ŞƏXSİYYƏTİN İNKİŞAFI VƏ FORMALAŞMASI MƏSƏLƏLƏRİ
Əhatə olunan məsələlər:
.
1.Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə.
2.Şəxsiyyət, onun inkişafı və tərbiyəsi.
3.Şəxsiyyətin pedaqoji-psixoloji xüsusiyyətləri.
4.Şəxsiyyətin strukturu.
5.Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı konseptual fikirlər.
6.Şəxsiyyətin inkişafı və tərbiyəsində irsiyyətin rolu.
7.Şəxsiyyətin inkişafı və tərbiyəsində mühitin rolu.
8.Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin rolu.
9.Şəxsiyyətin inkişafı və tərbiyəsində “qoşa amil” nəzəriyyəsi.
10.Şəxsiyyətin inkişafında müxtəlif fəaliyyət növlərinin rolu.
1. Şəxsiyyətin inkişafı haqqında
tarixi nəzəriyyələrə xülasə
Şəxsiyyət problemi, onun müxtəlif yönlərdən öyrənilməsi hələ antik
filosofların marağına səbəb olmuş və Sokrat, Platon, Aristotel şəxsiyyətin inkişafı
və formalaşması haqqında dəyərli fikirlər söyləmişlər.
Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və qarşılıqlı əlaqələri Şərq
fəlsəfəsinin, pedaqoji, psixoloji fikrinin də həmişə hədəfi olmuş, bu istiqamətdə
Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Nəsirəddin Tusinin, Əvhədinin, habelə
Sədi Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli
fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur.
Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri və onun dövrləri
Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer tutmuş, bu barədə xalqın
düşüncə və fikirləri, mülahizələri bütün dövrlərdə yüksək dəyər və qiymətə malik
olmuşdur.
Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlayaraq istər
Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə pedaqoq və psixoloqlar
daha ciddi və sistemli tədqiqat işləri aparmış, çoxsaylı məqalələr, elmi əsərlər
yazıb-yaratmışlar. Bu sahədə aparılan tədqiqat işləri çox geniş bir sahəni əhatə
etdiyindən müəlliflər şəxsiyyətin çoxyönlü sahələrini, müxtəlif cəhətlərini diqqətlə
araşdırmışlar. Digər tərəfdən də şəxsiyyət problemi ilə təkcə pedaqoq və
psixoloqlar məşğul olmamış, bu problemin tədqiqi ilə həmçinin filosoflar,
sosiloqlar, bioloqlar, fizioloqlar, erqonomiklər məşğul olmuş və problem bir çox
humanitar elm sahələrinin – etika, estetika, hüquq elminin həmişə tədqiqat obyekti
olmuşdur.
Pedаqоgikа şəxsiyyəti tərbiyənin оbyekti, fəаliyyəti isə subyekti bаxımındаn
öyrənir, şəxsiyyətin inkişаfındа tərbiyənin mövqeyini, onların qarşılıqlı əlaqələrini
meydаnа çıxаrır.
Bütün bunlarla bərabər şəxsiyyət probleminə müxtəlif cəhətlərdən və
mövqelərdən yanaşılmış, xeyli ciddi əsərlər yazılmış və ardıcıl olaraq da bu sahə
tədqiq edilməkdədir.
Şəxsiyyət dedikdə, şüurlu fəaliyyət göstərən, sosial münasibətlərdə iştirak
edən, yaxşı əməllər sahibi olan, ətrаf aləmi yaxşılaşdıran və ya bu barədə düşünən
xeyirxah, humanist insan nəzərdə tutulur.
Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı sistemli tədqiqat işləri 1930-cu
illərdən etibarən başlamışdır. 1930-cu illərdə şəxsiyyətin əxlaq tərbiyəsində şüurlu
intizam tərbiyəsinin roluna dair ilkin tədqiqatlar meydana gəldiyi zaman B.B.
Komarovski, A.O.Makovelski, M.Rəhimli refleksoloji, biogenetik, sosiogenetik
nəzəriyyələr irəli sürdülər. Həmin dövrün tədqiqatlarında şüurlu intizam
tərbiyəsinin yeni yollar axtarışında şüuraltı və qeyri-şüuri proseslər pedaqoq və
psixoloqların əsas diqqət mərkəzində idi. Xarici ölkə pedaqoji konsepsiyalarına,
xüsusilə Avstriya alimi Z.Freydin tədqiqatlarına o zamanlar hələ qadağa
qoyulmamışdı. Tədqiqatçılar əxlaqi aktların dəyişməsindən (sublimasiyasından),
təcavüzkar əməllərin mexanizmlərinin öyrənilməsindən həvəslə yazır, uşaqlarla
tərbiyəvi işin elə formasını axtarırdılar ki, şəxsiyyətin hərtərəfli inkişafına,
şəxsiyyətin mənəvi gücünün açılmasına imkan yarana bilsin.
1930-cu illərin əvvəllərində irəli çəkilən şəxsiyyətin hərtərəfli və harmonik
inkişafı problemi çox keçmədi ki, tədqiqatlardan sıxışdırılıb çıxarıldı. 1950-1960-
cı illlərdə sosial-fəlsəfi və pedaqoji ədəbiyyatda hərtərəfli inkişaf etmiş şəxsiyyət
modeli yenidən üstünlük təşkil etməyə başladı. Amma hazırlanmış belə bir
modeldə şəxsiyyətin ahəngdar inkişafı unudulmuş, şəxsiyyətin bütövlüyü ideyası
öz əksini tapmamışdı. Bəzi pedaqoq tədqiqatçılar şəxsiyyətin hərtərəfli inkişafını
peşə universallığı ilə eyniləşdirirdilər.
Həmin dövrdə "şəxsiyyət", "hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyət"
anlayışları geniş işlədilsə də, bunlar əsasən, siyasi-ideoloji yönümə, partiyalılıq,
kommunist əqidəsi prinsipinə tabe etdirilmişdi.
Yeni tədqiqatlar hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət nəzəriyyəsini
zənginləşdirdi. Şagirdlərin şəxsiyyətinə güclü təsir göstərən bioloji, sosioloji,
biososial və pedaqoji amillər arasındakı qanunauyğunluqlar aşkar edildi və tədqiq
edilməyə başlandı. İctimai və şəxsi maraqlar probleminin şəxsiyyətin inkişafında
mövqeyi aydınlaşdırıldı, bu münasibətin şəxsiyyətin bütövlüyündə, mənəvi və
fiziki cəhətdən inkişafında böyük rolu göstərildi.
1960 və 1970-ci illərdə şəxsiyyətin hərtərəfli öyrənilməsi, şəxsiyyətin
təlimini, tərbiyəsini və inkişafını qarşılıqlı əlaqədə, vəhdətdə-kompleks olaraq
həyata keçirilməsi tədqiqat işlərinin mərkəzində dururdu. Şəxsiyyətin inkişafına
kompleks yanaşmaq şəxsiyyətin düzgün tərbiyəsi üçün əsas şərt hesab edilirdi.
Təəssüflər olsun ki, sonrakı illərdə bəzi tədqiqat işlərində şəxsiyyətin tərbiyəsində
bu ideya nəzərə alınmamışdı.
1979 - 1980-cı illərdə sırf şəxsiyyət probleminə, şəxsiyyətin inkişafına və
formalaşmasına həsr olunmuş kitablar da meydana gəldi. Şəxsiyyət problemini