Səttar Bəhlulzadənin poemaları



Yüklə 184,46 Kb.
səhifə3/3
tarix29.01.2018
ölçüsü184,46 Kb.
#22650
1   2   3

12.
...Telefon bir də zəng çaldı. Fikrət bütün gecəni gərgin işləyərək yorulmuş və kreslodaca yuxuya getmişdi. O, güc-bəla gözlərini açıb elə yuxulu-yuxulu dəstəyi götürdü:

- Alo... kimdi... Alo... Hə... Kim? Nə? Sənsən Jalə? – o, kreslodan sıçrayıb dik qalxdı və telefonun dəstəyini bərk-bərk qulağına sıxdı. – Hardan zəng vurursan? Necəsən, özünü necə hiss eləyirsən? Nə edirsən, necə yaşayırsan, Jalə? – Fikrət ara vermədən və cavabını gözləmədən sualları yağdırırdı. – Sən axı niyə belə elədin, Jalə? Noldu? Susma, niyə susursan, danış da?

- Nə danışım axı... – Jalə birdən-birə ağlamağa başladı.

- Di yaxşı, sakit ol, bu nədi... – Fikrət telefonun yanında diz üstə çöküb dəstəyə yalvarmağa başladı, - Sakit ol, sən allah bəsdi, bəsdi... Hardasan? Hardan zəng vurursan? Səni görə bilərəm? Bilirsən necə darıxmışam səninçün, mərmər ilahəm mənim...

- Mən də darıxmışam, sənətkar...

- Əşi cəhənnəm olsun sənət də, sənətkarlıq da... Sən axı niyə belə elədin? Mən demişdim axı qayıdacam... Mən səni həmişə gözləmşəm, gözləyəcəyəm. Mən axı sənin şəklini çəkməyə söz vermişəm... Sən nə vaxt gəlsən, onda da çəkəcəm...

Jalə sakit olmaq bilmirdi, dəstəyin o başında xısın-xısın, için-için ağlayırdı.

- Sakit ol, bəsdi sən allah, bəsdi, niyə ağlayırsan, niyə mənim əzabımı artırırsan... – Fikrət də kövrəldi.

- Yaxşı, yaxşı, daha ağlamıram... Eləcə zəng etdim... səsini eşidəm... Fürsət düşdü...

- Sağ ol, sağ ol, ilahəm, Jaləm mənim... Hə? Nə? Noldu? Kim gəldi? Kim? Alo... Alo... Alo...

- Dud... dud... dud... - Jalə nəsə deyib dəstəyi asmışdı.
...Bir dəfə də Fikrət təsadüfən küçədə gördü onları. Mustafa bir əli ilə Jalənin, bir əli ilə də anasının qoluna girib, üçü harasa gedirdilər. Jalə də Fikrəti gördü uzaqdan, bir anlıq özünü itirərək qolunu Mustafanın əlindən çəkdi, ona sarı qaçmaq istədi, ancaq tez də vəziyyətini yadına salıb başını aşağı dikdi. O hamilə idi...

Keçib getdilər. Fikrət qeyri-iradi onların arxasınca bir-iki addım atsa da, birdən-birə nə elədiyini başa düşüb küçənin ortasında durdu, duruxdu, darıxdı, xeyli müddət gedən o xoşbəxt üçlüyün arxasınca baxa-baxa qaldı...


...Və sonra bir dəfə də Mustafayla görüşdü təsadüfən. Təkbətək, üzbəüz gəldilər. Barda. Qara-qırmızı işıqlı, tüstülü-dumanlı “Novbaharda”.

Həzin musiqi aram-aram çaxır içənlərin, kişmiş, badam, fısdıq, mandarin, limon, qurudulmuş xurma, gilas yeyən kişilərin başı üstündə dolanır, heç kimə mane olmadan, söhbətləri pozmadan qulaqlara, beyinlərə, ürəklərə dolurdu, kefli bədənlərə ləziz bir dinclik, xoş bir süstlük gətirirdi. Fikrət qarşısında konyak, siqaret və bir qab badam yarımqaranlıq barın uzaq küncündə əyləşmişdi.

Bu zaman Mustafa tələsə-tələsə pillələri enib bara düşdü, barmenə yaxınlaşdı. Nəsə istədi. Barmen piştaxtanın altından bir “Vinston” çıxarıb ona uzatdı, qırmızı onluğu alıb geriyə, rəfin üstündə qalaqlanmış pulların üstünə atdı. Mustafa eyni tələskənliklə qayıdıb pillələri çıxanda birdən gözü Fikrətə sataşdı, ayaq saxladı. Qayıdıb pillələri düşdü, ona yaxınlaşdı, salam verdi. Fikrət başını qaldırıb laqeyd-laqeyd dilləndi:

- Sənsən... general nəvəsi?

Mustafa çaşdı:

- Nə?


- Nə yox, kim? General!... - Fikrət əli ilə boş stulu göstərdi, - Sənin baban general...

- Yox, oturmuram, - Mustafa stula çökdü. – Mənim babam niyə general olur ki? General-zad deyil...

- Bəs burasında nə var? – Fikrət sağ əlinin iki barmağını qoşalaşdırıb sol çiyninə döyəclədi. – Boşdu?

- Yox, kapitandı. Kim general deyib ki?

Fikrət ağırlaşmış başını yellədərək gülümsündü:

- İçirsən?

- Tələsirəm, məni gözləyirlər, - Mustafa əli ilə yuxarını göstərdi, - elə siqaretə yollamışdılar. Bu yaxında qonaqlıqdayıq...

- Jalə də ordadı? – Fikrət sərt baxışlarını Mustafanın üzünə zillədi.

Mustafa özünü itirdi: - Bəli, - dedi, - hamımız bir yerdəyik... – Sonra o, yerini sahmanlayıb əlavə etdi. – Mən sizi çoxdan görüb danışmaq istəyirdim. Sözüm çoxdu, heç bilmirəm nədən başlayım...

- Həyəcanlanma, sakit ol, - Fikrət özünə konyak süzdü. – Birindən başla, qalanı bax beləcə öz-özünə süzülüb gələcək.

- Başa düşürəm ki... bizdən incimisən...

- Sizdən?

- Təsəvvür eləyirəm... ağrıtmışam ürəyini...

- Ürəyimin ağrısını... sən necə təsəvvür edə bilərsən? Heç mən özüm onu təsvir edə bilmərəm...– Fikrət qədəhi başına çəkdi, qabdan bir-iki badam götürüb ağzına atdı, siqaret yandırıb barmenə işarəylə boş qədəh istədi. Sonra Mustafaya sarı döndü. – Sən sözünü de...

Mustafa bir xeyli sükutdan sonra:

- Başa düş, - dedi, - bu onun öz arzusu ilə olub. Özü belə...

- Sözünü de... Sonra... – Fikrətin fikri başqa yerdə idi. – Yoxdursa... sözün...

- Bircə balamın canı... – Mustafa qəsdən belə dedi. Dedi və zəndlə Fikrətə baxdı. Gecə barının bu qara-qırmızı işığında belə onun necə sarsıldığını, ağappaq ağardığını gördü, sevindi.

Fikrət yenə sərt hərəkətlə başını qaldırıb alov saçan gözlərini Mustafanın sifətinə dikdi. Çox qəribəydi, o, bu sifəti görə bilmirdi.

- Yadındadı bizim ilk “duelimiz”? – dedi Mustafa. – Küçədə... Sahil bağında...

Fikrət qədəhlərə konyak süzüb birini qonağının qarşısına qoydu, o birisini özü içdi və

başını tərpətdi: - Yadımdadı...

- Mən onda demişdim e, biz nişanlıyıq?...

- Hə...


- Amma əslində o vaxt hələ nişan-filan olmamışdı... Həri almışdıq... Jaləyə də o gün təsadüfən rast gəlmişdim. Şümşad mamamın iş yerinə ötürürdüm onu. Şümşad mamam öyrətmişdi ki, gözdə-qulaqda ol, rəssam gələcək, qızı ondan qoru... Soruşsa belə de... Mən də...

- Sən də əclaflıq elədin...

- Şümşad mamam məsləhət görmüşdü, neynim? O üzüyü də özü zorla taxmışdı Jalənin barmağına ki... Öz üzüyü idi... – Mustafa endirdiyi ikinci zərbədən özü də xoşhallandı və daha da coşmağa başladı. – Sənə görə də... Hələ Şümşad mamam istəyirdi ki...

- Şümşad maman kimdi e?! – Fikrət əsəbiliklə onun sözünü kəsdi.

- Jalənin mamasıdı da...

- Adı Şümşaddı?

- Bəs bilmirsüən? Aa... Şümşad mamanı tanımırsan?... - Mustafa hər dəfə bu adı çəkəndə başını əyib gözünü qırpırdı. - Bəs özün də onun qızını almaq istəyirdin...

Fikrət yenə sərt hərəkətlə baxışlarını Mustafanın gözlərinə sancdı:

- Qızını, özünü yox!

- Eyib olsun... – Mustafa kişilənmək pozası aldı. - Mən də səninlə ciddi söhbət eləmək istəyirdim... – Amma o bu pozada çox tab gətirə bilməyib valı dəyişdi. - Haqqınızda çox eşitmişəm...

- Ola bilər, - Fikrət onun nəyə işarə elədiyini duydu. - Sən qəzetdən, jurnaldan, radiodan, televiziyadan mənim haqqımda çox şey eşidə bilərsən.

- Yox, elənçi yox... Siz yavaş-yavaş məşhur rəssam olursuz... Belə cavanlığınıza baxmayın, az qala bütün respublika tanıyır... Amma mənə sizin münasibətlər haqda da çox söz danışıblar...

Fikrət onun sözünü ağzında qoydu:

- Heç olmasa özünə hörmət elə.

Mustafa isə, əksinə, aradakı pərdəni tamam çəkib açdı:

- Bilirsən nə var? Mən hamısını bilirəm.

Fikrət konyak şüşəsinə baxa-baxa dərindən köks ötürdü:

- O xoşbəxtdir?

- Bəli! Çox! Bircə ev də ala bilsəm, dərdimiz olmaz.

- Ev? – Fikrət təəccübləndi. – Bəs Şümşad maman deyirdi on iki otağınız var?

- Kimin, bizim? On iki?.. Aa... Hə də... Bir, iki... yeddi, səkkiz... on bir... – Mustafa nəyisə hesablamağa başladı, - düz deyir Şümşad mamam, adamın allahı var, şəhərdəki bütün qohum-əqrəbaların hamısının evini üst-üstə gələndə hələ on ikidən də çox eləyir... Biz axı böyük nəsilik? Amma o evlərin hamısında yaşayan var. Biz köhnə məhlədə kirədə qalırıq... Azdramadan yuxarı... Poluxin, uqol...

- Hə... – Fikrət əcaib bir səslə boğazını artladı. – Belə de!

- Sən çox qəm yemə e... Sən əsil sənətkarsan. Şümşad mamam demişkən, ya gərək dahilik eləyəsən, ya da ailə saxlayasan... İkisi bir yerdə tutmur axı. Mən məsələn ailəni seçmişəm.

Fikrət istehzayla: “Nə danışır əşi?!” – dedi.

- Hə də, ömür-billah belə olmuyub? Dahilərin sevgi-məhəbbət oxu mütləq daşa dəyməlidir ki... Şümşad mamam belə deyir.

Fikrət tərs-tərs ona baxdı:

- Heç olmasa özünə hörmət elə, yekə kişisən.

- Bilirsən, mən heç sənə qadağan eləmirəm ki, onu bayramdan-bayrama təbrik edəsən.

Fikrət hirsini boğaraq əlini konyak şüşəsinin boğazına çəkdi:

- Dur!


- Bəli? – Mustafa onun nə demək istədiyini anlamadı. – Bəs siz indi nə fikirdəsiniz? - O söhbətin alınmadığını görüb yavaş-yavaş qaxdı. - Məncə evlənmək lazımdır... Mütləq!

Fikrət geriyə, stula söykənib altdan yuxarı Mustafanı süzdü:

- Səncə hansımız ağıllı olarıq?

- Nə bilim... Hər halda siz sənətkarsınız... Mən özümü heç müqayisə eləmərəm...

- Bəs onda sən kimsən mənim gələcək həyatımın planını tərtib eləyirsən?

Mustafa qızardı, bozardı, pərt halda əlindəki qədəhi yerə qoyub: - Mən sizinlə başqa yerdə danışmaq istərdim. – dedi.

Fikrət ona məhəl qoymayıb əli ilə “get” işarəsi verdi. Sonra əvvəlki kimi stola dirsəklənib konyakın təsirindən daha çox Mustafanın danışığından ağrımağa başlamış ağırlaşan başını əlləri arasına alıb beynini ovuşdurdu, saçlarını övkələdi. Birdən nə xatırladısa pilləkənlə yuxarı qalxan Mustafanı səslədi:

- Ey!


Mustafa geriyə döndü.

- Ona... məndən salam de... Mütləq ha!

Mustafa qorxu qarışıq nifrətlə Fikrətə baxdı, heç nə demədi, deyə bilmədi, qayıdıb yolunu davam etmək istəyəndə Fikrət onu bir də səslədi:

- Dayan... Bir də de ki... onu gözləyəcəyəm... gəlsə də, gəlməsə də... Mütləq de ha!.. Hə, indi... əlvida... – Fikrət sonuncu sözü deyib sağ əlini qapıya tərəf yellədi.

Mustafa pərtliyini gizlətməyə çalışaraq özünü şax tutmağa çalışdı və cəld hərəkətlə: “O gəlməyəcək!” – deyib qaça-qaça pilləkanları qalxdı.

Bar, qara-qırmızı rəngli, səsli-küylü, musiqili, tüstülü-dumanlı bu sərxoş bar onu qəhqəhələrlə yola saldı...



13.

...Bəs bu ocaqda yanan bir cüt füsunkar gözlər kimindir?

Çaykovskinin ilahi ruhda yazılmış “Patetik simfoniyasının” gurlaşan sədalarına həmahəng şəkildə getdikcə odunu-alovunu artıran, ocağın qoynunda közərə-közərə alışıb yanan bir cüt mənalı qadın gözləri kimin idi?

Dərin uyğuya qərq olmuş sirli dünyada bir tək sirli ay oyaq idi, bir də özü bir sirlər dünyası olan qoca rəssam. Bu dəqiqə, bu an bu dünyaya işıq salan da bir rəngli fırça idi, bir də bir qızıl ilahə...


Bütlərin mehrü vəfası o qədər azdır ki,

Bir kəsə cümləsi toplansa vəfa etməyəcək”.
Rəssam Jalə ilə ilk görüşdən yadigar qalan misraları rəngə batırıb kətana çəkirdi. Jalə isə bir kənarda durub ona baxa-baxa kədərlə gülümsünürdü.
“Min qəmim vardır cahanda, bir nəfər qəmxar yox,

Qəm budur ki, bunca qəmlə bircə qəmxar olmasın”.
Kobud kətan üzərində kədərli-kədərli gülümsəyən bir cüt zərif qadın gözləri aydınlaşırdı.
“Qırmızı donda o qamətlə sən, ey nuri üzar,

Bir əlifsən kim, qızıl xətlə yazıb pərvərdigar”.
Emalatxananı gözəlliklə doldurmuş simfonik əsər finala doğru getməkdəydi. Qoca rəssamın emalatxanası bu füsunkar musiqi altında ləngər vura-vura fırlanırdı. Elə bil indicə dünya qopacaq, yer məhvərindən çıxacaq, aləm bir-birinə qarışacaqdı. Hər şey, divardakı şəkillər, dolablardakı qədim kasalar, qablar, rəflərdəki kitablar, vallar, sobadakı alov dilləri əl-ələ, baş-başa verib yallı gedirdi, gecəsini-gündüzə qatıb işləyən qoca rəssamın ətrafında hər şey sürətlə hərlənir, fırlanır, rəqs edirdi...

Dodaqaltı misralar söyləyə-söyləyə şəkil çəkən qoca rəssam gah əlində tutduğu fırçaları tez-tez dəyişdirir, gah əsəbiliklə onları bir tərəfə atıb uzun şana barmaqlarını rəngə batıraraq kətana yaxırdı... Emalatxanada aləm bir-birinə qarışmışdı, hər tərəf büsbütün rəng içində idi... Bayırda isə ulduzlu yağış yağırdı...



14.
...Fikrət baxışlarını balaca pəncərədən bayıra zilləyib, başına bu qədər müsibətlər açan gen dünyanı seyr edirdi. Jalə otağın ortasındakı kətildə əyləşib başını aşağı əymişdi, dərin fikrə dalmışdı. Elektroçalğıcdan onların üstünə həzin Pol Moria axırdı. Hər ikisi bir müddət beləcə kövrək ruhlu fransızın sehirli ruhu altında susub durdular. Handan-hana Jalə baxışlarını döşəmədən çəkdi, dərindən köks ötürüb kətildən qalxdı, astaca Fikrətə yaxınlaşdı, başını oğlanın kürəyinə dayayıb pıçıldadı:

- Mən gəlmişdim sənə deyim ki... Deyim ki mən daha gəlməyəcəyəm... Biz daha görüşməyəcəyik... Sənsə küsdün, qoymadın sözümü deyim...

Fikrət geri döndü:

- Nə? Niyə? Nolub ki? – O özünü itirdi. Yanındakı stula çökdü. Jalə əlini atıb Fikrətin

saçlarını oxşadı. Sonra əyilib onun gözlərindən öpdü:

- Belə yaxşıdı, əzizim... – dedi və Fikrətin başını sinəsinə sıxdı, saçlarını, yanaqlarını sığalladı, sonra çiyinlərini qucaqlayıb gözlərini divardakı şəkillərə dikdi, birnəfəsə ürəyinin ağrısını, tək çəkə bilmədiyi yükünü boşaltdı: - Hə, belə yaxşıdı... Hər ikimizçün yaxşıdı. Mən daha bacarmıram. Səni görəndə dözə bilmirəm, istəkli ressami baba... Özün görəcəksən ki, belə yaxşıdı. Sənin bütün həyatın qabaqdadır, sən böyük sənətkar olacaqsan. Sən mənə baş qoşma, işlə, çək, yarat... Mən sənə mane olmayım. Sən məni niyə məcbur etmək istəyirsən... Axı mən sənin ömründən çıxıb uzağa getməyəcəm, bir kənarda durub səni uzaqdan müşahidə edəcəm, izləyəcəm, sevinəcəm, kədərlənəcəm və həmişə də səni sevəcəyəm... Ancaq mane olmayacam sənə. Mən həyatın amansızlığı və haqsızlığı müqabilində bundan başqa heç bir şey edə bilmirəm... Mən sənin ola bilmədim. Adicə öz evimizdəki maneələri keçə bilmədim, adətləri adlamağa gücüm çatmadı, bəs həyatda sənə nə köməyim dəyər ki?... Qızlar çox yazıqdı, Fikrət... Mən də gedirəm, əzizim... dostum... Əlvida... Həyatda hər işi vaxtında görmək lazımmış... Hər işi binasından həll eləmək lazımmış... Sonradan heç nəyi dəyişmək, düzəltmək, geri qaytarmaq olmur... Yox, olmur, olmur...

Fikrət donub qalmışdı, elə bil taleyi ilə barışmışdı, ya Jalənin tilsiminə düşmüşdü...

- Mən səni gözləyəcəyəm... - Fikrət öz-özü ilə danışırdı:- Gəlsən də, gəlməsən də... Ömrüm boyu gözləyəcəyəm, qızıl ilahəm mənim... Gözləyəcəyəm...

Fikrətin gözləri yol çəkirdi. Bu yol çox uzun, ağır, məşəqqətli görünürdü. Bu yol bitib-tükənmirdi. Onu uzağa, isti, hərarətli sonsuzluqlara aparırdı.
...Jalə çoxdan çıxıb getmişdi və gedərkən sanki öz arxasınca divardakı açarı burub emalatxananın bütün həyatını söndürmüşdü. Rəngli şəkillərlə dolu otaq sanki bomboş, bumbuz, bomboz idi. Təkcə dünyanın müsibətli uğultusu qalmışdı içəridə. Küçədə də külək əsirdi, soyuq-sazaq idi. Gediş-gəliş kəsilmişdi, əl-ayaq yığışılmışdı. Fikrət Jaləni axtara-axtara küçənin ortası ilə gedirdi, külək saçlarını dağıdır, plaşının ətəklərini yellədir, boğazındakı şərfi dartıb almaq istəyirdi... O Jaləni axtarırdı, amma hara getdiyini, harada axtarmaq lazım olduğunu bilmirdi, təkcə onu bilirdi ki, bu nabələd yolla onu aparan hıçqırıqdı, Jalənin hıçqırıqları: “Əzizim, sevimlim, belə yaxşıdı... Mən sənin ömründən çıxıb kənarda duracam. Və sən əbədilik mənimlə qalacaqsan. Mən səni heç kəsə verməyəcəyəm, mən səni sevəcəm, qoruyacam... Daha heç kəs bizə mane olmayacaq, bizi bir-birimizdən ayıra bilməyəcək... Amma sən çalış məni unut... sən yaxşı sənətkar ol və mən səninlə fəxr eləyim... Əlvida mənim sevincim, səadətim, əlvida mənim kədərim, qəmim, əlvida...”

15.
Qoca rəssam yorğun-yorğun kresloya çökdü. Nəfəsini dərdi. O təngnəfəs olduğundan əziyyət çəkirdi, daha üzü o yana getdiyini, əvvəlki gücünün, qüvvətinin qalmadığını hiss edirdi. O, dalbadal bir-neçə aylıq gərgin işdən sonra həm qolunun, həm də ürəyinin yorulduğunu duydu. Yuxusuzluq və məşəqqətli iş onun gözlərini şişirtmiş, altına köbə çəkmişdi, sifətinin qırışlarını çoxaltmışdı.

O, kresloda əyləşib yorğun baxışlarını təzəcə tamamladığı portretə zillədi. Rəssamın sifətinə yaradıcı zəhmətdən gələn əzəmət, sənətin gözəlliyi, müdrikliyi, mərdliyi çökmüşdü. O, tunc heykəllər kimi vüqarlı baxışlarını portretə, portretdən də o yana, uzaqlara dikmişdi.

...Bəs bu ilahi, yarıyuxulu badamı gözlər kimindir?

Bu füsunkar, ürəktitrədən müqəddəs Madonna Rafaelindir. Dodağında sirli-sehirli təbəssüm donmuş mülayim Mona Liza Leonardonundur. Bu səmavi gözlü Janna Ebütern Amadeonundur...

Bəs bu?

Hə, bu ki Fikrətin ilahi Jaləsidir...

Uzaq yoldan yol gələn, neçə illərdən-aylardan keçən bir cüt məsum qadın gözləri mülayim-mülayim rəssama baxırdı. Parıltılı xəyallar, ulduzlu arzular, ağrılı-acılı xatirələrdən doğulub getdikcə nuru, işığı, şövqü artan qəşəng qadın gözləri!

Kobud kətana qonmuş zərif qızcığaz xəfifcə-xəfifcə gülümsünür, gülümsünürdü. Bu təbəssümlə o nə deyirdi? Nələr deyirdi! Bu gözlərdə bol sevinc və kədər, amansız ümid və nigarançılıq, intəhasız nur və nisgil, təzadlı işıq və kölgə qaynayıb qarışmışdı...

Çalğıcın üstündə hərlənən valın həzin melodiyası da sanki bu qəmli gözlərdən axıb emalatxanaya yayılır, burada illərdən bəri yaşayan nakam məhəbbətin ruhuna qarışırdı.

Qoca rəssam gözlərini qıyıb uzun-uzadı portretə baxdı. Bu şəkil son illərin yuxusuz gecələrindən, narahat günlərindən, dönə-dönə yaşadığı ürək çırpıntılarından, beyin çatladan xəyallardan, ahlı xatirələrdən yaranmışdı. Bu şəkil rəssam Fikrət Hüseynzadənin ömründən bir parça idi qopub düşmüşdü. Nəhayət, o, sevdiyi adamın ecazkar gözəlliyinin sirrini tapmışdı və bu sirri yağlı boyalarla qarışdırıb ağ kətana köçürmüşdü, əbədilik özü üçün, özündən sonra bu dünya üçün saxlamışdı. Sevdiyi qadının sirri ömrü boyu bu sevgiyə sadiq qalan qoca rəssamın özünün paklığında, ülviliyində, sədaqətində idi.


...Birdən-birə Fikrətə elə gəldi ki, şəkil canlandı. Jalənin gözləri danışdı, nəsə dedi. Ancaq bu elə qəfil baş verdi ki, onun nə dediyini tuta bilmədi. Heç qapının döyüldüyünü də eşitmədi. Kreslodan qalxıb yorğun-arğın molbertə yaxınlaşdı. Diqqətlə portretə, çəkdiyi füsunkar gözlərin içinə baxdı. Qapı yenə döyüldü və bu dəfə o qapının döyüldüyünü eşitdi, amma məhəl qoymadı, həmişəki kimi üstündəki örtüyü çəkib şəkili qəfil gələn qonaqdan gizlətməyə çalışmadı. O indi başqa bir aləmdə idi. Jalənin portretinə baxa-baxa dodaqaltı pıçıldayırdı:

- İcazə ver gözlərindən öpüm, qızıl ilahəm mənim... İcazə ver...

Deyəsən Jalə yenə utanıb başını aşağı saldı.

Rəssam gülümsədi və uzun illərin həsrəti ilə əyilib ehmalca Jalənin gözlərindən öpdü.

- Sselami, ressam baba! – qapı kədərli-kədərli inildədi.

“İlahi!”


...Otağa işıq düşdü, gün çiləndi, zər ələndi, çiçək səpələndi. Emalatxana və emalatxanada nə vardısa, hamısı bərq vurub alışdı, par-par yandı, işıq saçdı.

Rəssam geri dönüb bu qəfil gələn qonağa baxdı. Onun gözlərindəki həsrət yaşı damcı-damcı axıb yanağındakı arxlar boyunca aşağı süzülür, dodaqlarında qalan təzə yağlı boyalara qarışırdı.

Qoca rəssam astadan, dünyanın ən yorğun və ən laqeyd bir adamı kimi dilləndi:

- Gəldin?

- Hə... Sən axı mənim portretimi çəkmək istəyirdin... ressami baba...

Qapıya söykənib dünyanın ən yorğun və ən laqeyd adamı kimi, zəif və qəmgin səslə danışan bu qəfil qonaq isə qəmli gözləri bu qədər tanış, doğma, əziz olan nurani baxışlı, ağ saçlı Jalə xanım idi. Həmin Jalə xanım.

Rəssam əlinin dalı ilə dodağına yapışmış rəng qarışığını yanağı boyu silərək:

- Bəs niyə belə gec... – dedi.


...Dünya öz işində idi. Dünyada heç nə olmamış, heç nə dəyişməmiş, heç nə baş verməmişdi. Həmən dağlar, həmən çaylar, həmən göllər, həmən güllər, çəmənlər, ağaclar...

Sadəcə valı sona çatmış elektroçalğıc xırıltı ilə hərlənir, ocaq sakit-sakit alovlanırdı...


-------------------------------------------------

1981
(redakte - 26 04 2007)




Yüklə 184,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə