ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
  1   2   3   4   5   6   7   8   9   ...   55


ŞƏRQ EKSPRESSINDƏ QƏTL 
(roman) 
 
I HISSƏ 
FAKTLAR 
 
I fəsil 
Toros ekspressində önəmli yolçu 
 
Şaxtalı bir qış səhəri idi. Yerli vaxtla saat beşdə dəmiryol kitabçalarında təntənəli 
surətdə “Toros” adlandırılan ekspress Hələb stansiyasının platforması boyunca 
düzülmüşdü. Ekspress vaqon-restorandan, yataqlı vaqondan və iki daxili xətt 
vaqonundan ibarət idi.  
Yataqlı vaqonun pilləkənləri önündə əynində Fransa ordusunun qəşəng uniforması 
olan gənc bir leytenant dayanmışdı, qatbaqat şərf və kaşneylə qulaqlarına qədər 
bərk-bərk bürünmüş qısaboylu bir adamla söhbət edirdi, bu adamın qızarmış 
burnuyla bığının yuxarı qıvrılan sivri uclarından başqa heç bir tərəfi görünmürdü.  
Dondurucu bir ayaz vardı. Bu hörmətli qonağı ötürmək işi bir o qədər ürəkaçan 
deyildi, ancaq leytenant Dübosk vəzifəsini mərdliklə yerinə yetirməyə çalışırdı. 
Ağzından fransızca bəlağətli kəlmələr daşıb-tökülməkdəydi. Əslində, nə baş 
verdiyini dərindən bilmirdi. Düzdür, adətən, belə hallarda olduğu kimi, qarnizonda 
cürbəcür söhbətlər dolaşırdı. Generalı, leytenant Düboskun tabeçiliyində olduğu 
həmin o generalı razı salmaq get-gedə çətin olmağa başlamışdı. Sonra haradansa, 
bəlkə də, İngiltərənin özündən, həmin bu belçikalı durub gəlmişdi. Tam bir həftə 
ərzində bütün qarnizon anlaşılmaz gərginlik içərisində olmuşdu. Sonra bir-birinin 
ardınca qəribə hadisələr baş vermişdi. Çox tanınmış bir zabit intihar etmişdi, bir 
başqası da birdən-birə istefa vermişdi. Həyəcanlı anlar geridə qalmış, bəzi ehtiyat 
tədbirlərindən vaz keçilmişdi. Düboskun əmrində olduğu həmin o general da, 
sanki, birdən-birə on yaş gəncləşmişdi.  


Təsadüfən Dübosk naməlum adamla “öz” generalı arasında gedən söhbətin bir 
azını eşitmişdi. General həyəcanla: “Siz bizi xilas etdiniz, dostum, – demişdi. 
Danışarkən çal bığları titrəyirdi. – Siz fransız ordusunun şərəfini qorudunuz. Qan 
tökülməsinə mane oldunuz! Çağırışıma qulaq asdığınız üçün sizə necə təşəkkür 
edəcəyimi bilmirəm. Durub ta buralara qədər gəldiniz...” 
Bu sözlərə Erkül Puaro adlı əcnəbi uyğun bir şəkildə cavab vermişdi: “Nə 
danışırsınız, general, məgər sizin bir dəfə həyatımı xilas etdiyinizi unuda 
bilərəmmi?” General da öz növbəsində, adətən, belə hallarda işlədilən söz 
birləşmələrini dilə gətirmiş, sonra Fransa və Belçika, şərəf və şöhrət kimi şeylərdən 
söz açaraq qucaqlaşmışdılar. Söhbət bununla da tamamlanmışdı. 
Leytenant söhbətin nədən getdiyini hələ də bilmirdi, ancaq hər halda, heç olmasa, 
müsyö Puaronu “Toros” ekspressinə mindirmək vəzifəsi ona tapşırılmışdı. O da 
bunu gələcəyi parlaq gənc bir zabitə yaraşacaq bir həyəcanla və şövqlə yerinə 
yetirirdi. 
Leytenant Dübosk:  
– Bu gün bazar günüdür, – dedi. – Sabah, yəni bazar ertəsi axşam İstanbulda 
olacaqsınız. 
Bu sözləri ilk dəfə söyləmirdi. Ancaq, adətən, qatar tərpənməzdən öncə stansiyada 
edilən söhbətlərdə eyni şeylər beləcə təkrarlanır. 
Müsyö Puaro:  
– Tamamilə doğrudur, – deyə onun söylədiyini təsdiq etdi.  
– Yəqin ki, İstanbulda bir neçə gün qalacaqsınız.  
– Mais oui1. İstanbulu heç vaxt görməmişəm. Oradan belə tez-tələsik keçmək 
heyif olar. – Sürəti ifadə etmək üçün barmaqlarını şaqqıldatdı. – Onsuz da, heç 
yerə tələsmirəm. Orada turist kimi bir neçə gün qala bilərəm. 
– La Sainte Sophie2 çox gözəldir, – leytenant Dübosk dedi, halbuki həyatı boyu bir 
dəfə də olsun, bu məbədi görməmişdi. 
Soyuq bir külək vıyıldayaraq perronda dolaşdı, onları daha da büzüşməyə vadar 
etdi. Leytenant xəlvətcə saatına göz atdı. Beşə beş dəqiqə qalmışdı. Yəni qatarın 


yola düşməsinə cəmi beş dəqiqə qalırdı! Qonağın onun saata baxdığını hiss 
edəcəyindən təlaşa düşüb tez-tələsik arada yaranmış səssizliyi pozmağa çalışdı: 
– Bu mövsümdə çox az yolçu olur, – deyərək arxadakı yataqlı vaqonun 
pəncərələrinə baxdı. 
Müsyö Puaro da onunla eyni fikirdə olduğunu bildirdi.  
– Həqiqətən, elədir. 
– Toros dağlarında qar fırtınasına tutulmayacağınıza ümidvaram. 
– Belə şeylər də olur? 
– Olur, əlbəttə. Ancaq bu il hələ ki olmayıb. 
Müsyö Puaro:  
– Elə isə, yenə də olmayacağına ümid edək, – dedi. – Avropadan gələn hava 
xəbərlərində nə deyirlər, ürəkaçan bir şey var? 
– Çox pis xəbərlər var. Balkanlarda dəhşət qar yağıb. 
– Eşitdiyimə görə, Almaniyada da eləymiş. 
Yenə aralarında bir səssizlik olacağını hiss edən leytenant Dübosk tələsik:  
– Boş şeydir, – dedi. – Sabah axşam səkkizə iyirmi dəqiqə qalmış İstanbulda 
olacaqsınız. 
Müsyö Puaro:  
– Bəli, – mızıldandı. Sonra da tez-tələsik sözlərinə davam etdi. 
– Müqəddəs Sofiya məbədi... Eşitdiyimə görə, qeyri-adiymiş. 
– Bəli, çox gözəl olduğunu deyirlər... 
Elə bu zaman arxalarındakı yataqlı vaqon kupelərindən birinin pərdəsi aralandı və 
gənc qadın çölə baxdı. Mari Debenham cümə axşamı Bağdaddan ayrıldığı vaxtdan 
bəri, demək olar, yatmamışdı. Nə Kərkükə gedərkən qatarda, nə Mosuldakı 
sərnişinlər üçün ayrılmış istirahət otağında fərli-başlı yata bilmişdi. Bir gecə 


bundan əvvəl qatarda da eləcə. İndi həddən artıq qızdırılmış kupenin boğucu 
istisində yarıoyaq yatmaqdan sıxılaraq qalxıb çölə baxmışdı. 
Bura Hələb olmalı idi. Ancaq görməyə bir şey yoxdu. Sadəcə, uzun, yaxşı 
işıqlandırılmamış bir perron; haradasa, yaxınlıqda ərəbcə acıqlı söyüşmə səsləri 
eşidilirdi. Pəncərəsinin düz aşağısında isə iki adam fransızca danışırdı. Bunlardan 
biri fransalı zabit, o biri isə yekəbığlı bir adamdı. Mari Debenham xəfifcə 
gülümsədi. İndiyə qədər belə sıx-sıx sarınıb-bürünmüş birini görməmişdi. Hər 
halda, bayır çox soyuq idi. Qatarı da bu üzdən hədsiz isidirdilər. Pəncərəni aşağı 
endirməyə çalışdı, ancaq gücü çatmadı. 
Yataqlı vaqonun bələdçisi həmin iki adama yaxınlaşdı.  
– Qatar indi tərpənəcək, – dedi. – Cənablar, qatara minmək vaxtıdır.  
 
Arıq-uruq adam şapkasını çıxardı. Mari Debenham : “Başı da eynilə 
yumurta kimidir”, – deyə düşündü, kefi olmasa da yenə özünü saxlaya bilməyib 
güldü. Gülünc görünüşlü, arıq bir adam. Adətən, belələrini heç kim ciddi qəbul 
etmir. Leytenant Dübosk son sözlərini söyləyirdi. Bunları öncədən hazırlamış və 
son ana saxlamışdı. Çox gözəl, parlaq, qısa bir nitq idi bu. 
Müsyö Puaro söz altda qalmamaq üçün ona eyni şəkildə cavab verdi. 
Yataqlı vaqonun bələdçisi: “Qatara minin, lütfən”, – dedi. 
Puaro bütün varlığıyla gənc zabitdən ayrılmağın onun üçün nə qədər çətin 
olduğunu göstərərək ayağını pilləkənlərə qoydu. Bələdçi də onun ardınca gəldi. 
Puaro əlini yellədi. Leytenant Dübosk hərbi salam verdi. Qatar şiddətlə 
silkələnərək yavaş-yavaş tərpəndi.  
– Enfin1, – deyə mızıldandı Puaro. 
– Oooff... – deyərək leytenant Dübosk soyuqdan büzüşdü – ayazın nə qədər kəskin 
olduğunu yalnız indi hiss etmişdi. 
– Baxın, müsyö. – Bələdçi ifadəli bir hərəkətlə Puaroya kupenin gözəlliyini və 
çamadanlarının nə qədər nizamla yerləşdirildiyini göstərdi. – Müsyönün kiçik 
çamadanını buraya qoydum.  
Əlini mənalı bir tərzdə uzatmışdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə