Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 0,59 Mb.
səhifə7/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18792
1   2   3   4   5   6   7
Dramaturgiya. Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq Azərbaycan ədəbiyyatında (təbii ki, o taylı-bu taylı ədəbiyyatımızda) çağdaş Qərb ədəbiyyatı janrlarının-dram, roman, hekayə, novella, povest, poema (qeyd etməyi gərəkli, həm də çox vacib hesab edirəm ki, poema janrını qədim şumerlər-əski babalarımız yaradıblar. Şumer dastanları nəzmlə yazılıb və dünya şərqşünaslarının bir çoxunun fikrincə, türk xalqlarının əcdadları olmuş qədim şumerlərin qələmə aldığı doqquz (9) poema elmə məlumdur. Bu fikri öz ardıcıl tədqiqatları ilə təsdiqləyən görkəmli şumerşünüs alim Elməddin Əlibəyzadə-dir və o, bu nəticəyə “dünya şumeroloqları - S.N.Kramer, L.Vulli, S.Lloyd, Q.Çarl, Z.Kosidovski, Q.Vinqler, E.Reklü, M.Belitski, D.Reder, A.Cavat”ın (42.s.5) qənaətlərinə əsasən gəlmişdir-E.F.Ş.) və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında xüsusi bir ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq, mərhəmət və xeyirxahlıq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir (43). Bu ənənəni bu gün Güneydə, bildiyimiz qədərincə, Rəsul Yunan davam etdirir. Daha çox şair kimi tanıdığımız Rəsul Yunanın “Dayaq” layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasından AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş “Duel” kitabında “Qadın”, “Ayman” və “O kişi yalan deyirdi, burda bildirçin yoxdu” pyesləri oxucuların ixtiyarına verilmişdir. Bu əsərlərdə daha çox ictimai və sosial məsələlər - ailə-məişət, qadına hörmət, qarşılıqlı sevginin yenilməzliyi, mərdlik, kişilik, millətlərarası münasibətlərin inkişafında idman yarışlarının keçirilməsinin əhəmiyyəti, haqq və ədalət və s. önə çəkilmişdir... Yeniləşən, inkişaf edən dünyanın yeni tələblərinə, çağdaş insanın qadına və ailəyə, eşqin fəlsəfəsinə müəllifin yanaşması, düşüncəsinin, yeni təfəkkürünün işığında əski çağlardan bizlərə miras qalmış əxlaq kanonlarına modern baxışı düşündürücüdür... Dram əsərləri dinamiklik, kəskin dramatik konfliktlərin olmasını sevir. Rəsul Yunanın əsərlərini də kamil dram əsəri səviyyəsinə çatdırmaq, üçün, təbii, üstündə bir qədər çalışmaq, mükəmməlləşdirmək gərəkdir...

Tərcümə işi. Dünya ədəbiyyatından, tarix və mədəniyyətin müxtəlif sahələrini əhatə edən örnək əsərlərin milli dilə çevrilərək oxuculara sunulması ədəbi prosesin hər zaman diqqət mərkəzində olmuşdur. Tərcümə əsərləri xalqların bir-birini daha yaxından tanımasına vəsilə olur. Güney Azərbaycanda bu sahədə də çox iş görülüb deyə bilərik. Ancaq Məlihə xanım Güney Azərbaycanda bu gün qlobal düşünüb milli dildə yazıb-yaratmağın, eyni zamanda xarici ölkələrdə meydana çıxan dəyərli ədəbi nümunələrin Azərbaycan türkcəsinə çevrilərək oxunmasının da ədəbiyyatın inkişafı üçün çox önəmli olduğunu düşünür və vurğulayır ki, “milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqdadır. Bu olayı daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək gərəklidir, yəni dünyanı öz dilimizdə oxumaq çox vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sənətinin əldə etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaqdır (3).”  Onların içərisində ən çox diqqət çəkənlərdən biri Mahatma Qandinin “Bütün insanlar qardaşdır” kitabının Azərbaycan dilinə tərcüməsidir. Əsəri doğma türkcəyə çevirən Güntay Gəncalp ön sözdə yazır ki, “Qandinin ”Bütün insanlar qardaşdır” kitabını 20 ildir özümlə daşımış, həyatımın çətin günlərində təkrar-təkrar oxuyub ruhumu sakitləşdirmişəm. Sonunda qərara gəldim ki, bu böyük insanın önəmli əsərini dilimizə tərcümə edim. Kitaba Hindistanın əski cümhur başqanı və dəyərli filosof S.Rada Krişna ön söz yazaraq bu əsəri bütün dövlətlərdən ana dillərinə tərcümə edib ölkələrində yayımlanmasını istəmişdi. Nəhayət, UNESCO Qandinin görüşləri əsasında tərtib olunmuş “Bütün insanlar qardaşdır” kitabının bütün millətlərin dillərinə tərcümə edilməsini alqışladı (4.s.5).” Həmin kitabın ana dilimizə tərcüməsini də G.Gəncalp Mahatma Qandinin əziz ruhuna ərməğan etmişdir. O, 2012-2013-cü illərdə Məhəmməd Müctəhid Şəbistərinin “Varlığın peyğəmbəranə oxunuşu teorisi”nin 1,2 və 5-ci hissələrini, “Molla Sədranın tənqidi”, “Mənə qarşı təxriblər” və “Teoriləri tənqidetmə yerinə təxribetmə” əsərlərini də Azərbaycan türkcəsinə çevirmişdir.

Əziz Səlaminin də tərcümə işində çox böyük təcrübəsi vardır. Alman dilini ana dili kimi mükəmməl öyrənən yazar ruhuna doğma, düşüncələrinə yaxın olan şairlərin əsərlərini Azərbaycan türkcəsinə çevirməyi və soydaşlarına sunmağı gərəkli saymışdır. Deyə bilərik ki, Əziz bəy bu əsərləri uğurla tərcümə etmiş, doğma türkcənin ladlarına yatımlı bir dildə çox maraqlı və orijinal tərcümələri araya-ərsəyə gətirmişdir. Onun çevirisində “Çin şeirləri-“Şaftalı çiçəyi”, Yapon şeirləri - “Hayki”, Xuan Ramon Ximenez.“Mahnın kimidir ölümün də”, Sönməz ulduzlardır sözlərin-Qızıldərililərdən mahnılar və dualar”, “Ulu mahnı-Mahnı-lar mahnısı. Süleymanın mahnısı”, yəhudi əsilli alman şairi Else Lasker Şülerin “Alovlar kimi açılacaq qolların” kimi şeir topluları geniş oxucu auditoriyasının məhəbbətini qazan-mışdır.

Nigar Xiyavi isə Q.Saedinin “Bəyəl Əzalıları” (Təbriz: 2003.Əxtər nəşriyyatı) və “Top” (Təbriz, 2003) əsərlərini dilimizə çevirmiş, uşaqlıq illərindən bəri arzuladığı bir işi həyata keçirmişdir.

Mətbuat: 26 fevral 2012-ci ildə Güney Azərbaycanda xalqın milli haqq və hüquqları uğrunda ardıcıl mübarizə aparan milli hərəkat fəalları “SUSMA” adlı dərginin birinci sayını nəşr etmişlər. Dərginin ilk sayı Xocalı soyqırımına həsr olunub və bununla da milli hərəkat fəalları dərginin səhifələrində o tayla-bu tayı, Güneylə Quzeyi birləşdirərək öz olağanüstü fəaliyyətlərinə başlayıblar. Yaradıcı heyətin bildirdiyinə görə, İran rejimi maneçilik törətməsə, hər ay nəşr olunacaq dərgidə əsasən Güney Azərbaycan ədəbiyatı, tarixı və mədəniyyəti ilə bağlı mövzular üstünlük təşkil edəcək, bu ana mövzulara həsr olunmuş yazılara, tədqiqat işlərinə, publisistik məqalələrə geniş yer veriləcəkdir... Sayğıdəyər şairimiz Səid Muğanlının da yaxından iştirakı ilə “Yaşmaq” dərgisinin, eyni zamanda Güneydə çağdaş mətbuat tarixində ən uzunömürlü nəşr nümunəsi olan “Varlıq” dərgisinin yayımı da öz axarı ilə davam edir.

Güney Azərbaycanda 5 min tirajla nəşr edilən “Xudafərin” jurnalının 100-cü sayının çap olunması və Azərbaycan Yazıçılar Birliyində AYB Güney Azərbaycan şöbəsinin təşəbbüsü, Birliyin üzvləri, yazar və qəzet redaktorlarının iştirakı ilə təqdimat mərasiminin keçirilməsi 2012-ci ilin mühüm ədəbi-publisistik hadisələri sırasındadır. Toplantıda çıxış edən xalq şairi Fikrət Qoca jurnal haqqında geniş məlumat verib. Bildirib ki, jurnal 10 il öncə işıq üzü görüb. Güney Azərbaycan ədəbiyyatının təzyiqlər, zindanlar şahidi olduğunu deyərək, bildirib ki,  “Xudafərin” jurnalı Güney və Quzey  Azərbaycanla bağlı mütəmadi olaraq yazılar dərc edir. Tehranda çap olunmasına baxmayaraq, jurnalda Şimalı Azərbaycandan olan ziyalılara da geniş yer verilir. Jurnalın baş redaktoru, vətənsevər şair Hüseyn Şərqi Soytürk məlumat verib ki, bütöv Azərbaycanda baş verən ədəbi-bədii, elmi-ictimai hadisələr, ədəbi-mədəni mühit jurnalda öz əksini tapır. Hüseyn bəy ayda bir dəfə işıq üzü görən dərgidə güneyli və quzeyli aydınlara fərq qoymadığını da bildirib.**

2013-cü ildə isə bu sıraya yeni bir ədəbiyyat tribunası - “Ban” dərgisi də qoşuldu. “Ban” adlı dərginin (112 s. üç aylıq) məqalə, öykü və şeirlərdən ibarət ilk sayının İstanbul şəhərində yayımlanması ilin ən mühüm ədəbi və mətbu hadisələrindən biridir... “Ban”ın amacı Çağdaş Güney Azərbaycan ədəbiyyatı haqqında yazılar dərc etmək, Güney Azərbaycanda yazıb-yaradan sənətkarların ədəbi yaradıcılığını tanıtmaq, həmçinin burada artan sürətlə inkişaf edən ədəbi prosesi ardıcıl şəkildə izləməkdir. “Ban” dərgisinin yayımı yığcam bir kollektivin-redaksiya heyətinin fədakar əməyi sayəsində gerçıkləşməkdədir. Belə ki, Türkan Urmulu-Yazı işləri müdiri, dərginin redaktoru olan türkoloq və ədəbiyyatşünas Toğrul Atabay həm də öykü-nəsr, Hadi Qaraçay-poeziya, Ramin Cabbarlı publisistika bölümləri üzrə, dizaynerlər Atabay Tikantəpəli-üz qabığının, Tural Sirdaş isə iç səhifələrinin tərtibatından sorumludurlar. “Ban” dərgisinin ilk sayında Hümmət Şahbazi, Ülkər Ucqar, Yrd.Doç.Dr.Gülara Yenisey və Ərsan Ərelin məqalələri, Rasim Qaraca ilə söyləşi-müsahibə (“söyləşi” daha doğal səslənir), Rüqəyyə Kəbiri və Kiyan Xiya-vın öyküləri, Andre Breton, Pol Eluar, Lui Araqon, Heydər Bayat, İbrahim Savalan, Kiyan Xiyav, Ramin Cabbarlı, Türkan Urmulu, İsmayıl Mədədi, Fətullah Zövqi, Aydın Araz, Leyla Rəhimi, Fəriba Həyati, Elyad Musəvi, Əlirza Ağazadə, Ərsan Ərelin isə şeirləri çap olunmuşdur. Rüqiyyə Kəbiri, Ülkər Ucqar, Gülara Yenisey, Leyla Rəhimi, Fəriba Həyati və dərginin Yazı işləri müdiri Türkan Urmulunun məqalə və şeirlərinin də yer aldığı bu sayda yaradıcı qadınların əsərləri nisbətən üstünlük təşkil edir. Yazar və tərcüməçi Ülkər Ucqarın “Ağ Alma” və ədəbiyyat: Dilin erkək zatı” adlı məqaləsində bir sıra dillərdə kişilərin dominantlığı məsələsinə tənqidi nəzər salınmışdır.

Cəfakeş naşirlər dərgini mövcud duruma görə yalnız Güney Azərbaycanda pulsuz olaraq yayır, digər ölkələrdə isə açıq satışa çıxarırlar. Əsasən Çağdaş Güney Azərbaycan ədəbiyyatına həsr ediləcək dərginin redaksiya heyətinin üzvü, hazırda Norveçdə mühacirət-də yaşayan istedadlı şair və araşdırıcı Hadi Qaraçay “Amerikanın səsi”nə müsahibəsində qeyd edir ki, “Ban” dərgisi Güney Azərbaycanda mövcud olan dirəniş ədəbiyyatının nəzəri təməllərini tanıtmaq və onun əməli nümunələrini ortaya qoymaq məqsədilə yaradılmış-mışdır. Lakin redaksiya heyəti üzvlərinin çoxunun Türkiyədə yaşaması, habelə bu ölkənin Türk dünyasının ədəbiyyat mərkəzinə çevrilməsi və bütün Türk xalqlarının burada təmsil olunması səbəbindən dərginin İstanbul şəhərində nəşr olunması zərurətini doğurmuşdur: “Hədəfimiz istiqamətində dərgidə başqa Türk xalqları, habelə Türkiyə türkcəsində yaradılan əsərlərə də yer veriləcəkdir“ deyən Hadi bəy ümumiyyətlə qadın ədəbiyyatçıların əsərlərinə xüsusi önəm verdiyini “İran Azərbaycanında türk dilində yazan qadınların əsərlərinin keyfiyyət və kəmiyyət baxımından çox yüksək səviyyəyə çatması ilə əlaqələndirmişdir (44).



Dərginin şeir bölümünə rəhbərlik edən H.Qaraçay (Qeyd edək ki, şairin “Beçələr Banlayanda” və “Badamlıqlar” adlı şeir kitabları böyük oxucu rəğbəti qazanmışdır) dərc edilən əsərlərdə işlədilən türkcənin həm Türkiyədə, həm də Azərbaycan Respublikasında başa düşüləcək üslub və səviyyədə olmasına da diqqət çəkir və bunu təsadüfi hesab etmir. Çünki İran Azərbaycanında yazılan türkcə də bu xüsusiyyətə malik olduğundan dərgi əməkdaşları belə bir dil üslubuna əsaslanmağı gərəkli saymışlar. Elinin, yurdunun və doğma Türkcənin böyük təəssübkeşi mövqeyi bütün yaradıcılığında yansıyan Hadi Qaraçayın fikrincə, yeniliklər yaratmaq və yeni sözlər işlətmək dilə zərbə vurmur, əksinə, onun daha da inkişaf edərək gəlişməsinə yol açır: “Bizim dövlətimiz olmadığı üçün, Türkiyədəki Türk Dil Qurumu kimi bir imkan əldə etmək şansımız yoxdur. Buna görə də bu vəzifə dərgilərin üzərinə düşür (45).” O, Türk Dil Qurumunun yaradıcılıq təcrübələrindən və təklif etdiyi sözlərdən yararlanmağın gərəkliliyinə inandığını söyləyir.

Deməli, Güney Azərbaycanda ədəbi proses durmadan inkişaf edir... Yenə də təkcə qəbir daşlarını daima üstümüzə kölgə saldığına görə önəmsəyən Ramin Cahangirzadənin “Daş yağışını” xatırladım...



Daş üstündə əyləşən qoca

Çəliyini göyə tutub

Tanrıdan yağmur istəyir.

Buludları hardasa gizlətmişdi tanrı.

Axı bir zamanlar

Daşlarla tanrının arasında

Böyük bir müharibə gedirdi.

Min illər daşlar

Tanrıya qalib gəlmişdi.

Tanrı daşların acığına

Yağdırmadı buludlarını...

Görəsən daşlar

Yenə ayağa qalxacaqlarmı?!!(30.s.34).

Doğrudan da, insanın içindən istər-istəməz belə bir sual keçir və cavabını almaq istəyirsən: - Görəsən daşlar yenə ayağa qalxacaqlarmı?! Və daşların qalibiyyəti bağrı çatlamış tor-paqlara məlhəm yağışı yağdıracaqmı?! Xalq azadlıq nəğməsini bir daha oxuya biləcəkmi?!

Qəribədir, bu məqamda Türkan Urmulunun Sizlərə-çox dəyərli oxucuların qulluğuna sunduğum “Hələ də ən sevdiyim” şeirini oxuduqdan, gənc bir yazar qızın misraların arasın-dan boy verən böyük Azərbaycan sevgisinə, öləsiyə Ana dili sevdasına tanıq olduqdan sonra, bir daha əmin oldum ki, əlbəttə, bu xalq azadlıq nəğməsini bir daha, özü də əbədi olaraq oxuya biləcəkdir!

Hələ də ən sevdiyim

yağışdır baharlarda anımsayıram

sənlə hülü ağaclarının çiçəklərinə

qonaq gedəcəkdik Urmuda!

Nəysə...

Sevirəm hələ də gecəni

Gecələrdə Şam yandırmağı

Yatmadan öncə Aya baxmağı

Göy buludlu deyilsə təbii!!!

Eynidir ürəyim, Dəyişən bir şey yox.

Xəyanətdən ortasında bir ox dışında

Gələn,GedənYox...

Hələ də tapıram

O odlu dumanlı, Başı bəlalı

YURDUMA adın deyim

Adına qurban AZƏRBAYCANa

Hələ də ölürəm mən Anama

Anamın əllərınə, gözlərinə, qucağına.

Sevirən hələ də sənəsəni sevirəm!” deyən dilimə

həyə ... həyə ...

mən ölürəm öz dilimə, özümə, özlüyümə...

hən, eyniyəm mən, özüməm, buraxdığın kimi!

heç dəyişməmişəm, dəliydim yalnız

zır dəliyə dönmüşəm!

Göründüyü kimi, ədəbiyyatın ictimai mahiyyətini və özünü dərketmə olduğunu anlayan insanlar həmişə çalışmışlar ki, sənətkarlar cəmiyyətin arzu və istəklərinə ehtiram göstərsin və bu istəklərin gerçəkləşməsində bilavasitə iştirak etsinlər. Ədəbiyyat nəzəriyyəçisi Jan Pol Sartr bu tendensiyanı belə dəyərləndirir və: “Gün gələcək ki, qələm susmaq məcburiyyətində qalacaq və o zaman yazıçı silah götürməlidir... Yazmaq bir növ azadlıq istəyidir. Bu işə girişmisinizsə, istər-istəməz bağlanacaq və onunla məşğul olacaqsınız”, - deyirdi. Deməli, yazıçı, yaxud şair əsərinin dəyərini onun əbədiyaşar-lılığının, uzun ömürlü olmasının sirrini cəmiyyətə hörmət etməkdə, ictimai məsələləri bəyan etməkdə və sonucunu gözləməkdə görür, hətta lazım gəldiyindən də artıq dərəcədə bu məsələlərlə uğraşır. Son nəticədə cəmiyyət ona dəyər verir və bəzi hallarda, hətta öz sənətkarını inadla müdafiəyə də qalxır. Odur ki, Güney Azərbaycanın yazarları böyük Vətənin Cənub parçasında xalqın milli haqq və hüquqları, milli kimlik, milli dövlətçilik uğrunda mücadiləsi və bu mücadilənin ədəbi-bədii müstəvidə əks etdirilməsi prosesi bu gün də davam etməkdədir.



Sözardı: Lap bu günlərdə Təbrizdə doğulub böyümüş söz adamı, mənim də çox təqdir elədiyim yöndə-klassika ilə çağdaşlığı bir ortama gətirərək maraqlı əsərlər yazan Qulamrza İbrahim oğlu Danişvər Azəryarla görüşdüm, ağrı-acılarla dolu həyat hekayəsini dinlədim və yaradıcılığı ilə tanış oldum. Azəryar gözəl səsi və qüsursuz diksiya ilə şeirlərindən nümunələr oxudu... Onu dinləyir və düşünürdüm: Bir xalqın elinin əsir alınması, dilinin yasaqlanması onun ən böyük sağalmaz yarasıdı... Və o xalq nə qədər ki, öz bağımsızlığına qovuşmayıb, dili yasaqlardan qurtulmayıb, onun Azəryar kimi şairləri hələ çox yaranacaq, “Lalam mən” kimi şeirlər yazacaq, doğal haqq və hüquqları uğrunda mübarizə aparacaqdır:

Yenə payız şəhərimə çəkdi rəng,



İl başladı mədrəsələr çaldı zəng.

Haray gəldi mədrəsədən dəng-dəng

Çantamı mən götürmüşəm əlimdə,

Eyvay, yenə dilim qaldı evimdə.

Dərs verilir dünyanın hər yerində

Uşaqlara öz ana dillərində

Hərə oxur öz baba tarixin də

Mənsə burda özgə dildə ağlıram,

Dəftərimi tərsədən varaqlıram.

Əvvəl günü, düşdü dilim dəyərdən,

Atalara pedər deyildi birdən

Ana oldu madər, yuxu oldu xab

Hər sözümə tərsədən aldım cavab.

Başlandı fikrimdə o gündən əzab

Anam yalancıdır, yoxsa müəllim?!

Doğrusu hansıdır bəs mənim dilim?!

Bu gündə başladı yenə mehr ayı,

Bu ildə bilirəm o birinin tayı.

Əzab çəkib gözləyəcəyəm yayı

Yayda bəlkə danışım öz dilimdə

Eyvay, yenə dilim qaldı evimdə!

Dərd bir olsa, iki olsa, dözərəm!

Qarşımda yol dəniz olsa üzərəm

Ceyran olub dağ - dərəni gəzərəm

Amma deyənmərəm özgəyə ana!

Önümdə öz anam od tutub yana!

Mənim anam madər deyil, anadır,

Hamı dil bir yana, o bir yanadır

Fəxri dünyalara, nə İranadır

Nədən yasaq olub mənim öz adım?!

Niyə çatmır elə, səsim, fəryadım?!

Azəryaram, öz dilimə bağlıyam.

Yeri vardır, vay deyəm, qanağlıyam,

Bu dərdə mən,bir ömürdür dağlıyam.

Odda yanır, ayım, günüm, ilim də!

Eyvay, yenə dilim qaldı evimdə!(57)
Bu gün ilk baxışdan sevindirici təsir bağışlayan bir xəbər duyduq efirlərdən: İran İslam Respublikasının yeni prezidenti Həsən Ruhani ö lkədəki azsaylı xalqlara və İran əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinə də ana dillərində oxuyub təhsil almaq hüququ verəcəyini və ana dilində-doğma türkcədə təhsil alması üçün məktəblər açılacağı barədə sərəncam vermişdir… Daha türk dilində danışan dillər lallıqdan çıxacaq, xalq uzun illər gözlədiyi hüququna, haqqına qovuşacaq! Kaş bütün bunlar tezliklə bir gerçək olaydı…

Q a y n a q ç a:


  1. Kult.az.,16 iyul 2008-ci il.

  2. www.dayaq.org-internet saytı.

  3. http:meliheezizpur.blogfa.com.

  4. Mahatma Qandi. Bütün insanlar qardaşdır, Bakı: “Qanun” nəşriyyatı, 2012, 248 s., Çevirisi: Güntay Gəncalpındır.

  5. Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri, Bakı: “Avrasiya Press”, 2005, 152s.

  6. anlam.biz.Berlin, 27 mars 2013.

  7. www.aziz-salami.info.

  8. Dayaq.orq-internet saytı.

  9. Rəsul Yunan.“Mən Çin məhəlləsində itmişəm, Şeir toplusu, Bakı: “DAYAQ” yayınları, 2011.

  10. “Üç kitabın yaratdığı təəssürat”, “525-ci qəzet”, 29.01.2010.

  11. “BayBək, Bir Millətin səsi - http://www-azr.baybak.com.

  12. “Alatoran”jurnalı, 2004, sayı 4.

  13. “Ədəbiyyat” qəzeti, 2011-ci il.

  14. www.dusharge.blogfa.com.

  15. V.Əhməd. Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr, Bakı:

2010, 349 s.

  1. http://doqquziklim.net/-internet saytı.

  2. Hüseyn Cavid. Müharibə və ədəbiyyat. “Açıq söz” qəzeti, 26 oktyabr 1915-ci il.

  3. Əli Kərim. Seçilmiş əsərləri. Bakı: “Lider”, 2004, 336 səh.

  4. Ali Qafqasiyalı. İran Türk Ədəbiyyatı Antolojisi, 5-ci ciıld, Atatürk Üniversitesi Basımevi, Erzurum – 2002.

  5. “Hayal” dergisi, Sayı: 23, Ekim-Kasım-Aralık, 2007.

  6. Kiyan Xiyav. Sarı saatlar dənizində, “Dayaq” yayınları, V1 kitab, Bakı: “Qanun” nəşriyyatı, 2010, 108 s.

  7. “Azərbaycan” jurnalı, Bakı: 2008, №1.

  8. Məlihə Əzizpur. Mənə bir küçə bağışla, Bakı: “YEK Production”, 2012, 104s.

  9. “Düşərgə” org-internet saytı.

  10. www.bulaq.info-internet saytı.

  11. Ağıla və Qəlbə işıq saçan sözlər. (Tərtib edənlər:M.Cəfərov, S.Ramizoğlu) Bakı: “Nurlar”- 2011, 568s.

  12. Prof.Dr.Ali Daşkın. Əsir Topraq, 1.çap, 192 s., Təbriz: Özəl yayınevi, 2013.

  13. Ali Daşkın. Gönül saksısı, Bakı, Avrasiya-Press Beynəlxalq Yayınevi, 2005.

  14. http://oguzturk.ucoz.com

  15. Ramin Cahangirzadə.Daşlar, “Dayaq” yayınları, Bakı: “Nurlan”, 2011,48s.

  16. İsmayıl Ülkər. Sevda yoldaymış, Şeir toplusu-2005-2008, “Dayaq” yayınları, Bakı: 2011.

  17. Huşəng Cəfəri Zəncanlı. Günəş, Təbriz: İntişarate-Pinar Kərəc: 2009.

  18. Litparad-internet saytı, 19.10.2005.

  19. Məmməd Rza Təbrizli, Qartal balası (Hekayələr), Təbriz: 2011.

  20. Aziz-salami.info-internet saytı.

  21. http://profliqa.blogspot.com-internet saytı.

  22. Sayman Aruz (Həsənzadə). Yüz il inqilab (Roman), Bakı: “Qanun”, 2012.

  23. https://sites.google.com/site/tenqid/

  24. www.qanun.az-internet saytı.

  25. Ruqəyyə Kəbiri. Təbrizim al təbimi, Şeir toplusu, Təbriz: Nəbati yayın evi, 1390-2011.

  26. Ruqəyyə Kəbiri. Ürəyim ağrıyır, Bakı: "Qanun", 2012, 140 s.

  27. E.M.Əlibəyzadə. Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları, Bakı: “Elm”, 2007.

  28. davam.az-internet saytı.

  29. http://az.wikipedia.org-internet saytı.

  30. www.amerikaninsesi.org-internet saytı.

  31. www.azadliq.orq.

  32. Qadir Ceferi  Poema özəlliyi və poetika gözəlliyi (Qeydlər), 24 Mart 2013, saat 13:05

  33. Ədəbiyyat qəzeti, 29 aprel 2011-ci il.

  34. https://www.facebook.com/tabriz/

  35. http://dashqapi.blogspot.com/

  36. Əli Daşqın. Zaminim sevgidir (Şeirlər toplusu), II çap, Təbriz-Bakı, Vektor yayınevi, 2011, 488 s.

  37. http://www.memmedaraz.az

  38. Azərtürk dərgisi-nou, 2010

  39. “Varlıq” dərgisi, Latın qrafikasına çevirən Umud Urmulu.

  40. http://valigozeten-ozlem.blogspot.com.

  41. www.eyvaz.org-internet saytı.

  42. Azəryar Danişvər. Təbriz-saeb, 1388-2009.

*"Azərbaycan" jurnalı. N 9, 2005; "Alatoran" jurnalı. N 12 və 13, 2008;



«Iranian Azerbaijani Literature». Exiled Ink! (10). Oman, 2008); Azərtürk dərgisi-nou, 2010.

**Lent.az; www.dayaq.org; sia.az/; az/news/culture/; az.baybak.com; azerbaycanliyam.com/; xalqqazeti.com.



Son olaraq qeyd edim ki, bu çalışmam hələ bitməyib, sadəcə, əlimə gəlib çatan, internet səhifələrində izləyə bildiyim materiallar əsasında imkanım daxilində təhlil apardım... Ancaq tədqiqatımı davam etdirməm üçün yardım göstərmənizi, ədəbi-bədii kitabları, araşdırma-eleştiri yazılarınızı esmirafuad@mail.ru e-mail adresimə göndərmənizi Sizdən rica edirəm, sevgili ədəbiyyatsevərlər...Güneyli bacı və qardaşlarım...


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə