ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   2   3   4   5   6   7   8   9   ...   55

Erkül Puaro bu ələ qatlanmış kağız pul dürtüşdürdü. 
– Təşəkkür edirəm, müsyö. – Bələdçi dərhal işgüzar görkəm aldı. – Müsyönün 
biletləri məndədir. İndi pasportunuzu da rica edəcəyəm. Bildiyimə görə, müsyö 
İstanbula qədər gedəcəkmiş? 
– Tamamilə doğrudur, – Puaro təsdiq etdi. Sonra da, – ilin bu vaxtında qatarda o 
qədər də yolçu yoxdur, deyəsən, – deyə soruşdu. 
– Elədir, müsyö. Sizdən başqa, sadəcə, iki yolçum var. İkisi də ingilisdir. Biri 
Hindistandan bir zabit, digəri isə Bağdaddan gənc bir ingilis ledisi. Müsyönün bir 
şeyə ehtiyacı varmı? 
Müsyö kiçik bir şüşə “Perre” suyu istədi. 
Qatarla səyahət üçün səhər saat beş çox da uyğun bir vaxt deyildi. Dan yeri 
sökülənəcən hələ iki saat vaxtını birtəhər keçirməliydi. Gecə düz-əməlli yata 
bilməmişdi və qəliz bir missiyanı bacarıqla həll etdiyindən doğan məmnunluq 
hissilə Puaro bir küncə büzüşərək, gözünə yuxu gedəcəyinə əmin olmasa da, 
yuxulamağa çalışdı. 
Oyandığı zaman saat onun yarısı olmuşdu. İsti bir qəhvə içmək üçün vaqon-
restorana yollandı. 
İçəridə təkcə bir yolçu var idi o saatda. Bələdçinin dediyi gənc ingilis ledisinin o 
olduğu o saat anlaşılırdı. Uzunboylu, incə və əsmərdi. İyirmi səkkiz yaşında olardı. 
Səhər yeməyini sakit-sakit yeməyindən və qarsona : “qəhvə gətir”, – deməyindən 
yolçuluğa alışmış və görüb-götürmüş olduğu bilinirdi. Qatarın havasına çox uyğun
incə materialdan hazırlanmış tünd rəngli bir yol paltarı vardı əynində. 
Başqa bir işi olmayan Erkül Puaro qızı hiss etdirmədən gözdən keçirərək 
əylənməyə çalışdı.  
“Qətiyyətli gənc bir qadın, – deyə düşündü, – belələri heç vaxt başını itirməz”. 
Sərbəst və işgüzar görkəmi vardı. Hətta qızın ciddi ifadəli üzünün cizgiləri və 
dərisinin bəyazlığı xoşuna da gəlmişdi. Dalğalı, parlaq, qara saçlarını və soyuq 
baxışlı qonur gözlərini də bəyənmişdi. “Ancaq bezdirici sayılmayacaq qədər ciddi 
və işini bilən bir qız”, – deyə qərar verdi. 


Bir az sonra vaqon-restorana bir nəfər daha girdi. Yaşı qırxla əlli arası, ucaboylu, 
çəlimsiz, arıq bir adamdı. Gicgahları çallaşmışdı.  
Puaro öz-özünə: “Hindistandan gələn polkovnik”, – dedi.  
Yeni gələn xəfifcə əyilərək qızı salamladı:  
– Sabahınız xeyir, miss Debenham. 
– Sabahınız xeyir, polkovnik Arbetnot. 
Polkovnik qızın qarşısındakı stula əlini uzatmış halda dayanmışdı.  
– Sizə mane olmaram? – deyə soruşdu. 
– Əlbəttə, yox. Buyurun, oturun.  
– Bilirsiniz, çox adam səhər yeməyində çənə vurmaqdan xoşlanmaz. 
– Elədir. Ancaq qorxmayın, mən sizi dişləmərəm. 
Polkovnik oturdu.  
– Ay uşaq! – amiranə bir tərzdə qarsonu çağırdı, yumurta və qəhvə sifariş elədi.  
Gözləri bir an Erkül Puaroya tərəf axdı. Sonra laqeydcə başqa yana çevirdi. 
İngilisin ürəyindən keçənləri asanlıqla oxuyan Puaro adamın öz-özünə: “Yaramaz 
bir əcnəbi” – deyə düşündüyünü anladı. 
İki ingilis, milli adətlərinə uyğun bir şəkildə artıq danışmayıb bir neçə kəlməylə 
kifayətləndilər. Sonra qız qalxaraq öz kupesinə yollandı. 
Günorta yeməyində iki ingilis yenə eyni masada oturdular və üçüncü yolçunu da 
yenə görməməzliyə vurdular. Söhbətləri səhər yeməyində olduğundan daha 
canlıydı. Polkovnik Arbetnot Pəncab haqqında danışır, aradabir qızdan Bağdad 
haqqında soruşurdu, söhbətdən aydın olurdu ki, qız orada tərbiyəçilik edirmiş. 
Söhbətin gedişində ortaq tanışlarının olduğu anlaşılınca söhbətləri daha da qızışdı 
və yalançı rəsmiyyət də aradan qalxdı. Köhnə dostları Tommini, hansısa Cerrini 
yada saldılar. Polkovnik Arbetnot bir ara qızdan: 


– Birbaşa İngiltərəyəmi gedəcəksiniz, – deyə soruşdu, – yoxsa İstanbuldamı 
qalacaqsınız? 
– Yox, mən İstanbulda qalmaq fikrində deyiləm. 
– Və buna heç təəssüf də etmirsiniz? 
– İki il əvvəl mən bu yolu getmişəm və o zaman üç gün İstanbulda qalmışdım. 
 
– Başa düşdüm. Nə gizlədim, mən buna çox sevindim, çünki mən də heç bir 
yerdə dayanmaq fikrində deyiləm.  
Yersiz bir şəkildə əyilərək gülümsədi. Üzü bir az qızarmışdı. 
Erkül Puaro kinayəli-kinayəli: “Bizim polkovnik qadın gözəlliyinə laqeyd deyil”, – 
deyə düşündü. Bunları düşünmək əyləncəli idi. Nə etmək olar, romantik 
sərgüzəştlər üçün qatar da dəniz yolçuluğu qədər əlverişli sayılır. 
Miss Debenham sakit tövrlə yol yoldaşı olduqlarına sevindiyini söylədi, ancaq 
bunu söyləyərkən qarşısında oturmuş adamın xam xəyallarına heç bir ayaqyeri 
qoymadu. 
Erkül Puaro polkovnik Arbetnotun qızı kupeyə qədər ötürdüyünü gördü. Ekspress 
şahanə mənzərəli Toros dağlarından keçirdi. İki ingilis koridorda yan-yana dayanıb 
Külək boğazına doğru baxarkən qız birdən-birə dərindən içini çəkdi. Onların 
yaxınlığında duran Puaro Mari Debenhamın yavaşca dediyi sözləri eşitdi: 
– Gözəlliyə bir baxın... Kaş mən də...  
– Necə? Nə dediniz? 
– Kaş bütün bunlardan zövq ala bilsəydim.  
Arbetnot cavab vermədi. Kvadrat çənəsi daha ciddi və sərt bir ifadəyə bürünmüş 
kimiydi.  
– Kaş siz bu işə heç qarışmamış olaydınız, – dedi. 
– Susun... Rica edirəm, susun. 
– Nə olacaq ki! – Polkovnik bir az da öfkəylə Puaroya doğru baxdı. Sonra 
sözlərinə davam etdi. – Amma sizin tərbiyəçilik etmə fikriniz heç xoşuma gəlmir. 


Dəli-cinli anaların və zəhlətökən balaca uşaqların əmrlərinə boyun əymək 
məcburiyyətində qalacaqsınız. 
Qız ürəkdən güldü. Əvvəlki təmkini yox olmuşdu.  
– Ah, belə düşünməməlisiniz. Hər kəs tərəfindən əzilən mürəbbiyə əfsanəsi artıq 
keçmişdə qalıb. Əmin olun, əslində, analar və atalar məndən çəkinirlər. 
Başqa bir şey söyləmədilər. Bəlkə də, Arbetnot o şəkildə həyəcanla danışdığı üçün 
utanmışdı.  
Puaro öz-özünə: “Burada maraqlı bir komediya oynanmaqdadır”, – dedi. 
Bu müşahidəsini o daha sonra dəfələrlə xatırlayacaqdı.  
O gecə on ikinin yarısında qatar Konyaya çatdı. İki ingilis açılışmaqdan ötrü 
platformaya çıxdılar, qarlı perronda aşağı-yuxarı var-gəl etməyə başladılar. 
Puaro isə qələbəlik stansiyada baş verənləri pəncərə arxasından seyr etməklə 
kifayətləndi. Ancaq, on dəqiqədən sonra bir az hava almanın heç də pis 
olmayacağına qərar verdi. Diqqətlə hazırlaşdı. Üst-üstə geyindi, şərflərə sarındı, 
laklı ayaqqabılarının üzərinə qaloşlarını keçirdi. Sonra da çəkinə-çəkinə perrona 
endi və yeriməyə başladı. Lokomotivin yanından keçərək irəlilədi. 
Bir yük vaqonunun kölgəsində duran naməlum iki qaraltının kim olduğunu yalnız 
eşitdiyi səslərdən anlaya bildi.  
Arbetnot danışırdı: 
– Mari... 
Qız həyəcanla onun sözünü kəsdi.  
– Yox, yox, indi olmaz. Hər şey bitəndən sonra, bax onda. O hadisələr geridə 
qalsın... o zaman... 
Müsyö Puaro nəzakətli davranaraq o saat geri döndü. Karıxıb qalmışdı: miss 
Debenhamın səsini güclə tanımışdı, çünki bu səs onun həmişəki quru və işgüzar 
səsi deyildi.  “Çox maraqlıdır”, – öz-özünə dedi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə