi. Yerimdən tərpənməyə qoymur və deyirdi: “Sən yalnız otur və danış. Sənin üçün darıxmışam”.

Hər gün bir yerdə qonaq idik. Çox vaxt evə yatmağa gəlirdik. Yavaş-yavaş qohum-qonşu və dost-aşna dilləndilər ki, xoş Qədəmin halına, Səməd onu necə də sevir.

Bu sözlər könlümü oxşayırdı, amma o iki-üç gün də ildırım sürətilə ötdü.

Getdiyi gün məni bir tərəfə çəkib dedi: “Qədəm can, mən gedirəm, amma səndən arxayın olmaq istəyirəm. Burada rahatsansa qal, amma əgər çətin keçirsə, atangilə get. Hələlik mənim vəziyyətim bəlli deyil. Bəlkə bir-iki il Tehranda qaldım. Orada da düz-əməlli yerim yoxdur ki, səni aparım. Amma bil ki, bütün səyimi toplayıb tez pul yığmaq və ev almaq istəyirəm. Əgər atangilə getmək istəyirsənsə, get. Ata-anamla danışmışam. Onlar da etiraz etmirlər. Hər şey sənin qərarına bağlıdır”.

Bir az fikirləşib dedim: “Getmək istəyirəm. Burada darıxıram, çox çətin keçir”.

Əsla narahat olmadan dedi: “Onda nə qədər ki mən buradayam, get əşyalarını topla. Özüm aparsam, yaxşıdır”.

Çantamı hazırladım və xoşluqla hamı ilə sağollaşıb atamgilə getdik. Səməd məni onlara tapşırdı, özü isə sağollaşıb getdi.

O gedəndən sonra vücudumdan nəsə qopdu. Daha ondan ayrılığa dözə bilmirdim. Mənə qarşı son dərəcə xoş münasibət göstərmişdi. Yaxşılıqlarını xatırlayıb daha çox darıxırdım. İndiyə qədər kənddə heç bir kişi yoldaşı ilə belə rəftar eləməmişdi. Harada otururdumsa, yaxşılıqlarını söyləyirdim. Ona sevgim günbəgün artırdı. Sanki o da belə olmuşdu. Çünki bir həftədən sonra yenidən peyda olub dedi: “Qədəm, sən mənə nə etmisən?! Həftəsonu çatan kimi ürəyim yerində durmur, fikirləşirəm ki, səni görməsəm, ölərəm”.

Gəldiyi gün qardaşımla gedib əşyalarımızı anasıgildən gətirdi. Həmin gecə Səməd ilk dəfə olaraq atamgildə gecələdi. Bizim kəndimizdə kürəkənin qayınata evində gecələməsi adət deyildi. Səhər yuxudan oyananda utandığından otaqdan çıxmadı.

Səhər və nahar yeməklərini otağa apardım. Axşam paltarını geyinib dedi: “Mən gedirəm. Sən də əşyalarımızı topla, get əmimgilə. Mən burada qala bilmərəm, atandan utanıram”.

Həmin gün hamilə olduğumu bildim. Səmədə heç nə demədim. Ertəsi gün Səmədin əmisigilə getdim. Zavallı tək yaşayırdı. Arvadı bir neçə il öncə vəfat etmişdi. Dedim: “Əmi can, gəl mənə və Səmədə atalıq elə. Bir müddət sizə əziyyət vermək istəyirik”. Sonra da baş verənləri ona danışdım.

Əminin Allahından idi. Gülərüzlə qəbul etdi. Məsələni ata-anama da danışdım və onların köməyilə əşyaları toplayıb gətirdik. Əmi elə həmin gecə evini mənə tapşırdı. Açarını verib qayınanamgilə getdi və biz o evdən daşınmayınca qayıtmadı.

Bir neçə gündən sonra hamilə olduğumu qardaşım yoldaşına dedim. Xədicə anama xəbər verdi. Ondan sonra məni bir an da tək qoymurdular.

Bir aydan sonra Səməd gəldi. Hamilə olduğumu deyəndə yerə-göyə sığmırdı. Qaldığı bir neçə gündə yerimdən tərpənməyə qoymurdı. Həmin səfərdə bacımdan 450 tümənə torpaq aldı. Hər ikimiz çox sevinirdik. Səməd deyirdi: “Bir azdan Tehrandakı binanın işi bitəcək. Daha iş götürmürəm. Gələcəyəm bir yerdə evimizi tikəcəyik”.

Yayın əvvəlində gəldi. Birgə qollarımızı çırmayıb ev tikməyə başladıq. O, bənna oldu, mən də fəhləsi. Bir az sonra qardaşı Teymur da gəlib bizə kömək etdi.

İsti yay idi. Ramazan ayına təsadüf edirdi. Buna baxmayaraq, həm ev tikməyə kömək edirdim, həm də oruc tuturdum.

Bir gün Xədicə ilə hamama getdik. Hamamdan qayıdanda halım pisləşdi. Məni isti vurmuşdu və susuzluqdan ölürdüm. Xədicə üz-başıma nə qədər sərin su töksə də, faydası olmadı. Bütün təaqətim çəkildi. Xədicə canıma düşdü ki, gərək orucunu açasan. Halım pis idi, amma razılaşmırdım.

O dedi: “İndicə gedib ağa Səmədə deyəcəyəm ki, səni xəstəxanaya aparsın”.

Səməd evdə işləyirdi. Dedim ki, yox, o yazıq da orucdur, indi yaxşılaşaram.

Bir qədər sonra halım nəinki yaxşılaşmadı, daha da pisləşdi. Xədicə israrla dedi: “Nə qədər ki özünün və uşağının başına bir iş gəlməyib, orucunu aç”.

Qəbul etməyib dedim ki, yatıb yaxşılaşaram. Xədicə dedi: “Özün bilərsən, mənə nə?! Sabah istedadsız bir uşaq doğanda deyəcəksən ki, kaş Xədicənin sözünə qulaq asaydım”.

Bunu deyəndə diksindim, amma yenə qəbul etmədim. Ürəyimdə deyirdim ki, orucumu yesəm, uşağım dinsiz-imansız olar.

Halım çox pisləşəndə və əl-ayaqlarım titrəyəndə Xədicə Səmədə xəbər vermək üçün çadranı başına atdı. Dedim: “Səmədə demə, həyəcanlanar. Yaxşı, yeyərəm, amma bir şərtlə”.

Bir qədər arxayınlaşmış Xədicə dedi ki, hansı şərtlə?

Dedim ki, gərək sən də orucunu açasan.

Xədicə ağzıaçıq halda mənə baxırdı. Gözləri təəccübdən bərəlmişdi. Dedi: “Sən özündə deyilsən, mən niyə orucumu açım?!”

Dedim: “Mənə dəxli yoxdur, ya ikimiz də orucumuzu pozacağıq, ya da heç nə yeməyəcəyəm”.

Xədicə əvvəlcə vurnuxdu. Yavaş-yavaş huşumu itirirdim, ev başıma hərlənirdi. Bütün bədənim buzlamışdı və əsirdi. Xədicə qaçıb iki yumurta sındırdı və kərə yağı ilə qayğanaq bişirdi. Çörək və göyərti də gətirdi. Qayğanağın ətri burnuma dəyəndə əl-ayağım titrədi və ürəyim əsdi. Bir tikə götürdüm.

Başımı geri çəkib dedim: “Yox... əvvəlcə sən ye”.

Xədicə bezmişdi. Qışqırıb dedi: “Nə hoqqa çıxarırsan?! Sən hamiləsən, ölürsən, mən orucumu açmalıyam?!”

Məni ağlamaq tutdu. Dedim: “Xədicə, sən mənim canım, sən Allah, ye. Mənə görə”.

Xədicə birdən tikəni ağzına qoyub dedi: “Dincəldin?! İndi yeyirsən?!”

Əl-ayaqlarım titrəyirdi. Xədicəni görüb şirə döndüm. Bir tikə çörək götürüb qayğanağın üstünə atdım və yeməyə başladım. Yeyib-doyandan, əl-ayaqlarım cana gələndən sonra Xədicəyə baxdım, o da mənə. Dodaqlarımız qayğanağın yağından parıldayırdı.

Dedim: “İndi bizi kim görsə, orucumuzu yediyimizi biləcək”.

Əvvəlcə Xədicə dodaqlarını çadrasının qırağı ilə sildi, sonra da mən. Lakin nə qədər sürtürdüksə, daha da qızarıb parıldayırdı. Çarə yox idi. Divarın gipsindən bir qədər qoparıb dodaqlarımıza sürtdük. Sonra çadra ilə sildik. Yaxşı fikir idi. Orucumuzu yediyimizi heç kim bilmədi.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə