Sevgi HƏDİYYƏLƏRİ



Yüklə 23,71 Kb.
tarix12.10.2018
ölçüsü23,71 Kb.
#73338

SEVGİ HƏDİYYƏLƏRİ
Dünən axşam qaranlığında Mustafa Dürdanəni evlərinə ötürəndə nənəsi pencərədən görmüşdü. Indi səhər açılandan Məsmə qarı qıza hədə-qorxu gələrək deyinirdi:

- Sənin bu cür əməllərin də varmış, hə?.. Atanın, ananın gözündən uzaq düşmüsən! Bax... qulaqlarını aç, yaxşı eşit, o gedənin ayaqları bir də buralara dəysə, özün bil! Qapacağam süpürgəni, qovacam onu.

Dürdanə şeytancasına gülərək dilləndi:

- O qovmalı oğlan deyil, nənə. Sən nə danışırsan?!.

- Kəs səsini! – deyə qarı təpiyini yerə vuraraq qızın üstünə çığırdı. – Hələ bir cavab da qaytarırsan? Heç eybi yoxdur! Qoy atan gəlsin, hamısını çatdıracam ona.

Dürdanəni də qorxudan bu idi. Ancaq Mustafadan heç cür ayrılası deyildi. Oğlanın sevgisi ürəyində möhkəm yuva salmışdı. Onlar söz qoymuşdular: sabah da, birisi gün də, hər gün görüşəcəkdilər. Qarını mütləq yola gətirmək lazımdır. Ancaq nə cür?


***

Institutda imtahanları qurtarandan sonra Dürdanəni nənəsilə Kislovodska yola salmışdılar. Məzuniyyətə çıxan kimi qızın ata-anası da ora gələcəkdi. Hər il kirayə etdikləri ev güllü-çiçəkli yaşıl bağçada yerləşsə də, Dürdanə təklikdən darıxırdı. Lakin bəxtındən bu sıxıntı uzun sürmədi. Təsadüf elə gətirdi ki, Bakıdan gəlmiş bir tələbə oğlanla tanış ildu. Qızcığaz fövrən sarsıldı, dəyişdi, heç bilmədi tezliklə onu necə sevdi, ürəyini ona nə vaxt verdi. Aləm gözündə başqalaşdı,.. gözəlləşdi.

Mustafa sanki Dürdanəni sevmək üçün yaranmışdı. Görüşdükləri axşamlar o, qızın sifətinə baxa-baxa şirin söhbətlərini eşitməkdən, əlləri əsə-əsə ipək tellərini oxşamaqdan doymurdu. Qız da onu dəlicəsinə sevirdi. Gecə-gündüz ancaq Mustafanı düşünürdü. Hara gedirdisə Mustafanı xəyalında özü ilə aparırdı. Mustafa! Əvvəllər fərqinə varmadığı, ən adi bir ad son günlər Dürdanə üçün nə qədər mənalı olmuşdu! İndi isə...qoca nənəsi bu məhəbbəti pozmaq, onları bir-birindən ayırmaq istəyirdi. Hələ məsələni ana-atasına desəydi, qızı çıxılmaz vəziyyətə qoyacaqdı.
***

Məsmə qarı xəsis və tamahkar idi. Onun gipsdən düzəldilmiş, qədimdən qalma əlvan pişik daxılı vardı. Aylıq təqaüdünü, ara-sıra oğlunun verdiyi pulları xərcləməzdi. Hamısını aparıb daxıla salardı. Gəlinin, Dürdanənin dönə-dönə təkid etməsinə baxmayaraq özünə bir şey almağa əli gəlməzdi. Nimdaş pal-paltarda, köhnə ayaqqabılarda gəzərdi.

Bakıdan çıxanda oğlu Məsmə qarıya gündəlik xərclikdən əlavə xeyli pul vermişdi.

- Ana, səndən çox xahiş edirəm, əvvəlcə üst-başını təzələ, sonra yola düş, - deyə ona təkidlə tapşırmışdı. – Görənlər də elə bilər ki, baxanın yoxdur.

- Qarı qırmızı onluqları aparıb pişik daxıla atmışdı: “Kislovodskda alaram”.

Lakin orada da köhnə qiyafəsini dəyişməmişdi


***

Dürdanə, nənəsinin onları bir yerdə gördüyünü səhərisi sevdiyi oğlana çatdırmışdı. Öz aralarında nə danışıb, nə məsləhətləşmişdilər, Məsmə qarı bilmirdi. İkinci axşamı qız evdən bayıra çıxmadı, üçüncü gün...

Qarı artırmanın bağçaya enən alçaq pilləkənı üstdə oturub nəvəsinin keşiyini çəkirdi. Çünki, ertədən Dürdanənin özünə bəzək-düzək verdiyindən harasa getməyə hazırlaşdığını duymuşdu. Hava yavaş-yavaş qaralırdı. Bu vaxt qapı açıldı. Mustafa qoltuğunda kağız bir bağlama ərkyanalıqla həyətə girdi.

- Salaməleyküm, Məsmə xala. Axşamın xeyir, kefin-əhvalın, canın – başın?

Arvad diksindi, təəccüblə dönüb bu geyimli-kecimli oğlana baxdı.

- Əleyküməssalam, bala. Sən kimsən?

Mustafa gülə-gülə yaxınlaşıb yanında əyləşdi

- Mən kiməm? – o qoltuğundakı bağlamanı dizləri üstdə qoyanda xışıldayan kağızdan qarının burnuna ipək parça qoxusu gəldi. – Mən burda qonşuluqda oluram, nənəcan! Sizin kimi ev kirayə etmişik, dincəlirik.

- Sən mənim adımı hardan bilirsən, bala?

- Dürdanənin nənəsi deyilsən?

- Nənəsiyəm.

Qarı danışdıqca gözlərini bağlamadan çəkmirdi. Bu kağıza bükülü nə idi, oğlan onu kimin üçün gətirmişdi?

- Mən tələbəyəm, nənəcan! – deyə Mustafa çəkinmədən qolunu onun boynuna saldı. – Bu gəlməkdə məqsədim Dürdanəni sevdiyimi sizə bildirməkdir...

- Nə?!


Qarının heyrətdən gözləri bərəldi. Sərt bir hərəkətlə oğlanın qolunu boynundan itələdi.

- O axşam qızı qapıdan ötürən sən idin?!

- Bəli. Indi də gəlmişəm, Dürdanənin atasından, anasından qabaq ailənin ağbirçəyi kimi məsələni əvvəlcə sənə açım. – Mustafa danışa-danışa bağlamanı qarının qucağına dürtdü. - Bax, nənəcanı, geri qaytarsan bir də ayağımı buralara basmaram. Sən deyən, qiymətli bir şey də deyildi. Əlli beş manatlıq qocafənni örpəkdir. Hədiyyə gətirmişəm sənin üçün. Örtərsən başına, məni yada salarsan.

Bağlamanı ikiəlli sinəsinə sıxmış Məsmə qarı mat qalmışdı, Evdə, pəncərənin pərdəsini aralayıb bu məzəli səhnəni seyr edən Dürdanə xısın-xısın gülürdü. Mustafa, arvadı sanki əfsunlamışdı. O danışmağa söz tapmırdı. Tez-tez gözlərini döyərək susurdu.

Qarı ağzını açıb nəsə demək istəyirdi ki, Mustafa onu qabaqladı:

- Nənəcan, söhbətimizi sonra edərik. İndi olarmı Dürdanə ilə gedək bir az hərlənib havamızı dəyişək?

Aldığı ərmağanın müqabilində bu kiçik xahişi rədd edə bilməyən qarı xislətinə rəğmən həlim bir səslə dilləndi:

- Qızım könlün varsa, gedin. Ancaq çox yubanmayın.

Nənəsinin cavabını eşidən Dürdanə evdən çıxıb, dərhal bağçaya atıldı...

Sabahısı gün həmin vaxtlarda Mustafa əlində yenə bir bağlama həyətə girdi. Qapını döyüb qarını səslədi:

- Salam, nənəcan! Dünəndən bəri necəsən?

- Çox sağ ol, bala yaxşıyam.

Dürdənə hardadır?

Mustafa bayaqdan qarının gözlərinin zillədiyi bağlamanı ona uzatdı.

- Buyur, nənəcan. Bir əntiqə güllü kofta almışam sənin üçün. Geyəndə məni yada salarsan.

Bu dəfə o, heç icazə istəmədən Dürdanəni götürüb gəzməyə apardı.

...Üçüncü axşam Məsmə nənəyə gələn hədiyyə ipək corab oldu.

Dördüncü axşam Mustafa ona atlas tuman, zərli başmaq, sonra mərcan boyunbağı, nəhayət, gümüş bilərzik bağışladı.

Qarı fərəhindən evə - eşiyə sığmırdı.

- Maşallah, Mustafa qızıl oğlandır. Məni çox istəyir, - deyə qonşular arasında gələcək kürəkənini ağzıdolusu tərifləyirdi.

Axşamlar Dürdanə gəlincə hədiyyələri gah açaraq yan-yana çarpayı üstə sərir, gah da başdan –ayağa al-əlvan geyinərək, boyunbağı, bilərzik taxıb ayna qabağında fırlanardı.

Qəribə burası idi ki, Mustafa qarı üçün nə alıb gətirirdisə hamısının ölçüsü əyninə, ayağına düz gəlirdi.

Indi daha Dürdanə görüşdən gec qayıdanda da nənəsi bir söz demirdi. Bəzən oğlanın qapıdan qızı ötürüb getdiyini biləndə nəvəsini danlayırdı:

- Adam elə iş tutmaz. Niyə evə çağırmırsan oturub bizimlə bir tikə çörək yesin? İnsafın yoxdur bəyəm?

Dürdanə ikiqat sevinc içərisində idi. Əvvələn, Mustafa ilə hər axşam arxayınlıqla görüşürdü. Sonra nənəsi və ata-anası tərəfindən heç bir nigarançılığı yox idi. Bu yay onun istirahətinə məstedici məhəbbətin xoş sərinliyi də qatılmışdı.

Qarı isə... nəvəsini sevən tələbə oğlandan o qədər razı idi ki, onu hər görəndə qucaqlayıb bağrına basmaq, öpmək istəyirdi.

Bunun müqabilində Mustafa Məsmə nənədən bir xahiş etmişdi:

- Çalış, Dürdanənin valideynləri bizim bu işimizə pəl vurmasınlar. Atasına deynən, mən pis oğlan deyiləm. Tələbə də olsam.

Qarı Mustafanın sözünü yarıdan kəsmişdi:

- Başa düşürəm. Bala, sən heç ürəyini qısma, nə qədər ki, arada mən varam, Dürdanə sənindir, qurtardı getdi. Üzünə demək olmasın, sən çox yaxşı adamsan. Alicənab, əliaçıq... səxavətli...

Dürdanənin ata-anası Bakıdan gələn günü qarı, Mustafanın ona bağışladğı qırmızı güllü xara koftanı, sürməyi atlas tumanı, ipək corabları, zərli başmaqları geyib qırmızı mərcan boyunbağını və gümüş bilərziyi taxandan sonra keçib aynanın qabağında bir-iki dövrə vurdu.

- Dürdanə, mən hazır! – deyib nəvəsi ilə vağzala yollandı.

Qarı əlvan tovuz quşuna bənzəyirdi. Əvvəlki yerişini də dəyişmişdi. Ayağının birini götürüb, o birini qoyanda bədənini də sağa-sola yırğalayırdı. Perronda oğlu ilə gəlini qatardan enəndə az qala onu tanımayacaqdılar. Sonra məsələdən agah olan ər-arvad qəşş edib güldülər. Dürdanə də onlara qoşuldu...

Evə gəlincə qarı ürəyindəkini saxlaya bilmədi. Işarə ilə qızı bayıra çıxardı. Məsələni oğluna, gəlininə açıb, Mustafanı ağızdolusu tərifləməyə başladı:

- Tələbə olasan, bu səxavətdə! Bax, əynimdə, başımda, ayağımda, boynumda, biləyimdə gördüklərinizin hamısını bircə həftənin içərisində o, Mustafa alıb mənə. Qızıl oğlandır, belə heç tayı-bərabəri yoxdur...

Bir gün pişik daxıldakı pullarını çıxarıb sayanda heyrətdən az qala qarının ürəyi yerindən qopdu. Hər şey ona aydın oldu. Sən demə, Mustafanın daşıyıb gətirdiyi qiymətli hədiyyələrin hamısı Məsmə nənənin öz pulları hesabına alınmışdı! Bu kələkləri quran da Dürdanə idi. Fürsət tapınca qarı nəvəsini xəlvətə çəkib böyründən möhkəm bir çimdik qopardı:

- Mənim öz xərcimə özümü bəzəndirmisiz? – dedi.

Qız ufuldamaqdansa şadlıqla güldü:



- Bəs səni yola gətirmək üçün neyləyəydik, ay nənə?.. Mustafa da tələbə oğlandır, onda bu qədər pul haradandır.,,


Yüklə 23,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə