Шүбһә доғуран суаллар



Yüklə 1,27 Mb.
səhifə3/6
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#42570
1   2   3   4   5   6
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual 59: İmam Hüseyn (ə) başına nə gələcəyini bilirdimi?

Cavab: Şiə əqidəsinə görə 12 məsum imamın hər biri qeyb aləmindən xəbərdardır. Yəni onlar başlarına nə gələcəyini əvvəlcədən bilirdi. İmamın (ə) hökumət qurmaq istəyində olmasını inkar edənlər məhz bu əqidəyə əsaslanır. Onların fikrincə, imam (ə) şəhadətə yetişəcəyini bildiyindən hökumət istəyində ola bilməzdi. Həzrət imamın (ə) hökumət istəyində olması onun qeyb aləmindən xəbərdarlığı və heç vaxt səhvə yol verməməsi inamlarımızla uyuşmur.

Bununla belə, imam (ə) öz şəhadətindən xəbərdar ola-ola da hökumət qurmaq məqsədində ola bilərdi. Əgər islami hökumət qurmaq imam (ə) üçün vəzifə idisə, o, işin nəticəsindən asılı olmayaraq vəzifəsini yerinə yetirməli idi. Həqiqət yolunda hərəkət edən insan zahirən məğlub olsa da, onun cəhalət üzərində qələbəsi əbədidir.

Əgər siyasi bir şəxsiyyət şəraiti tam araşdırdıqdan sonra hərəkətə başlayırsa və qəfildən onun qarşısına gözlənilməz bir maniə çıxırsa, bu şəxsi səhv buraxmaqda ittiham etmək olmaz.

Bizim əqidəmizə görə, imam Hüseyn (ə) Kufənin vəziyyətini gözəl bildiyi üçün Müaviyə dövründə kufəlilərin çağırışını rədd etdi. Hətta qardaşı Məhəmməd Hənəfiyyəyə icazə vermədi ki, həmin məktuba müsbət cavab göndərsin.101

İmam (ə) bu dəfə də onlara inanmadığından əmisi oğlu Müslim ibn Əqili vəziyyəti öyrənmək üçün Kufəyə göndərdi. Müslim bir aydan çox Kufədəki vəziyyəti araşdırıb, imamın gəlişinin münasib olduğunu xəbər verdi. Yalnız bundan sonra həzrət Kufəyə üz tutdu. İmamın (ə) Məkkədən tələsik çıxması isə oradakı təhlükə ilə bağlı idi.

Bu zaman Nöman ibn Bəşirin yerinə Übeydullah ibn Ziyadın Kufə hakimi təyin olunması o qədər gözlənilməz oldu ki, heç bir siyasətçi bu hadisəni qabaqcadan hiss edə bilməzdi. Vəziyyət zahirən, baş verənlərin əksinə idi. Çünki Yezidin ibn Ziyadla çox pis münasibətdə olduğu, hətta onu Bəsrə hakimliyindən kənarlaşdırmaq istədiyi barədə söhbətlər gəzirdi. Bəzi mənbələrdə bu münasibət haqqında belə deyilir: “Yezid, ibn Ziyada ən düşmən adam idi.”102 Əgər Müslim və ətrafındakılar da ibn Ziyad kimi təzyiq və hədə-qorxuya əl atıb, iqtisadi, siyasi, ictimai və psixoloji amillərdən istifadə etsəydilər, Kufədə qələbə qazana bilərdilər. Qeyd edək ki, Haninin evində Müslim ün ibn Ziyadı öldürmək imkanı vardı.

Bəli, imam Hüseyn (ə) Kufə əhlini ibn Əbbas kimilərdən qat-qat yaxşı tanıyırdı. İbn Əbbas yalnız keçmişdə baş verənlərə istinad edirdisə, imam (ə) öz dövründən də agah idi. İmamın (ə) Kufədə şəxsi nümayəndəsi olduğu üçün onun məlumatları daha etibarlı sayılmalıdır.

Həmin vaxt Kufənin şəraiti iyirmi il əvvəlkindən o qədər fərqlənirdi ki, Kufəlilər imam Hüseynə (ə) qoşulmaq üçün hazırlıqlarını bildirirdilər. Onların bu mövqedən çəkiləcəyi ehtimal olunmurdu. Çünki Kufə Şamla rəqabətdə mərkəzlik mövqeyini itirmişdi. Əməvilərin Kufəni tənəzzülə uğratmaq siyasəti kufəliləri vadar edirdi ki, itirilmiş əzəməti geri geri qaytarmaq üçün tədbir görsünlər. Əməvi hökumətinin kufəlilərə, xüsusi ilə Kufə şiələrinə qarşı sərt münasibəti onları ciddi qərarlar qəbul etməyə vadar edirdi. Kufəlilər Yezidin şəxsiyyətini tanıdıqlarından imam Hüseynin (ə) rəhbərliyinə nail olmağa çalışırdılar.

Atası Müaviyə ilə müqayisədə çox-çox zəif görünən təcrübəsiz Yezidin şəxsiyyəti Kufədə yeni bir hökumətin qurulması ehtimalını gücləndirən amillərdən idi.

Bəli, imam Hüseyn (ə) qarşıda onu gözləyən hadisələrdən xəbərdar idi. O, şəhadətə doğru hərəkəti ilə mənfur əməvi rejimini rüsvay edərək tarixi bir qələbə qazandı. Əgər gözlənilməz maneələr yaranmasaydı, zahiri qələbə də əldə edilərdi.


Sual 60: İmamın (ə) şiə keçmişə malik Yəmənə üz tutmamasının səbəbi nədir?

Cavab: İbn Əbbas kimi şəxsiyyətlər imama (ə) qiyam üçün daha münasib olan Yəmənə getməyi məsləhət görüblər. İmamın bu təklifi qəbul etməməsini səbəblərini anlamaq üçün bir neçə məsələyə nəzər salmaq lazım gəlir:

1. Yəmən əhli Peyğəmbər zamanından həzrət Əliyə (ə) xoş münasibətdə olsalar da, heç vəchlə onları şiə mərkəzi kimi tanınmış Kufə əhli ilə müqayisə etmək olmaz.

2. Həzrət Əli (ə) hökuməti dövründə Müaviyənin azsaylı dəstəsinin qarşısında geri çəkilib, öz başçıları Übeydullah ibn Əbbası tənha qoyan həmin yəmənlilər idi. Çarəsizlikdən Übeydullah Kufəyə qaçdı. Müaviyənin qansız silahlıları şəhəri işğal edib, Übeydullahın iki körpəsini də daxil olmaqla əhalinin bir hissəsini qətlə yetirdilər.103

3. Həmin vaxt Yəmən İslam məmləkətinin mərkəzi şəhərlərindən sayılmırdı. Kufədə olan tərəfdarlarla müqayisədə Yəməndəki tərəfdarlar olduqca az idi.

4. Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı ilk aylarda Yəmən əhli arasında İslamdan üz döndərənlər çox oldu. Onların bu hərəkəti Yəmən əhli haqqında mənfi təsəvvür yaratmışdır. Əgər imam Hüseyn (ə) öz qiyamı üçün Yəməni mərkəz seçsəydi, həmin mənfi təsəvvür əməvilər tərəfindən qiyamı gözdən salmaq üçün istifadə oluna bilərdi.

5. Yəmənin digər şəhərlərdən uzaq olması qiyamın rahatlıqla yatırılmasına şərait yaradırdı.

6. İmam Hüseyn (ə) yəmənlilərdən ciddi bir dəvət almamışdı. Kufəlilərdə imama olan münasibətin yəmənlilərdə yüzdə biri yox idi.
Sual 61: İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdilər?

Cavab: Kufədən imama gələn dəvət məktubları o qədər çox idi ki, Kufədə inqilabi əhvali-ruhiyyə olduğunu güman etməyə əsas vardı. Məktubların sayı on iki mini keçmişdi.104 Amma hadisələrin gedişatından məlum olur ki, bu məktubların böyük bir hissəsi maddi təmənnalı insanlar tərəfindən yazılıbmış. Bu admların çoxu Yezidin təzyiqləri və şirin vədlərindən sonra imam Hüseynə (ə) qarşı mövqe tutdular. Bəli, bu adamların qəlbi imam Hüseynə meyl etdiyi halda, qılıncları ona doğru uzanmışdı.105

İmamı dəvət edənlər arasında Həbib ibn Məzahir kimi xalis şiələr azlıq təşkil edirdi. Kufə əhlinin çoxunu imama üz tutmağa vadar edən son iyirmi ildə əməvilərdən gördükləri zülm-sitəm idi. Bəziləri isə, sadəcə, Kufənin əvvəlki əzəmətini geri qaytarmaq üçün imamın (ə) gəlişini dəstəkləyirdilər.

İmamı dəvət edənlər arasında öz nüfuzunu qorumaq uğrunda çalışan qəbilə başçıları da vardı.

İbn Ziyad Yezidin əmri ilə Kufəyə daxil olduqdan sonra rahat nəfəs alan Əməvi tərəfdarları onun başına toplaşdılar. İbn Ziyad Kufəyə daxil olan xalqın an imam Hüseynə (ə) olan rəğbətini hiss etmişdi. O, şəhərə başında qara əmmamə, üzü örtülü şəkildə girdiyindən əhali onun imam Hüseyn (ə) olduğunu zənn edib, qarşılamağa çıxmışdı.106

Təhlükəni dərindən hiss edən ibn Ziyad Bəsrə təcrübəsini işə salaraq, tərəfdarlarının köməyi ilə qiyamı yatırmaq üçün fəaliyyətə başladı. Qəddar hakim üçün həqiqi şiələrin azlıq təşkil etdiyi cəmiyyəti susdurmaq çətin olmadı.
Sual 62: İbn Ziyad Kufə əhlini necə susdurdu?

Cavab: İbn Ziyad mənfur Yezid rejiminə qarşı çıxan xalqı susdurmaq üçün üç istiqamətdə siyasi gedişlər etdi:

1. Psixoloji hücumlar.

İbn Ziyad hədə-qorxu və şirnikdirmə ilə müşayiət olunan bu siyasətə Kufəyə girdiyi andan başlamışdı. O, Kufənin came məscidindəki ilk çıxışında özünü itaət edənlərə mehriban ata kimi təqdim edib, itaət etməyənlərə qılıncının qəbzəsini göstərdi.107

Şam qoşununu yada salıb, onun Kufəyə doğru hərəkətindən danışan ibn Ziyad qiyamçıları qorxudurdu. İmamın (ə) nümayəndəsi Müslim qəsrdə onu mühasirəyə aldıqdan sonra bu metod daha çox təsir göstərirdi. (həmin mənbə) Kufəlilər imam Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsindən sonra (Şam qoşunu ilə son qarşılaşma) bu qoşun haqqında düşünərkən sıxılır, onunla qarşılaşmaq üçün özlərində güc görmürdülər. Bu təbliğat hətta qapalı qadın cəmiyyətinə də tə’sir etmişdi. Belə ki, qadınlar öz qardaşlarını və ərlərini Müslim ün qoşunundan kənarlaşdırırdılar. Məhz bu təbliğat nəticəsində, günorta ibn Ziyadın olduğu qəsri dörd min nəfərlə mühasirəyə alan Müslim axşama yaxın Kufə küçələrində tənha qalmışdı.

2. İctimai gedişlər.

Hələ də qəbilə münasibətləri möhkəm olduğundan, qəbilə başçıları güclü ictimai nüfuza malik idilər. Onların çoxu imamın (ə) Kufəyə dəvət olunmasında fəal iştirak etmiş, sonra isə Müslim ə qoşulmuşdular. Lakin bu adamlar öz məqamlarını qorumaq üçün çalışdıqlarından, ibn Ziyadın hədə-qorxularından sonra ona qoşulmağı daha münasib bildilər. İbn Ziyad onları öz ətrafına toplamağın yolunu yaxşı bilirdi. O, hədə-qorxu ilə yanaşı, rüşvətdən istifadə etməklə qəbilə başçılarını özünə tərəf çəkdi. Kufədən çıxıb imamın dəstəsinə qoşulmuş Müctəme ibn Əbdullah Aizi Kufədəki vəziyyət barədə imama (ə) bunları bildirdi: “Kufə başçılarına xeyli rüşvət verib, çüvallarını doldurdular. Onların dostluğunu və xeyirxahlığını ələ aldılar. Onlar hamısı sənə qarşıdır.”108

Übeydullah ibn Ziyadın ələ aldığı ikinci nüfuzlu qüvvə “ərif”lər oldu. Qəbilələr Kufədə məskunlaşdığı vaxt “ərif” məqamı dövlət vəzifəsi həddinə gəlmişdi. Onlar Kufə hakimi qarşısında cavabdeh hesab olunurdular. Onların mövqeyi qəbilə başçısı tərəfindən yox, hakim tərəfindən müəyyənləşirdi. Bu adamlar hökumətlə xalq arasında körpü rolunu oynayırdı.

Hər bir ərif xüsusi dəftərdə nəzarəti altında olanların adını qeyd edir və bu adamları hamıdan yaxşı tanıyırdılar.

İbn Ziyad ilk çıxışından sonra ərifləri qəsrə toplayıb dedi: “Siz gəlmələrin və Yezid müxaliflərinin siyahısını hazırlayıb verməlisiniz. Eləcə də şübhəli adamlar haqqında məni məlumatlandırmalısınız. Mənim əmrimə itaət edənlərlə işimiz olmayacaq. Amma deyilən siyahını yazmayanlar dəftərlərindəki adamlara cavabdeh olacaq. Əgər bir ərifin dəftərindəki adam bizə qarşı çıxsa, ərifin özünün malı və qanı bizə halaldır. Hansınızın dəftərində qiyamçı adı tapılsa, onu evindəcə dara çəkəcəyik…”109 İbn Ziyadın bu çıxışından sonra əriflər öz adamlarına ciddi nəzarət etməyə başladılar.

3. İqtisadi gedişlər

Həmin dövrdə xalqın əsas dolanışıq mənbəyi hökumətin verdiyi ianələr idi. Bu ianələr əhalinin iranlılara qarşı müharibədə iştirakı müqabilində təyin olunmuşdu. Bu ianələri almaqda davam edən ərəblər heç bir işə maraq göstərmirdilər. Onlar işləməyi özlərinə sığışdırmırdılar. Kufəlilər hökumətdən nağd puldan, əlavə xurma, buğda, arpa, yağ və sair yardımlar alırdılar. Bu ianələr ərəbləri tam şəkildə dövlətdən asılı edirdi. Ümumiyyətlə, bütün müstəbid hökumətlər xalqın bu zəif nöqtəsindən ustalıqla istifadə edirlər.

Müslim , ibn Ziyadın qəsrini mühasirəyə aldığı vaxt o, Müslim ün ətrafındakılara elan etdi ki, dağılışıb gedənlərin ianəsi artırılacaq, qiyam davam etsə, iaənələr kəsiləcək. İbn Ziyad bu gedişi ilə otuz minlik Kufə qoşununu imam Hüseynə qarşı müharibəyə vadar etdi. Hansı ki, qoşundakıların çoxu qəlbən imama bağlı idi.

İmam Hüseyn (ə) bu gedişləri yaxşı dərk edirdi. Həzrət (ə) Aşura günü kufəlilərə üz tutub dedi: “Hamınız mənə qarşı çıxıb, sözlərimi dinləmirsiniz. Çünki sizə verilən ianələr haramdandır, qarınlarınız haramla dolub. Bu səbəbdən də qəlbləriniz möhürlənib.110
Sual 63: Doğrudanmı, imam Hüseyn (ə) və onun ətrafındakılar Kərbəlada susuz saxlanıldı?

Cavab:Mötəbər tarixi məlumatlardan bəlli olur ki, imamın (ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn Ziyaddan Ömər ibn Sədə belə bir əmr gəldi: “Hüseynlə suyun arasını kəs, bir damla da içməyə qoyma.” Bu əmr vaxtilə Osmana su verilməməsinin intiqamı kimi təqdim olunurdu. (Hansı ki, Osmanın evini mühasirəyə almış izdihamı yarıb ona su aparan Həzrət Əli (ə) idi.

Tezliklə bu əmri alan ibn Səd, Əmr ibn Həccacı beş yüz atlı ilə Fərat çayının qarşısını kəsmək üçün göndərdi. Bu iki-üç gün ərzində imam (ə) və onun köməkçiləri suya yol tapmaq üçün xeyli səy göstərdilər. Çünki qaynar səhrada qadın və uşaqların da olduğu karvanın susuzluğa dözməsi olduqca çətin idi.

Bəzi məlumatlarda belə bildirilir: “İmam Hüseyn (ə) öz düşərgəsində quyu qazmağa başlamışdı. Bu xəbər İbn Ziyada çatan kimi İbn Sədə əmr olundu ki, bu işin qarşısını alsın.

Məlumatlarda bildirilir ki, həzrət Əbbas (ə) otuz süvari və iyirmi piyada ilə (bayraqdar, Nafe ibn Hilal olmaqla) Fərata həmlə etdi. Onlar Əmr ibn Həccacın dəstəsi ilə vuruşub, iyirmi məşk su götürməyə müvəffəq oldular.111 Bu mə’lumatda dəqiq vaxt göstərilmir.

Bəzi məlumatlarda nəql olunur ki, Aşura günü imam (ə) öz bacısı Zeynəbin üzünə su çilədi. Çünki şəhadətin yaxınlaşdığı barədə imamın (ə) oxuduğu şeri eşidən Zeynəb özündən getmişdi.112 Bu məlumat Aşura axşamı düşərgədə su olduğunu bildirir. Əllamə Məclisi Aşura günü sübh düşərgədə hətta içmək üçün su olmadığını inkar edir. İmam öz səhabələrinə buyurur: “Qalxın su için, bu sizin dünyada son azuqənizdir. Dəstəmaz alın qüsl verin, paltarlarınızı yuyun, onlar kəfəniniz olasıdır”. Sonra imam sübh namazını onlarla cəm şəkildə qıldı.”113

Deyilənlərdən belə məlum olur ki, Aşura günü sübh su ehtiyatı qurtardıqdan sonra yenidən su əldə etmək mümkün olmadı. İmam (ə) və onun ətrafındakılar şəhadətə çatanadək susuzluqdan əziyyət çəkdilər.

İbn Sədin qoşunundakılardan biri rişxəndlə dedi: “Ey Hüseyn, ey Hüseyn dostları görürsünüzmü, Fəratın suyu ilan qarnı tək necə işıldayır! And olsun Allaha, ölənədək bu sudan bir damla içməyəcəksiniz!”114

Hürr də Aşura günü kufəliləri nəsihət edərkən suyun qabağını kəsdikləri üçün onları qınayır.115

Bir çox mənbələrdə imamın (ə) su üçün səyləri, Şimrin suyun qarşısını kəsməsi, imamın ona nifrini haqqında danışılır.116

Əllamə Məclisi bir rəvayətdə imamın (ə) Əbbası su üçün Fərata göndərməsi və Əbbasın bu yolda şəhadətə yetirilməsi barədə məlumat verir.117


Sual 64: İmam Hüseyn (ə) öz düşmənlərindən su istəmişdirmi?

Cavab: Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi və özü susuzluqdan əzab çəkən imamın (ə) düşməndən su istəməsi haqqında mötəbər mənbələrdə heç bir məlumat yoxdur. Susuzluq mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbədə göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şerlər, dilindən qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə) məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur: “Agah olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə beyət etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox uzaqdır. Allah, Onun rəsulu, möminlər, pak ağuşda böyüyənlər və qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli ölümdən üstün tutaq”.

Bəzi əzadarlıq məclislərində imam Hüseyn (ə) inqilabının izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda imamın halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün həqiqətə uyğun olmayan səhnələr canlandırılır.

Bu sayaq əsassız və yalan məlumatlara bir misal çəkək: “İmam (ə) ibn Sədin yanına gedib üç şey istədi. Onun ikinci istəyi bu oldu: “Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn Səd imamın istəyini alçaqcasına rədd etdi.”118

Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, imamın izzət və şərəfinə zərbə vurur.


Sual 65: İmam Hüseyn (ə) şəhadətə yetdikdən sonra onun kəsilmiş başı harada dəfn olundu?

Cavab: İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.

Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən düzgün fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir.119 Şeyx Səduq imam Hüseynin (ə) bacısı Fatimənin dilindən nəql edir ki, imamın başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, imamın başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi.120 O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir.

Bəzi alimlərin fikrincə, imamın qırxı günü (ərbəin) geri qayıdan imam Səccad (ə) imamın başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil.

Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman imamın mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da imamın başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.


Sual 66: Aşura axşamı yaxın adamlarından imamı tərk edən oldumu?

Cavab: Aşura axşamından danışan tarixi mənbələrdə bildirilir ki, imam (ə) öz adamlarına Kərbəladan getməyi təklif etdikdə heç kim bu təkliflə razılaşmadı. Onların şəhadətlə razılaşması imamı dilə gətirdi: “Mən səhabələrimdən yaxşı səhabə, ailəmdən xeyirxah ailə tanımıram.”121

Eyni mənbədə bildirilir ki, Müslim , Hani və Əbdüllahın şəhadət xəbərindən sonra imam öz ətrafındakılara buyurdu: “Ey mənim şiələrim, bizi xar etdilər! Bizi tərk etmək istəyən getsin. Belə ki, biz öz beyətimizi sizin üzərinizdən götürdük.” Sonra nəql olunur ki, imamın (ə) döyüşçüləri dəstə-dəstə dağılışmağa başladılar. İmamın (ə) ətrafında Mədinədən onunla bir yerdə yola çıxmış kiçik bir qrup qaldı. Rahat həyat arzusu ilə imama qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi.

Mötəbər mənbələrdə həmin andan sonra kimsənin imamı tərk etməsi barədə məlumat yoxdur.
Sual 67: Kərbəlada imamın (ə) ətrafında neçə nəfər var idi?

Cavab: Müxtəlif mənbələrdə Aşura günü imamın köməkçilərinin sayı fərqli bildirilir. Məsələn, Təbəri imamın ətrafında 100 nəfərə yaxın adamın olduğunu bildirir. Qeyd olunur ki, onlardan beşi həzrət Əlinin (ə) övladları, on altısı Bəni-Haşimi, qalanları isə müxtəlif qəbilələrdən olmuşdur.122 İbn Şəhr Aşub orada 82 nəfərin olduğunu bildirir.123 “Məsirül-əhzan” kitabında isə imamın ətrafında 100 piyada, 45 süvari olduğu nəql edilir. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə də bu say təsdiqlənir.124

Ən təəccüblü rəqəm isə Məsudi tərəfindən qeyd olunur. O, imam Hüseyn (ə) Kərbəlaya çatdığı anadək onun ətrafında 500 süvari və 100 piyada olduğunu qeyd edir.

Bu say barədə ən məşhur məlumata əsasən Kərbəlada imamın 32 süvarisi və 40 piyadası olmuşdur. Yəni cəmi 72 nəfər!125
Sual 68: Kərbəlada imam Səccaddan (ə) başqa sağ qalan oldumu?

Cavab: Tarixi mənbələr aşağıdakı məlumatları verir:

Sağ qalan bəni haşimilər:

1. İmam Səccad (ə)

2. Həsən ibn Həsən (Həsəni-müsənna). O, Aşura günü yaralı halda əsir düşdü. Sonralar imam Hüseynin (ə) qızı Fatimə ilə ailə qurdu və 35 yaşında dünyasını dəyişdi. Həsən ibn Həsən Məhəmməd ibn Əbdüllahın babasıdır. Məhəmməd ibn Əbdüllahın həm atası, həm də anası ələvi olduqlarından ona “Nəfsi-zəkiyyə” ləqəbi verilmişdir.

3. Zeyd ibn Həsən. Zeyd də imam Həsənin övladlarındandır. O, 90 il ömür sürmüş və Bəni-Haşim böyüklərindən hesab olunmuşdur.

4. Əmr ibn Həsən.

5. Məhəmməd ibn Əqil

6. Qasim ibn Əbdullah ibn Cəfər

Digər səhabələr:

1. Üqbə ibn Səman. O, imam Hüseynin (ə) arvadı Rübabın qulamı olmuş, Aşura günü əsir düşmüş və qulam olduğu üçün azad edilmişdir.

2. Zəhhak ibn Əbdullah Məşriqi. Bu şəxs imam Hüseynlə (ə) şərt kəsmişdir ki, məğlubiyyət labüd olacağı təqdirdə imamı tərk edəcək. Belə də oldu. Aşura günü son anlarda imama yaxınlaşıb şərtini xatırlatdı. İmam buyurdu: “Əgər canını qurtara bilərsənsə, getməyinə etiraz etmirəm.” İmamın razılığını aldıqdan sonra Zəhhak düşmən sıralarını yara-yara möcüzəli bir şəkildə döyüş meydanından çıxa bildi. Tarixçilər Kərbəla haqqındakı məlumatlarında onun dediklərindən bəhrələnmişlər.

3. Qulam Əbdurrəhman ibn Əbdullah Ənsari. O, bildirir ki, döyüşdən sonra qaçıb canını qurtarmışdır.

4. Mərqə ibn Səmamə Əsədi.

5, Müslim ibn Ribah Mövla Əli.

Qeyd edildiyi kimi, Kərbəla hadisəsi haqqındakı rəvayətlərin çoxu bu şəxslər tərəfindən nəql olunmuşdur.
Sual 69: Doğrudanmı, III Yəzdəgirdin qızı Şəhrəbanu imam Səccadın (ə) anasıdır?

Cavab: Mötəbər tarixə istinad etdiyini düşünən axır dövrün bəzi müəllifləri belə yazır: “Fatimənin anası Şəhrəbanu imamın (ə) göstərişi ilə onun atına süvar olub Kərbəladan çıxdı və Reyə getdi. Sonralar Seyyid Əbdüləzimin məqbərəsi yaxınlığında dəfn olundu.”126 Eyni mənbədə oxuyuruq: “Xalq arasında belə danışılır ki, dağın zirvəsində qadın örtüyünə oxşar bir şey görünür. Ona kimsə yaxınlaşa bilmir. Hətta bətnində oğlan uşağı olan qadın ona yaxınlaşmaq qüvvəsində deyil.”

Bəziləri belə hesab edə bilərlər ki, belə əfsanələrin saxtalığı aşkardır və bu mövzunu araşdırmağa dəyməz. Amma xalq arasında belə şayiələr çox olduğundan uyğun mövzunun araşdırılmasını zəruri bildik.

Müxtəlif mənbələrdə imam Səccadın (ə) anası on altı adla xatırlanmışdır. Kimi onu Cahanşah, kimi Məryəm, kimisi də Fatimə adlandırır. Şiə mənbələrində “Şəhrəbanu” adı daha məşhurdur. Bu ad ilk dəfə “Həbairud-dərəcat” kitabındakı bir rəvayətdə zikr olunur. Eyni hədisi Kuleyni “Kafi” kitabında nəql edir. Mötəbər hesab olunmayan bu rəvayətdə deyilir: “Yəzdəgirdin qızı Ömərin yanına gətirilərkən Mədinə qızları onun tamaşasına durmuşdular. Bu qız məscidə daxil olarkən ətrafı işıqlandırdı… Əmirəl-möminin (ə) Ömərə buyurdu: “Ona ixtiyar ver, qoy müsəlmanlardan özünə ər seçsin.” Ömər qıza bu imkanı verdi. Qız imam Hüseynə (ə) yaxınlaşıb, Əlini Hüseynə uzatdı. Həzrət Əli (ə) ondan adını soruşdu. Qız dedi: “Cahanşah”…Sonra həzrət oğlu Hüseynə (ə) buyurdu: “Bu qızdan sənin üçün yer üzünün ən yaxşı şəxsi doğulacaq.” Bir vaxt bu xanım imam Səccadı (ə) dünyaya gətirdi. Ona “İbnəl-xeyrəteyn” (iki seçilmişin oğlu) deyirdilər…

Bu rəvayəti nəql etmiş iki şəxsin heç biri mötəbər hesab edilmir. Bundan əlavə, rəvayətin mətninə iradlar bildirilmişdir. Məsələn, Yəzdəgird şahın qızının əsir düşməsi çox şübhəlidir. Onun Ömər zamanında imam Hüseyn (ə) ilə izdivacı da inandırıcı görünmür. Bu rəvayətdən başqa heç bir yerdə imam Səccad (ə) “İbnəl-xeyrəteyn” adlandırılmayıb.

Elə düşünürük ki, bu rəvayəti düzəltməkdə məqsəd, İranın Sasanilər sülaləsini məsum imamlara bağlamaq olmuşdur. Tarix kitablarının heç birində Yəzdəgirdin övladlarının əsir düşməsi barədə məlumat yoxdur.

İmam Səccadın (ə) anası haqqında ən mühüm sənəd Mənsurun Məhəmməd ibn Əbdüllaha yazdığı məktubdur. Məktubda deyilir: “Həzrət Peyğəmbərin (s) vəfatından sonra sizin aranızda imam Səccaddan (ə) üstün şəxs olmayıb, hansı ki, o, kəniz övladı idi.” (“Əlkamilü fittarix”, c. 2,s 570)

Maraqlıdır ki, Mənsurun bu sözlərinə nə Məhəmməd, nə də başqaları e’tiraz etməmişdir. Əgər imam Səccadın (ə) anası iran şahzadəsi olsaydı, təbii ki, Mənsura cavab verilərdi.

Demək olar ki, bütün şiə mənbələrində imam Səccadın (ə) anasının doğuş vaxtı vəfat etdiyi bildirilir. Nəql olunur ki, imam Səccadı (ə) həzrət Əlinin (ə) kənizlərindən biri böyütmüşdür. Həzrət (ə) yalnız bu kənizi ərə verdikdən sonra camaat onun imamın anası (ə) olmadığını anlamışdı.127

Beləcə, mötəbər mənbələrə əsasən imam Səccadın (ə) anası adından və əsil-nəsəbindən asılı olmayaraq Kərbəlada olmamışdır.

Deyilənlərdən bu da məlum olur ki, Reyin şərqində dağda “Şəhrəbanu bibi” adı ilə tanınan ziyarətgahın imam Səccadın (ə) anası ilə heç bir əlaqəsi yoxdur. Bu məqbərənin sonradan tikilməsinə digər bir sübut uzun illər Reydə yaşamış Şeyx Səduqun bu barədə heç bir məlumat verməməsidir.

Olsun ki, həmin məqbərədə Şəhrəbanu adlı hər hansı möminə bir qadın dəfn olunmuşdur. Xalq isə adlar üst-üstə düşdüyündən bu məqbərənin imam Səccadın (ə) anasına aid olduğunu güman etmişlər.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə