Sevgi və Poeziya Hamlet İsaxanlı Aşıb-daşır eşqımız



Yüklə 114,31 Kb.

tarix03.10.2017
ölçüsü114,31 Kb.


Sevgi və Poeziya 

Hamlet İsaxanlı 

Aşıb-daşır eşqımız 

Həyatın mənası xoşbəxtlik, xoşbəxtliyin açarı sevgidir. Sevgi həyatın təməlidir, dünya sevgi 

üzərində qurulub. Sevgi hissidir insanı insan edən, onu yaşadan və gələcəyə səsləyən - böyük 

ideyalar sevgisi, vətən sevgisi, yaxınlara sevgi, vurğunluq – kişi və qadın arasında əbədi var olan 

məhəbbət.... Sevgi bəşəriyyətin günəşidir, insan övladı sevginin odu ilə isinir, ondan işıq alır.  

 Allaha, dinə və peyğəmbərlərə sevgi insanın mütləq gücə, böyük ədalətə, böyük inama ehtiyacından 

doğur. Bu sevgi iman sahiblərinin ruhuna sığal çəkir, əxlaqı saflaşdırmağa xidmət edir.   

Ana və ataya sevgi insanı həyata gətirib, böyüdüb tərbiyə edənlərə minnətdarlıq hissinin 

təzahürüdür. Övlad valideynlərinə sığınır, tək olmadığını görür, valideynlərin hərarəti ilə isinir, 

onların sevgisini görür və qarşılıq verməyə çalışır. Övlada sevgi isə valideynlərin həyat bəxş etdiyi 

və öz kiçik hissəsi hesab etdiyi məxluqu qorumaq, tərbiyə edib böyütmək, onunla fəxr etmək, onun 

xoşbəxt olmasına can qoymaq arzusundan doğur. Valideyn özünün həyata keçirə bilmədiklərini 

övladında görmək istəyir. 

Qardaş, bacı və dost sevgisi bərabər insanların bir-birinə sığınması, bir-birinə arxa durması, bir-

birinə ehtiyac duymasından bəhrələnir.  

Vətən, millət, dil və mədəniyyət sevgisi insanın kimlik duyğusu ilə bağlıdır, tamın hissəsi, bütövün 

parçası olmaq, bütövə sığınmaq, onun əzəmət və gözəlliyindən öz halal payını almaq kimi 

duyğuların məhsuludur. Vətən sevgisi ilə valideyn sevgisi arasında böyük bənzərlik var. Ana vətən, 

ana dil, ana torpaq, ata yurdu kimi ifadələr bu bənzərlikdən yaranmışdır. 

Azadlıq və ədalət eşqi tarixi inkişafdan qaynaqlanır, insanı həyatın gözəlliyi və harmoniyası uğrunda 

mübarizəyə səsləyir. Yaradıcılıq eşqi, yaratmaq ehtirası bəşəriyyəti irəli aparan əsas qüvvədir.  

Yaradıcılıq eşqi sonsuz, müəmmalı düşüncə və sənət aləmini içindən duymaq və zənginləşdirmək 

istəyindən, qurmaq və yaratmaq yanğısından güc alır, dünyanı və həyatı dərk etmək ehtirasından 

qidalanır. 

Bəşər tarixi bir sevgi tarixi kimi şərh oluna bilər. Dini inanc, azadlıq və torpaq sevgisi, yaradıcılıq 

ehtirası və zəka macəraları tarixin təkərlərini fırladan qüvvələr arasındadır. Müharibələr etmək də 

özünü sevməkdir, şöhrət tutqusudur, liderlik ehtirasıdır, bəşəriyyətin taleyini həll etmək, allahlıq 

etmək ehtirasının məhsuludur və ya qrup mənafei qarşısında vəzifə borcunu yerinə yetirməkdir. 

Və... haqqında ən çox yazılan, danışılan, insanoğlunu və insanqızını cuşa gətirən qeyri-adi dərəcədə 

həyəcanlı və möcüzəli bir duyğu – eşq! Iki müxtəlif qütbün bir-birinə can atması, qız və oğlanın bir-

birinə vurğunluğu, qadın və kişi arasında cərəyan edən qarşısıalınmaz cazibə qüvvəsi! Qəlbləri 



coşduran, ağlı çaşdıran, cismi titrədən, insanı dəli olmaq dərəcəsinə yüksəldib ona səadət bəxş edən 

sevgi, məhəbbət, eşq!  

Sevgisiz həyat yoxdur. Sevgidir bəşəriyyəti qoruyan, onu gözəlləşdirən qüdrət! 

Aşıb-daşır eşqımız 

Sevməsək ölərik biz 

Ölüm allah əmridir 

Sevməksə – öz işimiz. 

Ürəkdə yuva qurmuş sevgini gizlin-gizlin bəsləmək, imkan düşən kimi vurğun olduğu insana bu 

sevgini ürkək-ürkək hiss etdirmək, “sirri kəm-kəm faş etmək” səadəti nəsib olur sevənlərə! Böyüyə-

böyüyə qəlbi tam fəth edən, üzə çıxıb boy göstərən və qanad açan sevgi dünyanın ən canlı, daha 

doğrusu, ən həyəcanlı hisslər, duyğular, gözəlliklər zirvəsidir! 

Qız və oğlan, qadın və kişi arasında sevgi iki qəlbin simfoniyasıdır, öz “mən”ini başqasının “mən”i 

ilə bərabərləşdirib, birləşdirib yeni ahəngə qovuşmaqdır. 

Quş quşa söykənib budağa qonur 

Nuru görən yoxsa, nur olmaz ki nur; 

Sevgi iki könül, iki can istər 

Özünü sevməklə məhəbbət olmur. 

 

Sevməyən insanı kim sevər?! 

Sevgi nə qədər dərindirsə, özünəsevgi bir o qədər gözə dəymir, arxa plandadır. Sevgidir insan 

eqoizmini neytrallaşdıra bilən ən böyük güc.  

Özünü sevmək yalnız başqasını ürəkdən sevməklə, həyatı sevməklə yanaşı gedəndə anlamlıdır 

(“bütün insanları, o cümlədən sevgilimi və özümü sevirəm”). Lakin, bu hiss güclənib hadisələrin 

axarını öz xeyrinə doğru döndərmək, tabe etmək, əmr etmək, öz zövqünü hamıya qəbul etdirmək 

istəyinə keçə bilər. “Sevginin saxlanması və çevrilməsi qanunu” na görə kim özünü nə qədər çox 

sevirsə, o, başqalarını o qədər az sevir. Tək özünü sevmək ruhi və əqli naqislikdir, güc sahiblərində 

isə, bu, təhlükə doğuran qüvvədir. 

Insanın sayılmaq və təriflənmək istəyi özünütəsdiq üsulu kimi, ümumiyyətlə qəbul edilə biləndir. Öz 

bənzərsizliyini, öz istedadını kəşf etmək və onu inkişaf etdirmək baxımından özünəhörmət və bu 

mənada özünü sevmək ümumbəşəri sevginin tərkib hissəsi sayıla bilər. Ağıldan alınan ləzzəti və 

nəşəni heç nə əvəz edə bilmir. 

Sevgi – başqalarının duyğularına hörmət etməyi, başqalarına qarşı həssas olmağı tələb edir. Sevgi 

mənəviyyatın, cəngavərliyin və zərifliyin kobudluq və natarazlıq üzərində qələbəsidir, qadına 

hörmətin, qadına kişi ilə bərabər münasibətin təntənəsidir. 

Insan olmaq – məsuliyyətli olmaq deməkdir. Sevmək, özünü və baş- qa birini xoşbəxt etmək - budur 

insan! Sevgi elm kimi, bilik kimidir – sonsuzdur və başqalarına verdikcə, başqaları ilə paylaşdıqca 

azalmır, əksinə, artır! Sevgi və bilik yalnız paylaşdıqca var olur! Nəyin varsa ver, və...zənginləş! 



Duyğuya hədd qoysan o, duyğu deyil! 

Gözələ təzim et, önündə əyil! 

Vüqara yer yoxdur eşq meydanında 

Eşq səni tam istər, bunu yaxşı bil ! 

Sevmək - ən insani vəzifədir. Sevgi mənəviyyatın təməlidir. Sevgi alınmır və satılmır, zor tətbiq 

etməklə əldə olunmur. Sevgi hisslərin azad həyatıdır. 

 

Hörmət – insanı olduğu kimi qəbul etməkdir; qayğı, məsuliyyət və hörmət sevgi yolunu açır, onu 



bəsləyib yetişdirir. Sevgidə bir-birinə qarşı qoyulan ciddi və formal tələblər sevənlərdən birini, hətta 

hər ikisini yorub bezdirə bilər. Bayron demişkən “Ara verə-verə döyünər ürək/ Məhəbbət özü də 

dincəlsin gərək”. 

Ciddi əsası olmayan fikirləri (önyarğını) kənara qoymaq, fərqli olma hadisəsini təbii qəbul etmək 

sevginin baş tutması və qorunmasına aparan yeganə doğru yoldur.  

Sevilmək və sevmək insana nəşə verir, insana ruh verir. Vüsal əsəbləri oxşayır, sevgi sağlam həyatın 

kökündə dayanır. Sevgi insanın sifətinə məlahət gətirir (sifətdə sevgi oxunur), gözə işıq verir. 

Eşq oddur, möcüzədir 

Içimizdə közərir 

Eşq yanağa hərarət 

Gözə parlaqlıq verir. 

Sevməyi bacarmaq lazımdır, bu - qabiliyyətdir. Bəziləri “əsas bir adam tapılsın ki, məni sevsin” 

deyə başlanğıcdan birtərəfli sevgi yolunu üstün tutur, öz duyğularını oyatmamış, öz könlünü 

verməmiş başqasınınkını almaq istəyir. Özünü sevdirmək üçün bir namizəd tapan kimi onun xoşuna 

gəlmək üçün bütün istedadını, gücünü işə salır, dəridən-qabıqdan çıxır, hər yola baş vurur - “qoy o, 

məni arzu etsin, onda vurğunluq hissi yaransın”. Beləliklə, sevilmək arzusunda olan insan tora 

saldığı ovunu - “sevgili”sini sevməyi təxirə salır, sonraya saxlayır, qəlbində möcüzə baş verib sevgi 

odu közərməsə, “mən günahkar deyiləm, biz başqa-başqa adamlarıq” deyib sevgi yolunu yarımçıq 

tərk edir və özü də yarımçıq qalır. Bütün bunlarla yanaşı eşq meydanında özünü bəyəndirmə k 

çalışmalarının olması da çox təbiidir, hətta bir çox hallarda zəruridir. 

 

Sevməyən insan yarıkor, yarıkardır, gözəlliyi görmür, dünyanın agəngini duymur, eşqin 



başgicəlləndirici yüksək mərtəbələrindən aləmi seyr edə bilmir. 

Kor işığı görəmməz 

Kar səsə səs verəmməz 

Qəlbi atəşsiz olan 

Eşq mülkünə girəmməz. 

Sevgidə nə əsasdır – arzu olunan, doğru-dürüst insana rast gəlmək, yoxsa sevmək istedadına malik 

olmaq, sevməyi bacarmaqə ə lbəttə, göz və qəlbin seçib-sevdiyi insanla üz-üzə gəlmək və bir yerdə 

olmaq çox gözəldir. Lakin, ömrü boyu öz tayını axtarıb tapmayanlar da az deyil. Uğur qazananlar, 

deyəsən, sevməyi bacaranlardır, ürəyi sevgi ilə dolu olanlardır. 



Sevgi səbr və gözləmək istər. Ilk məhəbbət bunu yaxşı bacarmır...  

“Mən sevilirəm və xoşbəxtəm, çünki sevirəm”- bunu deyən insanın sevgilisi də xoşbəxtdir, çünki o 

da sevir və sevilir; bu - əsl sevgidir. 

Sevənlər-onlardır bəxtəvər 

Sevməyən insanı kim sevər?! 

Sevilmək insanı tək sevgilisinin gözündə deyil, öz gözündə də ucaldır.  

 

Gerçək həyatın uzantısı və ya xəyalın məhsulu

  

 



Əsl sevgi özünü sevdiyində tapmaqdır, mümkündür ki, bir az baş itirdikdən sonra. 

Eşq mülkünə ayaq basıb 

Baş itirmək nə asanmış... 

Dodaqların ləbi-dərya 

Vədlərin quru lisanmış. 

Oxa döndün, yoxa çıxdın 

Bir xəyal qanadlısanmış. 

Can almaqda tayın yoxdur 

Qız, nə istedadlısanmış! 

Şirinliyin, turşməzənlə 

Sən həyatdan dadlısanmış! 

 

Sevdiyinə səcdə etmək, onun qulu olmaq, gərək ki, fəxr etməli, öyünməli bir şey hesab olunmur. 



Hərçənd ki, özünü sevdiyinə həsr etmə k böyük günah da deyil, dəlicəsinə sevən bu hissə necə 

qapılmasın?! Qoy olsun - Nizami demişkən, qul olmaq lazımdırsa eşqin qulu olmaqdan yaxşısı 

yoxdur. 

Sentimental sevgi xəyali sevgidir, xəyalda qurulan bir obraza bəslənən sevgidir. Yanındakı insanın 

həmin obraza çevrilməsi arzusu əsasən baş tutmur. Məcnun sindromu budur – Məcnun gerçək 

həyatda olan Leyliyə deyil, xəyalında surətini yaratdığı Leyli adlı varlığa aşiqdir, onun məcnunudur. 



Sözlərimin canı budur: 

Aşiqlər hissin quludur 

Istədiyin mən deyiləm 

Xəyalının məhsuludur. 

Insan yalnız qeyri-bərabər, şərtsiz, mütləq sevgidə özünü unutmaq, özünü qurban vermək məqamına 

çata bilir. Ananın balasına sevgisi buna parlaq misaldır. 

 

Sevgi ağlı itirmək deyil, ağlı bəsləmək, bəzəmək və gözəlləşdirməkdir. Sevgi insanı ucalda bilən, 



saflaşdıra bilən, zərifləşdirə bilən, qəlbləri isindirən, adilikdən çox yüksəkdə dayanan insani 

duyğudur, insan həyatının mənasıdır. 




Sevgi ürəyi döyünən hər canlıya xas olan bir duyğudur. Gənclərin nəfəsi sevgi ilə gedib-gəlir, lakin 

sevgi yaş bilməz; xəyal var olan hər könüldə sevgi odu var. 



Sevgi - gəncliyin nəfəsi 

Xəyal - eşqin fəlsəfəsi! 

Sevgi gah sakit-sakit ləpələnən, gah da coşub-daşan dalğalı, fırtınalı bir dənizdir. Sevgi həm 

tərəddüd və şübhələr dəryasında batıb-çıxmaq, həm də xəyal dünyasında qanad açmaqdır. Sevgi tək 

gerçək həyatdan ibarət deyil, şirin xəyallarsız sevgi yoxdur. Sevgi gerçək həyatın uzantısıdır, 

gerçəkliyin xəyal dünyasında davamıdır. 

Bir məhəbbət yuxusu 



Həyatda olmayan anı yaşatdı, 

Yuxumu bürüyən çiçək qoxusu 

Yaralı sevdanı yaşatdı. 

Doğrusu 

Röyadan ayılmaq qorxusu 

Yuxuma haram qatdı, 

Nə mən yatdım, nə də duyğularım yatdı – 

Bu özü də bir həyatdı... 

Xoşumuza gələn insanı həqiqi və xəyali aləmdə izləməyə, sevməyə başlayırıq. Zaman bu sevgini 

gücləndirib, “ağıllandırıb” dostluğa da çevirə bilər, zəiflədib söndürə də bilər. Insan bəzən sevgidə 

başını itirsə də, özünü başqasında tapsa da, xəyal dünyasında ilişib qalsa da, bütövlükdə sevgi həm 

də insanın özünü və başqalarını dərketmə yoludur. Əxlaqi, əqli, ictimai və bioloji inkişafa təkan verə 

bilən ruhi qüvvədir sevgi. 



 

Gözəllik üstəgəl... 

Sevgi səmimi birliyə, canbir-qəlbbir ittifaqa aparan körpüdür, ayrı olanları bir etmək iqtidarındadır, 

tək olanı təklikdən xilas edir sevgi.  

“Sevginin ictimailəşdirilməsi” bəzi filosof və ictimai xadimlərin qələmindən ayrılıb kağıza düşən 

“ictimai fikirdir”. Əslində isə sevgi ictimai həyatdan aralanmaq, ayrılmaq, iki şəxsdən ibarət özəl 

səadət ocağı qurmaq üçündür (ailə yaranarsa, bir qayda olaraq, sevgi evinin yeni sakinləri əmələ 

gəlir...). 

Iki qəlbin qovuşmasını müəyyən edən əlamətlər hansılardır? Yaranmaqda olan sevginin sevgililəri 

xoşbəxt edib-etməyəcəyi necə təyin edilir?  

Gözəllik üstəgəl ürəyimizə yatan xasiyyət və xarakter – bəlkə budur ikini bir edən?! Zahiri 

gözəlliklə daxili aləm, bədənlə ruh bir-birinə qovuşursa insan sevir və özünü bütövün, sıx birləşmiş 

ikiliyin tam yarısı, bir kökdən qidalanan qoşa budaqdan biri hesab etməyə başlayır. Platona görə 

əsas iş gözəlliyi seyr etməkdir, eşq özü də gözəllikdir.  



Gözəl olduğu üçünmü sevirik insanı, yoxsa sevdiyimiz üçünmü gözəl görünür insan? Bu iki fikir 

arasında ziddiyyət yoxdur, əslinə qalanda onlar bir-birini tamamlayır. 



Gözəllik- seyrinə dalmaq üçündür 

Məhəbbət- ürəkdə qalmaq üçündür. 

Həyat hərəkətdir, gəlib-gedəndir 

Əməl- həyatdan bac almaq üçündür. 

Gözəllik anlayışı şəxsin aldığı tərbiyənin, mühit və mədəniyyətin, nəhayət fərdi duyğuların 

məcmusundan doğan dəyərdir, yüksək keyfiyyətdir. Fərdin gözəllik qavramı mühüm dərəcədə mühit 

və mədəniyyətin qəbul etdiyi gözəllik qəliblərinin təsiri altında formalaşır. 

 

Insan gözəlliyi, xüsusilə gözəl qadın modeli cəmiyyətin öz-özünə aşıladığı (və ya başqa güclü bir 



cəmiyyətin bütün dünyaya aşıladığı) zövqə uyğun təyin edilir. Ictimai zövq və ya kollektiv zövq 

dəyişkəndir, tarixi inkişafın məhsuludur. Qədim zamanlardan günümüzə qədər gözəllərin tərifinə, 

vəsfinə həsr olunmuş poetik əsərlər, nəsr və dram əsərləri, heykəllər və rəsm əsərləri gözəlin xarici 

görünüşünə, hətta xasiyyətinə münasibətin tarix boyu necə dəyişdiyini açıq-aşkar göstərir. Bu də- 

yişməni təkamül adlandırmaq olmaz, bu, ancaq və ancaq dəyişkənlikdir.  

Qloballaşma sanki gözəllik ölçülərindən və zövqlərdən də yan keçməyib, əksəriyyətin qəbul etdiyi 

(əksəriyyətə qəbul etdirilən) gözəl tipi mövcuddur; bu tip təbiətin seçimi deyil, bu tip əslində inşa 

olunur, yaradılır və ağla gələn bütün vasitələrlə təbliğ edilir. 

Gözəllikdən fərqi olaraq sevgi tam təsvir oluna bilməyən, məntiqə tabe olmayan bir hadisədir; 

hərənin öz sevgisi var. 



 

Eşqdə kamillik gəzmə 

Sevgi ağlın deyil, qəlbin məhsuludur (bu, əlbəttə, bioloji deyil, şairanə ifadədir); sevgi ağlı başdan 

ala da bilər, püxtələşib başa ağıl da qoya bilər. 

Sevgi həyatdır, həyat isə mükəmməl deyil, qovğalarla doludur; mükə mməl olmaq gerçək həyatda 

deyil, xəyalda mövcud olan ideala çatmaq deməkdir. Öz nöqsanlarını görməmək, başqasının 

nöqsanlarını isə böyütmək, sevgili kimi qəbul edilmiş insanı zor-xoş dəyişdirmək, onu yenidən 

tərbiyə etmək istəyi bu sevginin narahat günlər, aylar, illər keçirəcəyi ehtimalından xəbər verir. 

Itkisiz olmaz zəfər 

Yoxdur mütləq müzəffər 

Eşqdə kamillik gəzmə 

Sevgi yanlışlıq sevər. 

 

*** 

Can alan, naz satanlar 

O tay, bu tayda çoxdur 



Sevgidə nə desən var 

Sevgidə qayda yoxdur. 

Dava-dalaşsız sevgi yoxdur, küsmək və incimək sevgidən heç zaman əl çəkməyən, onun başına 

dolanan peyklərdir. Sevgililərin qurduğu ittifaqda özünütəsdiq və ya muxtariyyət davası, sözükeçərli 

olmaq və ya vəziyyətə hakim olmaq davası deyəsən heç vaxt tam kəsilmir.  



Təbiət insanla ittifaq qurmur 

Günəş istəyirsən, sulu qar yağır. 

Yar üçün özünü lap oda da vur- 

Yenə də başına tufanlar yağır. 

Mühüm işlərdə, ümumiyyətlə həyatda sevgililərin hər birinin öz planı ola bilər, bu iki planı daha 

geniş vahid planın tərkib hissəsinə çevirmək sülh və dostluq əldə etmənin yeganə üsuludur.  

 

Sevgini oyun kimi qəbul edənlər də var; bu halda, təbii ki, qalib gələn, məğlub olan, geri çəkilən, 



başdan çıxaran, aldadan, aldananlar olacaq... 

 

Sevdiyimiz insan bizi sevməyə də bilər, “bu da bir həyatdı”. 



Möcüzəyə bel bağlama 

Hər yetən yetməz ki kama... 

Hər sevdiyi qismət olmur insana 

Ürəyində bəslədiyi sevgilər qalır ona... 

Bu, bəlli bir insandan daha çox dünyadan küskünlüyə səbəb olur. 

 

Nəyə ümid bəsləmək, nədə təsəlli tapmaq? Bir sevgini kama yetirməyən dünya yenə də insana sevgi 



bəxş etməkdən xali deyil. Sevgi həyatı bir anda dəyişdirə bilən möcüzədir. 

Ümid xəfif olsa belə, könüllərə şəfəq saçar, 

Xoş əməllər bar gətirər, xoş niyyətlər çiçək açar. 

Insanlara qanad verən sevgi adlı möcüzə var

Nəhayətsiz eşq, ehtiras, duyğu çələngidi dünya. 

Sevmək inanmaqdır, etibar etmək, ümid etməkdir. Inamı az olanın 

sevgisi də az olar. 

Sevgi zərif, həssas və kövrək duyğudur - o, nəzakət, sabitqədəmlik və ağayanalıqdan xoşlanır, 

kobudluğa, yalana, eləcə də kənar müdaxilə lərə qarşı dözümsüzdür. Sevginin keşiyində durmağa, 

onu möhkəmlə ndirməyə, onu başqalarından və...sevgililərin özündən qorumağa ehtiyac var. Bu 

qoruma illər ötdükcə daha da etibarlı olmalıdır. Sevginin “ağılsız” olaraq uzun müddət yaşaması 

mümkün olmur. Sevgi get-gedə azalarsa, qarşılıqlı cəzb etmə qüvvəsi zəifləyərsə, heyranlıq duyğusu 

kütləşə bilər. Biganəlik sevginin dostu deyil. 

Səni sevdim gündən-günə daha dolğun, daha incə 

Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə. 

Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi 



Səni sevdim gözəlliyə heyran olan insan kimi 

Sadəcə çox sevdim səni 

Səni sevdim çox sadəcə. 

Sevginin yarandığı və alışmağa başladığı dövrdə heyranlıq duyğusu altında xoşbəxt olan sevgililər 

bir-birini ruhlandırmaq və razı salmaq, bir-birinə dayaq olmaq üçün hər comərdliyə, hətta qurban 

getməyə həvəsli görünürlər. Onların yarıgerçək, yarıxəyali dünyası sevgi yağışı və ehtiras fırtınası 

altında keçir. Özlərini bir hesab etdikdən, xüsusilə ailə qurduqdan sonra hal-qəziyyə və vəziyyət 

dəyişə bilir. Yeni həyat həqiqə tinin gözü açılır; indi sevgililər birləşməyə can atan fərdlər deyil, 

artıq birləşmiş, məsuliyyət altına girmiş durumda olan ikilikdir. Bu, Leyli və Məcnun, Əsli və 

Kərəm, Fərhad və Şirin eşqi, ehtirası deyil (vüsala yetişsəydilər, onlar da adi ailə həyatı yaşamalı 

olacaqdılar və... bu gözəl əfsanələr, dastanlar yaranmayacaqdı...). Indi qarşıda yeni, fərqli vəzifələr 

durur, parlaq sözlərin yetərsizliyi aydın olur, dolanmaq, yola getmək kimi maraqsız problemlər üzə 

çıxır, fədakarlıq, qayğıkeşlik, üzüyolalıq əhəmiyyət kəsb edir, ağıl hisslərlə ən azı bərabərləşir. 

Sevgini yaşadan, onu uzunömürlü edən sevginin "sadəcə"liyi onun insani, özünəməxsus olmasıdır. 



Mahnılarda anılmadım, dastanlarda yoxdur adım; 

Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım, 

Içimdəki ağrıların atəşindən kül olmadım... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Məcnun olub dərdli eşqlə səhralara üz tutmadım, 

Insanlardan uzaq düşüb ceyran-cüyür ovutmadım, 

Xəyallara səcdə qılıb vüsalını unutmadım... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Fərhad olub dəryaları məcrasından döndərmədim, 

Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim... 

Dünyanın naz-nemətini sənə bəxşiş göndərmədim... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Uçmağa daha çox alışmış məxluq torpaq üstündə yeriməyə həvəsli görünmür, səbəb bunun maraqsız 



görünməsi və geriləmə təsəvvürü yaratmasıdır. Sevgi yağışı və ehtiras fırtınası xəfifləyir və bunu, 

əvvəlki sevginin azalması əlaməti hesab edən sevgililər zaman-zaman məyusluq, pərişanlıq və 

süstlük havası içinə düşürlər. 

 

Sevmək qabiliyyəti bəzi insanlarda güclü, digərlərində zəif ola bilər. Qabiliyyət və istedad həvəs və 



zəhmətlə cilalanır, tənbəllik və duyğusuzluq istedadın düşmənidir. Sevgi diqqət tələb edir, sevgi öz-

özünə yaşamır, sevənlər yaşadır onu. Zəhmət çəkilməyən sevgi qulluq edilmə yən ağac kimi 

çiçəklənməz və ya xəstəlik tapar. Bir qəlbdə yanan sevgi odu digər qəlbə də işıq saçmalı, onu da 

isindirməlidir.  




Duyğusuzluq sevgi qıtlığından irəli gəlir; sevməyi bacarmayan insanın duyğuları donmuş, süst 

düşmüş haldadır. 



Çoxu nə istəyirə – Can rahatlığı! 

Bəs başqaları nəə – Söz azadlığı! 

Bəs sevgiə Onsuz puç deyilmi həyat? 

Fəlakət deyilmi sevgi qıtlığı? 

Dünya və həyat təsəvvüredilməz dərəcədə mürəkkəbdir, bəşərin vicdanında (və vicdansızlığında) 

gözəllik və sevgi ilə yanaşı, təəssüf ki, faciələr və nifrət də yer tutur. Sevgi birləşdirici hissdir, 

ehtirasdır, nifrət, hərislik, paxıllıq isə özünü başqasından təcrid edən zərərli ehtirasdır.  



Nədir ölçü, nədir çəki dünyada? 

Sevgi hökm edəydi təki dünyada... 

Dünyada sevgi hökm etsəydi, yəqin ki, dünya cənnətə dönərdi. 

Alovlu sevgi hisslərinin məhsulu olan gözəl sözlər əksər hallarda zamanın süzgəcindən keçmir, 

sevgi binası yarımçıq qalır. 



Sevgidən doğan sözlər də 

Bir zaman ölə bilərmiş; 

Açılmayır sirli pərdə 

Dünya nə qəribə yermiş?! 

Həyatda rast gəlinən sevgilərin çox cüzi hissəsi nikaha aparır. Nəşələndirən və tez yox olmayan, 

qalıcı eşq nadir hadisədir. Evlilik insanları xoşbəxt də edə bilər, bədbəxt də. Xoşbəxt ailə sevgisi 

vurğunluqla ağlın izdivacıdır. 



 

Cazibə qüvvəsinin yandırıcı şirinliyi 

Gözün ondan ayrılmaq istəmirsə, içində bir titrəyiş əmələ gəlibsə, xəyalın və fikrin ona bağlı qalırsa, 

bu, vurğunluq əlamətidir. 

Günəş aya baxmasa 

Ay yerə nur saçarmı? 

Qoşa qanad taxmasa 

Quşlar şövqlə uçarmı? 

Dünyanı eşq yaşadar 

Vurğunluqdan xoş nə var?! 

Kim deyər ki, sevdalar 

Gəldi-gedərdi, gülüm?! 

Gözlərdən qopan və ruhu alışdıran qığılcımdan başlayır sevgi, “iki kafər bir müsəlman öldürür” 

(Saib Təbrizi). Sevgi dinc durmur, səslə yir, çağırır, gözlər “gəl, gəl” deyir. 

Ürək çırpınanda, göz çağıranda, 

Nəfəs bir olanda, dil lal olanda, 

Dodaq can atanda, sifət yananda 



Sol yanaq da gözəl, sağ da gözəldir! 

Yaxın olmaq, oxşamaq, əzizləmək və əzizlənmək istəyi baş qaldırır sevən ürəklərdə. Coşan hiss, 

həyəcan bir toxunma arzusu doğurur - əllərini əlinə almaq, saçlarını sığallamaq, saçlarını 

qoxulamaq, öpmək, qucaqlamaq, qovuşmaq, bir olmaq! 



Deyirəm: yaxın gəl! Sözümə baxmır 

Məni can evinə yaxın buraxmır 

Mən də hal əhliyəm, gözümü yumub 

Öpürəm, sağ olsun, başıma qaxmır. 

Müdrik filosof şəhvani hisslər haqqında ehtiyatla, aşiqin başına ağıl qoya-qoya yazır, nəsihət verir, 

nəfsi ağla tabe etməyi məsləhət görür, aşiqi düz yola çağırır. Şair isə nəsihət verməkdən, başa ağıl 

qoymaqdan uzaqdır; o, sevən qəlblərin, canın, cismin və ruhun ehtiras içində alışıb yandığı eşq 

dastanını yazır. Ağıl eşqin qarşısında tir-tir əsir, çaş-baş qalır. ə lbəttə, eşqdə risk də var, ağıldan 

uzaq düşmək yaxşı iş deyil, agılsızlığa gətirib çıxara bilər...  

 

Şəhvani hiss mənəvi ehtiyacdan doğmasa da, o, qeyri-ixtiyari duyğu olduğu üçün böyük danlaq 



hədəfi olmamalıdır. 

 

Eşqin odunda qaynayan ehtirası qəti surətdə kobud hisslərlə qarışdırmaq olmaz, bu, müvazinəti 



itirmək deyil, quruculuq ehtirasıdır – gizlinin aşkarlanması, qəfil yaxınlığın həyəcanı, marağı var 

burda. Təbiətin səsindən, ruh və cismin harmoniyasından qaçmaq mümkün deyil. Bədən, ağıl və ruh 

həzz alır sevgidən.  Yaşamaq eşqi sevgi ilə düz mütənasibdir. 

Sevgililər can eşidib, can desələr, 

Duyğuların şiddətindən titrəsələr, 

Könüllərə körpü salsa şən busələr 

Yaşamağa nə var ki!... 

 

Nazlı canan canımıza qəsd etsə də, 

Ağlımızı başdan alıb, məst etsə də, 

Eşq var olsun, dünya tamam tərs getsə də 

Yaşamağa nə var ki!... 

Tək bir-birini deyil, dünyanı ağuşuna almaq istəyir sevib-sevilən, bir-birini cəzb edən, biri o birinin 

cazibə qüvvəsinə tab gətirməyən iki aşiq. Sevgi eşitmək və eşidilmək istəyir. Şəhvət sevgi adlı yolun 

nə sonu, nə əvvəlidir, yalnız bir hissəsidir, üstəlik - bəzi filosofların gözündən iraq - sevginin təbii 

və zərif tərkib hissəsidir. Onun astanasında insani həya, utancaqlıq, ürək döyüntüsü, həyəcan, cazibə 

qüvvəsinin yandırıcı şirinliyi dayanır. 



Qüdrətdən pay versin Füzuli, Xəyyam 

Vəsfinə gücüm yox, özgədir əyyam 

Gözlərim söyləyir sənə sevgimi 

Neyləyim, dilimi bağlayıb həyam. 

Əsl sevgidən doğan bu qovuşmanın davamı iki fərdin birləşdiyi, güc aldığı mənalı həyatdır, o 

cümlədən ailə qurulmasıdır. Lakin kamına çatan insanlarda bəzən yeni ehtiras axtarışı, yenidən 

başqa bir ova çıxmaq istəyi baş qaldırır. Ata, ana, övlad, qardaş, bacı sevgisindən fərqli olaraq 




seçmə imkanından gen-bol qidalana bilən eşq aləmində “itmiş” və ya “gizlənmiş” tayını axtarmaq, 

tapıb-itirib yenidən axtarmaq da var; sirli və mürəkkəb dünyamızda “bu da bir həyatdı”. 



Əllərinlə saçlarını darama 

Əvəzində bir sığal çək yarama 

Məndən sonra nə istəsən sənindir 

Mən sağ ikən başqa yarı arama. 

 

Ağlına sahib dur, sevgiyə can at 

 

Sevgi bu günü, bu anı yaşamaqdır. Sevginin təməli keçmişdə qoyulsa da, binası bu gün, bu an 



hörülməkdədir. Sevgini indi hiss etmək, duymaq, görmək, indi ona qucaq açmaq lazımdır. 

Ürək vurarmı qansız ?! 

Eşq yaşarmı gümansız ?! 

Sevgiyə sığın, ay qız, 

Gəmi yoxdur limansız. 

Sabahı, gələcəyi düşünən insan bəzən bu anı, bu günü yaşamağı unudur. Səbəb, yəqin ki, bu günkü 

sevginin adiləşməsi, gözdən düşməsidir. Seçdiyi insanın özünü deyil, onun “mükəmməl” şəklini 

arzu edən, “bu arzuya yalnız gələcəkdə çatmaq olar” deyə düşünən şəxsin bu yolla kamil sevgiyə 

qovuşacağı şübhəlidir. 

 

Sevənin qəlbi indi döyünür, o, hal-hazırda həyəcanlıdır, o, məhz indi sevgi oduna isinməkdə və ya 



yanmaqdadır. Bu anın gözəlliyini yaşamaq - budur xoşbəxtliyin canı. “Hər gün bir yeni nəğmə,...” 

(Müşfiq) və ya “Dayan, ey dəqiqə!” (Goethe) –budur sevənlərin şüarı. 



Canımdan bezmişdim, düşmüşdüm xəstə 

Göylərdən süzüldü bir səs ahəstə 

Bəxtinə kor demə, sevgiyə tələs 

Canan can istəsə, de: gözüm üstə! 

Sevgi yolundakı maneələr çox zaman keçilə biləndir; üstəlik bunların bir qismi, məsələn qısqanclıq, 

bəzən sevənin əsassız şübhələrindən qaynaqlanır. Sevib-sevilərkən insan daha yaradıcıdır. Böyük 

sevgi insanın ruhunu oynadır, ona güc verir və bu, qarşıya çıxan sədləri yox etmək üçün də 

kifayətdir. 

Bəzən dara düşür məxluqun canı 

Təki geniş olsun ruhun meydanı 

Ağlına sahib dur, sevgiyə can at 

Sevgi gənc saxlayır aqil insanı. 

Ömür boyu öz tayını-sevgilisini tapa bilməmək bəzən duyğular dünyasında gözübağlı yaşamaqdan 

və ya rastına çıxan insanlarla münasibət qura bilməməkdən irəli gəlir. Sonra bunların üzərinə ruh 

düşkünlüyü əlavə olunur. Ətrafa olan hörmət və maraqdır sevgiyə gətirib çıxaran yol... 



Gözümüzü tutur pərdə 

Ağı qaradan seçmirik. 


Eşq bizi gözləyən yerdə 

Yolu düzünə keçmirik. 

Sevgi insanın şövqünü artırır, onu yaşamağa çağırır. Ümidsizə ümid, yeriyənə qanad, bədənə ruh 

verir sevgi! Ayrılıq və həsrətdən sonra aşiqlərin yenidən bir-birinə qovuşması sevginin zirvə 

nöqtəsidir.  

 

Sevgi ilə yaşamaq həyatdan həzz almaq deməkdir. Sevgi nəşədir, qəhqəhədir, toy-düyündür. Eyni 



zamanda sevgi çılğınlıqdır, həsrət, hicran, hıçqırıq və gözyaşlarıdır, depressiya, xəyanət və ürək 

dağıdır. Hiddət, qorxu, üzüntü, “qanın beyinə vurması”, özünü alçaldılmış sanmaq (aşağılanma) da 

yad deyil sevgi aləminə. 

 

Sevginin kölgəsi 

Sevən hər insanda müəyyən dərəcədə qısqanclıq hissi var - az, çox və ya ifrat dərəcədə, xəfif və ya 

partlayıcı gücə malik... “Qısqanclıq sevginin kölgəsidir” deyirlər. “Qısqanclıq duyğuların ən şirini 

olan sevgidən qaynaqlanır və duyğuların ən acısıdır” deyirlər. Qısqanclıq onu doğuran eşqdən daha 

davamlı, daha dayanıqlı ehtirasa çevrilə bilər.  

Şübhə və güvənsizlikdən yaranan və hissi sarsıntılarla, insanın özü üzərində nəzarətini itirməsi ilə 

müşahidə olunan, dəlilik dərəcəsinə qədər yüksələ bilən ruhi pozğunluqdur ifrat qısqanclıq. 

Davranış tərzinin, xasiyyətin və içində yaşadığımız mədəni mühitin qısqanclığın doğmasında böyük 

rola sahib olduğu şübhəsizdir. 

Sevilmək hissinin sevmək hissindən daha üstün tutulması qısqanclığı doğuran əsas səbəblərdən 

biridir. Ümumiyyətlə, qısqanclıq sevənlə rə xas olan yiyələnmə, sahiblik və mülkiyyət hissi ilə də 

bağlıdır. Təbiətən vasvası olmaq da qısqanclıq hissinin kök salmasına, yetişib böyümə sinə təsir 

göstərir. Qısqanclıq da sevginin özü kimi sanki “bizdən asılı olmayaraq” meydana çıxır. Lakin 

qısqanclığın sevgini qoruyan üzü də var. Ilk nəzərdən paradoksal görünsə də, qısqanclıq hissi bəzən 

sevgini daha canlı edə bilir, “sevib-seçdiyin insandan bərk yapış, onu qoru və daha hərarətlə sev” 

deyir. 

Qısqanclığın aradan qaldırılması mümkünsə, bu, yalnız sevgililərin birgə səyi nəticəsində ola bilər. 



“Yaş ötdükcə qısqanclıq azalır” fikri, müəyyən əsası olsa da, mütləq deyil. 

Dünəni yaşadım, dünəndə bitdi 

Uşaqlıq qayğılar dinəndə bitdi 

Qısqanclıq, çılğınlıq dolu səhnələr 

Ömrümüz payıza dönəndə bitdi. 

Sevginin canına daraşmış və qanında cərəyan edən qısqanclıq virusu ədəbiyyatın aparıcı 

mövzularından biridir. Sevgidə rəqibi bildirən “əğyar” kəlməsi şərq poeziyasında ən çox işlənən 

sözlərdəndir. 

 

Bu dünyadakı cənnət 



Sevənlərin əsas dini sevgidir, bu dinin Allahı, peyğəmbəri,...sevimli insandır. Bir hədisə görə 

“dünya ləzzətlidir və onun ən böyük ləzzəti qadındır” deyirdi Məhəmməd peyğəmbər. Eşqin 

əzəmətini, böyüklüyünü göstərmək istəyən şair tam səmimi olaraq eşqi allah, peyğəmbər, din, 

cənnət, Məkkə və Mədinə səviyyəsinə qaldırır, eşqi ən müqəddəs, ən ali hiss kimi tərənnüm edir. 

Sevgilisinə qovuşmağı dindən üstün tutan aşiq dinini dəyişməkdən belə çəkinmir. Sevgi, musiqi, 

şərab - bunlar islam dünyasında, ərəb, fars və türkdilli poeziyada yüksək məqam tutmuş, təsirli 

poetik ifadə vasitəsinə çevrilmiş, ruhu və cismi sərxoş edib oynatmaq iqtidarında olmuşlar. Sevgini, 

yəni bu dünyadakı cənnəti, şair-aşiq o dünyadakı cənnətlə əvəz etmək istəmir, ondan üstün tutur.  

Sevgisinə, sevgilisinə qarşı ciddi bir təhdid, təhlükə duyan aşiq bunu aradan qaldırmaq üçün hər 

şeyə hazırdır, Tanrıya yalvarır, Tanrıdan Tanrıya şikayət edir, Tanrıya qarşı poetik üsyan qaldırır. 



Qədərin cilvəsi müdhiş, güman yeri köndələndir 

Əlləri baş sığallayan, barmaqları göz dələndir. 

 

Qədər bumu – canan xəstə, sevgilisi şikəstədir?! 

Tanrım, hanı mərhəmətinə - bax, anam namaz üstədir. 

 

Tanrıya ağıl qoymuram, amma, vallah, olmaz bu cür... 

Ya hər ikimizi güldür, ya bizi birlikdə öldür! 

 

Bədən və ruh arasında münasibəti müxtəlif dinlər (və müxtəlif filosoflar) fərqli və özünəməxsus 



şəkildə izah və şərh etmişlər, eşqdə isə bu münasibətə heç bir məhdudiyyət qoyulmur - dini 

ehkamlar unudulur, bədən və ruh bir-biri ilə bəhsə girir, bir-birinə həmdəm olur, bir-birinə qovuşur. 

 

Sevgi dindən daha qədimdir. Sevgi təbiətdən daha davamlıdır. Ulduzlar yanıb-sönür, məhv olur, 



çaylar, dənizlər quruyur, kainat çox köklü dəyişmələrə məruz qalır, lakin sevgi bəşəriyyəti, 

bəşəriyyət isə sevgini vücuda gətirir və yaşadır. 



Günəşin də öz ömrü var 

Bir gün o da bitəcək. 

Başqa bir günəş gələcək 

Hər dərdə o yetəcək. 

Yenə otlar göyərəcək 

Açılacaq gül-çiçək 

Bülbül yenə gül eşqiylə ötəcək; 

Bir oğlanla bir qız yenə 

Çiçəklərin arasında itəcək... 

 

Səmimiliyin cazibəsi 

 



Sevgi poeziyası şairin istedad və qüdrətini göstərən əsas ölçülərdən biridir. Insani duyğuların ilahi 

duyğularla birləşdiyi zirvədə yer alır əsl sevgi şeirləri. Şairin səmimi-qəlbdən gələn şeirləri içində 

sevgiyə həsr olunanlar başda durur. 

Şair dövrün ideologiyasını vəsf edən şeirlərini, qismən də patriotik hissləri nümayiş etdirən poetik 

əsərlərini, təbii ki, birbaşa dinləyici, oxucu və... “böyüklər” üçün yazır, sanki sifariş qəbul etmiş 

kimi çalışır (sifariş olmasa da), sanki vəzifə borcunu yerinə yetirir. Burada bir özünü göstərmə, 

diqqət cəlb etmə ünsürü də var, “mən də ideoloji cəbhənin nümunəvi əskəriyəm və ya mən də 

patriotam”. Bəzən ürəkdən yazılsa da, bir sıra hallarda bu şeirlərin səmimiliyi şübhə doğurur, oxucu 

və dinləyicini cəlb etmək üçün lazım gələn duyğu və həyəcan daha çox pafos, səslənmə (bəzən səs-

küy və ya gurultu), təmtəraq və təntənə üzərində qurulur. 

Təbiət gözəlliklərinə və ya həyat-ölüm məsələlərinə həsr olunmuş şeirlərdə şair səslənmə və 

təntənəni sanki bir qədər azaldır, onları heyranlıqdan və mütəəssir olmaqdan doğan insani hisslərlə 

əvəz edir, bu isə şeirin səmimiyyətini, mehribanlığını və lirik ruhunu artırır.  

Sevgi hiss, həyəcanı bakirədir, şairin öz içində doğulur və orda da yaşayır, sevgili obrazından başqa 

heç bir xarici təsirə məruz qalmır. Bu təbii, insani, xəyal dolu və bir qədər də ilahi duyğular özünü 

oxucuya göstərmək, bəyəndirmək üçün yaranmayıb, onları ağlın və hesabın gözü yönəltmir, onların 

təbliğə ehtiyacı yoxdur. Sevgi şeirləri “mən də sevirəm” fikrini xalqa və ya hökumətə bəyan etmək 

üçün yazılmayıb, onlar sevginin və sevgidən od alan duyğuların ifadəsidir, buna görə də safdır, 

ürəkdən gəlir. 

Məhəbbətə həyat verən saf nəfəsdir 

Ən  ulu səs qəlbimizdən qopan səsdir 

O, nə xülya, nə ötəri bir həvəsdir 

O, könüldən könüllərə hopan səsdir, 

Odur qüdrət, odur şəfqət, 

Odur ruhun, xəyalların sərkərdəsi, 

Haqqın səsi, eşqin səsi, qəlbin səsi. 

Dünya ədəbiyyatı korifeylərinin, böyük şairlərin ən yaxşı, ən möhtə şəm əsərləri sevgiyə həsr 

olunub və ya orada sevgi motivləri mühüm rol oynayır. Korifeylər cərgəsinə düşməmiş istedadlı 

şairlər də məhz sevgi şeirləri ilə tanınıb seviliblər. Hətta xüsusi istedad sahibi olmayan bəzi şairlər 

də bir neçə gözəl sevgi şeiri yazmağa müyəssər olublar; bu, görünür ki, şairin içindəki həyəcan və 

ehtirasın müəyyən məqamda şahə qalxmasından, saflıq, təbiilik və səmimiliyin cazibəsindən doğur. 

 

Eşqin tərənnümü bitmir ki, bitmir 

Sevgi haqqında şairlər, yazıçılar, filosoflar, psixoloqlar, psixiatrlar, sosioloqlar, antropoloqlar, 

teoloqlar, həkimlər, tarixçilər, arxeoloqlar... yazmışlar. 

Şairin bir sevgi şeiri, bir misrası filosofun sevgi mövzusunda yazdığı bir elmi əsərin, bir kitabın 

əsasında dayana bilər. Şairin eşq dolu misraları sevilir, əzbərlənir, sevgililərin dilində gəzir, 

filosofun əsəri yalnız bəzi sonrakı filosoflara lazım gələ bilir, sevənlərdən isə uzaq qalır. 




Tədqiqatçılar, filosof və digər mütəfəkkirlər sevgi haqqında yazır, təhlilər aparır, fərziyyə və 

nəzəriyyələr qururlar. Şairlər isə şeirlərində sevginin özünü yaşayır, sevginin özünü danışdırırlar. 



Dünya nemətləri bizə tanışdır 

Sən eşqə qanad ver, ruhu danışdır. 

Şair sevgi aləmini, sevgiyə xas olan həyəcanı mübaliğə, gözəl bənzətmələr və fonetik zənginliklər 

vasitəsilə içdən ifadə edir, oxucunun qəlbini oxuyur və ehtizaza gətirir. Sevgi şeirləri sanki 

sevənlərin ürəyindən keçənləri göstərən bir aynadır, bu aynada gözəllik, sevinc, nəşə, kədər və göz 

yaşları görünür... 

Bir sevgi və çarəsizlik duyğusu 

Mənə həyatı anlatdı, 

Həyatın çox imiş üzü , 

Qarası ağına tən, 

Gecələrlə ekiz imiş gündüzü; 

Qəlbimə hakim kəsilən 

Gah sevinc, gah intizar, gah fəryaddı – 

Bu da bir həyatdı... 

Sevgi poeziyası sevginin ən incə, ən lətif, ən qızğın və şiddətli tərəflərini, eşqin hər üzünü nümayiş 

etdirir, burada qadağan olunmuş üsul və mövzu yoxdur. 

 

Sevgi duyğuları şeirə dönür, eşqə həsr olunmuş şeir sevgi duyğusu yaradır. Poeziya ruhun göylərə 



ucaldığı müstəsna halları sözlə ifadə edən ahəngdar bir hünərdir, sevgi də ruhun təntənəsidir - sevgi 

və poeziyanın birliyi məhz bu ruh yaxınlığında, ruh qohumluğundadır. 



Sevdi, ya sevmədi yar - 

Şerə dönür duyğular. 

Eşqin tək özündə yox 

Sözündə də nəşə var. 

Sevgi mövzusunda yaradılan əsərlərin çox böyük əksəriyyəti kişilərə məxsusdur; sevimli qadının 

vəsfi, onun ilahi gözəlliyi, şıltaqlığı, sadiqliyi və ya vəfasızlığı, aşiqə verdiyi sevinc və əzab 

ədəbiyyatda, xüsusilə poeziyada mərkəzi yer tutur. Əlbəttə, sevgi dolu kişilər, onların eşq fəlsəfəsi, 

qadınlarla sevgi macəraları da özünün rəngarəng təsvirini tapır. Sevgi kişi və qadını bir-birinə 

bağlayan tellərdir. Hərçənd ki, eşqin qurbanları içində qadınlar kişilərlə müqayisədə, yəqin ki, qatqat 

çoxdur. 

 

Şair öz qəlbinin döyüntüsü, həzin musiqisi altında şeir yazır, sanki bütün sevənlərin sevincinə şərik 



olur, göz yaşlarını silir, pıçıltıılarını və hıçqırıq səsini misralara köçürür, sevgi həsrətində olan və ya 

sevgi qanadlarında uçan qəlbləri oxşayır. 

Sevgi şeirləri şairin xasiyyət və xarakterini də güzgü kimi özündə əks etdirir. Gözəli vəsf etməklə 

yanaşı şair, bəzən özü də fərqinə varmadan, öz tələb və iddialarını da bəyan edir. Bir sıra şeirlər 

şairin sevgilisindən qat-qat çox özünü sevdiyini, hətta özünə vurğunluğunu nümayiş etdirir. Belə 



şair öz sevgi lirikasında əsasən sevgilisini qınamaqla məşğuldur. “Üzü dönük” sevgilisinin və ya 

ayrıldığı həyat yoldaşının ömrü boyu ona pərəstiş etməsini gözləyirmiş şair, bütün günahları məhz 

bu pərəstişin zəifləməsində, yoxa çıxmasında görür şair. Poeziya sevgiyə xas olan ilahiliyi, incəliyi, 

hiss, həyəcan və ehtirası ifadə və tərənnüm edən ən güclü yaradıcı sənətdir. Şair eşqin və xəyalın 

qanadlarında uçur. 

Deyirlər ki bülbül gül eşqındədir 

Həyatı eşq dolu nəğməsindədir 

Bunu kim kəşf edib, ya kim uydurub? 

- Şairlər tayfası öz işindədir! 

Əsl poetik tapıntı şairin içində yaşayan duyğulardan ani od alıb sayrışan bəzəkli, ahəngdar fikir 

qəlpələridir. Şeirin binası qəlbi eşq dolu usta tərəfindən bu hissəciklərdən hörülür. Sevgi də belədir – 

məlahət və gözəllikdən doğan və ruhu canlandıran bir qığılcım, parıltı, şimşək və ondan qurulan 

birlik, işıqlı bir mülk. 

Bəxtim gülür ara-sıra 

Bir sevda qonur başıma, 

Bir fikir, bir neçə misra 

Hakim olur yaddaşıma. 

 

*** 

Söz ilmədir, şeir naxış 

Ustasına min-min alqış; 

Eşq dolu zərif düşüncə 

Dünyaya gendən bir baxış - 

Şeirin ruhu budur məncə. 

Söz sənətinin zirvəsində insan sevgisinin, insan ehtirasının poetik təsviri dayanır. Poeziya insanların 

bilincaltında yatan hissləri oyatmaq iqtidarındadır, sevənlərə öz hisslərini oxumaq imkanı verir. 

Həyat dramının, insan ehtirasının nəqlində, səslənməsində poeziyanın (və musiqinin) əvəzi yoxdur. 

 

Poeziya özü də, musiqi ilə bərabər, bir ehtirasdır və o, təbii olaraq, sevginin, ehtirasın zərif təsviri və 



tərənnümü üçün ən uyğun və ən gözəl vasitədir. Sevgi poeziyası lirikanın canıdır, lirikanın ali 

riyaziyyatıdır. 

Öz növbəsində sevgidir poeziyanın yaradıcısı, sevən qəlbin musiqisidir poeziya. 

Hər sevgi bir dünyadır, sevgilər dünyası sonsuz və nəhayətsizdir. 

Poeziyanın təqribən beş min illik tarixindən xəbərimiz var; dünyanın ölüb getmiş və yaşayan çox 

dillərində çox saylı gözəl sevgi şeirləri, məhəbbət dastanları yazılmışdır. Bəşəriyyətin hər növ zehni, 

ruhi və fiziki fəaliyyətinin tarixi olduğu kimi eşqin də tarixi var və bu tarixin əsas yazılı qaynaqları 

bütün dövrlərin şair və yazıçılarının əsərlərindən ibarətdir. Lakin sevginin insanlara bəxş etdiyi 

hisslərin yalnız çox cüzi hissəsi öz poetik təsvirini tapa bilib. Sevginin nə olduğunu dərk etməyə 

çalışan, sevgi duyğularını qələmə alan, sevginin rəsmini yaradan və ahəngini duyan istedadlı 

insanlar tarixdə çox olub, bu gün də var. Nəhayə tsiz sevgi dünyasının dərin guşələrində yaşayan 



fövqəladə gözəllik ona valeh olan, onu təsvir etmək istəyən insan övladına meydan oxumaqda 

davam edir. 



Ürəyə düşən iz itmir ki, itmir 

Eşqin tərənnümü bitmir ki, bitmir 

Bəstəkar ya şair, alim ya rəssam 

Ömür həsr etsə də, yetmir ki, yetmir. 

Bəşəriyyət var olduqca, sevgi də, poeziya da var olacaq... 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə