ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   47   48   49   50   51   52   53   54   55

– Bu cinayətin ikinci versiyası da var. Baxın, mən buna necə gəlib çıxmışam. 
Hamını dinlədikdən sonra yerimi rahatlayıb gözlərimi yumdum və arxaya söykənib 
düşünməyə başladım. Bəzi diqqətəlayiq məqamlar vardı. Bu məqamları dostlarıma 
söylədim. Bir hissəsini də açıb danışdım. Məsələn, pasportdakı yağ ləkəsi və başqa 
şeyləri... Buna görə də mən yerdə qalan məqamların üzərində dayanacağam. 
Bunlardan birincisi, qatar İstanbuldan çıxdıqdan sonra burada ilk günorta yeməyini 
yediyim zaman gördüyüm bir şeydir. Salonda hər millətdən və hər sinifdən insan 
vardı. Öz-özümdən belə qarışıq bir qrupun başqa şərtlər altında bir araya gəlib-
gəlməyəcəyini soruşdum və bu cavabı verdim: bu, sadəcə, Amerikada ola bilər. 
Amerikada belə qarışıq millətlərdən çox adamın oturduğu bir ev ola bilər. Bir 
italyan sürücü, bir ingilis mürəbbiyə, isveçli dayə, alman otaq xidmətçisi və s. Bu 
da mənim özümə aid olan “ehtimal” oyununa başlamağıma səbəb oldu. Yəni pyesi 
səhnəyə qoymağa hazırlaşan rejissor kimi mən də hər kəsə bir rol verməyə 
başladım. Bunun sayəsində çox maraqlı və insana məmnunluq verən nəticələrə 
gəlib çıxdım. 
Bundan başqa, hər kəsin hadisə haqqında danışdıqlarını beynimin süzgəcindən 
keçirdim. Nəticə çox əcaib oldu. Misal üçün, cənab Makkuinin əvvəl danışdıqlarını 
götürək. Onunla apardığım ilk söhbət məndə heç bir şübhə oyatmamışdı. Ancaq 
ikinci söhbətimizdə qəribə bir söz söylədi. Ona Armstronq hadisəsindən bəhs edən 
kağız parçasını tapdığımızı söylədiyim zaman: “Axı o...” – dedi və duruxdu. Sonra 
da “Yəni... – deyə davam etdi, – qoca diqqətsizlik etmiş”, – dedi. 
Əslində, başqa bir şey söyləmək istəyərkən sözü dəyişdirdiyini hiss etdim. Bəlkə 
də, belə fərz edək ki, o:  “Bəs o kağız parçası yanmadı?” – deyəcəkdi. O halda, 
demək, cənab Makkuin kağız parçasının yandırıldığını bilirmiş. Yəni, o ya qatildir
ya da qatilin yardımçısı. Çox yaxşı. Bu barədə bu qədər. 
Keçək nökərə. Ağasının qatarla səyahət etdiyi zaman yuxu dərmanı içmək adəti 
olduğunu söylədi. Bu, doğru ola bilər. Ancaq Retçett dünən gecə yuxu dərmanı 
içərdimi sizcə? Yastığının altındakı avtomatik tapança bu iddianın yalan olduğunu 
ortaya qoymaqdadır. Retçett dünən gecə tətikdə gözləmək niyyətindəydi. Həmin 
yuxu dərmanı ona xəbəri olmadan verilmişdi. Kim tərəfindən? Makkuin, ya da 
nökər tərəfindən, əlbəttə. 


İndisə cənab Hardmanın ifadəsinə gəlirəm. Onun mənə öz şəxsiyyəti haqqında 
söylədiklərinin hamısına inandım. Ancaq söhbət onun cənab Retçetti qorumaqdan 
ötrü istifadə etdiyi üsullara gəlincə, danışdığı hekayə gülünc görünməyə başladı. 
Retçetti əsaslı bir şəkildə qoruya bilmək üçün gecəni onun kupesində, ya da, heç 
olmasa, qapını görə biləcəyi bir yerdə keçirməli idi. Danışdıqlarından bir şey açıq 
şəkildə anlaşılırdı. Başqa vaqonlardan heç kimsə Retçetti öldürmüş ola bilməzdi. 
Demək, dövrə qapalı idi – qatili yalnız İstanbul – Kale vaqonunda axtarmaq lazım 
idi. Mənə çox qəribə və izah edilməsi imkansız kimi göründü, amma bu məsələni 
daha sonra düşünmək üçün bir kənara qoydum. 
Artıq siz hamınız miss Debenhamla polkovnik Arbetnot arasında olan söhbətin bir 
hissəsini eşitdiyimi bilirsiniz, hər halda. Mənim üçün maraqlı olan, polkovnikin 
onu “Mari”, deyə çağırması və onunla səmimi olduğunun hiss olunmasıydı. 
Halbuki miss Debenhamla polkovnik Arbetnot özlərini, guya, bir neçə gün öncə 
tanış olmuş adamlar kimi aparırdılar. Və mən polkovnik tipində olan ingilisləri 
yaxşı tanıyıram. Gənc bir xanıma hələ ilk görüşdə aşiq olsalar belə, daima ağır-
ağır, nəzakətlə hərəkət edərlər, heç bir zaman işi tələskənliyə gətirməzlər. Bax 
buna görə, əslində, miss Debenhamla polkovnik Arbetnotun bir-birilərini yaxşı 
tanıdıqlarına, amma bir səbəb üzündən yad kimi davrandıqlarına qərar verdim. 
Başqa kiçik bir məqam isə miss Debenhamın Amerikada şəhərlərarası və ya 
beynəlxalq telefon danışıqları üçün istifadə edilən uzaq məsafəli danışıq 
ifadəsindən xəbərinin olması idi. Halbuki miss Debenham mənə Amerikaya heç 
getməmiş olduğunu söyləmişdi. 
İndi də başqa bir şahidə gələk. Xanım Habbard yataqda yatdığı yerdən ara qapının 
sürgülü olub-olmadığını görmədiyini söylədi. Buna görə də miss Olsondan qapıya 
baxıb yoxlamasını xahiş etmişdi. İndi... əgər xanım Habbard 2, 4 və ya 12, ya da 
hər hansı bir cüt nömrəli kupedə qalsaydı, bu sözləri doğru ola bilərdi. Çünki cüt 
nömrəli kupelərdə sürgü düz qapı dəstəyinin altındadır. Habbardınkı kimi təksaylı 
kupelərdə isə sürgü dəstəyin çox yuxarısındadır və hamam torbası bunun üstünü 
örtə bilməz. Bax buna görə də xanım Habbardın olmayan bir hadisəni 
uydurduğunu düşündüm. 
İndi isə burada zamanlar haqqında bir-iki kəlmə söyləməyimə icazə verin. Mənim 
üçün əzilmiş saatın ən çox maraq doğuran tərəfi onun tapıldığı yerdir. Yəni 
Retçettin pijamasının cibi. İnsanın saatını qoymaq üçün ağlına gəlməyəcək çox 


narahat bir yer. Üstəlik, yataqların baş tərəfində də saatların taxılması üçün kiçik 
çəngəllər var. Bax buna görə saatın qəsdən pijamanın cibinə qoyulmuş olduğu 
nəticəsinə gəldim. Belə olan halda cinayət ikiyə on beş dəqiqə işləyəndə 
törədilməmişdi. 
Buradan belə nəticəyə gəlmək olarmı ki, cinayət daha əvvəl işlənmişdir? Və ya lap 
dəqiq desək, birə iyirmi üç dəqiqə qalmış? Dostum müsyö Buk məni yuxudan 
oyadan o fəryad səsinin bir dəlil kimi əhəmiyyətli olduğunu irəli sürür. Ancaq 
Retçettə artıq dozada yuxu dərmanı verilmişdi. Ona görə də qışqıra bilməzdi. 
Bağıracaq halda olsaydı, o zaman özünü qorumaq üçün boğuşmağa çalışardı. 
Kupedə belə bir boğuşma olduğunu göstərəcək heç bir şey yox idi. 
Cənab Makkuinin bir dəfə deyil, iki dəfə cənab Retçettin fransızca bilmədiyinə 
diqqətimizi yönəltmək istəməsi yadıma düşdü. Özü də ikinci dəfə bunu çox 
naşılıqla etmişdi. Nəticədə birə iyirmi üç dəqiqə qalmış oynanan oyunun sırf 
mənim üçün hazırlanmış bir komediya olduğuna qərar verdim! Saat məsələsinin iç 
üzünü hər kəs görə bilərdi. Detektiv hekayələrində tez-tez rast gəlinən bir oyundur. 
Bu komediyanı hazırlayanlar saat oyununun əsl səbəbini başa düşməyəcəyimi, 
dərrakəli olduğuma görə öz-özümü təbrik edərək Retçettin fransızca bilmədiyini 
xatırlayacağımı, beləliklə, saat birə iyirmi üç dəqiqə qalmış eşitdiyim səsin onun 
olmadığını və onun daha öncə öldüyü qənaətinə gələcəyimi fikirləşiblər. Ancaq 
mən Retçettin saat birə iyirmi üç dəqiqə qalmış hələ yuxu dərmanının təsiriylə 
dərin yuxuya daldığına inanıram. 
Ancaq qurduqları oyun öz işini gördü! Mən qapımı açaraq bayıra baxdım. Onların 
işlətdiyi fransızca kəlmələri də eşitdim. Bu sözlərin mənasını qavraya bilməyəcək 
qədər avam davrandığım təqdirdə cənab Makkuin açıq şəkildə bunları deyəcəkdi: “ 
Bağışlayın, müsyö Puaro, danışan cənab Retçett ola bilməzdi, çünki o, fransızca 
bilmirdi”. İndi bizim cavab verməli olduğumuz sual bundan ibarətdir: cinayət 
əslində nə zaman işlənib? Retçetti öldürən kimdir?  
Mənim fikrimcə... əlbəttə, bu, sadəcə, mənim fikrimdir... Retçett ikiyə qalmış 
öldürülüb. Doktor da ən gec, saat ikidə öldürülmüş ola biləcəyini söyləyir.  
Onu kimin öldürdüyünə gəlincə...  


Puaro susaraq dinləyicilərinə baxdı. Onların diqqətsiz olmasına dair heç bir 
şikayəti ola bilməzdi. Bütün gözlər ona dikilmişdi. O dərin səssizlikdə yerə bir 
iynə düşsə, səsi eşidilərdi. Çıqqıltı belə yox idi.  
Puaro ağır-ağır sözlərinə davam etdi:  
– Hər şeydən əvvəl, iki məsələ mənim diqqətimi cəlb etdi. Birincisi, qatarda 
olanlardan hər hansı birinin əleyhinə tutarlı bir versiya qurmağın son dərəcə çətin 
olması o saat diqqətimi çəkdi. İkincisi isə, ən ağla gəlməyən bir adamın başqa 
birinin lehinə şahidlik etməsi, onu təmizə çıxartmaq istəməsi. Misal üçün... Cənab 
Makkuinlə polkovnik Arbetnot bir-birilərini dəstəklədilər. Halbuki onların daha 
öncə bir-birilərini tanıdıqlarını ağla gətirmək olmazdı. Eyni şey bir ingilis nökərlə 
bir italyan, isveçli xanımla bir ingilis qızı arasında da oldu. Öz-özümə: “Çox 
qəribədir”, – dedim. Heç biri də bu hadisədə iştirak etmədilər, guya? 
Sonra işin iç üzünü anladım. Hamısı da bu hadisədə iştirak etmişdilər. Armstronq 
hadisəsiylə əlaqəsi olan bir çox adamın eyni qatara minmələri bir təsadüf ola 
bilməzdi. Bu, mümkün olan şey deyildi. Və təsadüf deyildi. Xüsusi 
qərarlaşdırılmış bir şey idi. Polkovnik Arbetnotun bir günahkarı mühakimə etmək 
məsələsiylə bağlı andlılar palatası haqqında söylədiyi sözləri xatırladım. Andlılar 
palatası on iki nəfərdən ibarət olur... və vaqonda on iki yolçu vardı. Retçettə on iki 
bıçaq vurmuşdular. Bundan başqa, lap əvvəldən ağlıma ilişən bir şey mənə rahatlıq 
vermirdi: nəyə görə bu ölü mövsümdə İstanbul – Kale vaqonu yolçuyla dolu idi? 
Retçettin günahkar olduğu sübuta yetirilmişdi, buna baxmayaraq, o, Amerikada 
ədalətin pəncəsindən qaçmağı bacarmışdı. 
Gözlərimin önündə andlılar məhkəməsində bu vəzifəni yerinə yetirən həmin o on 
iki adamı canlandırdım. Onlar Retçetti ölümə məhkum etmiş və özləri də hökmü 
yerinə yetirmək məcburiyyətində qalmışdılar. Bax bunu düşünüb tapdıqdan sonra 
hər şey nizamlı bir biçimdə öz yerini aldı. 
Mən bunu çox yaxşı düzəlmiş bir mozaika kimi gördüm. Hər kəs öz üzərinə düşən 
rolu oynayırdı. Plan elə qurulmuşdu ki, şübhələr bir adamın üzərində toplandığı 
təqdirdə onun xilas edilməsini təmin edəcəkdilər. Bir, ya da bir neçə nəfər şahidlik 
edərək şübhələnilən adamı təmizə çıxaracaqdı və işi büsbütün qarışdıracaqdılar. 
Hardmanın şahidliyi vacib idi. Çünki bir əcnəbinin qatil olduğu düşünülə bilərdi və 


bu adam günahsız olduğuna dair bir şahid göstərməkdə aciz qala bilərdi. İstanbul 
vaqonundakı yolçular təhlükədə deyildilər. Danışdıqları hər nə varsa, ən kiçik 
detallarına qədər daha öncədən hazırlanmışdı. Bu, parçalarını birləşdirən zaman bir 
tablo ortaya çıxan o tapmacalara bənzəyirdi. Ancaq bu tapmaca elə zəkalı 
hazırlanmışdı ki, ələ keçən hər yeni parça çözümü daha da çətinləşdirirdi. Dostum 
müsyö Bukun da dediyi kimi, insanın ağlına sığmayacaq bir şey idi. Bu işi 
hazırlayanlar da belə düşünməyimizi istəyirdilər zatən. 
Bu versiya hər şeyi izah edirdimi? Bəli, izah edirdi. Yaraların xarakteri bunu təsdiq 
edir, çünki hər yaranı bir başqası açmışdı. O saxta təhdid məktubları da bu 
versiyanı təsdiq edir. Məktublar saxta idi, çünki sadəcə, sonradan dəlil olaraq 
göstərilməkdən ötrü yazılmışdı. Heç şübhəsiz, əsl məktublar da vardı. Retçettə 
başına gələcəkləri bildirən məktublar. Makkuin bunları ortadan qaldırdı və yerinə 
saxtalarını qoydu. Sonra, Hardmanın Retçett tərəfindən tutulduğuna dair danışdığı 
hekayə bu versiyanı təsdiq etməkdədir... Əlbəttə, əvvəlindən axırına qədər yalan 
idi onun danışdıqları. Hələ o uydurma qadın səsli, balacaboy, qarasaçlı adamın 
təsviri. Yaxşı düşünülmüş bir obraz idi bu. Çünki belə olan halda əsl yataqlı vaqon 
bələdçilərindən heç kəs şübhələnməyəcəkdi və bu təsvir çox asanlıqla kişiyə 
olduğu qədər bir qadına da uyğun gəlirdi. 
Bıçaqlama ideyası ilk baxışda qəribə görünə bilər. Ancaq dərindən düşünülərsə, 
bundan başqa heç bir şeyin bu şərtlər daxilində özünü doğrultmayacağını başa 
düşmək olar. Bir xəncərdən güclü, ya da zəif, hər kəs istifadə edə bilər və gurultulu 
bir silah da deyil. Mən təsəvvürümə gətirirəm, əlbəttə, yanıla da bilərəm, hər kəs 
növbə ilə xanım Habbardın kupesindən keçib Retçettin qaranlıq kupesinə gedərək 
onu bıçaqladı. Fikirləşirəm ki, onların heç biri Retçetti hansı bıçaq zərbəsinin 
öldürdüyünü heç zaman bilməyəcək. 
Retçett, hər halda, özünə yazılmış son məktubu yastığının üstündən tapıb. Diqqətlə 
yandırıldı bu kağız parçası. Armstronq hadisəsinə diqqəti çəkəcək bir dəlil 
olmasaydı, heç kim qatardakı yolçulardan şübhələnməyəcəkdi. Qatilin kənardan 
gəldiyini düşünəcəkdilər və yolçulardan biri o qadın səsli, balacaboy, qarasaçlı 
adamı Brodda qatardan enərkən gördüyünü iddia edəcəkdi. 
Bilmirəm, bu sui-qəsdi hazırlayanlar qatarın uğradığı qəza üzündən planın bu 
bölümünü yerinə yetirə bilməyəcəklərini başa düşdükləri zaman nə baş verdi? Hər 


halda, tez-tələsik toplanıb məsləhətləşdilər. Sonra da işə davam etməyə qərar 
verdilər. Əlbəttə, artıq yolçulardan biri, ya da hamısı şübhələri öz üzərinə 
çəkəcəkdi. Ancaq bu ehtimal zatən daha öncədən düşünülmüş və lazımi hazırlıq da 
görülmüşdü. Sui-qəsdçilər işi büsbütün qarmaqarışıq etməyi düşündülər. O iki dəlil 
ölünün kupesinə atıldı. Bunlardan biri vəziyyəti hər kəsinkindən daha etibarlı olan 
polkovnik Arbetnotla bağlıydı. Bundan başqa, onun Armstronq ailəsiylə əlaqəsi 
olduğunu isbat etmək də asan olmayacaqdı. İkinci dəlil isə şübhələri knyaginya 
Draqomirovanın üzərinə çəkməli olan o dəsmal idi. Ancaq knyaginya 
cəmiyyətdəki mövqeyi, çox zəif və kövrək olması ilə və xidmətçisiylə bələdçinin 
şahidliyinə əsasən, yenə də heç bir təhlükəyə məruz qalmırdı. Ancaq işi daha da 
qarışdırmaq və bizi azdırmaq üçün ortaya yalançı bir iz atıldı – səhnəyə qırmızı 
kimonolu qadını çıxardılar. Və burada oyunu elə qurmuşdular ki, onun var 
olduğuna da mən özüm şahidlik edəcəkdim. Qapım döyüldü. Qalxıb bayıra 
baxdım. Uzaqda qırmızı kimonolu bir qadının gözdən yox olduğunu gördüm. 
Diqqətlə seçilən bir neçə nəfər... bələdçi, miss Debenham və Makkuin də onu 
gördüklərini söylədilər. Mən vaqon-restoranda yolçuları dindirərkən qırmızı 
kimononu çamadanıma qoyan, yumor hissi çox güclü olan biriydi sanıram. 
Bilmirəm, o kimono kimindir. Qrafinya Andreninin olduğundan şübhə edirəm. 
Çünki gənc qadının əşyaları arasında son dərəcə süslü şifon bir xalat var. Ancaq 
kimonodan çox, gecə paltarına bənzəyir. 
Makkuin diqqətlə yandırılan məktubun bir parçasının yenə də qalmış olduğunu və 
bu parçadakı Armstronq adının asanlıqla oxunduğunu ilk dəf eşidəndə o saat 
digərlərinə xəbər verdi. Bax o anda qrafinya Andreninin vəziyyəti təhlükəli hal 
aldı. Əri pasportundakı adı dəyişdirmək üçün dərhal hərəkətə başladı. 
Qarşılaşdıqları ikinci tərslik də bu idi. 
Hamısı da Armstronq ailəsiylə qətiyyən heç bir əlaqələrinin olmadığını söyləməyə 
qərar vermişdilər. Həqiqəti o saat öyrənə bilmənin imkansız olduğunu bilirdilər. 
Konkret bir adamdan şübhələnmədiyimə görə bu məsələni araşdırmayacağıma 
inanırdılar. 
İndi üzərində baş sındırılacaq daha bir məsələ qalırdı. Əgər cinayətlə bağlı 
versiyam doğrudursa – hansıki doğru olduğuna inanırdım – o halda, yataqlı vaqon 
bələdçisinin də bu hadisəylə bir əlaqəsi olmalı idi. Ancaq belə olan halda da bizim 
on iki deyil, on üç andlımız meydana çıxırdı. Bu zaman “kimdir günahkar?” 


sualının yerinə “bu on üç nəfərin içində günahkar olmayan o bir nəfər kimdir?” 
sualına cavab vermək lazım gəlirdi. On üç nəfərdən biri, yalnızca biri günahsız idi. 
O kimdir? 
Bunu düşünərkən çox qəribə bir nəticəyə gəldim. Cinayətə qatılmayan o adam, 
əslində bunu ən çox istəyən bir nəfər idi. Söhbət qrafinya Andrenidən gedir. Qraf 
Andreninin arvadının o gecə kupesindən heç çıxmadığına dair and verdiyi zaman 
həyəcanlı və səmimi olması məni təsirləndirmişdi, onun sözlərinə inanmışdım. 
Buradan nəticə çıxararaq qrafın öz arvadının əvəzinə cinayətə əl atmış olması 
qərarına gəldim. 
Əgər belə idisə, o zaman bələdçi Pyer Mişel də həmin o on iki nəfərlik qrupa daxil 
idi. Ancaq onun bu işə qarışmış olmasını necə aydınlaşdıra bilərdik? İllərdən bəri 
bu şirkətdə çalışan, təmiz və yaxşı bir adamdır. Pul qarşılığında cinayət 
işlənməsinə yardım edəcək bir tip deyildi. O halda, demək, Pyer Mişelin də 
Armstronq hadisəsiylə bir əlaqəsi var idi. Ancaq bu da inanılacaq kimi deyildi. 
Sonra uşaq otağına baxan xidmətçi qızın fransız olduğunu xatırladım. Əgər o 
zavallı Susanna, Pyer Mişelin qızı idisə, onda necə? O zaman vəziyyət aydınlaşdı. 
Və üstəlik, cinayət üçün niyə bu qatarın seçilmiş olması da anlaşıldı. Oynanılan bu 
dramdakı rolları çox yaxşı anlaşılmayan başqa adamlar var idimi? Polkovnik 
Arbetnotun Armstronqun dostu olduğuna qərar verdim. Hər halda, müharibədə 
birlikdə vuruşmuşdular. Xidmətçi Hildeqarda Şmidt... onun Armstronqların 
evindəki işini asanlıqla təxmin edə bilərdim. Bir yeməkbaz olduğuma görə yaxşı 
bir aşpazı o saat sezirəm. Onun üçün bir tələ qurdum və qadın o saat düşdü bu 
tələyə. Ona yaxşı yeməklər bişirdiyinə inandığımı söylədim. “Bəli, cənab, – deyə 
cavab verdi. Aşpaz olduğum evlərdəki bütün xanımlarım belə söylərdilər”. Amma 
otaq xidmətçisi olaraq tutulmusunuzsa, xanımlar yaxşı aşpaz olub-olmadığınızı 
bilə bilməzlər. 
Sonra gəlir Hardman... Onun Armstronqların eviylə bir əlaqəsi olmadığı ortadaydı. 
Amma bəlkə də, ölən fransız qızına aşiq idi. Ona əcnəbi qadınların cazibədar 
olduğundan söz açdım və gözlədiyim reaksiyanı göstərdi. Birdən-birə gözləri 
doldu. Əlbəttə, Hardman özünü elə göstərdi ki, guya, qar gözlərini qamaşdırıb. 
Və nəhayət, yerdə qalır xanım Habbard. Bunu söyləməyimə icazə verin: bu dramda 
ən önəmli rolu o oynadı. Retçettin kupesinin yanındakı kupedə qalırdı. Üstəlik, iki 


kupenin arasında qapı vardı. Yəni şübhələr hər kəsdən çox onun üzərində toplana 
bilərdi. Plan da elə qurulmuşdu, onu dəstəkləyəcək bir şahid də yox idi. O rolu – 
kifayət qədər normal, bir az gülünc, qızına düşkün amerikalı ana rolunu oynamaq 
üçün çox güclü bir aktrisa lazım idi. Ancaq Armstronq ailəsiylə əlaqəsi olan bir 
aktrisa vardı. Xanım Armstronqun anası aktrisa Linda Arden...  
Burada Puaro nəfəsini dərdi. 
Sonra xanım Habbard yol boyunca eşitdiklərinə heç bənzəməyən, yumşaq, qalın və 
təsirli bir səslə:  
– Mən komediya rollarında daha qabiliyyətli olduğumu düşünürdüm həmişə, – 
dedi. Sonra dalğın-dalğın sözlərinə davam etdi: – O hamam torbası məsələsində 
yol verdiyim xəta çox gülünc idi. Bundan da hər rolun yaxşıca məşq edilməsi 
lazım olduğu anlaşılır. Hər şeyi gedərkən yoxladıq. Hər halda, mən o arada cüt 
nömrəli bir kupedə idim. Sürgülərin yerlərinin müxtəlif ola biləcəyi heç ağlıma 
gəlmədi. 
Oturuşunu dəyişdirərək Erkül Puaroya baxdı:  
– Hər şeyi bilirsiniz, müsyö Puaro. Qeyri-adi insansınız. Ancaq Nyu-Yorkdakı o 
faciəli günü, o fəlakəti təsəvvür belə edə bilməzsiniz. Dərdimdən dəliyə 
dönmüşdüm. Qulluqçular da həmçinin. Polkovnik Arbetnot oradaydı. Armstronqun 
ən yaxın dostuydu... 
Arbetnot:  
– Müharibədə mənim həyatımı xilas etdi, – dedi. 
– Bax o zaman, dərhal elə oradaca Kassettinin qaçdığı ölüm cəzasının yerinə 
yetirilməsini qərarlaşdırdıq. Bəlkə, hamımız dəli olmuşduq. Bilmirəm... On iki 
nəfərdik. Daha doğrusu, on bir nəfər. Susannanın atası Fransadaydı, əlbəttə. Öncə 
bu işi kimin görəcəyini qərarlaşdırmaq üçün püşk atmağı düşündük. Ancaq axırda 
bu yolu seçdik. Bunu sürücü Antonio təklif etdi. Daha sonra Mari Debenham bütün 
xırdalıqları Hektor Makkuinlə birlikdə hazırladı. Hektor qızım Sonyaya vurğun 
idi… Bizə Kassettinin pul sayəsində necə canını qurtardığını da o başa saldı. 
Planımızı qüsursuz halda həyata keçirmək üçün çox zaman xərclədik. Öncə 
Retçettin izini tapmaq məcburiyyətində qaldıq. Nəhayət ki, Hardman buna nail ola 


bildi. Sonra Mastermanla Hektoru onun yanında işə düzəltməyə çalışdıq. Heç 
olmazsa, ikisindən birini. Və bunu da bacardıq. Sonra Susannanın atasıyla 
məsləhətləşdik. Polkovnik Arbetnot on iki nəfər olmamızı israrla istəyirdi. Belə 
olarsa, hər şeyin qaydasında olacağını fikirləşirdi. Bıçaqlama fikrini çox da 
bəyənməmişdi, ancaq bunun işlərimizi asanlaşdıracağı fikriylə, nəhayət, razılaşdı. 
Susannanın atası da bizə qoşulmağa razıydı. Hektordan Retçettin gec-tez Şərqdən 
qatarla dönəcəyini öyrəndik. Şərq ekspressiylə. Pyer Mişel də bu qatarda işləyirdi. 
Əldən qaçırılmayacaq bir fürsət idi bu. Üstəlik, belə olduğu halda, cinayətdə əli 
olmayanlardan şübhə edilməsini də önləmiş olacaqdıq. 
Əlbəttə, qızım Helena öz ərinə də bu vəziyyəti açıqlamalı idi. İş elə gətirdi ki, o da 
Helenayla birlikdə gəlməkdə israr etdi. Hektor işi gözəl şəkildə təşkil etdi və 
beləcə Retçett yolçuluq üçün bizə ən uyğun olan günü seçdi, yəni Pyer Mişelin iş 
başında olacağı günü. İstanbul–Kale vaqonundakı bütün kupeləri tutmaq 
niyyətindəydik. Ancaq təəssüf ki, bunlardan birini bizə vermədilər. Bu kupe lap 
əvvəldən şirkətin müdirlərindən biri üçün ayrılmışdı. Cənab Harris uydurma bir 
insandı, əlbəttə. Ancaq Hektorun kupesində bir başqasının olması hər şeyi 
çətinləşdirəcəkdi. Sonra... ən axırda siz gəldiniz...  
Xanım Habbard bir an susdu. 
– Daha nə deyim, artıq hər şeyi bilirsiniz, müsyö Puaro. İndi nə edəcəksiniz? 
Madam hər şeyi polisə açıqlayacaqsınız, olmazmı, bütün günahları mənim üzərimə 
yıxasınız? Mən o adamı zövqlə on iki dəfə bıçaqlaya bilərdim. Onun günahı təkcə 
qızımın, nəvəmin və doğulmamış başqa bir körpənin ölümünə bais olmaq deyildi. 
Məsələ daha da dərindi. Deyzidən öncə də başqa uşaqlar qaçırılmışdı. Gələcəkdə 
də qaçırıla bilərdi. Cəmiyyət o adamı məhkum etmişdi. Biz, sadəcə, edam 
hökmünü yerinə yetirdik. Bu işə görə buradakıların hamısını polisə vermək nəyə 
lazımdır? Bütün bu təmizürəkli, dostluğa sadiq insanlar... və zavallı Pyer Mişel... 
Mariylə polkovnik Arbetnot... Onlar bir-birilərini necə sevirlər...  
Qələbəlik salonda əks-səda verən səs çox təsirliydi. Nyu-Yorkda minlərcə 
tamaşaçını sarsıdan o incə, həssas, insanın ruhunu oxşayan səs...  
Puaro dostuna baxdı:  
– Siz bu şirkətin müdirlərindənsiniz, müsyö Buk. Nə deyirsiniz? 


Buk xəfifcə öskürdü:  
– Məncə, müsyö Puaro, doğru olanı o ilk açıqladığınız versiya idi. Buna şübhəm 
yoxdur. Mən təklif edirəm: Yuqoslaviya polisi gəldiyi zaman onlara bu versiyanı 
söyləsək, daha uyğun olar. Siz də eyni fikirdə deyilsinizmi, doktor? 
Doktor Konstantin:  
– Əlbəttə, eyni fikirdəyəm, – cavab verdi. – Tibbi dəlillərə gəlincə... Deyəsən, 
mən... şey... orada bir-iki səhvə yol vermişəm. 
Puaro:  
– Beləliklə, sizə bu cinayətin sirrini bu şəkildə açıqlamış oldum, – dedi. – Artıq bu 
hadisənin araşdırılmasıyla bağlı işimi tamamlamış oluram, mənim üçün şərəf idi 
bu. 
  
 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə