ŞƏrq və QƏRB: tarix və MÜASİRLİk könül Bünyadzadə Giriş



Yüklə 310,8 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü310,8 Kb.
#55030


“Fəlsəfə və sosial-siyasi elmlər”.-2010.-№4.-S.108-123.

ŞƏRQ VƏ QƏRB: 

TARİX VƏ MÜASİRLİK

Könül Bünyadzadə

Giriş

Təqribən yeni dövrdən başlanan Şərq və Qərb bölgüsünü əsaslandırmağa çalışan alimlər, tədqiqatçılar daha

inandırıcı  təsir  bağışlamaq  üçün  hətta  qədim  dövrlərə  də  müraciət  edirlər.  Bu  bölgü  artıq  özünü  kifayət  qədər

təsdiqlədiyindən tarixin əsl mahiyyətini bilənlər də istər-istəməz bu faktla hesablaşmağa məcburdurlar. Yəni məcazi

mənada deyilsə, dünən Şərq-Qərb bölgüsü olmasa da, bu gün, o, nəinki var, hətta az qala bütün qlobal problemlərin

başında dayanır. Və belə görünür ki, artıq dərinlərə kök atmış bu ağac hələ uzun müddət meyvə verəcək.

Problemin əsl mahiyyətini dərk etmək, düzgün nəticə çıxartmaq, başqa sözlə desək, bu ağacın meyvəsinin

nə olacağını bilmək üçün onun təhlilinə kökündən başlamaq lazımdır.

İlk  əvvəl  onu  qeyd  edək  ki,  Qərblə  müqayisə  olunacaq  Şərq  deyəndə  biz  əsasən  İslam  Şərqini  nəzərdə

tuturuq. Maraqlıdır  ki, Uzaq Şərq uzun illər boyu Qərbin fiziki təzyiqinə  (işğalçı müharibələr,  illərlə  davam  edən

müstəmləkəçilik  siyasəti  və  s.)  məruz  qalsa  da,  təfəkküründəki  müstəqillik,  mədəniyyətindəki  orijinallıq,  millilik

özünü  daha  yaxşı  qoruyub  saxlaya  bilmişdir.  Bunun  bariz  nümunəsini  Hindistanda,  Çində,  Yaponiyada  görmək

mümkündür. Məsələn, yaponlar öz dinlərinin insanlara verdiyi mənəvi zənginlikdən və özlərinin bu dinə ruhən sıx

bağlı  olmaqlarından  o  dərəcədə  əmindirlər  ki,  hətta  cavanlarının  müəyyən  bir  şəraitdə,  bir  zaman  kəsiyində

avropalaşmasından belə  narahat  deyillər.  Çünki  bilirlər  ki,  mənəviyyatlarındakı həmin  əlaqə,  qəlblərindəki  həmin

müqəddəslik duyğusu bir gün onları mütləq öz kökünə, öz dininə qaytaracaq. Və onlar yanılmırlar. Bu da danılmaz

faktdır  ki,  Şərq  deyəndə  beyinlərdə  mexaniki  bir  bölgü  aparılır:  Uzaq  Şərq  və  İslam  Şərqi.  Bunun  səbəblərinin

araşdırılması  ayrıca  bir  tədqiqat  mövzusudur.  Qərb  və  İslam  Şərqinini  isə  bir  çox  cəhətdən  oxşar  inkişaf  yolu

keçmiş, daha yaxından təmasda olmuş, bir-birinə qarşılıqlı təsir etmiş və müəyyən şərtlərin diktəsi ilə inkişaf yolları

ayrılmış  vahid  bir  düşüncə  məkanının  iki  tərəfi  hesab  etmək  olar.  Bu  baxımdan,  Qərb  və  İslam  Şərqinin  də

müqayisəsini məhz İslamın təşəkkülü dövründən başlamağımız daha doğru olar. Düzdür, Səlahəddin Xəlilov haqlı

olaraq irad tutur ki, «əgər «sivilizasiya» anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, onda müxtəlif dinlərə uyğun olaraq

müxtəlif  sivilizasiyalardan  danışmaq  olardı».

1

 Lakin  biz  bölgələrə  xas  sivilizasiyalardan  deyil,  ümumiyyətlə



təfəkkürlərin, düşüncə tərzlərinin inkişaf xəttindən və bunun cəmiyyətdə, bölgələrarası münasibətlərdəki təsirindən

və nəticəsindən danışmaq niyyətindəyik.



Dünən...

Orta  əsrlər  Şərq  və  Qərb  fəlsəfi  təfəkküründə  əhəmiyyətli  bir  dövrdür.  Belə  ki,  qədim  ənənənin  davam

etdiyi digər bölgələrdən (məs., Cin və Hindistandan) fərqli olaraq, yaranmış yeni səmavi dinlər - xristianlıq və islam

- həm Qərbdə, həm də Yaxın Şərqdə insanların düşüncəsinə, əxlaqına, həyat tərzinə, ümumiyyətlə dünyagörüşünə

güclü təsir göstərmiş, fəlsəfi təfəkküründə yeni istiqamətlərin qərarlaşmasına imkan yaratmışdır. Maraqlıdır ki, bir

çox  fəlsəfi  sistemlər,  nəzəriyyələr  məhz  orta  əsrlərdə  təşəkkül  tapmış,  bəziləri  isə  rüşeym  halında  da  olsa

filosofların baxışlarında özünü göstərmiş və sonralar digərləri tərəfindən inkişaf etdirilərək sistemləşdirilmişdir.

Xristian və islam dinlərinin yaranma tarixi arasında zaman fərqi təqribən 7 əsr olsa da, təməl olaraq onların

üzərində  təşəkkül  tapmış  həm  Qərb,  həm  də  Şərq  fəlsəfi  təfəkkürün  formalaşması və  inkişafı  arasında  müəyyən

paralellər aparmaq, hər iki bölgədə oxşar inkişaf qanunauyğunluqları müşahidə etmək mümkündür. Belə ki, dinlərin

yaranması  və  fəlsəfi  təfəkkürə  təsiri  nəticəsində  təşəkkül  tapmış  və  formalaşmış  dünyagörüşlərin,  fəlsəfi

cərəyanların  inkişaf  proseslərini  nəzərdən  keçirərkən  onları,  bəzi  spesifik  cəhətlər  istisna  olmaqla,  təqribən  eyni

mərhələlərə ayırmaq olar:

1.  Xristian  və  islam  dininin  təşəkkülü  və  onun  dünya  fəlsəfi  fikirləri  ilə  qarşılaşması  dövrü:  dinin

özünümüdafiəsi və dini doqmaların fəlsəfi terminlərlə təhlili.

2. Xristian və islam fəlsəfəsinin sistemləşməsi və qarşılıqlı təsiri dövrü.

3. Dinin fəlsəfədən  ayrılması: fəlsəfi  təfəkkürdə  elm  və  texnikanın həlledici  qüvvəyə  (Qərbdə)  çevrilməsi

və ya dinin yenidən hakim mövqe (Şərqdə) tutması dövrü.

Hər dövrü ayrılıqda qısaca nəzərdən keçirək.

Hər şeydən əvvəl qeyd edək ki, dinlərin yaranma tarixləri arasındakı zaman fərqi böyük olduğundan (təqr.

7 əsr) birinci dövrün konkret müddətini təyin etmək çətindir. Qərbdə

 o, təqribən III - VIII əsrləri, Şərqdə isə VII -



X əsrləri əhatə edir.

Səmavi  dinlərin  nazil  olması artıq  kifayət  qədər  inkişaf  yolu  keçərək  zəngin  irsə  malik  xalqların  fəlsəfi

1

 Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru (fəlsəfi etüdlər). Bakı, «Azərbaycan Universiteti», 2004, s. 142.



 Erkən  orta  əsrlərdə  Şərq-Qərb  bölgüsü  olmasa  da,  təfəkkür  formalarının  təşəkkülü  və  inkişafının  qanunauyğunluğunu  açmaq  üçün  biz  bu

terminlərdən istifadə edirik.



düşüncəsinə də güclü təsir göstərmiş və yeni istiqamət vermiş oldu. Əvvəla, yeni bilik mənbəyi - Müqəddəs Kitab

meydana  gəldi.  Bu  bilik  mənbəyi  açıq  hikmətləri  öyrətməklə  yanaşı,  ezoterik  elmlərə  də  imkan  açır,  onların

əhəmiyyətini vurğulayırdı.  İkincisi, peyğəmbərin şəxsiyyəti  həm cəmiyyətin,  həm də  ayrılıqda  fərdlərin  həyatında

bir  nümunəyə  çevrildi.  İnsan  fenomeninə  müxtəlif  aspektli  yanaşmalar  yarandı:  İnsan  Allahın  ən  aşağı  və  ən

günahkar  məxluqudur,  İnsan  -  Allah  kəlamıdır,  İnsan  -  Allahın  yer  üzündə  xəlifəsidir,  İnsan  -  İlahi  əmanətin

daşıyıcısıdır və nəhayət, İnsan - Yaradanın özüdür.

İlk  dövr  Şərq  və  Qərbdə  fərqli  zaman  kəsiyində  davam  etsə  də,  hər  ikisində,  demək  olar  ki,  eyni  inkişaf

yolunu  müşahidə  etmək  mümkündür.  Hər  ikisində  yeni  din  ilk  növbədə  özünümüdafiə  və  özünütəsdiq  mərhələsi

keçməklə  yanaşı,  həm  də  düşüncədə  hakim  mövqeni  tutmağa  başlayırdı.  İkinci  tərəfdən,  varislik  prinsipi  özünü

göstərirdi. Bu, həm qədim düşüncələrə yeni rəngin qatılması, həm də ehkamlara rasional baxışın yaranması demək

idi.  Nəhayət,  qədim  köklərə  malik,  fərqli  təqdimata,  bəzi  spesifikliklərə  baxmayaraq  mahiyyətcə  dəyişməyən,  ilk

iki  fikir  formalarının  özlərinə  də  təsir  göstərən  irrasional  idrak  bu  dövrdə  müstəqil  fikir  istiqaməti  kimi

formalaşmağa başlayırdı.

İlk dövr həm də fəlsəfi düşüncənin sistemləşməsi və daha bitkin şəkildə təqdimi üçün (II dövr) kifayət qədər

zəmin  hazırlamış  oldu.  Həm  Şərqdə,  həm  də  Qərbdə  dəyərli  traktatlar  yazılmış,  böyük  filosof  və  mütəfəkkirlər

yetişdirəcək fəlsəfi məktəb və cərəyanlar yaradılmışdı.

Qərbdə  sxolastik  fəlsəfənin  təşəkkülü  və  inkişafı  ilə  üst-üstə  düşən  ikinci  dövr  əsasən  (IX  -  XVI  əsrlər)

Patristika fəlsəfəsinin sistemləşdirilməsi və əksər filosofların dünyagörüşündə elminin, biliyin imana qulluq etməsi

ilə  səciyyələnir.  Bu  dövr  həmçinin  Qərb  fəlsəfəsinin  İslam  mütəfəkkirlərinin  və  onlar  vasitəsilə  Qədim  Yunan

filosoflarının  əsərləri  ilə  daha  yaxından  tanış olması və  bu  faktorun  Qərb  fəlsəfi  düşüncəsinə  fərqli  bir  istiqamət

verməsi ilə xarakterikdir.

İkinci dövrdə (təqribən XI-XIII əsrlər) Şərq fəlsəfi fikri də daha mürəkkəb və zəngin inkişaf yolu keçmişdir

və bəzi fəlsəfə tarixçiləri tərəfindən İslam Şərqinin Renessans dövrü kimi xarakterizə edilir.

Dövrün  fəlsəfi  mənzərəsinin  tədqiqindən  belə  aydın  olur  ki,  həmin  zaman  kəsiyində  rasional  təfəkkürün

istiqamətini  əsasən  «yad  düşüncə»  -  Qərbdə  bu  təsir  Qədim  Yunan  və  İslam  fəlsəfəsi,  Şərqdə  isə  Qədim  Yunan

fəlsəfəsi - təyin etmişdir. Bir faktı da vurğulayaq ki, məhz Qədim Yunan fəlsəfəsi ilə daha tez və yaxından tanışlıq

İslam Şərqində fəlsəfi düşüncənin qısa  müddətdə nəinki formalaşıb sistemləşməsinə, hətta onun özündən bir neçə

əsr «böyük» Qərb fəlsəfəsinin istiqamətini təyin edəcək qüvvə səviyyəsinə qalxmasına səbəb olmuşdur.



Üçüncü dövr fəlsəfə tarixi kitablarında Qərb fəlsəfə tarixinə müvafiq olaraq Renessans dövrü adlandırılır və

onun  başlanması orta  əsrlərin  sonu  hesab  edilir.  Lakin  bir  sıra  səbəblərdən  biz  bu  zaman  kəsiyini  də  araşdırma

dövrümüzə  aid  etmək  qərarına  gəldik.  Əvvəla,  bu  dövrləşmə  yalnız  Qərbə  aid  olub  Şərq  fəlsəfəsini  kölgəyə

çəkilməyə məcbur edir. Deməli, əgər eyni prinsiplə Şərq fəlsəfə tarixinə görə bölgü aparsaq, Qərb fəlsəfəsinin uzun

əsrlərini  dərsliklərdən  çıxartmalı  olardıq,  necə  ki,  hazırda  Şərq  fəlsəfəsini  çıxardırlar.  Digər  tərəfdən,  məhz  bu

dövrdə Şərq və Qərb arasındakı qütbləşmənin əsas kökləri yaranmış, Şərq və Qərbin həm fəlsəfi təfəkküründə, həm

elmə  münasibətlərində,  həm  də  cəmiyyət  quruculuğundakı  fəaliyyətləri  bir-birindən  fərqlənməyə  başlamışdır.

Nəhayət, yaratmağa çalışdığımız orta əsrlərin fəlsəfi mənzərəsinin tamamlanması üçün üçüncü dövrə də ehtiyac var.

Bu səbəbdən biz bəzi şərtilikləri  kənara qoyaraq bu illəri  də tədqiqat dövrümüzə aid etməyi məqsədəuyğun hesab

edirik.


Qeyd  etdiyimiz  kimi,  sonuncu  dövr  Qərb  fəlsəfə  tarixində  Renessans  illərini  -  XVI-XVII  əsrlər,  İslam

Şərqində isə XIV-XVII əsrləri əhatə edir.

Üçüncü  dövr  bir  neçə  spesifik  cəhətlə  xarakterizə  edilə  bilər.  Əvvəla,  həm  Qərb,  həm  də  Şərq  fəlsəfi

düşüncəsində dinin fəlsəfədən daha çox ayrılması müşahidə edilir və hər iki regionda dinin «islahatlaşması» prosesi

aparılır. Qərbdə bu, fəlsəfənin, Şərqdə isə dini düşüncənin müstəqil şəkildə irəliləməsinə səbəb olurdu. Qərbin bu

dövrünü  Rassel  belə  təsvir  edir:  «Çap  maşınının  yaranması ilə  yeni  ideyaların  yayılması miqyası dəfələrlə  artdı.

Məhz  bu,  nəhayət  ki,  köhnə  hakimiyyətin  gücünü  sındırmağa  kömək  etdi.  Bibliya  adi  dillə  çatdırılmaqla,  çap

olunmaqla hər kəs üçün əlçatan oldu və kilsə artıq möminlərin əqllərinə avtoritetcəsinə rəhbərlik edə bilmədi»

1

.

Elm və dinin qarşılıqlı əlaqəsi ilə bağlı olan ikinci fakt daha əhəmiyyətli və əvvəlkinin bir növ davamıdır,



onu  tamamlayır.  S.Xəlilov  yazır:  «Elmlə  dinin  arasında  ziddiyyət  o  zaman  yaranır  ki,  elm  öz  yolundan  kənara

çıxaraq inamı əvəz etmək istəyir... Din də o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq

idrak  hadisəsi  kimi  çıxış  etməyə  çalışır  və  dünyada  gedən  proseslərin  izahını  vermək  iddiasına  düşür».

2  


Qərbdə

məhz  elm  dini,  Şərqdə  isə  din  elmi  əvəz  etmək  iddiasına  düşdü  və  ziddiyyət  yarandı.  Müvafiq  olaraq  da,  Şərqdə

fəlsəfi təfəkkür dinin, Qərbdə isə elmin müstəvisində qərarlaşmağa başladı. Onu da əlavə edək ki, xristianlığın elm

üçün  boğucu  bir  mühit  verməsini,  İslamın  isə,  əksinə,  elm  üçün  geniş  imkanlar  yaratmasını nəzərə  alsaq,  həmin

dövrdə  atılan  bu  addımları  proqressiv  qiymətləndirmək  olardı.  Lakin...  Bir  Tibet  atalar  sözündə  deyilir:

«Barmağımla  ayı  göstərdim,  hamı  barmağıma  baxdı».  Qərbli  elmi  gördü,  onun  mənəviyyatla  əlaqəsini  unutdu;



şərqli dini gördü, onun elmə çağırışını eşitmədi.

Yeri gəlmişkən, qeyd edək ki, İslam Şərqində elmi dinlə əvəz etmək, yaxud elmi dini aspektdən izah etmək

həvəsləri  bu  gün  də  mövcuddur.  Buna  misal  olaraq  Qərb  alimlərinin  kəşflərinin  hansı  isə  işarələrini  Qurani

1

 Pacceл Б. Myдрость Запада. M., «Pecпублика», 1998, c. 264.



2

 Xəlilov S. Adı çəkilən əsər, s. 147.




Kərimdə  axtarmaq  və  İslamın  müsbət,  üstün  keyfiyyətlərini  bununla  əlaqələndirmək,  izah  etmək  cəhdlərini

göstərmək olar.

Həm Qərb, həm də Şərq uzun sürən müharibələr vasitəsilə öz ərazilərini genişləndirmək, maddi nemətlərini

artırmaq  istəyirdilər.  Ərazisinin  kiçikliyi,  təbiətinin  nisbətən  əlverişsizliyi Qərb  üçün  böyük  bir  stimul  oldu.  Eyni

zamanda,  Qərbin  elmdə  əldə  etdikləri  nailiyyətlər  burda  da  özünü  göstərdi:  güclü  silahlar  ixtira  edilir,  gəmilər

vasitəsilə daha uzaq dənizləri qət edib özləri üçün yeni müstəmləkələr işğal edir, həmin ərazilərin yeraltı və yerüstü

sərvətlərini öz ölkələrinə gətirirdilər. Bunların hamısı ölkənin maddi durumunu gücləndirməklə yanaşı, yeni tələblər

də  qoyurdu:  yeni  silahlar,  yeni  nəqliyyat  növləri,  yeni  yaşayış  tərzi,  gələn  sərvətlərin  ağılla  xərclənməsi,  sərf

edilməsi siyasəti və s. Dediklərimizin təsdiqinə Rasselin də fikirlərində rast gəlmək olar: «Bütün tarix boyu texniki

inkişafa  xüsusi  təkan  verən  iki  əsas  qüvvə  olub:  ticarət  və  müharibələr»

1

.  Bütün  bunlar  Qərbi  sürətlə  irəli  aparır,



onun hökmranlığını şərtsiz qəbul etdirirdi.

Təbii  ki,  yeni  şəraitə  uyğun  da  təfəkkür  formalaşırdı: qərblinin  həmişə  haqlı olması,  hakimlik  iddiası və

şərqlinin  dindən  gəlmə  mütiliyi,  itaətkarlığı  (onu  da  mütləq  əlavə  edək  ki,  İslamda  Allahdan  başqasına  itaət  ən

böyük günah sayılsa da, şərqlinin mütiliyi qərbliyə münasibətinə də sirayət etdi).



Bu gün...

Tarixə baxanda Şərqin bir çox «ilk»lərə imza atdığını görsək də, onun daha geniş tətbiqi, inkişaf etdirilməsi,

təkmilləşdirilməsi  məhz  Qərbə  məxsusdur.  Bu,  Şərqin  bir  düşünən,  ideya  verən  «baş»  olmasına  qədər  davam

etmişdir. Lakin Şərq dinin çərçivəsində qaldı, daha doğrusu, onun çərçivələrini olduğundan daha artıq daraltdı və

ondan  kənara  çıxmaq  istəmədi.  Toşihiko  İzutsu  yazır:  «...Şərq  fəlsəfəsi...  yaşadığımız  günlərin  gerçəklərindən

qaynaqlanan  problemlər  qarşısında  sahib  olduğu  mənəvi  dəyərləri  keçmişdə  olduğu  kimi  qoruya  bilən  qüdrətdə

görünmür.  Bu  halı  ilə  Şərq  fəlsəfəsi  özünü  çağdaş  problemlər  qarşısında  tamamilə  gücsüz  görəcək.  Çünki

texnologiya  artıq  Qərbdə  qalan  bir  hadisə  deyil.  Hakimiyyətini  sürətlə  dünyaya  yaymaqdadır».

6

 Qərb  Renessans



dövründə dini hakimiyyətin həqiqətən boğucu  şəraitindən  güc-bəla  ilə  qurtarandan  sonra  Şərqdən  gələn  hər  hansı

(nə qədər tərəqqipərvər olsa da!) bir kəşfi, yeni ideyanı, gözəl fikri «dini» damğası altında orta əsrlərin uzaq illərinə

atdı. Fəlsəfə tarixində də Şərqin tarixini orta əsrlərdəcə dayandırdılar. Qərb illərdən bəri mənimsədiyi bir siyasətlə

Şərq düşünməyə qadir olmayan baş kimi «kəsdi».

Elmin,  texnikanın  inkişafı,  çoxsaylı  kəşflər,  informasiya  bolluğu  Qərbi  ağuşuna  aldı  getdi.  «Köhnə

sosiumun  dağıldığı»,  «məişət  həyatında  belə  tələblərin  mürəkkəbləşdiyi»  XIX  əsrin  sonunu  təhlil  edən  Rassel

yazır:  «Bütün  bunlar  əqli  sferada  da  özünü  göstərir.  ...İxtisaslaşmanın  tələbləri  və  təzyiqi  cavanlan  onlarda  daha

geniş  maraq dairəsi və idrak yaranmamış ixtisasın dar çərçivəsinə yönəldir.  Bunun  nəticəsində  özlərini  tədqiqatın

müxtəlif sahələrinə həsr etmiş adamlar arasında ünsiyyət də olduqca çətinləşir».

1

Artıq XIX əsrdə elmin, texnikanın fəlsəfəni, insan Mənini arxa plana keçirtməsi filosofları narahat etməyə



bilməzdi. Rasselin fikrinə görə, «XIX əsrin intellektual həyatının daha bir yeni parçalanması bədii və elmi fəaliyyət

arasında  baş  verdi.  ...Elmi  həyat  tərzi  öz  laboratoriyaları  və  eksperimentləri  ilə  sanki  rəssamdan  tələb  olunan

azadlıq və axtarış ruhunu əzir».

Bu deyilənlər yalnız başlanğıc idi. Freyddən, Nitsşedən, A. Smitdən, Ç.Darvindən,



Marks  və  Engelsdən,  Oqüst  Kontdan,  Pirsdən  və  b.-dan  keçib  gələn  fəlsəfənin,  psixologiyanın,  milli  təfəkkürün,

ictimai-siyasi elmlərin, texnikanın inkişafı XX əsrdə iki dağıdıcı müharibəyə və bütün bəşəriyyətin mövcudluğuna

təhlükə yaradan atom bombasının yaradılmasına gətirib çıxartdı.

Qərbdə  bu  qədər  pozitiv  və  neqativ  hadisələrin  getdiyi  bir  vaxtda  Şərqdə  nə  baş  verirdi?  Doğurdanmı,

yalnız  miniatürlər  çəkilir,  lirik  şeirlər  yazılır,  dini-mistik  təriqətlərin  sayı  artırılır,  Qurani  Kərimə  yeni  şərhlər

yazılır,  yeni  hədislər  düşünülüb  tapılırdı?  İslam  insanları elm  öyrənməyə,  maariflənməyə  çağırdı, dininə,  xalqına

ağılla,  düşüncə  ilə  qulluq  etməyə  dəvət  etdi,  müsəlman  isə  yalnız  dini  öyrənməklə,  dünyaya  bu  pəncərədən

baxmaqla  kifayətləndi.  Cəmaləddin  Əfqani  yazır:  «Qəribə  burasıdır  ki,  bizim  alimlər  elmi  iki  yerə  bölmüşlər:

müsəlman  elmləri  və  Avropa  elmləri.  Buna  görə  də,  onlar  camaatı  xeyirli  elmlərin  mənimsənilməsindən

çəkindirirlər. Onlar başa düşmürlər ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur.. .».

3

Əlbəttə,  hər  xalqın  öz  tarixini  götürsək,  çox  əhəmiyyətli  hadisələrin  baş  verdiyini  görmək  olar.  Dövlətlər



müstəqillik  qazanır,  Qərbin  sayəsində,  yəni  orada  alınan  təhsillərin,  gətirilən  texnikanın  köməkliyi  ilə  xalqlar

maariflənir,  iqtisadiyyat  inkişaf  edirdi.  Məsələn,  bir  çox  tədqiqatçılar  XIX  əsrin  sonunu  -  XX  əsrin  əvvəllərini

Azərbaycanın tarixində qızıl dövr kimi qiymətləndirirlər. Bunlar bir həqiqətdir, qürurverici faktlardır. Lakin söhbət

ayrı-ayrı mütəfəkkirlərdən,  xalqlardan  getmir.  Söhbət  əzəmətləri  Şərqə  sığmayan, müdrikliyi  yalnız  bir  xalq  üçün

deyil,  bütün  bəşəriyyət  üçün  nəzərdə  tutulan  ideyalardan,  nəzəriyyələrdən  gedir.  Söhbət  Şərqin  özünü  yenidən

təsdiqləməsindən  gedir.  Bu  gün  Qərb  təfəkkürünün  bütövlüyü  qarşısında  Şərq  nə  qoyur?  Yada  italyan  tənqidçisi

Cuzeppe  Matsininin  bir  fikri  düşür:  «Bizim  keçmişimiz  var  -  nəhəng  və  əhəmiyyətli  bir  keçmiş,  amma  yaxşı

tariximiz yoxdur ki, onu fəlsəfə nuruna bürüsün.»

1

1

 Rassel B. Adı çəkilən əsər, s. 447.



6

 İzutsu T. İslamda varlıq düşüncəsi. Tərs. İ.Kalın, İstanbul, 2003, s. 49.

1

 Rassel B. Adı çəkilən əsər, s. 427.



2

 Yenə orda.

3

 Əfqani C. Seçilmiş əsərləri. Bakı, 1998, s. 32.



1

 Маццини Дж. Эстетика и критика. Избранные статьи. М., искусство, 1976, с. 199.




Eyni  sualı  XIX  əsrin  sonlarında  Cəmaləddin  Əfqani  də  qoyur:  «Hikmət  elmi  ətrafımızdakı  mövcud

səbəblərdən  və  əlaqələrdən  bəhs  edir.  Qəribə  burasıdır  ki,  bizim  alimlər  «Səbri»  və  «Şəmsü'l-bariə» oxuyurlar  və

fəxrlə  özlərini  hikmət  sahibi  hesab  edirlər.  Di  gəl,  ...soruşmurlar  ki,  biz  kimik  və  nəyik?  Elektrik,  buxar  gəmisi,

dəmir  yolu  nədir?»

2

 Mütəfəkkir  uzun  illər  ərzində  həm  Avropa,  həm  də  islam  ölkələrini  gəzmiş,  ikincilərin  istər



cəmiyyət  quruculuğunda,  istərsə  də  elmin  inkişafında  geri  qalmasının  səbəblərini  araşdırmış,  öz  təklifləri  ilə

qəzetlərdə,  konfranslarda  çıxış  etmişdir.  Problemin  mahiyyətini  dərindən  dərk  edən  Əfqani  bildirir  ki,  «bir

müsəlman ziyalısı və alimi Avropa demokratik məfkurələrinə tamam aşina olsa o, Quranın təlimlərinə əsaslanaraq

xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər».

3

 Yəni o, ruhu Şərq, ağlı Qərb olan bir orqanizmin



yaradılmasını təklif edirdi.

İslam  ölkələrinin  taleyini  düşünən  digər  bir  filosof  kimi  Məhəmməd  İqbalın  adını  çəkmək  olar.  Avropa

təhsili görmüş, öz doğma vətəni olan Pakistanın müstəqil ölkə kimi təşəkkül tapmasında müstəsna rolu olan, yəni

Qərb  təhsilli,  milli  təfəkkürlü  bu  mütəfəkkir  yalnız  Şərqin  deyil,  ümumiyyətlə  bəşəriyyətin  düşdüyü  vəziyyəti

düşünür,  çıxış  yolu  arayır.  «Qərbin  müvazinətsiz,  birtərəfli  inkişafının  əxlaq  və  mənəviyyatdan  məhrum  olması,

Şərqin dindarlığının isə aldadıcı bir güc olması» qənaətinə gələn mütəfəkkir anlayır ki, «ruh ölkəsi həm Şərq, həm

də  Qərb  tərəfindən  yenidən  kəşf  edilməlidir»

1

.  Xüsusilə  onu  da  bildirək  ki,  Avropa  təhsilli  olması  Məhəmməd



İqbala Şərqlə yanaşı, Qərbin də probleminə içindən bələd olmağa imkan vermişdir. Bəlkə də bu səbəbdəndir ki, o,

Avropada daha yaxşı tanınır və qəbul edilir. Özünün fəlsəfi görüşlərini daha sistemli şəkildə təqdim etdiyi «İslamda

dini düşüncənin yenidən doğuluşu» əsərində o, nə misirli mütəfəkkir Məhəmməd Abduh kimi əxlaqi islahatların, nə

də  Əfqani  kimi  elmdə,  ictimai  həyatda  avropalaşmanın,  Qərbə  bənzəməyin,  onun  yolu  ilə  getməyin  tərəfdarı

olmuşdur.  Yəni  Məhəmməd  İqbal  Şərq  ruhunun,  İdeyasının  yenidən  canlandırılması təklifi  ilə  çıxış  edir.  Çünki

buna həm Şərqin özünün, həm də Qərbin ehtiyacı var.

Bu  gün  Qərb  də  tənəzzüldədir  -  düşüncə  tənəzzülündə.  Onun  «düşünən  başa»,  mənəviyyata  ehtiyacı

günü-gündən  artır.  Bunu  Qərb  artıq  dərk  etməkdədir,  Şərq  isə  hələ  də  Qərbə  heyranlıqla  altdan  yuxarı

baxmağındadır. Qərb çalışaraq öz-özü üçün elə bir cəmiyyət qurub ki, hazırda cəmiyyət onu idarə edir. Qərb bu gün

hazır  binadır  və  S.Xəlilovun  bildirdiyi  kimi,  «adamlar  bu  mükəmməl  strukturun  yaradılmasında  vasitədir.  Lakin

şüurlu vasitələrdir. Şərqdə isə insanlar kərpicdən fərqli olaraq, müstəqil və orijinal struktura malik mükəmməl sənət

abidələrini  xatırlatdığından  onlardan  nə  isə  tikmək  çox  çətindir...  Şərqdə  kərpiclər  yoxdur.  Ya  çay  daşlan  və

daş-kəsək  var,  ya  sal  qayalar  və  sənət  əsərlərinə  çevrilmiş  unikal  abidələr  -  fərdi  fəaliyyətlər  var».

2

 Cəmiyyət



müəyyən struktura malik, stabilləşmiş qaydaları, ənənələri olan bir «qurumdur». Bu, təfəkkürlərin, dünyagörüşlərin

yonulub, rəndələnib həmin tələblərə uyğunlaşması deməkdir. Onu da əlavə edək ki, bu qismət həm yüksək inkişaf

etmiş, həm də yarımçıq, hələ formalaşmaqda olan cəmiyyətin üzvlərinə aiddir. Hazır tikilinin kərpiclərini «sarayın»

divarında  qərarlaşıb  sabitləşmək,  yarımçıq  tikilinin  və  ya  uçuntunun  kərpiclərini  isə  mamırın  altında  itib-batmaq

qisməti gözlədiyi kimi.

«Cansızlaşma»  təhlükəsinin  təbili  bir  çox  Qərb  filosofu  tərəfindən  artıq  çalınıb.  Rassel  yazır:  «Müasir

həyatın  təşkilatlanmasının  təzyiqi  fəlsəfədə  irrasional  təfəkkürün  yaranmasına  səbəb  oldu.  ...Bu,  həm  də  güman

etdikləri  kimi,  insan  azadlığına  elmdən  gələn  təhlükəyə  qarşı  üsyandır»

3

.  Qərbin  özündə  bu  istiqamətdə  bir  sıra



cərəyanlar,  fəlsəfi  məktəblər  yaransa  da,  əsas  ideya  mənbəyi  kimi  yenə  Şərqə  üz  tutuldu.  S.Xəlilov  yazır:  «Qərb

idrakın, özünüdərkin elə məqamına çatıb ki, özünü şüurlu surətdə idarə edə bilir. Ona görə də bir böyrəyi çatmırsa

və ya xəstədirsə, onu sağlam bədənlərdən transfer edir. ...Bu mənada Qərb dünyası Şərqdən nə isə götürürsə, buna

heç bir etiraz ola bilməz. Lakin öz xəstə mənəviyyatını Şərqə transfer edirsə, o, artıq yolverilməzdir».

1

 Qərb yalnız



Şərqdən ehtiyacı olduğunu götürüb, yerinə öz naqisliyini verməklə kifayətlənmir. Onun müraciəti özünəməxsusdur.

Əvvəla,  burada  S.Xəlilovun  dediyi  kimi,  Şərqə  məxsus  «fərdilik  itir,  müxtəliflik  itir  və  dünən  gözəllik  sayılan

özünəməxsusluq bu gün çatışmazlıq kimi ortaya çıxır. Bir qranit parçası, bir çay daşı kərpic və ya blok-beton kimi

düzgün həndəsi biçimdə olmadığı üçün dəyərsizləşir, təhqirlərə məruz qalır»

2

. Digər tərəfdən, Qərb ona lazım olanı



dərk etmək, onu olduğu kimi qəbul etmək əvəzinə, onu mənimsəyir, özününküləşdirir, bu alınmayanda isə  kənara

atır.  Məsələn,  bu  gün  Qərbin  sufi  mütəfəkkirlərə  marağı  artıb.  2007-il  YUNESKO  tərəfindən  Mövlana  ili  elan

edildi,  bütün  dünya  Mövlanadan  danışdı.  Yaxud,  yalnız  Avropada  İbn  Ərəbi  yaradıcılığı  ilə  məşğul  olan  onlarla

tədqiqat  mərkəzləri,  nəşriyyat  orqanları  mövcuddur.  Səbəb  nədir?  İslama  günü-gündən  artan  mənfi  münasibətin

yanında onun özək xətti  olan təsəvvüfə bu qədər böyük dəyərin mahiyyətində nə  durur?  Təsəvvüfə  xas  liberallıq,

ülviyyət, insanlığa  məhəbbət və ədalət. Adətən xristianlığın adına yazılan prinsiplər. Qərbli Mövlananı, yaxud İbn

Ərəbini bir müsəlman mütəfəkkiri kimi deyil, xristianlığın gözəl prinsiplərinin tərənnümçüsü kimi öyrənir. Amma

təsəvvüfün İslamın özək xətti olmasını, bütün deyilən prinsip və keyfiyyətlərin də məhz İslamdan qaynaqlandığını

qəbul etməyə isə ehtiyac hiss etmirlər.

Bu  bir  həqiqətdir  ki,  fəlsəfə  tarixinə  nəzər  salanda  bir  qanunauyğunluğun  şahidi  olmaq  mümkündür:

2

 Əfqani C. Adı çəkilən əsər, s. 31.



3

 Yenə orada, s. 43.

1

 Əbdülkərim X. Məhəmməd İqbal // İslam düşüncəsi tarixi. 4-cü cild, red.: M.M.Şərif. İstanbul, 1991, s. 405.



2

 Xəlilov S. Adı çəkilən əsər, s. 170

3

 Rassel B. Adı çəkilən əsər, s. 448



1

 Xəlilov S. Adı çəkilən əsər, s. 174

2

 Yenə orda, s. 171




irrasional təfəkkür şəraitindən, məkanından və zamanından asılı olmayaraq bəzən rasional təfəkkürün yanında arxa

plana  çəkilsə  belə,  öz  mövcudluğunu  saxlamışdır.  Və  məhz  bu  təfəkkür  növü  hər  iki  bölgənin  insanı  arasındakı

bağların  tam  qırılmamasına  şərait  yaratmışdır.  Lakin  bu  da  həqiqətdir  ki,  bu  gün  Qərb  təsəvvüfü  nə  qədər  geniş

ürəklə qarşılayırsa, İslamı da bir o qədər sərtliklə geri itələyir.

Hazırda  həm Qərbdə, həm də Şərqdə zahirilik ifrat dərəcəyə qədər yüksəlmişdir  və münasibətlər də məhz

bu müstəvidə qurulur. Lakin elmi, texniki, siyasi və iqtisadi üstünlük Qərb tərəfdə olduğu üçün tərəzinin gözü də

məhz o tərəfə əyilir. Şərq «qərbləşmək» istəyir. Bu gün Şərq insanı Qərb cəmiyyətinə - sabitliyə, müəyyənliyə can

atır, Qərb isə - yeni ideyaya. Qərbin hazır binası yeni daşlan - yonulmamış, hörgüyə gəlməyən «çay daşlarını» qəbul

edə bilmir. Ancaq Şərqin səpələnmiş  daşları arasında hamıya yer tapılır.  Bu səbəbdən Qərbə üz tutan şərqli orada

özünü  yad,  ikinci  dərəcəli  insan  kimi,  qərbli  isə  Şərqdə  özünü  öz  evindəki  kimi  hiss  edir.  Bu  gün  Şərqin  «kiçik



miqyaslı fərdi abidələri» Qərb tikililəri üçün «daş karxanasına» çevrilib. Cavan istedadların  Qərbə getməsi, daha

doğrusu,  onların  Qərbə  cəlb  edilməsi  buna  gözəl  nümunədir.  Bu  günün  təhlükəsini  görən  Əbu  Turxan  hələ  illər

əvvəl söyləmişdi ki, «əvvəl yalnız Şərq var idi, Qərb yox idi. İndi yalnız Qərb var, Şərq yoxdur».

Sabah...

Xilas yolu hardadır? S.Xəlilovun fikrinə görə, «Şərq özünü itirmişdir. O, özünü tapa bilsə, xilas yolunu da

tapacaq».

1

 Bu  gün  Şərqin  əvvəlki  möhtəşəmliyinə,  qüdrətinə  verilişlər  həsr  edilir,  kitablar  yazılır,  konfranslar



keçirilir, amma bunlar bir çıxış yolu ola bilmir. Qərbin artıq yüksək zirvələrə çatmış elminin yanında Şərq alternativ

bir elm qoya bilmir. Buna heç ehtiyac da yoxdur. Qərbin öz-özünü tənzimləyən normal cəmiyyətinə alternativ bir

cəmiyyət  quruluşu  da  qoya  bilmir.  Bax,  buna  ehtiyac  var.  Qərbin  tənəzzülə  uğramaqda  olan  təfəkkürünün

qarşılığında isə yeni bir təfəkkür sistemi qoymaq artıq zərurətə çevrilib. Həm Şərq, həm də Qərb üçün.

Məsələ burasındadır ki, problem artıq şərqli və ya qərbli təfəkkürünün çərçivəsindən çıxıb. Çıxmaza düşən

ümumiyyətlə  bəşəriyyətdir.  Bu  gün  dünyanın  mənzərəsinə  baxsaq  ərəb  tədqiqatçı  Taha  Cabir  əl-Əlvaninin

sözlərinin  necə  haqlı  olduğunu  görərik:  «Bəşər  təkəbbürləşəndə  o  dərəcədə  qəddarlaşır  ki,  ətraf  təbii  mühiti

dağıtmağa,  torpağı,  dənizi  və  havanı  çirkləndirməyə  başlayır.  Təbii  nizam  pozulduqda,  Yer  ifratçılıq  və

əxlaqsızlığın  doğurduğu  xəstəliklərlə  dolur.  Bütöv  kontinentlər  aclıq,  ehtiyac,  epidemiyalar  və  dağıntılara  məruz

qalır,  insanların  çoxu  əzablı  həyat  sürməyə  məhkum  olurlar:  "Hər  kəs  Mənim  öyüd-nəsihətimdən  üz  döndərsə,

güzəranı daralar" (Quran 20:124)».

1

 Bəli, bu gün bəşəriyyət bütövlükdə mənəviyyat, düşüncə tənəzzülü yaşayır və



söhbət  onun  yenidən  dirçəldilməsindən,  canlandırılmasından  gedir.  Biz  təsadüfən  məsələnin  araşdırılmasını onun

kökündən başlamamışıq. Qərb və İslam Şərqi bir çox cəhətdən bir-birini tamamlayan bir medalın iki üzüdürlər və

problemin  həllində  bu  vacib  amil  mütləq  diqqət  mərkəzində  saxlanmalıdır.  Əslində  Şərq  və  Qərbin  sabahını

düşünən çoxdur, bunu nəşr edilən kitablardan, yaradılan cəmiyyətlərin, tədqiqat mərkəzlərinin sayından bilmək elə

də  çətin  deyil.  Lakin  bu  işdə  düzgün  istiqamətdə  olan  mütəfəkkirlər  azdır.  Sözlərimizin  mənası  Cəmaləddin

Əfqaninin  kəlamı  ilə  daha  da  aydın  olar:  «Bir  millətdə  fəlsəfə  yoxdursa,  əgər  o  millətin  hamısı  alim  olsa  da,  o

millətdə elmlər inkişaf tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxartmaqda çətinlik çəkər».

2

Yəni söhbət problemi məhz fəlsəfi aspektdən həll etməyə çalışanlardan gedir.



Yapon mütəfəkkiri İzutsu bildirir ki, «Kəskin qənaətim budur ki, bu fəlsəfə (Şərq fəlsəfəsi - K.B.) növündə

olan  yaradıcı gücə  yenidən  həyat  verməyimizin  vaxtı gəlib.  Bu  vəzifə  ənənəvi  fəlsəfədəki  ruhu  addım  atdığımız

tarixi  dönəmə  xas  yeni  bir  fəlsəfi  dünyagörüşü  olaraq  yenidən  canlandırmağı  mümkün  edə  biləcək  bir  tərzdə

edilməlidir.  Üzərimizdəki  intellektual  vəzifə  budur.  Və  biz  şərqlilər  bu  vəzifəni  yerinə  yetirərkən  çağdaş  Qərb

ekzistensializminin qeyri-insani modern toplum strukturu içərisində insan oğlunun varlıq problemlərini həll etmək

üçün  verdiyi  mübarizədən  də  əhəmiyyətli  dərslər  almaq  məcburiyyətindəyik.  Şərq  və  Qərbin  həsrəti  çəkilən

yaxınlaşması bu tip intellektual işbirliyi ilə mümkün olacaq»

3

.



Deyilənlərdə  əsas  bir  məqamı  bir  daha  vurğulamaq  istərdik.  Söhbət  ayrıca  Qərbin  və  ya  Şərqin  deyil,

ümumiyyətlə bəşəriyyət üçün çıxış yolundan gedə bilər. Və bu yolun hər iki bölgənin problemini ehtiva etməsi ən

birinci  və  əhəmiyyətli  şərtdir.  Və  bu  da,  S.Xəlilovun  bildirdiyi  kimi,  təəssüfləndirici  bir  haldır  ki,  «qərbçilər  və

islamçılar  bir  araya  gələ  bilmədiyindən,  fəlsəfənin  ümumdünya  tarixi  inkişaf  prosesi  vahid  bütöv  bir  hadisə  kimi

deyil, alternativ üsullarla, iki fərqli baxış bucağından təqdim olunur».

4

Belə  məlum  olur  ki,  təqdim  ediləcək həll  yolu  hər  iki  bölgənin  problemini  nəzərə  almaqla  yanaşı, hər  iki



bölgənin sahib olduğu nemətlərin, nailiyyətlərin düzgün tətbiqini də ehtiva etməlidir.

İnsan  elmin,  texnikanın  inkişafı  üçün,  eyni  zamanda  öz  mənəviyyatının  kamilləşməsi  üçün  müxtəlif

vasitələr axtarıb tapmış, hələ də axtarmaqdadır və heç şübhə yox ki, yenə də tapacaq. Fəlsəfə tarixinin, o cümlədən,

bugünün düşüncə tənəzzülünün tədqiqindən belə məlum olur ki, bütün biliklər əsasən üç mənbəyə əsaslanmalıdır:

Allahın kitabı, təbiət və insan özü. Məhəmməd İqbal, Seyid Hüseyn Nəsr, Şeyx Taha Cabir əl-Əlvani kimi bir sıra

müasir mütəfəkkirlər ilk iki kitabdan danışırlar: Allahın kitabı və təbiət. Azərbaycanlı filosof Səlahəddin Xəlilov isə

bura həm də əql dünyasını, insanı əlavə edir.

1

 Xəlilov S. Adı çəkil. əsər. s. 174.



1

 Al-Alwani. Issues in Contemporary Islamic Thought. London-Washıngton. 2005, p.32. 

2

 Əfqani C. Adı çəkilən əsər, s. 29



3

 İzutsu T. Adı çəkilən əsər, s. 49-50.

4

 Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. Bakı, Adiloğlu, 2008, s. 4.




Bu  gün  İslam  tez-tez  Şərqi  geri  qoymaqda  günahlandırılır.  Sanki  buna  cavab  olaraq  Cəmaləddin  Əfqani

yazır: «Əgər müsəlmanlardan bir adam desə ki, mənim dinim bütün bu elmlərə ziddir, onda o öz dininə qarşı çıxmış

olur.  İnsanın  ilk  tərbiyəsi  onun  dini  tərbiyəsidir,  fəlsəfi  dünyagörüş  sonra  yaranır».

1

 Əslində,  məsələnin  daha



dərindən  və  müqayisəli  şəkildə  tədqiqindən  belə  məlum  olur  ki,  istər  Şərqin,  istərsə  də  Qərbin  tənəzzülünün

kökündə  onların  məsələyə  birtərəfli  münasibət  bəsləmələri  durur.  Bəli,  bu  bir  həqiqətdir  ki,  ikinci  kitabın

oxunmasında,  yəni  təbiət  elmlərinin  öyrənilməsi,  onların  əlverişli  istifadəsində  Qərb  Şərqdən  xeyli  irəli  gedib.

Lakin  bu  da  bir  faktdır  ki,  bütün  nailiyyətləri  kölgədə  qoya  biləcək  nöqsanların  yaranmasına  səbəb  məhz  birinci

kitabın lazımınca oxunmaması, unudulmasıdır.

Vəhy  və  təbiəti  nəzərdə  tutaraq  Əlvani  yazır:  «İki  kitab  hökmən  uzlaşdırılmalıdır,  zira  onlar  bir-birini

tamamlamadıqda  gerçəkliyin  həqiqi  dərki  itirilmiş  olur.  Bu  səbəbdən  də,  idrakın  islamlaşdırılması  bunca

epistemoloji və sivilizasyon əhəmiyyət kəsb edir və bütövlükdə bəşəriyyət üçün müasir təfəkkürün böhranını aradan

qaldıracaq  bir  çıxış  yolu  kimi  nəzərdən  keçirilə  bilər».

2

 Eyni  mövqeyə  Məhəmməd  İqbalda  da  rast  gəlmək  olar:



«İslamın  yenidən  intibahı  ilə  Avropanın  nələr  haqqında  düşündüyünü  və  hansı  nəticələrə  gəldiyini  müstəqil  bir

ruhla tədqiq etmək və İslam düşüncəsində aparılacaq islahatda və lazım gələrsə yenidənqurma  prosesində  bundan

necə  istifadə  edəcəyimizi  düşünmək  yerinə  düşər.  ...İslamiyyətin  əsaslarını  tədqiq  etmək  zamanı  çoxdan

gəlmişdir».

1

 S.Xəlilov da sələfləri ilə eyni fikri bölüşməklə yanaşı, həm də Şərqin özünü bu nemətdən yararlanmağa



çağırır: «Şərqdə təbliğ və təlqin olunan əxlaqi-fəlsəfi doktrinalar hələ də aktuallaşdırılmamış, sosiallaşmamışdır və

sanki  hansı  isə  abstrakt  fərdlər  üçündür.  Halbuki,  məhz  islam  dini  bütün  dinlər  içərisində  daha  çox  həyatiliyi,

realistikliyi, elmi axtarışlara və əməli həyata yönəli olması ilə seçilir. Görünür, biz öz dinimizin üstünlüklərini də

kifayət qədər mənimsəyə bilməmişik».

2

Bu,  dinlərin  bir-birindən  üstünlüyünün  qeydi  deyil,  vahid  dini  prinsiplərin  (bu,  Bibliyadan  da  ola  bilər,



Qurani Kərimdən də) şəraitə uyğun mənimsənilməsi və yararlanmasıdır. Bəli, məhz birinci kitabın düzgün oxunuşu

ikinci  kitabın  da  nəinki  düzgün  oxunuşuna,  həm  də  onun  düzgün  istifadəsinə  şərait  yaradır.  Bunu  nəzərdə  tutan

Əlvani  yazır: «İdrakın islamlaşması əsas  etibarı ilə  metodoloji  problem  olub,  vəhylə  real  mövcud  olan  arasındakı

yaxınlığı tanımaq və onu ifadə etməyə xidmət edir.

3

Hər iki kitabı tamamlayan üçüncü kitab isə insandır.  İnsan özü müstəqil bir kitab olmaqla yanaşı, həm də



digər iki kitabı bir-birilə əlaqələndirən halqadır.  S.Xəlilov yazır: «İdeyanın canlanması zamanı insan subyekt kimi

çıxış  edir.  Lakin  insan  başqa  bir  ideyaya  qatılarkən...  əslində  ideyanın  obyektinə  ...çevrilə  bilər...  və  insan  özü

canlandırdığı ideyanın strukturuna daxil olur. Həm tam, həm hissə... Bir struktur səviyyəsində tam, başqa struktur

səviyyəsində hissə!»

4

 Əlbəttə, hazırda insanı bir obyekt olaraq öyrənən bir sıra  elmlər mövcuddur və yeniləri hələ



də  kəşf  olunmaqdadır.  Məqsəd  insanın  zahiri,  mənəvi  tərəflərinin  ən  kiçik  xırdalıqlarına  qədər  öyrənilməsidir.

Burada  isə  məsələ  fərqli  qoyulur.  Əvvəla,  insan  yaradılışın  mahiyyətini  özündə  ehtiva  edən  bir  mikrokosmdur.

Digər tərəfdən, o, ümumiyyətlə Mütləq həqiqətin dərkinə aparan üç əsas kitabdan biri, ikisini tamamlayan üçüncü

əhəmiyyətli «komponentdir». Yəni həm insanın özü digər iki kitabla vəhdət şəklində, onların kontekstində, həm də

həmin ikisinin «oxunmasında» üçüncü də vacib bir tərəf kimi nəzərə alınmalıdır. S.Xəlilovun bildirdiyinə görə, hər

üç  kitab  yalnız  sintez  şəklində,  bir-birilə  əlaqəli  şəkildə  öyrənildiyi,  «oxunduğu»  halda  ümumiyyətlə  yaradılışın

mahiyyətində  duran  «ideya  tam  və  kamil  şəkildə  dərk  edilir».

1

 Bu  isə  o  deməkdir  ki,  zahiri  dünyanı  (təbiəti  və



səmavi kitabdakı hikmətləri) öyrənməklə insan «əql» kitabını - mənəvi aləmi oxumaq qüdrətində olur, yəni əslində

hər üç kitab vahid həqiqətin bir-birini tamamlayan ayrı-ayrı hissələridir, fərqli «qapıları»dır. Çünki «hissəni (və ya

oxu:  kitablardan  birini  -  K.B.)  dərk  etməyə  çalışarkən  insan  tamdan  uzaqlaşır.  (Bunun  bariz  nümunəsi  Şərq  və

Qərbin  hazırda  mövcud  olduğu  vəziyyətdir  -  K.B.).  Həqiqət  isə  tamda,  bütövdədir».

2  

Filosof  onu  da  xüsusilə



vurğulayır ki, bu üç mənbədən hər biri digər ikisini gizli, potensial şəkildə özündə ehtiva etsə də, onların hər birinin

öyrənilməsi  fərqli  metod  və  yanaşma  üsulları  tələb  edir  və  məhz  hər  üçünün  kompleks  şəkildə  öyrənilməsi

sonradan  əldə  edilən  nəticəni  də  istifadə  etmək  sahələrini  artırır,  yəni  insanı yalnız  fiziki  aləmdə,  yaxud  mənəvi

aləmdə  qapanıb  qalmaqdan  xilas  edir  və  insanın  həm  bir  fərd  kimi,  həm  də  yaşadığı  cəmiyyətin  bir  üzvü  kimi

yetişməsinə xidmət edir.

Göründüyü kimi, adı çəkilən filosofların hər birinin dediklərinin kökündə məhz islam dini durur. Lakin bu,

islama dini deyil, fəlsəfi baxışdır. Çünki S.Xəlilovun dediyi kimi, «fərdi fəaliyyətləri, səyləri yönəldən maraqlar adi

şüur  səviyyəsində  müəyyənləşdirildiyi  halda,  ümummilli  və  ümumbəşəri  maraqların  tənzimlənməsi  və  fəaliyyət

üçün  əsas  götürülməsi  fərdi  şüurun  strukturunda  fəlsəfi  təfəkkürün  iştirak  dərəcəsindən  asılı  olur.

3

 Məsələ



burasındadır ki, Qurani Kərim insanı hər üç kitabın oxunuşuna, onun düzgün dərkinə və tətbiqinə çağırır və İslamın

da həqiqi gücü məhz bundadır.

1

 Əfqani C. Adı çəkil. əsər, s. 33.



2

 Al-Alwani. Adı çəkilən əsər, s. 32-33.

1

 Iqbal M. Knowledge and Religious Experience // The Reconstruction of Religious Thought in Islam // www.allamaiqbal.com



2

 Fəlsəfi etüdlər // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. № 3-4, 2006, s. 119.

3

 Al-Alwani. Adı çəkil. əsər, s. 35.



4

 Fəlsəfi etüdlər // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. № 3-4, 2006, s. 125.

1

 Yenə orda, s. 121



2

 Yenə orda, s. 125.

3

 Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri, s. 3




Nəticə

Göründüyü kimi, tədqiqat zamanı biz əsasən Şərq filosoflarına və mütəfəkkirlərinə müraciət etmişik. Təbii

ki, səbəb nə tərəfkeşlik, nə də məsələni yalnız bu prizmadan görüb həll etməyə çalışmağımızdır. Bunun səbəblərini

açıqlamaqla həm də tədqiqatımızı yekunlaşdırmağa çalışaq.

Şərq həmişə ideya və yaradıcılıq enerjisinin mənbəyi olub. Tarixin təkrar olunması prinsipini nəzərə alsaq,

bu gün bizim də əsasən Şərq mütəfəkkirlərinə müraciət etməyimiz təsadüfi deyil. Bundan başqa, hazırda Qərbdə o

qədər  çox  sayda  insanlıqdan,  müqəddəslikdən  uzaq  fəlsəfi  cərəyanlar  yayılıb  və  dəbə  düşüb  ki,  onların  arasında

bəşəriyyətə  yararlı ola  biləcək  bir  ideya  tapmaq,  demirəm  mümkün  deyil,  sadəcə  çox  çətindir.  Nəhayət,  istənilən

Qərb filosofunun ən yüksək ideyasının hardasa  qaranlıq bir  küncündə  «avropalaşma»  ideyasının gizlənməməsi  nə

məlum?  Bu,  Qərbdir.  İdeyası  tükənmiş,  mənəviyyatı  kasıblamış,  istədiyi  və  bəyəndiyi  şeyi  sorğu-sualsız

mənimsəyən və özünü haqlı sayan Qərb.

Əbu  Turxan  bir  vaxtlar  bildirmişdi  ki,  «bütün  dinlər  Şərq  hadisəsidir».  Təsadüfi  deyil  ki,  orta  əsr  Şərq

fəlsəfəsi uzun illər boyu, hətta bu gün də, Qərb üçün bir ideya mənbəyi, fiziki bədənə can verən ruh olmuşdur. Bu

gün həmin bədən fiziki baxımdan kifayət qədər inkişaf etsə də, özünü hər tərəfli təmin etsə də, ruhu çatmır. Bu ruh

isə  bir  vaxtlar  düşünməyi  bacarmayan  baş  kimi  kəsilib  atılan  Şərqdir.  Onu  da  xüsusilə  vurğulayaq  ki,  biz  bütün

tədqiqatımız  boyu  bir  şeyi  xüsusilə  diqqətə  çatdırmağa  çalışmışıq:  Şərq  və  Qərbin  hər  ikisinin  xilası  onların

vəhdətindədir. Bu, nə avropalaşma, nə də qloballaşmadır. Bu, vəhdətdir. 

Восток и Запад: история и современность

(резюме)

В  статье  рассматривается  ряд  вопросов, связанных  с  постановкой  проблемы  разделения  Восток  —

Запад, прослеживаются линии развития присущих им мировоззрений и их влияние на межцивилизационные

отношения,  анализируются  причины  нравственного  и  духовного  кризиса,  с  которым  человечество

сталкивается  сегодня.  При  этом  автор  предлагает  пути  выхода  из  этого  кризиса,  учитывая  не  только

нынешние проблемы, но и достижения обеих цивилизаций.



Yüklə 310,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə