ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   2   3   4   5   6   7   8   9   ...   55

baxışdan o, xeyirxah insanlara xas olan yumşaqürəkli bir insan kimi görünürdü. 
Dazlaşan başı, geniş alnı və ağappaq qoyma dişlərini göstərən gülümsəməsi... 
bütün bunlar onun insanları sevən, mərhəmətli bir adam olduğunu göstərirdi. Lakin 
gözləri bu təəssüratı yalana çıxarırdı. Kiçik, çuxura düşmüş və hiyləgər baxışlıydı 
bu gözlər. Gənc dostuna nə isə söylərkən baxışlarını salonda gəzdirdi və bir anlığa 
gözü Puaroda ilişib qaldı. Bu gözlərdə əcaib bir kin ifadəsi və anlaşılmaz həyəcan 
vardı.  
Dərhal ayağa qalxdı.  
– Hesabı ödə, Hektor, – dedi. Səsi xırıltılı idi. Bu səsdə nəsə əcaib, gizli bir təhlükə 
ifadəsi vardı. 
Puaro vestibüldə dostuyla görüşdüyü zaman bu iki amerikalı da oteldən ayrılırdılar. 
Gənc adam çamadanların aşağıya endirilməsiylə məşğul olan xidmətçiyə göz 
qoyurdu. Sonra şüşə qapını açaraq:  
– Hər şey hazırdır, cənab Retçett, – dedi. 
Yaşlı adam nəsə mızıldanaraq bayıra çıxdı. 
Puaro:  
– Bu iki adam haqqında nə düşünürsünüz? – deyə soruşdu. 
Müsyö Buk:  
– Onlar amerikalıdır, – dedi. 
– Amerikalı olduqları bəllidir. Mən şəxsiyyətləri haqqında nə düşündüyünüzü 
soruşdum. 
– Gənc oğlan üzüyola və xoşxasiyyətli birinə bənzəyir. 
– Bəs o biri? 
– Sizə doğrusunu söyləyim, dostum, bu adam məndə çox pis təəssürat doğurdu. 
Lap açığı, o qəti mənim xoşuma gəlmədi. Bəs sizin? 
Erkül Puaro o saat cavab vermədi. Nəhayət, dilləndi: 


– Yemək salonunda yanımdan keçəndə qəribə bir duyğuya qapıldım, – deyə 
mızıldandı. – Sanki, vəhşi bir heyvan... daha doğrusu, yırtıcı, əsl yırtıcı bir heyvan 
yanımdan keçmişdi! 
– Halbuki zahirən çox möhtərəm bir insan kimi görünür. 
– Elədir ki var! Zahiri görkəmi son dərəcə sayğı oyadır. Ancaq gözləri… sanki, 
barmaqlıqların arxasından vəhşi heyvan bayıra baxır. 
Müsyö Buk:  
– Fantaziyanız çox genişdir, dostum, – dedi. 
– Ola bilər. Ancaq bayaq mənə elə gəldi ki, yanımdan şər qüvvə daşıyan bir şey 
keçdi. Təsirindən hələ də çıxa bilməmişəm. 
– Yəni, o möhtərəm amerikalıya görə, elə deyilmi? 
– Bəli, o möhtərəm amerikalıya görə. 
Müsyö Buk nəşəylə:  
– Eh, – dedi. – Ola bilər. Bu dünyada o qədər şər adam var ki. 
Bu zaman qapı açıldı və xidmətçi içəri girdi. Onlara doğru gələrkən üzündə təlaşlı 
və günahkar bir ifadə vardı. Puaroya:  
– İnanılmaz bir şeydir, müsyö, – dedi, – qatarda bir dənə də olsun birinci dərəcəli 
yataqlı kupe yoxdur. 
Müsyö Buk:  
– Necə? – deyə bağırdı. – İndi, bu mövsümdə? Başqa cür ola bilməz, ya bir 
jurnalist qrupu var, ya da bir diplomat qrupu!  
Qapı xidmətçisi üzünü ona tərəf tutaraq:  
– Bilmirəm, cənab. Ancaq kupe tapmaq mümkün deyil. 
– Eybi yoxdur, – müsyö Buk Puaroya baxdı. – Heç narahat olmayın, dostum. Bir 
çıxış yolu taparıq. Şərq ekspressində hər zaman boş bir kupe olur – 16 nömrəli 


kupe. Bunu bələdçi həmişə ehtiyatda saxlayır. – Gülümsədi, sonra da başını 
qaldırıb saata baxdı. 
– Haydı, yola çıxmaq zamanı gəldi. 
Stansiyada Müsyö Buku qəhvəyi uniformalı yataqlı vaqon bələdçisi hörmətlə 
qarşıladı.  
– Xoş gəldiniz, cənab. Siz bir nömrəli kupedəsiniz. 
Hambalları çağırdı. Hamballar əşyaları üzərində “İSTANBUL–TRİEST–KALE” 
yazılmış vaqona doğru daşıdılar. 
– Eşitdiyimə görə, sizdə bu gün hər yer doluymuş. 
– İnanılmayacaq bir şeydir bu, müsyö. Bütün dünya bu gecə yolçuluğa çıxmağa 
qərar verib sanki. 
– Nə olursa olsun, bu ağaya bir yer tapmalısan. Mənim dostumdur. 16-cı nömrədə 
qala bilər. 
– Ora da verildi, müsyö. 
– Necə? 16-cı nömrə verildi? 
Hər ikisi vəziyyəti başa düşdüklərini ifadə edən baxışlarla bir-birilərinə baxdılar. 
Sonra bələdçi gülümsədi. Ortayaşlı, ucaboylu, solğunbənizliydi.  
– Bəli, müsyö. Söylədim axı... hər yer doludur. 
Müsyö Buk əsəbiliklə soruşdu.  
– Axı burada nə baş verir? Bir yerdə toplantımı var? Yolçuluğa çıxan bir qrupmu 
var? 
– Xeyr, cənab. Sadəcə, bir təsadüfdür. Bir çox insan bu gecə yola çıxmağa qərar 
verib. 
Müsyö Buk sıxıntı içərisində öz-özünə donquldandı.  


– Belqradda Afinadan gələn vaqonu birləşdirəcəklər. Sonra Buxarest – Paris 
vaqonu da var. Ancaq Belqrada biz sabah axşam çatacağıq. Sizi ancaq bu gecəliyə 
bir yerdə yerləşdirmək lazımdır. Boş ikincidərəcəli kupe də yoxunuzdur? 
– İkincidərəcəli yataqlı kupe var, cənab... 
– Həə, nə yaxşı... 
– Ora ancaq bir qadını yerləşdirə bilərik. Kupedə bir alman qadın var indi. Bizim 
bir sərnişinin xidmətçisidir. 
Müsyö Buk:  
– Vay vay, – dedi. – Heç bəxtimiz yox imiş. 
Puaro:  
– Kefinizi pozmayın, dostum, – deyərək gülümsədi. – Mən adi vaqonda da gedə 
bilərəm. 
– Olmaz, olmaz. – Buk təkrar bələdçiyə tərəf döndü. – Bütün yolçular gəldimi? 
Bələdçi:  
– Doğrusunu söyləsəm, bir yolçumuz hələ gəlməyib, – deyə tərəddüdlə cavab 
verdi. 
– Davam edin! 
– Yeddinci nömrə. İkinci dərəcəlidə. Yolçu hələ gəlməyib, qatarın yola düşməsinə 
isə cəmi dörd dəqiqə qalıb.  
 
– Yolçu kimdir? 
– Bir ingilisdir. – Bələdçi əlindəki siyahıya baxdı. – A.M.Harris adında biri. 
Puaro:  
– Bu ad yaxşı əlamətdir, – dedi. – Mən Dikkensi oxumuşam. Cənab Harris1 
gəlməyəcək. 
Müsyö Buk:  


– Müsyönün çamadanlarını yeddinci nömrəyə daşıyın, – deyə əmr etdi. – Əgər bu 
cənab Harris gələrsə, ona çox gecikdiyini söyləyərik. Yerlərin bu qədər uzun 
zaman saxlanmadığını ona başa salarıq. Axır ki, bu məsələni birtəhər yoluna 
qoyarıq. Cənab Harrisdən mənə nə? 
– Siz bilərsiniz, cənab. – Bələdçi, Puaronun hambalıyla danışdı. Ona haraya 
gedəcəyini söylədi. Sonra da belçikalının qatara minməsi üçün pilləkənlərin 
önündən çəkildi. 
– Axırdan ikinci kupe, cənab. 
Puaro uzun koridorla irəliləyərək deyilən kupeni tapdı, içəridə “Tokatlıyan” 
otelində gördüyü uzunboylu gənc amerikalı vardı. Rəfdəki bir çamadana doğru 
əlini uzatmışdı.  
Puaronu görən kimi qaşqabağını tökdü:  
– Bağışlayın, güman edirəm, siz səhv gəlmisiniz. – Sonra ağır-ağır bu sözləri 
fransızca təkrarladı: – Je crois que vois avez une erreur. 
Puaro ingiliscə cavab verdi:  
– Siz cənab Harrissiniz?   
– Xeyr, mənim adım Makkuindir. Mən... 
Bu zaman Puaronun arxasından bələdçinin təntimiş günahkar səsi eşidildi:  
– Qatarda başqa yataqlı kupe yoxdur, müsyö. Bu cənaba buranı vermək 
məcburiyyətində qaldıq.  
Bu sözləri deyərək bələdçi koridorun pəncərəsini aşağıya endirdi. Puaronun 
çamadanlarını alaraq içəriyə daşımağa başladı. Puaro bələdçinin üzr istəyirmiş 
kimi danışmasını bir az istehzayla dinləmişdi. Görünür, amerikalı ona kupeyə 
başqa adam gətirməsə, bəxşiş verəcəyini söyləmişdi. Ancaq şirkətin müdirlərindən 
birinin qarşısında bələdçi bir şey edə bilməzdi.  
Belçikalının çamadanlarını rəflərə yerləşdirən bələdçi kupedən çıxdı:  
– Baxın, müsyö, hər şey yerli-yerindədir. Sizin yeriniz üst yataqdadır. Yeddinci 
nömrədə. Qatar bir dəqiqə sonra hərəkət edəcək.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə