ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   2   3   4   5   6   7   8   9   ...   55

dolmuş biriydi o da. Dayanmadan danışırdı. Səsindən və ləhcəsindən amerikalı 
olduğu bilinirdi. Yavaş-yavaş, həzin-həzin nəsə danışırdı, bir an dayanıb nəfəsini 
belə dərmirdi. 
– İndi gör qızım mənə nə dedi: “Biz bu ölkədə heç Amerikan üsullarını da tətbiq 
edə bilmərik. İnsanlar burada anadangəlmə tənbəldirlər. Üstəlik, bizim kollecimiz 
çox önəmli uğurlar qazanıb. Orada elə yaxşı müəllimlər var ki! Təhsil böyük şeydir 
axı. Biz özümüzün Qərb ideallarımızı tətbiq etməliyik və Şərqin bunu qəbul 
etməsinə nail olmalıyıq”. Qızım deyir ki... 
Qatar tunelə girdi. Və bu həzin səs eşidilməz oldu.  
Onların düz yanındakı kiçik masada polkovnik Arbetnot tək-tənha oturmuşdu. 
Gözlərini Mari Debenhamın ənsəsinə dikmişdi. Puaro onların nədən birlikdə 
oturmadıqlarını düşündü. Halbuki birlikdə oturmalarına mane olacaq bir səbəb yox 
idi. Nəyə görə bunu etmədilər? Bəlkə də, Mari Debenham istəmədi. Bir tərbiyəçi 
diqqətlə davranmağı öyrənməlidir. Haqqında dedi-qodu yayılmasının qarşısını 
almağa çalışmalıdır. Həyatını çalışaraq qazanmaq məcburiyyətində olan bir qız 
ehtiyatlı davranmalıdır... 
Puaronun baxışları vaqon-restoranın digər tərəfinə axdı. Lap dib tərəfdə qara 
paltarlı, ortayaşlı bir qadın oturmuşdu. İri üzündə heç bir ifadə yoxdu. “Alman, ya 
da skandinaviyalıdır”, – deyə Puaro düşündü. Hər halda, həmin o alman, qulluqçu 
idi. 
Qadının qarşısında bir cütlük bir-birinə doğru əyilmişdilər, həyəcanlı-həyəcanlı 
danışırdılar. Kişi, ingilislərə xas tivit parçadan kostyum geyinmişdi, ancaq ingilis 
olmadığı bəlli idi. Arxası Puaroya tərəf olsa da, yenə də başının biçimi və çiyinləri 
onun kontinental mənsubiyyətini ələ verirdi. Uzunboylu, tökməbədənli bir adamdı. 
Birdən-birə başını çevirdi və Puaro onun profilini gördü. Otuz-otuz beş yaşlarında, 
kürənbığlı, çox yaraşıqlı bir kişi idi. 
Qarşısındakı gənc bir qız idi, iyirmidən artıq yaşı olmazdı. Bədəninə oturan qara 
ətəkli pencək, ağ sətin bluz geyinmişdi; yana sürüşdürdüyü qara şlyapası yalnız bir 
möcüzə sayəsində başından yerə düşmürdü. Qeyri-adi, ekzotik gözəlliyi vardı – 
dərisi ağappaq, gözləri qəhvəyi və saçları göyümtül-qara rəngdə idi. Uzun bir 


müştüklə siqaret çəkirdi. Manikürlü dırnaqlarına qan-qırmızı boya çəkmişdi. Bir 
barmağında platin çəmbərli iri zümrüd üzük vardı. Səsi və baxışları nazlı-duzlu idi. 
Puaro: 
 – Həm gözəl, həm yaraşıqlı, – deyə mızıldandı. – Ər-arvad deyillərmi?  
Müsyö Buk başıyla təsdiq etdi.  
– Macar səfirliyindən olmalıdırlar, sanıram. Gözəl bir cütlükdür. 
Puarodan başqa Makkuin və onun şefi cənab Retçett hələ naharı 
tamamlamamışdılar. Axırıncının üzü Puaroya tərəf idi. Puaro ikinci dəfə bu heç də 
xoş olmayan üzü gözdən keçirdi. O, saxta mehribanlıq ifadə edən və xainlik yağan 
kiçik gözlərə diqqət yetirdi. Dostunun üzündəki ifadənin dəyişdiyi müsyö Bukun 
nəzərindən qaçmadı.  
– Bu vəhşi heyvanamı baxırsınız? – deyə soruşdu. 
Belçikalının qəhvəsini gətirəndə müsyö Buk ayağa qalxdı. Nahara daha erkən 
başladığına görə Puarodan öncə bitirmişdi yeməyini.  
– Mən kupemə gedirəm. Qəhvənizi içdikdən sonra gəlin, bir az söhbət edək, – 
dedi. 
– Baş üstə... – Puaro likör sifariş edərək qəhvəsini qurtumlamağa başladı. Qarson 
masaları dolaşdı, hesabları topladı. Yaşlı amerikalı qadının səsi vaqon-restoranı 
bürümüşdü: 
– Qızım deyir ki, yemək üçün talon kitabçası alsam, heç bir qayğım olmaz! Ancaq 
bunlara gərək bəxşiş verəsən, hələ mineral suyun pulunu da ayrıca ödəyəsən – su 
da su olsa. Bilmək olmur nə suyudur.  
– Onlar... e-e... ingiliscə necə deyirlər... onlar yerli sulardan verməlidirlər, – fağır 
üzlü qadın izah etdi.  
– Bilirəm, ancaq mən yenə də başa düşə bilmirəm. – Amerikalı qadın qarşısındakı 
xırda pul topasına ikrahla baxırdı. – Siz hələ baxın görün, o, mənə nə verib! Bunlar 
dinardır, yoxsa nədir? Görkəmləri də nə qədər şübhəlidir bunların. Qızım deyir ki... 


Mari Debenham səndəlini itələyərək ayağa qalxdı. Başıyla hər iki qadınla 
sağollaşıb vaqon-restorandan çıxdı. Polkovnik Arbetnot da qalxıb onun arxasınca 
yollandı. Amerikalı qadınla fağır üzlü rəfiqəsi də onların arxasınca tərpəndilər. 
Macar cütlük də çıxıb çoxdan getmişdi. İndi salonda Puaro, Retçett və Makkuindən 
başqa kimsə qalmamışdı. Retçett gənc amerikalıya nəsə söylədi, bundan sonra 
Makkuin ayağa qalxaraq vaqon-restorandan çıxdı. Sonra Retçett də yerindən 
qalxdı. Ancaq Makkuinin arxasınca getmək əvəzinə heç gözlənilməz bir hərəkət 
etdi. Keçib Puaronun qarşısındakı yerdə oturdu.  
– Bağışlayın... kibritiniz varmı? – səsi yumşaqdı. Bir az burnunda danışırdı. – 
Mənim familiyam Retçettdir. 
Puaro xəfifcə təzim etdi, sonra cibindən çıxardığı kibrit qutusunu ona verdi. Retçett 
kibrit qutusunu aldı, amma yandırmadı.  
– Səhv etmirəmsə, mən müsyö Erkül Puaroyla danışmaq şərəfinə nail oluram, – 
deyə sözlərinə davam etdi. – Elə deyilmi? 
Puaro təkrar təzim etdi:  
– Tamamilə doğrudur, müsyö.  
Amerikalının yenidən sözə başlamadan öncə kiçik, kinli baxışlarıyla ona qiymət 
biçdiyinin fərqindəydi.  
Nəhayət, Retçett:  
– Yaşadığım ölkədə, – dedi, – biz birbaşa əsas məsələdən başlayırıq. Cənab Puaro, 
mən sizə bir iş təklif etmək istəyirəm. 
Erkül Puaronun qaşları xəfifcə qalxdı:  
– Son zamanlarda mən öz müştərilərimin dairəsini çox daraltmışam, müsyö. Yalnız 
istisna hallarda işə baxıram.  
– Hə, əlbəttə. Mən bunu başa düşürəm, amma bu iş üçün çox pul verəcəyəm, cənab 
Puaro. – O, sakit və oğrun səslə təkrarladı, – çox pul. 
Belçikalı bir-iki dəqiqə səsini çıxarmadı. Sonra dedi:  
– Hansı işi görməyimi istəyirsiniz...müsyö... e... Retçett? – deyə soruşdu. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə