Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan



Yüklə 0,98 Mb.
səhifə5/16
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31658
1   2   3   4   5   6   7   8   9   ...   16

Cümhuriyətlərin ilk ili
Müttəfiqlərin qələbəsi erməniləri sevindirmişdi. Türklərin təhdidindən qurtulub yeni vətən qurma ümidi ermənilərin içində oyanmışdı. Müttəfiqlər ermənilərə söz vermişdilər ki, ermənilər Osmanlıya qarşı içdən savaş açsalar onların müstəqil olmalarına yardım edəcəklər. Bu zaman erməni birlikləri Aleksandropolu işğal etmiş və İngiltərənin kontrolunda olan Qarsa girməyi bəkləyirdilər. Yeni durum erməni dövlətinə böyük məsuliyətlər yükləyirdi. Xaçaznuni bütün dünya ermənilərini təmsil edən bir hökümət qurmaq amacı ilə 1918-ci il noyabr ayında kualision bir hökümət oluşdurmaq qərarına gəldi. Yeni hökümətdə dörd popolist nazir vəzifəyə gətirildi. Dörd daşnak önəmli postlarda vəzifə aldı. Sirakan Tiqraniyan-xarici işlər naziri, Aram Manokiyan- daxili işlər naziri, Xaçatur Karçikiyan-sosial işlər naziri, Havans Kaçaznuni-başnazir. Ancaq Ermənistanda qıtlıq hər gün çətinliklər yaratmaqdadır. 40 min nəfərdən oluşan erməni ordusu acdır. Yetərincə silahı və mütəxəssisləri yoxdur. Rus zabitlərini orduya almaq zorunda qalmışlar. Üst səviyədə rus zabitlərinin olması erməni əsgərlərinin moralını pozmaqdadır. Ordudan qaçanların sayı hər gün artmaqdadır. Tifus xəstəliyi durmadan can alır. Müdafiə naziri Aram Manokiyan da tifus xəstəliyindən ölür. Sosial işlər naziri Karçikiyan Qarsı satmaqla müttəhim edilib teror edilir. Ancaq o, iddia edildiyi kimi xəyanət etməmişdi. Bütün qonşu ölkələrlə barışcıl münasibətdən yana idi. Daşnak nazirləri gizlincə öz mərkəzlərindən əmr almaqdadırlar. Bu da dövlətin iqtidarını zəiflətməkdədir. Kaçazuni dövlətin gücünün parçalanmasından bezmişdi. Hökümətin başçılığını buraxıb vəzifəsini Xatisyana devr edir.

Azərbaycanda və Gürcüstanda iqtisadi durum yaxşı olmasa da, Ermənistandakı qədər pis deyildi. Azərbaycan və Gürcüstan, türklərin saldırısından zərər görməmişdi. Ayrıca, zəngin təbii qaynaqları var idi. Bu üzdən bu iki ölkənin hökümətləri qiymətlərin artmasına baxmayaraq, xalqa minimal maaş verə bilirdilər.

1919-cu il mart ayında Gürcüstanda məclis üçün seçim keçirilir. Məclisin 130 nümayəndəsinin 109 nəfəri menşevikdir. Qalan kürsülər inqilabçı sosialistlər, demokrat millətçilər və federalist sosialistlər arasında dağıdılmışdı. Məclis sədri Çxen Kelidir. Gürcüstanın yaxşı təchiz edilmiş ordusu və milli quvardiyası 50 min nəfərdən artıqdır.

Azərbaycan məclisi 1918-ci il dekabr ayında Xan Xoyski sədrliyində təsis edildi. Məclisdə 93 nümayəndə var. Əksəriyyəti müsavatçılardı. Inqilabçı sağ sosialistlər də məclisdədir. Yeni Azərbaycan ordusu 30 min nəfərdən artıqdır.


* * *
Gürcüstanda və Azərbaycanda bolşeviklər təqib altına alınsalar da, onlar dekabrın ortalarında Gürcüstanın Tiflisə yaxın Diqomi adlı qəsəbəsində gizlincə toplantı keçirməyi başarırlar. Toplantını yürüdən Mixa Tsxakayadır. Yeni Qafqaz dövlətləri haqqında bolşeviklər bu bəyaniyəni yayırlar: “İnqilab düşməni olan Ermənistan, Azərbaycan və Gürcüstan cümhuriyətləri burjuaziyaya xidmət etməkdən başqa heç bir iş görmürlər. Sinfi düşmənlər qarşısında işçilərin haqqını savunmaq yerinə, burjuaziyanın mənafeyini qorumaq üçün ordu və polis təşkil edirlər. Bu burjualar da İngiltərə imperializminə xidmət etməkdədirlər. İngiltərə onlardan yararlanaraq sovet Rusiyasına saldırmaq istəyir.”27 Toplantı öz bəyaniyəsində partiya təşkilatlarının aktivləşməsini istəyir. Xalqların vicdanlarının oyanması yolunda geniş fəaliyət etməyi önərir. Qafqazın federal sosialist Rusiya tərkibində rahatlayacağını savunur.

1919-cu ilin əvvəllərində Tiflisdə yeni bolşevik komitə seçilir. Batumidə, Potidə, Suxomidə və Gürcüstanın digər yerlərində yeni komitələr təşkil edilir. 1919-cu ilin yanvar ayında Rusiya kommunist partiyasının təşəbbüsü ilə Qafqaz bolşeviklərinin ikinci konferansı Vladiqafqaz şəhrinə dəvət edilir. Konferansın rəisi Orconikidzedir. Orconikidze “Milliyətindən, məzhəbindən asılı olmayaraq işçilərdən və əkinçilərdən Qafqazı qanlı macəraya doğru sürükləyən kapitalizmə bağlı bu rejimləri devirməyi”28 istəyir. Konferans yeni məhəlli komitənin tərkibini bəlli edir. 1919-cu il april ayında Tiflisdə internasionalist-spartakist gənclərin konferansı keçirilir.29 1300 üzvü olan bu təşkilatın 13 nümayəndəsi konferansa qatılır. Gənclər Ermənistandan, Azərbaycandan və Gürcüstandan gəlmişlər. Sentyabr ayında Mikoyanın başçılığı ilə bu təşkilatın Bakıda ikinci konferansı keçirilir. Təşkilat kommunist Rusiya gənclər təşkilatı ilə birləşmə qərarı alır.

Bakı kommunasının dağılması və Bakının türklər tərəfindən işğal edilməsi bolşevikləri çox zəif duruma düşürmüşdü. Musavatçılar və işğalçı ingilislər tərəfindən bolşeviklər təqib edilməkdədir. Bu üzdən bolşeviklər çətin də olsa, gizlincə təşkilatlanırlar. 1918-ci il dekabr ayında keçici bir biro təşkil edilir. Həştərxan zindanından dönən Mikoyan 1919-cu ilin mart ayında Bakıdakı yeni bolşevik komitəsinə qatılır. Komitə Gəncədə, Şamaxıda, Lənkəranda və digər bölgələrdə nümayəndəliklərini açır. İyun ayının 16-da Qafqaz bolşeviklərinə yardım amacı ilə Moskvada xalq komiserlər şurası bir komitə təşkil edir və Qafqaza nümayəndələr göndərir. Bu nümayəndələr özləri ilə təbliğat vərəqələri də daşıyırlar. Bu təbliğat vərəqələri Nərimanovun kontrolunda Həştərxanda nəşr edilmişdi. Müstəqil Qafqaz cümhuriyətlərinin ortaya çıxması milli duyğuları alovlandırmışdı. Milli duyğular, özəlliklə marksist görüşə yabancı olan müsəlmanlar arasında daha da qabarıq şəkildə oyanmışdı. “Hümmət” partiyasının üzvləri düşünürlər ki, yalnız milli bir təşkilat xalqın bu partiyaya qatılmasına imkan yarada bilər. Mikoyanın da təşviqi ilə milli bolşevik partiyasını təsis etmək qərarına gəlirlər. Mikoyan bu təşkilatın gələcəkdə sovet Azərbaycanında da aktiv olacağını söyləyir. Ağamalıoğlu, Qarayev və Hüseynov “Hümmət” və menşevikləri təmsilən məclisdədirlər və müsavatçılara qarşıdırlar. Onlar da Azərbaycan bolşevik partiyasının təsisindən yanadırlar. Hümmətin üzvünü milli bolşevik partiyası qurmağa onlar da həvəsləndirirlər. Bir neçə gün sonra Zaqafqaziya partiyaları konferansına bir qətnamə göndərilir. May ayında Orconikidze gizlincə Bakıya gəlir və 28-29 mayda keçirilən komitənin ümumi toplantısında iştirak edir. Komitə ilk dəfə olaraq sovetlərin içində bağımsız cümhuriyətlər kimi Azərbaycan, Ermənistan, Gürcüstan cümhuriyətləri anlayışını qəbul edir. Yalnız bu cümhuriyətlər yaxın birlik və dostluq zəminində oluşmalı idi. Komitə bu qərarını Moskvaya göndərir. İyul ayında Moskvada sovet kommunist partiyası bu təklifi incələyir. Lenin Nərimanovla görüşdükdən sonra avqustun 20-də özəl katibəsi Yelena Stasovadan Azərbaycan adının qəbulu və “Sovet Azərbaycanı”nın təsisi ilə bağlı onun razılığını bildirən bir məktub hazırlamasını istəyir.30
* * *
Ermənistanda bolşeviklər, özəlliklə Aleksandropolda, Qarsda, Sarıqamışda vədigər yerlərdə rus əsgərlər arasında çox etkilidirlər. Tiflisdə Rusiya (bolşevik) sosialist işçilər partiyasının konqrəsi sona çatdıqdan sonra mərkəzi komitə Ermənistana bir çox təbliğatçı göndərdi. 1917-ci il oktyabrın 8-də Şaomiyan Aleksandropola getdi. Orda bir toplantıda əsgərlərə xitabən nitq söylədi. O, menşevikləri tənqid edib və onların imperialist xarakterli savaşı savunmalarını məhkum etdi. Eyni vaxtda Mikoyan Loruya, Buryan Qarsa, Kurqanov Sarıqamışa getdilər. Ancaq onların bu təbliğatları sadəcə bir neçə partiya şöbəsi oluşdurmaqla nəticələndi.

Ermənistan məclisində bolşeviklərin sadəcə bir nümayəndəsi var. Ancaq çox aktivdir. Bu adam Arşavir Məlikiyandır. 1918-ci il avqustun 12-də məclisdə ılımlı bir nitq söyləyir. O, daşnakların əməllərini tənqid etsə də, erməni dövlətinə qarşı bir şey söyləmir. Məlikiyan Rusiyada hansı rejimin hakim olmasından asılı olmayaraq isti münasibətin qorunmasından yanadır. Çünkü ona görə Rusiya hər durumda Ermənistanla dost dövlət olmaq məcburiyyətindədir. Məlikiyan deyir: “Şimalın bu nəhəng dövləti Qafqaza laqeyd qala bilməz. Çünkü son yüz il ərzində siyasi və iqtisadi baxımdan Qafqazla qaynayıb qarışıbdır. Bütün dünya ilə bağlarını qoparmış olan Ermənistan cümhuriyəti davam etməkdə olan bu durumda öz həyatını sürdürə bilməz.”31 Məlikiyan təklif edir ki, Qafqazda iqtisadi baxımdan Rusiyaya bağlı olan bir federasion qurulmalıdır, yoxsa “Böyük balıqlar kiçik balıqları udacaqlar.”32

1919-cu ildə Gürcüstanda və Azərbaycanda bolşevikləri sıxışdırırlar. Bir çox erməni kommunist o cümlədən Baqrat Caniyan, Aram Yərzinkiyan və Sərkis Xanuyan Ermənistana sığınırlar. Maraqlı olan burasıdır ki, erməni dövləti onları çox yaxşı qarşılayır, hətta onlara dövlətdə vəzifə də verilir. Bunun bir səbəbi ola bilərdi. Erməni dövləti bolşeviklər vasitəsi ilə Lenin Rusiyası ilə münasibət qurmaq istəyirdi. Erməni dövləti hesab edirdi ki, onlar azərilərin və gürcülərin ifrat millətçiliklərinin qurbanlarıdır. Bakıda çalışan bir çox erməni işçi də Azərbaycanı tərk edib Ermənistana getmək zorunda qalır. Bütün bu gəlişmələr bolşeviklərin Ermənistanda tərəfdar toplamalarına səbəb olur. Partiya təşkilatları Aleksandropolda, Qarsda və İrəvanda aktivləşməyə başlayır. İrəvanda bolşeviklərin nəşr etdikləri “Spartak” qəzetinin yayımı dövlət tərəfindən durdurulduqdan sonra bolşeviklərin ən fəalı olan Ğukasiyan və yoldaşları daşnaklara qarşı açıq mübarizəyə başlayırlar.

Sentyabr ayında müxtəlif bolşevik təşkilatların nümayəndələri İrəvana çağrılırlar. Bayəzid və Qars kimi bölgələrin nümayəndələri İrəvandakı toplantıya qatıla bilmirlər. Bu toplantıda “Ermənkom” (Erməni Kommunist (bolşevik) Partisyası Komitəsi) adında bir orqanizm təsis edilir. Kasiyan, Mraviyan, Xanuyan, Məlikiyan, Şahverdiyan, Ğukasiyan orqanın idarə heyyətinə seçilirlər. Ancaq idarə heyyətinin üzvləri arasında ixtilaf ortaya çıxır. Kasiyana görə erməni kommunistlər, sanki kapitalist bir ölkədə deyil, Rusiyadan qopmuş müstəmirə ölkədə yaşarcasına davranmalıdırlar. Bu görüşə ermənkom üzvləri şiddətlə qarşı çıxırlar. İdarə heyyətinin istəyi üzərinə Kasiyan bu görüşündə dəyişiklik edib və “Qurtuluş yolu nədir?” başlıqlı bir məqalə yazıb yayır. Kasiyana görə sovet rejiminin Ermənistanda qurulmasının tək yolu daşnak hökümətinin devrilməsidir. Bunun dışında başqa bir yol yoxdur.33

Ingiltərənin Qafqazdakı komutanlığı bolşeviklərin artan nüfuzunu gözdən qaçırmamaqdadır. Sürəkli olaraq erməni dövlətini uyarmaqdadır. Aleksandropolda və Qarsda bolşevik komitəsinin təsisi ingilis komutanı rahatsız etməkdədir.

Sentyabrın 15-də Ermənistan ordusunun xəfiyyəsi Rusiyadan və Gürcüstandan bir çox bolşevik təbliğatçıların Ermənistana girdiklərini dövlətə xəbər verir.34 Ancaq anlaşılan odur ki, bu xəbərlər erməni dövlətini heç də narahat etməmişdir. Böyük ehtimalla ermənilər bolşevik axınını Rusiya ilə yaxınlaşmaq üçün bir fürsət kimi dəyərləndirmişlər.

Ermənistan kommunist partiyasının rəsmi təsisindən öncə 1920-ci il yanvar ayında “Ermənilərin kommunist partiyası” adında bir təşkilat qurulmuşdu. Bu təşkilat 1918-ci ilin əvvəllərində Baqrat Buryanın təklifi ilə Haykuni, Vardaniyan, Qaragülyan, Yeramiyan kimi erməni aydınları tərəfindən qurulmuşdu. Təşkilatın amacı ermənilər arasında, özəlliklə muxtarlığı nəzərdə tutulan Türkiyə Ermənistanında marksist görüşləri yaymaq idi. Menşeviklər bu qrupu Tiflisdən uzaqlaşdırıb “Qızıl günlər” adlı qəzetlərini də qapatdılar. Onlar Gürcüstanda sıxışdırıldığında Moskvaya qaçdılar və orada erməni kommiserliyinin sədri Avansov tərəfindən xoş qarşılandılar. Bu qrupun başında duran haykunu Qafqaz məhəlli komitəsinin iqtidarını rəsmiyyətə tanımır. O, iddia edir ki, onun təşkilatının Cənubi Rusiyada və Şimali Qafqazda çoxlu tərəfdarları vardır.

Ancaq bu yeni “partiya”nın ölkədə kökü yoxdur. Onlardan biri daha sonralar deyir ki, “Ermənistan kommunist partiyası bir neçə erməni ziyalısının xəyalında mövcud idi, gerçəklikdə elə bir partiya yox idi. Əkinçiləri və işçilər onların adını belə eşitmək istəmirdilər.”35 “Haykunist”lərin davranışı erməni bolşevikəri rahatsız edir. Haykuni Ermənistan Kommunist Partiyasının nümayəndəsi kimi Rusiya bolşevikləri tərəfindən rəsmiyyətə tanınmışdır. 1919-cu ilin mart ayında Moskvada keçirilən ilk Uluslar Arası Kommunist Konqrəsində Haykoni Ermənistan kommunist partiyasını təmsilən iştirak edir. Haykuni konqrədə söylədiyi nitqdə daşnakları təhqir edir və onları yolkəsən alçaqlar olaraq tanımlayır. Qafqaz burjua partiyalarını da siyasi fahişələr olaraq adlandırır. Kommunistlərin iqtidarını Ermənistanda bərqərar edəcəklərinə söz verir. Moskva Haykuni və tərəfdarlarına maddi yardım göstərir.


Ümidlər və ümidsizliklər
Almaniyanın Qafqaz nümayəndəliyi Ermənistan dövlətinə Batumi müqaviləsinin İstanbulda təsdiq ediləcəyini söylədiyində ermənilərdə zəif bir ümid közərməyə başlar. Ermənilər Müqavilədə keçən ağır şərtlərin yumşalacağına ümid bağlayırlar. Siyasətçidən daha çox ədəbiyyatçı olan Aharoniyan başçılığında bir heyyət 1918-ci il iyun ayının sonlarında Bosfor boğazına çatır. Heyyət Ənvər və Tələt tərəfindən soyuq qarşılanır. Ermənilərə heç bir imtiyaz tanımırlar. Ancaq bir neçə aydan sonra savaşdakı məğlubiyəti durumu dəyişdirir. İndi ermənilər türklərin 1914-cü il sınırların rəsmiyyətə tanınmasını rədd etməkdədirlər. Ermənilər müttəfiqlərin qələbəsini özləri üçün bir şans olaraq görürlər.36

Versay barış konferabsında Osmanlı imperatorluğunun aqibəti bəlli edilməli idi. Savaş sürəsincə müttəfiqlərə sadiq qalan ermənilər bütün Ermənistan üçün bağımsızlıq bəkləməkdə idilər. Aharoniyan rəisliyində yeni heyyət 1919-cu il fevral ayının əvvəllərində Parisə gedir. 1918-ci ilin sentyabr ayından etibarən Parisdə Erməni Milli Şurasının qərargahı var idi. Şuranın rəisi Boğus Nobər paşa idi. O, 1912-ci ildə Qərbi Ermənistanda gerçəkləşdirməyə çalışdığı bəzi islahata görə Avropa diplomatik mühitində tanınmaqda idi. Mondoros tərki-savaş müqaviləsinin imzalanmasından bir ay sonra yurddışı ermənilər camiəsini təmsilən Boğus Nobər, Aharoniyanın təmsilçiliyini inkar edir və deyir ki, o, sadəcə “Ararat Cümhuriyyəti”nin nümayəndəsidir. Erməni tərəfində durum qarışmışdı. Ancaq hər iki erməni heyyəti ixtilafı azaltmağa çalışır. Bu üzdən də birləşib bir tək heyyət halına gəlirlər. Bütün Ermənistanı təmsil edən bir heyyətə dönüşürlər. Müttəfiqlər onların istəkləri ilə razılaşsalar da, onların müzakirə masasına oturmalarını rədd edirlər. Müttəfiqlərin birinci çözmələri gərəkən problem Almaniya məsələsidir. Fransa, əski müttəfiqi olan Rusiya ərazilərinin parçalanmasını istəməməkdədir.

1919-cu ilin fevral ayında Ermənistana sığınan Qərbi Ermənistan erməniıləri ikinci qurultaylarını keçirirlər. Qurultay, Paris Erməni Milli Şurasının çalışmalarını yekdilliklə dəstəkləyir. Ayrıca, Boğus Nobərin 1918-ci ildə elan etdiyi Böyük Ermənistanı qurma fürsətini əldə etmək üçün Ermənistan milli məclisində təmsil olunmaq istəyirlər. Bu bəyan mayın 28-də Ermənistanın bağımsızlığının ilk ildönümündə gerçəkləşir. Milli şura tərəfindən Boğus Nobər Parisdə yaxşı qarşılanmır. Bu üzdən Boğus Nobəri dəstəkləyən popolistlər hökümətdən çəkilirlər. İnqilabçı sosialistlər və sosial demokratlar da popolistləri dəstəkləməkdədirlər. Çünkü Qərbi Ermənistanı təmsilən 12 daşnak nümayəndəsinin məclisə girməsini qəbul etmirlər. Bunu onların etibarını ortadan qaldırmaq üçün daşnakların manevrası kimi qəbul edirlər.

Gürcüstan nümayəndə heyyətinin belə problemi yoxdur. Gürcüstan heyyəti mart ayında Parisə daxil olur. Heyyətin başında Çxeidze və Sereteli durmaqdadır. Gürcülər Versay sülh müzakirəsinə təqdim etdikləri sənəddə əllərində mövcud olan ərazilərdən başqa Ulti, Ərdahan və Trabzonu da istəməkdədirlər.

Azərbaycan nümayəndə heyyətini Topçubaşov təmsil edir. Topçubaşov Qarsı, İrəvanın bir bölümünü və Tiflisi öz ölkəsinə qatmaq istəyir. Bu üç heyyətə bir də Heydər Bəmat başçılığında Şimali Qafqaz heyyəti artırılır. Bu heyyət də Qafqazın konfederal olmasından yanadır. Müzakirə boyunca heyyətlər öz istəklərini anlatmaq üçün Parisdə dəyişik uluslar arası qurumlarla görüşürlər. Müzakirə İranın xarici işlər nazirinin baş məsələhətçisi Əliquluxan iştirak edir. Əliquluxanın təklifləri müzakirəni çətin duruma soxur. İran xarici işlər nazirinin baş məsələhətçisi Qafqazın bir bölümünün və türküstanın İrana aid olduğunu savunur. Deyir ki, bu bölgələr İranın tarixi əraziləridir və 19-cu əsrdə Rusiya işğal etmişdi.

Öz istəklərini avropalılara anlatmaqda zorlanan ermənilər ümidsizləşərək Amerikaya üz tuturlar. Amerika erməniləri dəstəkləməkdədir. 1919-cu ildə qıtlıqdan əziyyət çəkən Qafqaz ermənilərinə ABŞ ərzaq yardımında bulunmuşdu. Türkiyə ilə barış şərtlərini incələmə sürəcində müttəfiqlər arasında ixtilaflar ortaya çıxır. Müttəfiqlərdən hər biri Osmanlı torpaqlarından daha çox pay qoparmaq istəyir. Sonunda Ermənistanla bağlı qərar verirlər. Müttəfiqlər ABŞı ermənilərin qəyyumu kimi təklif edirlər. Ancaq ABŞ bu haqda münasibətini açıqlamadığı üçün Türkiyə heyyəti ilə müzakirəni ertələyirlər.

ABŞ prezidenti Vilsonun təşəbbüsü ilə Anadoluda və ermənistanda gerçəkləri öyrənmək üçün general Harburd görəvləndirilir. Ermənistanın yazqısı bəlli olana qədər polkovnik Heskel Ermənistanda ali komiser olaraq təyin edilir. Heskel Qafqazda çox sərbəst davranır və müttəfiqlərə qarşı laqeyddir. Fransanın Qafqazdakı ali komiseri Martel onun haqqında yazır: “Heskel Ermənistana maddi yardım amacı ilə təyin edilmişdir. Ancaq o, görəvinin sınırını aşmaqdadır. Qərargahını Tiflisdə yerləşdirmiş. Qafqazın bütün işlərinə müdaxilə edir. Ermənilər onun bu davranışından ümidsizliyə uğramışlar. Çünkü artıq ABŞın maddi yardımlarından xəbər yoxdur. Vaşinqton, sanki Ermənistana maddi yardım edəcəyini unutmuşdur.”37

Heskel 1919-cu ilin dekabr ayında İrəvana gedir. Ancaq Erməni höküməti ondan əsla xoşlanmır. Çünkü ərzaq paylama yetkisi tamamən onun əlindədir. Gürcüstan dövləti Şimali Qafqazda bulunan əski Çar ordusunda xidmət edən erməni ordusunun keçişinə izn vermir. Bu da ərzağın gürcü torpağından tranzitində problem yaradır. Bu xəbəri eşidən Heskel bəyan edir ki, “Bu hadisə ABŞ yardım əməliyyatından bacalma siyasətinin göstərgəsidir. Onlar bizi təhdid edərək zorla un almaq istəyirlər.”38

Digər tərəfdən general Harburd bütün Anadolunu dolaşıb erməni rəhbərləri ilə müzakirə edir. Fransanın İrəvandakı hərbi təmsilçisi Harburdun müzakirələri bağlı Parisə yazırdı: “General Harburd ABŞın Türkiyə və Qafqaz üzrə təmsilçisidir. Gürcüstan və Azərbaycanla bağlı Rusiya faktoru söz qonusudur. Yeni Rusiya özünü toparladıqdan sonra Qafqazı geri istərsə, ABŞın cavabı nə olacaq? Ermənistan və Türkiyə ilə bağlı məsələ çox sadədir. General ermənilərin türklər tərəfindən təhdid ediləcəyini təsəvvür etmir. Çünkü o, öz arabası ilə bütün Anadolunu başdan ayağa gəzib dolaşmış və çox az sayıda türk əsgəri görmüş. O, türk əsgərlərinin əmrində olan dağınıq dəstələri görmüş. Türklər ona ermənilərdən qorxduqlarını söyləmişlər. Türklər demişlər ki, əsgərlərinin miqdarını 50 min nəfərə çatdıran ermənilər hücuma keçərək Paris konferansında onlara verilməsi planlanan əraziləri işğal edə bilərlər. Generala görə ermənilər və türklər arasında barış müqaviləsinin imzalanması çox asan məsələdir. Generala görə Ermənistana qarşı təhdid Türkiyədən deyil, Azərbaycandan yönəlməkdədir. General Bakıda daha qətiyyətlə danışmağı planlamış.” Daha sonra davam edərək belə nəticə alır: “Generalın Anadoludakı sürətli gəzintisi ona Türkiyə gerçəkliyi ilə uzaqdan yaxından əlaqəsi olmayan təsir buraxa bilər. Onun Bayəzid və Naxcıvandakı bələdçisi bir tatardır. Bu bölgələr 1918-ci ildə erməni-türk savaşları nəticəsində tamamən viran edilmişdir. Bu tatar adam viran edilmiş kəndləri ona Türkiyə kəndləri və savaşdan zərər görməmiş kəndləri isə, erməni kəndləri kimi göstərmişdir.”39

1919-cu ilin sonlarında ABŞ öz qəyyumluğu ilə bağlı qərar verməlidir. Harburdun göndərəcəyi məlumatı gözləyirlər. Artıq harburdun məlumatı ABŞın qərar verici orqanlarındadır. Parisdə Yaxın Şərq üzrə müzakirələr davam edərkən Rusiyada bolşevik qarşıtı hərəkətlər güclənməkdədir. 1919-cu ilin iyun ayında general Denikin Şimalı Qafqazı işğal etdi. Bolşevikləri məğlub edərək Dağıstana girdi. Qaradənizə doğru irəliləyib Gürcüstan və Azərbaycan sınırlarına çatdı. Denikin Qafqazın Rusiya ilə birləşməsindən yana idi. Ermənistan dövlətinin Tiflisdəki nümayəndəsi Kişmişov Denikinə xəbər göndərir ki, onun nümayəndəsi olan general baratovla verimli müzakirələr aparmışlar. Gegeçkori başqanlığında Gürcüstan höküməti və Xan Xoiski başqanlığında Azərbaycan höküməti ağ ordunun ilhaqçı siyasətindən əndişələnməyə başlamışdılar. İyun ayının 9-da Ermənistan dövlətinə Denikinə qarşı ortaq savunma təklifində bulunurlar. Rusları qəzəbləndirmək istəməyən ermənilər bu təklifi rədd edirlər. Çünkü Paris konferansında Rusiya Ermənistanın istiqlalından yana mövqe sərgiləyirdi. İyun ayının 16-da gürcüstan və Azərbaycan arasında ortaq savunma müqaviləsi imzalandı. Ermənistana da onlara qatılmaq üçün 15 gün sürə tanıyırlar. Ermənistanın bu müqaviləyə qatılmaması Ermənistan və iki Qafqaz qonşusu arasında dərin uçurum yaratdı. Ermənistanı rusçuluqla suçladılar. Erməni qaçqınlar İrəvan hökümətinin onlarla ədalətli davranmadığını irəli sürürdülər. Onlarla Ararat cümhuriyyətində ikinci dərəcli vətəndaş kimi davranıldığını iddia edirdilər. Qafqaz ermənilərinin rusçuluğu yanlış olsa da, bu siyasi yönəliş türklərdən gələn təhdid üzündən ortaya çıxmışdı. Bu təhdid hələ də davam etməkdədir. Qafqazın dışında olan Ermənistanın böyük bir bölümü türklərin işğalında idi. Ortaya belə bir sual çıxır: Qafqaz regionu ilə sınırlı olmayan böyük Ermənistan politikası reallıqla uyğunluq təşkil edirdimi?

Ağ ordunun ilhaqçı təhdidi ilə qarşılaşan gürcüstan və Ermənistan İngiltərədən yardım istəmək zorunda qalırlar. İngiltərənin siyasəti Denikinlə bağlı iki yönlüdür: Denikin bolşeviklərlə savaşdığı üçün müttəfiqlərin dəstəyini qazanmamışdımı? Digər tərəfdən ingilislər də keçmiş almanlar kimi uzun vədədəki Qafqazdakı stratejik mənafelərini düşünürdülər. Bu səbəbdən İngiltərə xarici işlər nazirliyinin üst düzey yetkililəri Qafqazı öz himayələrinə almaqdan yanaydılar. Bir tərəfdən Bakı petrolu onların diqqətini çəkməkdə idi, digər tərəfdən də Rusiyadakı iç savaşdan yararlanaraq Qafqazı Rusiyadan ayırmaq üçün bir fürsət doğmuşdu. İngiltərə Denikinin irəliləməsini durdurmaq üçün bəzi önləmlər alsa da, Denikin ordusu bu əngəlləri aşıb irəliləmələrinə davam etdi. Denikin Gürcüstan və Azərbaycan dövlətlərindən onunla əməkdaşlıq etmələrini tələb etdi. İngiltərə xarici işlər naziri Lord Curzon Qafqazın müstəqilliyindən yanadır. Oktyabrın 4-də Tiflisdəki nümayəndəsi Aliver yazır: “Qafqaz Denikinlə düşmənlik edib və onunla savaşmaq istəyirsə, bizim onlara gərəkdiyindən artıq dəstək verməmiz mümkün deyildir.”40 Bolşeviklər iki düşmən arasında qalmışdılar. Bir tərəfdən ingilislər, digər tərəfdən də ağ ruslar onları təhdid etməkdə idi. Bolşeviklər Qafqaz əhalisini Denikinə qarşı üsyana çağırdılar. Bir uçaq, gürcü dilində Tiflisdə havadan vərəqələr səpdi. Əsgərləri və yoxsul əkinçiləri qızıl orduya qatılmağa çağırırdılar. Amerikanın altunları ilə bəslənən Denikinə və qara kolçakların generallarına qarşı savaşa çağırırdılar. Fransa hərbi heyyətinin bölgə ilə bağlı verdiyi məlumata görə “Hətta bolşevik olan əhalidə də milli duyğular ortaya çıxmışdır. Bu üzdən Maxaradze, Kaftaradze kimi coşqun bolşeviklər belə, fəaliyyətlərini Rusiyadan ayrı bir anlayış üzərinə oturtmuşlar.”41

May ayında bolşeviklərin təhriki ilə Bakıda müsavatçılara və ingilislərə qarşı ard-arda nümayişlər keçirilir. Bolşeviklərin menşeviklərlə bir yerdə Denikinə qarşı planları məğlubiyyətə uğrayır. İngilislər istər Qafqazda, istər onun dışında başlarını sonu görünməyən bir savaşa soxmuşlar. İstər ağ, istər qırmızı şəkli ilə rusların Qafqaza dönüşlərini əngəlləyə bilməyəcəklərinin fərqindədirlər. Ayrıca, İngiltərənin iç politikasında da gərginlik var. İşçi partiya hökümətin işğalçı siyasətini tənqid edir. Olayların bu şəkildə cərəyan etməsi İngiltərəni Qafqazı boşaltmağa zorlayır. İtaliya İngiltərənin Qafqazdakı yerini doldurmaq üçün aday göstərilir. Ancaq İtaliyanın yeni baş naziri əski baş nazir kimi ruslarla qarşı-qarşıya gəlmək fikrində deyil. İngilislərin Qafqazı boşaltmaq istəyini görən Azərbaycan dövləti fransızlardan yardım istəyir. İlk ingilis hərbi birimi avqustun sonlarında Bakını tərk edir. Fransanın İstanbuldakı ali komiseri Fransa xarici işlər nazirliyində azərilərin mütərcimliyini edir: “Mən bu xüsusda Denikinin yanında Fransanın nümayəndəsi olan general Manjenə məsaj göndərmişəm. Müttəqfiqlərin nəzarətində olan bakı Şimali Qafqaz üsyançılarına yardım etməzsə, bəlkə Denikin Azərbaycana saldırmaya bilər. İngilislərin də xoş qarşıladıqları türk millətçi zabitlərin Bakıdakı fəaliyyətləri durdurulmalıdır.”42

Azərbaycan ordusunun tərkibində bir çox Türkiyə təlimçiləri var idi. Bu zabitlərdən bir çoxu Qafqaz dağlarında ruslara qarşı savaşan üsyançılara yardım etmək üçün Dağıstana getmişdilər. Hətta deyilirdi ki, sentyabrın 5-də Gürcüstan və Azərbaycan “ikinci dəfə olaraq Ərzuruma Mustafa Kamalın yanına bir gürcü və bir erməni olan iki zabit göndərmişlər. Onlar Mustafa Kamaldan Dağıstanən məzhəbi rəhbəri olan Uzun Hacıya yardım istəmişlər.”43

Müsavat dövləti Dağıstanın Azərbaycan üçün nə qədər önəmli olduğunu bilirdi. Bu üzdən Dağıstanı qorumaq üçün müsavat dövləti hər şeyə əl atırdı. Avqustun 8-də Fransanın Qafqazdakı yeni ali komiseri öz dövlətinə teleqram göndərir ki, Azərbaycan və Gürcüstan ingilis ordu komutanlarından Qafqazda qalmalarını istəmişlər. İngilis ordusunun bütün xərcini öz üzərlərinə götürməyə hazırdılar.44 Ancaq bu əməllərin hamısı nəticəsiz qalır. İngilislər avqust ayından etibarən Bakını tərk etməyə başlayırlar. Onlar, yalnız Batumidə 1920-ci ilə qədər qalırlar. Fransanın Qafqazadkı nümayəndələri Qafqazların ingilislər tərəfindən işğalını bu ibarələrlə anlatmışlar: “İngiltərənin siyasəti diqqətsiz və qeyri-ciddidir. 23000 ingilis işğalçı ordusunun olmasına baxmayaraq, müttəfiqimiz bu bölgədə çox zəifliklər göstərmişdir. Türklərin Qafqazı boşaltması sırasında ingilislər ermənilərlə gürcülər arasında baş qaldıran savaşı durdura bilmədilər. 300 min erməni qaçqının Qarsa və İrəvana dönmələri üçün İngiltərə təşəbbüs göstərmədi. 1919-cu ildə Şuşada və Naxcıvanda erməni qətllərinin qarşısını ala bilmədi.”45



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə