Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 0,59 Mb.
səhifə4/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18792
1   2   3   4   5   6   7

“Hazırda Güney Azərbaycanda “dirəniş ədəbiyyatı” inkişafdadır”, - deyən Məlihə xanım hesab edir ki, Güney Azərbaycanın şair və yazarlarının mövzuları məfhum və anlayış baxımından daha geniş və dərindir. Maraqlı qiyaslama aparan istedadlı xanım yazar sanki həyatın tam mərkəz nöqtəsində bardaş quraraq əyləşmiş və gerçəklikləri, baş verənləri səbrlə, ayıq nəzərlərlə müşahidə edir: “Quzey Azərbaycanda şair xoşbəxtliyi kartof qızartmasının qoxusunda görürsə, güney şairinin xoşbəxtliyi azadlıq duyğuları ilə yaşamaqda, bu uğurda qalxışmış üsyandadır”. Neyləyəsən ki, bu, bir həqiqət, acı gerçəkdir... İxtiyarsız olaraq istedadlı şairimiz Əli Kərimin “İki sevgi” şeirindəki müqayisə özünü yardıma yetirir:

Gözəl qız, sən saf susan, bir könül atzususan.

Mən ki, səni sevirəm,

Susuzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi,

O isə səni sevir, kabab üstdən sərin su

pis olmaz, deyən kimi... (17.s.157)

Vətəndaş qeyrətli şairimiz Hadi Qaraçayın Kult.az saytında Rafət Pirisoy adlı ədəbiyyat və ədəbi dartışma “həvəslisi”nə doğru (həm də konkret və sərt) cavabını olduğu kimi verməyi “Hazırda Güney Azərbaycanda “dirəniş ədəbiyyatı” inkişafdadır” fikrinin ən uyğun açıqlaması hesab edirəm: “Güney Azərbaycanda azərbaycanlılar (daha doğrusu, güneyli-quzeyli-E.F.Ş) bir çoxlarının görmədiyi, ya görmək istəmədiyi bir döyüş içindədilər və bu döyüşün ön sıralarında gedənlərin bir çoxu elə günü bu gün İran İslam Respublikası-nın zindanlarında yatır. Azərbaycanlılar qoyun quzu deyil, küyləyib meydanlara çıxarsınlar. Biz onsuz da meydandayıq.” Onlar həqiqətən bu gün həm döyüş, həm də sənət meydanında ardıcıl surətdə, fəal mübarizə aparırlar...

Belinski yazırdı ki, “Lirikada şairin şəxsiyyəti birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq. Lirik poeziya (epik poeziya-nın ziddinə olaraq) əsasən subyektiv daxili poeziyadır, şairin öz-özünü ifadə etməsidir.” Hadi Qaraçay da şeirlərində özünü, mənsub olduğu xalqın iç dünyasını-düşüncələrini ifadə edir:

Muğan buğdasına yerikləyən torpağın yazı

Ərdəbil xalçasına yenmiş ormanın güzü

Savalanın südəmər döşü mən!

Çala çalımlı, Beli qılınclı

Süd qoxulu doğunun

Yopu yumru qoçuyam mən

Anam şaman olub, Atam ozan

Çay dənizdən, Ağac bağdan

Daş dağdan danışıb, Mən səndən

Göyçə gölünün çiçəyi gözün

İsıq gölünün ördəyinə çəkər boynun...(18)

“Mən, biz, bütün dünya bir adamın sinəsində çarpazlaşır və bəşəriyyətin səadəti naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək kimi vurur.” - deyən Məmməd Arif sanki bütün dünyanın “Anam şaman olub, Atam ozan” yanıtını verən Hadi Qaraçayın bu şeirinə daşındığını müşahidə edə bilib və bir ürək kimi döyüntülərini duyubmuş... Yazda Muğan çöllərinin dizə qalxan buğda zəmisi, meşələrin, ormanların payızının qızılı-sarı rənglərini özündə yansıdan Ərdəbil xalçası, Savalan öz “Yopu-yumru qoçuna” - Hadiyə - “Həqqə, imana münadi” bala-sına süd verən ana, anası şaman, atası ozan olan bu yopu-yumru qoç balanın sevdiyinin gözləri Göyçə gölünün çiçəyinə, boynu İsıq gölünün ördəyinin boynuna çəkir. Çay dənizdən ağac bağdan, daş dağdan, o isə çiçək gözlü, ördək boyunlu sevgilisindən danışır. Sevgi dolu bir dünyanın uğurlu tablosu belə yaranır modernist şeir dediyimiz poeziya nümunəsində və bu, əsl poeziyadır!..

Əli Məhəmməd Bəyani isə “Ana” şeirində ənənəvi mövzuya müraciət edir. Şairlərimizin əksəriyyətinin əski çağlardan bəri şərəfinə maraqlı əsərlər həsr etdikləri müqəddəs varlığa-Anaya ali hisslərini yansıdan şair tamamilə yeni bir təşbeh işlədir və bütün ailələrin dayağı, ev-eşiyinin qoruyucusu, övladlarının yolunda ömrünü şam tək əridən, odda yandıran pərvanə kimi təqdim olunan Ananı Ata ocağının odununa, ev-eşiyin istilik, sıcaqlıq qaynağı-na bənzədir:

Erler istediler Xanımanlarını,

Éşiden yérinden duranda gétdi,

Atanın merizlik Halına göre,

Güneşde gelenler, boranda gétdi,

Hamı gétdi, évde Bir ana ġaldı,

Bir de döşek üste, meriz bir kişi,

Ata ocağında Ana odundur,

Géceler, gündüzler, yanmaġdır işi.

Görmeyib héç kimse Ana tek odun,

Ne gurcanaq eder, ne tütün salar.

Odlanıb astadan Küle dönse de,

Yéne de hamının, qadasın alar.(19)

Bu, kişinin həyatında və məişətində önəmli yeri olan müqəddəs varlığa-qadına və Anaya yeni yanaşmadır və ənənəvi obrazın yeni təqdimat üsulu kimi maraq doğurur…

“Avangard şeir” tərəfdarı, modernist şair Sayman Aruz: “Ana! Səndə itirmişəm sevdiyim qadını!” dedikdə isə daha bir yanaşmanı gündəmə gətirir: Adətən oğlan övladı anasına bənzər qız axtarır, sevmək, ömür-gün yoldaşı seçmək üçün, qız isə əksinə, atasına, yaxud da qardaşına bənzəyən oğlanı sevməyi və həyatını məhz beləsi ilə bağlamağı düşünür.

Çağdaş Güney şairlərinin əsərlərində təbiət hadisələri dərin ictimai məzmun kəsb edir. Ana təbiət və qaçılmaz təbiət hadisələri onlar üçün bir məqsəd deyil, bədii əsərdə fikirlərini sərrast, konkret olaraq ifadə etmək üçün ən uyğun orijinal vasitədir. Onların yaratdığı bədii tablolar, güclü ruh oxucunu xəyalın əsrarəngiz qanadlarında hadisələrin təsvir olunduğu zamana, dövrə qaytarır.



Yavaş-yavaş modernləşirəm,
Masa arxasında yemək yeyirəm,
Qalstuk bağlayıram,
Rep musiqisinə qulaq asıram,
İnternetdə sevdiyim şairləri izləyirəm.
Yavaş-yavaş Özümdən çıxıram,
Tısbağa balası yumurtadan çıxan kimi. 
Yenidən doğulmaq
Komik də olmuş olsa,
Çox gözəl və həyəcanlı bir şeydir!(9.s.)

Rəsul Yunanın misraları arasında çox incə bir yumor duyulan bu şeiri çağdaş dövrdə modernləşmə prosesinin zahirən insanı hansı dəyişikliklərə məruz qorduğunu açıq şəkildə yansıdır. Yerdə bardaş qurub əyləşərək deyil, masa arxasında yemək yemək, qalstuk bağla-maq, rep, caz musiqisinə qulaq asmaq, internetdə sevdiyi şairlərin yaradıcılığını izləmək müasirləşməkdir. Şair bu fikri incə bir yumorla:Özümdən çıxıram, Tısbağa balası yumur-tadan çıxan kimi”, - sətirlərində ifadə edir, lakin nə şəkildə olmasından asılı olmayaraq, istər komik, istər ciddi, yeniləşməyi, yenidən doğulmağı çox gözəl və həyəcanlı bir şey kimi dəyərləndirir. Siyamək Hüseynəlizadə Ərgin daha kəskin yanaşır zahiri modernləşməyə və Rəsul Yunanda müşahidə olunan incə yumor onun şeirində kinayəyə, acı gülüşə çevrilir:



Əylən, gözəl əylənirsən,

qəmsiz, qayğısız,

Ağzında da yadların saqqızı.

çeynədikcə də daha modern görsənirsən.

Özümü bu fikri söyləməkdən də tuta bilmirəm ki, “Poeziya nədir?” sualına cavab axtaran Jak Derrida sanki Güney şairlərinin şeirlərini oxuduqdan sonra məhz bu qənaətə gələrək demişdir: “Şeir yaralayır və yaranın üstünə məlhəm kimi sarılır.”



Əsərlərini hər hansı bir vəzndə, sərbəst, heca və ya əruzda yazmalarına baxmayaraq, bu gün Güney şairlərinin hər biri qollarındakı istibdad zəncirindən, fars şovinizminin caynaqlarından qurtulmaq uğrunda fəal mübarizə aparır. Axı, onlar da hər bir bəşər övladı kimi anadan hürr-azad doğulublar, lakin sonradan azadlıqları, dilləri, hüquqları əllərindən alına-raq qollarına əsarət zənciri vurulub. Bu zənciri qırmaq uğrunda çabalar göstərən mübarizlə-rin sırasında çağdaş Güney ədəbiyyatının təmsilçiləri –Hadı Qaraçay, Hümmət Şahbazi, Əziz Səlami, Rəsul Yunan, İsmayıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiyav, Nadir İlahi, Huşəng Cəfəri, Seyid Heydər Bayat, Nadir Əzhəri, Bəhruz Sədiq, Dr.Hüseyn Suleymanoğlu, Məsud İslamı, Səid Muğanlı, qəzəl şairi Baraz, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Həsənpur, Ramin Cahangirzadə, Rza Ehsani, Elşən Böyükvənd, Əli Daşqın, Ədalət Duman, Maral Təbrizli, Əfsanə Sulduzlu, Rüqəyyə və Həsən Səfərilər, Elvar Qulivənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan, Murtuza Səlmani, Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu, Məhəmməd Azərşin, Lalə Cavanşir, Ziba Kərbasi, Alma Muğanlı, Vahid Tələt, Solmaz Məhəmməd Rzayi, Qadir Cəfəri, Ayman Quluzadə, Behruz Sədiq, Bəxtiyar Muğanoğlu, Ərgin və b. da özünəməxsus yeri var. Gənc nəsli təmsil edən yazarlar Güney ədəbiyyatında Şəhriyar, Sahir, Həmid Nitqi və Əlirza Nabdil Oxtayın əsrlərin sınağından çıxaraq dövrümüzədək yaşarılığını qoruyub saxlamış möhtəşəm poeziya aləmində açdığı yolla gedərək Güney şeirini forma və məzmunca yeniləşdirmək, çağdaşlaşdırmaq-modernləşdirmək istəyi ilə yazıb-yaradır, bu istiqamətdə inamlı addımlar atırlar. Həqiqətən də, bu gün Güney Azərbaycan ədəbiyyatında klassik ədəbi düşüncədən, ənənəvi şeir formalarından qopma və Qərb-Avropa estetikasına, modernist şeirin tələblərinə uyma, modernizmə və postmodernizmə can atma, qovuşma meyli özünü qabarıq şəkildə göstərir. Modernizm və postmodernizmin kurallarına görə, yeni elementlərin, elmin, texnikanın inkişafı nəticəsində dildə yaranan yeni sözlərin şeirə gətirilməsi, həmin sözlərin vasitəsilə uğurlu poetik fiqurların qurulmasıdır. İsmet Özelin qənaətincə, “Modern şiiri ‘modern’ yapan öğe, şairin dünyaya gösterdiği organik tepkidir, dünya şeirinden örnək alaraq insan duygularındaki karmaşıklığı bütün yönleriyle yansıta bilmektedir. Bugünkü şiir adetâ gerçeğin, yaşantının dili konumundadır (20).”

Bu gün Çağdaş Güney ədəbiyyatında modernist şair kimi tanınan Səid Muğanlının sevgiliyə müasirlik düşüncəsindən, yeni təfəkkür prizmasından yanaşması da diqqət çəkir. Hər baxdığında “Alagöz” mahnısını xatırladığı, qadınlığını tarıxın ikinci yarısı kimi qiymətləndirdiyi sevgilinin masmavi gözlərini ölüm ensiklopediyasına bənzədir və bu gözlərin sahibi onu ölümün əlindən alaraq həyata dönüşdürən qeyri-adi bir qüvvədir. Maraqlıdır ki, “gözləri hər baxışında onu terrorist tək “öldürən” sevgilinin qucağında lirik “mən” hər bir təhlükədən uzaq, əmniyyətdədir. Amma bir nüans da var ki, üstündən keçmək olmur: Gözlərdə, baxışlarda gerçək həyat və bu həyatda insanı gözləyən təhlükələr, sevincli, fərəhli hadisələr, sevgi, hətta “Alagöz” mahnısının doğurduğu həsrət, özləm də təzahür edir, əksi olunur. Gözləri ölüm ensiklopediyası olan sevgilinin qucağında əmniyyətdə olsa da, bir an sonra onu hansı ölüm formasının gözlədiyini bilmir və aşiq həm eşqin xumarlığında, həm də ölüm təhlükəsinin bir addımlığındadır. Gənc şair Sayman Aruz da şeirə bu baxış bucağından yanaşaraq yazır: “Şair sevgilinin qucağında olarkən terror və təhlükəni düşünür. Sevgilinin gözləri ictimaiyyətin acı həqiqətlərinin güzgüsünə çevrilərək şairə, qorxu və təhlükə mesajı göndərir (48.s.3-4.) Müasir dövrün ədəbiyyatımıza bəxş etdiyi istilahlardan olan “terrorist” sözünü əmniyyətlə qarşılaşdıran modernist şair yeni bədii təsvir vasitəsi-antonim yaratmışdır:



Üşüyürəm, məni bağrına bas,
Lənət olsun o mavi gözlərinə!
Sən ölümlə yaşamın dönüş nöqtəsisən:
Qucağın əmniyyətdir, 
gözün - terrorist!”(22)

Əsərlərini yeni formada-sərbəst, yəni azad-modern şeir şəklində yazan Ərgininin poetik düşüncələrinə də müasirliyin-çağdaşlığın sirayət etdiyi apaydın yansıyır... Eynilə “Suçsuz” şeirində olduğu kimi:



Ağ vicdanları qarala,

Arı ürəkləri ləkələ,

Sağlam düşüncələri zədələ.

Səndə suç yox.

İnsanlar malik olmadıqlarına

düşmən olarlar...

Fikrin ifadəsi konkret və birbaşa... Mətləb məlum, məqsəd aydın... Yeni şeirin qısa, lakonik şəkli, fikrin bədiiliyin ecazkar tülünə bürünməyən sadə sözlərlə lakonik ifadəsi... Ənənəvi məzmunun yeni şeir formasında təqdimi: Oxucu ani olaraq, yəni, heç bir çətinlik çəkmədən müdrik bir atalar sözünü xatırlayır: “Pişiyin ağzı ətə çatmayanda deyər ki, iy verir.”

Poeziyanın əsas obyekti insandır, onun fikri, düşüncəsi, hiss və duyğuları, bir sözlə, əhatə olunduğu mühit və daxili dünyasıdır... Güney yazarlarının da şeirlərinin mayasında şair və onun daxili dünyası durur. Qeyd etdiyimiz kimi, onların əsərlərində aparıcı xətt-Güney Azərbaycan xalqının keşməkeşli taleyi, bu taleyin üzərindən qara yellər əsdirən şər qüvvələrə qarşı etiraz, qədərə üsyan və mövcud vəziyyətdən-xalqını və ana dilini köləlikdən qurtuluşa doğru aparan yeganə yola - mənəvi birliyə çağırışdır... Ərgin üzləşdikləri real duruma öz etiraz və üsyan duyğularını “Ulus var” şeirində orijinal müqayisələrə bükür. Lakin bu bükülmənin şərti olduğu ilk baxışdanca duyulur və ixtiyarsız olaraq şüurlarda hələlik susmuş, əslində isə hər an aktivləşə biləcək vulkan təsəvvürü yaradır:

Ulus var, yalnız gülər.

Ulus var, yalnız ağlar.

Ulus da var,

Bəzən gülər, bəzən ağlar.

Bizim gülüşümüz dodağımızda quruyub,

Göz yaşlarımız boğazımızda düyünlənib...

Bircə şeirdə bütöv bir yurdun, dili, tarixi əlindən alınmış əsir bir xalqın taleyini yazmaq, obrazlı, həm də bu dərəcədə konkretliklə ifadə etmək, təbii ki, şairlik istedadının bəlirtiləridi... Bu, şairin öz elinin dərdi ilə yaşaması, bu dərdləri içində daşıması, fəryadının boğazında düyünlənməsi, harayının dişləri arasında boğulmasıdı. Bu məqamda Ələkbər Dehxudanın “Cəmiyyəti formalaşdıran ən əhəmiyyətli amil dil, qələm, iş və düşüncə azadlığıdır” fikri düşünürəm ki, tamamilə yerinə düşür... Eləcə də Viktor Hüqonun “Eşq uğrunda həyatımı verərəm, hürriyyət-azadlıq uğrunda isə eşqimi də fəda edərəm” fikri... Çünki insanın qəlbində eşq doğulanda onun ölüm qorxusu o andaca qeybə çəkilir. Eşq, həqiqi aşiqlik gözünü qırpmadan ölümün üzərinə atılmaqdır əslində... Güney şairləri üçün fərqi yoxdu, sərbəst vəzndə yazsın, yaxud hecada, əsərlərindən, bax beləcə, öləsiyə məhəb-bət, eşq sıçrayıb şahə qalxır, göylərə yüksəlir, o sürət və emosiya ilə də oxucunun qəlbinə, oradansa düz beyninə millənir... Və bu eşqin hədəfi sevgili deyil, Ana Vətəndir. Sevgiliyə olan eşq böyüyərək Yurdlaşır, Vətənləşir, Azərbaycanlaşır... Səid Muğanlı üçün də sevmək ölmək, sadəcə dünyaya vida etmək deyil, sevmək intihar, həm də bir inqilab deməkdir… İnqilabsa Vətən övladlarının Ana yurdun azadlığı, buxovlardan qurtulması uğruna atıldığı ölüm-dirim savaşı, mücadiləsidir və bu mücadilə naminə zindanlara atılmaqdır:



Sevmək bir intihardır,

Qar çiçəyi günəşə baxıb öldü.

Sevmək bir ittihamdır,

Sevmək,

təkcə Sevmək deyil ki!

Sənin, mənim, onun arasında,

Sevmək, bir inqilabdır.

mən sevirəm,

Və… zindandayam...(3)

Bu gün Güney Azərbaycanda modern şeirin inkişafını sürətləndirən bir çox şairlər kimi, S.Muğanlı da əmindir ki, “Babək ölübdürsə də hələ Təbriz ölməyib, O gözlərilə dövüşür” və bu haqq işi uğrunda mübarizə hələ də bitməyib... Bəli, onlar üçün sevmək azadlıq, istiqlaldır, ana dilində-doğma türkcədə yazıb-yaratmaq, bu dildə təhsil almaqdır. Onlar üçün sevmək, bu azadlığın yolunda zindanları belə gözə almaqdır, Vətənin azad deyilsə, buxovlarda olan bir Vətənin övladı da azad deyil istilahıdır!.. Təbii, həqiqətən çətindi, doğma Vətənin qoynunda dili, arzuları bağlı yaşamaq, Səhəndin təbirincə desək, “keçmişindən, gələcəyindən söz açması, dədə-babasından ad alması” yasaqlanmış bir rejimdə ömür sürmək... Güneyli yazarlar bu yasaqlara son qoymaq uğruna çabalar göstərir, bu amacla qələmə sarılır, söz və əməl cəbhəsində savaşa atılırlar. İstedadlı şair Məlihə Əzizpur insanı varından yox edən bir şeirində bu çox çətin və ağır savaşın labüdlüyünü bədii poetik sözün gücü ilə çatdırır oxucusuna... Bu şeiri oxuyarkən insanın ruhu, damarla-rındakı qanı donur:



Köynəyinin yaxasını aç, köksünü görüm,

Offfff!

Burada ki, dost izi var,
-Necə də mehriban əlləri varmış-


pambıqla kəsib döşlərini.
Heç inciməyib, gözlərindən bəllidi.
Qoy kürəyinə də baxım.
Yaralarına toxunmaram, qadan alım,
Yalnız söylə,


Bu, qamçı-qamçı qan yollarının sonunu
Kimdən xəbər alım mən?
Olursa yaşmağını da aç,


Gülümsəməni görüm lütfən.
Ağlamaram, söz vermişəm Türk kimi--
Amma, Yaylığını götürmə kəsin,
Götürmə yaylığını.
Sənə gələrkən gördüm:


Saçlarından çatı hörmüşdülər dar ağaclarına.
Dur yola sal məni,


Saçlarını geri almağa gedirəm
Naməhrəm əllərdən.


Dua et mənə, Maralım, Yaralım.
Bayraq edək bu dərdimizi birliyə, bütövlüyə,


azadlıq zirvəsinə ucalaq!

Qalxaq ayağa,

ey Bütöv Azərbaycan!(23.s.31)

Üzdə dost görünən saxta mehribançılıq oyunu oynayan düşmənin nə mehriban əlləri də varmış ki, pambıqla kəsib döşlərini... Ölümə məhkum etdiyi günahsız bir elin mərd oğul və qızlarını asmaq üçün gərək olan “dar ağaclarına çatı hördüyü sevgilinin-Vətənin saçlarını naməhrəm əllərdən geri almağa, qamçı-qamçı açılan qan yollarının sonunu bulmağa-azadlıq zirvəsinə-Bütövləşməyə aparan yol uzun və çətin, maneələrlə dolu ağır bir yoldu, savaş da ağır savaşdı, ancaq bu savaş labüddü...



Azərbaycan
yağışların mahnısına
 
cumculuq islanıb
 duyğularımın obası altında 
adını çobanların tütəklərinin
isti səsi tək könlümün vərnisinə toxuyuram.
 
gözlərimdən lam-lam adının Arazı axıb.
dodaqlarımdan yamyaşıl Muğan tək göyərirsən.
dişlərimin zirvəsindən
 dəniz papaqlı Savalan tək ucalıb 
dilimin pinarından
 türk-türk axıb

qanımda dalğalanırsan,
Az
Ər
Bay
Canım...(24)

Ruhunun içindən qoparaq ağ vərəqlərə süzülən bu misralarsa Güney Azərbaycanın Səkinə Purhəsən adlı bir şairi üçün hansı anlamı daşıdığını ortaya qoyur. Azərbaycana həsr olunmuş iki şeir, iki poetik yanaşma... Hər iki yanaşma, münasibət son dərəcə maraqlı, düşündürücüdü... Məlihə xanımın Ulu yurdu xilas etməyə, onu əsarətdən qurtarmağa açıq-aydın, həm də çox kəskin çağırışı, Səkinə xanımınsa tarixi yurdumuzu sevməyə, “gözlərindən Arazı lam-lam axan adını” ürəyimizin şah damarından axan qanımıza qoşmağa, ruhumuzun tən ortasında oturtmağa sakit-sakit, həzin-həzin səslənişi insanı içdən riqqətləndirir. Amma bu şeirdə bir məqam da nəzərdən qaçmır. Şeirin sonunda o, Azərbaycan sözünü hecalara bölərək oxucunun diqqətini Vətən oğullarının bu gün də Ər-ərən-Bay-bəylər olduğuna yönəldir...

Vətən məhz damarlarında axan qanda oluşan sevimli şairimiz Əziz Səlaminin də bu şeirlə bağlı düşüncələri Səkinənin böyük Vətən sevgisini tamamilə açıqlığa qovuşdurur: “Bu şeiri oxuyarkən, özgün bir şeir dünyasından baş alıb gələn, yeni bir poetik baxışla qarşılaşır insan. Ana yurdun yağışlarından islanan çox şairlər olmuşdur, amma yağışlarının mahnısına islanmağın tanığı oluruq burada və ölkəsinin sevimili dağını onun ağ dişlərindən baş qaldırıb ucalan görürük və bu dağın yanar başını dənizdən bir qapaq örtməkdədir. Bu yeniliyin qaynağı yeni bir bənzətmə və yaxud yeni bir şəkil deyil; bu, yeniliyi tam yeni poetik bir ruhda aramalıyıq. Bu şeirdən, yaşıl bir yamacda, üzərində çoban tütəyinin havalarının qaranquşları uçuşan doğma obalarımızın birindən keçər kimi olursan. Savalan, Araz və Muğan çölləri bir daha içimizə dolur; bu dəfə tam başqa boyalarla, başqa səslərlə. Bütün bunlar, bizim vətənimiz olaraq, göz yaşına, həsrətə boyanmış və vətən sevgisinə köklənmiş, şirin bir simfoni kimi ruhumuzu sarır. Bu şeir, böyük bəstəçi Smetananın doğma çayı ”Moldau“ üçün bəstələdiyi əsərinin kağız üstündə sözlərlə səslənməsidir. Həm də şairin öz ana yurdu Azərbaycan üçün (25).”

Əslində 1828-ci ildə imzalanmış bədnam “Türkmənçay sülh müahidənaməsi”ndən və əsasən, 1946-cı ildə 21 Azər hərəkatının qələbəsindən-Vətənin üfüqlərində doğan azadlıq günəşi qan dənizində boğulduqdan sonra, Güney Azərbaycanda yaşayan, öz milli haqq və hüquqları uğrunda ölüm-dirim savaşına qalxan Güney Azərbaycan yazarlarının günü-güzəranı belədi. Həmin bədnam tarixdən sonra xalqın da, bu xalqın yazarlarının da gününün, yaşamının, düşüncələrinin mərkəzində yalnız və yalnız azadlıq ideyalarının gerçəkləşməsi durub... Onların şeirlərinin baş hərfi, “əzəl mübtədası” məhz Vətən olub və bu gün də belədir. Əsərlərində, özəlliklə də şeirlərində, əsasən Milli kimliyə qayıdır və nisbi mutləq etirazdan söz açır, haray qoparırlar. Ancaq hələ ki, iniltiləri duyulub fəryadları eşidilməsə də, bu gerçəkləşmənin labüdlüyünə əmindirlər, eynilə İniltimə gülürsən, Gül! Unutma, ulu şəhərləri dağıdan qasırğalar, Bir kiçik əsintidən başlar”, - deyən Ərgin kimi... Bu Vətən mücahidi üçün də özgürlük həyatın, yaşamın mənasıdı... Düşünür ki, özgür olmayan insanın cilvəli, ehtişamlı yazı “yanar oda, közə dönər, içini, duyğularını qarsar, arzularını boğub kül edər, günü göy əskiyə bükülər. Baharın ilıq nəfəsinin, neyin ecazkar səsinin, bütün gözəlliklərin, sevilən bütün şeylərin heç bir dəyəri olmaz özgür olmayan insan üçün. Gənc şairin gözündə, hətta ananın nəvazişli baxışı, atanın məğrur səsi, körpə uşağın şipşirin gülümsəməsi belə əsərsizdir özgür olmadıqca... Azadlıqda olanların gözündəsə günəşin işığı, ayın aydınlığı ayrı aləmdir, “qoca gəmiçinin həzin-həzin söylədiyi türkü gözəldir”, bəlkə də ən sehrkar nəğmədi, toxucu qızın ilmələrdən yaratdığı naxışlar misli-bərabəri yoxdu, iki sevən könlün qovuşması gözəldi... Özgürlüyün yerini heç nə verə bilməz deyən Ərginin gəldiyi qənaət qətidir: - Özgürlük yalnız özü ilə-özgürlüklə qiyaslana, ölçülə bilər.



Henrix Heyne də belə düşünürdü, azadlığı cənnətə bərabər tuturdu. Dünya şöhrətli şair azadlığı heç bir sərhəd xətlərilə əhatələnməyən hüdudsuz, bütün qadağalardan uzaq, özünü tam sərbəst hiss edə biləcəyi qutsal bir yer sanır və bu xüsusdakı düşüncələrini fərqli poetik biçimdə ifadə edirdi:

Mənim cənnətim ancaq elə yerdir ki, orda

Azadlığım hüdudsuz, sərbəst olsun tamamən.

İçində bircə zərrə qadağan olan yeri

Cənnət deyil, cəhənnəm və zindan sayıram mən...(26.s.36).

Məlihə xanımın isə Güney Azərbaycandakı real vəziyyətin, gerçək mühitin diqtəsilə söylədikləri-bu acı həqiqət insanın ayaqlarını yerə mıxlayır və bu barədə ciddi düşünməyə səfərbər edir: “Qurtuluşun və azad bir millət olmanın bədəli vardır. Heç bir millət öz-özünə qurtulmur. Heç bir qurtuluş dirənişsiz olmur. Bizim gənclərimizin bu yolda çəkdikləri əzablar, zindanlar və gördükləri işgəncələr, bu qurtuluş yolunda ödənilən bədəldir. Bu da nəticəsiz qalmayacaqdır. Çünkü tarixdə doğruluq, haqq və ədalət yolunda gedən mubarizə-lər sonucda qurtuluşla nəticələnmişdir, ancaq qurtuluş düşüncəsini, qurtuluş duyğularını toplumun dünyagörüşündə əkən və oluşduran yazarlar, şairlər və aydınlar olmuşlar. İndiki mərhələdə milli qurtuluş, zaman keçdikcə türk toplumunun dünya görüşündə bir inanc şəkli almaqdadır. Bu inancı ayrıntıları ilə açıqlayan və etik və estetik tərəflərini izah edən, milli dilimizdə yazılan modern ədəbiyyatdır. Məhz bu acıdandır ki, Urmu gölü hadisələri, Urmu gölünün qurudulması və bu hadisəyə qarşı ucalmış xalqın güclü etiraz səsinə İran dövlətinin rəsmiləri tərəfindən yetərincə cavab verilməməsi, bölgədə gələcək ekoloji fəlakətlərin doğuluşunu şərtləndirən bu məsələnin həlli uğruna ciddi addımların atılmaması, tədbirlərin görülməməsi güneyli şairləri son iki-üç ildə ən çox düşündürən, narahat edən problemlərdəndir. Bu problemlər bu gün onların əsərlərinə köçən daimi mövzulara çevrilmişdir... Ülkər Ucqar, Türkan Urmulu, İsmayıl Ülkər və b. bu məsələyə daha həssas yanaşmaları ilə diqqəti cəlb edirlər. Ülkər Ucqar yazır:



İnansın, inanmasın?!
Sənin iki qurtumluq qumral gözünə necə inanım?


O  yekəlikdə mavilikdə
Urmu gölü ilğım imiş, əlimi atanda duza çıxdı!
Dalıram inanmıram, cumuram inanmıram,


Boğuluram, inanmıram.
Gəlməyəcək gəlinin bir yerlidir, torpağı yox!
O  torpağı yoxla, Bir gölləri var, suyu yox!
O suyu yoxla, gündə balıqlamağa çıxır, toru yox!
Toru yoxla, bu gün bir cüt qumral rəngdə
göy muncuğu düşüb, inansın, inanmasın?(8)

Güney şairləri Quzey Azərbaycanın bir sıra rayonlarının işğalçı Ermənistan dövləti tərəfindən ələ keçirilməsinə, xalqın düşmən əsarətində olan Qarabağ dərdinə laqeyd qalmır, bunu bütöv Azərbaycanın dərdi, problemi kimi qəbul edir və onun çözülməsi, ədalətin bərqərar olması uğrunda mübarizə aparırlar. Qarabağ problemini hətta “dərdli Təbrizin qanı qurumayan yarası (M.Əzizpur)” sayırlar.

Əli Daşqın, Ədalət Duman, Nurəli Qurbanzadə, Məlihə Əzizpur, Huşəng Cəfəri, Əlirza Miyanalı, Eldar Muğanlı, Həsən İldırım, Kiyan Xiyav, Türkan Urmulu, və digər şairlər bu dərdin ağırlığını ürəklərində və şeirlərində daşıyırlar. Nurəli Qurbanzadə bütöv Azərbaycanın Fars və Rusiya imperiyaları arasında bölünməsini bir ürəyi iki yerə paralayıb bölmək kimi mənalandıraraq bu ayrılığa imza atanları, xalqı yaman günə salanları, eyni zamanda Qarabağda XX əsrin yeni müharibə ocağı alovlandıranları lənətləyir. Şuşa, Laçın, Qubadlı, Kəlbəcərin və bütövlükdə Qarabağın işğalını, qaçqınlıq və didərginlik həyatına məhkum edilmiş böyük bir elin halına acıyır:

Güney-guzey Azərbaycan, bizi ayrı salan kimdir?

Qərib yerdə saldıq binə, biz də düşdüy yaman günə,

Alışmışıq sinə-sinə, qayğımıza qalan kimdir?

Yaltaq olub aramızda, çarasızdır, çaramızda,

Hey qan axır yaramızdan, köç təbili çalan kimdir?

Hələ qaçqın əsirlərin, şelləmişik qəm-kədərin,

Şuşa-Laçın-Kəlbəcərin, torpağını alan kimdir?(15.s.154)

Çağdaş könül şairimiz Əli Daşqın da bu ədalətsiz savaşda itirdiyimiz torpaqlara “Əsir torpaq-Qarabağ” adlı poema həsr etmiş və ürək qanı ilə qələmə aldığı əsərdə işğal olunmuş bütün rayonlarımızın - Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Xocalı, Ağdam, Xankəndi, Füzuli, Cəbrayıl, Zəngilanın dərdinə sanki ağı demiş, Vətəndə Vətənsiz qalan yurddaşlarımızın böyük dərdini poetik mənzərəsini cızaraq, həm də bədii sənədini yaratmışdir...



Gözəl Şuşa!

Dərələri tam sehirli

Zirvələri qoşa-qoşa

Kim qıyar ki, mən də qıyam

Yem olasan qurda-quşa?!...

Cabbarı yada salanda

Natavandan utanıram!

Üzeyirə üz tuturam

Xana, Seyidə baxıram,

Bülbül gəlir xatirimə

Düşürəm ölüm-dirimə

Əsir Şuşa! Qala Şuşa!

Ana Şuşa! Bala Şuşa!

Təslim etməz Türk elləri

öz qalasını bayquşa!..(27.s.4-5)

Şairin mənə ünvanladığı məktubundan bir parçanı verməklə həm söylədiklərimizə, həm də “Kəfənə bürünmüş poeziyanın (Vaqif Səmədoğlu)” tipik nümunəsi olan bu poema-səlnamənin yazılma nədəninə açıqlıq gətirmiş olarıq: “Bir gün Elmira Qafarovaya və Ayaz Mütəllibova “Qarabağ əldən gedəcək” - deyə müraciət məktubum Bakı radiyosundan səslənəndə, mən qürur hissi geçirmişdim və xeyli ağlamışdım. 1991-ci illərdən başlayaraq topraqlarımızın işğal olması başlayınca dəfələrcə Füzuli, Cəbrayıl, İmişlı və Əbdürrəhmanlı kəndində oldum, dəfələrcə xalqımın məzlum ana, yaralı gəlin, kimsəsiz qızlarını çöllərdə ayaq yalın başı açıq olaraq müşahidə etdim, darda qalmış yaralı əsgərləri, yerdə qalmış şəhidləri duydum və içim yandı. İyi dost, sənin Akademidə, cənub şöbəsində gizli-gizli için qan ağlayanda mən utancımdan sənin üzünə dik baxa bilmirdim. Mən şəhidlərlə omuz-omuza savaşmaq yerinə, dinc bir halda nəfəs çəkirdim və ömrümün milli utancını yaşayırdım. Getməyi dənədim, amma xarici vətəndaşsan, deyə geri çevirdilər. Uzun illərcə dərdimə bürünüb keçindim, lakin bu da məni ovuda bilmədi və nəhayət, vətənə olan borcumu kiçik bir poema töhfəsi kimi olsa da yazmaq, xalqımın səsini tarixin kar qulağına çatdırmaq və daha bir sənədi Qara tarix karvanının noxtasından asmaq istədim ki, bir gün bir yerdə onu ədalətə yanğın biri alıb oxusun və azacıq da olsa, əzabdan qurtulum, şəhid anaları qarşısında başımı dik, üzümü ağ tuta bilim. Poemanı güclü şeir nümunəsi saymıram, sadəcə həsrət və haray örnəyi yaratmağa çalışdım.”

Əli Daşqının bu sözlərinin səmimiliyinə qəlbən inanıram, çünki o, bütün yaradıcılıq nümunələrində Azərbaycanı bütövləşdirir, ayrılığa məhkum edilmiş Vətənin o tayı ilə bu tayının iki qardaş olduğuna, eyni qan, can, dil, din daşıdığına nəzər-diqqəti cəlb edir. Özünü isə bütöv bir Vətənin – Azərbaycanın şairi, vətəndaşı sayır. Müstəqilliyinə qovuşan Quzey Azərbaycanın sevinci onun sevinci, erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızın ağrısı onun ağrısıdır. Dövlət artibutlarımızdan olan üçrəngli, ay-ulduzlu bayrağımızın 1991-ci ildə təkrar dalğalanması yaralı ürəyinin məlhəmi, Qarabağ həsrətilə çırpınan qəlbinin xoş təsəllisidir. Şeiri oxuyan və bu sevgidən, bu dilsiz sevdadan heyrətlənən oxucunun könül telləri ehtizaza, riqqətə gəlir: «Mən səni öylə sevdim ki, ürəyimin ürəyi partladı, - deyərək ağzında dili, köksündə qəlbi yana-yana müstəqil dövlətimizin milli atributlarından olan Azərbaycan bayrağını - “mavi gözlü, yaşıl telli, al çiçəkli köynəyini” vəsf edir. Ürək yanmasa, qəlb ağlamasa, gözlər yaşla dolub-daşmasa belə yanğılı, sevdalı misralar yazarın qələmindən süzülə bilməz:

Mən səni öylə sevdim ki, ürəyimin ürəyi partladı.

Mən səni öylə çəkdim ki, omuzumun ayağı çatladı.

Mən səni öylə duydum ki, duyğumun gözləri ağladı.

Mən səni öylə andım ki, anılarım dünyaya axdı,

Mən sənə öylə yandım ki, atəşim bağrımı yaxdı,

Mən səni öylə sandım ki, anamın laylası haqdı.

Hey, mavi gözlü sancağım!

Hey, yaşıl telli bayrağım!

Hey, al çiçəkli gömləyim, hey! (28.s.369).

Onun təkcə yeni, modern üslublu bu şeirində deyil, bütün əsərlərində yansıyan düşüncələrinə görə, Vətəni, Ana torpağı, ata-baba yurdunu öləcək qədər sevmək gərəkdir. Uğrunda öləcək qədər sevilməyən Ana torpaq, ata yurdu asanlıqla işğal olunar, düşmən əsarətinə keçər. Vətən torpağı vətəndaşın içində bəslənməli, ürəyində yurd salmalıdı:



Mən sənə öylə daldım ki, dalğalar dənizdən səsləndi,

Gönlümü öylə aldın ki, toprağın içimdə bəsləndi.

Mən sənə öylə öldüm ki, ölməkçin hamı həvəsləndi (28.s.345).

Milli vətənpərvərlik ruhunda yazdığı şerləri ilə daim elin-ulusun milli özünüdərk prosesini, milli ruhunu gücləndirən, milli şair kimi sevilən və “Türk olmaq, Türklüyə sahiblənməkdir, Azərbaycan Oğuzlar yurdu, Türk Cumhuriyyətidir. Millətimiz Oğuz Türkü, elimiz Oğuz, dilimiz Oğuz Türkcəsi, Oğuzluğumuz Özümlüyümüzdür,” - prinsipi ilə qələmə sarılan Huşəng Cəfəri hətta “Bütöv Azərbaycan!”la bağlı arzularını dilə gətirməkdən belə çəkinmir. Xalqın danışıq dilindən aldığı “Arzu gülüm güllənəcək” ifadəsi nə qədər yerində işlədilən və sonrakı yardımçı, həm də məlum fikirlərin (Böyük M.Ə.Rəsulzadənin də qürbətdə həyata vida edərkən dilindən məhz təkrar-təkrar “Azərbaycan” kəlməsi qopmuşdu...) sərgilənməsinə xidmət edən uğurlu bir poetik tapıntı, açardır:

Arzu gülüm güllənəcək, 
Bir sel olub sellənəcək, 
Uca səslə dillənəcək, 
Azərbaycan iki deyil, 
Bir ürəkdir bir bədəndə, 
Qalsa da qan sahilində, 
Olmayacaq farsa bəndə. 
Gəl birləşək sən də, mən də, 
Canımızı edək qurban, 
Dərdimizə edək dərman. 
Cismimizdən çıxanda can, 
Dodağımız belə desin: 
Azərbaycan, Azərbaycan (29)!

Yeni düşüncə və çağdaş təfəkkürün məhsulu olan şeirlərində poetika gözəlliyi, məzmunun dolğunluğu, axıcılıq, dərin şeiriyyət ilk baxışdanca duyulan Kiyan Xiyavın lirik qəhrəmanı isə Huşəng bəyin “Bütöv Azərbaycan!” arzusunu, illərdən bəri şairin-torpağı bölüşdürülərək əlindən alınmış bir türkün hər istədiyində əli yetməyən Quzey Azərbaycana olan özləmini, öləsiyə həsrətini orijinal ifadələrə bükərək orijinal bir tərzdə, tamamilə fərqli bədii düşüncə ilə sərgiləyir.



Baxışlarında Bakı rəngi,

Əllərində Astara çiçəyi.

Təbrizdəki köhnə qalalardan danış

Şuşadakı bulaqlardan.

Fəqət

Arpa çayının qırağında dayan

Və günəşin sərilmiş saçların dara!

Məni ara! Məni ara!(21.)

Kiyan bəyin bu şeirində “baxışları Bakı rəngli, əlləri Astara çiçəkli“ sevgilidən: “Arpa çayının qırağında dayan, günəşin sərilmiş saçlarını dara, Təbrizin köhnə qalalarından Şuşadakı bulaqlardan danış və “Məni ara! Məni ara!” ricası “Bütün bunların ünvanı özüməm-yəni, Mən Vətənin özüyəm“ mənasını açıqcasına ortaya qoyan məqamı yenə də başqa bir şeiri, daha doğrusu, Vətənin o xanım şairə-Məlihə üçün hansı anlamı daşıdığını bizlərə aydın və sadə dillə sunan sızıltılı şeirini xatırlatdı:



Vətən; Düşüncəmdir güllələnir,

Vətən; Dilimdir kəsilir

Vətən; Azadlığımdır zincirlənir...

Vətən; Şeirlərimdir tutuqlanır,

Kitablarımdır odlanır,

Mahnılarımdır talanır...

Vətən; Sürgünlərimdir.

Vətən; Şəhidlərimdir.

Vətən; Yaralarımdır...

Vətən...vətən...vətən...

Yaslı TƏBRİZdir

QARABAĞlayıbdırVətən(44).

Bölüşdürülmüş, parçalanmış bütöv bir yurdun, Azərbaycan torpağının acı taleyini hayqıran, həm də sanki əzablardan yorğun düşmüş bir səsin səssiz haraylarını pıçıldayan bu misraları Güney şairlərinin Vətən sevdasının, yurd eşqinin ümumiləşdirilmiş təqdimatı saymaq olar məncə... “Yaslı Təbrizin Qarabağlaması” ifadəsinin ehtiva etdiyi məna da oxucuya gün kimi aydındır... və məncə, heç bir şərhə ehtiyac yoxdur...



Sayman Aruz da bir sıra şeirlərində isbat edir ki, türk ruhu yenilməzdir, basılmazdır... “Türk atlarının nallarından qopan odlu qığılcımlar, savaş və cəng səslərinin yaratdığı qalibiyyət nidası, milli qürur, əzəmət və bahadırlıq təntənəsi zaman-zaman həmin o ölməz ruhun poetik marşına çevrilib. Saymanın şeirlərində həmin o mübariz ruh çağlayır:

Vətən torpaq deyil, vətən daş deyil,

Vətən səni satan vətəndaş deyil.

Ruh kimi dolanır bütün canımda,

Qırmızı inamdır damarlarımda.
Onların əsərlərində, yaratdıqları ədəbiyyatda real həyat, varlığın mənası bu dərəcədə təbiiliklə ifadə olunur. Əslində məhz bu özəlliyin daşıyıcısı olan əsərlər əbədiyaşar olur, ölməzlik qazanır. Güney yazarlarının bir özəlliyi də şeir yazmağa və şeirə münasibətdir... Şeir onların şeirlərinin əsas mövzularındandır, desəm, həqiqətdir. Bu ənənə əsasən ustad Şəhriyardan və onun ölməz “Şeir və hikmət” məsnəvi-poemasından gəlir... Lakin ənənəyə yeni baxış o qədər güclü və orijinaldır ki, heyrət doğurur. Kiyan Xiyavın iki ayrı şeirində bir motivə-şeirə yanaşması, şeir yazmağın nə qədər ilahi bir duyğu və qüdrət olduğunu bəlirləyən mövqeyi diqqətçəkicidir və şairin qənaətincə, şeir yazmaq həyata, yaşama dəlicəsinə aşiq olmaq, sevmək deməkmiş əslində:

Çəkirəm çiynimdə dəcəl dünyanı

Köləcəsinə.

Sevirəm ancaq

Sevirəm həyatı, dəlicəsinə.

Mən şeir yazıram.

Və yaxud


Təpəmdən dırnağıma

Qurşun bağladım şeiri hər yerimə.

Hər bir misra bir yara

Bağladım hər yerimə.

Çarpazlama çarpazlama.

Qurşunlar yaralayırdı

Yaralarım qurşun kimi öldürürdü.

Şeirlər qan qiymətinə aldılar ürəyimi

Hər nöqtəmdə

Bir dil, bir anlam bayrağını sancdılar.

Və bu

Mənim

Taleyimlə bağlı bir faciyəydi...(21)

Çalın-çarpaz qurşunlanmaqdır, qan-qada, ölüb-öldürməkdir şeir yazmaq həm də... Və şeir həm də taledir, faciəli, nakam, yainki xoşbəxt olsun-fərqi yoxdur şeir onu yazan şairin taleyidir... Nə yazıq ki, bu gün təkcə Kiyan Xiyav üçün deyil, Güney Azərbaycan xalqının yetirdiyi çağdaş şairlərin əksəriyyəti üçün hələlik şeir yazmaq “ürəyi qan qiymətinə almaq, hər nöqtəsinə bir dil, bir anlam bayrağını sancmaq”dır... Güneyli şair üçün şeir “çörək ağacı deyil, çörəkdir (M.Əzizpur)”, yəni, mübaliğəsiz-filansız həyat deməkdir və o, şeir yazmasa, yaşaya bilməz həqiqəti...



Ümumiyyətlə bu gün Güney Azərbaycan xalqının azadlıq ideyalarının gerçəkləşməsini, “cəhənnəm və zindan”dan qurtulmasını əngəlləyən səbəblər şairləri daha çox düşündürür. Bu səbəblərin mayasında biganəlik, laqeydlik kimi çox qorxulu bir azarın - “epidemiya”nın da durduğunu birbaşa deyil, dolayısı ilə oxucunun diqqətinə çatdırırlar. Ərgin “Donuq heykəl” şeirində xalqı manqurtluğa, unutqanlığa və nəticədə özgələşməyə sürükləyən biganəliyə qarşı etiraz duyğularını şaxtanın qurudub heykələ çevirdiyi və satmaq üçün soyuqdan göyərmiş incə əllərinin barmaqları arasında Yunan ilahələrinə bənzəyən bir cüt büst tutmuş yoxsul bir qızın dili ilə hayqırır. Uzun müddət küçədə dayanan və soyuq əhədini kəsmiş bu qız ruhsuz gözləri ilə başında börk (papaq), ağzında şal qarşısından gəlib-geçən kişiləri, qadın və qızları süzərək acı-acı düşünür:

Mənim donmuş heykəlimi görməyənlər,

Əlimdəki büstləri necə görəcəklər?

Mənim bağırmamı duymayanlar,

Könül sızıltılarımı necə duyacaqlar?

Dönəmin Nəsimiləri

Bir əlləri haqqa doğru,

Bir əllərində də neştər

Soyulmağı gözləyirlər.

İbn hilallar isə gözləri qıyıq,

Barmaqlarını gizlədirlər...

Bu laqeydliyə, “biganəlik” adlı ölüm qoxulu azara, insanların getdikcə “daşlaşmış” ürəklərinə və “daşlaşan” başlara, ilişgilərə sanki “Daş yağışı” yağdırdı 2011-ci ildə Ramin Cahangirzadə... “Dayaq” layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasın-dan AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş “Daşlar-Saray üçün...” şeirlər toplusu rəmzi olaraq elə ədəbiyyatımıza da “Daş yağışı” oldu... Hər birində yaşamımızda addımbaşı qarşımıza çıxan, hər an hansısa formada yanımızda olan və məhz gərəyimiz olan daşların xarakterini, bu günkü insanın həyatındakı, ömründəki önəmini, tarixdəki rolunun bütün ayrıntılarını incələdiyi, hər birində məhz daşlardan söz açdığı əlli şeirin yer aldığı kitabçada istedadlı gənc şair oxucularını-əslində insanları səssizliyə... daşların ölkəsinə səyahətə aparır. Bu səyahət əlli şeirin yaratdığı daşlar aləmində davam edir və ”Tanrı daş olmaq istəməsə də, Daşlar Tanrı oldular” həqiqətlərini, ”Soyuq daşların arasında od qaladıq, Budur bizim ilk vətənimiz: -Ocaq!”ın-insanın ilk beşiyinin hekayətlərini, ...daş iyisi gələn, daş-qaşlar ayağına düşən Daşlar kraliçasının duyğularını, başına dolandığı, daşı olduğu, lakin öz başına düşən və başından bitən daşların qanadlanıb daşların üstünə qonduqları zaman daşların sümüyünə düşən daşların mahnısını, ürəyi daşdan olan suların, ürəyi sudan olan daşların “Şırrr...!”ıldayan sevişmə səsini, bu sevgidən doğacaqları daş ürəkli Su pərisinin sevgisini, daşlarla suların həvəsini, qıdıqlanan daşların qaqqıldayacaqları tarixi!..” danışır:

Boğaq səsimizi....Susaq.

Qulaq asaq səssizliyə...

Gəl gedək daşların ölkəsinə!

Bilirəm, düşmərik

Daşlar tanrısının gözündən...!

Sonra daş olmaq arzısıyla öpüşərik,

Dua edək....!

Bilirəm, yumuşaqdır

Daşlar tanrısının ürəyi!

Əsirgəməz, daş olmağı bizdən!

Yerinə yetirər dualarımızı...! (30.s.26)

Solmaz Məhəmmədrzayi “Daşların ölkəsində” çölü almalıq və üzümlüklər, içi isə çılpaq və şaşqın olan şəhərini sevməyi əlləri, qulaqları barıt qoxuyan, balasının səsli başmağının səsini belə unudan sevgilini sevmək boyda bir cəhənnəm sanır “Cəhənnəm” şeirində... “Tələs” şeirində isə şairin əlləri kobudlaşaraq getdikcə paslanmış lirik qəhrəmanı sevdiklərini tənha, yalnız buraxır və baş götürüb cəhənnəmin yoluna düşür və qaçmağa başlayır: Çünki “İtirmişdi gecələr gizlicə dinlədiyi səsləri şeytanın qapısına daxil olarkən və sən qutsal ağacların doğduğu qurşun və hər səhər ona yerikləyirdi bezikmiş bahar, tankların ayaq yerində tumurcuqlar dustaq düşmüşdü, hə… Elə bu yaxınlarda göyüzü Tanrı qədər qocalmışdı.” Bezikmiş hamilə baharda qutsal ağacların qurşun doğması, tumurcuqların yarpağa-çiçəyə dönüşmək əvəzinə, ağır, zirehli texnikanın-tankların tırtıllarının açdığı dərin izlərdə-ayaq yerlərində dustaq düşməsi və ölüb-öldürməkdən usanmayan varlıqların bəd əməllərinin şahidi olan, bütün bu vəsvəsə və qəddarlıqdan təngə gəlib Tanrı qədər göy üzünün qocalması bu gün Güneydəki mövcud durumun bütün ayrıntılarıyla sətiraltı mənalarda poetik təsviridir...

Lakin şeirlərində daha çox kədər, siyasi basqı və sıxıntılardan şikayət, üsyan notları yansısa da, Güney Azərbaycan şairləri dünyaya, insanlara sevginin gözü ilə baxmağı bacarır, “sevilməyi düşünmə, sevməyi öyrən (Ərgin)” prinsipi ilə yaşayır, yaşıllığı qoruyan quruca bir nəfəsi, sönməkdə olan közləri alışdıra bilməyi belə böyük iş sayır, yüksək dəyər-ləndirirlər. Onların qənaətincə, insanları sevmək və inanmaq, onlara tapınmaq, güvənmək gərəkdir. Həyatda insanları sevməkdən böyük bədiilik-gözəllik yoxdur. Əslində, lirik şeirin yaranışı, doğulması insanın daxili dünyası ilə, onun sevgi duyğuları, eşqanə hissləri ilə əlaqəli baş verir. Bu da modern düşüncəli çağdaş yazarın-Ruqiyyə Səfərinin sevgi etirafı:

Artıq gecdir, nə qayıdan var, nə gözləyən.
gecə vaxtı gəmisiz sahilə bənzəyir gözlərim,


durğun və kədərli, ölümə şahid kimi.
Yaşam şərab dadı verir,


həm acı, həm içməli

və sən şəraba dolmuş bir sevdasan,

həm yaşam, həm ölüm kimi (8).

Modern şeirin ən mühüm ayrıntılarından olan bütün dünyanın bir mətnin içinə daşı-nıb poetik müstəviyə yerləşdirməyi böyük ustalıqla bacaran Hadi Qaraçayın bu şeirindəki sevgilinin isə bir qız, yaxud Vətən olduğunu ayırd eləmək çətindir!..



Mən gözlərimi yumurkən anımsayıram...
Bütün boyaları anımsayıram,


Buludların köynəyində yeli,
Qışın arxasında günəşi,


Gerçəklikləri anımsayıram.
Mən gözlərimi yumurkən,


Bütün gerçəkliklərin girişimində
Başqalıqlar duyuram.
Doğalında beləymiş, yalnız diliylə
Dəniz dalğalarıyla, ağac yarpaqlarıyla danışır.
Mən, dilimi ağzımın boşluğuna sərmişəm, dincəlsin.
Yalan bazarına qız buraxmıram...
bu an qum dilində barmaqlarımla danışıram


Bax, ovcumdan süzülən qumda sənin adın var(8).

Göründüyü kimi, bu şeirdəki mənanın ifadəsində, formasındakı fərqi, yeniliyi, duy-maqsa o qədər də çətin deyil... Şairin yaratdığı obraz - “lirik mən” dünyanın bütün rənglərinin, həyatın gerçəkliklərinin fərqindədi, ancaq bu gerçəkliklər ona daha duyğulu şeylər, nəsnələr pıçıldamaqda, anlatmaqdadı... Yalanın, riyanın törətdiyi fəsadları görmək-də, ürək ağrısı ilə dərk etməkdədi... Tənha insanın dili ilə, dənizin dalğalarıyla, ağacların yarpaqlarıyla pıçıldaşması, danışması kimi... Bu şeirlər oxucu qəlbinə bir də ona görə güclü təsir göstərir, yaralayıb keçir ki, misralar saxta təmtəraqdan, dəbdəbəli, mərtəbəli söz və ifadələrdən, bəzək-düzəkdən uzaqdır və əksinə, bu ədəbi nümunələrdəki dərin məna qatları onu düşünməyə vadar edir. Düşünür ki, Ruqiyyə xanım “sən şəraba dolmuş bir sevdasan, həm yaşam, həm ölüm kimi” deyərkən təbii ki, sevgi üzündən yaşanan acılar, dözülməz mənəvi ağrılar və sevinclər, xoşbəxtliklər yada düşür...

Ənənəvi fədakarlıqlar, sevgilinin aşiqi üçün göydən ulduz qoparmaq, dənizi hədiyyə vermək, dünyanı bağışlamaq, yaxud “Sarıköynək” təki bəzi aşıq mahnılarında hətta “anasını sevdiyinə qurban etmək” kimi üsullar da çağdaş Güney poeziyasında dəyişilib, tam yeni forma və ifadə üsulu ilə əvəzlənib... Məlihə Əzizpurun: “Mənə bir küçə bağışla! Gözləri tam dənizə açılan, bir sevdanın xəyalı ilə uyuyan, ürəyi uzaqdan gələn gəmilərin səsi ilə döyünən, yolçuların ayaq səsi ilə oyanan, Mahnıların səsi ilə oynayan bir küçə” arzusuna, diləyinə çevrilib... Elə bir küçə ki, “Gözlərindən, ürəyinə köçə bilim” kimi dəlicə bir istəyə, kövrək və israrlı bir sevgi etirafına dönüb... Sevgilinin gözlərinə köçüb orada ömrü boyunca qalmaq! Bundan orijinal, bundan təsirli sədaqət andı olarmı? Elə bir küçəni hansı aşiq bula biləcək görən?

Mənə bir küçə bağışla!

Tam dənizə açılsın gözləri.

Martılar keçsin xəyalından səhər-axşam.

Və uzaqdan gələn gəmilərin səsi ilə

Döyünsün ürəyi...

Mənə bir küçə bağışla!

Yolçuların ayaq səsi ilə oyansın.

Mahnı səsi ilə oynasın.

Və, bir sevda xəyalı ilə uyusun...

Mənə bir küçə bağışla!

Gözlərindən,

Ürəyinə köçə biləcəyim bir küçə... (23.s.4)

Böyük Nazim Hikmət “Aşk bazen gitmekle kalmak arasında verdiyin en büyük savaşdır. Sevmeyenin aklı, gerçək seveninse kalbi kazanır bu savaşı (www.neguzelsozler.-com//nazim-hikmet-sozler‎)...” Bu gün donmuş ürəkləri, soyuq canları sevgi və şəfqətlə isindirəcəklərinə, solğun gözlərə işıq, qəmli ürəklərə sevinc, bütün dünyaya barış, sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar və gerçək eşq uğrunda savaşda ağlının və qəlbinin qazandıqlarına da əmindirlər Güney şairləri... Əgər Yunus Əmrələr, Ərginlər, Nəcib Fazillər, Nəbilər, Bəxtiyarlar, Hadilər, Səidlər, Solmazlar, Nigarlar, Məlihələr, S.Aruzlar, Şərifələr, Hümmətlər, Nadirlər, İsmayıl Ülkərlər, eləcə də yer üzünün bütün insanları bu uğurda-xoşbəxt gələcək naminə bir araya gələrlərsə... Lakin Ərgin bir-birini xoş sözlərlə, incə, zərif kəlmələrlə dindirməyin, könüllərə təkcə sevgi ilə deyil, bu sevgini həm də gözəl, cazibədar dillə ifadə etməklə, yəni, əlahəzrət Sözün qüdrətilə hakim olmağın mümkünlüyünü də bəyan edir:



Bir çox bülbül sevər gülü,

Ancaq gülün könlünə

Ən gözəl sözlərlə toxunan

bülbül yiyələnə bilər...

Gerçək həyatda məhz insanların cahilliyi, nadanlığı, paxıllğı və qəddarlığı üzündən baş verməkdə olan bir sıra naqislikləri onların özlərinə kinayəli şəkildə səslənməklə anlatmaq istəyir Güney şairləri... Həyatda yeri səhv düşənləri, yerində olub elin-ulusun işinə yaramayan, çıraq tək dibinə işıq salmayanları, cəmiyyət üçün faydalı olmayanları qınaq hədəfinə çevirir, özünü müasir-modern sayan və arsız-arsız gəzib-dolaşan bivecləri, “Araz aşığından, Kür topuğundan” olan yüngül əyləncə düşgünlərini, “obrazovannıları” qamçıla-yırlar və bu istəklərini əksər hallarda təsəvvüf aləminin rəmzləri, simvolları vasitəsilə bədii poetik misralara çevirirlər. Eləcə də dünyaya ağalıq etmək iddiasıyla gücsüz, zəif xalqları əzmək, milli haqq və hüquqlarını əlindən almaq, özündən asılı vəziyyətdə saxlamaq ehtira-sında bulunan super dövlətlərin çirkin mahiyyətli siyasətlərini, onların güc strukturlarının törətdiyi əzazillik və vəhşilikləri kəskin şəkildə, öldürücü sarkazmla həcv edirlər.


Bütün bunların çağımızın qaçılmaz gerçəyi olduğu Kərim Çayçının “Bomba altında qalan oxuldaşlara...” şeirində bütün çılpaqlığı ilə öz əksini tapır:

Sənə gül çalacağıdım
Düşlərimizdəki topraqlı tin yaralarının odasından olsaydı!
Gül çala bilərdim, qonşumızın qızının gəlincik ayısının donundan.
Yalancı olmasaydım...
Bilirsən, biz yarım qalmış qanmazlıq savaşlarının uşaqlarıyız,
Gecələri taxta tüfəyilen qol-boyun yatan,
Gündüzləri dolanmaq yerimiz şəhid törənlərinin ağlaşması,
əl-ələ naqış vurarkən gəlin çıxartmasaydı qolunu,
bu üzü qara məsih gəlinciyini çalmasaydı,


Gövdəmdə sənə bəslədiym günəş güllərin
qaldırımlarda qalmazdı,


əli açıq əlin: "Məndən bir gül alın nə olar."
Mən bu mındarlığımı sənin qırışıq əlinin içindən sonra


nərdə görə bilərdim?
səni xatırladığımda, yerdən qol, bacaq çıxır


hükümət ormanlarında
Yanlız sevgilim, gülmə!


Sənə bir GÜN çalacam,

amacında yaşamdan...
Bu da yetər bir qolçağı qəbristandan qaçırtmağa,


bu yerdən qaçmağa...(24)

Çağdaş Güney poeziyasında öz səsi, öz sözü, öz nəfəsi və şağraq, həm də sakit, axıcı şeir dili olan İsmayıl Ülkərin “Olmaq istəyirəm” şeiri Kərim Çayçının “gecələri taxta tüfənglərilə qol-boyun yatan, gündüzlərisə dolanmaq yerləri şəhid törənlərinin ağlaşması olan yarım qalmış qanmazlıq savaşlarının uşaqlarından birinə, bu günkü dərdli, azadlığa yerikləyən sevgilisinə - Ana torpağa yaşamdan bir gül-Gün çalacam” amacı ilə yaşayıb mübarizə aparan lirik qəhrəmanının (yalnız bu halda şair: -Səni xatırladığımda, yerdən qol, bacaq çıxır hükümet ormanlarında, yazardı) bu böyüklükdə dərdinin, milli yanğısının içərisindən həyata gülümsəyən novruzgülü, qar çiçəyi kimi boy verir, günəşi salamlayan və sanki: -Yaşama sarıl, mübarizəyə qatıl, - deyən günəbaxan gülü kimi şahə qalxır, həyat eşqi bulaq tək çağlayan şairin çinara udulmaq istəyini və... yaşamaq arzusunu oxucu çox içdən duyur, həm də sanki Bir çinara bulaq kimi durulmaq və nəfəs kimi udulmaq istəyini gözlərilə görür:

Durulmaq istəyirəm

Durulmaq!  Bulaq kimi

Sonra

Dan yelindən dərilən bir nəfəs kimi

Şehli-şehli, şən-şirin                                               

Bir çinara udulmaq istəyirəm

Udulmaq...(31.s.17)

Və yaşama sarmaşmaq... Zamana dalmaq, dünyanı gözlərinin giləsinə doldurmaq, mavi yaşıllıqla yaşınmaq, sevgiylə, sevgiliylə dodağını doyurmaq və... insan-təbərrük olmaq istəyi... İsmayıl Ülkər oxucusuna bu qutsal istəyi, sevgini ötürə bilir şeirlərində... Sevgi dolu masmavi bir sevda dünyası qurur və bu dünyanın tən ortasında əyləşdirir onu... Dilini, elini, yurdunu sevməyi öyrədir qarındaşlarına!.. Sevgili olmağı bacarmağın yolunu diqtə edir - “Qış kimi yağdın işimə, Yaz kimi göyərdin, Yay kimi bitdin, sevgilim... Payız gəlir və biz Bir-birimizdə itmək üzrəyik”, yəni sevgili olmaq həyat kimi, yaşam kimi bir-birində yaşamaq və itmək-ölmək deməkdir... Və... “Dörd əllə deyil, Dörd əlli deyil, Qırx əlli deyil, min əllə dünyanı tutmaq, o buraxsa da, buraxmamaq, Aşiq olmaq, sevgili olmaq, sevdalanmaq (29.s.32)” - deməkdir.

“Nəcabətini sazaqların söylədiyi, min illik kədərini yarpaqların saçına elə sazaqların yazdığı (H.Şahbazi)” ölkədə, kədərin içində boğulan bir məmləkətdə yaşama bu böyüklükdə çılğın-ca sevgisinə, dünyayla bu qədər yoldaşlığa özü də heyrət edir:

Bu mənəmmi??

Bu çətinlikdə dünyada Bu qədər rahat?  

Bu mənəmmi tanrım?? İçimdə bu qədər yol

Hər yol min yol qolunu Qucağıma açmış!

Hər höceyrəm bir ayaq, Hər uçurum Bir üzəngi

Altımda bunca yəhər… Hər nəfəsim ilxı-ilxı at!

Bu Mənəmmi?!

Varlıq Nədən bu qədər mənə əziz

Hər nəsnə? Nədən bu qədər mənə özəl

Torpaqla bu doğmalıq nədir??(31.s.53)

Düşünürəm ki, bu çətinlikdə dünyada bu qədər rahat olmaq və yaşama bu qədər sıkıca sarılmaq məhz İ.Ülkərin yazdığı kimi, torpaqla bu dərəcədə doğmalığın, həyata və insanlığa məhəbbətin sayəsində mümkünləşə bilir... Əslində Mahatma Qandi də on illər öncə məhz sevgiyə, doğmalığa və məhəbbətə tapınaraq bu cümlələri (Dəyərli aydınımız Hadi Qaraçay “tümcələri” yazır-nəyi pisdi ki, yəni fikrin toplumu, bütövü-cümləsi, gözəl ifadədir!) yazmışdı: “Dünyada bu qədər insanın diri qalması göstərir ki, dünya silahın gücünə güvənməmiş, həqiqət və məhəbbətə güvənmişdir. Həqiqətin və məhəbbətin danılmaz gücü bu gerçəklikdə saxlıdır ki, böyük dünya savaşlarına qarşın, həyat davam etməkdədir. Yüz minlərcə ailələrin həyatının pərişan edilməsi, həyatların söndürülməsinə baxmayaraq, həyat davam etməkdədir. Tarix, yalnızca məhəbbətin qırılma və yenilmə olaylarını yazmışdır. Olayın dərinliyinə diqqət etməmişdir. Ən son amac insan olmalıdır (4.s.65).” Axı, unutmaq mümkünsüzdür ki, dünyanın xilası insana və insanlığa sevgi ilə gerçəkləşə bilər. Əslində özündə sevdiyini tapan, dönüb sevgili olan insanın bu yolda hər şeyi etməyə qadir olduğunu pıçıldayır İsmayıl Ülkər:

Gəldi yol oldum…

Güldü, gül oldum.
Aldı əllərinə
Qolundakı əl oldum.
Çox şükür, dünya.


Dola bildi içimə ən son,

ən qutsal dəliliklər...
Muştuğulumu ver, Tanrım,


muştuluğumu!
Sevdalandım mən,


Sevdalandım(31.s.8)...

Güney şairləri bu gün hər şeyin, hər kəsin öz yerində olmasını, dünyanın nizamının pozulmamasını şair təbiətindən doğan həssaslıqla arzulayırlar. “Yeri səhv düşənlərin” bəd əməllərinin nəticəsində başqalarının əzab-əziyyət çəkmələrini, əziyyət çəkənlərin əziyyət verənlərin qınaq hədəfinə çevrilmələrini, günahsız günahkarların sayının artmasının şahidi olmaq istəmir, “dayaz sularda çabalamağa özlərini məhkum etmiş və ya məhkum edilmiş zavallı naqqaların halına (Ərgin)” acıyırlar...

Onların modern şeir yaradıcılığında bəzən bədiilikdən uzaq, sadəcə düşüncəsinin, ağlının diqtə etdiyi fikirlərdən ibarət lakonik deyimlər, açığı, aforizm səviyyəsində, gücündə ifadə və fikirlər olur: “Tülkü satıldı, aslana döndü”, “Böyük dərddir, yarımçıqlar arasında bütünlük (Ərgin)”, “Böyük dərdlər böyüdür, Kiçik dərdlər çürüdür; Bu güllə çağında Lütf edirsən açırsan Gül!; Susss... Hürməyin itlər! Bura Azərbaycandır... Şeir çörək ağacı deyil, çörəkdir; Qartal Qəfəs arxasından baxır, Havada uçuşan Milçəklərə... ; Bir kişini Bağırsağı ilə asıblar! Deyirlər; Bir gecəlik Çörək Oğurlamışdı...; Barmaqlarını kəsdi-lər Öldü şair! Ürəyində qalmışdı Sözləri... (M.Əzizpur)”, “eşq, yəni qorxa-qorxa bir sığıncaq, amma isti və sıcaq...; bir muğamdan bir misra kimi sevirəm səni yaz, səhnəni sazlasınlar! hazırlaşdım səni təkrar oxumağa (Kiyan Xiyav)”, “sevişmədən öncə uyumaq qəddarlıq; bir gün bir balıq mənə dedi: Çillinin soykökü delfinlərə qayıdar; Bu qarışqa yuvasını gəzir, Öyləki atam azadlığı “Opozosyon” qəzetlərdə (Elvar Qulivənd)” kimi... Lakin bunların kiçik, “kibriti” söylənməsinin heç bir önəmi yoxdur, çünki bu kiçik, lakonik misralarda elə böyük mətləblər saxlı ki!.. Heç bu mətləblərin hansı formada ifadəsinə fikir belə vermirsən, məna səni tutur və əllərinin üzərinə götürərək şair və ya yazarın bu kibriti misralardan qurduğu ehsasatlı, əsrarəngiz bir düzənə-dünyaya aparır...

Onların əksər əsərlərində azad, xoşbəxt gələcəyə inam duyğuları şahə qalxır və bir nüans daim izlənir-milli ruha, soykökə bağlılıq, həm də ənənəviliklə modernist düşüncənin qovuşuğu... Huşəng Cəfərinin ustad Şəhriyarın “Səhəndiyyə” poeması üslubunda son illərdə yazdığı “Savalan” şeirini milli ruhun təntənəsi, ənənəvi yurda məhəbbət, Vətənə sevgi mövzusunun öxünəməxsus tərzdə təqdimatı saymaq olar. Üsyankar şair bu əsərdə elini, dilini, türklüyünü dananlara sərt və açıq cavab verir, tarixi həqiqətləri sillə kimi üzlərinə vurur, Azərbaycan türkünün milli kimlik kartı bir daha açılır, tarixi şəxsiyyətlərimizə, xalq qəhrəmanlarımıza, korifey sənətkarlarımıza-ədəbi simalarımıza ehtiram duyğusu yansıdı-lır... Və Huşəngin şeiriyyətindəki lirizm, metaforik ladlar, fikrin sadə və aydın türkcədə izharı, xalqın yaratdığı zəngin ədəbiyyatımız və mədəniyyətimizdən dolayı duyduğu iftixar, qürur hissləri də nəzərdən qaçmır. Onun “Savalan” və “Ağ atım” poemalarını yazmasını, əslində, unudulan bir tarixin, yaddaşlarda yaşayan inancların, minillər boyu formalaşan dünyagörüşünün bərpası üçün atılan mühüm addımlardan biri də saymaq olar:


 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə