Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı Brüssel, 24 noyabr 2017



Yüklə 75,59 Kb.
tarix14.02.2018
ölçüsü75,59 Kb.
#26955

Qeyri-rəsmi tərcümə

Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı

Brüssel, 24 noyabr 2017

Ermənistan Respublikası, Azərbaycan Respublikası, Belarus Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukraynanın Dövlət və ya Hökumət Başçıları və nümayəndələri, Avropa İttifaqının nümayəndələri, ona Üzv Dövlətlərin Dövlət və ya Hökumət Başçıarı və nümayəndələri 24 noyabr 2017-ci il tarixində Brüsseldə görüşmüşlər. Avropa Parlamentinin Prezidenti və Regionlar Komitəsinin, Avropa İqtisadi və Sosial Komitəsinin, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı, Şərq Tərəfdaşlığının Regional və Yerli Qurumların Konfransı və Avronest Parlament Assambleyasının nümayəndələri də Sammitdə iştirak etmişlər.

1.Sammit iştirakçıları Avropa Qonşuluq Siyasətinin xüsusi istiqaməti olan Şərq Tərəfdaşlığına yüksək önəm verdiklərini bir daha təsdiq edirlər. Onlar birgə dəyərlərə, qarşılıqlı maraq və anlayışa, birgə iştirak və cavabdehliyə, fərqləndirmə və qarşılıqlı cavabdehliyə əsaslanan və Şərqi Avropadakı tərəfdaş ölkələri Avropa İttifaqına daha da yaxınlaşdıran bu strateji və iddialı Tərəfdaşlığa dair birgə öhdəlik götürdüklərini bir daha təsdiq edirlər. İslahatlar sahəsində davamlı və səmərəli şəkildə tərəqqinin əldə edilməsi Şərq Tərəfdaşlığının davamlı uğur qazanması baxımından mühümdür.

2.Sammit iştirakçıları Şərq Tərəfdaşlığının təməl daşı olan demokratiyanı, qanunun aliliyi, insan haqları və fundamental azadlıqları, eləcə də beynəlxalq hüququn prinsip və normalarını qüvvətləndirməyə dair bir daha öhdəlik götürürlər. Avropa İttifaqı bütün tərəfdaşlarının ərazi bütövlüyü, müstəqillik və suverenliyi ilə bağlı göstərdiyi dəstəyə sadiq qalır. Avropanın sülhsevər və bölünməz olduğuna dair ümumi fikirlərimiz baxımından BMT-nin Nizamnaməsində, 1975-ci ilin Helsinki Yekun Aktında və 1990-cı ilin ATƏT-in Paris Xartiyasında təsbit olunmuş məqsədlərə və prinsiplərə dair tam öhdəliyin götürülməsi, onlara hörmət bəslənməsi və riayət edilməsi mühümdür. Sammit iştirakçıları Şərq Tərəfdaşlığı Sammitinin keçmiş Bəyanatlarında ifadə olunmuş elementləri və prinsipləri bir daha təsdiq edərək, əvvəlki Sammitlərdə və ikitərəfli razılaşmalarda götürülmüş öhdəlikləri yerinə yetirməkdə qətiyyətli olduqlarını vurğulayırlar.

3.Bu kontekstdə onlar vurğulayır ki, öhdəlik götürdükləri birgə dəyər və prinsiplərin möhkəmləndirilməsi və təşviq olunması əsas prioritet kimi Aİ ilə Tərəfdaşlar arasında möhkəmlənmiş münasibətlərin inkişaf etdirilməsinə töhfə verir. Şərq Tərəfdaşlığı vasitəsilə qurulmuş münasibətlər Avropa İttifaqı ilə tərəfdaş ölkələri birlikdə daha gücləndirərək, onların birgə çətinlikləri daha yaxşı həll etmələri üçün imkan yaradır. Sammit iştirakçıları razılaşır ki, daha güclü əməkdaşlıq, perspektivli və hərtərəfli siyasi dialoq ümumi çətinliklərin aradan qaldırılması və ümumi məqsədlərin əldə edilməsi baxımından mühümdür.

4.Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üçün Qlobal Strategiyada və Avropa Qonşuluq Siyasətinin icmalında müəyyən edildiy kimi iştirakçılar həm Aİ, həm də Tərəfdaş Ölkələrdə dövlət, iqtisadi və sosial davamlılığın gücləndirilməsinin, bu baxımdan Şərq Tərəfdaşlığının Avropa İttifaqının qonşuluğunda oynadığı mühüm rolunu vurğulamışlar.

5.Şərq Tərəfdaşlığı cəmiyyətlərin yaxşı idarə edilməsi, onların daha firavan və məsuliyyətli olması məqsədini güdən BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri və İqlim Dəyişikliyinə dair Paris Sazişi ilə müəyyən edilmiş əsas qlobal siyasət məqsədlərinin əldə olunmasını dəstəkləyir. Sammit iştirakçıları qəbul edir ki, iqlim dəyişikliyinin mənfi təsiri zəmanəmizin ən böyük çətinlikləri sırasındadır ki, bütün iştirakçı tərəflər bu istiqamətdə öz səylərini birləşdirməlidirlər. Öz cəmiyyətlərinin iqtisadi və sosial potensialını tam şəkildə açmaq üçün onlar iqtisadi inkişafı artıran və sosial vəhdətliyi möhkəmləndirən dinamik vətəndaş cəmiyyətinin və gender bərabərliyinin mühüm olduğunu təsdiqləyirlər.

6.Sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüquq prinsiplərinin davamlı olaraq pozulmasından dərin narahatçılıq içində qalır. Beynəlxalq hüquq prinsipləri və normaları əsasında regionda həll olunmamış münaqişələrin sülh yolu ilə həll olunmasını təşviq etmək üçün Sammit iştirakçıları səyləri bərpa etməyə çağırırlar. Münaqişələrin həlli, etimadın qurulması və yaxşı qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq baxımından vacibdir. Sammit iştirakçıları danışıqların aparılması üzrə mövcud razılaşdırılmış format və proseslər çərçivəsində və ya onlara dəstək olaraq, o cümlədən müvafiq hallarda yerlərdə iştirak təmin olunmaqla münaqişənin həlli və etimadın qurulmasında göstərilən səyləri və Aİ-nın artan rolunu alqışlayır.

7.Iştirakçılar vurğulayır ki, Şərq Tərəfdaşlığının məqsədi ortaq demokratiya, rifah, sabitlik və genişlənən əməkdaşlığın vahid məkanını qurmaqdır və heç kəsə qarşı yönəlməmişdir. Digər tərəfdaşlarla əlaqələr iştirakın daha geniş olmasını tələb etdikdə və Şərq Tərəfdaşlığının konkret fəaliyyətinin məqsədlərinə və onun ümumi məqsədlərinə töhfə verdikdə, əməkdaşlıq fərdi qaydada üçüncü ölkələrə də açıq ola bilər. Onlar bir daha Avropa İttifaqı ilə münasibətlərdə can atdıqları iddia səviyyəsinin və hədəflərin seçilməsində hər bir tərəfdaşın suveren hüquqa malik olduğunu təsdiqləyirlər.

8.Sammit iştirakçıları Şərq Tərəfdaşlığının indiyədək qazandığı uğurları və Aİ ilə hər bir tərəfdaş ölkə arasındakı ikitərəfli münasibətlərdə fərqləndirmənin artırılmasını alqışlayırlar. Əməkdaşlığın əhatə dairəsi və intensivliyi Aİ-nın və tərəfdaşların iddia və ehtiyacları, eləcə də islahatların tempi və keyfiyyəti ilə müəyyən edilmişdir.

9.Sammit iştirakçıları Aİ-nın Dövlət və ya Hökumət Başçılarının 2016-cı il dekabr tarixli qərarından sonra Gürcüstan, Moldova Respublikası və bu yaxınlarda Ukrayna ilə Assosiasiya Sazişlərinin və Dərin və Hərtərəfli Azad Ticarət Məkanlarının qüvvəyə minməsini yüksək qiymətləndirir.

10.Bu kontekstdə Assosiasiya Sazişlərində bəyan edildiyi kimi Sammit iştirakçıları əlaqədar tərəfdaşların Avropa meyllərini və Avropa seçimini iqrar edir. Sazişlərdə Avropa İttifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyanın sürətləndirilməsi nəzərdə tutulur. Sammit iştirakçıları bunların həyata keçirilməsində Aİ-nın yardımını alqışlayır. Bu baxımdan, ŞT-nın hərtərəfliliyini qorumaqla, AS/DHATM tərəfdaşlarının müraciət etdiyi kimi və AS/DHATM-ların tam şəkildə həyata keçirilməsini dəstəkləmək məqsədilə assosiasiya ilə bağlı islahatlara aid tərəqqi, imkanlar və çətinliklərə dair birgə müzakirələrə bu tərəfdaşları cəlb etmək zamanıdır.

11.Sammit iştirakçıları Sammitlə paralel olaraq Avropa İttifaqı ilə Ermənistan arasında Hərtərəfli və Böyüyən Tərəfdaşlıq Sazişinin imzalanmasını alqışlayır. Iştirakçılar yeni çərçivə sazişi ətrafında Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar istiqamətində əldə edilən yaxşı tərəqqini alqışlayır. Onlar həm də Aİ-Belarus Əlaqələndirmə Qrupu, İnsan Haqları Dialoqu və Ticarət sahəsində Dialoq çərçivəsində Aİ-nın Belarusla bağlı öhdəliklərinin daha əhatəli olmasını alqışlayır.

12.Sammit iştirakçıları Avropa Qonşuluq Alətindən, o cümlədən trans-sərhəd əməkdaşlıq proqramları və digər mövcud maliyyə alətlərindən tam və məqsədyönlü şəkildə istifadə etməklə Aİ-nın davamlı şəkildə Şərq Tərəfdaşlığını dəstəkləməsini alqışlayırlar. Aİ-nın öz tərəfdaşlarına göstərdiyi maliyyə yardımı islahat istiqamətindəki konkret addımlarla şərtləşdiriləcəkdir. Aİ-nın stimullara əsaslanan yanaşması ("çoxa-çox") daha çox islahat aparan tərəfdaşlara fayda gətirməyə davam edəcəkdir. Xüsusilə də Davamlı İnkişaf üçün Avropa Fondunun təsis edilməsi ilə Kənar İnvestisiya Planında yeni maliyyələşdirmə imkanları nəzərdə tutulur ki, əhəmiyyətli məbləğdə investisiyaların səmərəli şəkildə səfərbər ediləcəyi gözlənilir.

13.Iştirakçılar Şərq Tərəfdaşlığı çərçivəsində genişlənmiş və dərinləşmiş əməkdaşlığımızın vətəndaşlara konkret fayda vermək fokusu ilə öz dinamikliyini və səmərəliliyini daha da artıracağına ümid bəsləyir. Onlar bu məqsədə xidmət edən Aİ proqramları barədə məlumatlandırmanın artırılmasının mühüm olduğunu yada salır.

14.Sammit iştirakçıları şəffaf və inklüziv şəkildə konkret nəticələr hasil edən, eləcə də davamlılığı artıran "2020-ci ilə 20 Nəticəni" alqışlayır [Əlavə I-də göstərildiyi kimi]. Onlar Şərq Tərəfdaşlığının yenilənmiş çoxtərəfli strukturunda əməkdaşlığı intensivləşdirməyə ümidvardır [Əlavə II-də göstərildiyi kimi] ki, bu da Tərəfdaşlığın güddüyü siyasi məqsədləri, o cümlədən tərəfdaşlar arasındakı əməkdaşlığı daha yaxşı dəstəkləyəcəkdir. Onlar bu əməkdaşlığa dair daha inteqrə edilmiş, iştiraklı, bir neçə sektorla çarpazlaşan, nəticələrə yönələn metod hazırlayacaqlar. Iştirakçılar müxtəlif sahələr üzrə birgə işə dair siyasi istiqamətin verilməsində Nazirlər səviyyəsində keçirilən görüşlərin rolunu vurğulayırlar.

15.Sammit iştirakçıları vurğulayırlar ki, insanların onların hökumətlərinə etimad göstərməsi üçün bütün səviyyələrdə yaxşı idarəçiliyin olması vacibdir. Dövlət idarəçiliyi və məhkəmə sistemində, eləcə də korrupsiya əleyhinə mübarizədə islahatların aparılması bu baxımdan qalan digər siyasətlərin əsasında durub, davamlılığın gücləndirilməsi baxımından vacibdir. Iştirakçılar razıdır ki, səmərəli, cavabdeh, şəffaf və demokratik qurumların da inkişafından asılı olan insan təhlükəsizliyinin qorunması ictimai zəiflikləri azaldacaqdır. Təhlükəsizlik sahəsində aparılan islahatlar, inteqrə edilmiş sərhəd idarəçiliyinin həyata keçirilməsi, qeyri-qanuni miqrasiya məsələlərinin həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə qarşı mübarizə istiqamətində əməkdaşlıq və Aİ-nın dəstəyi, o cümlədən dinlərarası və mədəniyyətlərarası dialoq, radikallaşmanın qarşısının alınması, kibertəhlükəsizliyin artırılması və kibercinayətə qarşı mübarizə, təbii fəlakətin qarşısının alınması, ona reaksiya və böhran idarəçiliyi gücləndirməklə tərəfdaş ölkələrin üzləşdiyi təzyiqlərə davam gətirmələri üçün onların bacarığı artacaqdır. Sammit iştirakçıları yuxarıda sadalanan çağırışların həll edilməsində aidiyyatı olan Tərəfdaş Ölkələrlə Aİ-nın müvafiq qurumları arasındakı səmərəli əməkdaşlığın mühüm olduğu fikri ilə razıdır. Sammit iştirakçıları, müvafiq hallarda, ÜTMS sahəsində təhlükəsizlik məsələləri üzrə dialoqun və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayaraq, tərəfdaşların bu baxımdan Aİ missiyalarına və əməliyyatlarına verdiyi dəyərli töhfəni alqışlayır.

16.Sammit iştirakçıları hesab edir ki, Şərq qonşuluğunda birgə məqsəd olan sabitlik və davamlılığın təməlində iqtisadi və sosial inkişaf və köklü dəyişiklik proseslərinə göstərilən dəstək durur. Avropa İttifaqının və Beynəlxalq Maliyyə Qurumlarının səylərindən də istifadə etməklə düzgün iqtisadi siyasətin və normativ bazaların işlənib hazırlanması rəqabətə dözümlü, ekologiya yönümlü, rəqəmsallaşdırılmış, innovasiya yolu tutan iqtisadiyyatların inkişafı, investisiyaların cəlb edilməsi, iş yerlərinin açılması, Aİ ilə və Tərəfdaş Ölkələrin öz aralarında inklüziv davamlı inkişafın və artan ticarətin təşviqi üçün mövcud Azad Ticarət Məkanlarının tam şəkildə istifadəsi istiqamətində də Tərəfdaşların səylərini artırmaq baxımından əlverişli mühitin yaranmasına yardım edəcəkdir. Bu baxımdan onlar 2017-ci ilin oktyabr ayında Tallində keçirilmiş 4-cü Şərq Tərəfdaşlığı Biznes Forumunun nəticələrini təqdir edir. Digər məsələlərlə yanaşı, yerli valyutada verilən kreditlərə çıxışı asanlaşdırmaqla kiçik və orta müəssisələr üçün şəraitin yaradılması, eləcə də yüksək sürətli geniş zolaqlı internet şəbəkəsinə çıxışın artmasına dəstək və Tərəfdaş Ölkələr arasında və ola bilsin sonrakı mərhələdə Aİ ilə rominq tariflərinin azalmasına doğru irəliləyiş xüsusi əhəmiyyət kəsb edəcəkdir. Bu baxımdan Sammit iştirakçıları Rəqəmsal Bazarların Uyğunlaşdırılması sahəsində əməkdaşlıq göstərməyə razıdır ki, məqsəd Tərəfdaş Ölkələrin də Rəqəmsal Vahid Bazardan faydalanmasıdır.

17.Bağlantıların mühüm olduğunu nəzərə alaraq, iştirakçılar ortaq fikrə gəlmişlər ki, daha yaxşı və təhlükəsiz nəqliyyat əlaqələri Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında və tərəfdaşların özləri arasında inkişaf üçün yeni imkanlar açaraq, kommunikasiya və mübadilələri daha da sıxlaşdırır. Gürcüstan və Moldova Respublikası ilə bağlanmış Ümumi Aviasiya Məkanı Sazişlərinin müsbət təsirinə arxalanaraq, Sammit iştirakçıları mümkün olan ən yaxın tarixdə Ukrayna ilə Ümumi Aviasiya Məkanı Sazişinin imzalanmasının mühüm olduğunu xatırladaraq, Ermənistan və Azərbaycanla da bu sazişlər ətrafında danışıqların tez bitməsinə öz dəstəklərini ifadə edirlər. Onlar nəqliyyat əlaqələrinin intermodallığına və qarşılıqlı fəaliyyət göstərə bilməsinə, bütün nəqliyyat növlərində TEN-T şəbəkəsi ilə bağlantıların təkmilləşdirilməsinə böyük önəm verərək, Aİ ilə tərəfdaş ölkələr arasında baza şəbəkələrinə dair indikativ xəritələri müəyyən edən Yüksək Səviyyəli Razılaşmaların imzalanmasını alqışlayır. Sammit iştirakçıları hamının təhlükəsiz, davamlı, etibarlı və münasib enerji ilə təmin olunmasının vacibliyini qəbul edir, təchizatın təhlükəsizliyinin, enerji mənbələrinin, təchizatçı və marşrutların diversifikasiyasının mühüm olduğunu qeyd edir, bu məqsədlə həmrəylik və inklüzivlik ruhunda işləmək zərurətini vurğulayır. Avropa Enerji İttifaqının təsis edilməsində tərəfdaş ölkələrin fəal əməkdaşlığı alqışlanır. Onlar qarşılıqlı bağlantılar vasitəsilə və enerji mənbələrindən davamlı şəkildə istifadə etməklə, o cümlədən enerjidən və bərpa olunan enerji mənbələrindən artan istifadə, asılılığın azaldılması və davamlılığın dəstəklənməsi ilə enerji təhlükəsizliyinin artırılması yolunda öhdəlik götürmüşlər. Iştirakçılar onu da vurğulayırlar ki, nüvə təhlükəsizliyi və ətraf mühitin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara əməl olunmalıdır.

Sammit iştirakçıları ekoloji yönümlü, daha səmərəli və davamlı iqtisadiyyata keçid, iqlim dəyişikliklərinə uyğunlaşmanın yüksəlməsi və onların təsirinin zəiflədilməsi, eləcə də ətraf mühit sahəsindəki çətinliklərin aradan qaldırılması yolundakı öhdəliklərini vurğulayır. Çoxtərəfli sazişlərin və bu sahələrdə hərtərəfli islahatların vaxtında həyata keçirilməsi vacib məsələ olaraq qalır.

18.Təhsil, gənclər, mədəniyyət və elmi mübadilə yolu ilə də insanlar arasında əlaqələr və mobillik cəmiyyətləri bir-birinə yaxınlaşdırır. Sammit iştirakçıları Moldova Respublikası, Gürcüstan və Ukrayna üçün vizadan azad rejimlərin səmərəli şəkildə həyata keçirilməsini alqışlayır. Onlar təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobillik sahəsində əməkdaşlığı möhkəmləndirməyə və daha çox tərəqqi qazanmağa, yaxşı idarə olunan və təhlükəsiz mobillik şərtləri ilə, o cümlədən Tərəflər arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin səmərəli şəkildə həyata keçirilməsi ilə Ermənistanla müəyyən edilmiş qaydada viza rejiminin liberallaşdırılması haqqında dialoqa başlamaq məsələsini nəzərdən keçirməyə ümid bəsləyirlər. Iştirakçılar təhsil, tədqiqat və innovasiyalar sisteminin müasirləşdirilməsində, onların keyfiyyət göstəriciləri və rəqabət qabiliyyətinin yaxşılaşdırılmasında, eyni zamanda BMT və Avropa Şurası Konvensiyalarında və əlaqədar protokollarda təsbit edildiyi kimi milli azlıqlara mənsub şəxslərin artıq həyata keçmiş hüquqlarına hörmət bəslənməsi, azlıqlara mənsub şəxslərə qarşı ayrı-seçkiliyin salınmaması və müxtəlifliyə hörmət edilməsi, bu sistemlərdə islahat apararkən Avropa Şurasının ekspert potensialının tam şəkildə nəzərə alınması kimi məsələlərdə bütün tərəfdaşlarla birgə daha çox işləyəcəklərinə ümid bəsləyirlər. 2017-ci ilin iyun ayında keçirilmiş 3-cü ŞT Gənclər Forumunda vurğulandığı kimi Aİ-nın təqdim etdiyi hərtərəfli gənclər siyasəti mexanizmi və gənclər paketi vasitəsilə gənc nəslin səriştəsinin, vətəndaş fəallığı və həmrəyliyinin inkişaf etdirilməsi, akademik mobilliyinin dəstəklənməsi, onların işədüzəlmə imkanları və sahibkarlıq ruhunun təşviq edilməsi baxımından gənclərin dəstəklənməsinə və onların səlahiyyətlərinin artırılmasına xüsusi diqqət ayrılacaqdır.

19.Sammit iştirakçıları fəaliyyət göstərən media mühiti və ifadə azadlığının demokratik, sabit və çiçəklənən cəmiyyətdə oynadığı mühüm rolu vurğulamışlar. Onlar Şərq Tərəfdaşlığında müstəqil media, media peşəkarlığı, eləcə də media savadlılığı məsələlərinə dəstəyin artırılmasına ehtiyacın olduğunu qəbul edir. Onlar strateji kommunikasiya sahəsində göstərilən cəhdlərin və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasındakı əməkdaşlıq barədə məlumatlandırmanı təşviq etmək üçün görülən işlərin daha da çoxaldılmasının, eləcə də ictimaiyyət arasında məlumatlandırmanın artırılmasının və dezinformasiyanın ifşa edilməsinin zəruri olduğu ilə razıdır. Bu baxımdan onlar 2017-ci ilin sentyabr ayında Kiyevdə keçirilmiş 2-ci Şərq Tərəfdaşlığı Media Konfransının verdiyi töhfəni alqışlayır.

20.Sammit iştirakçıları cəmiyyətin bütün tərəflərinin inklüsiv iştirakının Şərq Tərəfdaşlığı üçün mühüm olduğunu bir daha təsdiq etmişlər. Aİ-nın Gender Fəaliyyət Planında nəzərdə tutulduğu kimi onlar kişi və qadınlar arasındakı bərabərliyi artırmağa can ataraq, qadınların səlahiyyətlərinin artırılmasını təşviq edirlər. 2017-ci ilin oktyabrında Tallində keçirilmiş Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransında vurğulandığı kimi ŞT Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə də vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələr və ictimai kütlələrlə işləyən vətəndaş cəmiyyəti təşkilatlarının və sosial tərəfdaşların geniş şəkildə əhatə olunması və onlara hədəfli yardımın göstərilməsi bu Tərəfdaşlığın ayrılmaz hissəsi olaraq qalır. Onlar insanlara ən yaxın idarəetmə səviyyəsində Tərəfdaşlığın məqsədlərinin əldə edilməsində Şərq Tərəfdaşlığı üçün Regional və Yerli İdarə Qurumlarının Konfransı (CORLEAP) çərçivəsində yerli və regional idarəetmə qurumlarının oynadığı rolu alqışlayır. Sammit iştirakçıları AVRONEST Parlament Assambleyası çərçivəsində parlamentlər arasında daha yaxın əməkdaşlığa, dialoqa və mübadilələrin aparılmasına şövq edir, bu kontekstdə "Assosiasiya Sazişlərinin xüsusi İşçi Qrupu" Bürosunun təsis edilməsinə razılıq bildirirlər.

21.Sammit iştirakçıları Şərq Tərəfdaşlığının 2019-cu ilə planlaşdırılan növbəti Sammit iclasını səbirsizliklə gözləyirlər ki, burada onlar Şərq Tərəfdaşlığının əldə edilən nəticələrini nəzərdən keçirmək, Şərq Tərəfdaşlığı əməkdaşlığını daha da gücləndirmək üçün onu istiqamətləndirmək niyyətindədirlər.


QOŞMAYA Əlavə I

Əlavə I – 2020-ci ilə 20 Nəticə

Vətəndaşlar üçün gözəçarpan nəticələrin əldə edilməsi Şərq Tərəfdaşlığında bizim işimizin əsasında duran məsələdir. Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilmiş Sammitində razılaşdırılmış dörd prioritet çərçivəsində 2020-ci ilə hədəfi olan 20 əsas sahə müəyyən edilmişdir. Ümumi davamlılığımızın artırılması məsələsi bizi konkret nəticələrin seçimində istiqamətləndirmişdir.

2020-ci ilə 20 Nəticə bütün iştirakçı tərəflərlə işləmək üçün inklüziv qaydada hazırlanmış iş aləti kimi düşünülmüşdür. Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlıq üçün optimallaşdırılmış struktur nəticələrə yönələn, hərtərəfli və sistematik tərzdə razılaşdırılmış nəticələrin həyata keçirilməsinə müntəzəm qaydada yaxından nəzarət edərək, ümumi iştirakı və birgə öhdəliyi, ikitərəfli prioritetlərlə bir-birini tamamlamalarını təmin edəcəkdir.



Çarpazlaşan Nəticələr

  1. Cəmiyyətin demokratik quruluşu, şəffaf ictimai idarəetmə, özəl sektorun inkişafı, inklüsiv və davamlı iqtisadi artım, ətraf mühitin qorunması, sosial innovasiyalar, mobillik və insanlar arasında əlaqə baxımından vətəndaş cəmiyyətinin fəal olması vacibdir. İslahatların hərəkətverici qüvvəsi və cavabdehliyin tərəfdarı kimi vətəndaş cəmiyyəti hökumətin əvəzedilməz tərəfdaşıdır. Vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən sosial tərəfdaşların texniki ekspert təcrübəsinin və idarəetmə potensialının gücləndirilməsi ilə Tərəfdaş Ölkələrdə siyasi dialoqun və nəticələrə yönələn qərarların alınmasının dəyəri artacaqdır.



  1. Gender bərabərliyi və qeyri-ayrı-seçkilik Tərəfdaş Ölkələrə cəmiyyətin iqtisadi və sosial potensialından tam şəkildə istifadə etmək imkanı verəcəkdir. 2016-2020-ci illər üçün Aİ Gender Fəaliyyət Planına, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya və ayrı-seçkiliyə qarşı prinsiplərə əsasən Tərəfdaş Ölkələrdə cəmiyyətlər arasında təşviqat işinin tam şəkildə aparılmasına şərait yaradılacaqdır. Aİ müvafiq qanunvericiliyin qüvvəyə minməsini, effektiv bərabərlik qurumlarının təsis edilməsini və gücləndirilməsini dəstəkləyəcəkdir. "Qadınlar Biznesdə" proqramı qadın sahibkarların iqtisadi perspektivlərini artıracaqdır.

  2. Gücləndirilmiş, daha aydın və xüsusi hazırlanmış kommunikasiya, o cümlədən Stratcom EAST-in fəaliyyətinin nəticəsi olaraq Şərq qonşuluğunda vətəndaşlar Avropa İttifaqını daha yaxşı tanıyacaq, eləcə də Aİ vətəndaşları arasında Tərəfdaş Ölkələr və Şərq Tərəfdaşlığı haqda anlayış artacaqdır. Tərəfdaş Ölkələrdə kütləvi informasiya vasitələrinin müxtəlifliyi və onların müstəqil olması cavabdehliyi, eləcə də dizinformasiyaya qarşı davamiyyəti artırmağa davam edəcəkdir.

İqtisadi inkişaf və bazar imkanları

  1. "Aİ4Biznes" proqramı, müvafiq milli yardım proqramları vasitəsilə, eləcə də Tərəfdaş Ölkələrdə KOM-ların fəaliyyət mühitini yaxşılaşdırmaqla tərəfdaş ölkələrdə Kiçik və Orta Müəssisələrin (KOM-lar) inkişaf potensialı açılacaqdır. Dövlət-özəl sektor arasında dialoqun institutlaşdırılması, müştəri yönümlü biznesi dəstəkləyən təşkilatlara yardımın göstərilməsi, Şərq Qonşuluğunda ticarətin artması və investisiyanın təşviqi üçün iqtisadi diplomatiya sahəsində yeni regional şəbəkənin təsis edilməsi ilə davamlı iqtisadi inkişaf üçün potensial daha da artacaqdır.



  1. Səmərəli şəkildə davamlı iqtisadi inkişafa və köklü dəyişikliklərə nail olmaq üçün maliyyə vasitələrinə çıxışla bağlı və maliyyə infrastrukturunda olan boşluqlar aradan qaldırılacaqdır. Kapital bazarlarının möhkəmlənməsi və onların fəaliyyətinin genişlənməsi həm də kapital bazarların islahatı üzrə pilot proqramlar vasitəsilə dəstəklənəcəkdir. Investisiyaları təşviq etmək və ixracı artırmaq üçün səmərəli kredit reyestrləri və alternativ maliyyələşdirmə mənbələri dəstəklənəcəkdir. Beynəlxalq Maliyyə Qurumları ilə sıx əməkdaşlıq etməklə bu islahatlar yerli valyuta ilə kredit vermənin artmasını şövq edəcəkdir.

  2. Yerli və regional səviyyələrdə yeni iş imkanlarının açılması Aİ proqramının həyata keçirilməsi ilə dəstəklənəcəkdir ki, proqramlarda məqsəd xüsusilə də gənc vətəndaşlar arasında iqtisadi fəalliyyətin diversifikasiyası və fərqliliklərin azaldılmasıdır. "İqtisadi İnkişaf üçün Merlər" adlı yeni təşəbbüs effektiv yerli iqtisadi inkişaf strategiyalarının həyata keçirilməsi üçün yerli icra hakimiyyətlərinin səfərbər olmasına yardım edəcəkdir. Kənd təsərrüfatı sektorunda da olmaqla regional inkişaf layihələrinin həyata keçirilməsi bu məqsədlər istiqamətində əlavə yardım edəcəkdir.

  3. "Aİ4Rəqəmsal" təşəbbüsü çərçivəsində Tərəfdaş Ölkələr arasında və Aİ ilə Rəqəmsal Bazarların Uyğunlaşdırılması dəstəklənəcəkdir ki, məqsəd vətəndaşlar, dövlət idarəçiliyi və biznes dairələri üçün "onlayn" rejimli pan-Avropa xidmətlərində mövcud əngəl və maneələri aradan qaldırmaqdır. Bu kontekstdə əməkdaşlıq milli telekommunikasiya nizamlayıcı orqanlarının müstəqilliyinə, tezliklərin bölgüsünün və rominq qiymətlərinin hesablanmasının uyğunlaşdırılmasına, geniş-zolaqlı internet şəbəkəsinin, kibertəhlükəsizlik, rəqəmsal innovasiya, qarşılıqlı işləyən eSəhiyyə xidmətləri və rəqəmsal səriştənin inkişafı üçün milli strategiyaların həyata keçirilməsinə, trans-sərhəd elektron İmzaların, elektron ticarət və Rəqəmsal Nəqliyyat Dəhlizlərinin pilot sınanmasına yönələcəkdir.



  1. Aidiyyatı olan üç tərəfdaş Gürcüsan, Moldova Respublikası və Ukrayna üçün Dərin və Hərtərəfli Azad Ticarət Məkanlarının həyata keçirilməsi də daxil olmaqla, Aİ ilə Tərəfdaş Ölkələr arasında, eləcə də Tərəfdaş Ölkələrin öz arasında ticarət dəstəklənəcəkdir. Aİ fərqləndirmə qaydasında Ermənistan, Azərbaycan və Belarus daxil olmaqla hər bir tərəfdaş ölkə ilə ümumi maraqları əks etdirmək üçün qarşılıqlı ticarəti möhkəmləndirmək və investisiya cəlb etmək məqsədilə cəlbedici və real variantları, investisiyaların qorunması ilə bağlı islahata uğramış investisiya siyasətini, əqli mülkiyyət sahəsi də olmaqla beynəlxalq ticarət qaydalarını və ticarətlə bağlı beynəlxalq standartları, ölkə iqtisadiyyatlarının müasirləşdirilməsi və diversifikasiyası məsələlərini birgə müzakirə edəcəkdir.

Qurumların və yaxşı idarəetmənin qüvvətləndirilməsi

  1. Korrupsiyanın qarşısının alınması və onun əleyhinə mübarizə, şəffaflığın artırılması və çirkab pulların yuyulması əleyhinə mübarizə aparmaq üçün davamlı strukturların təsis edilməsi və onların daha da inkişaf etdirilməsi ilə qanunun aliliyi və anti-korrupsiya mexanizmləri gücləndirilməcəkdir. Aktivlərin və maraq toqquşmasının bəyan edilməsi üçün asan axtarış imkanı olan məlumat bazaları ilə səmərəli sistemlərin, siyasi partiyanın maliyyələşdirilməsi, anti-korrupsiya qurumlarının müstəqilliyi, aktivlərin bərpa olunması və idarə edilməsi üçün hüquqi baza və mexanizmlərin və maliyyə araşdırmaları üçün səmərəli alətlərin hazırlanmasına dair beynəlxalq səviyyədə verilmiş münasib tövsiyyələrin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər bu kontekstdə izlənəcəkdir.



  1. Məhkəmə sisteminin müstəqilliyi, qərəzsizliyi, effektivliyi və cavabdehliyinə dair Avropa standartlarına uyğun olaraq əsas islahatların həyata keçirilməsi, məsələn, obyektiv şəkildə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq məhkəmə hallarının bölgüsü üçün müvafiq elektron vasitələrin tərtib edilməsi məsələləri vacib əhəmiyyət kəsb edəcəkdir. Razılaşdırılmış göstəricilər dəsti ilə müqayisədə hakimlərin şəffaf şəkildə və xidmətlərinə görə seçilməsi və vəzifələrinin artırılmasının tarixçəsi, məlumat verilmiş intizam xətaları, ədalət mühakiməsinə çatımlığın artması, məhkəmə korpusunun hərtərəfli və effektiv təlimi, həll olunmamış mülki və cinayət işlərinin sayının əhəmiyyətli dərəcədə azalması və məhkəmə qərarlarının həyata keçirilməsinin yaxşılaşması ictimaiyyətin Dövlət qurumlarına olan etimadını artıracaqdır.

  2. Peşəkar, siyasiləşdirilməmiş, cavabdeh və etik dövlət idarəçiliyinin qurulması üçün beynəlxalq prinsiplərə uyğun şəkildə Dövlət İdarəçiliyi İslahatlarının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq prinsiplərə uyğun olan milli səviyyəli strategiyalar, təkmilləşdirilmiş dövlət qulluğu qanunvericiliyi, informasiyaya ictimai çıxış, çatımlı və xidmət yönümlü idarəetmə qurumları, büdcəyə artan nəzarət və rəsmi statistika üçün təkmilləşdirilmiş institusional çərçivə bu sahədə əldə edilən tərəqqini nümayiş edəcəkdir. Dövlət qulluqçuları üçün öyrənmək məqsədilə iş yerində mütəxəssisin müşayiət edilməsi və onun işinin müşahidə edilməsi sisteminin olması imkanı araşdırılacaqdır.

  3. Təhlükəsizlik və təbii fəlakətlərlə bağlı risklərin idarə olunması sahəsində daha güclü əməkdaşlıq Tərəfdaşların böhran və təbii fəlakətlərə cavab vermələri üçün daha hazırlıqlı olmalarında onları dəstəkləyəcəkdir. Dəstək göstərməklə, o cümlədən mütəşəkkil cinayətkarlıq əleyhinə mübarizə naminə potensial quruculuğu məqsədilə tərəfdaşlar hibrid həmlələrə qarşı daha davamlı olacaqdır ki, buraya kiber təhlükəsizlik və Kimyəvi, Bioloji, Radioloji və Atom və ya cinayət, qəza və ya təbii mənşəli risklərin təsirinin azaldılması da daxildir. Təhlükəsizlik sahəsində dialoqu və ÜTMS üzrə praktiki əməkdaşlığı qüvvətləndirməklə, o cümlədən Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti/Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (ÜTMS/ÜXTS) sahəsində təlim imkanlarını və potensial quruculuğunu artırmaqla tərəfdaş ölkələrin Avropanın mülki və hərbi missiya və əməliyyatlarına verdiyi töhfə dəstəklənəcəkdir.

Bağlantılar, enerjidən səmərəli istifadə, ətraf mühit və iqlim dəyişikliyi

  1. Trans-Avropa Nəqliyyat (TEN-T) baza şəbəkəsinin, o cümlədən yollar, dəmir yolu, liman və hava limanlarının və daxili su yollarının genişləndirilməsi 2030-cu ilədək TEN-T şəbəkəsini bitirmək üçün uzun-müddətli indikativ investisiya fəaliyyət planına uyğun fəal şəkildə dəstəklənəcəkdir. Genişlənən baza şəbəkəsində tələb olunan əlaqələrin təmin edilməsi və mövcud nəqliyyat şəbəkələrinin səmərəliliyini də artırmaqla logistika zəncirində çətinliklərin aradan qaldırılması nəqliyyat bağlantılarını daha da asanlaşdıracaq, beləliklə iqtisadi mübadilələri dəstəkləyəcəkdir. Yükdaşıma axınlarının davamlı şəkildə artması sərhəd keçid prosedurlarının səmərəliliyinin yüksəlməsi və inzibati, texniki və digər maneələrin azaldılması ilə dəstəklənəcəkdir. Yol təhlükəsizliyinin artması və Ümumi Aviasiya Məkanı Sazişlərinə doğru addımlar nəqliyyat bağlantılarını daha da gücləndirəcəkdir.

  2. Tərəfdaş ölkələr arasında və onlarla Aİ arasında qaz və elektrik enerjisi sahəsindəki qarşılıqlı əlaqəliliyin artması ilə enerji təchizatının təhlükəsizliyi yüksələcəkdir. "Aİ4Enerji" təşəbbüsü enerji bazarlarında səmərəlilik və şəffaflığı daha yüksək dərəcədə dəstəkləyəcəkdir. Enerji Birliyi çərçivəsində mövcud əməkdaşlığa davamlı dəstək göstəriləcəkdir ki, bu Birlik Şərq tərəfdaşlarının müvafiq öhdəliklərini yerinə yetirmələrində onlara yardım edəcəkdir. Bu kontekstdə Ukraynanın qaz nəqliyyatı sistemi və anbarlarının müasirləşdirilməsi, strateji Cənub Qaz Dəhlizinin istismara verilməsi və onun Mərkəzi Asiyayadək əlavə olaraq uzadılması, Ungen-Kişinyov və Hermanoviçi-Bliçe Volitsia birləşdirici qaz boru kəmərlərinin çəkilməsi, Gürcüstanla Ermənistan arasında birləşmiş elektrik enerjisi sisteminin gücləndirilməsi, eləcə də Ukrayna və Moldovanın elektrik enerjisi sistemlərinin Avropa şəbəkəsinə potensial inteqrasiyası üçün şərtlərin təmin edilməsi bu sahədə birgə öhdəliyi və tərəqqini nümayiş edəcəkdir.



  1. İqlim Dəyişiklikləri üzrə Paris Sazişinə uyğun olaraq iqlim dəyişikliklərinə dayanıqlı və aşağı karbon dioksid emissiyaları ilə inkişaf yollarına can atmaq, enerjidən səmərəli istifadəni və bərpa olunan enerji mənbələrindən istifadəni yaxşılaşdırmaq və istixana qaz emissiyalarını azaltmaq məqsədilə qərarlı tədbirlər görüləcəkdir. "Merlər Sazişi" proqramı vasitəsilə Davamlı Enerji və İqlimin Qorunması Planlarının həyata keçirilməsi, davamlı səmərəlilik üçün KOM-ların dəstəklənməsi, Aİ4Biznes, Aİ4Enerji və Aİ4İnnovasiya arasında sinerjinin təmin edilməsi, ekoloji investisiyalar üçün maliyyənin verilməsi, istixana qazlarının azaldılması üçün milli strategiyaların hazırlanmasına, eləcə də milli emissiyaların monitorinqi, hesabatvermə və yoxlamasına və milli adapativ siyasətlərin hazırlanması istiqamətində əlavə səylərin dəstəklənməsi bu tədbirlərə daxildir.

  2. Su ehtiyatları idarəçiliyinin və trans-sərhəd əməkdaşlığın təkmilləşdirilməsi, ekoloji və iqlimlə bağlı hədəflərin sektor siyasətlərinə geniş şəkildə daxil edilməsi, düzgün ekoloji idarəçiliyin inkişaf etdirilməsi və ətraf mühit üzrə məlumatlandırmanın artırılması yolu ilə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin göstərdiyi təsirin zəiflədilməsi və ona uyğunlaşma artacaqdır. Ekologiyaya daha çox yönümlü və daha dairəvi iqtisadiyyata keçid dəstəklənəcəkdir. Çay hövzəsi idarəçiliyi planlarının hazırlanması, Qara Dəniz üçün ekoloji risklərin müəyyən edilməsi, strateji ekoloji qiymətləndirmələrin və ətraf mühitə təsirlərin qiymətləndirilməsi üçün qanunvericiliyin işlənməsi, ətraf mühit haqda məlumatlara çıxışın artması və su bioloji resursların davamlı şəkildə işlədilməsi bu sahədə atılan əsas addımlar sırasında olacaqdır.

Mobillik və insanlar arasında əlaqələr

  1. Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən viza rejiminin liberallaşdırılması meyarlarının davamlı şəkildə yerinə yetirilməsinə nəzarət etməklə, şərait imkan verərsə, yaxşı idarə olunan və təhlükəsiz mobillik üçün şəraitin olması, o cümlədən Tərəflər arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişlərinin səmərəli şəkildə həyata keçirilməsi şərti ilə, müvafiq olaraq Ermənistan və Azərbaycanla Viza rejiminin liberallaşdırılması ətrafında dialoqun müəyyən edilmiş qaydada başlanması məsələsini nəzərdən keçirməklə, və bundan başqa, Belarusla Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişinin imzalanması ilə mobillik sahəsində əldə edilən tərəqqi təşviq olunacaqdır. Digərləri ilə yanaşı, tərəfdaş ölkələrdə miqrasiya idarəçiliyini yaxşılaşdırmaq məqsədilə mövcud Mobillik Naminə Tərəfdaşlıqların həyata keçirilməsinə dəstək davam edəcəkdir. Tərəfdaş Ölkələr arasında və onlarla Aİ-na Üzv Dövlətlər arasında sərhəd keçid məntəqələrinin müasirləşdirilmiş şəbəkəsi ilə İnteqrə edilmiş Sərhəd İdarəçiliyinin həyata keçirilməsi mobilliyi dəstəkləyəcək, eyni zamanda təhlükəsizliyi artıraraq, artan ticarət axınlarına töhfə verəcəkdir.

  2. Xüsusilə də "Aİ4Gənclər" təşəbbüsündə təqdim edilən gücləndirilmiş "Gənclər Paketi" vasitəsilə gənclərin səriştəsinə, sahibkarlıq və işədüzəlmə imkanlarına qoyulan investisiya əhəmiyyətli dərəcədə artacaqdır ki, buraya liderlik, mobillik, rəsmi və qeyri-rəsmi təhsilin keyfiyyət məsələləri diqqət mərkəzində duran gənclərlə iş üçün yol xəritələri çərçivəsində gənclər üçün yeni mobillik proqramları və hədəfli tədbirlər daxildir. Gənclər və gənc əməkçilər Erasmus+ proqramı çərçivəsində artan mobillik imkanlarından faydalanacaqlar. Tərəfdaş Ölkələrin Erasmus+, Creative Europe (Yaradıcı Avropa), COSME və Horizon 2020 proqramlarında iştirak etməsi universitetlər, idarəetmə qurumları, biznes şirkətləri, peşəkarlar, mədəniyyət və audio-vizual operatorlar, gənc tələbələr və tədqiatçılar qarşısında yeni mobillik imkanları açır, mədəniyyət və yaradıcılıq sənayelərinin inkişaf etməsinə töhfə verir. Aİ proqramlarında güclənən əməkdaşlığa bütün müvafiq və zəruri hallarda dəstək göstəriləcəkdir.



  1. Aİ-na Üzv Dövlətlərin fəaliyyəti nəzərə alınaraq, Tərəfdaş Ölkələrdən olan şagirdlərə yüksək keyfiyyətdə təhsil vermək, onların təhsil və işədüzəlmə imkanlarını artırmaq, əməkdaşlığı, multikultural qarşılıqlı anlaşma, tolerantlıq, fundamental dəyərlər, Avropa İttifaqının və onun regiondakı işinin daha yaxşı başa düşülməsini təşviq etmək, eləcə də dil bilmək səriştəsini artırmaq üçün Şərq Tərəfdaşlığı Avropa Məktəbi təsis ediləcəkdir. Tərəfdaş ölkələrin universitetlər şəbəkəsində yüksək səviyyədə tədris məsələsi diqqət mərkəzində duracaqdır.

  2. ŞT və Aİ-nın tədqiqat və innovasiya sistemlərinin inteqrə edilməsi yeni "Aİ4İnnovasiya" təşəbbüsü vasitəsilə təşviq olunacdır ki, məqsəd tədqiqatçıların məşğulluq və karyera perspektivlərini, rəqabət əsasında tədqiqat və innovasiyaların maliyyələşdirilməsini və tədqiqat-sənaye tərəfdaşlıqlarına dəstəyi artırmaqdır. Bu işdə məqsəd fərdi tədqiqatçılar üçün Horizon 2020 üzrə bütün maliyyələşdirmə planlarına tam çıxışı təmin etməkdir. Milli elmi-tədqiqat institutları və innovasiya sistemlərinin islahatları icra göstəricilərini və rəqabət qabiliyyətini artıracaqdır. Avropada bütün Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələrini birləşdirən Pan-Avropa GEANT şəbəkəsinə inteqrasiya rəqəmsal fərqi daha da azaldacaqdır.

QOŞMAYA Əlavə II

Sammit və nazirlər səviyyəsində keçirilmiş görüşlərin siyasi kursu ilə təyin olunan strateji istiqamət çərçivəsində Şərq Tərəfdaşlığının yeni optimallaşdırılmış strukturunun səmərəliliyini və onun fəaliyyətinin ardıcıllığını təmin etmək məqsədilə 2015-ci ildə Riqada keçirilmiş ŞT Sammitində razılaşdırılmış dörd əsas əməkdaşlıq sahəsinə uyğun olaraq Platformalar sektorlarası forumlar kimi yenidən strukturlaşdırılmışdır. Onlar Panellər (dərin müzakirələrin keçiriləcəyi yer) və Yüksək Vəzifəli Şəxslərin Görüşləri (ümumi nəzarəti, sinerjilərin müəyyən edilməsini və ümumi prosesin yoxlanmasını təmin edəcəkdir) arasında qovuşma nöqtəsi olacaqdır. Platformalar Panellərin işinə siyasi istiqamət verəcək və Yüksək Vəzifəli Şəxslərin Görüşlərinə hesabat verəcəklər. Belə ŞT strukturu inklüziv və nəticə yönümlü prosesdə işləyəcəkdir. Aİ və tərəfdaş ölkələr nəticələrə, xüsusilə də 2020-ci ilə 20 nəticəyə yönələn iş planı və metodologiyanı razılaşdıracaqlar. Vətəndaş cəmiyyəti, o cümlədən müvafiq hallarda sosial trəfdaşlar və biznes icması yenilənmiş prosesə və bu nəticələrin əldə edilməsinə tam şəkildə cəlb olunacaq.




Yüklə 75,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə