Шүбһә доғуран суаллар



Yüklə 1,27 Mb.
səhifə2/6
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#42570
1   2   3   4   5   6

-“...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona buyurdu: Səni insanlara imam təyin edəcəyəm.68

İslam Peyğəmbəri (s) buyurdu: “On iki imam bu ümmətə hakim olduqda onun işləri qaydasındadır.”69

Həzrət Peyğəmbər (s): “Məndən sonra on iki canişinim var: birincisi Əli ibn Əbu Talib, sonuncusu Mehdidir (ə).70
Sual 47: Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

Cavab: Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din siyasətdən ayrıdır. Əslində xristianlıq təlimində cəmiyyətin ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil.

Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından deyilir: “Mənim rəhbərliyim bu dünyaya aid deyil”; “Padşahın malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq təlimindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir.

Kilsə hakimiyyətinin əsas müddəalarından biri budur ki, hakim xalqın yox, yalnız Allahın qarşısında məsuldur. “Hakimə qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”, deyilir.

İslam hökuməti isə öz ilahi təliminə əsasən, cəmiyyətin dünya və axirət səadəti üçün çalışır. Bu hökumət üçün əsas və nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları mövcuddur. O cümlədən:

−hakimin şərtləri (xüsusiyyətləri);

−daxili və xarixi siyasətin tənzimi;

−cəmiyyət və hökumətin hüquq və vəzifələri;

−iş yerlərinin təşkili, fəsadla mübarizə;

−ictimai fəallığın təmini;

−ilahi dəyərlərin aktuallığı;

−ictimai qüdrətin qorunması və istiqamətləndiril-məsi.
Sual 48: Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında fərq varmı?

Cavab: Məqsəd cəmiyyətin səadəti olduğundan, bu hökumətlər ixtiyar nöqteyi-nəzərincə fərqlənmirlər.

Bəs fərq nədədir? Məsələn, həzrət Peyğəmbər (s) insanların şəxsi işlərinə müdaxilə edə bilirdisə, dini rəhbərin (“vəliyyi fəqih”) belə bir səlahiyyəti yoxdur. Bəli, peyğəmbər və imamın mənəvi müqavimət haqqı var. Bu isə hökumətin vəzifəsi deyil.


Sual 49: Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?

Cavab: Dini hakimiyyət hakimin yox, xalqın ehtiyacıdır. Şübhəsiz ki, əxlaqsız həyat yaşayan şəhvətpərəst, şərabxor, kübar insanlar dini hakimiyyətə qarşı çıxasıdır. Bu etiraz kütləvi şəkil aldıqda cəmiyyət dini hakimiyyətdən məhrum olur. Çünki İslam dinində hakimiyyətin zorla qəbul etdirilməsinə icazə verilmir.

Ümumiyyətlə, hökumətə dörd münasibət mövcuddur:

−ilahi hökuməti xalqın qəbul etməsi (İslam peyğəmbərinin hökuməti)

−qeyri-dini hökuməti qəbul etməsi

−ilahi hökuməti xalqın qəbul etməməsi (imam Həsən (ə) məhz bu münasibətə görə hakimiyyətdən uzaqlaşdı)

−qeyri-dini hökuməti xalqın qəbul etməməsi

Bəli, əgər cəmiyyət kütləvi şəkildə dini rəhbərin səsinə səs vermirsə, zora əl atmaq caiz sayılmır.
Sual 50: Dini hökumət diktaturanın bir növü deyilmi?

Cavab: Diktaturanın bəzi xüsusiyyətlərini sadalayaq:

−Diktatura heç bir sabit qanuna istinad etmir (İslamda isə Qurani-kərim kimi hidayət kitabı mövcuddur.)

−İstənilən bir yolla hakimiyyətə çatmaq (İslamda xalqın istəyi əsas şərtdir.)

−Canişin üçün heç bir maneənin olmaması (İslamda ən ləyaqətli insan rəhbər ola bilər.)

−Cəmiyyətdə qorxunun hakimliyi (İslam hakimiyyəti insanları qorxu yox, inam kölgəsinə çağırır.)

Həzrət Əli (ə) ərz edir: “Pərvərdigara, Sən özün yaxşı bilirsən ki, biz hakimiyyət, dünya malı arzusunda deyilik. Biz yalnız Sənin dinini ayağa qaldırmaq, diyarında islahat aparmaq istəyirik ki, məzlum bəndələrin amanda qalsınlar…”71


Sual 51: Nə üçün imam Hüseyn (ə) Müaviyəyə qarşı qiyam qaldırmadı? Məgər Müaviyə öz oğlu Yəzid kimi zalım deyildimi?

Cavab: İmam Hüseyn (ə) Müaviyənin hakimiyyəti dövrünə təsadüf etmiş on bir illik imamət dövründə (qəməri 49-60) ona çox müqavimət göstərmişdir. İmam öz məktublarından birində Müaviyənin cinayətlərini sadalayır, onun hakimiyyətini müsəlmanlar üçün ən böyük fitnə adlandırır. Həzrət (ə) Müaviyə hökumətinin qanuniliyini sual altına alaraq, ona qarşı cihadı ən yaxşı əməl hesab edir, bu cihadı tərk edənləri tövbəyə çağırır.72

Amma İmamın (ə) Müaviyəyə qarşı qiyam qaldırmasının köklərini tanımaq üçün imamın öz sözlərindən əlavə, bəzi tarixi təhlillərə nəzər salmağa məcburuq.



Sülh barədə müqavilə
İmam Hüseyn (ə) Müaviyənin məktublarına cavablarından birində onun imam Həsənlə (ə) bağladığı sülh müqaviləsini xatırlayır və bu müqaviləyə sədaqətli olduğunu bildirir. Maraqlıdır ki, Müaviyə həmin müqaviləni pozub Kufəyə daxil olduğu halda, nə üçün imam Hüseyn (ə) bu müqaviləni pozmaq istəmir? Əgər Müaviyənin sözlərinə diqqət yetirsək, onun bu müqaviləni pozduğunu hiss etmərik. O deyir: “Mən Həsənə bəzi şeylər vəd etdim.” Müaviyə, güman ki, verdiyi vədləri həmin müqavilənin şərti kimi qəbul etmədiyindən özünü həmin müqaviləyə sadiq bilir.

Müaviyənin siyasi şəxsiyyətini imam Hüseynin (ə) siyasi şəxsiyyətindən fərqləndirmək lazımdır. Bu fərq Müaviyə ilə həzrət Əli (ə) arasında da mövcud idi. Müaviyə öz məqsədinə çatmaq üçün hər zaman yalan və hiyləyə əl atmağa hazır olmuşdur. Onun həzrət Əli ilə çarpışmaları dövründə belə hiyləgərliklər çox baş vermişdir. Osmanın qətli bəhanəsi, Təlhə və Zübeyrin qızışdırılması, Süffeyn döyüşündə Quran vərəqlərinin nizələrə sancılması, həzrət Əliyə (ə) tabe şəhərlərə gecə basqınları bu hiylələrin kiçik bir hissəsidir.

Amma imam Hüseyn (ə) elə bir məktəbə bağlıdır ki, müvəffəqiyyətə çatmaq üçün istənilən vasitəyə (məsələn, hiyləyə) əl ata bilməz. Həzrət Əli (ə) “mən heç vaxt zülm-sitəmlə qələbə əldə etməyə hazır deyiləm” buyuruğu ilə əqidəsinə işarə edir.73 Bəli, məhz bu əqidəyə əsasən, imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) Müaviyə ilə bağladığı müqabiləni poza bilmir.

Həmin dövrün şəraitini də nəzərə almaq lazımdır. Müaviyə həmin vaxtlar Şamdan Yəmənədək ərazini əhatə edən İslam hökumətinin şəriksiz hakimi idi. Bu ərazinin istənilən bir nöqtəsində Müaviyənin siyasəti təbliğ olunurdu.

Həzrət Əli ilə çarpışmalar zamanı Osmanın qətlinə səbəb olmuş fitnələrdə özünü günahsız tanıtdıran Müaviyə hətta bu qətlə qarşı çıxır, Şam əhlinə özünü Osmanın müdafiəçisi kimi tanıtdırırdı. İndi isə həzrət Əli (ə) də yox idi və Müaviyə öz istəklərini çox rahat həyata keçirirdi. Belə bir vaxtda imam Hüseyn (ə) müqaviləni pozub qiyam qaldırsaydı, Müaviyə çox rahatlıqla onu xəyanətkar kimi tanıtdırardı. Müaviyə ictimai fikri istədiyi tərəfə döndərə bildiyi bir zamanda imamın səsi xalqın qulağına çatmır, müqaviləni ilkin pozmuş Müaviyəni xalqa tanıtdırmaq üçün göstərilən səylər müvəffəqiyyətsizliyə uğrayırdı.
Müaviyənin nüfuzu
Həmin dövrdə Müaviyə xalq arasında, xüsusi ilə, şamlıların gözündə çox müsbət bir sima kimi tanınırdı. Müsəlmanlar Müaviyəni peyğəmbər səhabəsi, Peyğəmbərin (s) arvadının qardaşı kimi tanıyır və onun İslamın möhkəmlənməsində (Şam və Dəməşqdə) böyük rola malik olduğunu düşünürdülər.

Hakimlik təcrübəsi və yaşının çox olması Müaviyəni imam Həsən (ə) və imam Hüseyndən (ə) daha çox nəzərə çarpdırırdı. Müaviyə imam Həsənə (ə) yazdığı məktublarda daha ləyaqətli olduğunu isbat etmək üçün bu iki xüsusiyyəti xatırladırdı. Bu iki xüsusiyyət Müaviyəyə imam Hüseynə qarşı daha çox manevr imkanları verirdi.


Müaviyənin siyasətbazlığı
İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan sonra Əhli-beytə zərbə vurmaq üçün bütün vasitələrə əl atan, hətta imam Həsənin (ə) şəhadətinə nail olan Müaviyə zahirdə özünü bu ailənin dostu kimi göstərir, onlara tez-tez hədiyyələr göndərirdi. İslam büdcəsindən (beytül-mal) göndərilən bu payları imamlar ona görə qəbul edirdilər ki, bu büdcəyə sahiblik və onun xərci məhz onların haqqı idi. Müaviyənin bu münasibəti o yerə gedib çıxır ki, ölüm astanasında oğlu Yezidə imam Hüseyni (ə) tapşırır, onu qətlə yetirməməyi tapşırır.

Belə bir siyasətin səbəbləri aydındır. İmam Həsənlə sülhə nail olmuş Müaviyə öz hökumətini qanuniləşdirmiş, özünü qanuni xəlifə kimi tanıtdırmışdı. O, əlini imamın qanına açıq-aşkar bulaşdırmaqla nüfuzunu itirmək istəmirdi. Əksinə, özünü bu ailəyə yaxın verməklə daha çox nüfuz qazanırdı.

Müaviyə imam Həsən (ə) və imam Hüseynə (ə) qiymətli bir hədiyyə göndərərkən onlara minnət qoyaraq belə yazmışdı: “Bilin ki, mən Hindin oğluyam. And olsun Allaha, məndən əvvəl sizə belə hədiyyələr verən olmayıb və məndən sonra da olmayacaq.” İmam Hüseyn (ə) ona belə cavab verir.” And olsun Allaha, nə səndən əvvəl, nə də səndən sonra heç kəs bizim kimi fəzilətli qardaşlara hədiyyə vermək imkanına malik olmayıb və olmayacaq.”74

Digər bir tərəfdən Müaviyə tünd rəftarın ciddi reaksiyalara səbəb olacağını bilirdi. İmamlarla kəskin rəftar xalqın diqqətini Peyğəmbər (s) ailəsinə cəlb edər, Müaviyə hökumətinə nifrət yaradardı. Ən əsası Müaviyə həmin vaxt imam Hüseyn (ə) tərəfindən ciddi bir təhlükə hiss etmirdi. Beləcə, öz siyasəti ilə yaranmış mühiti yaşatmağa çalışırdı. Digər bir tərəfdən imam Hüseyn (ə) Müaviyə hökumətinin qeyri-qanuniliyini xalqa çatdırmaq üçün bütün fürsətlərdən faydalanırdı. İmam (ə) Müaviyəyə yazdığı məktublarda onun cinayət və bidətlərini xatırladır, Yezidin canişinliyinə etiraz edirlər.75 Əlbəttə, imam gözəl başa düşürdü ki, Müaviyəyə qarşı qiyam onun təbliğatları nəticəsində xalq tərəfindən dəstəklənməyəcək.


Mövcud şərait
Bir qrup Kufəli imam Həsənin (ə) şəhadətindən sonra dərhal imam Hüseynə (ə) məktub yazıb onun əmrini gözlədiklərini bildirsələr də, imam mərkəzi Şam hökumətinin Kufəyə təsirindən və kufəlilərin həzrət Əli (ə) və imam Həsən (ə) ilə bir zamankı pis rəftarından xəbərdar idi. Belə bir şəraitdə qiyam qaldırmaq az saylı dostları qiyamçı kimi tanıtdırmaq və nəhayətdə məhv edilməkdən başqa nəticə verə bilməzdi. Yezidin hakimiyyəti dövründə isə vəziyyət tamam başqa idi.
Sual 52: Nə üçün İmam (ə) Mədinədə qiyam qaldırmadı?

Cavab: İmam (ə) Mədinədə olduğu vaxt Müaviyənin ölümü ümumi şəkildə elan olunmamışdı. Bundan əlavə hələ ki, xalq Yezid hakimiyyətinin necə olacağını dərk etmirdi. İmam Hüseyn (ə), Əbdüllah ibn Zübeyr, Əbdüllah ibn Ömər, Əbdürrəhman ibn Əbubəkr kimi şəxslər Yezidin şərabxor, itbaz və meymunbaz olduğunu bilsələr də, xalqın çoxu Müaviyənin təbliğatının təsiri ilə hələ o ölməmiş oğluna beyət etmişdilər.76

İkinci bir tərəfdən Mədinə qiyam üçün münasib yer deyildi. Mədinə əhlinin böyük bir hissəsi Əhli-beyti sevsə də, bu sevgi fədakarlıq həddində deyildi. Maraqlıdır ki, beyəti pozanlarla da döyüş üçün Mədinə əhlindən kömək istəyən həzrət Əli (ə) də onlardan müsbət cavab almamışdı. Həzrət (ə) bir neçə minlik müxaliflərə qarşı dörd yüz nəfərlik dəstə ilə vuruşmağa məcbur olmuşdu.

Həzrət Peyğəmbərdən sonra Mədinə Əbubəkr və Ömərin siyasətinə tabe olmuşdu. Belə ki, Peyğəmbərdən sonra Ömərin şurasında Mədinənin nümayəndəsi olan Əbdürrəhman ibn Of belə bir şərt qoydu: hökümət həzrət Əliyə (ə) bu şərtlə verilə bilər ki, o, Əbubəkr və Ömərin yolunu getsin. Lakin həzrət Əli (ə) bununla razılaşmadı.77

Həzrət Əlinin (ə) xilafətə çatmasında da Mədinə əhli elə də mühüm rol oynamadı. Müxtəlif İslam ölkələrindən, xüsusi ilə, Kufədən gələn mühacirlər Həzrətin (ə) xilafətini israr edirdilər.

Qüreyşin müxtəlif qəbilələrindən olanlar, eləcə də, Mərvan və ailəsi kimi əməvi quldurları Mədinədə böyük nüfuza malik idilər. Şübhəsiz ki, bu adamlar imam Hüseynin (ə) hər bir hərəkətinə qarşı tədbir görürdülər.

Kufə, Bəsrə, Şam kimi böyük şəhərlərlə müqayisədə Mədinənin əhalisi çox az idi. Bu cəmiyyətin kiçikliyi böyük və taleyüklü bir qiyam qaldırmaq üçün maneə idi.

Tarixi gerçəkliklər sübut edirdi ki, Mədinə qiyam qaldırmaq üçün əlverişsiz yerdir. Bu şəhərdə mərkəzi hökumət əleyhinə qaldırılan qiyam elə əvvəcədən məğlubiyyətə məhkum idi. Qəməri tarixi ilə 63-cü ildə Mədinə də Yezid hökumətinə qarşı qaldırılmış qiyam az bir zamanda yatırıldı. Eləcə də H.Q. 165-ci ildə ələvi Məhəmməd ibn Əbdüllahın, H.Q. 169-cu ildə Hüseyn ibn Əlinin qaldırdığı qiyamlar məğlubiyyətə düçar oldu.

Mədinə əhlinin keçmişi açıq-aşkar bildirirdi ki, onlar Əhli-beyti (ə) əməvi hökumətindən qorumağa hazır deyillər. İllər uzunu bu şəhərin minbərlərindən Müaviyənin təhriki ilə həzrət Əlinin (ə) lənətlənməsi, Mədinə hakimlərinin imama ünvanlanmış çirkin sözləri öz işini görmüşdü. Mədinə əhli deyilənlərin yalan olduğunu bilsə də, səsini qaldırmağa cürət etmirdi. Əməvi quldurlarının siyasətinə Əhli-beyt üzvləri, xüsusi ilə də imam Hüseyn (ə) müqavimət göstərirdi. Bununla belə, onlara yardım əli uzadan tapılmadı.78

Mədinədəki əməvi hakimi Vəlid ibn Ütbə şəhəri ciddi nəzarət altında saxlayırdı. Bir qiyamla cilovu onun əlindən almaq mümkünsüz idi.
Sual 53: Nə üçün imam Hüseyn (ə) Məkkəyə yola düşdü?

Cavab: Əvvəlcə onu qeyd edək ki, imamın Mədinədən çıxmasının səbəbi Yezidin Mədinə hakiminə yazdığı məktub idi. Bu məktubda tələb olunurdu ki, Yezidin bir neçə müxalifindən, eləcə də imam Hüseyndən (ə) beyət alınsın və əks təqdirdə bu şəxslər azad buraxılmasın. Bir sözlə, bu şəxslər qeyd-şərtsiz Yezid hakimiyyətini tanımalı idilər.79

Vəlid ibn Ütbə özxoşuna əlini imamın qanına batırmaq istəməsə də, Mədinədə onu bu işə təhrik edən Mərvan ibn Həkəm kimi quldurlar vardı. Yeziddən məktub alan Vəlid Mərvanla məsləhətləşdiyi zaman Mərvan dedi: “Məncə, dərhal bu adamları Yezidə itaətə vadar etmək lazımdır. Əgər etiraz etsələr, onlar Müaviyənin ölümündən xəbər tutanadək hamısının boynunu vurmalısan.

Çünki onlar Müaviyənin ölüm xəbərini eşidən kimi başlarına adam yığıb müqavimət göstərəcəklər.”

Bu səbəbdən də, müqavimət və qiyam üçün Mədinədə münasib şərait görməyən İmam (ə) şəhəri tərk etmək qərarına gəldi. İmam Hüseynin (ə) Mədinədən çıxarkən oxuduğu Quran ayəsindən məlum olur ki, bu gedişin səbəbi şəhərdəki təhlükədədir. “Musa qorxu içində şəhərdən çıxaraq dedi: Pərvərdigara, məni bu zalım qövmün əlindən qurtar.” 80

İmam (ə) Məkkəyə doğru hərəkət etmək qərarına gəldiyi vaxt hələ ki, başqa şəhərlərin əhalisi Müaviyənin ölümündən xəbərsiz idi. Hələ ki, Yezidə qarşı ciddi müxalifət başlamamışdı və İmam (ə) başqa şəhərlərdən, həmçinin Kufədən dəvət almamışdı. İmam (ə) hicrət üçün elə bir yer seçməli idi ki, orada öz baxışlarını rahatca bəyan edə bilsin. Seçiləcək yerdən imamın (ə) mövqeyi bütün İslam ölkələrinə yayılmalı idi.

Məkkə şəhəri hər iki xüsusiyyətə malik idir. Bu şəhərdə asayiş hökm sürürdü. Kəbə bu şəhərdə olduğundan dünyanın hər yerindən müsəlmanlar ümrə və həcc əməllərini yerinə yetirmək üçün buraya axışırdılar. İmam Hüseyn (ə) burada müxtəlif qruplarla görüşüb, öz müxalifətçiliyinin səbəblərini açıqlaya bilər, İslam maarifini yaymaq imkanı qazanardı. Burada Kufə və Bəsrədən olan müsəlmanlarla əlaqə yaratmaq imkanı vardı.

Qəməri tarixi 60-cı il, şəban ayının üçü, cümə axşamı Məkkəyə daxil olan imam zilhəccənin səkkizinədək şəhərdə fəaliyyət göstərdi.81
Sual 54: Nə üçün imam Hüseyn (ə) öz həcc əməllərini yarımçıq qoyub Məkkəni tərk etdi?

Cavab: Fiqhi baxımdan, imam Hüseynin (ə) həcci yarımçıq qoyması fikri yanlışdır. İmam zilhəccənin səkkizinci günü Məkkəni tərk etdi. Hansı ki, həcc əməlləri Məkkədə ehram bağlamaqla və Ərəfatda dayanmaqla zilhəccənin doqquzuncu günü başlayır. Demək, İmamın (ə) həcci yarımçıq qoyması kimi məşhur söz həqiqətdən uzaqdır.

Bəli, İmam (ə) Məkkəyə daxil olduğu vaxt fərdi ümrə əməllərini yerinə yetirmişdi. Amma fərdi ümrə həcc əməllərinə daxil olmaq deyil.82


Sual 55: Məkkəni qəfil tərk etməyin səbəbi nə idi?

Cavab: İmama (ə) yaxın olan bir çox şəxsiyyətlər ona Məkkədən çıxmamağı məsləhət görmüşdülər. İmamın (ə) bu adamlara verdiyi cavabdan aydın olur ki, o, Məkkədə qalmağı təhlükəli hesab etmişdir. İmam Hüseyn (ə) ibn Əbbasa buyurur: “Başqa yerdə öldürülmək Məkkədə öldürülməkdən daha yaxşıdır.”83

İmam Əbdüllah ibn Zübeyrə buyurur: “And olsun Allaha! Bir qarış Məkkədən kənarda öldürülmək mənim üçün bir qarış Məkkənin daxilində öldürülməkdən daha yaxşıdır. And olsun Allaha, istədiklərini almaq üçün canavar yuvasına sığınsam belə , çəkib çıxaracaqlar.”84

İmam (ə) qardaşı Məhəmməd Hənəfiyyə ilə söhbət zamanı Yezidin onu Allah hərəmində (Məkkədə) öldürmək məqsədini açıqlayır. Bəzi mənbələrdə bildirilir ki, Yezid imam Hüseyni (ə) öldürmək üçün Məkkəyə silahlı adamlar göndərmişdi.85

Yuxarıda deyilənlərdən məlum olur ki, imam öz qanının axıdılması ilə Kəbəyə hörmətsizlik göstərilməsinə razı deyildi. İmam Hüseyn (ə) Əbdüllah ibn Zübeyrə buyurur: “Atam mənə nəql edib ki, Məkkənin ehtiramı oradakı bir qoça görə sındırılacaq. Mən o qoç kimi olmaq istəmirəm.”86 Zaman gəldi ki, Əbdüllah ibn Zübeyr Məkkədə mövqe tutduğu üçün Yezid qoşunu şəhərə daxil olub, onun hörmətini sındırdı.


Sual 56: Nə üçün imam Hüseyn (ə) qiyam üçün Kufəni seçdi?

Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını ikiqat əhəmiyyətli edən bəzi məsələlər var:

İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi idi.

Əbdüllah ibn Cəfər (həzrət Zeynəbin əri), Əbdüllah ibn Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi şəxsiyyətlər imamın Kufəyə getməsinə etiraz edirdilər. Onlar kufəlilərin bir zaman həzrət Əli (ə) və imam Həsəni (ə) tənha qoymalarını xatırladırdılar.

Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn Xəldun kimi tarixçilər imamın bu seçimini siyasi səhv hesab etmişlər.87

İbn Əbbas kimi şəxsiyyətlər bildirirlər ki, İmamın (ə) qarşısında Kufədən başqa Yəmən kimi seçimlər də var idi. İbn Əbbas imam Hüseynə (ə) deyir: “Əgər Məkkədən çıxmaq qərarın qətidirsə, Yəmənə tərəf get. Orada möhkəm qalalar var və Yəmən böyük yerdir. Sən oradan öz tərəfdarlarını və təbliğatçılarını başqa yerlərə göndərə bilərsən.”

Nə üçün imam başqa seçimlərdən imtina etdi? İmamın (ə) uyğun seçimini qeyri-şiə tədqiqatçılar qiyamın hərbi nəticəsini əsas götürərək yanlış hesab etmişlər. Amma şiə alimləri İmamın (ə) hərəkətini təhlil edərək iki nəzəriyyə üzərində dayanmışlar: şəhadət istəyi və ya hakimiyyət istəyi.


Sual 57: İmam Hüseyn (ə) şəhadət məqsədi ilə Kufəyə üz tuta bilərdimi?

Cavab: Bu nəzəriyyənin tərəfdarları öz baxışlarını belə əsaslandırırlar:

Şiə imamlarının hər biri öz ilahi vəzifələri ilə tanış olarkən vəzifələrinin şəhadətlə başa çatdığını görürlər.88

İmam Hüseyn (ə) öz tarixçəsini açarkən belə bir vəzifə ilə üzləşdi: “Vuruş, öldur və bil ki, öldürüləcəksən. Bir dəstə ilə öz diyarından şəhadət üçün çıx və bil ki, onlar yalnız səninlə birgə şəhadətə çatacaqlar.” (“Üsule-kafi”, c2. s.28)

Buna görə də elə əvvəlcədən Allahın istəyi İmamın (ə) şəhadəti olub və imam Allahın iradəsindən çıxa bilməyib. İraqa üz tutmamışdan qabaq yuxuda həzrət Peyğəmbər (s) Allahın istəyini Hüseynə (ə) bildirir. Məhəmməd Hənəfiyyə imamdan Kufəyə hərəkətinin səbəbini soruşduqda imam gördüyü yuxunu ona danışır.

Bu nəzəriyyəyə görə, İmamın (ə) Kufəyə doğru hərəkətdə məqsədi şəhadətdir. Bu baxış İmamın (ə) nə üçün böyük şəxsiyyətlərin məsləhətlərinə qulaq asmadığını aydınlaşdırır. İmam Hüseyn (ə) Kufə əhlini hamıdan yaxşı tanıyırdı. İmam onlar tərəfindən şəhadətə yetiriləcəyini bilərək, öz qurbangahına doğru gedirdi.

Amma bu şəhadətin məqsədi haqqında uyğun nəzər sahibləri arasında fikir ayrılığı var. Bəziləri bu şəhadəti insanların hidayəti (əmr be məruf və nəhy əz münkər) yolunda atılmış addım, İslam ağacının qanla suvarılması kimi dəyərləndirirlər. Bu qan hesabına İslam möhkəmləndi, Yezid (Bəni Üməyyə) rüsvay oldu, yetmiş il sonra bu dövlət süquta uğradı.

Hissə qapılan digər bir qrup isə belə hesab edir ki, bu şəhadətin məqsədi bir növ Hüseyn (ə) ardıcıllarının günahlarının kəffarəsi, imamın öz şiələrinə şəfaətidir. Xristianlar da İsanın öldürülməsini eynən belə yozurlar.

İmamın Kufəyə üz tutmasında məqsədin şəhadət olması nəzərinə bəzi iradlar da var:

Belə bir məqsəd məsum imamların ideal olması ilə uyğun gəlmir. İmam Hüseyn (ə) buyurur: “Mən sizin üçün nümunəyəm”.89

Həzrət Peyğəmbərin (s), əvvəlki imamların bu şəhadət barəsindəki sözlərini, eləcə də imamın öz şəhadətindən xəbərdarlığını qəbul etmək olar. Amma şəhadətin əvvəlcədən bilinməsi onun əsas məqsəd olması demək deyil. İmam Hüseyn (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnaməsində deyir: “Mənim qiyamımda məqsəd babamın ümmətinin islahıdır. Əmr be məruf və nəhy əz münkər etmək qəsdindəyəm. İstəyirəm babam Peyğəmbərin (s) və atam Əli ibn Əbu-Talibin yoluna əməl edəm.”90 Vəsiyyətnamədə sadalanan hədəflər arasında şəhadətdən danışılmadığı göz qabağındadır.


Sual 58: İmamın (ə) İslam hökuməti qurmaq istəyi vardımı?

Cavab: Belə bir baxış ilk dəfə şiələr arasında Seyyid Mürtəza91 tərəfindən bəyan olunmuşdur. İmamın (ə) Kufəyə doğru hərəkəti haqqında verilən suala alim belə cavab verir: “Ağamız Əba-Əbdillah (i. Hüseyn (ə)) yalnız öz qövmünün əhd və əqidəsinə əmin olduqdan sonra, hakimiyyəti ələ almaq üçün Kufəyə yola düşdü.92 Amma bu nəzəriyyə digər şiə alimləri arasında tərəfdar tapmadı. Şeyx Tusi, Seyid ibn Tavus, əllamə Məclisi kimi böyük alimlər bu baxışı rədd etdilər.93

Dövrümüzün bəzi yazarları qeyri-şiələrin şübhələrinə cavab vermək üçün bir daha bu nəzəriyyəni diriltmək istəmişlər. Amma şəhid Mütəhhəri, doktor Şəriəti kimi şəxsiyyətlər uyğun nəzəriyyəni qəbul etməmişdir. Bu nəzəriyyəyə qarşı əsas irad imam Hüseynin (ə) qeyb elminin nəzərdən qaçırılmasıdır.

Amma həmin nəzəriyyənin mahiyyəti, yəni islami hökumət qurmaq məqsədi ilə Yezidə qarşı qiyam qaldırılması Seyyid Ruhullah kimi yüksək şəxsiyyətlər tərəfindən təsdiq olunur. O, müxtəlif məqamlarda bu məsələyə toxunur, dini hökumət qurulması üçün İmamın (ə) səylərini müqəddəs Aşura qiyamının əsas məqsədlərindən biri kimi qeyd edir. Onun Nəcəfdəki çıxışlarından birinə nəzər salaq : “İmam Hüseyn (ə) Müslim ibn Əqili xalqı beyətə dəvət etmək üçün göndərdi. O, zalım hökuməti yıxmaq, islami bir hökumət qurmaq istəyirdi.”94

Bu nəzəriyyənin isbatı üçün bir sıra dəlillər gətirilir:

Mədinədən çıxarkən İmamın (ə) sadaladığı üç hədəf (islah, əmr be məruf, Peyğəmbər və Əli (ə) yolunun davamı) uyğun nəzəriyyənin ən tutarlı dəlilidir.95 Əlbəttə ki, ən böyük islah islami hökumət qurulması sayəsində mümkün olur. Əmr be məruf və nəhy əz münkərin (yaxşıya əmr, pisə qadağa) ən ali dərəcəsi islami hökumətə xas bir işdir. Yalnız İslam hökumətində şəri hakim səlahiyyət sahibi olur. İkinci bir tərəfdən, imam Peyğəmbər (s) və Əlinin (ə) yolunu xatırlatmaqla onların hakimiyyətinə işarə edir.

Kufəlilərin hazır qoşunu və imama ehtiyacdan danışan məktubu bir daha sübut edir ki, onlar Yezid hökumətini qeyri-qanuni bilir və İmamın (ə) Kufəyə gəlib hökumət qurmasını istəyirdilər. Həzrət onların istəyinə cavab olaraq Kufəyə doğru hərəkət etdi. Kufənin şiə başçılarının yazdığı bir məktubda belə deyilir: “Bizim rəhbərimiz yoxdur. Bizə tərəf gəlsən, ümid var ki, Allah sənin vasitənlə bizi haqqa çatdıra…”96

İmamın Müslim ibn Əqil vasitəsi ilə Kufəyə göndərdiyi ilk cavabda imamət və hökumətin təşkili məsələsinə toxunulur. İmam (ə) buyurur: “Mən bütün dediklərinizi anladım. Birinci sözünüz budur ki, bizim rəhbərimiz yoxdur.” İmam qərara gəlir ki, Müslim Kufəyə gedib, onların istəyini təsdiq etdikdən sonra Kufəyə üz tutsun.97

İmam (ə) öz məktubunda şəriət hökmlərinin bəyanından yox, hökumət məsələlərindən danışır. İmam (ə) yazır: “Yalnız o şəxs imam kimi tanına bilər ki, Allahın kitabını bilsin, ədaləti bərpa etsin, həqiqətə bağlansın və bütün səylərini Allahın yoluna yönəltsin.”98

Müslim ün Kufədəki fəaliyyəti, kufəlilərdən beyət alması, beyət edənlərin siyahısının tutulması bir daha imam Hüseynin (ə) Kufədə hökumət qurmaq məqsədini açıqlayır.

Bəni-Üməyyə tərəfdarlarının Yezidə yazdıqları məktublarda Kufədə Müslim tərəfdarlarının artmasından duyulan həyəcan öz əksini tapır. Onlar Kufənin əldən çıxacağından qorxurlar. Məktublardan birində deyilir: “Əgər Kufəyə ehtiyacın varsa güclü bir şəxsi oraya hakim göndər ki, əmrini yerinə yetirib, düşməninlə sənin kimi rəftar etsin.”99

Kufəlilərin imamı (ə) istəməsi barədə Müslim ün ona göndərdiyi xəbər bu müddəanın tutarlı dəlillərindəndir. İmam (ə) yoldan kufəlilərə yazıb, Qeys ibn Müsəhhər vasitəsi ilə göndərdiyi məktubda onların daha ciddi çalışmalarını istəyir. Məktubda buyurur: “Müslim dən məktub aldım ki, bizə gömək etməyə və haqqımızı düşməndən almağa hazırsınız. Allahdan istəyirəm ki, işimizi xeyrə döndərsin və sizə böyük mükafat əta etsin. Həmin məktubdan sonra zilhəccənin səkkizinci günü Məkkədən çıxıb, sizə doğru hərəkət etdim. Mənim elçim sizə yetişən kimi sürətlə hazırlaşın, işinizdə ciddi olun. Mən tezliklə sizinlə görüşəcəyəm.”100


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə